Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real
vəziyyət və perspektivlər
Adının
mənası gil və əhəng daşı yüksəkliklərinin
yaratdığı ümumi qaramtıl mənzərəsi ilə
səciyyələndirilən Bakının Qaradağ rayonu
paytaxtın cənub-şərqində, Xəzər dənizi
sahili boyunca yüz kilometrədək ərazini əhatə
edir. Böyük neft-qaz, əhəng daşı və gil yataqları
ehtiyatlarına malik olan Qaradağ rayonu hələ ötən
əsrin üçüncü onilliyindən perspektivli mədən-sənaye
rayonu statusunu qazanıb. Məlumat üçün qeyd edək
ki, Qaradağ rayonu Puta-Şubanı mədəninin kəşfi
ilə əlaqədar 1923-cü il may ayının 7-də
yaradılıb. Təəssüf ki, ölkəmizin toponimlərinin
özünküləşdirməsi niyyətini
reallaşdırmağa çalışan məkirli qüvvələr
bu rayona da Azərbaycana qətiyyən aidiyyqtı olmayan şəxslərin
adını verməyə çalışıblar. Elə bu
səbədən də Qaradağ rayonu 1937-ci ilədək
Mikoyanın, 1956-cı ilədək Molotovun adını
daşıyıb. 1956-63-cü illərdə Qaradağ rayonu
adlandırılsa da, 1963-66-cı illərdə adı dəyişdirilərək
Əzizbəyov, 1966-cı ildən isə yenidən Qaradağ
rayonu adlandırılıb. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol
stansiyalarından hesab olan Qaradağ stansiyasının adı
ilə bağlıdır. Hazırda Qaradağ rayonunun inzibati ərazi
vahidliyinə 11 qəsəbə daxildir. Rayonun inzibati mərkəzi
şəhərtipli Lökbatan qəsəbəsidir. Rayonun
ikinci böyük şəhərtipli yaşayış məntəqəsi
Sahil qəsəbəsidir ki, onun yaranma tarixi 1949-cu ilə təsadüf
edir. Neft və qaz yataqlarının istismarı, daş
karxanaları və sement istehsalı müəssisələrinin
yaradılması, nəhəng qaz emalı və dərin dəniz
özülləri zavodlarının, broyler fabriklərinin
tikilməsi, quru, su və dəmir yolu daşımalarının
artması Bakının mərkəzindən aralıda yerləşən
bu ərazidə Lökbatan, Ələt, Qobustan, Səngəçal,
Puta, Xocasən, Korgöz, Güzdək, Umbakı, Sahil kimi qəsəbələrin
yaranması ilə nəticələnib. Bu sıraya sonrakı
onilliklərdə Müşfiqabad və Ümid qəsəbələrinin
də adları əlavə olunub. Hazırda Qaradağ rayonunun
ərazisi 1080 kvadratkilometr, əhalisinin sayı isə 120 min nəfərə
yaxındır.
Ölkədə
həyata keçirilən sosial-iqtisadi inkişaf dinamikası
Qaradağ rayonundan da yan keçməyib. Artıq rayon
özünün bir əsrlik simasını tamamilə dəyişərək
yeni görkəm alıb. Xüsusən, son on illiklər ərzində
rayonda müqayisə olunmayacaq tərzdə yeniliklər
baş verib. Bu dəyişikliklər rayonun infrastrukrturundan
tutmuş sakinlərin sosial rifah halına qədər
bütün sahələrdə təzhür edir. Artıq qətiyyətlə
demək olar ki, Qaradağ rayonu Azərbaycanın güclü
sənaye mərkəzinə çevrilib. Prezident İlham
Əliyevin rəhbərliyi ilə uğurla
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafı üzrə Dövlət proqramları, həmçinin,
Bakı şəhərinin və onun ətraf qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarının uğurla icrası paytaxt Bakı ilə
yanaşı, ətraf rayon və qəsəbələrdə
də sıçrayışlı inkişafı şərtləndirib.
Paytaxtın ən böyük rayonu olan Qaradağ rayonu da son
illərdə böyük inkişaf yolu keçib. Kifayət
qədər geniş sənaye potensialı olan rayonun iqtisadi
göstəriciləri qarşıya qoyulan hədəflərin
uğurla reallaşdırıldığını və
Qaradağ rayonunun ölkəmizin dinamik inkişafında
üzərinə düşən vəzifələrin öhdəsindən
layiqincə gəldiyini göstərir. Təsadüfi deyil ki,
Prezident İlham Əliyev də Qaradağ rayonundakı
inkişafı yüksək qiymətləndirərək bu
işlərin davamlı olması üçün lazımi dəstəyin
göstəriləcəyini bildirib. Dövlət
başçısı qeyd edib ki, Qaradağ rayonunun iqtisadi və
sənaye inkişafı sürətli gedir: "Qaradağ
rayonu Azərbaycanın güclü sənaye mərkəzinə
çevrilir. Burada yaradılan müəssisələr və
tikilməkdə olan zavodlar rayonun iqtisadi gücünü
artıracaq, yeni iş yerlərinin açılmasına gətirib
çıxaracaqdır". Doğrudan da Qaradağ Rayon
İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun
rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində rayonda işsizlik problemi
uğurla həllini tapmaqdadır. Rəsmi strukturların
statistik məlumatına görə, paytaxt rayonları
arasındaən çox iş yerləri məhz Qaradağda
yaradılıb. Rayon İcra Hakimiyyətindən verilən məlumata
görə, Rayon Məşğulluq Mərkəzinin təşəbbüsü
ilə əhalinin məşğulluğunu təmin etmək məqsədilə
mütəmadi olaraq qəsəbələrdə səyyar əmək
yarmarkaları keçirilir. Eyni zamanda, "BP-Azərbaycan"
Şirkətinin təşkilatçılığı ilə
Səngəçal qəsəbəsində həyata
keçiriləcək yeni layihələrlə bağlı
"Azfen", "Tekfen" şirkətləri ilə
birlikdə Sahil qəsəbəsində işə qəbulla əlaqədar
mütəmadi tədbir keçirilir. Rayonda yeni istifadəyə
verilən, o cümlədən, hazırda tikintisi davam edən
müəssisələr də paralel olaraq işsizlik
probleminin həllində mühüm rol oynayır. Belə ki,
hazırda Ələt qəsəbəsində Beynəlxalq Dəniz
Limanının inşası uğurla davam etdirilir. Puta qəsəbəsində
Metanol zavodunun tikintisi başa çatıb və
açılışa hazır vəziyyətdədir. Zavod nəinki
respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng
özəl müəssisələrdən biri sayılır.
Rayonun Səngəçal qəsəbəsi ərazisində
Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması
üçün 1875 hektar yer ayrılıb. Bu kompleksdə təqribən
2 min nəfər işlə təmin olunacaq. Bu ərazidə
yeni yaşayış massivləri salınacaq, parklar, otellər,
idman meydançaları, mədəni istirahət yerləri və
digər yeni sosial obyektlər inşa ediləcək, əhalinin
yaşayışı üçün yüksək səviyyəli
müasir standartlara uyğun şərait yaradılacaq. Onu da
zatırladaq ki, cari ilin 9 ayı ərzində rayonda 1086 yeni
iş yeri açılıb, orta aylıq əmək haqqı
765 manata çatıb. Yeri gəlmişkən qeyd edək ki,
ümumilikdə rayon ərazisində 90 sənaye müəssisəsi
var ki, onlardan 22-si respublika əhəmiyyətli iri istehsal
obyektidir.
Qaradağ
rayonunda təhsil və səhiyyə sahələrinin
inkişafına da xüsusi diqqət yetirilir. Xüsusən
son doqquz ay ərzində rayonda yeni-yeni təhsil, səhiyyə
və mədəniyyət müəssisələri inşa
edilərək sakinlərin istifadəsinə verilib. Belə
ki, Dövlət Proqramına əsasən təhsil sahəsi
üzrə 8 körpələr evi - uşaq
bağçasında əsaslı təmir işləri
başa çatıb, 2 uşaq bağçası
üçün yeni bina, 2 məktəb üçün isə
əlavə tədris korpusu tikilib. Eyni zamanda 7 nömrəli
Bakı Peşə məktəbi üçün yeni
binanın tikintisi başa çatdırılıb. Qobustan qəsəbəsindəki
körpələr evi-uşaq bağçası əsaslı
təmir olunub. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə rayonun 3 qəsəbəsində yeni uşaq
bağçasının tikintisinə başlanılıb.
Ümumilikdə isə rayonda 25 orta məktəb, 4 litsey və
peşə məktəbi, 3 musiqi məktəbi - 3, 1 xüsusi
internat məktəbi fəaliyyət göstərir. Uşaq
bağçaları və körpələr evinin sayı isə
22-ə çatıb. "2014-2016-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nda Səhiyyə Nazirliyi tərəfindən 23
nömrəli Birləşmiş Şəhər Xəstəxanasının
ərazisində uşaq poliklinikası üçün yeni
binanın inşası nəzərdə tutulub. Bununla
yanaşı Qobustan qəsəbəsindəki 17 nömrəli
Birləşmiş Şəhər Xəstəxanası və
Lökbatandakı yeni müasir xəstəxana
binalarının istifadəyə verilməsi üçün
tamamlama işləri aparılır. Nəzərə
çatdıraq ki, bu gün rayon ərazisində 7 xəstəxana,
xəstəxana tabeliyində olan 6 poliklinika, 2 müstəqil
poliklinika, 1 stomatoloji poliklinika, 1 özəl klinika, 1 uşaq
sanatoriyası, 1 doğum evi, 2 təcili və təxirə
salinmaz tibbi yardim stansiyasi, eyni zamanda, Respublika Güzəm xəstəxanası
və Ələt Dəmiryol xəstəxanası fəaliyyət
göstərir. Müvafiq Dövlət Proqramına əsasən
bu ilin may ayında Müşfiqabadda mədəniyyət evi əsaslı
təmirdən sonra açılıb. Eyni zamanda,
Lökbatandakı 9 saylı musiqi məktəbi
üçün yeni binanın inşa olunub,
Qızıldaş mədəniyyət mərkəzinin
tikintisi isə davam etdirilir. Bütövlükdə rayonda mədəniyyət
və istirahət mərkəzlərinin sayının
artırılmasına xüsusi diqqət ayrılır. Son məlumata
əsasən, hazırda rayonda 8 mədəniyyət evi, 1
muzey, 10 kitabxana, 10 mədəniyyət və istirahət
parkı, 1 dövlət qoruğu fəaliyyət göstərir.
Eyni zamanda, Qaradağ rayonu ərazisində 15 mədəniyyət
və tarixi abidə var ki, onun da 4-ü respublika, 1-i isə
dünya əhəmiyyətlidir. Əhalinin
sağlamlığının qorunması məqsədilə
ölkə başçısının
tapşırığına uyğun olaraq 2014-cü il fevral
ayının 17-dən may ayının 1-nə kimi,
respublikanın bütün bölgələrində olduğu
kimi, Qaradağ rayonunda da 18 yaşından yuxarı əhalinin
tibbi müayinədən keçirilməsi tədbirləri uğurla
başa çatdırılıb.
Rayonunda
aztəminatlı ailələrdən olan məktəbli
uşaqlara da vaxtaşırı yardımlar edilir. Belə ki,
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
yeni tədris ili ərəfəsində rayondakı
imkansız, maddi durumu ağır olan ailələrin orta məktəblərdə
təhsil alan 200 nəfərdən çox uşaqları yeni
məktəbli formaları və 160 nəfər birinci sinif
şagirdi məktəb ləvazimatları ilə təmin
olunub. Eləcə də icra hakimiyyəti rayonun əlil sakinlərindən
heç vaxt zəruri qayğısını əsirgəmir.
Məsələn, son olaraq dekabrın əvvəllərində
İcra Hakimiyyətində əlil sakinlərlə
görüş keçirilib və orada rayonda yaşayan 200-ə
yaxın əlil vətəndaşa ərzaq yardımı
paylanıb.
Qaradağ
rayonunda əhalinin və sosial obyektlərin davamlı olaraq
qaz, su, elektrik enerjisi və kommunal xidmətlə təminatı
məqsədilə də çox böyük işlər
görülüb. Rayonun elektrik enerjisi ilə təchizatının
yaxşılaşdırılması üçün 6 ədəd
yeni kompleks transformator məntəqəsi
quraşdırılıb, 144 ədəd transformator məntəqəsində
profilaktik təmir işləri aparılıb, 61 min metrdən
çox müxtəlif diametrli kabel və hava xətləri
çəkilib. Qaz təchizatının
yaxşılaşdırılması, qaz təsərrüfatının
təhlükəsiz istismarının təmin edilməsi məqsədilə
müxtəlif diametrli 168 min paqometr mövcud qaz xətti yenisi
ilə əvəz olunub. "2014-2016-cı illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"na əsasən bu istiqamətdə işlər
davam etdirilir. Ötən qış mövsümündə
rayon üzrə 96 bina, 10 orta məktəb, 4 uşaq
bağçası və 3 səhiyyə obyekti istiliklə təmin
olunub.
Qaradağ
rayonunda ekoloji problemlərin həlli istiqamətində də
ciddi addımlar atılmaqdadır. Belə ki, rayon rəhbərliyinin
təşəbbüsü ilə bütün qəsəbələrdə
ərazilər təmizlənir, bağ-bağçalara qulluq
edilir. Məişət və istehsalat tullantılarının
yığılması və daşınması sahəsində
bir çox işlər görülüb. Bu gün Qaradağ
rayonu ərazisində qəsəbələrarası və məhəllədaxili
küçə və yollar yenidən qurulur, müasir
işıqlandırma sistemi quraşdırılır, parklar,
nümunəvi məhəllələr salınır,
xeyir-şər evləri tikilir. Rayon ərazisində olan yollara
və məhəllədaxili həyətlərə 51 min
kvadratmetr asfalt döşənib. Bütün sadalanan faktlar
deməyə əsas verir ki, rayonda həyata keçirilən
uğurlu tədbirlər nəticəsində istehsal sahələrinin
dinamik və effektiv fəaliyyəti təmin olunub, sənaye
potensialı əsaslı şəkildə gücləndirilib.
Rayonda ən müasir texnologiyaların tətbiq olunduğu və
beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli
və ixracyönümlü məhsullar istehsal edən yeni
müəssisə və obyektlər yaradılmaqdadır.
Bunlar isə nəticə etibarilə əhalinin social rifah
halının yüksəlməsinə təsir edən amillərdir.
Həsənov, İsgəndər.
525-ci qəzet 2018.- 4 aprel.- S.6.