Böcəklər - “Maskalar” silsiləsindən
ELÇİN
Boş otaq. Ortada miz, arxasında dörd kürsü.
Arxası divara dirənmiş divan, bufet,
televizor, üst-üstə yığılmış kitab rəfləri.
Əvvəlcə böcək uçuşunun səsi
eşidilir, sonra əlində milçəkvuran tutmuş
Xanım qaça-qaça sol tərəfdən otağa daxil
olur.
XANIM. Bu
gün mənim ad günümdür!.. Ad
günüm!.. (Milçəkvuranı
zərblə mizin üstünə çırpır.)
Al! (Təəssüflə) Ay səni... Uçdu.
(Bufetə tərəf qaçaraq, hoppanıb,
milçəkvuranı yuxarı hissəyə vurur.) Ala!
(Təəssüflə) Yenə uçdu!..
Əlində milçəkvuran tutmuş Ər
qaça-qaça sağ tərəfdən otağa daxil olur.
ƏR.
Bu gün mənim ad günümdür!..
Ad günüm!.. (Milçəkvuranı
zərblə divana çırpır.) Bax, belə! (Təəssüflə)
Yox, uçdu...
Ər ilə Xanım üz-üzə gəlir.
İKİSİ DƏ BİRDƏN. Nə olub?
ƏR. Evə böcək girib.
XANIM. Hə, evə böcək girib.
İkisi də
milçəkvuranları ev əşyalarına
çırpa-çırpa böcəyin ardınca
qaçır.
- Al!..
-
Uçdu!..
- Ay səni!..
- Al,
alçaq!..
- Yenə
uçdu!..
İkisi də bir müddət səhnə boyu böcəyin
ardınca qaça-qaça onu beləcə vurmaq istəyir.
XANIM (qaça-qaça milçəkvuranı
divanın qoltuğuna çırparaq, sevincək). Vurdum! Vurdum!
ƏR (əyilib diqqətlə baxır). Hanı?
XANIM.
Bude, burda! (Əyilib baxır)
ƏR.
Yoxdu!
XANIM.
Burdadı... Vurdum axı, vurdum!..
ƏR.
Ode, uçur!..
İkisi də yenidən milçəkvuranı əşyaların
üstünə çırpa-çırpa böcəyi təqib
edirlər.
XANIM (milçəkvuranı televizorun ekranına
çırparaq). Vurdum! Vurdum!
ƏR (əyilib diqqətlə baxır). Yoxdu!
XANIM. Yerə düşüb.
ƏR. Hanı?
XANIM. Qoy, gedim eynəyimi götürüm.
ƏR.
Dedim də, yoxdu.
XANIM (ətrafa boylanaraq). Bəs, hanı? Səsi də gəlmir.
ƏR. Uçub.
XANIM. Hara?
ƏR (çiyinlərini çəkərək). Hara?
Xanım da çiyinlərini çəkir və ikisi də
dikəlib diqqətlə otaqdakı əşyaları
yoxlayırlar.
XANIM.
Yoxdu!
ƏR.
Yoxdu!
Çöl qapısının zəngi
çalınır.
Gəldilər.
XANIM. Niyə?
ƏR. Məni təbrik etməyə.
XANIM. Məni təbrik etməyə?
Xanım tələsik otaqdan çıxır. Ər onun
ardınca boylanır, sonra cəld televizorun yanına gəlib,
əyilərək diqqətlə döşəməyə
baxır.
ƏR (yavaş). Hələ canı çıxmayıb e!..
(Dikəlib ayağı ilə bastalayır.)
Bax, belə!..
İrəlidə Xanım, ardıyca Kişi və
Qadın gəlir.
KİŞİ. Salam, İdris, əziz dostum! (Əri
qucaqlayaraq.) Səni ürəkdən təbrik edirik!
QADIN. Təbrik
edirik!
XANIM (acıqlı). Bu gün mənim ad
günümdür.
Pauza.
ƏR (Kişi ilə Qadına). Siz deyin, bu gün kimin ad
günüdür?
KİŞİ (şaşırmış). İcazə
verin.
Kişi ilə Qadın keçib divanda oturaraq
yavaşdan götür-qoy edirlər. Ər və Xanım
intizarla onların qərarını gözləyir. Nəhayət, Kişi və Qadın divandan
qalxıb onlara yaxınlaşır.
KİŞİ (Ərə). Biz belə qərar qəbul
etdik ki, əvvəlcə mən səni təbrik edim,
(Qadını göstərərək) bu da (Xanımı
göstərərək) onu təbrik etsin, sonra mən onu təbrik
edim, bu da səni təbrik etsin.
XANIM.
O-o-o!.. Siz necə də müdrik
insanlarsız!
ƏR.
Bu heç bizim ağlımıza gəlməyib!
Kişi Əri, Qadın isə Xanımı qucaqlayıb
təbrik edir, sonra tələsik yerlərini dəyişirlər
və Xanım Əri, Kişi də Xanımı təbrik
edir.
XANIM.
Necə də gözəl oldu!
ƏR.
Necə də gözəl oldu!
XANIM. Mən
çox xoşbəxtəm!
ƏR.
Mən çox xoşbəxtəm!
XANIM (qonaqları mizin arxasına dəvət edir). Buyurun, əyləşin!
Oy, siz necə də müdrik insanlarsız!
Dördü də boş mizin arxasında əyləşir.
Pauza.
ƏR (boş mizə baxa-baxa). Qulluqçu hələ
gəlməyib. (Milçəkvuranı
mizin üstünə qoyur.)
XANIM. Biz bu gün ona icazə vermişik. (Milçəkvuranı mizin üstünə qoyur.)
Pauza.
KİŞİ. Bilirsiz, mələklər musiqi dilində
danışırlar.
QADIN. Ancaq mələklər yalnız mözəl məxluqlardan
ibarət deyillər.
KİŞİ. Bəli, Şeytanlar da mələkdir.
XANIM.
Siz necə də müdrik insanlarsız!
ƏR.
Sizinlə söhbət etmək doğrudan da xoşbəxtlikdir!
KİŞİ (ayağa qalxaraq). İdris, əziz dostum!..
Ər də ayağa qalxır və onlar
qucaqlaşırlar.
ƏR.
Qardaşım mənim!..
Ər Kişinin yerində, Kişi isə Ərin yerində
əyləşirlər.
Pauza.
KİŞİ. Xəbəriniz var?
ƏR. Nədən?
XANIM. Nə olub?
QADIN. Xəbəriniz yoxdu?
ƏR. Yox.
XANIM. Yox.
KİŞİ. Ola bilməz!..
QADIN. Yəni doğrudan eşitməmisiz?
ƏR VƏ XANIM BİRLİKDƏ. Yox.
KİŞİ (pıçıltıyla Qadına). Sən də
eşitməmisən?
QADIN (başı ilə təsdiq edir). Hə, mən
də eşitməmişəm.
XANIM.
Deyin! Mən daha dözə bilmirəm. Nə olub?
QADIN.
Çox maraqlı hadisədir!
Pauza.
KİŞİ. Şəhərə böcəklər
hücum edib.
ƏR. Nə?
XANIM. Böcəklərin şəhərdə nə
işi var?!
ƏR.
Sən həmişə boş-boş şeylər
danışırsan! Sənin adətindir!
XANIM.
Panikor! (Qalxıb, mizin arxasında yerini dəyişir.)
KİŞİ (ayağa qalxaraq). Baxarsız!..
İdris, sən bir də məni görməyəcəksən!
Bizimki qurtardı!
Kişi kürsünü hirslə döşəməyə
vurub, iti addımlarla otaqdan çıxır. Qadın əlini
yelləyə-yelləyə onunla sağollaşır.
XANIM (Ərə baxaraq, təəccüblə). Ona nə oldu
belə?
Ər çiyinlərini çəkir.
XANIM (Qadına baxaraq). Hə?
Qadın çiyinlərini çəkir.
İnsanlar
çox qəribə olub...
QADIN. Siz heç yuxu görürsüz?
ƏR (acıqlı). Mən yatmıram.
XANIM. O,
yatmır.
QADIN. Mən də yatmıram.
ƏR. Həkimlər deyir ki, yatmaq vacibdir.
QADIN. Əlbəttə. Ancaq mən dünən çox
pis yuxu gördüm.
XANIM. Pis yuxu?
QADIN. Çox qorxuluydu.
ƏR. Çox qorxuluydu?
QADIN.
Çox!
XANIM.
Danış də, danış! Mən day səbr edə
bilmirəm!
QADIN.
Axı, çox qorxuludu...
ƏR. Biz qorxulu yuxuları xoşlayırıq.
XANIM.
Danış! Danış!
QADIN. Gördüm ki, göydən, ağappaq buludların
arasından eləcə də ağappaq tülə
bürünmüş gözəl, zərif bir qız incə
addımlarla, elə bil, gözə görünməz pilləkanlarla
aşağı enir.
XANIM.
Oy, nə gözəl!..
ƏR. Bunun nəyi qorxuludu?
QADIN (incimiş). Onda danışmıram.
XANIM. Yox, danış. Danış!
QADIN.
Axı, dedi ki, qorxulu deyil.
ƏR.
Mən elə-belə dedim.
XANIM. O,
elə-belə dedi.
QADIN. Onda danışıram.
XANIM. Hə, danış-danış.
QADIN. O
gözəl, zərif qız yerə enib, düz mənə tərəf
gəldi.
XANIM.
Oy, nə gözəl! Sonra?
ƏR (istehza ilə). Budu qorxulu?
QADIN (incimiş). Onda danışmıram.
XANIM.
Yox, danış!
ƏR. Mən elə-belə soruşdum.
XANIM. O,
elə-belə soruşdu.
QADIN. Onda danışıram. Mən... mən başa düşdüm ki, o, göydən
enən mələkdir. O, gəlib mənimlə üzbəüz
dayandı. Ondan behişin ətri gəlirdi.
XANIM. Oy, nə gözəl. (Arvada
işarə edərək Kişiyə.) O, necə də
xoşbəxtdir! (Ərə) Hə, düz demirəm?
KİŞİ. Bilmirəm...
QADIN. Nə? Bilmirsiz? İdris
qardaş, onda mən...
XANIM (tələsik onun sözünü kəsir). Bilir! Bilir! (Ərə) Hə?
KİŞİ (acıqlı). Hə.
XANIM (səbirsizliklə). Sonra nə oldu?
QADIN. O,
mənə baxıb, gülümsədi.
XANIM. Oy!..
QADIN.
Ancaq...
XANIM. Ancaq nə?
QADIN. Mən
qorxuram...
ƏR. Qorxma, mən burdayam.
XANIM. Qorxma, o, burdadı. Ancaq nə?
QADIN. O,
mənə baxıb gülümsədi... Mən gördüm
ki...
XANIM. Nə? Nə gördün?
QADIN.
Gördüm ki, onun qapqara balta kimi dişləri var! Onun gözləri birdən qıpqırmızı
işıldadı. Mən başa düşdüm ki, o,
Şeytandı! Mən: “ - Aman Allah!” - qışqırdım. Mən... mən qışqıran kimi, o, böyük,
murdar bir böcəyə döndü. Vızıldaya-vızıldaya
uçub getdi.
XANIM (Ərə). Qorxuluydu?
ƏR (hirslənir). Böcəkdən
qorxacağam?
Çöl qapısının zəngi
çalınır.
XANIM. Bu kimdi?
Ər çiyinlərini çəkir.
QADIN. Mən qorxuram.
XANIM. Nədən qorxursan?
QADIN. Birdən o qayıdar?
ƏR.
Kim?
QADIN. O
böcək!..
ƏR. Qorxma, mən burdayam.
XANIM. O,
burdadı.
Çöl qapısının zəngi bir də
çalınır.
XANIM (Ərə). Get, qapını aç.
ƏR. Bayaq mən açdım. İndi
sənin növbəndi.
XANIM. Yox, bayaq mən açdım.
Ər (Qadına). Sizə qapını kim
açdı?
QADIN. Zakir.
ƏR. Zakir kimdir?
XANIM.
Hansı Zakir?
QADIN (çiyinlərini çəkir). Bilmirəm...
Yenə çöl qapısının zəngi
çalınır.
Mən
qorxuram...
Zəng təkrar çalınır.
XANIM.
Yaxşı
Xanım qapını açmağa gedir və Qadın
nigarançılıqla onun ardınca baxır.
QADIN (səksəkə içində). Sən
qaçmayacaqsan ki?
ƏR (tərəddüd içində). Mən?
QADIN. Hə. Məni tək qoyub, qaçma.
Xanım irəlidə, ardıyca da Kişi gəlir.
QADIN.
Ay, aman!.. Sənsən?
Nə yaxşı ki, ezamiyyətdən gəldin! Yoxsa ki, mən çox qorxurdum.
KİŞİ. Niyə?
XANIM. Niyə?
ƏR. Niyə?
QADIN. Elə
bilirdim ağ tülə
bürünmüş o qız göydən enib, indicə bura
gələcək... Onun... onun qapqara dişlərini görəcəyəm...
ƏR. Nə olsun? Mənim də siqaret
çəkməkdən dişlərim qaralır.
XANIM. Onun da siqaret çəkməkdən dişləri
qaralır.
ƏR. İldə bir dəfə stomotoloqun yanına gedib, təmizlədirəm.
XANIM. Hə. Mən bunu bilirəm. Çünki
mən də kardioloqun yanına gedirəm.
Kişi yaxınlaşıb Əri qucaqlayır.
KİŞİ. Salam, İdris, əziz dostum! Səni
ürəkdən təbrik edirik.
QADIN. Təbriklər!
Təbriklər!
XANIM. Mən
qəti etiraz edirəm!
KİŞİ və QADIN (ikisi də təəccüb
içində). Niyə?
XANIM. Məni
təbrik etmək lazımdır!
KİŞİ və QADIN (eyni təəccüblə). Bəyəm sənin
də ad günündür?
XANIM (acıqla). Bəli! Mənim yubileyimdir!
KİŞİ. Onda mən sizə bir söz deyim.
ƏR. Hə, de.
XANIM (acıqlı). Nə söz?
ƏR.
De, de!
Kişi də mizin arxasına keçib əyləşir. Pauza.
XANIM. Yaxşı, de.
KİŞİ. Deyim?
ƏR. De, de.
KİŞİ. Əgər sən bahalı bir kastyum geymisən,
içəridə isə ürəyin aritmiya vurur, onda o
kastyumun bir qəpiklik qiyməti yoxdu!
Pauza.
XANIM.
Oy, necə də maraqlıdır!
ƏR.
Xeyr! Mən bu fikirlə razı deyiləm!
KİŞİ (qəzəblənir). Necə?!
XANIM. O,
bu fikirlə razı deyil!
ƏR.
Mən elə bir şey danışa bilərəm ki!..
XANIM. O,
elə bir şey danışa bilər ki!..
O-o-o!..
QADIN.
Danış!.. Danış!..
(Kişinin üstünə
çımxırır.) Qoy, danışsın!
Kişi çiyinlərin çəkir.
Qoy,
danışsın!
KİŞİ (incik). Danışsın də...
ƏR.
Bizim yaxın və istəkli qohumumuz bu il
Nobel mükafatı alacaq!
QADIN. Oy!.. Nobel mükafatı?
ƏR (təntənəli surətdə). Bəli!
KİŞİ (ironiya ilə). Yox bir!
XANIM (təntənəli surətdə). Bəli! Bəli! (Ərinə)
Düzdü?
ƏR.
Əlbəttə!
KİŞİ. O, kimdi elə?
ƏR. Qəzetlərdə oxumamısız?
XANIM. Xəbəriniz yoxdu?
KİŞİ. Xeyr! Mən bütün qəzetləri
alıram, oxuyuram. Belə şey yoxdu!
ƏR.
Onda mən danışmıram!
XANIM.
Danış! Danış! Kimdi o?
ƏR.
Xalam oğlunun ikinci arvadının birinci ərindən
qızının qaynanasının qudasının əmisi
oğlu! (Xanıma) Düzdür?
XANIM. Əlbəttə! O, hər gün bizdədir, Seylon
çayını çox sevir.
KİŞİ. Mən sənə deməliyəm ki...
Qəflətən böcək vızıltısı
eşidilir.
XANIM.
Oy! Bu murdar böcək yenə gəldi! (Cəld
ayağa qalxaraq, mizin üstündəki milçəkvuranı
götürür və böcəyin ardınca
qaçır.) Böcək! (Milçəkvuranı
otaqdakı əşyalara çırpa-çırpa böcəyi
təqib edir.)
ƏR (yavaşdan heyrətlə). Dirildi? (Sonra mizin üstündən milçəkvuranı
götürüb, Qadınla bərabər böcəyi təqib
edir.)
KİŞİ. Böcək!
QADIN.
Böcək!
Kişi tələsə-tələsə pencəyinin
döş cibindən, Qadın isə jaketinin altından
milçəkvuran çıxarır və mizin arxasından
qalxaraq Xanım və Ər ilə birlikdə
qaça-qaça böcəyi təqib etməyə
başlayırlar.
Dördü
də otaqda dövrə vura-vura, bir-birinə toxuna-toxuna, itələyə-itələyə
milçəkvuranları əşyalara
çırpa-çırpa qışqırır:
- Bura
qondu!
- Ala!
-
Qaçdı!
- Vur!
- Al!
-
Uçdu!
- Onu
vuracağıq!
- Mən
öldürəcəyəm!
- Yenə
uçdu!
- Bu saat!
- Ala!
- Ay səni!
- Bax, belə!
Xanımın mizə vurduğu son zərbəsindən
sonra böcək vızıltısı kəsilir.
XANIM (sevinclə). Vurdum! Vurdum! Öldürdüm onu! Gördüz?!
ƏR.
Elə vurmusan ki, mizə yapışıb!
KİŞİ. Ona bu da azdı!
QADIN (milçəkvuranla mizin üstünə yeni bir zərbə
endirir). Al,
murdarın biri, murdar! Öl!
KİŞİ. Bu, əsl qələbədir!
DÖRDÜ
DƏ BİRLİKDƏ. Qələbə! Qələbə!
Əvvəlcə
addım səsləri eşidilir, sonra əllərində nəfəsli
musiqi alətləri tutmuş (truba, valtorna, trombon, tuba və
faqot) beş kişi, eləcə də
birinin boynundan böyük zərb aləti asılmış,
o birisi isə əllərində mis boşqablar tutmuş
qadın musiqiçilər otağa daxil olur. Onların
hər birinin üzündə müxtəlif rəngli və
müxtəlif də təbəssümlü maskalar var.
Musiqiçilər “Marseleza” çalmağa
başlayırlar.
Ər və
Arvad, Kişi və Qadın səhnənin
qarşısında üzü tamaşaçılara tərəf
yan-yana fərəqat düzülərək, fransız dilində
“Marseleza” oxumağa başlayırlar:
Allons
enfants de la Patrie,
Le jour de
gloire est arrive!
Contre nous
de la tyrannie
L'etendard
sanglant est leve, (bis)
Entendez-vous
dans les campagnes
Mugir ces feroces soldats?
Ils
viennent jusque dans vos bras
Egorger vos
fils, vos compagnes!
İki musiqiçi qadın da yüyürərək
onlara qoşulur və nəqəratı bir yerdə oxuyurlar.
Aux armes,
citoyens,
Formez vos
bataillons,
Marchons,
marchons!
Qu'un sang
impur
Abreuve nos
sillons!
Qəflətən
“Marseleza”nı oxuyanlar da, musiqiçilər
də susub diqqətlə qulaq asırlar və birdən
böcək vızıltısı eşidlir.
XANIM (həyəcanla). Böcək? Böcək?! (Əlində
tutduğu milçəkvuranı qaldıraraq, böcəyin
ardınca qaçır.) Böcək!..
Böcək!..
Ər, Kişi, Qadın da əllərindəki milçəkvuranı
yuxarı qaldıraraq Xanımla birlikdə böcəyi təqib
edir. Onlara
baxan musiqiçilər, elə bil, birdən yuxudan
oyanırlar, tez hərəsi musiqi alətini bir yerə
tullayıb, kimi pencəyinin döş cibindən, kimi köynəyinin
altından dartıb milçəkvuran çıxararaq, onlara
qoşulub səhnə boyu böcəyi təqib edir:
- Vur!
-
Qaçdı!
- Ala!
-
Uçdu!
- Al!
- Dəydi?
- Yox!
Və yavaş-yavaş pərdə bağlanır, ancaq
hələ bir müddət də pərdə arxasından
onların səsi eşidilir.
2017
525-ci qəzet 2018.- 7 aprel.- S.16.