Milli mətbuatımızın
"Molla Nəsrəddin" zirvəsi
143
illik yol gələn milli mətbuatımızın
inkişafında "Molla Nəsrəddin" jurnalı
özünəməxsus xidmətləri ilə mühüm
yer tutur.
Mübaliğəsiz
demək olar ki, "Molla Nəsrəddin" jurnalı
publisistik püxtəliyi, jurnalistika peşəkarlığı,
müxbirlik məharəti, janr müxtəlifliyi, milli
ideyalılığı, xalqa bağlılığı, xalq
yaradıcılığı ənənələrinə sədaqəti,
ana dilinə məhəbbəti və dilinin sadəliyi, eləcə
də müasirliyi və bəşəri dəyərlərə
hörməti ilə səciyyələnirdi. Mübarizə
amalını "xalqın xoşbəxtliyi yoluna" həsr
edən bu jurnal ilk nömrəsindən başlamış son
nömrəsinə qədər 25 il ərzində "vətən,
millət, dil" ideyasına xidmət göstərmişdir.
"Sizi
deyib gəlmişəm" baş proqramı ilə
xalqına və vətəninə məhəbbətdən
yoğrulmuş jurnalın ətrafında çoxsaylı
ziyalı və ədiblər toplaşaraq "Molla Nəsrəddin"
adlı bir məktəbi də formalaşdırmış
oldular. "Molla Nəsrəddin" özünün satirik
ruhu, şirin yumoru, sadə dili və xalqın xoşbəxtliyinə
əsaslanan meyarı ilə milli yaradıcılıq ənənələrini
yeni əsrdə bir qədər də inkişaf etdirmiş və
zənginləşdirmiş oldu. Məhz onun xidmətləri
sayəsində milli mətbuatımızda azərbaycançılıq
düşüncəli kütləvi oxunaqlılığa
malik yığcam publisistik janr nümunələri geniş
meydan tapdı. Dövrünün görkəmli fikir adamı,
söz və fikir zadəganı kimi geniş şöhrətə
malik böyük ideoloq, məşhur
"Füyuzat" jurnalının redaktoru Əli bəy
Hüseynzadənin "Yaxşı yazırsınız... Belə
də yazmaq olarmış" fikirləri də bu jurnalın
milli mətbuat və jurnalistika tariximizdə tutduğu əhəmiyyətli
yeri və oynadığı misilsiz xidmətləri etiraf edən
mühüm faktdır. Bu
baxımdan xalq yolunda xidmətləri misilsiz olan böyük
ictimai xadim və görkəmli ədib Cəlil Məmmədquluzadə
həm də milli mətbuatımızın inkişafı və
intişarında mühüm xidmətləri ilə yadda
qalmışdır. Bu mənada bənzərsiz yumoristik, rəngli
və şəkilli jurnal olan "Molla Nəsrəddin"
jurnalı "Dünyada sözdən böyük yadigar
yoxdur" deyən böyük ustad Cəlil Məmmədquluzadənin
və onun yoldaşları olan mollanəsrəddinçi ədiblərin
məhəbbətlə sevdikləri Azərbaycan xalqına və
onun gələcəyinə miras qoyduqları ən
böyük yadigar oldu. Görkəmli elm adamı,
böyük mirzəcəlilşünas alim, akademik İsa Həbibbəylinin
də yazdığı kimi: "Şərq aləminə ilk
satira günəşi ilk dəfə "Molla Nəsrəddin"dən
doğmuşdur. Məhkum Şərqin oyanışı,
dirçəlişi və istiqlalı uğrunda geniş,
sistemli və ardıcıl mübarizə "Molla Nəsrəddin"
dərgisi ilə başlamışdır. "Molla Nəsrəddin"
dərgisi Azərbaycanda və türk-müsəlman
dünyasında milli azadlıq və müstəqillik
uğrunda mübarizənin ədəbiyyatda və mətbuatdakı
sərkərdəsidir".
Böyük
alim və publisist Məhəmməd ağa Şahtaxtlının
"Şərqi-Rus" qəzetindən başlanan
"jurnalistika məşqindən" sonra qəlbi xalqına
xidmət amalı ilə döyünən dahi söz adamı
Cəlil Məmmədquluzadə görkəmli ziyalı, əqidə
və məslək dostu Ömər Faiq Nemanzadə ilə birgə
dünyalarca məşhur olan "Molla Nəsrəddin" jurnalının
əsasını qoymuşdur. Mirzə Cəlil isə,
deyildiyi kimi, bu jurnalın, o cümlədən, mollanəsrəddinçi
ədiblərin ağsaqqalı, yolgöstərəni və
ideoloqu idi. Bu jurnalın xidmətlərindən biri də o idi
ki, ətrafında birləşdirdiyi milli ziyalı və ədiblər
kollektivindən Azərbaycan ictimai fikri və ədəbiyyatı
tarixinə Mirzə Ələkbər Sabir, Əbdürrəhim
bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir
Çəmənzəminli, Əliqulu Qəmküsar, Məmmədsəid
Ordubadi, Əli Nəzmi, Mirzə Əli Möcüz və
başqa görkəmli ədəbi simalar bəxş etmişdir.
Karikatura və şəkillərə üstünlük verən
"Molla Nəsrəddin" dərgisi həm də Azərbaycan
incəsənətində karikaturanın inkişafına
böyük imkanlar açmış, Azərbaycanda satirik
qrafika və karikatura sənətinin yaranmasına vasitə
olduğu kimi, Oskar Şmerlinq, İozef Rotter, Əzim
Əzimzadə, Seyidəli Behzad, İsmayıl Axundov,
Hüseyn Əliyev, Qəzənfər Xalıqov və
başqaları kimi karikatura ustalarının da yaranması və
meydana çıxmasına vəsilə olmuşdur. Xalqına
bağlı insanların vətənə xidmət vasitəsinə
çevrilən "Molla Nəsrəddin" jurnalı təkcə
Azərbaycanda deyil, maarif, nəşr və bir sıra ictimai
inkişaf baxımından bir çox xalqları qabaqlamaqla Azərbaycan
xalqının mübariz və vətənsevər
ziyalılarının əldə etdiyi böyük nailiyyəti
təzahür etdirirdi. Adından tutmuş üslubuna qədər
xalq yaradıcılığı ənənələrinə
dayanan "Molla Nəsrəddin" jurnalı bütün
Şərq aləmi və türk dünyasında ilk rəngli,
şəkilli, karikaturalı yeni mətbuat orqanı idi. Xalq lətifələrinə
dayanaraq yaranan felyetonlar da adı "Molla Nəsrəddin"
seçilən milli mətbuat orqanının "öz
üzərinə gülmək" üslubuna uyğun ədəbi
xidmət göstərirdi. Mollanəsrəddinşünasların
yazdığı kimi də, "teleqram, atalar sözləri,
poçt qutusu, bilməli xəbərlər" kimi məlum
anlayışlar bilavasitə jurnalın kəşfi olaraq mətbuatda
janr kimi yetkinləşmiş və jurnalın aparıcı
janrlarına çevrilmişdir. 1906-cı ilin aprel
ayının 7-də (yeni stillə 20-si) nəşr olunan
"Molla Nəsrəddin" jurnalı "Sizi deyib gəlmişəm,
ey mənim müsəlman qardaşlarım!" müraciəti
ilə gələrək bütövlükdə xalqı,
müsəlman və türk aləmini dostcasına sevərək
özünə ünvan seçmişdi. "Ax unudulmuş vətən,
ax yazıq vətən! Dünya titrədi, aləmlər
mayallaq aşdı, fələklər bir-birinə
qarışdı, millətlər yuxudan oyanıb gözlərini
açdılar və pərakəndə düşmüş
qardaşlarını tapıb dağılmış evlərini
bina etməyə üz qoydular. Bəs sən hardasan, ay
biçarə vətən!" - deyə həmvətənlərini
oyatmağa səsləyən jurnal: "Dünya aləm dəyişildi,
mənalar özgə təbir əxz elədi, yəni...
hamı buna qail oldu ki, vətən, vətən, vətən,
dil, dil, dil millət, millət, millət. Dəxi bu dairələrdən
kənar bəni-noi-bəşər üçün nicat yolu
yoxdur" deməklə "gərək bir-birinizlə əl-ələ verəsiniz... yəni
birləşəsiniz. Çünki vallah, billah, yer haqqı,
göy haqqı, bundan başqa sizdən ötrü nicat yolu
yoxdur" fikrini təlqin edir, azərbaycanlıların həmrəyliyi
və birliyi ideyası ilə çıxış edirdi. Təsadüfi
deyil ki, "Sizi deyib gəlmişəm", "Azərbaycan",
"Vətəndaşlar", "Cümhuriyyət" və
s. kimi zəngin məqalə və felyetonlar Azərbaycan
publisistikası və jurnalistikasının yeni məzmunda
inkişafında əvəzsiz rola malik olmuşdur. "...Hər
bir qələmin öz müqəddəs vəzifəsi var:
birinci növbədə millətin xoşbəxtliyi yolunda xidmət
etmək", - deyə xalqının istiqlaliyyəti, milli
oyanışı və inkişafı yolunda dönmədən
xidmət göstərən nəhəng ictimai və ədəbiyyat
xadimi Cəlil Məmmədquluzadə ilk sözündən
tutmuş son sözünə qədər vətəndaşlıq
məktəbi, vətənpərvərlik dərsliyidir.
1906-cı
il aprelin 7-dən nəşrə başlayan "Molla Nəsrəddin"
jurnalı "Əkinçi"dən başlanılan milli
mətbuat ənənələrini davam etdirməklə bərabər,
Azərbaycan mətbuatı və jurnalistikasına yeni ənənələr
gətirməyə və onu zənginləşdirməyə
də müvəffəq oldu. Qısa fasilələrlə
düz 25 il nəşr olunan və 748 nömrəsi çap
olunan "Molla Nəsrəddin" jurnalı həm də
yeganə mətbuat orqanı idi
ki, bu qədər uzun müddətə nəşr olunmaqla
özünəməxsus ənənələri ilə məktəb
yaratmağa müvəffəq olmuş, həm də Azərbaycan
ictimai fikir tarixində tənqidi-realizm cərəyanını
formalaşdırmışdır (İkinci belə bir məktəb
və romantizm cərəyanını yaratmış mətbuat
orqanı "Füyuzat" idi - R.Qasımov). "Baraban"
jurnalı rusca, "Şeypur" jurnalı isə Azərbaycanca
bu məşhur mətbuat orqanının mütərəqqi ənənələrini
davam etdirərək ən çətin və məsuliyyətli
vaxtlarda Azərbaycan xalqına milli-ideoloji cəhətdən
xidmət göstərmişlər.
"Molla Nəsrəddin" jurnalı həm çap
olunduğu müddət ərzində milli mənafe və
ideologiyaya xidmət etmiş, həm də bu jurnal yeganə mətbuat
orqanı idi ki, Azərbaycanın bütövlüyü və
milli istiqlalı naminə Cənubi Azərbaycanda da fəaliyyət
göstərmişdi. Jurnal konkret ictimai mühit və
dövrün tələbləri ilə bağlı hərəkət
edir, dövrün ictimai sifarişlərini əsasa alaraq milli
istiqlal və siyasi bütövlük ideallarını da ifadə
edirdi. Söz yox ki, ilk işə başlayanda "siyasət
sözünün baş hərfi olan "s" hərfinin
adını çəkməyin qorxulu olduğunu" deyən
ədib C.Məmmədquluzadə sonrakı dönəmlərdə
ardıcıl olaraq siyasət məsələlərinə də
biganə qalmamış, Azərbaycanın birliyi və
bütövlüyü, milli istiqlalı, milli həmrəyliyi
kimi vacib məsələləri də qələmə
almışdır. Müəyyən fasilələrlə nəşr
olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə
8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə
isə Bakıda nəşr olunmuşdur. Ümumiyyətlə
isə, "Molla Nəsrəddin" jurnalı yeganə və
ilk mətbuat orqanı idi ki, çap olunduğu yerlərin xəritəsi
ilə də - Tiflis (indiki Gürcüstan), Təbriz (indiki
İran) və müstəqil Azərbaycan Respublikasının
paytaxtı Bakı - Azərbaycanın tarixi ərazilərini əhatə
etmiş, sözün əsl mənasında, böyük və
bütöv Azərbaycan coğrafiyası və
ideyasını ortaya qoymuşdur. Vətən, dil və milli
istiqlal məsələsi jurnalın əsas məqsədi və
yaradıcılıq məramını təkil edirdi. Və
söz yox ki, məhz həyata keçirilən ardıcıl,
davamlı, məqsədəuyğun işlərin, əldə
olunan milli-ictimai oyanış və birliyin nəticəsində
1918-ci ildə elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasında "Molla Nəsrəddin" jurnalının
da xidmətləri əvəzsiz idi. Məlum olduğu kimi,
Sovet dövründə də fəaliyyətini davam etdirən
"Molla Nəsrəddin" jurnalının adının
"Allahsız" adı ilə əvəzlənməsinə
qarşı jurnalın naşiri və redaktoru Cəlil Məmməduluzadə
qəti şəkildə etiraz etmiş, bu və digər səbəblərdən
yeni dövrün sərt tənqid, qınaq və təqiblərinə
məruz qalmış, 1931-ci ildə "Molla Nəsrəddin"
jurnalı öz fəaliyyətini dayandırmış, 1932-ci
ildə isə böyük mütəfəkkir-yazıçı
Cəlil Məmmədquluzadə dünyasını dəyişmişdir.
Bütün
bu xüsusiyyətlərinə, Azərbaycan xalqının
inkişafı yolunda göstərdiyi xidmətlərə
görə xalqımızın Ümummilli lideri Heydər
Əliyev "Molla Nəsrəddin" jurnalını və
onun redaktoru Mirzə Cəlil Məmmədquluzadə irsini
yüksək qiymətləndirərək deyirdi: "Cəlil
Məmmədquluzadə öz yaradıcılığı ilə,
əsərləri ilə, publisistikası ilə, böyük
mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan
xalqının milli oyanışında, milli dirçəlişində
əvəzsiz rol oynamışdır. Xalqımızın
milli şüurunun formalaşmasında məhz "Molla Nəsrəddin"
jurnalının və Mirzə Cəlilin fəaliyyətinin
rolu misilsizdir". Bu mənada, "Molla Nəsrəddin"
jurnalı "Şərq həyatının
ensiklopediyası" adlana biləcək, "xalqa...
"öz camalını" göstərib, onu "fikirləşməyə"
çağıran" bir məcmuə kimi keçdiyi
keşməkeşli mübarizə və mücadilə yolunun
millətimizin qarşısındakı böyük xidmətlərinə
görə heç zaman öz əhəmiyyətini itirməyəcək,
həmişə də öz gülüş və qəhqəhələrilə
yaddaşlarımızda düşünən və
düşündürən publisistika kimi qalacaq.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin
əməkdaşı, filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet 2018.- 6 aprel.- S.6.