Əzablı Paris yolçuluğu

 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

Vilayət QULİYEV

 

(Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin Paris sülh konfransında iştirakla bağlı üzləşdiyi çətinliklər)

 

Paris deyəndə yada ilk növbədə Mirzə Fətəlinin Şahbaz bəyi düşür... Dil öyrənmək, çağdaş Avropa mədəniyyətinə aşina olmaq, faydalı əlaqələr qurmaq niyyəti ilə Parisə getmək istəyən Şahbaz bəy...

 

İlk təşəbbüsdə dərviş Məstəli şahın cadusunun sehrindən çıxa bilməyən gənc Qarabağ zadəganına Parisə görmək, kralın özündən ənam almaq qismət olmamışdı.

 

Amma onun təşəbbüsü izsiz-soraqsız da yoxa da çıxmamışdı. Davamçıları on illər boyu ən müxtəlif yollarla Moskvaya, Peterburqa, Parisə, Brüsselə, Varşavaya yollanmışdılar. Oradan universitet diplomu ilə geri dönmüşdülər. Xalqın gözünü açmış, guya Parisi yerlə-yeksan edən Məstəli şahların tifaqını dağıtmış, Hatəmxan ağaları xeyir əməllərə səsləmişdilər.

 

Və Şahbaz bəyin 1848-ci ilə təsadüf edən uğursuz təşəbbüsündən düz 70 il sonra onun bir dəstə yetirməsi yenidən bu dəfə artıq Fransa prezidentindən (çünki daha kral yox idi!) və Avropanın digər ölkələrinin dövlət başçılarından ənam almaq üçün Parisin yolunu tutmuşdu.

 

Bu ən böyük ənamın adı yenicə elan olunmuş Azərbaycan Cümhuriyyətinin  müstəqilliyinin tanınması idi. Onu tələb etmək üçün Parisə “xalqlar konfransına” - tarixi Versal sarayında keçirilən sülh konfransına yola düşənlər isə Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altındakı Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin üzvləri idi...

 

lll

 

1918-ci il noyabrın 11-də Almaniyanın Antanta dövlətləri ilə barışıq sazişi imzalaması nəticəsində Birinci Dünya müharibəsi rəsmən başa çatmış oldu. Bundan əvvəl  Antantaya qarşı dayanan “Dördlər ittifaqının” digər üzvləri - Bolqarıstan çarlığı  (29 sentyabr), Osmanlı (30 oktyabr) və Avstriya-Macarıstan imperiyaları (3 noyabr) ilə də analoji anlaşmalar əldə edilmişdi.

 

Birinci Dünya müharibəsi miqyas və nəticələrinə görə XX əsrin əvvəllərində bəşəriyyət həyatında yalnız ən dəhşətli zəlzələ ilə müqayisə oluna bilərdi. Sivil dünyanın geostrateji yerləşim, insan resursları, xammal ehtiyatları baxımından mühüm  hissəsini nəzarətdə saxlayan dörd böyük mütləqiyyət quruluşu - Rusiya, Osmanlı, Avstriya-Macarıstan və Almaniya  imperiyaları dağılmışdı. Planetin siyasi xəritəsi xeyli dəyişmiş, yeni milli dövlətlər yaranmışdı. Müharibənin labüd nəticəsi kimi bir sıra ərazilərdə tam qeyri-müəyyənlik, iki hakimiyyətlilik, yaxud hakimiyyətsizlik hökm sürürdü.

 

Belə şəraitdə  mövcud reallıqlardan çıxış edərək yeni dünya nizamı yaratmağa,  böyük cahan hərbinin nəticələrindən dərs çıxarmağa, növbəti qlobal qarşıdurma təhlükəsini aradan qaldırmağa ciddi ehtiyac vardı. İrəli sürülən tələblər, yeni cızılan sərhədlər nəzərdən keçirilməli idi. Müəyyən fasilələrlə 1919-cu il yanvarın 18-dən 1920-ci il yanvarın 21-nə qədər Fransa paytaxtında, məşhur Versal sarayında keçirilən   tarixə Paris sülh konfransı kimi daxil olan beynəlxalq forum bu mürəkkəb məsələləri həll etməyə çalışmışdı.

 

Yuxarıda adları çəkilən imperiyalarının süqutu nəticəsində Qafqazdan Avropanın mərkəzinə və şimal qurtaracağına qədər uzanan  böyük bir ərazidə  yeni yaranan 13  dövlət öz müstəqilliyini elan etmişdi. Onlar hamısı  gələcək siyasi mövcudluğu ilə bağlı  sülh konfransı Ali Şurasının verdiktini gözləyirdi.

 

Hələ müharibənin rəsmən başa çatmadığı, beynəlxalq konfransın keçirilmə vaxtı və yeri ilə bağlı təsəvvürlərin çox dumanlı olduğu bir şəraitdə Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski müvəqqəti paytaxt Gəncədə imzaladığı 23 avqust 1918-ci il tarixli sərəncamla milli müstəqillik idealının memarlarından biri, görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovu Osmanlı dövləti yanında fövqəladə və səlahiyyətli nazir  təyin etmişdi. Azərbaycanın taleyi ilə bağlı bütün məsələlərin müzakirəsində, qərarların qəbul olunmasında geniş səlahiyyətlərlə birlikdə ona həm də “beynəlxalq konfrasın keçiriləcəyi təqdirdə  onun işində Azərbaycan sülh nümayəndə heyətinin tam hüquqlu üzvü kimi iştirak etmək” ixtiyarı verilmişdi.

 

Uzun məşəqqətlərdən sonra yalnız sentyabrın sonunda İstanbula gələn Ə.Topçubaşov dərhal Osmanlı dövlətinin və siyasi elitanın nümayəndələri ilə görüşlər keçirməyə başlamışdı. Tezliklə özü də çətinliklər məngənəsində sıxılmağa başlayan Türkiyəyə bəslənən ümid və gözləntilərin  əsassızlığı meydana çıxmışdı. Mudros müqaviləsi imzalandıqdan sonra vəziyyət daha da ağırlaşmışdı. Ona görə də Ə.Topçubaşov bundan sonra da İstanbulda qalmağın səmərəsizliyini fikirləşərək bir ara hətta dövlət rəhbərliyi səviyyəsində müvafiq məsləhətləşmələr aparmaq məqsədi ilə  Bakıya qayıtmaq, ya da Berlin və Vyanaya getmək fikrinə düşmüşdü. Eyni zamanda, Osmanlı imperiyasının hərbi nazirliyi yanında fəaliyyət göstərən Şərq şöbəsinin yardımı ilə Azərbaycan nümayəndələrini - Əli bəy Hüseynzadə və Səlim bəy Behbudovu tanıtma missiyasının tərkibində Avropa ölkələrinə göndərməklə bağlı planlar qurmuşdu.

 

Lakin aydın məsələdir ki, müharibəni məğlubiyyətlə başa vuran  Dördlər ittifaqı”nın üzvləri, yaxud neytral ölkələr Azərbaycanın müstəqilliyinin beynəlxalq miqyasda tanınması üçün o qədər də mühüm, həlledici iş görə bilməzdilər. Burada əsas söz sahibi qalib  tərəf - Antanta idi. Çox şey onların istək və iradəsindən, ümumi məşvərət əsasında verəcəkləri qərarlardan asılı idi.

 

Görüş və söhbətlərdə dəfələrlə bu mövzuya toxunulsa da, sülh konfransı haqda ilk dəqiq bilgini Ə.Topçubaşov 1918-ci il noyabrın 18-də, Osmanlı dövlətinin yeni xarici işlər naziri Rəşid paşa ilə söhbət zamanı almışdı. Türkiyədəki hökumət dəyişikliklərinin dost Azərbaycana münasibətdə hər hansı fərqli yanaşmaya yol açmayacağını qeyd edən nazir, mövcud şəraitdə əməli yardım göstərə bilməyəcəklərini açıq şəkildə bildirmiş, həmkarını əsas diqqəti sülh konfransına yönəltməyə çağırmışdı: “...indi tək yeni yaranan dövlətlərin deyil, ümumiyyətlə bütün dövlətlərin taleyi sülh konqresinin qərarlarından asılıdır. Konqres, bildiyimə görə, Parisdə keçiriləcək. Amma hələ dəqiq vaxtı məlum deyil. Lakin ora öz nümayəndə heyətinizi məhz indi göndərməlisiniz. Heyət sayca böyük olmalı, Avropanı tanıyan, siyasət məsələlərindən başı çıxan, xarici dilləri bilən adamlardan təşkil edilməlidir. Təbii ki, heyət üzvlərinin siyasi tarix və beynəlxalq hüquq sahəsində də bilgiləri olmalıdır. Avropaya yol açılan kimi belə bir nümayəndə heyəti göndərmək lazımdır”.

 

Ə.Topçubaşov bu yenilik barədə  20 noyabr 1918-ci il tarixli məktubunda baş nazir  Fətəli xan Xoyskini məlumatlandırmışdı: “Sülh konqresinin vaxtı və yeri hələ dəqiq məlum deyil. Güman edirəm ki, iki-üç aydan sonra Parisdə baş tutacaq. Ermənilər və gürcülərlə əlaqə saxlamağa çalışın: Xüsusən də sülh konqresinə birləşmiş heyət göndərilməsi ilə bağlı onlarla danışıqlar aparmaq lazımdır. İstənilən halda  mümkün qədər böyük sayda Azərbaycan nümayəndə heyətini indidən seçmək və onu zəruri materiallarla təmin etmək vacibdir”.

 

Heç bir cavab ala bilmədiyindən  dekabrın 16-da o, “Paris sülh konfransına hazırlıqla bağlı” yenidən hökumətə müraciət etmək məcburiyyəti qarşısında qalmışdı. Görünür, həmin ərəfədə Ə.Topçubaşov yeni dünya düzəni haqda Vilson prinsipləri ilə daha yaxından tanış olduğundan (ABŞ prezidenti V.Vilsonun sülh konfransının yekunları ilə bağlı əsaslandırdığı 14 prinsipdən biri də dünyanın kiçik dövlətlərə parçalanmasına imkan verməmək idi) Cənubi Qafqazın Parisə azərbaycanlı, gürcü və ermənilərdən ibarət vahid nümayəndə heyəti göndərməsi ideyasını təkidlə müdafiə edirdi. İstanbulda Ermənistan Milli Şurasının sədri, erməni heyətinin başçısı A.Aqaronyanla görüşündə və sonuncunun gürcü lideri  A.Çxenkeliyə məktubunda da bu məsələ qaldırılmışdı. Eyni zamanda, Parisə yollanan İran nümayəndə heyətinin rəhbəri, xarici işlər naziri Mirzə Əliqulu xan Ənsarini Azərbaycan tərəfinin təklifi barədə məlumatlandırmışdı. Lakin vahid “Qafqaz evi” ideyasının qızğın tərəfdarı kimi tanınan və həyatının sonuna qədər amalına sadiq qalan Ə.Topçubaşovdan fərqli olaraq ermənilər və gürcülər məsələyə soyuq yanaşmışdılar. Əslində, müəyyən antiazərbaycan mövqeyindən çıxış etsələr də, onların hadisələrə baxışı reallığa daha yaxın idi: çünki milli dövlətlər qurulub möhkəmlənmədən, siyasi sistemdə yerini tapmadan hansısa konfederasiya, yaxud  federasiyada birləşmə belə dövlətin möhkəmliyinə, yaşarılığına təminat vermirdi. Azərbaycanlı, gürcü və ermənilərin 1918-ci il aprelin 22-dən mayın 26-na qədər mövcud olmuş Zaqafqaziya Federativ Respublikasının acı təcrübəsi də bunu göstərirdi.

 

Nümayəndə heyətinin tərkibi qanunverici orqan tərəfindən seçilməli və hökumət başçısının sərəncamı ilə təsdiq edilməli idi. Bundan ötrü ilk növbədə parlamentin çağırılmasına ehtiyac vardı. Dekabrın 7-də Azərbaycan Məclisi-Məbusanının təntənəli açılışı oldu. Müsavat fraksiyasının lideri M.Ə.Rəsulzadə açılış nitqində sülh konfransı ilə bağlı ümidləri dilə gətirərək deyirdi: “Qaliblər də, məğlublar da millətlərin hüququ təslim ediləməz deyirlər. Yaxında açılacaq sülhi-ümumi konfransında bu fikir qətiyyən hakim olacaq. Müttəfiq dövlətlərin Bakıda bulunan nümayəndələri naminə general Tomson Qafqaziya məsələlərinin sülhi-ümumi konfransında həll olunacağını rəsmən elan etmişdir”.

 

Parisə, sülh konfransına yollanacaq Azərbaycan nümayəndə heyətinin tərkibi 1918-ci il dekabrın 28-də Parlamentin Ağsaqqallar Şurası tərəfindən müəyyənləşdirildi. Baş nazir Fətəli xan Xoyskinin imzası ilə 1919-cu il yanvarın 4-də heyət üzvlərinə verilən şəhadətnamədə deyilirdi: “Azərbaycan hökuməti-Cümhuriyyəsi Məclisi-Məbusanının rəyi və qərarına binaən Azərbaycan hökuməti-Cümhuriyyəsi tərəfindən hərbi-ümuminin nihayətindən sonra dövlət və millətlərin nümayəndələrindən təşəkkül edəcək sülhi-ümumi konqresində Azərbaycan mümməsili sifətiylə bulunmaq və yaxud millət və dövlətlər nümayəndələrindən ibarət xüsusi sürədə ini`qad edə biləcək beynəlmiləl məclislərdə iştirak etmək, müxtəlif dövlət və millətlərlə Azərbaycan naminə hər növ siyasi, iqtisadi və mali təhəddüdnamələr əqdinə səlahiyyətdar olmaq üzrə Azərbaycan Məclisi-Məbusan sədri Əlimərdan bəy Topçubaşovun rəyasəti ilə hökumət və Məclisi-Məbusan əzası Məhəmməd Həsən Hacınski, Məclisi-Məbusan əzalarından Əhməd bəy Ağayev və Əkbərağa Şeyxülislamov həzrətlərindən ibarət bir heyəti-mürəxxisə təyin və ezam olunur. Məzkur Heyətə Məclisi-Məbusan əzasından Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyevlə “Azərbaycan” qəzetəsi mühərrirlərindən Ceyhun bəy Hacıbəyli cənabları müşavir olmaq üzrə təyin olundular”.

 

Növbəti günlərdə nümayəndə heyəti ilə bağlı daha iki qərar verildi. Yanvarın 5-də baş nazir Fətəli xan Xoyski, ticarət və sənaye naziri Mirzə Əsədullayev, poçt və teleqraf naziri Aslan bəy Səfikürdski, xalq maarifi naziri Həsib bəy Usubbəyovun imzası ilə hökumət ofisiozunda - “Azərbaycan” qəzetində “Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə təlimat”  adlı sənəd  çap olundu. Burada Ə.Topçubaşov və həmkarlarının qarşısına vəzifə kimi “bütün üsul və vasitələrlə Azərbaycanın tam müstəqilliyinin müdafiəsinə və beynəlxalq birlik tərəfindən tanınmasına nail olmaq, müəyyən səbəblərdən bunun mümkün olmadığı təqdirdə isə ölkənin və onun vətəndaşlarının mənafeyini hər şeydən yüksək tutmaq şərti ilə öz ağıl və vicdanlarına uyğun hərəkət etməklə” bağlı tövsiyələr verilirdi. Milli maraqlarının müdafiəsi baxımından keçmiş Rusiya imperiyasından ayrılıb müstəqil dövlətlərini quran xalqların ön cərgəsində yer tutmaq heyət üzvləri qarşısına bir vəzifə və borc kimi qoyulurdu.

 

Nəhayət  F. Xoyski  Azərbaycanın Paris sülh konfransında iştirakı ilə bağlı hazırlıqların son akkordu kimi  yanvarın 6-da xüsusi sənəd - Parlament sədri Ə. Topçubaşovun “Azərbaycan hökuməti tərəfindən sülhi-ümumi konfransda iştirak etmək üzrə ezam  olunan heyəti-mürəxxəsəyə riyasət eləmək üçün təyin olunduğuna aid şəhadətnamə” imzalamışdı.

 

Dövrün ağır rabitə şərtləri, davamlı poçt və teleqraf əlaqəsinin olmaması nəticəsində Ə.Topçubaşov İstanbulda bütün bu yeniliklərdən məlumatsız  idi.  Paris sülh konfransında Azərbaycan heyətinin sədri seçilməsi ilə bağlı xəbəri ona ilk dəfə Bakıdan keçərək İstanbula gələn İran xarici işlər naziri Mirzə Əliqulu xan Ənsari çatdırmışdı. Yanvarın 9-da İstanbulun məşhur Pera Palas hotelində çoxdan tanıdığı Əlimərdan bəylə görüşən İran rəsmisi ona ölkəsindəki son yeniliklər barədə bilgi verərək demişdi: “Bakıda Nəsib bəy, Əbdüləli bəy, Əhməd bəy Ağayevlə görüşdük. Onlardan sizin Parisə göndərilən nümayəndə heyətinin başçısı seçildiyinizi öyrəndik. Hökumətiniz istefaya gedib. Əvvəlcə sizi baş nazir gətirmək istəyirdilər. Sonra Fətəli xanı dilə tuta bildilər”. Yanvarın 15-də baş tutan növbəti görüşdə isə Əliqulu xan məlumatını yeni detallarla zənginləşdirərək hökumətin nümayəndə heyətinin səfərinə mühüm diqqət yetirdiyini, ilkin xərclər üçün 54 min Osmanlı lirəsi ayrıldığını, heyət üzvlərinin təxirə salınmadan yola düşmələri üçün tədbirlər görüldüyünü  əlavə etmişdi.

 

Rəhbərlik təyin olunduğu mühüm missiya haqda başqa bir xəbəri  Paris sülh konfransında erməni heyətinin rəhbəri A.Aqaronyan çatdırmışdı. Lakin İran nazirindən fərqli olaraq onun məlumatları səhihliyi ilə seçilmirdi.

 

Nümayəndə heyətinin üzvləri İstanbula gələnə kimi Ə.Topçubaşov boş dayanmamışdı. Bir tərəfdən, sülh konfransına təqdim etmək üçün Azərbaycan  Cümhuriyyətinin siyasi və iqtisadi müstəqilliyini əsaslandıran geniş memorandum hazırlamağa başlamış, o biri tərəfdən isə həm Osmanlı rəsmiləri, həm də xarici ölkələrin İstanbulda akkreditə olunan elçiləri, diplomatik nümayəndələri ilə görüşlər keçirmişdi. Görüşlərdə müzakirəyə çıxarılan əsas məsələlərdən biri də qarşıdakı sülh konfransı və onun yeni müstəqil dövlətlərə münasibətdə tutacağı mövqe idi. Burada hətta hazırlıq mərhələsi üçün səciyyəvi olan kiçik uğurlardan da danışmaq mümkün idi. Məsələn, sülh konfransında İsveç nümayəndə  heyətinin rəhbəri  səfir S.Ankarxverd yanvarın 12-də Ə.Topçubaşova  məktubunda ondan aldığı nota və memorandumu öz ölkəsinin xarici işlər nazirliyinə göndərdiyi haqda məlumat vermişdi. Bu cür əməkdaşlıq və siyasi məlumatlandırma işi digər  dövlətlərin  nümayəndələri ilə də aparılırdı.

 

Hələlik heç bir Qərb ölkəsində diplomatik missiyası olmayan Azərbaycan hökuməti sülh konfransına xüsusi heyəti göndərilməsinə böyük əhəmiyyət verirdi. Parlamentin 10 dekabr 1918-ci il tarixli ikinci iclasında müsəlman sosialistləri fraksiyasından deputat  Ə.Şeyxülislamov dünyaya açılmaq, ilk növbədə isə Avropa ilə münasibət qurmaq baxımından dövlətin xarici siyasətinin ciddi qüsurunu dilə gətirərək demişdi: “İndiki hökumətdən biz narazıyıq ki, indiyə qədər Avropa ilə münasibət peyda etməmişdir”. 26 dekabr tarixli 5-ci iclasda Zəngəzur qəzasından Məclisi-Məbusan üzvlüyünə seçilən Ə. Ağayev də eyni məsələyə təkrar qayıtmağa lüzum görmüşdü: “Avropa ilə yolumuz bağlıdır. Orada nə olduğunu bilməyiriz. Halbuki Avropada vüqu olan hadisatdan müqəddəratımız asılıdır. Avropada nə olduğunu bilməli, ona uyğun da siyasətimiz olmalıdır. Ona görə də Avropa ilə əlaqələr olmamasına təəssüf etməyə məcbur oluram”.

 

Bu mənada Avropaya ilk nümayəndə heyətinin göndərilməsi dövlətçilik həyatının, xarici siyasətin mühüm və yaddaqalan hadisəsi kimi qəbul edilirdi. Yanvarın 10-da heyət üzvlərinin Bakıdan yola salınmaları ümummilli bayrama çevrilmişdi. Rus dilində çıxan  “Azərbaycan” qəzeti bu münasibətlə 11 yanvar 1919-cu il tarixli sayında yazırdı: “Dünən dövlət nəzarətçisi M.Hacınski, Parlament üzvləri Ə.Ağayev, Ə.Şeyxülislamov, habelə səfərdə onları müşayiət edən müşavirlər - C.Hacıbəyov, M.Məhərrəmov, M.Y.Mehdiyevdən  ibarət Azərbaycan sülh heyəti xüsusi vaqonda Bakı-Tiflis-Batumi-Poti təriqi ilə Avropaya yola düşmüşdür.

 

Konstantinopolda Azərbaycan Parlamentinin sədri Ə.Topçubşov da nümayəndə heyətinə qoşulacaqdır”.

 

Müstəqil dövlətin Avropaya gedən ilk rəsmi elçilərini yola salmaq üçün həmin soyuq qış günü hökumət sədri F. Xoyski başda olmaqla tam tərkibdə Nazirlər Şurası, Parlament üzvləri, çoxlu vəzifəli şəxslər, sadə xalq nümayəndələri Bakı dəmiryol vağzalına toplaşmışdılar. İzdihamlı mitinqə çevrilən  mərasimdə çıxış edən Məclisi-Məbusan üzvləri M. Ə. Rəsulzadə və Ə. Pepinov həmkarlarına millət naminə faydalı fəaliyyət və uğur arzuladılar. “Azərbaycan” müxbirinin yazdığına görə, nümayəndə heyəti adından atəşin cavab nitqi söyləyən Ə. Ağayevin təsirli sözləri mərasimə toplaşanların gözlərini yaşartmış, ürəklərini qürur hissi ilə doldurmuşdu.

 

Parisə - Azərbaycanı beynəlxalq miqyasda tanıtmağa, onun milli müstəqillik hüququnu təsbit etməyə gedənlər kimlər idi?

 

Sədr - Əlimərdan bəy Topçubaşov (1863-1934) - həmin dövrdə tək öz vətənində və Rusiya müsəlmanları arasında deyil, qonşu İran və Osmanlıda da kifayət qədər yaxşı tanınan siyasətçi, ictimai xadim, görkəmli hüquqşünas və publisist idi. “Kaspi” qəzetinin redaktoru, I Dövlət  Dumasının üzvü, Rusiya müsəlmanlarının I-IV qurultaylarının və Ümumrusiya müsəllmanlarının I qurultayının təşkilatçı və rəhbərlərindən olmuşdu. 1907-ci ildə qurulan ilk müsəlman siyasi partiyasına - “İttifaqi-müslim”ə və Dövlət Dumasında Müsəlman fraksiyası Bürosunun fəaliyyətinə rəhbərlik etmişdi. 1918-ci ilin iyununda ikinci hökumət kabinəsındə portfelsiz nazir, həmin ilin avqustunda isə Azərbaycan Cümhuriyyətinin  Osmanlı imperiyası, Gürcüstan, habelə Ermənistanda  fövqəladə və səlahiyyətli naziri təyin edilmişdi. Eyni ilin dekabrında qiyabi şəkildə və yekdilliklə Azərbaycan parlamentinin sədri seçilmiş, 1919-cu il yanvarın 4-də  Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik ona həvalə  edilmişdi.

 

Üzv - Məmmədhəsən Hacınski (1875-1931) - siyasətçi və dövlət  xadimi. Peterburq Texnologiya İnstitutunu bitirmişdi. 1902-1917-ci illərdə Bakı şəhər Dumasının üzvü olmuş, “Nicat”, “Nəşri-maarif” kimi xeyriyyə və maarifçi cəmiyyətlərin fəaliyyətində yaxından iştirak etmişdi. Müsavat partiyasının ilk üzvlərindən idi. 1918-ci ildə Zaqafqaziya Seyminə seçilmiş, qısa ömürlü ZDFR-da ticarət və sənaye naziri vəzifəsini tutmuşdu. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsini imzalayan 26 üzvündən biri idi. Azərbaycan Cümhuriyyətinin ilk xarici işlər naziri (28 may - 6 oktyabr) olmuşdu.  Hökumətin tərkibində baş verən dəyişikliklərdən sonra ikinci kabinədə dövlət nəzarətçisi vəzifəsini tuturdu. Nümayəndə heyətində Müsavat partiyasının və dövlətin təmsilçisi, eyni zamanda sədrin müavini sayılırdı. Daha çox iqtisadi -ticari məsələlərlə məşğul olurdu. 1919-cu ildə geri qayıtmış, yerinə sosialist fraksiyasından olan Parlament üzvü A.Atamalıbəyov gəlmişdi.

 

Üzv - Əhməd bəy Ağayev (1869-1939) - ictimai-siyasi xadim, Azərbaycanda türkçülük hərəkatının ideoloq və fəal nümayəndələrindən  biri. Sorbonna universitetində mükəmməl hüquq təhsili almışdı. Ə.Topçubaşov və Ə.Hüseynzadə ilə birlikdə “Həyat” qəzetini nəşr etmiş, “İrşad”ın  əsasını qoymuşdu. Azərbaycanda ilk siyasi təşkilatlardan sayılan, erməni-rus zülmünə qarşı əməli mübarizə aparan  “Difai” partiyasının qurucuları sırasında yer almışdı. 1908-ci ildə siyasi təqiblər nəticəsində İstanbula mühacirət etmək məcburiyyətində qalandan  sonra tezliklə Osmanlı Məclisi-Məbusanına üzv seçilmiş, “Türk ocaqları”nın dörd təsisçisindən biri olmuş, ittihadçılarla yaxınlaşmışdı. 1918-ci ilin iyun ayında Qafqaz İslam ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi vətənə qayıtmışdı. Ə.Ağayev (Türkiyədə daha çox Ağaoğlu kimi tanınırdı) Azərbaycan Parlamentinə seçilmiş, eyni zamanda Paris sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Lakin ingilis işğal qüvvələri tərəfindən İstanbulda həbs olunub Malta adasına sürgünə göndərildiyindən  konfransın işinə qatıla bilməmişdi.

 

Üzv - Əkbərağa Şeyxülislamov (1891-1961) - ictimai-siyasi xadim. Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdı. 1918-ci ilin fevralında Zaqafqaziya Seyminə seçilmişdi. ZDFR hökumətində daxili işlər nazirinin müavini idi. F.Xoyskinin ilk hökumət kabinəsində torpaq və əmək naziri təyin olunmuşdu. 1918-ci ilin dekabrında sosialist partiyasından  Parlamentə üzv seçilmişdi. Nümayəndə heyətində də həmin partiyanı təmsil edirdi.

 

Müşavir - Mir Yaqub Mehdiyev (1891-1952) - Azərbaycan milli istiqlal hərəkatının iştirakçısı. Peterburq Politexnik İnstitutunda və Almaniyada iqtisadiyyat üzrə təhsil almışdı. 1918-ci ildə Bakı Müsəlman İctimai Təşkilatları Şurasında sədr müavini (sədr Ə.Topçubaşov) idi.  Zaqafqaziya Seymi və Milli Şuranın üzvü olmuşdu. Milli Şuranın “Azərbaycan Məclisi-Məbusanının təşkilinə dair”  19 noyabr 1918-ci il tarixli qərarına əsasən seçkisiz Parlamentin tərkibinə daxil edilmişdi. Qanunverici məclisdə və nümayəndə heyətində İttihad fraksiyasını təmsil edirdi.

 

Müşavir - Məhəmməd Məhərrəmov (1895-1982) - İrəvanın Azərbaycan əhalisini təmsil edən ictimai-siyasi xadim. Peterburq və Moskva universitetlərində tibb təhsili almışdı. 1917-ci ilin noyabrında İrəvan quberniyasından Ümumruiya Müəssislər Məclisinə  və Zaqafqaziya Seyminə seçilmişdi.  Milli Şuranın üzvü kimi İstiqlal Bəyannaməsini imzalayanlar sırasında yer almışdı. Azərbaycan Parlamentində sosialist fraksiyasını təmsil edirdi. Sülh konfransına da  həmin fraksiyanın təmsilçisi kimi getmişdi.

 

Müşavir - Ceyhun bəy Hacıbəyli (1891-1962) - siyasətçi, yazıçı, jurnalist, tərcüməçi. Məşhur bəstəkar Ü.Hacıbəylinin kiçik qardaşı. Peterburq Universitetinin hüquq fakültəsində və Sorbonnada təhsil almışdı. 1905-ci ildən sonra  “Kaspi”, “İrşad”, “Tərəqqi” kimi qəzetlərdə Cey Dağıstani imzası ilə dövrün mühüm ictimai-mənəvi  problemlərinə işıq salan çoxsaylı məqalə, felyeton və hekayələr çap etdirmişdi. Azərbaycan Cümhuriyyətinin rus dilində çıxan rəsmi orqanınım -”Azerbaydjan” qəzetinin baş redaktoru olmuşdu.  Nümayəndə heyətində bitərəfləri təmsil edirdi.

 

Bundan başqa, heyətin tərkibində texniki əməkdaş V.Marçevski, katib - S.Məlikov, diplomatik kuryer - Ə.Topçubaşov, tərcüməçilər - Ə.Qafarov (fransız dili),  H.Məmmədov (fransız və türk dilləri) vardı... R.Topçubaşov sədrin şəxsi katibi idi. Bəzi mənbələrdə o zaman İstanbulda yaşayan Ə.Hüseynzadənin də Parisə gedəcək heyətdə yer aldığına dair məlumatlar mövcuddur. Lakin çox güman ki, ittihadçılarla əlaqələrinə görə onun da Parisə getməsi mümkün olmamışdı.

 

(Ardı gələn şənbə sayında)

 

525-ci qəzet 2018.- 7 aprel.- S.18-19.