Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln

 

Telman ORUCOV

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Şimal radikalları buna çox sevindilər. Müdrik və uzağı görən Linkoln isə ümumi sevincə qoşulmadı.

 

O qorxurdu ki, əsirlər “ağ fil” olduqlarını sübut edəcək və hüququn tələbinə görə, onları ittiham etmək mümkün olmayacaqdır. İngiltərədə də bu hadisənin hiddət doğuracağına o, şübhə etmirdi. İngilis hüquqşünasları belə qərara gəldilər ki, “Trent” gəmisi Boston limanına qanunsuz gətirilmişdir və bu, yalnız məhkəmənin hökmü əsasında icra edilə bilərdi. Qəzəb o yerə gəlib çatmışdı ki, hətta 30 min ingilis Konfederata kömək etmək üçün Çarlstona yola düşmək istəyirdi.

 

Britaniya elçisi vurulan ziyanı ödəmək üçün ABŞ-a rəsmi tələb tərtib etdi və bəyənilməsi üçün sənədi kraliçaya göndərdi. Kraliça Viktoriyanın əri Prints Albert bütün gecəni bu sənəd üzərində keçirdi və onun tonunun kəskinliyini xeyli dəyişdi. Bu Prints Albert tərəfindən yazılan sonuncu sənəd idi. Tezliklə o, oğlunun oxuduğu məktəbdəki tədbirdə tutulduğu tif xəstəliyindən öldü.

 

Linkoln güzəştə getməklə, həm də Cənubu çaşdırdı. O demişdi ki, eyni vaxtda iki müharibə aparmaq olmaz. Bu qərar, güman ki, millətin həyatını xilas etdi. Bu, həmin nəslin ən böyük dühası olan Linkolnun əməli idi.

 

Prints Albert öləndə Linkoln kraliçaya başsağlığı məktubu göndərmək istədi. Məktubda “Trent” gəmisinin işi ilə əlaqədar hər iki hökumətin məsuliyyəti yada salınırdı. Prints Albert Şimal radikallarını məyus edən barışdırıcı cavab hazırlamışdı. Albertin öz ölümündən qabaq yazdığı bu son məktub iki dövlət arasında münaqişənin yaranmasına yol verməmişdi.

 

Müharibədə vuruşlar Federal qüvvələrin xeyrinə proqressləşdikcə Linkoln hökuməti belə nəticəyə gəldi ki, qulların azad olunması hərbi qələbənin əldə edilməsi üçün vacibdir. Bu vaxt azadlıq Respublika partiyası üzvlərinin ikinci müharibə məqsədinə çevrildi. Bu da Linkolnun müdrikliyinin daha bir nümayişi idi.

 

Linkolna qarşı hücumlar da az deyildi. Prezidentə qarşı  loyalığa mane olan səbəblərə gəldikdə, Şərq şəhərlərində olan irland immiqrantlar və Şimal ştatlarında yaşayan, ancaq Cənubda doğulmuş sakinlər zəncilərə xüsusən düşmən idilər. Sabitliyin pozulması halları da az deyildi. Nyu-Yorkda baş verən dəhşətli iğtişaşı hərbi gəmilərdən atılan top atəşləri ilə yatırtmaq mümkün olmuşdu. İğtişaş çox sayda adamın həyatını itirməsinə səbəb olmuşdu. İnzibati sahədə də xoşa gəlməyən hadislər baş verirdi. Federal adminstrasiyaya ştat qubernatorları cəsarətlə hücum edirdilər, onlar güclü yerli muxtariyyətə malik olmaq istəyirdilər.

 

1864-cü ilin avqustunda Linkoln özünün prezident seçilməsinə ümid bəsləmirdi və Demokrat namizəd, general Corc Makklellanın onu məğlub edəcəyini gözləyirdi. Lakin  Federalın hərbi qələbələri, xüsusən Şermanın Atlantanı işğal etməsi, Linkolnu xeyli dərəcədə gücləndirdi və müharibə Şimal üçün zəfər qaydasında başa çatdı. Bu, Linkolnun populyarlığını xeyli yüksəklərə qaldırdı. 

 

Müharibədən sonra Cənubun yenidən qurulması perspektivi

 

Linkolnun hazırladığı “Cənubun yenidən qurulması” layihəsi Konqressin müzakirəsinə verilən böyük məsələ idi. Ayrılmış ştatlar olan Luiziana, Arkanzas və Tennessi əsasən Federal ordular tərəfindən sağlamlaşdırılmışdı. Linkoln 1863-cü ildə özünün “on faizlik plan”ını təklif etdi, buna müvafiq olaraq seçicilərin on faizi  Birləşmiş Ştatlara gələcəkdə loyal olacağına and içdiyi təqdirdə, yeni ştat öz hökumətini formalaşdıra bilərdi. Radikallar Linkolnun təklifini, həddən ziyadə güzəştli olduğuna görə rədd etdilər və Konqressə Ueyd-Devis Billini gətirdilər. Bu layihəyə görə, yalnız hər bir Cənub ştatının ağ kişi cinsindən olan vətəndaşlarının  çoxlugu loyallıq andı içdikdən sonra həmin ştatın Birliyə qəbul edilməsinə icazə veriləcəkdi. Onlar təkcə gələcək üçün deyil, həm də keçmişdəki loyallıqları barədə and içməli idilər. Linkoln qanun layihəsinə veto qoyduqda, onun müəllifləri prezidenti acı tənqid edən “manifest” çap etdirdilər. Radikallar onu ən kəskin qaydada məhkum edirdilər.

 

Artıq o, “Birlik” (Respublikaçılar) partiyasından prezidentliyə yenidən seçilmək üçün namizəd idi və Ueyd-Devis Billi ilə əlaqədar manifest əslində, partiya daxilində onun namizədliyinə mane olmaq üçün olan hərəkata ünvanlanmış bir siqnal idi. O, tam sakitliklə hərəkatın yatmasını gözləyirdi, lakin partiya pis bir şəkildə bölünmüşdü. Rəqib Respublikaçı kimi Con Frimont ayrılmış qrup tərəfindən namizəd göstərilmişdi və hələ də cəbhədə idi. Aparıcı radikallar söz vermişdilər ki, əgər Linkoln mühafizəkar Poçt naziri general Montqomeri Blerin istefasını qəbul etsə, onlar Frimontun öz namizədliyini geri götürməsinə nail olacaqlar. Frimont namizədliyini geri götürdü və Bler istefaya getdi. Partiya bu vaxt 1864-cü il seçkiləri üçün yenidən birləşdi.

 

1860-cı ildə olduğu kimi, 1864-cü ildə də Linkoln öz seçki kampaniyasının baş strateqi idi. O, çox şey etdi ki, əsgərlərin və dənizçilərin çoxu mümkün qədər ona səs versin. Uniformada olan vətəndaşların çoxu Respublikaçılara səs verdi. O, xeyli populyar üstünlüklə - 55%-lə Demokrat opponenti general Makklellanın üzərində qələbə çalıb, yenidən prezident seçildi.

 

1864-cü ildə Demokrat platforması barışığa çağırırdı. Sülh Konfransı və Demokratlar kimi, görkəmli Respublikaçılar da Linkolndan tələb edirdilər ki, Konfederatın sülh təkliflərinə razılıq versin. O, açıq məktubunda öz şərtlərini elan etdi:

 

“İstənilən təklif sülhün bərpasını, bütöv Birliyin inteqrasiyasını və quldarlığın ləğv edilməsini əhatə edir və bunlar indi o hakimiyyətdən gəlir ki, o, müharibədə Birləşmiş Ştatlara qarşı ordulara nəzarət edir və nəzərdə tutur ki, Birləşmiş Ştatların icraedici orqanı tərəfindən bu həyata keçirilsin və həmin təklif digər substansional və ikinci dərəcəli nöqteyi-nəzərlə liberal şərtlərlə qarşılaşacaqdır”.

 

“Müharibə qulları azad etməyi davam etdirməlidir” barədəki onun mövqeyinə, hətta yenidən birləşmə qalib gəldikdən sonra da mühafizəkarlar etiraz etdikdə, Linkoln belə cavab verdi: “Mənə bu, düz olan kimi gəlir, yenidən birləşmə və quldarlığı tərk etmə dedikdə, nəzərə alınmalıdır ki, bu təklif edilsə, o demək deyildir ki, daha heç nə edilməyəcəkdir və ya az şey gözləniləcəkdir”.

 

Vaxtilə Viqlərin bütü olan Henri Kley yeganə siyasətçi idi ki, nə vaxtsa Linkolnu dinləyib, onu bir natiq və moralist kimi tanımışdı. Linkoln vaxtilə xəbərdar etmişdi ki, indi qul olanların hamısı qul olaraq qalacaqdır, lakin onların uşaqları yaşa dolduqca azad olacaqlar. Təkcə bir nəsil ərzində bu dəhşətli institut sona çatacaq və qul sahibləri çətinliklə şikayətlənməli olacaqlar ki, onların mülkiyyəti qəsb edildi. Abolyutsionistlər isə qul sahiblərinə qarşı zorakılıq törədəcəkləri ilə hədələyirdilər.

 

Linkoln özünün yenidən prezident seçilməsindən sonra Konqressə ilkin müraciətində dedi:

 

“Sülhün sadə vəziyyətini elan edəndə, mən düşünürdüm ki, sadəcə deyim ki, müharibə dövlətin bir hissəsində qurtaracaqdır, ancaq həmin vaxt onu başlayanların tərəfində də başa çatacaqdır”.

 

3 fevral 1865-ci ildə o, özü buxar gəmisi ilə gəlib, Konfederat komissionerləri ilə Hamilton Rodda (Hamilton çubuğu) görüşdü. O vəd etdi ki, Cənub müharibəni qurtarsa, barışanlarla liberal münasibətdə olacaqdır.

 

Lakin həm də yenidən birləşməyi, hər bir sülh barışığı üçün ilkin şərt kimi təkid etdi. Özünün ikinci inauqurasiya müraciətində isə öz siyasətini məşhur sözlərdə təcəssüm etdirdi: “Heç kəsə qarşı qəzəblə davranılmayacaq, hamıya mərhəmət göstəriləcəkdir”. Onun şərtləri nə Konfederat liderlərini, nə də radikal Respublikaçıları razı saldı və beləliklə, məlum oldu ki, Konfederasiyanın məğlubiyyəti olmadan heç bir sülh mümkün deyildir.

 

Müharibənin sonunda məğlub olmuş Cənub üçün Linkoln siyasəti özünün bütün detallarında heç də aydın deyildi, baxmayaraq ki, o, buna inanmaqda davam edirdi. Başlıca məsələ “ayrılmış adlanan ştatların bərpa edilməsi”, onların Birliklə “düzgün praktiki əlaqələrinin mümkün olduqca çox tezliklə yaranmasıdır”. Bütün region üçün o, dini və ümumi plana malik deyildi. 11 aprel 1865-ci ildəki son çıxışında dediyi kimi, “belə böyük xüsusilik” hər bir ştata məxsusdur və “belə mühüm və qəflətən geriyə gedən dəyişikliklər” zamandan zamana meydana çıxır və “belə yeni və təkrarı olmayan” elə bir bütöv problemdir ki, bu barədə “heç bir müstəsna və sarsılmaz plan” təhlükəsiz qaydada əvvəlcədən yazıla bilməz.

 

O, müharibə ərzində özünün on faizlik planını Luiziana və Tennessiyə bənzər ştatlara hörmət əlaməti olaraq yeni hökumət tərəfindən qəbul edilməsini təklif edirdi. Virciniya və Şimali Karolinayaya bənzər ştatlara isə hörmət əlaməti kimi o, müharibədən sülhə keçmək üçün köhnə qiyamçı qubernatorlardan müvəqqəti olaraq istifadə edilməsinə hazır olduğunu bildirmişdi. O, “yadların” (“xalça heybəlilərin”- kənardan ştat rəhbərliyinə gələnlər belə adlanırdı) Cənubu idarə etmək üçün təyin edilməsinə zidd çıxırdı. O ümid edirdi ki, cənublular özləri yeni ştat hökumətini formalaşdıranda müəyyən yol tapacaqlar ki, ağlar və zəncilər “tədricən bir-biriylə köhnə münasibətlərdən uzaqlaşmaqla, birgə yaşayacaqlar və hər ikisi yenilik üçün daha yaxşı hazırlanacaqlar”.

 

Linkoln Yenidənqurmaya praqmatik yanaşırdı, təkid edirdi ki, cənublular təslim olduqda Birliyə gələcəkdə loyallıq vəd etsinlər və öz qullarını azad etsinlər. Linkoln bütün cənublulara amnistiya verilməsini nəzərdə tuturdu. Bu şərtlə ki, seçicilərin onda biri konstitusiyaya sədaqət andı içsin və o yerlərdə qul sahibliyi ləğv olunsun. O, bərpaya nəzarət üçün hərbi qubernatorlar təyin etdi. Onlardan ən cəsarətlisi Endryu Conson idi. O, Tennessidə loyal hökumət yaratdı və bu işi onu 1864-cü ildə Respublikaçıların bileti (partiyanın namizəd siyahısı ilə) vitse-prezidentliyə namizəd olmağa gətirib çıxardı.

 

Azad adam üçün təhsil proqramı Linkolnun düşüncəsinə görə, özlərinin yeni statusuna onları hazırlamaq üçün mühüm şərtdir. O, həm də güman edirdi ki, bilavasitə zəncilərə verilən səs onların “müəyyən müddətə ən bacarıqlılarına və xüsusən elələrinə ki, onlar bizim cərgəmizdə igidliklə vuruşmuşlar, yeni imkan verilməsi olacaqdır”.

 

Yenidənqurma məsələsinə görə, Linkoln partiyasından olan ekstremistlər 1865-ci ildə bir il əvvəl olduğundan daha uzağa gedən bir mövqedə dayanmışdılar. Bəzi radikallar Cənubun hərbi işğalı müddətini uzatmağı tələb etməyə başlamışdılar. O, Virciniyanın qiyamçı qanunvericiliyinin toplanmasına verdiyi icazəni geri götürdü və Cənub ştatlarının hərbi işğalı barədə Stenton sxemini prinsip etibarilə bəyəndi. 14 apreldə Kabinetin iclasından sonra Baş prokuror Ceyms Spiid belə güman etdi ki, “o, heç vaxt bizim nöqteyi-nəzərimizə belə yaxın görünməmişdir”. Əgər o, özünün ikinci prezidentlik müddətini tamamlaya bilsəydi, Linkolnun yenidənqurma siyasəti həyata keçərdi. Bunu isə yalnız təsəvvür etmək olardı.

 

Onun varisi, prezident Endryu Conson ləngimədən Linkon proqramını müdafiə etdiyini bildirdi. Lakin o, Konqressin kəskin tənqidi ilə qarşılaşdı. Conson öz proqramını həyata keçirəndə ABŞ-da siyasi mübarizə olduqca kəskinləşdi. Yalnız 1867-ci ildə Konqress Cənubun yenidən qurulması barədə bir sıra qanunlar qəbul etdi.

 

1866-cı ilin aprelində Birləşmiş Ştatlar Konqressi vətəndaş haqları barədə qanun qəbul etdi, həmin sənədə görə ABŞ-da doğulmuş bütün sakinlər vətəndaş hüquqları aldı. Qanun ağlar kimi rəngli amerikanlara da aid idi, lakin ölkənin yerli sakinləri-hindular rezervasiylarda yaşamalarını davam etdirməklə, həmin hüquqlardan məhrum idi. Konstitusiyaya edilən 14-cü Düzəliş isə vətəndaş haqları haqqında qanun üçün hüquqi əsas oldu.

 

(Ardı var)

525-ci qəzet.-2018.-7 aprel.-S.22.