"Klassik musiqi həvəskarları" klubu 10 yaşında

 

Aprelin 4-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Klassik musiqi həvəskarları klubunun 10 illiyinə həsr edilən konsert-tamaşa nümayiş olunub.

 

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova yubiley tədbirində Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasovun "Şən bahar" uşaq operasının və "Düzgülər" kantatasının təqdim edildiyini bildirib.

 

Konsert-tamaşanı Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri ifa ediblər. Tamaşa Bəstəkarlar İttifaqının "Azərbaycan bəstəkarlarının musiqisi gənc ifaçıların təqdimatında" layihəsi çərçivəsində reallaşıb.

 

Gənc ifaçıların milli mədəniyyət və ənənələrimizin zənginliyindən doğan əhval-ruhiyyəsi, əlvan rəngli milli geyimlər, milli bayram atributları, şən zarafatlar tamaşaya xüsusi gözəllik qatıb.

 

Tamaşanın quruluşçu rejissoru Əməkdar müəllim Gülnarə Səfərovadır.

 

XƏDİCƏ

 

525-ci qəzet 2018.- 6 aprel.- S.7.