Polkovnik Əbülfət ağa
Şahtaxtinski: gerçək vətənsevər, cəsur sərkərdə
(Əvvəli
ötən sayımızda)
Əbülfət ağa Şahtaxtinski bacarıqlı
zabit kimi saray qvardiyasının Semyanovsk polkunda hərbi xidmətə
başlayır. 30 avqust 1884-cü ildə ona qvardiya
podporuçik rütbəsi verilir.
Nümunəvi xidmətinə görə saray
qvardiyasının 8 avqust 1885-ci ildə Əbülfət
ağa poruçik rütbəsi ilə təltif edilir. 1886-cı ildə məzuniyyət
alaraq Rusiyaya, İrana və Türkiyəyə getməsi, həmçinin,
Şərq dilləri üzrə zabitlər üçün
hazırlıq kurslarında oxuması haqqında da ətraflı
məlumatlar xidmət siyahısında yazılıb. Bunların
hamısını əhatə edən tarix 25 iyun-oktyabr
ayı zaman aralığında qeyd edilib. Yüksək
döyüş bacarığına görə 20 aprel 1887-ci ildə ştabs
kapitan rütbəsi alıb. 7 avqust 1889-cu ildə kapitan
rütbəsi alan Əbülfət ağa
6 il 3 ay rota komandiri olmuşdur.
1904-1905-ci
illərdə rus-yapon müharibəsində polk
komandiri vəzifəsini daşımış və məşhur
Port-Artur döyüşlərində iştirak etmişdir.
Əbülfət ağa Şahtaxtinskinin hərbi
şücaətləri hökumət tərəfindən
yüksək qiymətləndirilmişdir. O, 2-ci və 3-cü dərəcəli
Müqəddəs Anna (qılınclarla, 15 yanvar 1906, 28 iyul
1900), 2-ci və 3-cü dərəcəli Müqəddəs
Stanislov (qılınclarla, 21 mart 1907, 20
noyabr 1905) ordenləri ilə təltif edilmişdir.
1908-ci ildə onun orduda hərbi xidmətinin 25 illiyi tamam
olur. Həmin münasibətlə onun hərbi hünərlərini
yüksək qiymətləndirirlər. Əbülfət
ağaya 4-cü dərəcəli Müqəddəs Vladimir
ordeni verilir.
Əbülfət ağa bunlardan əlavə digər
yüksək hərbi mükafatların da kavaleri olmuşdur. O, Buxara əmirliyinin 2-ci dərəcəli
Qızıl Ulduz (30 mart 1898) ordeni, İranın 2-ci dərəcəli
(1903, 20 dekabr), 3-cü dərəcəli (1901, 5 yanvar), 3-cü dərəcəli
(1903, 20 dekabr), 4-cü dərəcəli (27 sentyabr, 1889) ordenləri
ilə mükafatlandırılıb. Əbülfət
ağa 1912-ci ildə polkovnik rütbəsində Rusiya
hökuməti tərəfindən İsveçrəyə
göndərilmişdi ki, orada hərbi manevrləri
müşahidə etsin.
Rusiya çarının icazəsi ilə xarici ordenləri
də sinəsində gəzdirməyə icazə
verilmişdir.
Əbülfət ağa bir sıra medallar da
almışdır. O, Rusiya çarı III Aleksandrın
1883-cü ildə tacqoyma mərasimində mühafizə
qoşununda olduğundan imperator həzrətlərinin Müqəddəs
Tacqoymasının tünd bürünc xatirə medalı və
həmçinin, III Aleksandrın fəaliyyəti ilə
bağlı sinədə gəzdirmək üçün gümüşdən
hazırlanmış medalla (Aleksandr lentli) da təltif edilib. Əbülfət ağa, həmçinin,
Fransanın Yuxarı Reyn çayında Sudan Xilasetmə Cəmiyyətinin
də medalını almışdır.
Əbülfət ağa Şahtaxtinski dünya
şöhrətli alim-naşir Məhəmməd ağa
Şahtaxtinskinin doğmaca əmisi oğludur və kürəkənidir. Əbülfət ağa ilə
Balabəyim xanımın nikahından aşağıdakı
övladları xidmət siyahısında qeyd edilib: 1)
qızı Qonçabəyim 31 mart 1885-ci ildə doğulub 2)
oğlu Sadıq ağa 3 avqust 1889-cu ildə anadan olub 3) oğlu
Qasım ağa 19 yanvar 1894-cü ildə doğulub 4) oğlu
Nəcəfqulu ağa 22 iyul 1898-ci ildə doğulub 5)
oğlu Abbas bəy isə 13 mart 1905-ci ildə anadan olub.
Sadıq ağa Şahtaxtinski Petroqradda təhsil
alırmış. 1918-ci ilin fevralında könüllülər
dəstəsində Qırmızı Ordu sıralarına
daxil olur.
Axtarışlar zamanı məlum oldu ki, o, sovet ordusunun
qərargah zabiti olmuş və komanda heyətinin idarə rəisi
vəzifəsinədək yüksəlib. Onun adına
1940-cı illərin istintaq işlərində rast gəlinir. Həbs edilib güllələnməsi haqqında məlumatlar
var. Onunla bağlı axtarışlarımız davam edir.
Əbülfət ağanın ikinci oğlu Nəcəf
Şahtaxtinski (1898-1937) Tiflisdə hərbi kadet məktəbini,
sonralar Sankt-Peterburqdakı Mixaylovsk Artilleriya məktəbini
bitirib və 1918-ci ilədək çar ordusunda xidmət edib. 1918-ci ildə
Azərbaycana gəlib və Azərbaycan Xalq Cümhuriyyətinin
ordusunda milli kadrların yetişdirilməsində yaxından
iştirak edib. 1920-ci il aprelin 28-də
Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra Artilleriya
polkunda qərargah rəisi olub. 1931-ci ildən
başlayaraq NKVD tərəfindən təqib olunmuş, həbsə
və sürgünə göndərilmişdi. 1937-ci
ilin dekabrında "troyka"nın
(üçlüyün) qərarı ilə güllələnib.
Onla da bağlı axtarışlarımız
var. Əbülfət ağanın 3-cü oğlu Abbas ağa
1920-ci ilin əvvəllərində Kreml yanındakı hərbi
kursantlar məktəbini bitirib. İndiyədək
Abbas ağanın haqqında bir məlumat olmasa da, bir təsadüf
nəticəsində öyrəndim ki, onun Teymur adlı
oğlu Bakıda yaşayır. Çox
çətinliklə olsa da, Teymur müəllimlə əlaqə
yaratmaq mümkün oldu. Söhbət əsnasında
məlum oldu ki, Abbas ağa sovet hakimiyyəti illərində
Yevlaxda və Bakıda yaşayıb. Amma
iqtisadiyyat sahəsində işləyirmiş. Oğlunun dediyinə görə, Abbas ağa 1975-ci
ildə Bakıda vəfat edib. Abbas
ağanın Veysəl, Teymur adlı oğlanları və
Kamilə adlı qızı olub. Teymur Şahtaxtinskinin
(1948-ci il 1 aprel) Samirə və Rüfət
adlı övladları var. Teymur Şahtaxtinskinin dediyinə
görə, Abbas ağa 70 yaşına çatanda vəfat
edib. Çox qəribədir, Əbülfət
ağadan yazanlar elə bilirmişlər ki, Abbas ağanı
da güllələyiblər.
Teymur
Şahtaxtinski mənə yadigar olaraq çox tarixi bir
fotoşəkil verdi. Tiflisdə
Barkanovların fotoatelyesində çəkilib. Əbülfət ağa, Balabəyim xanım və
qucağında Abbas ağa (5 yaşında), Qasım ağa və
qızı. Sadıq və Nəcəf məktəbdə
oxuduqlarından burada yoxdurlar. Fotoşəkil ilk dəfə
çap olunur.
Arxiv sənədlərində Əbülfət
ağanın Qonçabəyim adlı bir qızının da
olduğunu yazırlar. Hətta Əbülfət ağanın
ölümündən sonra Şahtaxtının ona məxsus
torpaq sahələrində Qonça xanımın da (onun
adının gürcü variantını da qeyd ediblər -
Ketevana - müəllif) adı çəkilir. Qonça
xanım haqqında az məlumatımız
var.Maraqlıdır: necə olub ki, o, Ketevana adını
daşıyıb və taleyini Mdivanilərlə
bağlayıb. Amma fikrimiz var ki, onun Tiflisdə
yaşayan varislərini axtarıb tapaq. Çünki
onlar Əbülfət ağanın 1879-cu ildən
ömrünün sonuna kimi gəzdirdiyi 11,5x17,5
sm ölçülü və qızılla bəzədilmiş
"Quran"ı Azərbaycan Milli Tarix Muzeyinə göndəriblər.
"Quran" muzeyin kolleksiyasında (invertar
nömrəsi k.p.11420 fni ¹3096) saxlanılır. Maraq üçün deyək ki, Əbülfət
ağanın sinəsində gəzdirdiyi bu nadir müqəddəs
kitab haqda Kostina maraqlı məqalə yazıb. (Bax: "Azərbaycan tarixi muzeyi" toplusu, Bakı:
Elm, 2004, s.327-329). Polkovnikin sinəsində
gəzdirdiyi şəxsi "Quran"ı fransız dilindədir.
1877-ci ildə M.Kaşimirski tərəfindən
ərəbcədən fransızcaya tərcümə edilib və
Parisdə nəşr olunub. "Quran"ın
üz qabığı tünd göy rəngli dəridir.
Üz qabığında "LE KORAN"
qızılla həkk edilib və düzbucaqlı ikiqat çərçivəyə
alınıb. Arxa tərəfində də
belə çərçivələr var. Kitabın çərçivələri
qızıldandır.
Titul səhifəsindən öndə sağ tərəfdə
yuxarıda Əbülfət ağa Şahtaxtinskinin 1879-cu ildə
Peterburqda yazdığı avtoqrafı var. Titul vərəqində
sağda aşağıda oval formada Əbülfət
ağanın şəxsi möhürü vardır. "Quran"
523 səhifədən və əlifba göstəricisindən
(s.525-533) ibarətdir.
Əbülfət ağanın qızı Qonça
xanımın (Ketevananın) varislərinin muzeyə göndərdikləri
(rus dilində) məktubun Azərbaycan dilində tərcüməsini
də yazmağı məqsədəuyğun hesab etdik. Məktubda deyilir: "Bu
Quran bizim babamız, məşhur Əbülfət ağa
Şahtaxtinskinindir və bizim ailə mirasımızdır. Onu Bakı Dövlət Tarix Muzeyinə Tbilisidə
yaşayan varisləri-kötücələri Nikolay və
Natali Mdivanilər tərəfindən hədiyyə veririk.
Xahiş edirik ki, Quranı alandan sonra bizə
yazılı məlumat verəsiniz. Ədalət
naminə bu kitab digər tarixi eksponatlar arasında layiqli yer
tutacaq. Bizim nənəmiz Nina İvanovna
Stas Bakıdakı digər qohumları axtarırdı, amma nəticəsi
olmurdu. Ya məktublar gedib
çatmırdı, ya da ki, ünvanları dəyişmişdilər.
Məlum deyildi".
Əbülfət
ağa Şahtaxtinskinin qızının qısaca şəcərə
arayışı:
1.
Əbülfət ağanın qızı Qonça
gürcü zadəganı Varlam Mdivani ilə ailə
qurmuşdu.
2.
Əbülfət ağanın nəvəsi, Qonça və
Varlamın oğlu Nikolay Mdivani 1904-cü ildə doğulub (həbs
edilmişdi və 1937-ci ildə güllələnib) Nina Stas
ilə ailə qurmuşdu. Nina Stas Quranı
qoruyub saxlayandır. O, 4 sentyabr 2001-ci ildə 94
yaşında vəfat etdi.
3.
Əbülfət ağanın nəticəsi, Nikolay Mdivaninin
və Nina Stasın oğlu Georgi Mdivani 1933-cü ildə
doğulub, 1997-ci ildə vəfat edib. Həyat
yoldaşı Nane Gelaşvilidir. Hazırda
sağdır.
4.
Əbülfət ağanın kötücələri -
Nikolay Mdivani (1961), Nataliya Mdivani (1971) - Georgi Mdivaninin və
Nane Gelaşvilinin uşaqlarıdır.
14 mart
2002-ci il.
Qeyd edim ki, mən onları Tbilisidə axtardım. Köhnə
ünvandan köçüblər. Axtarışımız
davam edir.
Polkovnik Əbülfət ağa biz
düşündüyümüzdən də məşhur hərbçi
olub. Əgər
belə olmasaydı, Kutaisidən zirehli qatar
onu çarın və Qafqaz canişinin göstərişi əsasında
Şahtaxtı kəndinə gətirməzdi. Onun
dəfni haqqında heç vaxt ətraflı
yazılmadığından bunu geniş təsvir etmək istərdik.
Şahtaxtı kəndinin 100 ildən çox
yaşamış ağsaqqallarından olan Əli Hacı Məmmədhüseyn
oğlu və sonralar Böyükdüz kəndində
yaşayan Qasım Əli oğlu dəfnin canlı
iştirakçısı və şahidi olmuşdular. Vaxtı ilə onlardan öyrəndiklərimi yazmaq
maraqlı olar. Zirehli qatar
Şahtaxtı kəndinə gündüz saat 11-də gəlib
yetişib. Dəmiryol vağzalında, import
deyilən tarixi binanın önündə toplaşan
insanların sayı-hesabı yox idi. İrəvandan,
Naxçıvandan da çoxlu qonaqlar gəlmişdi.
Zirehli qatarı kazaklar (Rusiya ordusunun əsgərləri
- müəllif) qoruyurdular. Mart ayı olsa da,
hava soyuq idi. Rekviyemin sədaları altında cənazəni
top lafetinin üstünə qoydular. Atlas
balışlara onun aldığı hərbi mükafatları
düzmüşdülər. Hətta
qılıncı da yanındaydı. Kortej
vağzaldan kəndə tərəf irəliləməyə
başladı. Kədərli musiqi
çalırdılar. Hamısı hərbçilər
idi. Məhəmmədağa Şahtaxtinski
də cənazənin yanında addımlayırdı.
Əbülfət ağanın atası Nəcəfqulu sultan
da top lafetinin ardınca gedirdi.
Əbülfət ağanı Şahtaxtinskilərin təpədə
olan ailə sərdabəsində dəfn etməyə gətirirdilər. Özü belə
vəsiyyət etmişdi. Burada onun ulu
babaları İmamqulu Sultan, I İsa Sultan, əmisi Hacı Vəli
ağa və digər doğmaları dəfn olunmuşdular.
Onu torpağa tapşırandan sonra yaylım atəşi
açdılar. Nitq söyləyənlər
içərisində ağlayanlar da vardı. Naxçıvan böyük bir sərkərdəsini
itirmişdi. Çar hökuməti onun
xidmətlərini nəzərə alaraq Əbülfət
ağanın sərdabəsi önündə fəxri qarovul
qoyur. Bu, 1920-ci ilədək davam edib.
Vağzaldakı hərbi zastavanın əsgərləri
bu ehtiramı yerinə yetiriblər.
Əbülfət ağanın matəm mərasimi Nəcəfqulu
ağa ilə onun qardaşı oğlu İbrahim
ağanın (Əbülfət ağanın əmisi oğlu)
böyük salonlarında saxlanılıb. Naxçıvan və
İrəvan şəhərlərindəki məscidlərdə
də aslan ürəkli sərkərdə Əbülfət
ağanın adına ehsanlar verilirmiş
Sovet hakimiyyəti illərində qızıl axtaranlar o sərdabəni
dağıdıb ələk-vələk edirdilər. Hətta buldozerə də verdilər bir hissəsini.
Yol çəkdilər ki, gələcək nəsillərin
bu məşhur Şahtaxtinskilərdən xəbəri
olmasın. Amma Allah həmin sərdabənin
özüllərini və bir məzarı bu günədək
saxlayıb. Artıq o məzar da yox olmaq
üzrədir. Və o məzarın Əbülfət
ağaya məxsus olduğunu bilənlər də çox az qalıb. Əbülfət
ağanın yanında bir uşaq məzarı da var.
Əbülfət ağa nəhəng gövdəli
olduğundan məzar da böyükdür. Məzarı da nə vaxtsa tar-mar ediblər,
qızıl-gümüş axtarıblar. Nə
yaxşı ki, tamam yox etməyiblər. Bəlkə
də qürbətdə, doğulduğu kənddə
babalarının yanında dəfn olunmağı vəsiyyət
etdiyindəndir ki, hərbçinin məzarını zaman
indiyədək Qıvraqdan Şahtaxtı dəmiryolu
vağzalına və gömrük keçid məntəqəsinə
gedən yolun kənarında, təpənin yamacında qoruyub
saxlayıb. Tənha, kədərli bu məzarda
uyuyan qəhrəman polkovnik Əbülfət ağa
Şahtaxtinskinin keçdiyi elmi və hərbi yolu, bir də vətən
təəssübü bütün yüzilliklərdə gəncliyimizə
nümunədir.
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi,
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi
işçisi, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet 2018.- 4 aprel.- S.6.