Namiq Atabəyli: 60 yaşın odisseyası

 

4 POEMA, 3 KLASSİK DİVAN, BİR POETİKA VƏ BİR TARİXİ ROMAN MÜƏLLİFİ OLARAQ, ÖMRÜNÜN ZİRVƏSİNƏ UCALMIŞ AZAD YAZIÇI KİMİ...

 

Nizami CƏFƏROV

 

Namiq Atabəyli ilə biz tələbəlik yoldaşıyıq. Onun öz 60 yaşının əlamətdarlığı üçün yenicə nəşr etdirdiyi "Şirvanşah Böyük Axsitan" tarixi romanı haqqında ilk Sözü deməyi məndən gözləməsinin səbəbi özlüyündə aydındır.

 

Amma etiraf edim ki, həqiqətən, ilk gənclik çağından nə yazdığı və necə yazdığına,  oxuduğu və necə oxuduğuna bir canlı şahid kimi, demək istəyirəm ki, onun faktla və tarixlə ünsiyyəti həmişə heyrətamiz olub. Bunun da əsas səbəbi genetik xarakterlidir. Çünki Namiq mənim çox yaxından tanıdığım peşəkar jurnalist Rəşid əminin oğludur. Tam əminəm ki, Namiq Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirməsə idi belə, yenə də bu uğurlu və kardinal bədii yaradıcılıq yolunu keçib gələ bilərdi...

Namiq bütün ömrü boyu radikal ziyalı olub. Həmişə nə etmək istəyibsə, onun ilk pioneri olmaq istəyib. Tələbəlik illərində azad şeirin poetikası ilə məşğul idi. Respublika tələbələrinin VIII Elmi konfransında Qızıl medala layiq görülmüşdü.  Həmin elmi nailiyyətinin üzərinə O, bir də 35 ildən sonra qayıdaraq, ötən il öz ilk tədqiqatını "Azad şeir və onun poetikası" adı altında nəşr etdirmişdir. Sərbəst şeir sahəsində elmi-filoloji və bədii yaradıcılığın zirvəsində ikən, o, birdən-birə klassik şeir yaradıcılığına baş vurardı. İki ilin içərisində (2014-2015-ci illər) bir-birinin ardınca üç Qəzəllər divanını nəşr etdirdi.

 

Namiqin publisistikası da radikallığı ilə məşhurdur. Ötən əsrin 90-cı illərindən 2000-ci illərin ilk on illiyinə kimi  "Namiq Fərəc Sığırlı" imzası ilə yazılmış siyasi publisistik yaradıcılığın əsas yekunu  "Azadlığın qədri" kitabıdır. Bu kitab İkinci hakimiyyət dönəmində Ulu Öndərin həyat və fəaliyyətini pozitiv əks etdirən ilk kitabdır. Və bu gün "Heydər Əliyev. E-sənədlər toplusu" da 3-cü sırada yer almışdır. Orada kiril əlifbasında nəşri olan yeganə latın qrafikasından qabaqkı tək sənəddir.

 

Tələbə yoldaşımın poema janrında qələmə aldığı 4 poemadan - "Eol arfası" (1978), "Şahid" (2010),  "Ana ürəyi" (2013), "Müəllim"-dən (2016) sonra, realist roman yaradıcılığına qədəm qoyması da onun yaradıcılığının  məhz  radikal xarakterindən irəli gəlir.  Namiq birdən-birə trilogiaya yazmağa başladı... "Şirvanşahlar" adlı bu trilogiyanın ilk kitabı "Şirvanşah Böyük Axsitan" tarixi romanıdır.

 

N.Atabəylinin yaradıcılığı, əslində, uzunluq dairəsi 69*40, en dairəsi 37*40  olan milli bir iqlimin coğrafiyasına sığmayan "laməkan" (-Nəsimiyanə) bir alın yazısıdır... Onun koordinatları müxtəlif millətli və dinli (və ya dinsiz) XXI əsr oxucusunun virtual mədəniyyəti, coğrafi sərhəd tanımayan ümumbəşəriliyi, tolerantlığı, vizantizmi və İslami intibahçılığı,  Əsli-Kərəm könlünün merdiyanları içindədir. 500 il bundan əvvəl süqut etmiş həmin diyarın adı  bu gün öz şahanəliyi ilə əfsanəyə  çevrilmiş tarixi ŞİRVANŞAHLAR DÖVLƏTİdir!..

 

"Şirvanşahlar"  tarixi trilogiyasının birinci kitabı  1192-ci ildə Bakı şəhərini ilk dəfə paytaxt elan etmiş müsəlman padşah Şirvanşah Böyük Axsitan haqqındadır. Allahın con rəsulu Məhəmmədin (s.a.s.) ulu babalarından Mudarın qardaşı Rabiə bin Nizar,  Rabiə qəbiləsinin başçısı olaraq,  Şirvanşahların ulu babası sayılır. Trilogiyanın  "Şirvanşah Böyük Axsitan" hissəsini və nəzərdə tutulmuş "Şirvanşah Şeyx İbrahim Dərbəndi" və "Son Şirvanşah Şahruh Dərbəndi" adlı digər iki kitabını məhz bu müqəddəs nəsil şəcərəsi  vahid ana xətt kimi birləşdirir.

 

861-ci ildə (yəni Rusiya dövlətinin yaranışından bir il əvvəl) Allahın son Rəsulunun (s.a.s.) əmi nəsli olan Rabiyə tayfasından çıxmış görkəmli İslam sərkərdəsi Heysam ibn Xalid ilkin tarixi "şirvanşahlar" titulunu öz üzərinə götürərək, yenidən Şirvanşahlar dövlətinin İstiqlaliyyətini elan etdi. Və bu dövlət 1538-ci ilədək  677 il (səkkiz əsr) ayaqda duraraq yaşadı. Əhli-sünnət Şirvanşahlar İslam dövlətinin 42 nəfərlik (bəzi mənbələrdə 43 nəfər göstərilir.-N.C.) padşahından 20-cisi sayılan XX Şirvanşah I Axsitan 36 il taxtda oturmuşdur. O, tarixi romanın Baş qəhrəmanı olaraq, təsadüfən seçilməmişdir!.. Şirvan xaqanının anası şahbanu  Tamar Baqrationi  gürcü çarı IV Davidin qızı idi. Tamar xanım ərinin vəfatından sonra həyatının sonunadək  indiki Cənubi Osetiyada yerləşən  Tiqva qadın monastrında  xristian-provaslav rahibə kimi  İsa Məsihə ibadətlə məşğul olmuşdur...

 

Fərqli etnik mənsubiyyət, habelə xristian-provaslav və müsəlmanlıq kimi müxtəlif dini  inanclar daşımış şahbanu ana və padşah oğulun faciəvi taleyi, habelə müharibə: Cihad və Səlib yürüşləri, dostluq, dərin eşq iztirabları, ehtiras, etibar və sədaqətin birləşdiyi kəskin tarixi hadisələr və süjet xətti üzərində qurulmuş bu romana hümanist oxucunun biganə yanaşacağı mümkünsüzdür...

 

Müəllif özünün Son Sözündə "Şirvanşah Böyük Axsitan" romanını şərh edərək yazır:

 

"Bu əsər Ön Asiya, Rusiya və Qafqaz xalqlarının tarixi dostluq və qardaşlıq əlaqələrinin bədii ifadəsidir. Biz keçmişdən dərs götürərək, həm də gələcəyin  dürüst yollarını müəyyənləşdirə bilərik. Trilogiya Gürcüstan, o cümlədən, Abxaziya, Osetiya, Atabək Yurdu (Sa-Atabaqo qıpçaq xristian Atabəkiyə Dövləti: 1268-1578), Bizans (indiki Yunanıstan və Türkiyə), Dərbənd (indiki Rusiya Federasiyasının ən qədim şəhəri) və Şirvan (indiki Azərbaycan Respublikası) arasında geosiyasi birliyin qədim tarixi köklərini və perspektivlərini üzə çıxarmaq üçün qələmə alınmışdır".

 

N.Atabəyli postmodernizm ilə ənənəvi realist romanın yaradıcılıq prinsiplərini birləşdirməyə çalışmışdır. Əsərdə süjet və fabula daxili konflikt və əks qütbləşmə, müxtəlif güc sistemləri (baş, qarşı, birləşdirici, itici və s.), personatura, əsasən, qorunub saxlanılmışdır. Lakin elmi-tarixi və faktoloji prinsiplər baxımdan, əsər postmodern ədəbi metoduna söykənir. Yazıçı realist roman üslubuna da çox sadiq qalaraq, sözün hadisəsini (macərasını) deyil,  hadisənin sözünü qələmə almış, müəllif mövqeyini son iki əsrdə dünyada geniş yayılmış bir yazının (və ya mətnin) macərasına çevrilmək mərəzindən qoruya bilmişdir. Bu roman yeni minilliyin Oxucu elektoratına ünvanlanmış bədii bir xitabdır. Diqqəti süjet, fabula, fəsil dəyişiklikləri deyil, qəhrəmanlardakı mənəvi dəyişikliklər daha çox cəlb edir. Romanda XII əsrin bir çox ünlü tarixi simaları- Gürcüstan çarı III Georgi və onun qızı çariça Tamara, Bizans impetatoru Manuel Komnenos və vəliəhdi (-son qeyri-latın imperator) Andron Komnenos, Abxaz çaçbaları-Şirvanşahidzelər (-Şervaşidzelər), Dərbənd əmirləri, Azərbaycan Atabəyi Şəmsəddin Eldəniz, şair İbrahim  Əli oğlu Xaqani Şirvani və başqalarının bədii obrazları yaradılmışdır.

 

Romanın əsas qadın qəhrəmanlarından biri şirvanşah Axsitanın anası Tamar  David qızı Baqrationidir:  öncə şahbanu, sonradan monastr rahibəsi olan bu xanımın keşməkeşli həyat sərgüzəşti romanın əsas süjet xətlərindən birini təşkil edir. Bütün ziddiyyətli dünyagörüşlərinə baxmayaraq, nəhayət, taleyilə barışaraq, ruhən müsəlman oğlu ilə birləşən bu ANA əsrlərin sınağından çıxmış gürcü-azəri Dostluq və Qardaşlığını simvolizə edir.

 

Şirvanşah III Mənuçöhrün bacısı, I Axsitanın bibisi olmuş İsmətəddin Əfiridun qızı Şirvaninin simasında XII əsr intibahının ziyalı müsəlman qadını təsvir edilmişdir. O, Məlhəm Universitetinin rektoru, diplomat və hərbi qadın sərkərdə kimi ədəbiyyatımıza gətirilmiş ilk intibah qadınıdır.

 

Bu gün qardaş Abxaziyada minlərcə ünlü isim vardır ki, özlərini knyaz nəsli kimi Şirvanşah III Mənuçöhrün varisləri hesab edirlər. Şirvaşidze (Şirvanşah-idze) olaraq, özünü Şirvanşah oğulları adlandıran bu ünlü nəsilin ilk dəfə öz ata yurdunda yazılmış bu romanda fəal qəhrəmanlar sırasında görünməsi də,  məncə,  bu əsərə oxucu marağını daha da artıracaqdır.

 

Gürcü çarlığının əsarətinə qarşı ilk istiqlal savaşı açmış abxaz Dad əd-Din  Şirvanşah-idze (Dardın Şervaşidze) Çaçbanın 1210-1243-cü illəri əhatə edən müstəqil Abxaziya knyazlığı bu gün damarlarında şirvanlı qanı daşıyan hər bir kəs üçün milli qürur mənbəyidir. Çünki istiqlalçılıq və Şirvanlılıq ayrılmazdır. Müəllif tarixə yamaq salmadan tərəfsiz mövqeyi ilə azadlıqsevər bütün Qafqaz xalqlarının ümumi ortaq xarakter cizgilərini qabarıq şəkildə oxucuya təqdim etməyə çalışmışdır.

 

Şirvanşah-idzelərdən knyaz G.Şervaşidze 1899-cu ildə Rusiya çarının anası imperatiriça Mariya Fyodorovna tərəfindən Sarayın ober-qofmeysteri vəzifəsinə irəli çəkilmiş, çar hakimiyyətinin sonlarında  isə imperiatriçanın əri olmuşdur. Georgi Şervaşidze Rusiya çar imperiyası dağılarkən, tacdan məhrum edilmiş  II Nikolayın anası imperatiriça Mariya Fedorovna ilə birgə öz oğlu Dmitri Şervaşidzenin uğursuz da olsa, Rusiya imperiyasının  taxtına çıxarılmasına cəhd etmişdir... Bu cəhdin özü Rusiya çarlığının timsalında Avrasiyanın şahlıq qürurunun qorunması üçün Şirvanşah-idzelərin  son şahanə  ŞİRVANLILIQ  jesti  idi.

 

Romanda baş qəhrəman, heç şübhəsiz,  XX Şirvanşah I Axsitandır (1160-1196). Axsitanın gəncliyi  Azərbaycan Atəbəylər Ordusunda sərt hərbi nizam şəraitində keçmişdir. Onun vəliəhdliyinə qəsd etməyə çalışan  gürcü anasının çevriliş cəhdinin  qarşısı da məhz Azərbaycan Dövlətinin dahi rəhbəri Şəmsəddin Atabəy Eldəniz tərəfindən alınmışdır. Şirvandan və müsəlman övladlarından üz döndərmiş bir ananın Monastra dönərək öz Şirvanşah oğluna qarşı Səlib yürüşçüləri ilə birgə amansız mübarizə aparması, əlbəttə, ən dəhşətli qarşıdurmalardan biridir. Lakin öz oğlunu öldürmək məqamında Tamar Baqrationinin ana əlləri kinlə dolu intiqamçı  qəlbinin səsinə uymur. Romandakı dərin psixoloji səhnələrdən birində müəllif həmin həqiqəti belə təsvir edir: "Rahibə özünü itirərək, xəncəri əlindən yerə saldı. O, həzrəti  İsaya əyilirmiş kimi indicə öldürməyə çalışdığı oğlunun sinəsi üstünə öz başını qoydu və  həzin bir səslə göz yaşları tökərək ağlamağa başladı.

 

- Aqsartanım! Cəngavər oğlum... Mən səni dünyanın padşahı etmək istəyirdim. Sən mənə qarşı çıxdın... Baban Davidin Xaçlı Bayrağını daşımadın..  Mən səni həm xristianların, həm də müsəlmanların çarı edəcəkdim, ay oğul. Səni bir imperator edəcəkdim, ay oğul! Ömrüm boyu bunu düşündüm.. Sən mənim bütün arzularımı gözümdə qoydun, Aqsartan?..

 

Rahibə ağı deyə-deyə oğlunun qılınc yaraları ilə dolu köksünü açıb qucaqladı. O, indi göz yaşlarını öz oğlunun salamat bir hissəsi olmayan bədəni üstünə tökərək ağlayırdı. Acı-acı, yanıq-yanıq, həzin bir fəryad içində ağlayırdı...

 

- Sən elə bilirsən qədrini şirvanlılar biləcəklər? Yox, oğlum, mənim kimi sadəlövh olma... Mən ki Şirvanşahların 40 illik məleykəsi idim. Aclarını, yalqızlarını, binəsiblərini doyumuşdum. Hamıya, hər kəsə əl tutmuşdum. Amma sən məni ölkədən çıxaranda, onların hamısı ardımca baxıb gülürdü, oğul. Sənin də qədrini bilməyəcəklər. Vallah-billah bilməyəcəklər. Şirvanlıların yolunda öz cavan canını qılınclara, nizələrə, oxlara nahaq sipər etmisən, mənim balam. Çox nahaq, yaxşılıq  nə olduğunu bilən bir müsəlman tanımıram. Bir səndən başqa!.. Çünki sən onlardan deyilsən, mənim balam. Sən David nəslisən... Sən mənim oğlumsan, Aqsartan!.. Onlar unudacaqlar səni... Sən ölən günü unudacaqlar... Taxtından düşdüyün günü sənə anan məsihi olub deyəcəklər, qanın qarışıq olub deyəcəklər, axmaq deyəcəklər...  Sənə ərəb deyəcəklər, kəsrani deyəcəklər, oğul... Hər şey deyəcəklər sənə... Bir  Haqqını belə, dilə gətirən olmayacaq. Bu tökülən qanlarını, Vətəninin uğrunda apardığın davalarını heç bir şirvanlı yad etməyəcək, oğul. Bu dünya bir qarın dünyasıdır. Kimin qabağına yal atılırsa, o da sahibi üçün hürür. Bunlara kim yal verəcəksə, sabah it kimi yalnız onun üçün hürəcəklər. Sən öldünsə, oğul, haqqın da öldü demək. Bəlkə, heç məzarını da saxlamadılar... Şirvan üçün, İslamiyyət üçün bu qılınclar qabağına qoyduğun cavan canını, sədaqətlə qoruduğun cahangir ismini yada salmayacaqlar, ay oğul. Aqsartanım, aslan oğlum mənim... Sən mənim oğlumsan... Mənim oğlumsan... Sənə ağlayan da mənim ürəyimdi, səni ağrıdan da... Dur, bir kərə, bir kərə mənə "ana" de. Öldürmə məni, oğul... Mən onsuz da ölmüşəm!.."

 

Mən hesab edirəm ki, Azərbaycan tarixinin şanlı hökmdarları  Xalqımız tərəfindən heç vaxt unudulmayıb və unudulmayacaqdır... Romanda öz övladlarını dini təəssübkeşliyə qurban vermiş dönük bir "Ananın" səsləndirdiyi bu ittihamlar onun özünə haqq qazandırmaq cəhdindən başqa bir şey deyildir. Rahibə Tamar Baqrationinin öz kiçik oğlu vəliəhd Şahənşah tərəfindən öldürülməsi ilahi bir cəza kimi rəmzi məna daşıyır: "Nəhayət, səbri daşmış vəliəhd əlindəki soyuq silahın  dəri örtüyünü çıxardı və  arxadan xəncəri onun özü üçün dualar söyləyən rahibə anasının ürəyinin başına endirdi...

 

"Ah, öldüm...  Allahım keç oğlumun günahından..." - Rahibə Tamar zorla çevrilib, oğlunun qucağına yıxıldı. - Nə üçün, axı, ay oğul?.. - dedi.  O, ömrünün bu son faciəvi anlarında belə dodaqlarını uzadıb, Şahənşahı öpməyə çalışdı... Amma can verən rahibədə bunu edə biləcək bir güc yox idi. Artıq tənhalıq və səhvlərlə dolu bu faciəvi həyat onu tərk edib getməkdə idi...

 

Ana son anda yalnız iki dəfə "Aqsartan" deyə bildi və bu dünyanı əbədi olaraq tərk etdi.  İsti qan onun ağzından fışqırıb, monastrın parlayan mərmər döşəməsi üstünə töküldü.

 

Şahənşah yalnız indi, anasının cansız bədənini divana qoymaq istərkən, onun üçün bəzədilmiş süfrədəki Qızıl gülləri gördü. Bir anda uşaqkən Şamaxıda Sarayın həyətində susəpənlə Qızıl gül kollarını sulayan anası Tamarı yadına saldı. Sinəsini bürüyən göynərtini boğaraq, ağzından qan açılmış anasına baxıb durdu. Ananın nəmli gözlərində həyat ifadəsi olmasa da, həsrət və həyəcan dolu bir sükut donub durmuşdu. Bu, 14 illik bir ayrılığın donub buza dönmüş göz yaşları idi...

 

...Sonra müsəlman vəliəhd provaslav anasının dilsiz nəşini qucaqlayaraq, asta, lap asta bir səslə onunla canlı kimi danışmağa başladı:

 

- Axı, niyə bizi atdın, ana?.. Bu quru daş divarlarda balalarını əvəz edəcək nə vardı ki?.. Allah dediyin burdan çox-çox yuxarılardadı... Tanrı torpağa əyilməz. Onun yerdə baş verənlərə qarışmaq həvəsi yoxdu. Bax, o, bizi görmür, ana!.. Əgər görsəydi, bu halımıza onun da ürəyi tab gətirə bilməzdi. Allah dediyin səni bizdən, bizi səndən ayırmazdı... Bu divarlar daşdan-torpaqdan başqa bir şey deyil, mənim anam. Monastrlar, məscidlər insan əllərilə tikilib, insan əlləri ilə də dağıdılır... Hanı Tanrı dediyin burda, ana?! Bu ürəyi, qəlbi ki bizə Allah verib, bəs nədir bu dünyadakı kinlər, küdurətlər?.. Sən niyə bizim ürəklərimizi dağıtdın, ana... Niyə övladını siyasətə alət etdin? Altı-yeddi yaşında bir uşağın min illərin Şirvanşahlığının tacını başına qoyması hardan sənin ağlına gəldi? Hansı şərəfsiz xaxam, keşiş, katolikos, patriarx səni bu yola saldı,  anacan?.. Yox, səni mən öldürmədim. Sən məni öldürdün, ana. Məni sən qatil etdin. Sən, sən... Tək məni öldürmədin. Sən Axsitanla bizim doğmalığımızı, qardaşlığımızı da öldürdün. Sən özün bütün balalarını öldürdün, ana. Hanı sənin Alçiçəyim?.. Hanı Fəribürzün, Fərruxzadın, Əfiridunun?  Bizə tacmı lazım idi, ana? Yox, yox... Bizə-Alçiçəyə, Şahənşaha  yalnız ana lazım idi. Ana! Mənə Axsitanın qardaşlığı lazım idi, tacı yox... İndi de özün: hansımız daha çox qatilik, ana?.. Danış, cavab ver, susma!.. O qanlı tacı Aqsartan oğlun indi mənə verib, ana. Mənə tac yox, sən lazım idin! Yalnız sən lazım idin, ana!.. Aç gözlərini. Bu mənəm: Şahənşahın sənin! Qucaqla, öp məni, ana!.. Məgər ana da öz oğlunu beləmi qarşılayar? Qalx ayağa, ana. Mən sənin üçün gəlmişəm... Dur, bir stəkan çay gətir mənə... Axı, sənin üçün çox uzaq yol gəlmişəm, ana... Görürsən, nə qədər yorulmuşam... Acmışam, ana!..

 

Rahibə Tamarın qanı axıb qurtarmış olsa da, gözləri hələ də açıq şəkildə durub, sanki oğluna zillənmişdi. Şahənşah əlləri əsə-əsə anasının gözlərini qapadı..."

 

Azərbaycan ədəbiyyatında tarixi roman yaradıcılığı sahəsində təcrübə az deyil. Lakin N.Atabəyli ilk dəfə ədəbiyyatımıza uzun əsrlər kölgədə qalmış Şirvanşahların tarixi-bədii obrazını gətirməklə, bəlkə də, inqilabi bir addım atmışdır. Bunun üçün o, XII əsrə aid geniş elmi və bədii materialları nəzərdən keçirərək, qəhrəmanların dialoq və düşüncələrinə tarixi və yerli-coğrafi kolorit vermiş, klassik Şirvan poeziyasının bədii üslubiyyətini qoruyub saxlamağa nail olmuşdur. Romandakı kəskin dəniz və quru döyüş səhnələri, diplomatik mücadilələr, psixoloji həyəcanlarla bərabər, diqqəti tez-tez özünə çəkən poetik  parçaların təqdimi də oxucunu  qədim Şirvanın unudulmuş idillik dünyasına aparır, onu Yeni Şirvanlılıq mənəvi materikinə gətirib çıxarır. Uzaq epoxanın sosial problemlərinin canlı obrazlarda təcəssüm etdirilməsi çağdaşlığın qarşılaşdığı bir çox məsələlərin də dərindən anlaşılmasında bizə böyük yardımçı ola bilər. Əlbəttə, tarixə hər nəslin, hətta hər bir ayrıca sənətkarın öz yanaşma tərzi vardır. Məncə, "Şirvanşahlar" trilogiyasının ilk kitabı kimi "Şirvanşah Böyük Axsitan" əsəri N.Atabəylinin tarixi romançılıqda sənətkar mövqeyinin ilk ifadəsi sayıla bilər. Və o, 552 səhifədə  özünün  XII əsrə aid düşüncələrini kifayət qədər aydın ifadə edə bilmişdir. Bundan müasir oxucunun özünə nə götürəcəyi artıq onun özündən asılıdır.

 

Qeyd edim ki, bu roman tolerantlığa və multikultuaral dəyərlərə çağırış romanıdır.  Bir neçə ildir ki, məşhur  Kanada alimi Con Endrü Morrou (İlyas Əbd-əl-İslam) böyük fədakarlıq edərək, Allahın rəsuluna (s.a.s.) aid xristian və müsəlman xalqlarının ilahi müttəfiqliyini əks etdirən 6 mühüm müqəddəs sənədi aşkara çıxarıb  ictimailəşdirmişdir. Çox qısa bir vaxt ərzində Avrasiya ölkələrinin əksəriyyətində, o cümlədən, Rusiya və Azərbaycanda  bu sənədlərin tərcümə və nəşri həyata keçirilmişdir.

 

İslamın Tanrı elçisinin (s.a.s.) bəşəriyyətə təqdim etdiyi  tarixi və ilahi sənədlər onun öz imzası, möhürü və şahidləri ilə təsdiqlənmişdir. Bu Sənədlərdən biri 1517-ci ildə Osmanlı sultanı I Səlim tərəfindən Sinay monastrı rahiblərindən 4000 qızıl sikkəyə satın alınmışdır. Həmin sənəd 620-ci ildə Tanrı elçisi Məhəmmədin (s.a.s.) Sinay monastrı rahiblərinə verdiyi vədlərdən ibarətdir. Burada Xristian və Müsəlman xalqlarının "həqiqətin düşmənlərinə qarşı mübarizədə" ilahi müttəfiqliyi öz əksini tapmışdır.

 

III Minilliyin ikinci  on illiyində qələmə alınmış "Şirvanşah Böyük Axsitan" tarixi romanı tolerant-multikultural mədəni dəyərlərə əsaslanan bədii əsər olmaqla bərabər, eyni zamanda,  xristian bir ananın (Tamar Baqrationinin) və müsəlman oğulun (XX Şirvanşah I Axsitanın) taleyi fonunda  bütün bəşəriyyəti İlahi müttəfiqlik naminə MÜQƏDDƏS TƏŞƏBBÜS-ə bir çağırışdır.

 

P.S: Dostum Namiq Atabəyli! Sizi aprelin 4-də tamamlanan 60 yaşınız münasibətilə ürəkdən təbrik edirəm. Məncə, bu yaşda bir yazıçı üçün ən böyük mükafat Oxucunun rəğbətidir. İnanıram ki, Siz bu rəğbəti artıq çoxdan qazanmışsınız. Məna və mübarizə ilə dolu həyatınızda Sizə yeni-yeni uğurlar arzulayıram.

 

525-ci qəzet  2018.- 5 aprel.- S.8.