AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR

 

Şirməmməd HÜSEYNOV

 

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Federalizm və demokratizm

 

Biz türk və ya müsəlman federalistləri ilk dəfə Qafqasiya və ya Moskva qurultaylarında Rusiyada yaşayan türk və ya müsəlman millətlərindən ötrü məhəlli muxtariyyət istədigimiz və Rusiyanın milli-məhəlli muxtariyyətlər üzərinə qurulu qoşma xəlq cümhuriy-yətilə idarə olunmasını tələb elədigimiz zaman millətdaşlarımızdan bəziləri bizim bu fikrimizə qarşı çıxdılar. Federalizmi bilxassə demokratizm nöqteyi-nəzərindən cərh və tənqid etmək istədilər. Onlar sosializm və bilxassə guya sosial-demokratizm nöqteyi-nəzərindən məsələyə baxıb diyorlardı ki, əmələ qisminin faidəsi hökumətin mərkəzləşməsindədir. Çünki böylə olunca sərmayənin mərkəzləşməsi tezləşər və bu nisbətdə dəxi əmələ qisminin ittihadı və qüvvəti güclü olub özündən faidələnənlərlə bacarıqlı bir surətdə mübarizə edər.

 

Buna qarşı biz Avropa dövlətlərini nişan veriyor, göstərirdik ki, federalizm heç yanda, nə Amerikada, nə İsveçrədə, nə də Almaniyada əmələ sinfinin tərəqqisinə, təşkilatına mane olmamışdır. Biləks Almaniyada olan qüvvətli əmələ təşkilatı və yararlı əmələ qanunu heç yanda yoxdur.

 

Moskva qurultayında “federasiya istəyən yalnız biz degiliz, Rusiyadakı məhkum millətlərin əksəri bu tələbdədir” - dedigimiz zaman federasiyanın düşməni Əhməd bəy Salikov cənabları bu millətlərdə federasiya istəyənlərin demokratiya degil, burjua sinif-ləri olduğunu iddia ediyorlardı.

 

Moskva qurultayından iki ay keçmədi. Həyat müarizlərimizin nə qədər vahi iddialarda olduğunu göstərdi. Finlandiya demokratiyası əksəriyyətlə sosial demokratiyaya mənsub olduğu halda kəndi vətəninin istiqlalını elana qədər getdi. Ukrayna demokratiyası dəxi muxtariyyətini bilfeil almağa və Rusiya Məclisi-Müəssisanını əmri-vaqe qarşısında bulundurmağa çalışdı. “Rada” məclisi sair demokratik firqələrlə bərabər Ukrayna sosial demokratiyasını dəxi özü ilə bərabər gördü.

 

Kadet firqəsi kibi firqələr millətlərin bu surətlə öz həqlərini almağa təlaş göstərdiklərini Rusiya demokratiyasına qarşı bir növ etimadsızlıq və ehtiramsızlıq kibi tələqqi etdilər. Hətta “Russkoye vedomosti” kibi mətin bir qəzetə belə velikorusların həyatını, vətən-pərəstliklərini qıcıqladı. “Rusiyayı bölüyorlar” - deyə bağırdı.

 

Əcəba, həqiqət halda millətlərin bu surətlə kəndi həqlərini əldə etməgə çalışmaları və Rusiyanın muxtariyyətlərin ittifaqından ibarət bir federasiya halında qurulmasını tələb etmələri demokratizmin, demokratiyanın əleyhindəmidi?

 

Qətiyyən yox.

 

Ən mütəəssib demokratlar şübhəsiz ki, (Simmervald)a yığışıb beynəlmiləlligi tazədən əhya etmək istəyən sosialistlər, Rusiyada isə bolşeviklərdir. Bolşeviklərcə millətlərin nəinki muxtariyyət, istəsələr tamamilə Rusiyadan ayrılmağa belə ixtiyarları vardır. Bir millət əksəriyyətlə, cəmaətin xahişilə üsuli-idarəsini nasıl qurmaq istərsə həqlidir. Və mədəniyyətcə daha yüksəkdə olan millətlərin demokratiyasına borcdur ki, zəif millətlərə bilaəvəz kömək etsinlər.

 

Başqa qəzetələr bu cəhəti başıörtülü bir surətdə, təfsirə möhtac cümlələrlə söylədikləri halda Fəhlə və Əskər Vəkilləri Şuralarının keçəndə vaqe olan ictimalarından biri məsələyi aydın bir surətdə həll eləmiş, Rusiya daxilində yaşayan hər millət üçün muxtariyyət degil, istiqlal həqqini belə caiz görmüşdü.

 

Həyati-siyasiyyənin göstərişi böylə olduğu halda siyasi proqramların maddələri dəxi federasiya əleyhdarlarını degil, tərəfdarlarını həqləndiriyor. Kadet firqəsindən solda olan nə ki firqələr varsa hamısı bu ya o surətlə Rusiyadakı millətlərə milliyyət və topraqları daxilində muxtariyyət həqqini rəva görüb, bu və ya o surətlə Rusiyanın federasiya əsası üzərinə qurulmasına təhəmmül ediyor və ya onu tələb ediyorlar.

 

Baxalım Rusiyadakı sol firqələrin bu xüsusdakı proqram tələbləri nədən ibarətdir:

 

Kadetlərdən sola başlayaraq əvvəlcə alalım “Radikalnı-demokratiçeskaya partiya” - denilən firqəyi. Bu firqənin proqramında geniş surətdə milli-siyasi muxtariyyət əsasının bərqərar olması lazım görülüyor. Muxtariyyət idarə ilə bərabər xırda ərazi vahidlərinə varıncaya qədər siyasi muxtariyyət verilməsində dəxi Rusiya tamamiyyəti-mülkiyyəsi üçün heç bir zərər təsəvvür etmiyor. Çünki bu firqənin mülahizəsincə “xırda muxtariy-yətlərin ittifaqından hasil olan federasiya və yaxud Rusiya ştatları bütün millətlərə imkan verər ki, yaşasınlar və öz topraqları daxilində kəndilərindən ötrü qiymətdar olan milli-mədəni xüsusiyyətlərini geniş surətdə mühafizə və müdafiə etsinlər”. Bunlardan əlavə firqə düşünüyor ki, “ancaq vase surətdə məhəlli idarə və qanun qoymaq səlahiyyətinə malik olan muxtariyyətlər üzrədir ki, Rusiya tamamiyyəti-mülkiyyəsini saxlamaq mümkün olar”. Federasiya üsulu ilə bərabər firqə tələb ediyor ki, bütün ştatlarda “referendum” (rəyi-aləm) üsulu dəxi keçirilsin. Çünki həqiqi cəmaət idarəsinin binası ancaq rəyi-aləmdir.

 

Bu firqədən keçdikdən sonra Narodnı sosialist (xəlq sosialisti) firqəsi gəliyor. Xəlq sosialisti firqəsi dəxi Rusiyayı federasiya əsası üzrə milli və məhəlli muxtariyyətlərdən mütəşəkkil bir demokratik cümhuriyyət şəklində təsəvvür ediyor.

 

Bundan keçdikdən sonra bu gün Rusiyada ən böyük qüvvətə malik olan ictimaiyyun-inqilabiyyun firqəsi dəxi şəkli-idarə həqqindəki proqram maddəsini böylə ifadə eləmişdir:

 

“Gərək şəhər və gərək kənd cəmiyyətlərinə mümkün olduğu qədər geniş muxtariyyət vermək surətilə xəlq cümhuriyyəti ayrı-ayrı millətlərin münasibətini mümkün olduğu qədər geniş bir federasiya üsuluna rəbt etməli, millətlərdən ötrü bilaşərt və qeyd nə cür olmalarını təyin etmək həqqi”: (pravo samoupravleniya).

 

Proqram həsbilə sosialist firqələrindən federasiya sözünü dilinə gətirməyən bir firqə vardırsa, o da sosial-demokrat (ictimaiyyun-amiyyun) firqəsidir. Fəqət bu ictimaiyyun-amiyyun firqəsi belə millətlərə həqq veriyor ki, özləri öz təqdirlərini həll etsinlər. Doğrudur ki, proqramda bu özləri öz təqdirlərini həll etsinlər cümləsi aydın degildir. Fəqət firqəyə mənsub olan bəzi şəxslərlə firqə ictimalarında alınan bəzi qərarlara nəzərən əgər rəyi-aləm vasitəsilə bir millət muxtariyyət degil, istiqlal belə istəsə, Rusiya ictimaiyyun-amiyyun əmələ firqəsi bu rəy ilə hesablaşmaq tərəfdarıdır. Demək ki, sosial-demokrat (ictimaiyyun-amiyyun) firqəsi millətlərdən ötrü muxtariyyət və Rusiyadan ötrü federasiyayı bizzat tələb etmiyorsa da bu tələbə təhəmmül göstəriyor. Nasıl ki, Petroqrad sosial-demokrat konferensiyası şəkli-idarə həqqindəki qətnaməsində yalnız muxtariyyət degil, tamamilə Rusiyadan ayrılmayı belə caiz görmüşdür. Nasıl ki, Lehistan istiqlalına Rusiya demokratiyası əgri gözü ilə baxmamış. Nasıl ki, Finlandiya sosial-demokratlarının Rusiyadan ayrılmaya verdikləri qərar Rusiya sosial-demokratları tərəfindən qeyri-təbii görülməmiş. Nasıl ki, Ukrayna “rada”sı (məclisi-millisi) ilə danışığa girişən Sereteli ilə skoblevlər olmuşdur.

 

Həyat ilə bərabər həyata tətbiq üçün yazılan sol demokratik proqramlarda federasiya ilə muxtariyyət məsələsi bu halda ikən sosialist nəzəriyyəçiləri arasında dəxi milli-siyasi muxtariyyət əsasına tərəfdar olanlar çoxdur.

 

Məşhur filosof Karl Marks ilə sairləri tərəfindən kapitalın (sərvətin) milliyyət dairəsindən atlayıb beynəlmiləl bir hal almış nəzəriyyəsinə dayanaraq Orta Avropa hökuməti düzəltmək xəyalını bəsliyordu. Bu xəyalı qövldən-felə keçirmək üçün sosial demokratiya-nın digər pişrovlarından Karl Kautski bütün dünya federasiyası fikrini ortaya qoydu. Karl Kautskicə dünyadakı millətlər sənaye, ticarət və kapitalın tərəqqisilə biri-birindən tamamilə ayrı və mücərrəd bir surətdə yaşaya bilməyəcəklər, fəqət bu ədəmi-imkan bütün dünyanın bir mərkəzdən idarə olunmasını mucib olacaqmı? Kautskicə dünya bir federasiya şəklini alacaq, millətlər öz içlərində muxtar olub yekdigərlərilə münasibətə gəlincə müttəfiq olacaqlardır. Nasıl ki, ittifaq zatən poçta, teleqraf kibi xüsuslarda bir dərəcəyə qədər hasil belə olmuşdur. Kautskinin rəyincə: “dünyadakı ən kiçik millətlər belə daimi surətdə müstəqil bir həyata malik olmalıdırlar”. “Azad millətlərin muxtar ikən ittifaqları (federasiyaları) dəxi vüsətpərdar olmalı. Çünki sənaye və ticarətin bir qismi getdikcə daha çox millətləri ittifaqa məcbur ediyor”. Federalizm fikri hər zaman demokratiyanın meylini cəlb etmişdir və bu fikir imdi pək həqli olaraq ən məqbul bir fikir halını almışdır.

 

Bizim federalistligimizə müariz çıxan millətdaşlara Avstriya sosial-demokratı Şpingeri iqtibas edib diyorlardı ki: “Şpirengircə millət yerə bağlı olmayıb bir cameəti-şəxsiyyətdir. Ona görə də millətin hüququ muxtariyyəti-şəxsiyyə (şəxsiyyəti-təbiyyə) ilə təmin oluna bilər”. Fəqət rəyi-federalizm əleyhində iqtibas olunan bu aləmi sosial-demokrat belə federalizm əleyhində degil, tam lehindədir. Baxınız nə diyor: “gülməli degilmidir ki, Almaniya kibi bir növdən olan cameət (Kalifkinyev) müttəfiq dövlət olsun da, heyəti-daxiliyyəsi ilə bu qədər müxtəlif növ və cinslərdən təşəkkül edən Avstriya müttəhid bir dövlət təşkil etsin? Məgər Avstriyaya nisbətlə bir millətdən olub da şivələr arasındakı fərqi Avstriyaya nisbətlə heç mənziləsində olan İtaliyada federasiya tərəfdarlığı gündən-günə artmıyormu? Fransada gündən-günə federasiya lehinə qalxan səslər yüksəlmiyormu? Digər tərəfdən dünyanın hər tərəfində təcrübələr edildikdən sonra aya, həqiqətən də adamlar tapıla bilərmi desin ki, federasiya zəifdən ibarətdir”.

 

Doğrudur ki, dünyanın böyük amillərindən birisi iqtisaddır. Doğrudur ki, iqtisad tərəqqi etdikcə millətlər arasında uzaqlıq götürülüb, ittifaq və ittihad hasil oluyor. Bu ittihad mədəni cəmaət daxilindəki əfrad arasındakı ittihad və ittifaqdan artıq degildir. Cəmiyyət bədəvi ikən əfradı o qədər də özünü biri-birinə mərbut hiss etmiyor. Bunun üçün də taifələrlə illər arasında sülh bərpa olmayıb daima daxili vuruşmalarla məşğul oluyorlar. Halbuki mədəni bir cəmiyyətdə bu toqquşma yox. Fəqət bununla bərabər kim iddia eliyər ki, mədəni bir insan nəfsən və fərdən bədəvi bir insandan daha ziyadə müstəqil, daha ziyadə muxtar degildir. Millətlərin ittifaqı da böylədir. Federasiya dəxi bu mənaya malikdir.

 

Doğrudur ki, iqtisad millətləri yaxınlaşdırıyor. Fəqət bu da doğrudur ki, iqtisadiyyat millətlərin muxtariyyət və istiqlalı sayəsində tərəqqi ediyor.

 

Hər millətin özünəməxsus sosial-demokrat firqəsi var. Bu firqələrin hamısı iqtisadi məqsəddə bir ikən tərzi-hərəkətdə ayrılıyorlar. Hətta Rusiya daxilində yaşayan bütün məhkum millətlərin özlərinə məxsus müstəqil əmələ firqələri vardır. Bunlar sinfi mübarizələrini davam etdirdikləri zaman milli intereslərini də tutamıyorlar. “Palevensiyon” namində bir yəhudi sosial-demokrat firqəsi vardır. Bu firqənin məramı bilirsinizmi nədir? Bütün yəhudiləri dünya üzüündən yığıb da Fələstində bir yəhudi hökuməti vücuda gətirmək - sionizm tərəfdalığı, əcəba, proqramının başında “Bütün yəhudi füqərayi-kasibəsi birləşin!” şüarını yazan bu əmələ firqəsinə nə lazım olmuşdur ki, əsatirlər içində yox olub getmiş yəhud hökuməti tazədən ehya etməgə çalışıyor? Sosialist ikən “vətəni rui-zəmin, milləti növi-bəşər degilmidir?”. Görünüyor ki, degildir. Neçün?

 

Baxalım bu suala “Palevensiyon” özü nə diyor. O diyor ki: kapitalın xasiyyətində mərkəzləşmək vardır. Fəqət hər milli kapital istər ki, bu mərkəz onun vətənində olsun. Bütün dünya əmələləri kapitala qarşı mübarizə edirlər. Fəqət milli kapital ilə mübarizə etmək və əmələnin bir məhəll daxilində, bir vətəndə olması sərmayə ilə mübarizəni yüngüllətiyor. Bu gün yersiz, yurdsuz olan yəhudi əmələsi daimən gəzmək, səyahət etmək, qaraçı kibi buradan-ora getmək məcburiyyətindədir. Yəhudi əmələsinin bu səyyarlığı kəndisini məcbur ediyor ki, gəlginli olduğundan yerli əmələ ilə rəqabət etsin. Zəhmətini ucuz satsın. Çünki böylə etməzsə müşkülat çəkər, bununla yəhudi əmələsi həm özünü müşkülata salır, həm də yerli əmələnin mübarizəsini çətinləşdirir. Bundan isə ümumdünya əmələlərinin kapitala qarşı mübarizəsi mütəzərrər oluyor. Halbuki xüsusi bir yəhudi hökuməti və milli bir dairə olursa, o zaman yəhudi əmələsinin halı daha yaxşı olub mədəniyyət və sosializm yolundakı mübarizəsi də müvəffəqiyyətli olar.

 

Görüyorsunuz ki, heç bir yeri-yurdu olmayan yəhudi əmələsi belə ali sosializm fikri naminə yurd arıyor. Süni bir surətdə olsa da yəhudi səltənəti vücuda gətirmək arzusunu bəsliyor. Görünüyor ki, milli-mədəni muxtariyyət üsulu yəhudi millətini, yəhudi külliyyə-tini (massasını) belə qane etmiyor. Yəhudi demokratiyası ərzi-mövudini hala arayıb duruyor.

 

Əcəba, biz nə cür adamlarız ki, dünyanın ən böyük bir millətinə mənsub ikən, Rusiyanın ərazicə ən böyük bir qisminə malik ikən yer, yurd qədrini biləməz bir hala gəliyoruz. Yoxsa bolluq içində böyüdügümüzdən ərköyün uşaqlar kibi nemətin qədrini bilmiyoruz. Yoxsa gözlüyoruz ki, “mövcud”umuzu itirib də sonradan “mövud”lar arxasınamı düşəlim?!

 

Yəqin ki, böylə olmaz. Rusiyada yaşayan bütün türk əqvamı federasiya lehində olduqlarını elam ilə muxtariyyət istədiklərini elan etdilər. Bu elanlar ilə şübhəsiz ki, onlar öz məqsədlərini qandıqlarını isbat etdilər. Həm bütünlüklə mədəniyyətə, tərəqqiyə, demokratizmə də qarşı getmədilər.

 

Karl Marks ilə Lassal əmələ firqəsinin bəyannaməsini yazdıqları zaman bu bəyannamənin başına “Cümlə cahan füqərayi-kasibəsi toplaşın!” deyə yazmışlardı. Bu cümlə imdi dəxi bütün sosial-demokrat firqələrinin müqəddəs şüarıdır. Fəqət bu müqəddəs şüar bütün dünya millətləri birləşməyincə mümkün degildir, qövldən-felə çıxamaz. Daima arzu halında qalıb da bir həqiqət şəklini alamaz. Bütün dünya millətləri hər kəs öz yer və yurdunda müstəqil və muxtar olaraq başqa müstəqil və muxtar millətlərlə ittifaq etməzsə, füqərayi-kasibənin toplaşması da mümkün olamaz. Buna görə də hər millətin demokratiyasına fərzdir ki, bəşəriyyətin qəsd etdigi uzaq niyətinə çatmaq üçün füqərayi-kasibəyi ittihada dəvət etməkdən əvvəl və ya onunla bərabər dünya millətlərini də ittifaqa çağırsın və “cümlə cahan füqərayi-kasibəsi toplaşın!” şüarilə bərabər desin ki:

 

“Cümlə cahan millətləri anlaşın!..

 

M.Ə.Rəsulzadə

”Açıq söz”, 25 iyul 1917, ¹528

 

Cərh - yaralama, biabır etmə

Müariz - etiraz edən

Vahi - boş, əsassız

Əhya - diriltmə, bərpa etmə

Vase - geniş

Mövud - vəd edilmiş

Amil - faktor

 

Sosializm həqqində

 

Sosial demokrat, sosial revolyusioner - iştə, Rusiya meydani-inqilabında cövlan edən siyasi firqələr ki, nüfuz bu gün onlardadır. Bu firqələr sosialistdirlər. Sosialist demək - sosializm tərəfdarı deməkdir.

 

Sosializm nədir?

 

Sosializm ictimai bir məsləkdir. Buna görə də tərcümədə bu məsləkə ictimaiyyət və tərəfdarlarına ictimaiyyun denilir. İctimaiyyun xüsusi mülk qüdsiyyətini münkər olub bütün istehsal vasitə və alətlərinin, məsələn: yer, zavod, fabrika, mədən və sairənin xüsusi əllərdən alınıb da ümumi cəmaət idarəsinə, başqa sözlə, hökumət əlində olmasına çalışıyor. İctimaiyyunlarca dünya bir mübarizədən ibarətdir. Təbiətlə insanlar arasında vaqe olan bu mübarizə bəşər mədəniyyətini doğurmuşdur. Mədəniyyət və mədəniyyət aləmindəki sərvət və saman insan övladının təbiətə çaldığı qələbənin səmərəsidir. Fəqət insan bir tərəfdən təbiətlə mübarizə elədigi halda, o biri tərəfdən dəxi bu mübarizə nəticəsində hasil olan sərvətin bölüşməsi üstündə rəqabət etmişdir. Yaradılışda daha qüvvətli olanlar özlərindən daha zəif olanlarını istifadə edib çalışdırmış, buna görə də insanlar siniflərə bölünmüşlərdir. Qədim Hürmüzd ilə Əhrimən əqidəsi, rəhmən-şeytan təsəvvürü. Adil və zülm binaları həmin bu varlı və yersiz, qüvvətli-qüvvətsiz, hakim-məhkum, tabe-mətbu keyfiyyətinin bir növ şairanə rəmzidir. Bu ictimai mübarizə vəqtilə qulluq və sonra kəndçilər əsarəti, daha sonra üçüncü silk denilən burjua məzlumahi, nəhayət - ticarət və sənaye tərəqqi edib, burjua azad və sərmayədarlıq üsuli paydar olunca - füqərayi-kasibə (proletari) təzyiqini mucib olmuş, tainki məzkur sinfin əsli olmaq üzrə sosializm məsləki zühur etmişdir.

 

Sosializm insanların məişət və güzəranca müsavi olmalarından və müsavatə meyl edib də onu təhsil eləməkdən ibarət ictimai bir məslək olmaq üzrə bəşəriyyətə çoxdan məlumdur. Dinlərin bir çoxundakı bəs bədəlmövt və mövtdən sonra həyati-cavidani babındakı təsəvvürlər bəşəriyyətin sosializm həqqindəki düşüncəsindən başqa bir şey degildir. Bu sosializm əhli-dincə və dünyada bərpa olacaqsa da, onun bu dünyada bərpa olacağına inanıb da o yolda cihadlar etmiş, təcrübələr eləmiş qəhrəmanlar vardır.

 

Fəqət məşhur Marksa qədər sosializm bir növ həyatpərvər və hayati binalar üzərinə qurulu şairanə bir təsəvvür kibi tələqqi oluna bilər isə də, Marksdan sonra sosializm əqidəsi elmi bir nəzəriyyə halını almışdır. Marksizm məsləki bütün sərmayədarlıq üsuli ilə yaşayan məmləkətləri varlı-varsız sinfindən ibarət bilib bu iki sinif arasında əbədi bir  mübarizə təsəvvür edər. Bu mübarizə marksizmcə sərmayədarlıq üsulunda ən böyük amil və mühərrikdir. Bu mübarizə başqa nə kibi mədəni, milli, hüquqi, hətta fənni cəhətlər varsa, hamısına icrayi-təsir ediyor. Ədəbiyyat özünü bu sinif mübarizəsinin təsiri xaricində bulunduramıyor.

 

Kapitalizm (sərmayədarlıq) geri qalmış məmləkətlərdə, o yerlərdə ki, hələ dərəbəglik (feodalizm) vardır, tərəqqipərvər bir rola malikdir. Bilnisbə, hürriyyət istər elm və fənnə tərəfdar olur, məmləkətin abadlığını, yollar çəkilməsini, mədəniyyətin irəliləməsini tələb eylər. Fəqət hər sikkənin iki üzü olduğu kibi kapitalizmin də ikinci üzü vardır. Bu üz ondan ibarətdir ki, kapitalizm sayəsində vücuda gələn dövlət və sərvətlə bərabər, füqəra ilə səfalət də tərəqqi ediyor. Xırda sərvət sahibləri azalıb kiçik sənətkarlar əmələligə gediyor, bunun əvəzində isə sərmayə mərkəzləşib milyonlar böyüyür. Halbuki milyonlarla xəlq vardan-yoxdan çıxıb fabrikada çalışmaq və zəhmətini satmaq məcburiyyətində qalıyor. Kapitalizm ilə idarə olunan məmləkətlər zahirdə abad, məmur, xoşbəxt görünüyorlarsa da, batində təzadlarla dolu səfalətə məhkum, həyatından naməmnun əmələ sinfi və demokratiyadan ibarətdirlər.

 

Kapitalizmin tərəqqisi Marksın təsəvvürüncə bir tərəfdən sərmayənin mərkəzləşməsinə, digər tərəfdən cəmaətin əmələligə getməsinə səbəb olub, nəhayət, bu hal bir dərəcəyə gələcək ki, istehsal aləti xüsusi maliklərin əlindən çıxıb müstəhsalların öz əlinə keçəcək. Demək ki, istehsalat cəmaətin öz malı olub mədəniyyətin səmərəsi xəlq arasında müsavi surətdə paylanacaq. Böylə olunca dünyada artıq xüsusi mülk qalmayıb üsuli-məişət başqa bir əsas üzrə həqiqi qardaşlıq üstünə bina olunacaq. Xüsusi mülkün qalxması ilə bugünki ailə, din, milliyyət və sair məfhumların da hamısı başqa bir məna və rəng alacaqdır. Bu əsri-səadət təbii surətdə, sənaye və sərmayədarlığın təkamülü nəticəsində istər-istəməz gələcək isə də, bu gəlişi asanlaşdırmaq zəhmətkeş cəmaətin öz işi və öz borcudur. Sosialist əmələ firqələri iştə, bu borcunu ifa etmək üçün təşkil olunmuşlardır. Bu firqələr bütün dünyanın sərmayədarlıq üsuli-məişətindən qurtarıb sosializm üsulinə keçməsinə çalışmaqla bərabər hər məmləkətdə olduqları yerin iqtizasına görə siyasi həddi-əql məramnaməsi tərtib edib bu məramnamənin qövldən-felə gətirilməsinə çalışıyorlar. Bu məramnamələrin tətbiqində onlar sinif mübarizəsi tərəfdarı olub əmələ sinfinin, zəhmətkeş xəlqin mənafeini gözliyor, onların əhvali-iqtisadilərini asanlaşdırmağa çalışıyorlar. Bu firqələr təbiətlərinə görə bir sinif firqəsi isələr də, niyyətlərinə görə ümumbəşəriyyətə xidmət ediyor və dünyanın ən böyük əqsai-amalı olan sosializmə irməklə yalnız zəhmətdəki əmələ qismini degil, bütün bəşəriyyəti səfalətdən qurtarmaq istiyorlar. Çünki əmələ yoxsulluq məşəqqətindən tənkdə isə, varlı da israf üzündən zəhmətdədir. Birisi toxluq, o birisi də aclıq üzündən azarlıyor. Hər ikisi də qeyri-təbii bir hal keçirməkdədir.

 

İştə, bu gün hər tərəfdən eşitməkdə olduğumuz “Yaşasın sosializm” şüarı bu xüsusi mülk tanımayan o dövri-səadəti qəsd ediyor.

 

Kapitalizmin gördügümüz bu surətli tərəqqisi nəticəsində heç şübhəsiz ki, bəşəriyyət bu böyük səadəti dərk edəcək. Bu dərki-səadət tezmi olacaq, gecmi olacaq - o bir başqa məsələ. Vazeh olan bir məsələ varsa, o da budur ki, bu inqilab birdən olmayıb, tədriclə vaqe olacaq və sosializm tamamilə yetişməyincə bəşəriyyət ağacından dərilməyə-cəkdir.

 

Dünyanın bir gün gələcək də sosializm üsuli-ictimaisi üzərinə idarə olunacağına qənaət yetirməmək bəncə mümkün degildir. Fəqət bu irişmək yolları müxtəlifdir. Bu ixtilaflı yollar üstündə danışıq yeri də var. Sosialist partiyalarının biri-birlərindən ayrılması da iştə, bu yollar üstündədir.

 

Sosializm həddi-zalında bir sinif məsləki olduğundan beynəlmiləldir. Fəqət böylə olmaqla da bir milliyyəti inkar etməz, ona təhəmmül edər. Sosialistlər əksərən mərkəziyyətçidirlər. Bilxassə milli-məhəlli muxtariyyətlərə hüsni-təvəccöh bəsləmiyorlar. Fəqət bununla bərabər mütəkamil bir şəkli-idarə olmaq üzrə də federasyon üsuli-idarəsini, milli-məhəlli muxtariyyətləri qəbul edən sosialistlər də vardır. Bilxassə rəyi-aləm üzərinə bir millət özünün istiqlalını belə istəsə sosialistin ona heç bir sözü ola bilməz, biləks demokratik əsaslar nöqteyi-nəzərindən öylə bir qərarı müdafiə belə edər.

 

Məişət və mədəniyyətimizin xüsusiyyəti ilə, sənayeyi-milliyyə ilə əhvali-iqtisadiyyəmizin xüsusi şərait altında bulunduğuna nəzərən sosializmin mühitimizdən ötrü ərkən olduğuna hökm verilə bilərsə də, bu məslək tərəfdarlarının mənafei-milliyəmiz üçün zərərli olduğunu kimsə iddia edəməz.

 

Biz milliyyət və millətin muxtariyyətini iləri çəkdikdə bəzilərinin düşündügi kibi sosializmə zidd getmiyoruz. Biləks sosializmi azad millətlərin azad ittifaqından ibarət bildigimizdən geniş surətdə tələqqi etdigimiz milliyyətpərvərligi, bütün millətlərə bir gözlə baxan sosializmi hazırlaşdıran vasitələrdən birisi və birincisi ədd ediyoruz.

 

M.Ə.Rəsulzadə

”Açıq söz”, 25 iyun 1917, ¹506

 

Əqsa - uzaqda olan

 

Tazə rəfiqimizi təbrik

 

Türk mətbuati-mövqutəsi yeni bir əsərlə daha zənginləşdi. “Hümmət” qəzetəsi nəşr olundu. “Hümmət” Rusiya ictimaiyyun-ammiyyun fəhlə firqəsinin müsəlman təşkilatı “Hümmət” tərəfindən həftədə bir dəfə nəşr olunuyor. Məsləki sosializm tərəfdarı olub fəhlə və əmələ qisminin mənafeini gözləməkdir. Baş məqaləsində məsləkini təyin edərkən diyor ki: “bizim məsləkimiz bütün insanları birləşdirməkdir. Biz diyoruz: hamı millətlər üçün məqsəd (ideal) birdir: bu ideal hamı millətləri qardaşlığa dəvət ediyor. Bu müqəddəs nöqtəyə çatmaq üçün hər bir millət öz yolu ilə getməlidir. Çünki bu təbiidir. Fəqət bu nöqtəyə ciddi surətdə yeriş etmək hankı üsuli-idarədə mümkündür? Müsavi yaşayış, ciddi tərəqqi, ruhun təmizlənməsi və ucalması ancaq cümhuriyyət üsuli-idarəsinə bağlıdır”.

 

“Hər bir millət öz yolu ilə getməlidir” - Amənna!

“Çünki bu, təbiidir” -

 

Pək doğru. Bu xüsusda tazə rəfiqimizlə razı olmamaq mümkün deyildir. Həqiqi hürriyyətin ancaq cümhuriyyət üsuli-idarəsinə bağlı olduğuna gəlincə, yəqin ki, burada cümhuriyyətdən məqsəd əvvəla “Cümhuriyyəti-ənam” olduğu və saniyən “Cümhuriyyəti-ənam”ın belə məqsəd deyil, ancaq vasitə olduğu unudulmuş, çünki hər bir sosialistcə müsəlləmdir ki, həqiqi azadlıq yalnız siyasi azadlıqla başa gəlməyib, ancaq sosializmin bərpa olması ilə əmələ gələ bilər.

 

Müəyyən bir partiya vasiteyi-nəşri-əfkari olmaq üzrə “Hümmət” Qafqaziya türk mətbuatı arasında zaman etibarı ilə birinci qəzetədir. Səmimi partiya ixtilafı haman “rəhmət” deyə elan olunan ixtilaflardandır. Yeni rəfiqimizin böylə rəhmətlik bir qəzetə olacağını ümid edərək, kəndisini ürəklə təbrik edər, məsləki yolunda kəndisinə istiqamət və səbat diləriz.

 

“Hümmət” qəzetəsindən bəhs edərkən Qafqaziya türkləri cavanlarının həyatında tarixi bir əhəmiyyətə malik olan 1905-ci il “Hümmət”ini unutmaq olmaz. 15 illik tarixçəsi fövqüzzikr qəzetədə nəql olunan “Hümmət” təşkilatı ismini kiçik mütəəllimlər heyəti tərəfindən 1905-ci ildə gizli surətdə jelatin yapı ilə nəşr olunan “Hümmət” məcmuəsindən almışdır. Bu məcmuə cəmən 5-6 nömrə nəşr olunmuşdur. Bu sətirləri yazarkən 3-cü nömrəsi əlimiz altındadır. Tarixi bir əhəmiyyətə malik olduğu üçün nümunə olaraq məzkur nömrədən aşağıdakı məqaləyi nəql ediyoruz:

 

“Hümmətür-rical, təqləül-cibal”

 

Bu kəlami-hikmət nizam ki, bizim cəridənin hər səhifəsinin əvvəlində, intibahnamələrin ünvanlarında, cavanlarımızın övradi-zikrində mütədavil və bərqərardır - nə deyən sözdür bilməli.

 

Bu kəlami-izan həzrət əmirülmöminin Əli ibn Əbu Talib əleyhissəlamın kəmali-möcüznümalarından olub, “Kişilərin hümməti dağları qoparar” - dediyini hamımız bilirik. Və bu sözü özümüzə ünvan qayırdıqda bu söz bizə dəsturüləməldir. Xəyal edirik və özümüzü bu dəsturüləməldən mütəxəllif hesab ediyoruq. Amma həqiqətdə isə belədirmi? Özümüzə ünvan tutduğumuz qaydaya müvafiq gedirizmi? “Hümmətür-rical” - kəlməsinin əsl mənasını fəhm edirizmi? Biibarəti üxra, müəyyən bir məsləkimiz varmı? Bu sözü özünə ünvan edən bir dəstənin bu suallara cavabı nə olmalıdır? Əlbəttə ki, belədir: bu sözün məzmunu ilə müvafiq hərəkətdəyiz. Demək lazımdır və illa qövldə bir, feldə qeyri olmalıdır. Biz isə bu suallara bu cür cavab verməliyiz. Həm müttəhidülkəlmə və həm qəlbən cavab verməliyiz. Amma bu cür cavabı vicdanımız təsdiq edirmi? Bu cavabı verib də səvab da buluyoruzmu? Gümanımızca bizim cavanların cəmiyyəti həmin suallara sidq ilə bu cavabı verməyə muxtar deyildirlər. Ona görə ki, “hümmətür-rical” - “kişilərin hümməti” deməkdir. Hümmətür rəcül - kişinin hümməti deyil, yəni “hümmətür-rical” - cəmdir, müfrəd deyildir. Burada təəmmül etməli, dərin fikr edib kəlamın lübbünü bilməlidir. Bu kəlam “Kişilərin hümməti birləşsə, dağları qoparar” deməkdir. Həqiqətdə də öylədir. Hər bir şeyin qüvvəti birlikdədir. Birlik isə yalnız “Mən sənə yoldaşam” - deyib təsəlli verməklə olmaz. Bu, dildə deyilən sözü əməl ilə də göstərməlidir.

 

Bir neçə şəxsin arasında ittihad həmfikirlilik, həmməsləklik ilə olur. Və illa ila yovmilqiyamə nifaq üzrə baqi qalacaqlar. Məsələn, biz cavanların biri millətpərəst, o biri demokrat, üçüncüsü ətiqpərəst, dördüncüsü cədidpərəst olub da, bu cür dəstə-dəstə olmaqda, hərəmiz özünəməxsus bir yol götürüb, müəyyən bir məslək ilə getməkdən hamımız tək-tək tələf olluq. Və heç birimizin əli muradına çatmaz. Yaddan fəramuş etməməlidir. Bu təfriqəbazlıqla belə hamımızın dilində virdimiz “hümmətür-rical, təqləülcibal” sözüdür. Bəs biz müttəfiq olmaq istəsək, bu kəlam ki, hamımız ona mütəkəllimik, mənasını qanıb dildə vird edən kimi, ürəkdə də qəbul etsək müttəfiq, müntəzəm, müttəhid olmağımıza hərgiz şəkk şübhə yoxdur. İndi yoldaşlar! Hərəmiz bir küncdə bir xüsusi cəmiyyət qayırıb da müxtəlif yollar ilə getməkdənsə birləşməli, öz fikr və fellərimizdən bir-birimizi hali etməliyiz. Millətpərəstlik bizə yararsa, hamımız millətpərəst, demokratlıq yararsa, hamımız demokrat və qeyri bir yarar məslək üzrə olub, müttəhidül-qövl vəl fel iş görək.

 

Bəndəyə qalır isə hər bir dəstədən olursa olar, ancaq islamiyyət üzrə olaq. İslamiyyətdən kənara çıxsaq fəlakət bizi gözləyir. İslam bizə rahi-nicatdır - desəm eyni səvabdayam. Nə sosializmin, nə demokratizmin ümdə əqidələri islam ilə müxalif deyil. Bəlkə şarəyei-müqəddəsi-islam qoyduğu qəvaidlə eyni mütabiqətdə və müvafiqətdədir. Zəkat, fitrə və qeyrə sədəqələr vacibi-sünnəti materializm deyil də nədir? Bərəkət cəmaətlikdədir. Ümur cümhuri-şura ilə görülməlidir - kəlamları demokratizmi icab etməzmi? Xülasə, yenə də təkrar edirəm, hər nə olmalıyız, olaq. Fəqət islamiyyət üzrə olaq ki, bu eyni insaniyyətdir.

 

“Açıq söz”, 5 iyul 1917, ¹513

 

Övradi-zikrində mütədavil - həmişə dilinin əzbəridir

Biibarəti-üxra - başqa sözlə

Müttəhidülkəlmə - yekdillik

Lübb - cövhər, məğz

İla yovmilqiyamə - qiyamət gününədək

Mütəkəllim - deyən, danışan

Vird - dilinin əzbəri

Müttəhidül-qövl vəl fel - sözü və işi bir olan

 

(Ardı var)

 

525-ci qəzet.-2018.-7 aprel.-S..20.