Üç Leyli, üç Məcnun
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
Türkiyənin görkəmli ədəbiyyat
tarixçisi Əhməd Kabaklı çoxcildliyinin ikinci
cildində dahi özbək şairi Əlişir Nəvaiyə
də bir fəsil ayırmışdır.
Ə.Kabaklı
yazır: “Nəvai Türk Bilgə Kağan və
Kaşqarlı Mahmuddan sonra tarix içində
tanıdığımız ən şüurlu türk millətçisidir.
Milliyət anlayışı (onda) öncəkilərdən
daha dərin və genişdir. Bu milliyətçiliyin
amacı (məqsədi) bir kültür və ədəbiyyat
dili vasitəsiylə bütün türklüyü birləşdirmək,
tək bir ruh bayrağı altında toplamaqdır”.
Alimin fikrincə, Əlişir Nəvainin amalı “təbiət
xalqı yerinə kültür xalqı yaratmaqdır”,
başqa sözlə desək, bütün türkləri
ümumi mədəniyyət məkanında, ədəbiyyat
müstəvisində, “söz
vətənində” toplamaqdır. Ə.Kabaklı Nəvainin
öz sözlərini gətirir:
“Cahanda türk ədəbiyyatı bayrağını
qaldırmaq sürətiylə türkləri tək (burda
“vahid” - A.) millət
halına gətirdim. Heç ordum olmadığı halda
Çin sınırına (sərhəddinə) və Təbrizə
qədər
bütün türk və türkmən ellərini
sırf divanımı göndərmək sürətiylə
fəth etdim. Hatifdən gələn bir səs mənə: “Sən
qılıncsız olaraq və yalnız qələminlə
türk millətinin qəlbini fəth edəcəksən,
onları tək bir millət yapacaqsan. Türk ölkəsi sənə
aiddir” - dedi.
Ə.Kabaklı özəlliklə onu qeyd edir ki, farsca
yazan türk şairləri illər keçdikcə Nəvaini
daha çox təəssüfləndirirdi və məhz bu məqsədlə
o, ömrünün son illərində
türkçülüyün ən iddialı əsəri
olan “Mühakimət ül-lüğəteyn”i yaratdı.
İki
dilin - türk və fars dillərinin - müqayisəsinə həsr
olunmuş bu dəyərli əsər 1999-cu ildə professor
Kamil Vəli Nərimanoğlunun cağatay türkcəsindən tərcüməsində
Bakıda da nəşr olunmuşdur.
Nəvainin fikrincə, türklər sartlardan (farslardan -
A.) daha saf və pakdırlar. Bununla belə, müəllif onu da
qeyd edir ki, sartların içində bilik əhli, elm və dərrakə
zümrəsindən olan adamlar az deyil. Türk ellərində isə əksinə,
savadsız və sadə camaat daha artıqdır.
Amma türkün böyüyündən kiçiyinəcən,
nökərindən bəyinəcən hamı sart dilini
başa düşür, “türk şairləri fars dilində
rəngarəng şeirlər və şirin kəlamlar
yazırlar”.
Sartların isə rəiyyətindən əsilzadəsinəcən, savadsızından
aliminəcən heç biri türk dilində
danışmır. Əgər yüz və ya
min sartdan biri türk dilini öyrənib, bu dildə
danışırsa, onu eşidən bir türk anlayacaq ki, o,
sartdı”.
Nəvai
yüzdən artıq türk sözü gətirir ki,
onların heç birinin fars dilində
qarşılığı yoxdur və bu sözləri fars
dilinə çevirərkən bir neçə kəlməylə
izah etmək lazım gəlir. Bu da müəllifin fikrincə,
türk dilinin çevikliyini,
yığcamlığını, qısa və kəsə şəkildə
əhatəli mətləbləri ifadə etmək
imkanlarının göstəricisidir. Farsca yazan türk
şairlərinin - Nizaminin, Xaqaninin, Ruminin, eləcə də
İran-hind şairi Əmir Xosrov Dəhləvinin, fars
şairləri Sədinin, Hafizin, Caminin adlarını
böyük ehtiramla yad edən
Nəvainin ən ulu məqsədi türk dilində də belə gözəl şeir incilərinin
yaradılmasının mümkünlüyünü isbat etməkdir.
Nəvai bu müqəddəs missiyanı “Mühakimət
ül-lüğeteyn”in səhifələrində fars və
türk sözlərinin müqayisəsi vasitəsiylə və
türkcəyə üstünlük verərək həyata
keçirirdisə, onun
türklük qarşısında daha möhtəşəm və əvəzsiz xidməti
türk dilində dörd divan və beş poemadan ibarət “Xəmsə”ni
yaratmasıdır.
Mir
Əlişir Nəvai (1441-1501) Herat şəhərində dünyaya gəlmiş və orada
da vəfat edib dəfn olunmuşdur. Özü də Əmir Teymur nəslindən
olan Əlişirin uşaqlıq dostu, məktəb
yoldaşı Hüseyn Baykara sonralar hökmdar olsa da, cağatay türkcəsində yazan
şair kimi də məşhurdur. İki dost hələ məktəb
illərində əhd ediblərmiş ki, hansı biri yüksəlsə,
yoldaşını da yüksəldəcək. Doğrudan
da Hüseyn Baykara taxta çıxan kimi Əlişiri saraya
çağırır və müxtəlif dövrlərdə
ona ən yüksək vəzifələri, o cümlədən,
dövlətin ikinci şəxsi olan vəzir vəzifəsini
verir.
Sultan Baykara özü
ana dilində şeirlər yazmaqla və Nəvai
yaradıcılığını çox yüksək dəyərləndirməklə
bərabər başqa şairlərə də ana dillndə
yazmağı tövsiyə və hətta əmr edirdi. Nəvai dövlət xadimi kimi də çox qəti
və iradəli, bəzi hallarda hətta sərt və
amansız addımlar atmalı olur. Şairin nadir
istedadına və şöhrətinə həsəd çəkən,
onun Hüseyn Baykarayla dostluğuna qısqanc münasibət bəsləyən
saray məmurları
müxtəlif intriqalarla bu iki dostun arasına girə
bilmiş və Nəvaini sultanın gözündən
salmağa nail olmuşlar. Ömrünün sonuna yaxın
Baykara Nəvaini paytaxt Heratdan Astarabada (vali sifətində) faktiki
sürgünə göndərmişdi, onun əmisi oğlunu
edam etmişdi, Nəvaini daima güdür, pusurdular,
Əlişirin gizli çuğulçu olan nökəri onun
hər addımını izləyir, qeyd edir və sultana
çatdırırmış. Bir dəfə hətta Əlişiri zəhərləmək
təşəbbüsü də olub. Bundan xəbər
tutan Hüseyn Baykara dərhal Nəvaini Herata qaytarır və
əmin edir ki, onun bu sui-qəsddə heç bir
iştirakı olmayıb.
Ancaq
tarixdə Mir Əlişir Nəvai tək böyük siyasi xadim və saray
intriqalarının qurbanı kimi deyil, ilk növbədə
ümumtürk ədəbiyyatına
əvəzsiz xidmət göstərmiş böyük
şair və mütəfəkkir kimi qalıb.
Dahi Azərbaycan
şairi Nizami Gəncəvinin və Əmir Xosrov Dəhləvinin
mövzuları əsasında yeni bir “Xəmsə” yaratmağı Nəvaiyə
ustadı saydığı Əbdürrəhman Cami məsləhət
görüb. Caminin belə bir “Xəmsə”ni fars dilindəmi, ya türk
dilindəmi yazmağı tövsiyə etdiyi məlum deyil,
amma o məlumdur ki, Nəvai “Xəmsə”silyə tanış
olandan sonra onu çox yüksək qiymətləndirən
Cami şübhəsiz türk dilini də mükəmməl
bilirmiş, yoxsa bu poemaların yüksək bədii dəyərini
dərk etməzdi. Cami hətta Nəvai “Xəmsə”sini ondan
öncə fars dilində
yazılmış “xəmsələrdən” daha üstün
tutur.
Nəvai
“Xəmsə”si “Heyrət ül-əbrar” (“Seçilmişlərin
heyrəti”), “Fərhad və Şirin”, “Leyli və Məcnun”,
“Yeddi səyyarə”, “Səddi İsgəndər” adlı
poemalardan ibarətdir.
Bu
yazımın mövzusu həmin məsnəvilərdən
yalnız birini - “Leyli və Məcnun”u
XII əsrdə Nizami Gəncəvinin, XVI əsrdə Məhəmməd
Füzulinin yaratdıqları poemalarla müqayisə etməkdir.
Hər üç əsərin mövzusu eyni olsa da,
üç dahinin ədəbiyyata gətirdikləri
üç Leyli və üç Məcnun obrazları bir-birindən xeyli fərqlidirlər.
Amma bu məsələni
araşdırmaqdan öncə bir başqa mövzuya da
toxunmaq istəyirəm - “Əlişir Nəvai və Azərbaycan”
mövzusuna. Bu mövzunun məğzini böyük
şairimiz Səməd Vurğun çox dəqiq ifadə edib: “Mən və mənim
yoldaşlarım son illərədək bilmirdik ki, Nəvai
özbək şairidir. Hər yerdə onun
adı Azərbaycan şairi kimi çəkilirdi. Nəvai xüsusilə bütün Şərq
xalqlarının ədəbiyyatından fars dilinin qovulması
sahəsində olduqca böyük rol oynamışdır”.
Səməd
Vurğunun uzun illər boyu Nəvaini Azərbaycan şairi sayması boş
yerə deyil. Görkəmli ədəbiyyat tarixçimiz
Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı
tarixi materialları” adlı ikicildliyində Nəvaidən Azərbaycan şairləri
sırasında bəhs edir. Firidun bəy Nəvai haqqında
yazır: “Bu şair əslən cağatay türklərindən
idisə də, Azərbaycan
şüərası arasında
artıq hörmət və şöhrət kəsb
etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə
olubdur”.
Nəvai
təsiriylə hətta cağatay türkcəsində yazan Azərbaycan
şairləri arasında F.Köçərli Abdulla Asinin,
Növrəsin, Hacı Seyid Əzim Şirvaninin, Kazım ağa Salikin
adlarını çəkir.
Azərbaycan şairlərindən Kişvəri də
(XV) Nəvaidən təsirlənmişdir. Kişvərinin qəzəlində
hətta təəssüf, həsəd və iddia dolu belə
bir beyt də var:
Kişvəri
şeri Nəvai şerindən əksik iməs,
Bəxtinə
düşsəydi bir Sultan Hüseyni Baykara
Nəvai yaradıcılığı daima ədəbiyyatşünaslarımızın
da diqqət mərkəzində olmuşdur. “Oğuz eli”
qəzetinin Azər Abdullarının redaktəsi ilə
çıxan “Yazıçı” adlı xüsusi
buraxılışının bir sayı (noyabr 2016)
bütünlüklə Əlişir Nəvaiyə həsr
olunmuşdur. Bu nömrədə Bəkir Çobanzadə,
Salman Mumtaz, Əli Nazim, Həmid Araslı, Məmməd Arifdən
Almas Ülviyəcən Azərbaycan alimlərinin, habelə
özbək və rus tədqiqatçılarının
araşdırmalarından
parçalar verilmişdir.
Nəvai şeirlərinin Azərbaycan ədəbiyyatına
fövqəladə təsirini qeyd edən Salman Mümtaz
yazır ki, “uzun gecələr Nəvai şeirləri ilə vəqt
keçirildi.
Füzuli əsərlərinin meydana çıxması ilə Nəvayi
təsiri azalmağa başladı, amma bu birdən deyil
yavaş-yavaş oldu. Çünki cağatayca
artıq məmləkətdə kök salmış və qol-budaq
atmış idi”.
Mötəbər
özbək alimi Vahid Zahidovun 1961-ci ildə Daşkənddə
nəşr olunmuş “Mir idey i obrazov Alişera Navoi”
(“Əlişir Nəvainin ideyalar və obrazlar aləmi”) kitabında
böyük şairin ömür yolundan və
yaradıcılığından geniş bəhs olunur. Yazıldığı
illərdə sovet ədəbiyatşünaslığının
marksist ehkamlarına və müddəlarına əsaslanan
kitabda eyni zamanda, Nəvainin söz dünyasına aid
maraqlı müşahidələr də az
deyil. Hər hansı millətçilik təmayülləriylə
amansız mübarizə aparılan dövrdə V.Zahidov Nəvainin
doğma ana dilinə təəssübkeşliyindən ağız dolusu bəhs edir. Özəlliklə Nəvainin
bu sözlərini sitat gətirir: “Mən türk dilinin (əski
özbək dilinin - qeyd V.Zahidovundur) bəlağətini, incəliyini,
yetkinliyini və genişliyini göstərdim. Türk (özbək - V.Zahidov)
xalqının söz ustalarına
böyük bir həqiqəti sübut etdim: bununla da
onlar doğma dillərinin önəmindən, ifadə imkanlarından agah oldular və
beləliklə, farsca yazan həmkarlarının (türk
şairlərinin - A.) öz doğma dillərinə ikrahla
yanaşmalarına son qoydum”.
Nəvainin Azərbaycanda da geniş
tanındığından yazan özbək alimi Nizamini onun
böyük sələfi, Nəsimini mistik adlandırır və
iddia edir ki, Füzuli “Leyli və Məcnun” poemasını Nəvainin
əsərinin təsiriylə yazıb. Bu fikir, məncə,
mübahisəlidir. Doğrudur, “Leyli və Məcnun”un
“Saqinamə”sində
Füzuli:
Bulmuşdu
səfaji-dil Nizami
Şirvanşaha
düşüb kirami
Olmuşdu Nəvaiyi-süxəndan
Mənzuri-şahənşahi-Xorasan
- yazır, amma bu kitabı yazmasının səbəbindən
söz açaraq:
Leyli Məcnun
əcəmdə çoxdur,
Ətrakdə
ol fəsanə yoxdur
- deyir.
Bu beyt tədqiqatçılar
qarşısında cavabsız suallar doğurur: Ola bilərdimi
ki, Nəvaini tanıyan Füzuli onun “Leyli və Məcnun” əsərindən
xəbərsiz olsun. Bəlkə də ola bilərdi, elə
buna görə də
“türklərdə bu əfsanə yoxdur” - deyir. Başqa bir
gümana görə, Füzulinin, əlbəttə, Nəvai “Leyli və
Məcnun”undan xəbəri vardı, amma o, özünün
oğuz türkcəsində
yazdığı əsərini Nəvainin cağatay türkcəsində
yaratdığı poemadan fərqləndirirdi.
Axı sart, fars, tacik, əcəm deyə müxtəlif adlarla
biz eyni dil qrupunu müəyyənləşdirdiyimiz kimi
ümumi türk adı altında da fərqli türkcələri,
məsələn, oğuz və cağatay türkcəsi nəzərdə tutula bilərdi, amma bu da ağlabatan fikir deyil, çünki nə Nəvai
“cağatay türkcəsi” ifadəsini işlədir, nə də
Füzulinin “oğuz türkcəsi” istilahı ağlına gəlir.
Füzuli
“Leyli və Məcnun”un Nəvai (və həm
də Nizami) “Leyli-Məcnun”larının təsiriylə deyil,
tam müstəqil bədii təfəkkürün bəhrəsi
kimi meydana çıxması ən çox və ən qəti
şəkildə bu üç məsnəvinin
tutuşdurulmasıyla aydın olur.
“Fərhad
və Şirin” məsnəvisinin Dibaçəsində
Nizamini, Əmir Xosrov Dəhləvini, Əbdürrəhman
Camini ehtiramla anan Nəvai yarışa girdiyi ən
güclü “rəqibin” Nizami olduğunu xüsusi vurğulayır. Nizaminin, Xosrovun əsərlərini
əsas
götürərək hadisələri dəyişdiyini
etiraf edən Nəvai “mən onların qəhrəmanlarına həyat aşıladım” - deyir.
Üç
“Leyli Məcnun”u
tutuşduranda Nəvainin sözlərinə haqq
qazandırmaq olar. Doğrudan da Nəvai poemasında Nizamidən
də, Füzulidən də daha artıq hadisələri həyat
reallıqlarıyla bağlamaq təşəbbüsünü
görürük.
Leyli-Məcnun
mövzusunun əsasını ərəblərin özlərinin
cahiliyyə dövrü adlandırdıqları İslamdan
qabaqki zamanda yaranmış əfsanə təşkil edir.
Bu əfsanəyə görə,
çılğın sevgisinə görə dəli,
cünün, məcnun adlandırılmış bir şair
Leyliyə sevgisini gözəl şeirlər vasitəsiylə
ifadə edirmiş.
Nizaminin
Pavel Antokolski tərəfindən rus dilinə çevrilmiş “Leyli və Məcnun”
poeması 1957-ci ildə Moskvada nəşr olunub. Bu nəşrə
müqəddimə yazan şərqşünas alim Rüstəm
Əliyev qeyd edir ki, bu ərəb əfsanəsi X əsrdə
yazıya alınıb və Nizami Gəncəvi də
mövzuya müraciət edərkən şifahi rəvayətlərdən yox, İbn Kuteyba (IX əsr),
Əbül Fərəc əl İsfahani (X əsr), Əbu Bəkr
əl Valibi (XI əsr) kimi müəlliflərin yazılı
mətnlərindən bəhrələnmişdir.
Allaha, Peyğəmbərə,
Şivanşaha ənənəvi xitablardan, onu - Nizamini inkar edən
paxıllardan şikayət, oğlu Məhəmmədə nəsihətdən və
başqa giriş mətnlərindən sonra müəllif poemanın
süjetinə keçir.
Ərəb
torpağında bir kişi varmış
Şöhrəti,
hörməti aşıb daşarmış
O imiş
başçısı Amirilərin
Abadmış torpağı olduğu yerin.
(tərcümələr Səməd
Vurğunundur)
Uzun illər övlad həsrətiylə
yanan bu adamın naləsini eşidən Allah, ona nəhayət
bir oğul bəxş edir, adını Qeys qoyurlar. Qeysin gözəl
çöhrəsini, ağlını kamalını tərif
edən şair yazır:
Böyüyüb
on yaşa çatandan bəri
Oldu
gözəlliyi dillər əzbəri
Atası gördükdə
gülüb sevindi
Məktəbə yolladı oğlunu indi.
Orada bakirə
bir inci vardı
Sırada Qeys ilə bir oturardı.
İslam
aləmində qadınların hüquqsuzluğunu, qapalı
yaşamalarını, ən kiçik yaşlarından aləmdən təcrid olunmalarını iddia edənlər
bu faktı necə izah edirlər: artıq on yaşına
çatmış oğlanlarla
qızların nəinki bir məktəbdə, bir sinifdə, hətta yan-yana oturmaları tamam başqa mənzərə
yaradır axı.
Leyliylə Məcnunun yan-yana oturmaları böyük
sevdanın müjdəsi imiş. “Zülfü də
leyl (leyl - gecə - A.) adı da Leyli”
olan qıza hamının meyli düşürmüş,
amma...
Qeys onu
gördükdə heyrətdə qaldı
Ona
könül verdi, könlünü aldı.
Görüşün elə ilk anlarından bu iki sevən
gənc üçün məktəb də, dərs də
unudulur.
Yoldaşlar
elm alıb dərs oxuyurdu
Onlar da
eşq adlı elmi duyurdu
Yoldaşlar
lüğətdən söz axtarardı,
Onların başqa bir lüğəti vardı.
Bu, diqqətlərdən
yayına bilməzdi, tezliklə saf uşaqlıq sevgisi dilə
ağıza düşür və hər şeyi pis
yozmağa alışmış adamlar bu eşqi də yolverilməz
qəbahət sayır. Qeysi isə
çılğınlığına görə dəli, məcnun
adlandırırlar.
Eşqdən
xəbərsiz adamlar ki, var
Onu “Məcnun” deyə çağırırdılar.
Amma
iş ondadır ki, ərəb dilində cünunluğu, dəliliyi ifadə
elən “məcnun” kəlməsi, bundan sonra öz ilk
anlamını itirərək əbədi Məcnun adıyla
tarixlərə böyük məhəbbətin rəmzi kimi
düşdü.
Nizamidə Məcnun bu sözün ən yaxşı və
ülvü mənasında Eşqin, Məhəbbətin,
Leylinin dəlisidir.
Həmin mətləb Nəvaidə bir qədər
başqa səpkidə işlənilib.
Nizami və başqa Şərq şairləri kimi
poemasını ənənəvi müraciətlərlə,
xitablarla və mədhiyyələrlə başlayan Nəvai mətləbə
keçərkən Qeysin atasını bir neçə qəbilənin
rəhbəri kimi, yəni çox nüfuzlu şəxs kimi təqdim
edir. Nizamidən
(və Füzulidən) fərqli olaraq, Nəvaidə Leylinin
atası nüfuzlu qəbilə başçısı yox, müəllimdir,
irfan əhlidir, elm adamıdır.
Nəvaidə
Qeys dəlilik həddinə Leyliyə rast gələndən sonra çatmır.
O, elə anadan olan gündən xəstəliyə
düçar olur, hansısa hələ özünə belə
bəlli olmayan böyük bir hissin dəlisidir. Beşikdəykən
ah çəkərkən aləmi sarsıdır, əmizdirilərkən
süd yox, qan əmir. Körpə
yaşından eşq atəşi sayaraq əlini oda uzadır.
Nəvainin təsvirində Leylini ilk dəfə
görərkən Qeysin qəşş etməsi, sonra da dəfələrlə
ürəyinin getməsi onun xəstəliyini epilepsiya
saymağa əsas verir. Belə bir yozum
Leyli Məcnun sevgisinin faciəvi uğursuzluğunu, yəni
Leyli ailəsinin bu izdivaca razılıq verməməsini
realist səbəblərlə izah edir. Məcnun
anadangəlmə xəstədir, çarəsiz xəstəyə
qız verməzlər.
Füzulidə də Məcnun doğulan kimi (yəni
bütün uşaqlar kimi) ağlamağa başlayır, amma
şair bu göz yaşlarını başqa cür mənalandırır.
Ol dəm
ki bu xakdanə düşdü
Halını
bilib fəğanə düşdü
Axır
günün əvvəl eyləyi yad
Axıtdı sirişk, qıldı fəryad.
Olmuşdu
zəbani-hali guya
Söylərdi
ki: ey çəfaçı dünya!
Bildim qəmini
sənin ki çoxdur
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim
ki olum qəmin hərifi
Qıl təcrübə
eylə məni zəifi
Hər
qanda qəm ola, qılma ehmal
Cəm
eylə, dili həzinimə sal
Həm
ver mənə qəm yemək kəmalı
Həm aləmi
qəmdən eylə xali
Gördüyümüz
kimi, Qeysin çocuqkən bu xəyali monoloqunda eşq məhəbbət
söhbəti yoxdur, o, dünyaya gələn andan dünyanın qəminin
çox, onu çəkənlərin az olduğunu dərk
edir, dünya qəmini paylaşmaq, özünü bu qəmə
ortaq etmək istəyir və
çox müasir səslənən humanist nəticə
çıxarır:
Həm
ver mənə qəm yemək kəmali
həm
aləmi qəmdən eylə xali!
Bu istək,
bu amal Füzuli Məcnununu məhəbbət dastanının
qəhrəmanı olmaqdan daha yüksək pilləyə,
dünya qəmini öz üzərinə götürən,
dünyanı qəmdən xilas edən humanist mütəfəkkir səviyyəsinə
ucaldır.
Leyli-Məcnun sevgisi dilə-dişə düşəndən
sonra cəmiyyətin, ailələrin buna münasibəti necə
olur? Nizamidə oğlunun dəli-divanə
olmasının səbəblərini atası dostlarından xəbər
alır. Dostlar:
Bir
qız həsrətidir bu dərd, bu nəva
Eşqdən
gəlmişdir başına hava
- deyirlər.
Bu bəladan
xilas olmaqçün Leyliyə elçi düşmək lazımdır -
məsləhətini verirlər.
Nəvainin Leylisi daha ayıq (və realistcəsinə) hərəkət
edir. Məcnunun eşq atəşiylə
yandığını görən və özü də bu
atəşə tutuşan Leyli bilir ki, onların sevgisi
aşkar olanda iki gənci ayıracaqlar, bir məktəbdə
oxumalarına izn verməyəcəklər, odur ki, bu məhəbbəti
pünhan saxlamalıdırlar.
Füzulidə bu sevgidən ilk xəbər tutan Leylinin
anasıdır. Yadımdadır, “Leyli və Məcnun”
adlı gözəl kinossenarinin müəllifi Ənvər Məmmədxanlı
deyərdi. “Leylinin anasının qızına dediyi
sözlər sanki bu gün də hər bir azərbaycanlı
ananın öz qızına məhz bu şəkildə
öyüd nəsihətidir”:
Key
şux! Nədir bu
göftgulər?
Qılmaq sənə tənə eybcular?
Neyçün
özünə
ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
Qızsan
ucuz olma, qədrini bil!
Hər
gördüyünə su kimi axma!
Sayə kimi hər yerə
üz urma!
Heç
kimsə ilə oturma, durma!
Oğlan əcəb
olmaz olsa aşiq
Aşiqlik isə qıza nə layiq?
Ey iki
gözüm, yaman
olur ar!
Namusumuzu
itirmə, zinhar!
Neylərsən
əgər atan eşitsə,
Qəhr ilə sənə siyasət etsə?
Leyinin
anasına cavabı,
həm saf, həm də
sirrini gizlədə bilən gənc qızın (Ənvər
Məmmədxanlının sözlərini xatırlasaq, elə
azərbaycanlı qızın) vəziyyətdən məharətlə
çıxmasıdır:
Anasına
müraciətlə:
Sözlər
dersən ki bilməzəm mən
Məzmununu
fəhm qılmazam mən
- deyir və davam edir:
Eşqin
qılmazdı kimsə yadın
Ha səndən
eşitdim indi adın
Hələ
anasını borclu da çıxarır:
Həm dersən sən ki “məktəbə var!”
Həm dersən ki: “getmə,
zinhar”
Hansı sözə etiqadım olsun?
Sənə necə etimadım olsun?
Leylinin anasıyla bu çox mühüm psixoloji dəyəri
olan söhbəti Nizamidə və Nəvaidə yoxdur. Amma Nizamidə
və Füzulidə Məcnunun atası Leylinin atasına
elçi düşür.
Bəzən Leyli və Məcnun əhvalatını
Şekspirin “Romeo və Cülyetta” faciəsiylə
tutuşdururlar. İ.Y.Kraçkovski kimi görkəmli
şərqşünas alim belə bu iki süjetin
oxşarlığından bəhs edir. Əslində, zahiri cəhətdən
nakam məhəbbət süjeti bir-birinə oxşar olsa da, hər iki faciənin səbəbləri
tamam fərqlidir. Şekspir qəhrəmanlarını
qovuşmağa qoymayan ailələrinin - Montekki və
Kapulettilərin barışmaz ədavətidir. Nizami, Nəvai
və Füzuli məsnəvilərində Leyli və Məcnun
ailələri arasında heç bir düşmənçilik yoxdur. Əksinə,
bu uğursuz sevgiyə qədər bir-biriylə böyük
hörmətlə davranırlar.
Nizami məsnəvisində
qiyməti hədiyyələrlə, bəxşişlərlə
Leyli ailəsinə
qonaq gedən Məcnun
ailəsi böyük hörmətlə qarşılanır.
Baxıb
başçısına amirilərin
Dedilər:
Gəlməkdən nədir məqsədin?
Danış
istəyini, hazırıq biz də,
Can-başla dayanaq xidmətinizdə.
Amma məqsəd bildirildikdə münasibət
kökündən dəyişir.
Dedi ki: Məqsədim
qohum olmaqdır,
İki gənc gözünə işıq salmaqdır.
Bu təklifə
Leylini atası çox sərt cavab verir:
Baş
tutan deyildir sənin diləyin
Başqadır qərarı, hökmü fələyin.
Nə
yaman ərköyün böyümüş oğlun
Özbaşına gəzir, muğayat olun.
Dalınca
“divanə” söyləyir hər kəs
Bizə
divanələr tay ola bilməz.
Amma yenə
də ümidə bir yer qalır:
Əvvəl
dua et ki, gəlsin ağıla
Sonra məhəbbətdən başla nağıla.
Nəvaidə bu elçilik söhbəti yerli dibli
yoxdur. Leylinin müəllim atasına Qeysin dəli
olmasını xəbər verirlər. Müəllim
keçmiş şagirdinin bu hala düşməsindən
çox təəssüflənir, onu ən ağıllı,
zehnli, zəkalı şagirdi kimi xatırlayır. Amma
dolayı yolla atanı başa salırlar ki, Qeys məhz onun
qızına - Leyliyə sevgisindən Məcnun olmuşdur və
bu zaman müəllimin münasibəti tamam dəyişir, qəzəbli
şəkildə Qeysin ailəsinə xəbər göndərir ki, bu
söz-söhbəti yığışdırsınlar,
qızının adını biabır etməsinlər, yoxsa
o da çox sərt tədbirlərə əl atar. Təbii ki, belə sözlərdən sonra heç
bir elçiliyə imkan qalmır.
Məcnun mübtəla olduğu eşq bəlasından
xilasının yeganə yolu onun
Məkkəyə gedib Allaha yalvarmasıdır ki, bu dərddən
qurtulsun. Bu epizod hər üç poemanın
zirvəsidir. Nizamidə oğlunu Kəbəyə
aparan atası bütün xəzinəsini paylayır,
var-dövləti boş bir daxma kimi qalır. Oğluna
tövsiyə edir ki,
Allaha yalvarsın, Leylinin eşqindən
qurtulmağı diləsin.
Məcnun
eşq sözünü eşidən zaman
Əvvəlcə
ağladı, güldü sonradan
İlantək
qıvrılıb sıçradı yerdən
Kəbə
halqasına əl atdı birdən
Halqanı
öpərək dedi: Ey Allah!
Məndə
bu qapının halqasıyam, ah!
Mənə
deyirlər ki, gəl eşqi burax
Bu dost məsləhəti
deyildir ancaq.
Eşq ilə yaşayır aləmdə səsim.
Eşqsiz aləmdə batari nəfəsim.
Eşqdən
yoğrulmuş rühüm, bədənim
Eşqsiz
bir günüm olmasın mənim
İlahi,
sən saxla mənim Leylimi
Çoxalt
hər dəqiqə ona meylimi
Nəvaidə də həmin səhnə buna
yaxındır. Burda da Məcnun Allaha yalnız eşqinin
şiddətlənməsi, həyatını Leyliyə fəda
etməsi barədə yalvarır.
Füzulidə
də epizod eynidir, amma burda Məcnun yalnız eşq haqqında deyil, həm
də eşqin bəlası haqqında yalvarır Allaha.
Ya rəb,
bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm
bəlayi-eşqdən etmə cüda məni
Az eyləmə
inayətini əhli dərddidən
Yəni
ki, çox bəlalara qıl mübtəla məni
Olduqca mən
götürmə bəladən iradətim
Mən
istərəm bəlanı, çün istər bəla məni!
Hər
üç poemada bir surət də var - İbn Səlam... Təbii
ki, ilk dəfə bu personajla Nizami poemasında tanış
oluruq.
Yolda Bəni
Əsəd qəbiləsindən
Bir nəfər Leyliyə rast gəldi birdən.
Böyükdü
ondakı vüqar
və hünər
Ehtiram
saxlardı ona ərəblər
Xalq da
baş əyərdi o gəncə müdam
Ona ad vermişdi bəxt - İbn Salam.
Həm
arxası güclü, həm sahibi zər
Onu barmaq ilə göstərirdilər.
İbn
Salamı belə örnək bir insan kimi təsvir edərkən,
onun həm gənc, gözəl, həm varlı, arxalı
olduğunu xüsusi qeyd edərkən Nizami oxucunu istər-istəməz
köynəyinin yaxasını yırtıb səhralarda sərgərdan
gəzən miskin Məcnunla müqayisəyə
çağırır və bu müqayisədən
çıxarılan nəticə budur ki, eşq dövlətə
- mala, gəncliyə və gözəlliyə, şöhrətə
və hörmətə məhəl qoymur, onun öz
sirli-sehirli qanunları var və məhz bu qanunlara görə
Leyli İbn Salama yox,
Məcnuna aşiqdir.
İbn
Salamın səxavətli elçiliyini məmnunluqla qəbul
edən Leyli valideynləri, bu izdivaca razılıq verirlər,
amma qızlarının bir qədər pərişan
olduğunu nəzərə
alaraq toy gününə müəyyən
möhlət istəyirlər. Leylinin valideynlərindən
razılıq alan İbn Salam bu şərti də
etirazsız qəbul edir. Araya əsərin daha bir personajı
Nofəllə bağlı hadisələr düşür ki,
bu barədə bir az sonra danışacam,
Nofəllə bağlı bəzi sərgüzəştlərdən
sonra Leylini nəhayət İbn Salamın evinə
köçürürlər. Zifaf gecəsindən yazarkən
Nizami Leylini
xurma ağacına bənzədir, İbn Salamın ona yaxınlaşmaq
təşəbbüsünü
isə belə təsvir edir:
Xurma
ağacına bir gün əl atdı,
Xurmalı
budağa o əl uzatdı
Lakin o Leylidən bir zərbə
aldı
Ağrıdan sustalıb yerində qaldı.
Qızın silləsindən o birdən-birə
Cansız ölü kimi sərildi yerə.
Nizami
Leylisini bu qətiyyəti, cəsarəti
nə Nəvai Leylisində, nə Füzuli Leylisində var.
Onlar da özlərini kəbinli ərlərinin cinsi istəklərindən
qoruyur, bakirəliklərini hifz edirlər, amma tamam başqa
üsullarla. Bədbəxt İbn Salam isə
öz-özünə belə təsəlli verir:
Dedi: mən
ki düşdüm onun eşqinə
Uzaqdan da
görsəm bu bəsdir mənə
Nəvai öz İbn Salamını daha ağır
sınaqdan keçirir. Demə ürək xəstəsi olan İbn Salam toy
günü bir az artıq şərab
içdiyindən birdən-birə yıxılır,
huşunu itirir. Bundan xəbərsiz olan Leyli qərara gəlir ki “əri”
ona yaxınlaşmağa cəhd etsə, özünü zəhərli
qılınc ilə
öldürəcək. Bundan sonra Nəvai “Leyli və Məcnun”da
Nizami və Füzuli məsnəvilərində mümkünsüz bir
şey baş verir. Əslində, bu poemaların ilk ərəb mənbəyi
- iki nakam aşiq əfsanəsinə də yabançı bir
epizoddur. Nəvai iki aşiqi gizlicə
görüşdürür, Leyli səhraya Məcnunun
yanına gəlir və şairin təsvirində bu
görüş iki sevgilinin hər mənada bir-birinə
qovuşması, bir-biriylə bütünləşməsidir.
Nəvaiyə görə bu gecə iki aşiqin bədənləri
və ruhları bir-birinə sarılmışdı. Bu uzun
gecə - məhəbbət, vüsal gecəsi səhərin gəlməsiylə
bitir, amma Nəvaiyə
görə, “sevgilinlə yataqda olmaq da xoşdur,
ayrılmaq da xoş”.
Gecə görüşünün səhər sonunda
Leyli çıxıb evlərinə qayıdır, Məcnunsa
yenə səhraya yollanır. Bu epizod böyük Nəvainin ənənəvi
Leyli Məcnun süjetinə özünəməxsus gözlənilməz
əlavəsidir.
Füzulinin Leylisi İbn Salamın
yaxınlığından sadəlöhv bir yalanla
canını qurtarır. İbn Salama danışır ki, güya cinlərin biri
onu xəbərdar edib: “Bəni adəm etmə həmsər” yəni
insan evladına ərə getmə, yoxsa qılaram dəmində
fani. Bir zərb ilə həm səni, həm
ani.
Beləliklə,
Leyli sadədil İbn Salamı inandırır ki, ona yaxın
düşsə, hər ikisi məhv olacaq, “bu vəsl hər ikisinə ziyandır”. Eyni zamanda, İbn Salamı səbr, təhəmmül
etməyə çağırır. Ola bilər ki zamanla
bu tilsim qırılar.
İbn Salam da bunların hamısına inanır və
bu təklifi qəbul edir. Amma axır aqibət Leyli xiffəti
onun axırına çıxır və Füzulinin təbirincə
desək, İbn Salam bir divar idi ki, Leylinin və Məcnunun
göz yaşları hər iki tərəfdən onu
isladıb uçurtdular.
Nizami
“Leyli və Məcnun”una dəyərli müqəddimə
yazmış şərqşünas alim Azadə Rüstəmova
doğru qeyd edir ki, bu
əfsanədə bütün personajlar hərəsi
bir növ bədbəxtdir. Tək Leyliylə Məcnun deyil,
onların valideynləri də, gənc yaşında həsrət
içində torpağa gömülmüş İbn Salam da,
öz Zeynəbindən ayrı düşmüş Zeyd də...
İndi gələk hər üç poemada
mühüm yer tutan Nofəl əhvalatına. Bu epizodlar yalnız süjet
fərqləriylə deyil, həm də hər üç məsnəvinin ideya
özəllikləriylə bir-birindən çox ayrılırlar.
Hər
üç poemada Məcnunun şeirlərinə heyran olan Nofəl
adlı cəngavər
onunla tanış olur və dərdini biləndən sonra ona
yardım etməyə qərar verir. Nizaminin poemasında Nofəl
Leylinin atasına xəbər göndərir:
Öz
ordumla mən
Od kimi
keçərəm üzərinizdən
Bu saat
Leylini gətirin mana
Qılınc girəcəkdir yoxsa meydana.
Rədd
cavabı alan Nofəl qoşununu Leyli qəbiləsinin
üstünə yürüdür, qanlı savaş
başlanır.
Hər kəs
bu döyüşə atlanan zaman
Məcnun
can verirdi ruhu pərişan
Hamı
at çapdıqca müharibəyə
O dua
edirdi “barışıq” deyə.
Açıb
öz qəlbində dua yelkəni
Sülhə çağırırdı müharibəni.
Gördüyümüz
kimi, Nizami poemasının bu epizodunda Məcnun hərb əleyhdarı,
sülh carçısı kimi çıxış edir.
Məcnunun bu qəribə hərəkətlərini Nəvai başqa cür izah edir. Leylinin atası döyüşdə məğlub olacağını dərk edərək qızının düşmənin (və Məcnunun) əlinə keçməməsi üçün onu öldürməyi qərara alır. Məcnun isə bunu yuxusunda görür və ona görə də Nofəldən döyüşü dayandırmağı tələb edir. Yuxu vasitəsiylə olsa da, Nəvai Məcnunun hərəkətlərini çox real səbəblərlə izah edir.
Füzulidə isə Məcnunun bu hərəkətinin izahı yalnız birdir: Məcnunun Məcnun olması, daha geniş anlamda götürsək, hissin, duyğunun ağıldan, məntiqdən üstün olması. Sufizmin böyük hikməti, duyğuların təsiriylə edilən hərəkətlərin şüurla dərk və izaholunmazlığı. Budur Məcnunluğun və ilk növbədə Füzuli məcnunluğunun məğzi. Təsadüfi deyil ki, Məcnun Füzulinin tək poemasının deyil, bir çox qəzəllərinin də obrazlarındandır.
Füzuli “Leyli və Məcnun” poemasının Nizami və Nəvai məsnəvilərındən bir fərqli və mənim bəlkə də subyektiv fikrimə görə, üstün cəhəti var. Ərəb əfsanəsində də, Nizami, Nəvai, Füzuli poemalarında da Məcnun şairdir. Amma Nizaminin də, Nəvainin də “Leyli Məcnun”ları məsnəvidir və hər iki əsərdə Məcnunun şeirlərindən söz açılırsa da, bu şeirlər uzun məsnəvi misralarında nəql edilir.
Füzuli məsnəvisini isə qəzəllər və mürəbbelər bəzəyir. Bu cəhət Füzuli poemasının janrının Nizami və Nəvaidən yalnız forma cəhətdən fərqləndirmir. Forma məzmuna təsir göstərir və biz Məcnunu bir şair kimi Füzulinin ona bəxş etdiyi füsunkar qəzəllərdən daha da yaxşı anlayırıq. Füzulinin poemasında yalnız Məcnun yox, Leyli də şairdir. (“bu qəzəl Məcnunun dilindəndir, bu qəzəl Leylinin dilindəndir”).
Poemanın bu forması - dialoq və monoloq şəkilli qəzəllərlə süslənməsi - XX əsrdə dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə ariyarlarla, duetlərlə, xorlarla zəngin olan “Leyli və Məcnun” muğam operası yaratmağa imkan verdi.
Füzulinin öz qəhrəmanlarının adından söylədiyi şeirlər - Məcnunu kövrək gileyləri, Leylinin qüssəli cavabları - onların surətlərini daha da parlaq, dolğun, ecazkar edir. Füzuli “Leyli və Məcnun”undan və türk Divanından “Şairin kədəri” adlı essemdə ətraflı danışdığımçün burda o barədə bəhs etmirəm.
Beləliklə, üç Leyli, üç Məcnun... Ən qısa şəkildə desək, Nizaminin Leylisi daha qətiyyətli, daha cəsurdur.
Nəvainin Leylisi tədbirlidir, hətta muradına çatmağı da bacarır.
Füzulinin Leylisi daha həzindir, daha kövrəkdir, daha köməksizdir.
Üç Məcnun... Məcnun surətini ilk dəfə poeziyaya gətirən Nizami onu insanlardan qaçırdıb səhraya aparır, insanlarla ünsiyyətdən xəyal qırıqlığına uğramış Məcnun heyvanlarla, quşlarla dil tapır. Nəvai, Füzuli Məcnunları da eyni cür insanlardan uzaqdırlar, həmsöhbətləri quşlar, ulduzlardır.
Nəvainin ən böyük hünəri ondadır ki, ərəb Məcnunu ilk dəfə bizimlə türkcə danışdırdı.
Füzuli Məcnunun ən böyük özəlliyi ondadır ki o, “Xəyalilə təsəllidir, könül, meyli-vüsal etməz, könüldən dışra bir yar olduğun aşiq xəyal etməz”...
Füzuli Məcnunu Nizami Məcnunu kimi vüsala, görüşə can atmır, Nəvai Məcnunu kimi yarına qovuşmur, onun təsəllisi sevgilisinin xəyalıdır.
Onu da bilir ki, qəlbindəki Leylidən başqa kənar aləmdə ayrı bir Leyli yoxdur.
Mart-aprel,
2018
525-ci qəzet 2018.- 7 aprel.- S.14-15;17.