Elçinin yaradıcılıq yolu kreativ
təfəkkürün yeni formatında
Akademik Nizami Cəfərov müasir ədəbiyyatşünaslıq
elmimizin və ədəbi tənqidimizin ən nüfuzlu şəxsiyyətlərindən
biridir.
Olduqca önəmli və dəyərli
yaradıcılığa malikdir. Eləcə də,
Xalq yazıçısı Elçin müasir Azərbaycan ədəbiyyatının
ən istedadlı nümayəndələrindən biridir.
Belə bir nüfuzlu alimin belə bir nüfuzlu
yazıçının yaradıcılıq yolundan bəhs
etməsi təbiidir və xüsusi dəyərə malikdir.
Xalq yazıçısı Elçin həmişə
sevilə-sevilə oxunan, ədəbiyyatsevərlərin, elmi-ədəbi
mühitimizin diqqət mərkəzində olan görkəmli
bir sənətkardır. Həm akademik Nizami Cəfərov, həm Xalq
yazıçısı Elçin, heç şübhəsiz,
müasir Azərbaycan ədəbiyyatının fenomen
simalarındandırlar... Bu ədəbi simaların bir məkanda
birləşməsi böyük ədəbi hadisədir...
Elçinin yarım əsrdən artıq bir dövrü
əhatə edən zəngin yaradıcılıq yolu həmişə
maraqla izlənib, tədqiq edilib, görkəmli elm və sənət
xadimləri tərəfindən yüksək qiymətləndirilib. Akademik Nizami Cəfərovun
"Elçin. Yazıçının yaradıcılıq
yolu" adlı kitabı da bu silsilədən olan ən dəyərli
ədəbiyyat faktıdır...
Ötən əsrin 60-70-ci illərində Elçin
tamamilə orijinal, fərqli, oxunaqlı üslubda qələmə
aldığı, real həyatdan götürülmüş
hekayələri ilə ədəbiyyata gəlibdir. Bu maraqlı
yaradıcılıq həmişə yüksələn xətt
ilə inkişaf edib, kamilləşib və bu gün onun
yazdığı hekayələr, povestlər, romanlar,
xüsusilə də, tarixi romanlar yüksək, əvəzedilməz
istedada malik yüksək yazıçı zövqündən
xəbər verir. Belə ki, Elçinin bədii
yaradıcılığının janr müxtəlifliyi, onun
ümumi yaradıcılıq istedadının çox şaxəliliyinin
göstəricisidir və diqqəti cəlb edir: hekayə,
povest, roman, dram, ssenarilər, publisistika, memuar və bu müxtəliflikdə
aydın görünən bir özünəməxsusluq
meyarı və bu meyarı yüksək səmimiyyətlə,
dərinliklə aşkarlayan monoqrafiya...
Böyük bir alimin, akademik - Nizami Cəfərovun Xalq
yazıçısı Elçin haqqında
yazdığı bu kitab görkəmli
yazıçının ədəbi fəaliyyətinə
verilmiş ən yüksək dəyərdir. Müəllif
burada yazıçının
yaradıcılığını ədəbi
dolğunluğu ilə, bütün mərhələləri
ehtiva edərək təqdim edir. Qeyd
etdiyimiz kimi, ədəbiyyata hekayəçi kimi gəlmiş
Elçin 60-70-ci illərdə bu janrın böyük
ustası kimi tanınaraq sonrakı onilliklərdə də
hekayə yaradıcılığını yüksələn
xətlə davam etdirib. Lakin 70-ci illərdə
povest, 80-ci illərdə roman, 90-cı illərdə isə
dram onun bədii təfəkküründə hekayə ilə
ciddi rəqabətə girməklə daha çox önə
çıxa bilib. Elçinin
yaratdığı əsərlər öz
aktuallığını heç vaxt itirməyib. Onun obrazları hər dövr üçün
aktualdır. Müəllifin yazdığı bu kitab bir
daha bizə Elçinin ədəbi fəaliyyətini təhlil
etməyə və onun yaradıcılığı
haqqında düşünməyə istiqamət verir...
Tədqiqatçının təbirincə desək,
Elçin ədəbiyyatımızın canlı klassiklərindəndir. Onun
haqqında yazmaq, həm də müasir, çağdaş ədəbiyyat
haqqında yazmaq deməkdir. Bu monoqrafiyada
yazıçının bütün
yaradıcılığı təhlil olunub və yeni kontekstdən
yanaşılıb. Elçinin əsərlərinin
öz ahəngi və ritmi var.
Belə bir kitabın ərsəyə gəlməsi
ölkəmizin ədəbi mühitində çox əlamətdar
hadisədir. Bu kitabı ədəbi nəzəriyyəçilik
və ədəbi dilin işlədilməsi baxımından mühüm
bir hadisə kimi qiymətləndirərdik. Kitab akademik üslubdan uzaq yaradıcı
yanaşmanın məhsuldur. Elçin
yaradıcılığı haqqında çox
danışılıb. Onun
yaradıcılığı sonsuza qədər müraciət
edilməli və tədqiq olunmalı mənbədir. Bu kitab, eyni zamanda, onun yaradıcılığını
yeni yanaşmada təqdim edir.
Elçin
yazıçıdır, dramaturqdur, ssenaristdir, publisistdir, ədəbiyyatşünas-tənqidçidir,
böyük alimdir, həm də ictimai xadimdir... Elçinin dünya səviyyəli bir
yazıçıdır. Onun
yaradıcılıq təkamülünün sərhədləri
sonsuzdur. Elçin
yaradıcılığında hər bir tədqiqatçının
faydalana biləcəyi kifayət qədər zəngin material
var. Əsas mənbə onun bənzərsiz, mükəmməl
və tükənməz istedadıdır ki, akademik Nizami Cəfərov
bu mükəmməl əsərində bu mükəmməlliyi
ustalıqla aşkar edibdir. Nizami Cəfərovun
"Elçin. Yazıçının
yaradıcılıq yolu" kitabı, eyni zamanda, elmi-tədqiqat
mənbəyi kimi, yeni fikrə stimul verən mükəmməl
bir monoqrafiyadır.
İndiyədək Elçin haqqında yüzlərlə
kitabın, tədqiqat əsərləri işıq
üzü görübdür. Lakin akademik Nizami Cəfərov
bütün keçilmiş yola yeni nəzər salmaqla
yazıçını hamının başa düşəcəyi
dildə, həmçinin, tamamilə yeni fikir müstəvisində
təqdim etməyi bacarıb.
Bu kitabın bədii-poetik, nəzəri məziyyətlərindən
biri də odur ki, hər iki qələm adamının
yaradıcılığının özünəməxsus
keyfiyyətləri burada yüksək intellektlə qovuşa
bilibdir. Böyük bir alimin - Nizami Cəfərovun Xalq
yazıçısı Elçin haqqında
yazdığı bu kitab görkəmli ədibin fəaliyyətinə
yüksək diqqət və qiymətin göstəricisidir.
Müəllif burada yazıçının
yaradıcılığını geniş şəkildə,
ədəbi dolğunluqla təqdim edir. Elçinin
Azərbaycan xalqının, dövlətinin tarixində
özünəməxsus yer tutması ilk növbədə ədəbi
fəaliyyəti ilə bağlıdır. Onun əsərləri öz dəyərini itirmir və
yaratdığı obrazlar da hər dövr üçün
aktualdır. Nizami Cəfərovun
yazdığı bu kitab bir daha bizə Elçinin ədəbi
fəaliyyətini təhlil etmək və onun
yaradıcılığı haqqında düşünmək
üçün istiqamət verir. Nizami Cəfərov
bu kitabında yazıçının bütün
yaradıcılığını təhlil edib, ona yeni
kontekstdə yanaşıb. Bu kitab, eyni
zamanda, onun yaradıcılığının ümumi mənzərəsini
əks etdirir, yeni yanaşmada təqdim edir.
Nizami Cəfərov Elçinin yazıçıya vacib
olan iki xüsusiyyətini - cəsarət və səmimiyyətini
xüsusi vurğulayır, onun nəsrinin ən mühüm məziyyəti
olan qeyri-adi təhkiyəsinin əsas xüsusiyyətlərini
aşkarlayır. Nizami Cəfərov öz kitabında
Elçin müəllimin mənəviyyata böyük önəm
verən, insanı yüksək amallara səsləyən sənətkar
olduğunu bədii materialın elmi-nəzəri təhlillərə
söykənən arqumentlərlə sübuta yetirir, ətraflı
bəhs edir.
Kitabda doğru olaraq vurğulanır ki, Elçin Azərbaycanda
ədəbiyyatı ən çətin zamanlarda qürurla
yaşadan görkəmli söz və qələm
adamıdır. Müəllif böyük ədibi müasir ədəbiyyatda
bir fenomen hesab etdiyini, onun ədəbi istedadının
arxasında zəngin, mənalı, mükəmməl bir həyat
yolunun olduğunu göstərir...
Müşahidə edilir ki, akademik Nizami Cəfərov
kitabı qələmə alarkən Elçinin bütün əsərlərini
yenidən mütaliə edib. Əslində, kitab
yazıçı Elçin haqqındadır və müəllif
yazıçı Elçini bütün yönlərdən
ustalıqla təqdim edibdir. Və onun bu qənaəti -
"Elçin Azərbaycanı dünya miqyasında təmsil
edəcək ədiblərdəndir" qənaəti
hamını inandırır!
Əsərin qiymətli cəhətlərindən biri də
budur ki, bu kitab ədəbiyyatşünaslıq ilə tənqidin
kəsişdiyi nöqtənin ifadəsidir. Bu iki məfhumun
yaxınlığı haqqında müxtəlif fikirlər səslənsə
də, düşünürəm ki, bu monoqrafiya bir
"kompas" kimi o nöqtəni göstərən əyani
vəsaitdir. Burada həm ədəbiyyatşünas
tədqiqatına, həm də ədəbi tənqidə yer
verilib, başqa sözlə, Nizami Cəfərov bu tədqiqatında
kreativ ədəbiyyatşünas təfəkkürü ilə
kreativ tənqidçi təfəkkürünü qəribə
bir tərzdə qovuşdurub, uyuşdurub. Şübhəsiz,
"Elçin. Yazıçının
yaradıcılıq yolu" əsəri akademik Nizami Cəfərovun
çağdaş ədəbi prosesə növbəti layiqli
töhfəsidir...
Bu kitab böyük təfəkkür sahibi olan bir
müasirin eyni dəyər daşıyıcısı olan
öz müasirinə, onun sənətinə və şəxsiyyətinə
olan marağının bəhrəsi, öz müasirinə
verdiyi qiymətdir. Özü də vaxt itirmədən, gözləmədən
verilən qiymət...
Belə bir kitabın ərsəyə gəlməsi
ölkəmizin ədəbi mühitində çox əlamətdar
hadisədir.
Bu kitabı ədəbi nəzəriyyəçilik və ədəbi
dilin işlədilməsi baxımından mühüm bir hadisə
kimi qiymətləndirərdim...
Kitab akademik üslubdan uzaq yaradıcı
yanaşmanın məhsuludur. Elçin
yaradıcılığı kodlarla və sirlərlə dolu
olan bir yaradıcılıqdır. Onun əsərləri
qapalı məqamlarla doludu və kütləvilikdən daha
çox, intellektual səviyyəyə hesablanıb.
Nizami Cəfərov da araşdırmasında bu tendensiyanı əsas
götürüb...
Nizami Cəfərov kitabında Elçin
yaradıcılığını həm dilçi, həm də
ədəbiyyatşünas kimi araşdırıb, incəliklərinə
qədər izləyib. Doğru qənaətə gəlib ki,
Elçinin əsərlərində mənəviyyat,
paklıq, ideal məsələləri həmişə ön
planda yer alır. O, insanın mənəvi
ucalığını müstəsna bir məntiqlə təsvir
edə bilir.
Bu əsər ədəbi düşüncəmiz üçün
iki cəhətdən önəmlidir. Kitab
çağdaş nəsrimizin canlı klassiki barədə
çağdaş ədəbi-filoloji fikrimizin mütəfəkkir
bir siması tərəfindən yazılıb. Belə kitablar isə nadir hallarda qələmə
alınır.
Nizami Cəfərovun
kitabda dəqiq ifadə etdiyi bir fikri xatırlayıram: "Bu
kitabda söhbət yazıçı Elçindən
gedir" demək, heç də o mənaya gəlmir ki,
Elçinin yazıçılığı onun alimliyindən,
publisistliyindən, ictimai və dövlət xadimliyindən
tamamilə təcrid olunur. Əslində, bu, prinsip etibarilə,
mümkün deyil... Hər şeydən əvvəl
ona görə ki, Elçinin yazıçı istedadında
onun alimliyi də, publisistliyi də, ictimai və dövlət
xadimliyi də fitri bir inersiya ilə öz təbii
ehtivasını tapır.
Səksəninci
illərin əvvəllərində yazdığı
"Mahmud və Məryəm"də türk
dünyasının dərdləri sarışın
oğlanın - Süleyman paşanın dilindən bir az da kəskin şəkildə verilmişdi.
Üstündən 30 il keçəndən
sonra yazdığı "Baş" romanında da eyni fəlsəfi-milli
axar davam edir. Qəribədir ki, bu dəfə yenə də
başqa bir Mahmudun dilindən: "Millət bir olsaydı
Aleksandrı da bura gətirərdik"; "Göndər!
Göndər, qoy ruslar dar ağacından assınlar məni! Rusların ayaqları altında olmaqdansa, onların
başlarının üstündən dar ağacında
asılmaq yüz dəfə şərəflidir".
"Ölüm hökmü" də,
çağdaş ədəbiyyatımızın ən
möhtəşəm romanı olan "Baş" da yüz
ildən sonra sadəcə bir yazıçının deyil,
eyni zamanda, bəlkə də daha çox bir dövlət
xadiminin, siyasət adamının, ideoloqun əsərləri
kimi də diqqətə alınacaq.
Burada bir cəhəti xüsusi ilə vurğulamaq istərdim,
o da tədqiqatçı şəxsiyyəti ilə yazıçı
şəxsiyyətinin uyarlığı, müvaziliyidir. Fikrimcə, çox az sayda kitablar var ki, müəlliflə onun tədqiq
etdiyi obyekt çox nadir halda bir-birini tamamlayır. Bu kitabla tanış olaraq gördüm ki, bu balans, bu
üzvi bağlılıq təbii şəkildə
qovuşub, qorunub və öz orijinal üslubunu
formalaşdırıb...
Nizami Cəfərov həmişə olduğu kimi, bu əsərində
də, sözün emosional, praqmatik funksiyasını daha da
gücləndirib. Əslində, bu kitabı poetik bir əsər
kimi də oxumaq mümkündür. Ən
yaxşısı odur ki, Nizami müəllimin Elçin yaradıcılığından
götürdüyü sitatlarla özünün ümumiləşdirmələri
bir-birini tamamlayır... Elçinin şairanə
təhkiyəsi ilə Nizami Cəfərovun lirik-emosional tədqiqat
üslubu bu kitabda bir araya gəlib. Nizaminin
araşdırmasının üstünlüyü
orasındadır ki, o, Elçinin bütün əsərlərini
sistemli şəkildə, heç birini kənar qoymadan tədqiqata
cəlb edə bilib və lirik, şairanə bir təhkiyə
ilə oxucusuna çatdırıb; Elçinin
yaradıcılığı haqqında oxucuda tam təsəvvür
yaradıbdır.
Keçən əsrin altmışıncı illəri XX əsr Azərbaycan mədəniyyəti tarixində yeni, növbəti İntibah dövrü sayıla bilər. Və İntibah deyəndə mən yeni dünyagörüşünü, mədəniyyət, xüsusilə, ədəbiyyat aləmində baş verən əhəmiyyətli dəyişiklikləri nəzərdə tuturam. Yeni dünyagörüşü yeni mədəniyyət, yeni ədəbiyyat yaradır və sovet quruluşunun, bərqərar olmuş sistemin hələ çökmədiyi, amma dəyişikliyə və yeniləşməyə doğru gedən bir dövrdə ədəbiyyatın - söz sənətinin yeni bir nəsli -"altmışıncılar" ədəbiyyata gəldilər... Elçin - o illərdə bu intibahın aparıcı nümayəndələrindən biri, indi XXI əsrdə bütün millətin, Türk dünyasının, eləcə də Qərb aləminin tanıdığı, təqdir etdiyi sənətkar, Azərbaycan mədəniyyətini sözün həqiqi mənasında bütün dünyada təmsil edən görkəmli mədəniyyət xadimidir. O, təkcə XX əsrin yox, XXI əsrin də fikir, düşüncə, əqidə, Azərbaycan həqiqətlərini yüksək tribunalardan, yüksək mövqelərdən səsləndirən bir ziyalıdır.
Akademik Nizami Cəfərov Elçinin yaradıcılığına yeni tədqiqat metodu ilə yanaşaraq bir yazıçı kimi təkamülünü ümum ədəbiyyatımızın yeni dövr nəsri kontekstində izləyir. Zəngin elmi-nəzəri və bədii material əsasında, yüksək intellektual üslubda yazılmış monoqrafiyada yeni nəsr və müəllif mövqeyi, nəsrin poetikasında müəllif və üslub, ədəbi tənqidin bədii təkamüldə rolu kimi qlobal estetik problemlər nəzərdən keçirilir, Elçin yaradıcılığını ilk kitabından lap son əsərlərinə qədər vərəqləyir, təhlil və şərh edir, dəyərləndirir, akademikin təbirincə desək: diaxron planda və sinxroniyada ehtiva edir, başlıca hədəf olaraq mətnləri görür, məhz tekstdən kontekstə boylanır... Elçinin, demək olar ki, heç bir əsəri diqqətdən yayınmır, nəsr yaradıcılığı isə istisnasız, bütövlükdə tədqiqat predmetinə çevrilir.
Bildiyimiz kimi, Elçinin yaradıcılığı haqqında çox yazılıb, amma belə oxunaqlı, dərin elmi-publisist üslubda yazılmayıbdır. Akademik Nizami Cəfərov Elçinin yaradıcılığına yeni yöndən, istiqlal məfkurəsinin parlaq işıqları altında yanaşıb. Bu monoqrafiyada Elçin yeni məfkurənin milli Azərbaycan yazıçısı kimi təqdim olunub. Müəllif Elçinin yaradıcılığını Şərq-Qərb dəyərlərinin vəhdəti kontekstində araşdıraraq onun dünya standartları səviyyəli yazıçı istedadını və mədəniyyətini açmağa çalışmış və buna nail olmuşdur.
Zəngin bədii və elmi faktlar əsasında Nizami Cəfərova məxsus improvizə ilə yazılmış bu əsərdə yeni nəsr və yazıçı mövqeyi, ənənəvi müsbət qəhrəmanın yenilənmiş ədəbi taleyi, bədii təkamüldə reallıq və rəmz, yazıçı özünüifadəsinin orijinallığı, lirik-psixoloji nəsrdə müəllif başlanğıcı, bu nəsrdə ənənə və novatorluğun vəhdəti, adi qəhrəman və şəxsiyyət, bədii təhkiyədə psixologizm, habelə lirik-psixoloji üslubun poetikası kimi ciddi problemlər nəzərdən keçirilir. Özü də, bütün bunlar ədəbi-bədii nəsrimizin çox müxtəlif, fərqli dövrləri ilə - "altmışıncılardan yetmişlərə", "səksənlərdən doxsanlara", doxsanlardan müasir yeni əsrə keçidlərlə əlaqədə, fərdi yaradıcılığın təkamülünü dürüst izləməklə, ədəbi azimutdan yayınmamaqla, yüksək səriştə ilə həyata keçirilir...
Bu monoqrafiya nəzəri aspektdə düşünülsə də, çevik bir üslubda, müasir tənqidçi manerası ilə yazılıbdır. Bu da əsərə elmi-nəzəri siqlətlə bərabər, həm də şirin bir oxunaqlıq gətirir, fəal, dinamik bir səciyyə bəxş edir.
Müəllif tədqiqatçı Elçinin yazıçı manerasını bədii mətnin faktları əsasında, təhlil və təşrihlə açır, onun "yazıçı-sosioloq" və "yazıçı-psixoloq" proobrazının konturlarını cızır. "Elçin üslubu" anlayışını yaradan əsərlərin bədii quruluşu, təhkiyə tərzinin kifayət qədər mürəkkəb, çoxçeşidli, çoxsüxurlu cəhətlərini ilmə-ilmə ilmələyir...
Müəllif-tədqiqatçı Nizami Cəfərov öz qələm həmkarlarından sərf-nəzər etmir, fikrini əsaslandırmaq, yaxud inkişaf etdirmək üçün akademik Mirzə İbrahimovun, Məmməd Arifin, Məmməd Cəfərin, Bəkir Nəbiyevin, Əziz Mirəhmədovun, Bəxtiyar Vahabzadənin, Yaşar Qarayevin, Nərgiz Paşayevanın, İsa Həbibbəylinin, Elçinin özünün və digərlərinin ədəbi-nəzəri fikirlərinə müraciət edir, bununla da, mərhələ-mərhələ "elçinşünaslıq" adlandırılan mətləbə də aydınlıq gətirir, "elçinşünas"lığın mənzərəsini yaratmağa müvəffəq olur...
Məsələn, akademik Nizami Cəfərov "Elçin üslubu"nun müəyyən cəhətlərini aşkarlayarkən akademik Nərgiz Paşayevanın: "Elçinin fərdi, tamam orijinal üslubunu səciyyələndirən əlamətlər arasına, ilk növbədə, bu üslubun emosionallığını, ondakı analitik məzmunu, sətiraltı ironiya ilə lirikanın vəhdətini qeyd etməliyik. Bu baxımdan Elçinin üslubu Azərbaycan ədəbiyyatında analoqu olmayan tamamilə yeni bir bədii-estetik hadisədir" - fikrinə istinad etməsi buna bariz misaldır və bu cür istinadlar olduqca mənalı və təbii qarşılanır...
Nizami Cəfərov yazıçı Elçinin üslubunu müəyyənləşdirə-müəyyənləşdirə özü də tədqiqatda yeni manera, yeni üslub yaradır - oxunaqlı, adi, sadə, lakin oxucunu öz psixoloji sehrində saxlayan bir üslub... Və bu üslubla o, yazıçı niyyətinin işıqlı, təmiz, saf, "təsirli metafizik-rəmzi" cəhətlərini, zərif yumorla çulğaşmış lirik-psixoloji mükəmməlliyini, yazıçılıq istedadının fərdiliyini ortaya çıxarır.
Elçinin yaradıcılığı üçün səciyyəvi bir cəhət burada da özünü göstərir: süjet öz-özlüyündə o qədər də əhəmiyyətli deyil, əhəmiyyətli olan həmin süjet məsafəsindəki hadisələrin, zahiri kənara çıxmaların adi gözlə görünməyən daxili vəhdəti, təhtəlşüur assosiasiyaların bütövlüyü və onların həmin vəhdətinin, bütövlüyünün analitik dərkidir.
Nizami Cəfərov bir tədqiqatçı kimi bu "sadəliyin" dərinliyində gizlənən analitik dərkin təntənəsindən şövq alır və oxucusunu da bu şövqün haləsinə salır... Bu məqamlarda isə istedadlı yazıçı estetikası ilə istedadlı tədqiqatçı estetikası qovuşur...
Məlumdur ki, Elçin bir yazıçı kimi altmış-yetmişlərdə özünü təsdiq edib, səksənlərdən doxsanlara doğru Azərbaycan ədəbi-ictimai fikrinin klassiki olaraq böyük şöhrət qazanıb. Keçən əsrin sonu yeni əsrin əvvəllərindən isə onun yaradıcılıq fenomenologiyası klassikin müasirliyi səviyyəsinə yüksəlib. Nizami Cəfərov bu ardıcıllığı və təkamülü olduğu kimi əsərinin elmi strukturuna çevirib.
Nizami Cəfərovun "Elçin. Yazıçının yaradıcılıq yolu" kitabı, tədqiqatı mükəmməl quruluşu (xronoloji metoda söykənən), mükəmməl daxili simmetriyası olan bir tədqiqatdır və üç hissəyə bölünmüş bu kitabın hissələrini təkcə məzmunca yox, həm də formaca birləşdirən ona monoqrafik struktur, intonasiya verən maraqlı detallar çoxdur...
Əsərin süjeti (Ön və son sözləri nəzərə almasaq) bədii-psixoloji nəsrin maraqlı süjeti kimi üç zaman kəsiyində, oriyentirində cərəyan edir; Elçin yaradıcılığı üç mərhələ, üç fəsildə təqdim, təhlil və şərh olunur: 1) Altmışlardan yetmişlərə; 2) Səksənlərdən doxsanlara; 3) Klassikin müasirliyi.
Müəllif ön sözdə bu əsəri yazmaqda məqsəd və iddiasını belə şərh edir: "...xüsusi olaraq qeyd etməliyik (və bunu oxucu da kitabın ilk səhifələrindən aydın hiss edəcək) ki, tədqiqatın strateji obyekti Elçinin bədii yaradıcılığının mətnidir. Və yarım əsrdən çox yaşı (təkamül tarixi!) olan bu Mətnin özünəməxsus xronoloji-sinxron, mərhələləri (dialektik stadiyaları) ilə yanaşı, eyni zamanda, diaxron metafizikası da mövcuddur."
Beləliklə, məqsəd - klassiki yenidən, bu günün nəzərləri ilə oxumaq və oxutdurmaqdır. Yenə akademikin öz sözlərinə əsaslansaq: "Əlbəttə, hər hansı mükəmməl yaradıcılıq mətnini, eləcə də Elçin mətnini "dış" yox, "iç" strukturdan (daha dərin subyektiv və ya "intim" qatlardan) öyrənməyə cəhd etmək, ümumiyyətlə, qarşıya metodoloji baxımdan belə bir mübahisəli məqsəd qoymaq da bir iddiadır..."
Amma qeyd edək ki, gözəl iddiadır! Buna biz akademikin şərhində Elçin mətninin aurasına düşərək, yarım əsrdən də artıq zaman məsafəsini addım-addım keçərək, əmin oluruq. Müəlliflə birgə, yazıçının əsərlərini təkrarən "oxuyur"uq, daha doğrusu, müəllif bu Mətni bizə öz prizmasında təkrarən oxudur... Və böyük yazıçı olan Elçinin bənzərsiz strateji ideya-estetik mövqeyini, Elçin yaradıcılığının daxili ritmini, ahəngini və hərəkət istiqamətini boya-boy, bütün qaməti və rəngləri ilə göstərir...
Kitabın "Səksəndən doxsanlara" ikinci fəslində əsas fikir rakursu "Köhnə klassiklər "unudulur", ədəbiyyata yeni klassiklər gəlirdilər..." kreativ, bir az da paradoksal arqumentə söykənərək izah edilir və bu mürəkkəb dövrün özü qədər mürəkkəb siyasi-ideoloji mənzərəsinin, sosial-mənəvi təbəddülatlarının, insan iztirablarının ədəbi salnaməsini yaradan Azərbaycan yazıçıları içərisində Elçinin xüsusi yerini, müəllifin təqdim etdiyi kimi: "həm keyfiyyət, həm də kəmiyyətcə fərqli" yerini göstərir. Elçin yaradıcılığında "80-ci illərin ilk hekayələri olan "Bülbülün nağılı" və "Baladadaşın toy hamamı", daha sonra "Ayaqqabı", "Hotel Bristol", "Hönkürtü", "Parisdə avtomobil qəzası", "Beş dəqiqə və əbədiyyət" və s. hekayələrinin Mətnləri ilə, Elçin hekayələrinin yetkin və mükəmməl poetikası zəminində "ədəbiyyata yeni klassiklərin" gəlişini təmərküzləşdirir, fərdi üslub tipologiyasını - Elçinin təbirincə, onun nəsrinin "dəniz sevincini" və dəniz genişliyini göstərir...
Nizami Cəfərov 1980-ci illəri "Azərbaycan ədəbiyyatşünaslığında olduğu kimi Elçin yaradıcılığının romanlar mərhələsi" adlandırır və yazıçının öz sözlərinə istinadən: "Mahmud və Məryəm" - gənc, "Ağ dəvə" - orta yaşlı, "Ölüm hökmü" - ahıllıq romanı" olmaqla, fəlsəfi ovqatda və məzmunda şərh edir; belə bir qənaətə gəlir ki: "bu halda Elçinin roman yaradıcılığı bütöv bir ömrün təbii mərhələlərini on ilə keçmişdir". Nizami Cəfərov Elçinin romanlarına birincidən tutmuş "Baş"a qədər başa vurub yenidən oxuyaraq bu romanları "müasir Azərbaycan ədəbiyyatının tarixində neofolklorizmin ilk mükəmməl nümunəsi" hesab edir. Bu romanların "yeni oxunuşu"nda yeni Azərbaycan romanının genotipologiyasını müəyyənləşdirir...
Nizami Cəfərovun bu tədqiqatda ən mühüm tapıntılarından biri də, Elçin yaradıcılığının - hekayələrinin, povestlərinin, romanlarının, pyeslərinin, radiopeyslərinin, ssenarilərinin, uşaq ədəbiyyatının, səfər təəssüratlarını əks etdirən əsərlərinin Mətnlərində süxurlaşmış tarixi zamanların bədii informasiyasının kodunu açaraq onun fövqəlzamanlığını, yazıçı tendensiyasını ortaya çıxarmasıdır. Nizami Elçinin yaradıcılıq yolu kitabında "Mənlə Mən arasında" "emosional akademik" üslubda gəzişmələr etmiş, yazıçı Məni ilə tədqiqatçı Məninin doğmalığını tapmışdır...
Akademik Nizami Cəfərov kitabının "Klassikin müasirliyi" sonuncu fəslini: "Elçin XX əsrin sonu, XXI əsrin əvvəllərinə Azərbaycan ədəbiyyatının canlı klassiki kimi daxil oldu..." cümləsi ilə başlayır, qənaətini iddia ilə bəri başdan bəyan edir və bu bəyanın dürüstlüyünə əminliyi kitabın son səhifəsinə qədər oxucusunu inandıra-inandıra davam eləyir...
Burada Nizami Cəfərov klassikin müasirliyini şərh edərkən "Elçin üslubu", "Elçin cümləsi", "Elçin janrı" kimi linqivopoetik anlayışları, terminləri də işlədir, bunların üç funksional kontekstdə - bədii kontekstdə, elmi kontekstdə, publisistik kontekstdə şərhini verir və müasir klassik yazıçının yaradıcılıq genotipologiyasının konturlarını dürüstlüklə cızaraq onun poeportretini tamamlamış olur...
Müəllif-akademik "klassikin müasirliyi" fenomeninin mahiyyətini üç əsasda açır:
"a) klassik, hər şeydən əvvəl, "tarix"dən etiraf olunmuş mükəmməlliklə gəlir;
b) müasir dövrün ideya-estetik tələblərinə yeni "tarix" yaradacaq bir mükəmməlliklə cavab verir;
c) nəhayət, "tarixilik"lə "müasirliy"i öz yaradıcılıq tərcümeyi-halında elə birləşdirir ki, həmin yaradıcılıq tərcümeyi-halı kontekstində "tarix" "müasir"liyin bilavasitə başlanğıcı olduğu kimi, "müasirlik"də "tarix"in birbaşa davamına çevrilir".
Bütün bu deyilənlərdən əlavə onu da deyə bilərik ki, akademik Nizami Cəfərovun "Elçin. Yazıçının yaradıcılıq yolu" (elmi redaktoru K.Tahirov) monoqrafiyası elçinşünaslığa və eləcə də, çağdaş ədəbiyyatşünaslığa kreativ təfəkkürün yeni formatda ən dəyərli ərməğanıdır... Bilirik ki, ədəbiyyatımızın təəssübkeşi, canlı klassiki olan yazıçı ilə bağlı hələ çox əsərlər yazılacaq, dissertasiyalar müdafiə olunub və olunacaq. Lakin akademik Nizami Cəfərovun ustalıqla, elmi-nəzəri fəhmlə qələmə aldığı bu monoqrafiya yazılanlar içərisində həmişə qiymətli ədəbi-nəzəri mənbə kimi öndə olacaq.
Tərlan NOVRUZOV
Filologiya elmlər
doktoru, professor, Əməkdar müəllim
525-ci qəzet 2018.- 4 aprel.- S.7.