Mağara divarları

 

 hekayə

 

Ömər Küçükmehmetoğlu 1979-cu ildə Qəhrəman Maraşda doğulub. 2005-ci ildə Qırğızıstanda Türkiyə Manas Universitetini bitirib. 2017-ci ildə İstanbul Univesitetində doktorluq müdafiə edib. Qazaxıstanda Əhməd Yəsəvi Universitetində hazırlıq fakültəsində dekan müavinidir. Bir neçə kitabın müəllifidir. Azərbaycan ədəbiyyatından bir çox yazıçılarımızın əsərlərini Türkiyə türkcəsinə çevirib.

 

Ömər Küçükmehmetoğlu (Türkiyə)

 

Pəncərədən çölə baxdı, İstanbulda günəş bütün comərdliyiylə gülümsəyirdi. Gözü üfüqdəki buludlara sataşdı. Kiçik bulud topalarıydı. Gözlərini qıyaraq xeyli baxdı. Xəyalən buludların nəyə bənzədiyini tapmağa çalışdı. Cavabı gecikmədi. Bəli, Təbriz pendirinə bənzəyirdi. Yenidən otağa nəzər saldı. Bazar gününü evdə hədər keçirməyim, deyə düşündü. Mətbəxdəki tıqqıltıya qulaq kəsildi. Otağının qapısını açdı. Mənzil yoldaşıydı. Qapının ağzında dayanıb danışmağa başladı.

 

- Nuş olsun. Elə bildim internet-kafeyə getmisən.

 

- Yox, evdəyəm, səhər tezdən gedib gəldim.

 

- Orda neçə saat oldun?

 

- Çox qalmadım, facebooka baxdım, vəssalam.

 

- Baxdın, demək. Səhifəndə nəsə paylaşıblarmı?

 

- Yox.

 

- Bilirsən, əslində bu facebooku on min il bundan əvvəl tapıblar.

 

- Necə yəni?

 

- İnsanlar mağarada bir-birinin divarına şəkil çəkirlərmiş. Yəni bir paylaşma edirlərmiş. Belə baxanda heç dəyişməyib. Hindistanlılar daha irəliyə gediblər. İnsanlığın minlərlə ilə aid təcrübələri... Uzun haqq-hesabdı. Nəysə, mən gedib bir az gəzib gələcəyəm.

 

Otağına qayıtdı. Geyindi, cib telefonunu götürdü, qapını bağlayıb çıxdı. Çıxacaqdakı bədənnüma güzgünün qarşısında dayandı. Qarnını içinə çəkdi. Adi halda kök görünürdü. Amma o, özünü idmançı kimi hiss edirdi. Əliylə saçını düzəltdi. Saralmış dişlərinə yaxından baxdı. Ayaqqabılarını geyinib qapını bayırdan çəkdi. Pilləkənlə aşağı enib küçəyə çıxdı. Prospektə girməsi uzun sürmədi.

 

Tələsmədən addımlayır düşünürdü. Üzqırxan almaq lazımdı. Bu gün bazardı. Sabah bazar ertəsi, günüydü. Üzünü qırxmalıydı. Yanından ötdüyü marketə girmək istədi, vaz keçdi. On metr getdikdən sonra geri dönəsi oldu. Boş ver, deyəcəkdi, nəysə, dedi, bəlkə xeyir bundadı. Həm gedir, həm öz-özüylə danışırdı. Bu, bir həyat müsahibəsi, sual-cavabıydı. 33 yaşındaydı. Əsl şair yaşıydı. Yaşının rəqəmlərini bir-birinin üstünə gəldi, çıxdı, vurdu, böldü. Dörd əməliyyatın hamısında fərqli nəticələr alındı. 3+3=6, 3-3=0, 3x3=9, 3:3=1 Bu il həyatımda yaxşı şeylər olacaq, bir dönüş nöqtəsindəyəm, deyə düşündü.

 

Prospektdə avtomobillər, motosikiletlər, mikroavtobuslar bir-birinin ardınca səs-küylə irəliləyirdi. Yanından keçdiyi meyvəsatanın əl arabasındakı meyvələrə, tərəvəzlərə baxdı. Gözü xiyarlara sataşdı. Xiyarlar xeyli bürüşmüş, pörşümüşdü. Öz-özünə deyindi. Bu xiyarlar artıq xiyarlıqdan çıxmışdı. Döngəni dönüb meydana endi. Meydanın kəsişdiyi kiçik məhəllədəki əl arabasını itələyərək gedən cındıryığanı gördü. Halal çörəkpulu qazanmaq çox çətindi. Metrobüs körpüsündən qarşı tərəfə keçmək üçün pilləkənləri çıxdı. Yuxarıda dayandı meydanı seyr etməyə başladı. Meydanda insanlar qarışqa kimi qaynaşırdılar. Allahın qədər çox qulu var, düşünüb başını buladı. Allah bu qədər insanla necə bacarır? Mən evdəki, yerimdəki yoldaşlarımla çətin yola gedirəm. Adamların kimisini tülküyə, kimisini qurda, kimisini qoyuna, kimisini ayıya bənzətdi. Sonra ikitərəfli trasda şütüyən nəqliyyatı seyr etdi. Buranı peykdən görürdülər. Görəsən, körpünün üstündə məni görürlərmi?

 

Pilləkənləri düşüb ağaclığa doğru irəlilədi. Orada qaçış yolu vardı. İrəlidə topla oynayan uşaqlara baxdı. Fikirləşdi, gərək gedib bir futbol komandasına yazılım, futbolçular çox yaxşı qazanırlar. Futbolçular onun yaşında yaşıl meydanla vidalaşırdılar. Olsun, dedi, mən tərsinə başlayaram, guya noolacaq? Uşaq vaxtı həkim olmaq istəyirdi. Həkim olacağam, deyəndə, nənəsi çox sevinirdi. O da buna görə belə deyib nənəsini sevindirirdi. Həkim olub kasıbları çağıracaq, sonra eyvana çıxıb onlara pul paylayacaqdı. Artıq həkimlik keçdi. Universiteti bitirdiyi 8 ildi. Əvvəldən seçimini dəqiq etməliydi. Universitet sistemində tibb fakültəsi başqa bölmədəydi. Sahilə qədər getdi. Zeytunburunda gəmilərə tərəf baxdı. Ən yaxşısı bir şirkət qurub ticarətlə məşğul olmaqdı. Xəyalən milyonlar qazandı. Qazancını insanlığa xərcləyərdi. Əvvəl məktəb tikdirmək istədi. Gördü məktəb çoxdu. Sonra bir bağ evi tikdirdi. Sonra ondan da vaz keçdi. Yayda 15 gün gedib qalacağı bağ evinə o qədər pulu xərcləməyinə dəyməzdi. Böyük bir villa tikdirdi, bağban, xidmətçi, aşpaz tutdu. Sonra hamısından bezdi. Bunların hamısı insana yükdü. Ən yaxşısı, öz işimlə məşğul olmaqdı, dedi. Kirayədə yaşayım, pulum olduqdan sonra baxaram. Sahildə xəyallara çox daldıqdan sonra geri döndü.

 

Ağır addımlarla irəliləyirdi. Birdən uşaqların bir-biriylə rusca danışdıqlarını eşitdi. Qulaq kəsildi. Bunlar rus uşaqlarıydı, evlərinin qabağında oynayırdılar. Geyimlərindən görkəmli binadan, onun qabağındakı lüks maşınlardan burjuy balalarına oxşayırdılar. Bunlar dünyanın ən kapitalist ölkələrindən birinin vətəndaşlarıdımı? Bir müddət qulaq asdı. Sonra gülümsədi. Rusca qədər təmiz, aksentsiz danışırlar. Özü o qədər cəhd etməsinə baxmayaraq, aksent məsələsini heç cür həll edə bilməmişdi. Vaxt gələr aksent məsələsi həll olar.

 

Bu dəfə gəldiyi prospektin sağ tərəfiylə qayıdırdı. Özünə görə, əslində, sol tərəfdi. Köşkdə dayanıb qəzet başlıqlarına baxdı. Başlıqlar savaş dolu qarmaqarışıq dünyadan xəbər verirdi. Amerikada seçkilər qurtarsın, dünya yenidən öz relsinə girər, deyə düşündü. Bu yeni namizəd hardan çıxdı? Heç olmasa, dünyada olacağını təxmin edirdim, indi aləm qarışıb.

 

Ağır addımlarla öz məhəllələrinə döndü. Binanın girəcəyindəki qapını açıb yuxarı çıxdı, mənzilə girdi. Canındakı sıxıntı hələ keçməmişdi. Ortalığı dolaşdı. Mənzil yoldaşları gözə dəymirdi. Otağına keçib pencəyini divanın üstünə atdı.

 

Mətbəxə adladı. Elektrik çaydanının düyməsini aşağı basdı. Qazı açdı. Yandırmaq üçün kibrit axtardı. kibrit vardı, alışqan. Suyun qaynamasını gözlədi, heç olmasa, çay içərdi.

 

Küçədə axşam azanının səsi eşidildi. Azan sona çatan zaman mənzilə daxil olan səhərki yoldaşı göründü. Salam verdi. Salamı alıb "alışqanın varmı?", - deyə soruşdu. Yoldaşı cibindən çıxardığı alışqanı ona uzatdı. Alışqanı alıb tavanı ocağın üstünə qoydu. Alışqanı çəkməyi ilə qaz partıltıyla alovlandı. Dəhşətlə geri sıçradı. Üst-başına baxdı. Şükür, dedi, heç olmadı. Amma qazın ətrafı qapqaraydı. Bayaq kibrit axtararkən qazı unudub açıq qoymuşdu. Tez qazı bağladı. Tava qazın arxasına düşmüşdü. Bir az nəfəsini dərdi. Qazı kənara çəkdi. Gözü divara sataşdı. Ordakı rəsmləri gördü. Müxtəlif qaralamalardı. Qaz bura qoyulmamışdan əvvələ aiddi. Yəqin ev sahibinin uşağının işiydi. Yeməklərdən sıçrayan yağlara baxdı. Əsl yağlı tablo alınmışdı.

 

Bir müddət fikrə getdi. Sonra çöməldiyi yerdən tavanı götürüb dikəldi. Yeməkdən vaz keçdi. Bir stəkan şirinçay içdi. Otağa keçdi. Mağarada ocaq qalayan insanları xəyalına gətirdi. O zamanlar qaz yox, odun vardı. Sonra mağara divarlarına çəkilmiş rəsmlərdəki adamın halını düşündü...

 

Türkcədən çevirən: Eyvaz Zeynalov

 

525-ci qəzet 2018.- 4 aprel.- S.8.