Cənubi Azərbaycan ədəbiyyatına dair dəyərli tədqiqat

 

ESMİRA FUAD-ŞÜKÜROVA ELMLƏR DOKTORU DƏRƏCƏSİ ALMAQ ÜÇÜN YAZDIĞI DİSSERTASİYANI UĞURLA MÜDAFİƏ EDİB

 

Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında həmin elm müəssisəsinin Filologiya üzrə elmlər doktoru və Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının növbəti iclası olub.

 

Dissertasiya Şurasının elmi katibi filologiya üzrə elmlər doktoru İsmixan Osmanlı gündəlikdə duran cari məsələlər haqqında Şuranın üzvlərinə məlumat verdikdən sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, AYB-nin üzvü Esmira Şükürovanın (Fuad) "XX əsr Cənubi Azərbaycan ədəbiyyatında poema janrı: inkişaf mərhələləri və problemləri" mövzusunda yazdığı dissertasiya işinin müdafiəsinə başlanıb.

 

İ.Osmanlı iddiaçının tərcümeyi-halı və onun müdafiəyə təqdim etdiyi dissertasiya haqqında məlumat verərək bildirib ki, bütün sənədlər qaydasındadır. Elmi məsləhətçi Rəhim Əliyevin, aparıcı təşkilatın - Naxçıvan Dövlət Universitetinin, rəsmi opponentlərin və eləcə də bir çox tanınmış alimlərin müsbət rəyləri var. Dissertasiya ilə bağlı məlumatlandırmadan sonra elmi Müdafiə Şurasının üzvlərinin və tədbir iştirakçılarının müzakirəsinə verilib.

 

İddiaçı E.Şükürova müdafiəyə təqdim olunan tədqiqat işi haqqında çıxış edib. Əyani vəsait kimi mövzu ilə bağlı çap olunmuş altı kitabı haqda məlumat verib. Bildirib ki, dissertasiya giriş, hər biri müxtəlif yarımfəsilə bölünməklə dörd fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. "Giriş"də araşdırılan mövzunun aktuallığı, elmi yeniliyi, məqsəd və vəzifələri, tədqiq tarixi, obyekti, praktik əhəmiyyəti, nəzəri-metodoloji əsasları və digər məsələlər yığcam şəkildə öz əksini tapmışdır. Mövzu ilə bağlı məlumat verən E.Şükürova bildirib ki, dissertasiyanın əsas məqsədi XX əsr Cənubi Azərbaycan ədəbiyyatında poema janrının təşəkkül və inkişaf mərhələlərini sistemli araşdıraraq, mövzu dairəsini və ideya-məzmun xüsusiyyətlərini üzə çıxarmaq, bədii sənətkarlıq keyfiyyətlərini çağdaş nəzəri-estetik meyarlarla qiymətləndirməkdən ibarətdir. Poema müəlliflərinin klassik ədəbi irsimizin ənənələrindən bəhrələnməklə bu janrın XX əsrin ictimai-siyasi, ədəbi-mədəni şəraitinə uyğun inkişaf etdirmələrinin səbəblərini elmi cəhətdən əsaslandırmaq, eləcə də bu əsərlərin ədəbiyyat tariximizdəki yerini obyektiv müəyyənləşdirmək də dissertasiyanın məqsədinə daxildir.

 

XX əsr ümumazərbaycan ədəbiyyatında yaradılan poemalar araşdırmanın əsas obyektini, Cənubi Azərbaycan  ədəbiyyatında meydana çıxan poemaların qarşıya qoyulmuş məqsəd və vəzifələrə uyğun tədqiqi və təhlili isə onun predmetini təşkil edir.

 

İddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırıb.

 

Dissertasiya Şurasının elmi katibi, filologiya üzrə elmlər doktoru İsmixan Osmanlı aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyini diqqətə çatdırıb.

 

İş üzrə təyin olunmuş opponentlər - Nizami Cəfərov, Tehran Əlişanoğlu çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı, əsaslandırılmış şəkildə irad və təkliflərini bildiriblər. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı cavab verib.

 

İşlə bağlı çıxış edən Şuranın üzvləri - Rafiq Yusifoğlu, Yaşar Qasımbəyli, Məhərrəm Qasımlı, Vüqar Əhməd və başqaları müəyyən təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verdiyini qeyd ediblər.

 

Sonda dissertant Esmira Şükürova, akademik İsa Həbibbəyli başda olmaqla, Şura üzvlərinə, dissertasiya işinin müdafiəsində əziyyəti olan rəyçilərə, opponentlərə, eləcə də müdafiədə iştirak edən elm və ictimaiyyət nümayəndələrinə öz təşəkkürünü bildirib.

 

Sonda E.Şükürovaya Güney Azərbaycan ədəbiyyatının və ədəbi-bədii irsinin tədqiq olunmasında göstərdiyi yüksək xidmətlərə və müasir Azərbaycan elminə verdiyi dəyərli töhfələrə görə YUNESKO-nun Azərbaycan təmsilçiliyi tərəfindən təşəkkürnamə, MDB ölkələri üzrə keçirilən kitab sərgisində Elm və Təhsil Nominasiyası üzrə III dərəcəli diplomu və Azərbaycan Respublikası Veteranlar Təşkilatının "General Səməd bəy Mehmandarov" medalı təqdim olunub.

 

Keçirilən gizli səsvermə nəticəsində Esmira Şükürovanın filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alması üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması qərarı yekdilliklə qəbul edilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2018.- 4 aprel.- S.8.