Elçin Əzizov beynəlxalq opera festivalında uğurla
çıxış etdi
Fransanın Lion şəhərində italiyalı
bəstəkar Cüzeppe
Verdinin şərəfinə
Opera Festivalı keçirilir.
Festivalda
Verdinin "Atilla",
"Makbet" və
"Don Karlos" kimi
ən məşhur operalarının müasir
versiyaları təqdim
edilib.
Azərbaycan baritonu, Əməkdar
artist, Rusiya Dövlət
Akademik Böyük Teatrının ilk azərbaycanlı
solisti Elçin Əzizov həmişə
olduğu kimi, operasevərlərin, eləcə
də avropalı jurnalistlərin diqqətini
cəlb edib. Avropanın bir
çox mətbuatında
Elçin Əzizovun
nadir səs tembri xüsusi vurğulanıb.
Hər üç operanın səhnə dekorasiyaları,
musiqiləri, ifaçıları
haqqında müfəssəl
məlumat verilən və onların məziyyətlərinə toxunulan
yazılarda avropalı
jurnalistlər həmişəki
kimi sonda "amma..."nı
unutmayıblar. Yeganə azərbaycanlı
baritonun əsrarəngiz
ifası və nadir səs tembrinin yaratdığı möcüzədən
yazanda "amma..."
tapmayıblar.
"Makbet" operasında
Verdi baş rolu tenora deyil, baritona
verməklə mənfi
xarakterləri əsərin
qəhrəmanı edib,
əsərdə təkcə
eşq əhvalatını
deyil, ehtiras, vicdan narahatlığı
kimi mövzuları önə çəkib. Festival çərçivəsində bariton Elçin Əzizov məhz çox çətin hesab edilən Makbet rolunu oynayıb.
Avropanın portalları Elçin Əzizovun zəngin, təmiz və isti tembri ilə
Makbetə lirizm xüsusiyyəti verməsindən
yazıblar.
Dünyanın müxtəlif ölkələrindən
gələn operasevərlər
bariton üçün
ən çətin rollardan biri hesab edilən "Makbet" tamaşasını
bariton Elçin Əzizovun ifasında yüksək qiymətləndiriblər.
"Lion Operasından məni çox dəvət edirdilər, ancaq Moskvada iş cədvəlim sıx olduğu üçün
qəbul edə bilmirdim. Bu dəfə
Verdinin "Makbet"
operasının olacağını
eşidən kimi qəbul etdim. Cüzeppe
Verdi yüksək dəyərləndirdiyim
bəstəkarlardandır və
xüsusilə də
"Makbet" operasını
çox sevirəm.
Verdi festivalına hazırlıqla bağlı
fevral ayının əvvəlindən Liondayam.
Dünyanın tanınmış müxtəlif opera ifaçıları
dəvət olunub.
Bu müddət ərzində məşqlər
edirdik. Məşqlər çətin idi,
çünki Makbet rolu ağırdı, üstəlik, vokal üzərində işləmək
və italyan dilində ifa etmək lazım idi. Bu baxımdan
gərgin işləmək
lazım olduğunu bilirdim. Bununla belə, qəbul
etdim. Festival müddətində "Makbet"
7 dəfə təqdim
olunacaq. Son tamaşamız aprelin 16-da
olacaq. Mənim üçün əsl mükafat tamaşaçıların alqışları
və məni sevmələridir", - deyə
Elçin Əzizov bildirib.
XƏDİCƏ
525-ci qəzet 2018.- 5 aprel.- S.8.