Səmərəli islahatlar və mütərəqqi
dəyişikliklər mərhələsi
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika
İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Tarix boyu
dövrün çağırışlarını nəzərə
alan, yaranmış yeni imkanlardan yetərincə
faydalanmağı bacaran cəmiyyətlər həmişə
irəli gedərək tərəqqi tapmışlar.
Böyük toplumlara bu imkanları göstərmək,
onları vahid ideyalar ətrafında səfərbər edərək
gələcək hədəflərə doğru istiqamətləndirməksə
bu çətin və şərəfli yolun önündə
gedən liderlərin missiyası olmuşdur.
Siyasi mənada, liderlik bir insanın tarixdəki səmərəli
fəaliyyəti və xalqın həyatında
oynadığı böyük roldur. Liderlik nadir şəxslərə
xas, anadangəlmə xüsusiyyət olub, insanın həyat tərzi
və qazandığı təcrübələr əsasında
cilalanan, dərin təsirlilik, səmərəli idarəetmə,
gözəl örnəklər yaratma, cəmiyyət
üçün faydalı olanları aydın zəka ilə
üzəçıxarma, insan və hadisələrə
münasibətdə məsuliyyətlə, ağılla
davranma, başqalarına düzgün yolgöstərmə
kimi ali keyfiyyətləri özündə bir araya gətirən
mükəmməllikdir.
Tarix sübuta yetirmişdir ki, xalq və dövlət
maraqlarını özünün praktik fəaliyyətində
ifadə etməyən siyasi təşkilatlar cəmiyyətin
dəstəyindən məhrum olurlar. Ümumilikdə, cəmiyyətin
ayrılıqda götürülmüş bir təbəqəsinin
və yaxud sosial qrupunun mənafe və maraqlarını təmin
etməyən siyasi liderin, təşkilatın xalqı, milləti
öz arxasınca apara bilməsi mümkün deyildir.
Hansısa partiyanın siyasi cəhətdən təşkilatlanaraq
monolit qüvvəyə çevrilmək əzmi, ilk növbədə,
onun liderinin yürütdüyü ideoloji-siyasi kursun
bütövlükdə cəmiyyətin maraqlarına cavab verməsi
ilə şərtlənir. Ölkəmizdə
hazırda 50-dən çox siyasi partiya mövcud olsa da,
onların heç biri sosial bazasına, nüfuzuna və
gücünə görə hakim Yeni Azərbaycan Partiyası
ilə müqayisə olunmaq imkanında deyil. Yeni Azərbaycan Partiyasının cəmiyyətin
lokomotiv qüvvəsi kimi çıxış etməsinin əsasında
həm də xarizmatik lider amili rol oynamışdır. Bu baxımdan YAP-ın bəzən "Heydər
Əliyev partiyası" adlandırılması da obyektiv
qanunauyğunluqlara əsaslanır və partiyanın
uğurlarında lider amilinin rolunu dolğun şəkildə
təcəssüm etdirir.
YAP-ın
qurultaylarının bir qayda olaraq ölkə əhəmiyyətli
seçkilərdən əvvələ təsadüf etməsi
də təşkilatın mövcud imkanları səfərbər
edərək təşkilatlanmaq, cəmiyyətə mesaj verərək
onu hazır vəziyyətə gətirmək, partiyanın gələcək
seçki texnologiyasını, taktika və
strategiyasını müəyyənləşdirmək məqsədinə
xidmət edir. Bu qurultaylar bir növ seçkidən-seçkiyə
keçilən yolun hesabatını verir, uğurları
üzə çıxarır, gələcək fəaliyyət
prioritetlərinin dəqiq müəyyənləşdirilməsinə
imkan yaradır.
Bu və digər reallıqlar fonunda YAP-ın sayca VI
qurultayının 2018-ci ilin fevralın 8-də - növbəti
prezident seçkiləri ərəfəsində keçirilməsi
də qətiyyən təsadüfi olmamışdır. Ali partiya tədbirində
çıxış edən Azərbaycan Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri cənab İlham Əliyevin bəyan
etdiyi kimi, partiyanın qurultayı Azərbaycanın
ictimai-siyasi həyatında çox mühüm hadisədir.
Qurultayda dərin məzmunlu nitq söyləyən möhtərəm
Prezidentimiz İlham Əliyevin bəyan etdiyi kimi, YAP-ın
tarixi qələbələr salnaməsidir: "Qurultay ölkəmizin
ictimai-siyasi həyatında əlamətdar hadisədir. Çünki Yeni Azərbaycan Partiyası ölkəmizdə
aparıcı siyasi qüvvədir. Partiyamızın
ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir.
Partiyamızın sıraları genişlənir,
700 mindən çox üzvümüz var və çox sevindirici
hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar.
Gənclərin axını partiyamızın gələcək
inkişafı üçün də əsas şərtlərdən
biridir. Keçən ilin noyabrında biz
partiyamızın 25 illik yubileyini qeyd etmişik. Bu 25 il ərzində partiyamız uğurlu və
şərəfli yol keçmişdir. Bütün
iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan
Partiyası qələbə qazanmışdır və bu 25
il qələbələr salnaməsidir".
Ali partiya tədbirinin iştirakçısı olan
nümayəndələrin yekdil təklifi əsasında
qurultayın baş qərarının qəbulu - Azərbaycan
Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab
İlham Əliyevin 2018-ci ilin aprelində keçiriləcək
növbəti seçkilərə namizədliyinin irəli
sürülməsi isə son ayların ən əlamətdar
hadisələrindən biri kimi tarixiləşmişdir. Şübhəsiz, bu qərar,
əslində, cəmiyyətin və xalqın çoxdan gəldiyi
qənaətin partiyanın ali forumunda
etiraf edilməsi, yaxud təsdiqlənməsidir. Əlbəttə,
Azərbaycanda bəzi ölkələrdə olduğu kimi,
prezidentliyə namizədi müəyyən etmək
üçün ilkin seçimin keçirilməsi ənənəsi
yoxdur. Lakin ağı qaradan fərqləndirməyi
bacaran xalqımıza əvvəlcədən, həm də
heç bir səhvə yol vermədən dürüst
seçim etmək müdrikliyi xasdır. Möhtərəm
Prezident İlham Əliyevin prezidentliyə namizədliyinin
növbəti dəfə irəli sürülməsi də məhz
belə bir seçimin təcəssümü kimi tariximizə
düşmüşdür.
Danılmaz reallıqdır ki, vətəndaşların
ölkəyə layiqli rəhbər seçmək haqqı
xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməlində
dayanır. Azərbaycan
xalqı indiyədək 2003, 2008 və 2013-cü illərdə
keçirilmiş prezident seçkilərində daxili inamına
söykənərək cənab İlham Əliyevin namizədliyini
dəstəkləmiş və siyasi taleyinə sahib
olmaq haqqını qətiyyətlə ifadə etmişdir. Bu tarixi seçimlər həm də belə bir həqiqətin
cəmiyyətdə dərkidir ki, Azərbaycanın dövlət
müstəqilliyinin qarantı Prezident İlham Əliyevin həyata
keçirdiyi müstəqil siyasətdir.
YAP-ın
növbəti prezident seçkilərində cənab İlham
Əliyevin namizədliyini irəli sürmək qərarı təkcə
ən yeni tariximizin mötəşəm nailiyyətləri ilə
bağlı şərtlənmir. Bu seçim,
eyni zamanla, növbəti illərdə Prezident İlham
Əliyevin Azərbaycanın tərəqqi və
inkişafına, uğurlu gələcəyinə daha
çox töhfələr verəcəyinə olan dərin və
səmimi inamdan qaynaqlanır. Ölkə
başçısının qurultayda söylədiyi bu nikbin
fikirlər hər birimizdə bu inamı daha da möhkəmləndirmişdir:
"Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan
uğurlu inkişaf yolu ilə gedir və inkişaf
üçün əsas şərt - sabitlik tam bərqərar
olmuşdur...Azərbaycana investisiyalar qoyulmağa və ölkəmiz
sürətlə inkişaf etməyə
başlamışdır. 2003-cü ildən
sonra da Heydər Əliyev siyasəti Azərbaycanda davam
etdirilir. 2003-cü ildə prezident
seçkiləri ərəfəsində bəyan etmişdim
ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə,
mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm.
Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda
yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz
uğurla inkişaf edir".
Ötən 15 ildə Azərbaycan vətəndaşının
birmənalı seçimini təmin edən ən
başlıca amillərdən biri də ölkədəki
siyasi sabitlik və həmrəylik mühitidir. Hələ 2003-cü ilin
15-16 oktyabr, 2005-ci ilin noyabr hadisələri zamanı
müşahidə olunan kataklizmlər, hakimiyyətin zorakı
yolla ələ keçirilməsinə yönəlmiş
iğtişaş cəhdlərinin uğursuz nəticəsi
sübut etdi ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik
real təminatlara söykənir. Hər hansı
radikallıq cəmiyyətimiz üçün təhlükə
doğura, Azərbaycanın müstəqilliyinə xələl
gətirə, demokratik inkişaf proseslərinin
qarşısını ala bilməz. Elə
bu səbəbdən də cənab İlham Əliyevin
dövlətə rəhbərliyinin ilk ayları daha çox
humanist çalarlarla yadda qalmışdır. Vaxtilə dövlətçiliyimizə qarşı
ağır cinayətlər törədən və bir
neçə illik cəza müddəti dövründə
öz səhvindən səmimi peşmançılıq
keçirən insanlar azadlığa buraxılmış, o
cümlədən, siyasi iğtişaşların təşkilatçıları
və fəal iştirakçıları qısa müddətdən
sonra azad edilmişlər. Daxili siyasətdə
liberalizm elementləri qabarıq şəkildə nəzərə
çarpmağa başlamış, siyasi qüvvələr
arasında dialoqa meyil güclənmişdir. Həmin
dövrü xatırladan Prezident İlham Əliyev Azərbaycanın
böyük uğurlardan üzüağ
çıxdığını demişdir: "Mənim
üçün hər bir vətəndaş əzizdir. Mən keçmişlə bugünün arasında
görünməyən bir xətti görürəm. Keçmişdə çox səhvlər olub, Azərbaycan
vətəndaş müharibəsi həddində olub. Mən cinayət törətmiş şəxsləri
də azad etmişəm. Ona görə yox
ki, hesab edirəm onlar siyasi məhbusdur. Mən
Azərbaycanda qarşıdurma əhval-ruhiyyəsinin aradan
götürülməsini istəyirəm. Bizim qarşımızda yeni vəzifələr
durur, ölkəmizi inkişaf etdirməliyik,
insanlarımızı səfərbər etməliyik. Biz
milli barışığa nail olmuşuq və gərək
bunu gücləndirək. Keçmiş ədavət
və ziddiyyətlər tarixdə qalsın. Bu, mənim niyyətimdir".
Dövlət başçısı seçildikdən
sonra hökumət üzvləri ilə keçirdiyi ilk
toplantıda xalqa xidməti əsas tələb, vəzifə
kimi müəyyənləşdirən cənab İlham
Əliyevin irəli sürdüyü bu prinsip indi də öz
qüvvəsindədir. Cənab İlham Əliyevin xarizmasına
olan kütləvi inam da məhz onun belə idarəetmə
prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara
xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli
gəlir. Bu baxımdan liderlik institutunun Azərbaycan
üçün gerçəkdən nə qədər
böyük önəm daşıdığı indi daha
qabarıq görünür. Cənab
İlham Əliyevin liberal baxışlar sistemi, xarakterinə
xas olan humanistlik və xeyirxahlıq elementləri, bununla
yanaşı, zəruri anda yüksək qətiyyət,
prinsipiallıq göstərmək məharəti onun qısa
müddətdə cəmiyyətdə ulu öndər Heydər
Əliyevin layiqli davamçısı kimi dəstəklənməsini
təmin etmişdir.
İqtidar
partiyasının namizədinin cəmiyyətdəki yüksək
nüfuzu həm də ötən 15 ildə yürüdülən
sosial-iqtisadi inkişaf strategiyasının
uğurlarının hər bir vətəndaşın taleyində
qabarıq hiss olunması ilə şərtlənir. Dövlətimizin
başçısı ulu öndərin böyük
müdrikliklə irəli sürdüyü inkişaf
strategiyasını ötən 15 ildə inamla davam etdirməklə
yanaşı, yeni dövrün tələblərinə
uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla
demokratikləşmə proseslərinin paralel şəkildə
aparılmasına, birinin digərini tamamlamasına
çalışmışdır. İqtisadi məsələlərə
xüsusi diqqətin ayrılması da əsaslı yanaşma
olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək,
cəmiyyətin davamlı inkişafı üçün zəmin
hazırlamaq məqsədindən irəli gəlmişdir.
Həyata
keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin
səmərəli nəticələr verməsi, hər bir fərdin
maraq və mənafeyini özündə maksimum dərəcədə
əks etdirməsi, dövlətin perspektiv inkişafına
hesablanması dövlət başçısı cənab
İlham Əliyevin yüksək bilik və intellektə,
çevik idarəçilik məharətinə, yüksək
əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.
Dövlət başçısının ötən
illərdə praqmatizmə və əməli siyasətə
söykənən iqtisadi siyasətinin əsas qayəsində
məhz insan amili dayanmış, cənab İlham Əliyev
xalq qarşısında verdiyi bütün vədlərə
sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti
olduğunu təsdiqləmişdir. Cənab İlham Əliyev hökumətin mütəmadi
olaraq xalq qarşısında hesabat verməsini, görülən
işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını
da demokratik idarəetmənin zəruri tələbi kimi önə
çəkmişdir.
Respublikamızda son 15 ildə həyata keçirilən
iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət
daşıması bir sıra reallıqlarla şərtlənmiş,
cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Hökumətin
ötən illərdə həyata keçirdiyi bir çox
layihələr məhz sosial mahiyyət kəsb etmişdir.
Dəniz səviyyəsindən 3000 metrədək
hündürlükdə yerləşən Qubanın
Xınalıq kəndinə yolun, sovetlər dövründən
mavi yanacaq üzü görməyən Lerik və
Yardımlıya qaz kəmərlərinin çəkilməsi,
eləcə də Naxçıvanın davamlı olaraq
elektrik enerjisi və qazla təmin olunması, Bakıya
Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi,
rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət,
olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin
ləğvi - bütün bunlar Azərbaycan vətəndaşlarının
firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya
layihələrinin çox cüzi qismidir.
Ötən illərdə ölkədə uğurla həyata
keçirilən siyasət eyni zamanda, Azərbaycan
üçün taleyüklü bir sıra layihələrin
gerçəkləşməsini, respublikanın
bütövlükdə Cənubi Qafqaz regionunda lokomotiv
dövlətə çevrilməsini təmin etmişdir. Ümummilli lider Heydər
Əliyevin böyük müdrikliklə irəli
sürdüyü yeni neft strategiyasının tərkib hissəsi
olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə
verilməsi nəticəsində Azərbaycan Avropanın enerji
təhlükəsizliyinin başlıca təminatçısına
çevrilmiş, ölkəmizin dünya üçün
önəmi daha da artmışdır. Son aylarda
Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi,
"Əsrin müqaviləsi"nin yenilənməsi, eləcə
də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri",
"Çıraq" yataqlarının və "Günəşli"
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və neft hasilatının pay
bölgüsü haqqında düzəliş edilmiş və
yenidən tərtib olunmuş Sazişin imzalanması bu
baxımdan beynəlxalq əhəmiyyətli hadisə kimi
qarşılanır.
Bütün
bunlar həm də onu deməyə əsas verir ki, ölkəmizin
başçısı Azərbaycanı müasir və
qüdrətli dövlətə çevirmək məqsədini,
sadəcə, bəyanatlarla ifadə etmir, onun konkret icra
mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində
ciddi addımlar
atır. Dövlət başçısının son 5 ildə
imzaladığı "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası və "Milli
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"
kimi konseptual əhəmiyyətli sənədlər deməyə
əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın
uzunmuddətli inkişaf strategiyasının dərin elmi
proqnozlar əsasında işlənib hazırlanmasına
çalışır.
Son illər
qlobal böhranın doğurduğu iqtisadi və psixoloji
çətinliklərə baxmayaraq, Azərbaycanın iqtisadi
müvazinətini əzmlə qoruyub saxlaması, hökumətin
sosial öhdəliklərinin uğurla
reallaşdırılması, təxirəsalınmaz, zəruri
layihələrin icrasında çətinliklərin
yaranmaması "inkişafın Azərbaycan modeli"nin uğurlarını bir daha təsdiqləyir.
2017-ci ilin yekunları deməyə əsas verir
ki, Azərbaycan böhranın son mərhələsini də
inamla geridə qoymuşdur. Bütün
bunların nəticəsi olaraq Azərbaycan dünyanın ən
nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi
Forumunun açıqladığı "2017-2018 Qlobal Rəqabətlilik
Hesabatı"nda daha iki pillə yüksələrək 137
ölkə arasında 35-ci yerdə qərarlaşmışdır.
Ümumilikdə, ölkəmiz "Qlobal rəqabət
qabiliyyəti" hesabatları üzrə 2005-ci ildən
2017-cı ilədək 69-cu yerdən 34 pillə irəliləyərək
35-ci yerə yüksəlmiş, 2009-cu ildən indiyədək
MDB-də liderliyini qoruyub saxlamışdır.
Son 15 ildə ölkəyə rəhbərliyinin
apardığı məqsədyönlü və uzaqgörən
siyasətin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu
gün Azərbaycan, sözün əsl mənasında, tam
müstəqil siyasət yürüdən ölkədir. Bu gün
müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti,
dövlətçilik siması, inkişaf yolu vardır.
Ölkə iqtidarının milli maraqlara əsaslanan
siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə,
hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində
ardıcıl və məqsədyönlü fəaliyyəti
də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini
təmin etmişdir.
Azərbaycan
son 15 ildə Qərb məkanında yalnız zəngin neft və
qaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə,
insan və vətəndaş hüquq və
azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir
sıra konkret addımları ilə tam sübuta
yetirmişdir. Avropa Şurasının tamhüquqlu
üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya
prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla
sıx əməkdaşlığı hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğu prosesinin
dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir.
Respublikamızın milli inkişaf və tərəqqi
baxımından demokratikləşmə xəttinə səmimi
şəkildə bağlılığı indi Qərb
dövlətlərində də qətiyyən şübhə
və tərəddüd doğurmur.
Hələ
2011-ci ildə respublikamızın sivil dünyanın
hüquqi-siyasi atmosferinin müəyyənləşməsində
mühüm rolu olan, dünyanın 157 ölkəsinin dəstəyi
ilə, Birləşmiş Millətlər Təşkilatının
(BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi bütövlükdə müasir
tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən
biri kimi yadda qalmışdır. 2012-ci ildə
Azərbaycan "Eurovision 2012" kimi möhtəşəm
musiqi yarışmasını uğurla gerçəkləşdirərək
yüksək mədəni-mənəvi dəyərlərə,
incəsənətə malik olduğunu sübuta
yetirmişdir. 2015-ci ildə I Avropa
Oyunları, 2016-cı ildən başlayaraq Formula-1
yarışları, 2017-ci ildə İslam Həmrəyliyi
Oyunları respublikamızda yüksək səviyyədə
keçirilmişdir.
Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin
keçirilməsində Bakı şəhərinin
seçilməsi respublikamızın beynəlxalq nüfuzunu
daha da yüksəldir. Xatırlatmaq yerinə düşər ki, Prezident
İlham Əliyev hələ 2008-ci ilin dekabrında Avropa
ölkələri mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır"
mövzusunda keçirilən konfransında "Bakı
prosesi" ideyasını irəli sürməklə
paytaxtımızın beynəlxalq miqyaslı tədbirlərin
mərkəzi statusu almasını təmin etmişdir.
2008-2018-ci illərdə "Bakı prosesi" çərçivəsində
keçirilən tədbirlər miqyasca geniş və əhatəlidir:
hələ 2008-ci ildə respublikamızda "Mədəniyyətlərarası
dialoqda qadınları rolu" mövzusunda konfrans
keçirilmiş, 2009-cu il həm də
Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.
Azərbaycan
paytaxtı 2011-2016-cı illərdə I, II, III və IV və
V Bakı Beynəlxalq Humanitar Forumlarına uğurla ev sahibliyi etmişdir. Son illər Dünya Dini
Liderlərinin Sammiti, MDB Dinlərarası Şurası, MDB
Müsəlmanlarının Məşvərət
Şurası və Qafqaz Xalqları Ali Dini Şurası öz
forumlarını Bakı şəhərində
keçirmişlər. 2016-cı ilin oktyabrında keçirilən
V Bakı Beynəlxalq Humanitar Forumu, 2017-ci ilin mart ayında
baş tutan V Qlobal Bakı Forumu
Azərbaycanın təkcə insan hüquqları və
demokratikləşmə deyil, həm də milli-etnik, dini
tolerantlıq və multikulturalizm sahəsində əldə
etdiyi nailiyyətlərlə şərtlənmişdir. 2016-cı ilin "Multikulturalizm İli", 2017-ci
ilin "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın
tolerant və multikultural ölkə imicini daha da gücləndirmişdir.
Nəhayət, Azərbaycan Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci ilin
"Azərbaycanda Xalq Cümhuriyyəti İli" elan edilməsi
respublikamızın zəngin dövlətçilik tarixinin
yerli və beynəlxalq ictimaiyyətə
çatdırılması baxımından əhəmiyyətli
olmaqla yanaşı, irs-varislik əlaqələrinə həssas
münasibətdir.
Dünya
bazarında neftin qiymətlərinin siyasi konyunktura əsasında
müəyyənləşdiyi son siyasi-iqtisadi reallıqlar bir
daha təsdiqləyir ki, Azərbaycanın uğurlu gələcəyi,
ilk növbədə, elmin, təhsilin, o cümlədən, ali təhsilin inkişaf səviyyəsi ilə
şərtlənir. Dövlət
başçısı cənab İlham Əliyev haqlı
olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd
deyil, davamlı iqtisadi tərəqqini təmin etmək
üçün vasitədir. Dünya təcrübəsində
iqtisadiyyatın yalnız neft üzərində qurulması nəticəsində
iqtisadi sistemi iflic edən "Holland sindromu" kimi mənfi
presedent də var. Respublikamız neft ehtiyatlarına görə
dünyada 19-cu, istehsalına görə isə 29-cu ölkə
olsa da, hazırda həyata keçirilən siyasətin məqsədi
neftdən sonrakı inkişafın təməlini
yaratmaqdır.
Azərbaycan
Prezidenti İlham Əliyevin praqmatik və rasional təfəkkürlü
lider olaraq son 15 ildə qarşıya qoyduğu ən
mühüm vəzifələrdən biri də məhz milli
inkişafda intellektual irəliləyişə nail olmaqla,
dövlətin siyasi suverenliyinin, davamlı iqtisadi rifahının
təmin edilməsindən ibarətdir. Dövlət
başçısı İlham Əliyevin elmin
inkişafına necə böyük önəm verdiyini son illər
dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitlərin
artım dinamikası
bir daha təsdiqləyir. 2003-cü
ildən dövlət büdcəsi vəsaitlərinin ilbəil
əhəmiyyətli dərəcədə artımı elm
sahəsində məhz maliyyə
çatışmazlığı səbəbindən uzun illərdən
bəri yığılıb qalmış bir çox problemlərin
həlli zərurətini aktuallaşdırmış, bu sahəyə
ayrılan dövlət investisiyalarının həcmcə
artımını təmin etmişdir.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2016-cı ildə
qarşıda duran vəzifələrin müzakirəsinə
həsr olunmuş iclasında, eləcə də ötən il yanvarın 18-də iqtisadi və sosial məsələlərin
həlli ilə bağlı keçirdiyi müşavirədə
böhranın mənfi təsirlərinin aradan
qaldırılması ilə bağlı həyata
keçirilməli olan təxirəsalınmaz tədbirlər
barədə danışarkən innovativ tərəqqinin
vacibliyini xüsusi qeyd etmişdir. Son 2 ildə
dövlət başçısı tərəfindən
imzalanmış bir sıra fərman və sərəncamlar
mahiyyətcə iqtisadiyyatın elmi-innovativ əsaslarla
inkişafını stimullaşdırır. Azərbaycan
Prezidentinin 2016-cı il 6 dekabr tarixdə imzaladığı
"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları
üzrə strateji yol xəritələrinin təsdiq edilməsi
haqqında" fərman ölkədə enerji
resurslarından asılı olmayan dayanıqlı inkişaf
modelinin formalaşdırılması baxımından vacib əhəmiyyətə
malikdir. Sənəddə bir sıra sahələrlə
yanaşı, elmin, insan kapitalının inkişafına da
xüsusi diqqət çəkilmiş və qarşıda
duran vəzifələr göstərilmişdir.
Sənəddə
haqlı olaraq qeyd edilir ki, insan kapitalı əmək məhsuldarlığının
artırılmasında, dayanıqlı iqtisadi artımda,
istehsal və xidmət sektorlarının rəqabət qabiliyyətinin
yüksəldilməsində, ölkənin qlobal bazarlara
inteqrasiyasında həlledici rol oynayır: "Bunu əsas
tutaraq, Azərbaycanda iqtisadiyyatın transformasiyası istiqamətində
həyata keçiriləcək islahatların ayrılmaz tərkib
hissəsi kimi, insan kapitalının inkişafında fasiləsizliyin
təmin edilməsi, əmək məhsuldarlığının
yüksəldilməsi və biliyin iqtisadi inkişafda rolunun
artırılması ilə bağlı tədbirlər hərtərəfli
dəstəklənəcəkdir. Bu, iki səviyyədə təmin
ediləcəkdir:
1) insan kapitalının formalaşması və
inkişafı üçün təhsilin bütün pillələrində
keyfiyyətin yüksəldilməsi;
2) əmək məhsuldarlığının
yüksəldilməsini təmin etmək üçün
insan kapitalının fasiləsiz inkişafının təmin
edilməsi".
İnkişaf etmiş ölkələrdə milli sərvətin
böyük hissəsini insan kapitalı təşkil edir və
iqtisadi artımda intellektual əmək üstün çəkiyə
malikdir. Ötən illər ərzində insan
kapitalının inkişafı ilə bağlı tədbirlər
müəyyən edilərək icra olunmuş və
hazırda icra olunan bir sıra strategiya, dövlət
proqramları və konsepsiyalarda da öz əksini
tapmışdır. "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı", "Azərbaycan
Respublikasında 2009 - 2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiyası"nda və "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda elm və təhsilin inkişafı
prioritet məsələlər kimi önə çəkilmişdir. Azərbaycan Milli Elmlər
Akademiyası Yüksək Texnologiyalar Parkı Prezident
İlham Əliyevin 8 noyabr 2016-cı il
tarixli sərəncamı ilə yaradılıb. Şübhəsiz, bu və digər tədbirlərin,
sosial layihələrin uğurla
reallaşdırılmasında Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın xidmətləri də
xüsusi vurğulanmalıdır.
Prezident
İlham Əliyevin 21 fevral 2017-ci il tarixli
sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın
birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi, bu
mənada, cəmiyyətin sosial sifarişinə əsaslanan
tarixi qərar kimi qarşılanmışdır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi
kimi təsis edilmiş bu vəzifəyə çoxşaxəli
fəaliyyəti ilə milyonların sevgisini qazanmış
layiqli bir şəxsiyyətin təyin olunması Azərbaycanın
müasir dövlət idarəetməsi sistemində keyfiyyətcə
yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.
Sonda xüsusi vurğulamaq istərdik ki, Prezident İlham
Əliyevin son 15 illik fəaliyyətinin ən böyük
uğurlarından biri də ölkədə milli ideyanın
formalaşmasıdır. Bu gün ölkədə həyata
keçirilən siyasətin başlıca məqsədi
modernləşmə mərhələsini də sürətlə
başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr
səviyyəsində yüksəltmək, demokratik
idealların cəmiyyətdə tam möhkəmlənməsinə
nail olmaq, yeni düşüncəli vətəndaş
yetişdirməkdir. Yeni dövrün milli
ideallarına çevrilən bu məqsədlərin
reallığa adekvatlığı isə qətiyyən
şübhə doğurmur. Çünki
bu gün Azərbaycana hər addımda ölkəni
inkişaf etdirməyə, müasirləşdirməyə
çalışan, yeni dünya nizamının tələblərinə
cavab verən siyasət yürüdən müasir menecment təfəkkürlü
və qətiyyətli lider rəhbərlik edir.
Xalqımız ölkədəki siyasi qüvvələr
arasında azad və tərəddüdsüz, həm də
doğru seçim edəcək qədər yetkin və
müdrikdir. Bu müdrik seçim həm də obyektiv
reallığa, ölkənin son 25 ildə keçdiyi tarixi
inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan
vətəndaşının bugünkü yaşam tərzinə
əsaslanır. Azərbaycan
seçicisinin dəyişməz seçimini bu gün həm
də dövlətin və xalqın maraqları şərtləndirir.
Əminik ki, əvvəlki seçkilərdə
olduğu kimi, bu dəfə də vətəndaşlarımız
Azərbaycanı davamlı yüksəlişə aparan,
ölkənin qlobal uğurlarına yol açan,
insanlarımızın həyat tərzində kardinal dəyişikliklərə
səbəb olan alternativsiz siyasi kursun qələbəsinə
səs verəcəklər.
525-ci qəzet 2018.- 5 aprel.- S.4.