115 yaşlı “Şərqi-Rus”: milli mətbuatımız
tarixində parlaq səhifə kimi
XIX əsrin sonu və XX əsrin əvvəllərində
Azərbaycan ziyalıları ana dilində qəzet və ya
jurnallar çıxarmaq üçün dəfələrlə
hökumət dairələrinə müraciət etdilər. Lakin çar
hökuməti Azərbaycanda maariflənmə kimi, mətbuatın
da inkişafına mane olur, buna imkan vermirdi. Ona görə də Azərbaycan əhalisi Yaxın
Şərq ölkələrində çıxan mətbuat
orqanlarını mütailə edirdi.
Lakin
çar hökuməti müsəlman vətəndaşların
yad təsirlərin altında qalmasına da göz yuma bilməzdi, ona görə də bu sahədə
bəzi güzəştlərə getmək məcburiyyətində
qaldı. Belə bir dözülməz şəraitdə
çarizmin irəli sürdüyü maneələri
aşmaq cəhdi XX əsrin ilk illərində fədakar
maarifçi M.Şahtaxtlıya nəsib oldu. O, Parisdən
qayıdaraq 1902-ci il aprelin 2-də
Rusiyanın Mətbuat işləri üzrə baş idarəsinə
xahişnamə ilə müraciət etdi. Böyük
çətinliklərlə qəzetin Tiflisdə nəşrinə
icazə ala bildi. Böyük maarif fədaisi
burada “Məhəmməd ağa Şahtaxtinski mətbəəsi”
adlı bir mətbəə təşkil etdi. Beləcə əsrin əvvəllərində
xalqın milli-mənəvi inkişafı uğrunda hərəkat
daha da genişlənmiş oldu. Bu gəlişmələrdən
ruhlanan böyük ədib yazırdı: “Güman edirəm
ki, bütün müsəlman ziyalıları, həmçinin,
ümumiyyətlə, zəhmətkeş, tərəqqiyə
can atan kiçik xalqımızın inkişafının
insanpərvər dostları məni müdafiə edəcək
və bu işin mədəni əhəmiyyətini layiqincə
anlaya biləcəklər”.
1903-cü
il martın 30-da xalqımızın mədəniyyəti
tarixində, mətbuatımızın tarixində əlamətdar
bir hadisə baş verdi: həmin gün ziyalılarımızın
çoxdan bəri həsrətlə gözlədikləri əsrin
ilk milli mətbuat nümunəsi meydana çıxdı.
“Şərqi-Rus” qəzetinin ilk nömrəsinin işıq
üzü görməsi xəbəri böyük əks-səda
verdi.
Böyük satirik şairimiz Sabirin “Dindirir əsr bizi
dinməyiriz, atılan toplara diskinməyiriz” dediyi bir dövrdə
- çarizmin istismarı, cəhalət və xurafatın
tüğyan etdiyi şəraitdə “Şərqi-Rus” qəzeti
dövrün mütərəqqi ziyalılarını öz ətrafına
toplayaraq zülm altında əzilən xalqların xoşbəxt
həyat arzularının tərcümanına çevrildi. Bu orqan XX əsr anadilli mətbuatın, milli mədəni
birliyin ilk qaranquşu oldu. “Şərqi-Rus” 1905-ci il yanvarın 15-dək nəşr olunmuşdur.
M.Şahtaxtlı Peterburqa getməsi ilə əlaqədar
1904-cü ilin 23 noyabrından inanıb etibar etdiyi C.Məmmədquluzadəni
öz yerinə müvəqqəti redaktor təyin etmiş,
görkəmli ədibimiz qəzet bağlanana qədər bu vəzifəni
icra etmişdir.
Bu qəzetin mədəniyyət və ədəbiyyatımız
tarixində çox böyük xidmətləri olmuşdur. Belə ki, M.Ə.Rəsulzadənin
xalqa müraciəti, Ömər Faiq Nemanzadənin dərin məzmunlu,
alovlu publisistik əsərləri, F.Köçərlinin ədəbi
əsərləri, C.Məmmədquluzadənin ilk mətbu əsəri
olan “Poçt qutusu” hekayəsi bu qəzetdə nəşr
olunmuşdu. M.S.Ordubadinin, M.Ələkbər
Sabirin, Abdulla Surun, Əliqulu Qəmküsarın ilk mətbu əsərləri
yenə bu qəzetdə işıq üzü
görmüşdü. C.Məmmədquluzadənin
bir jurnalist kimi yetişməsində “Şərqi-Rus” ilk
yaradıcılıq məktəbi rolunu oynamışdır.
“Xatiratım”da o, bu hadisəyə belə qiymət verir:
“Möhtərəm ədibimiz M.Şahtaxtlı öz qəzetinin
idarəsinə cəlb etməklə məni qəzet
dünyasına daxil etdi”.
“Şərqi-Rus”
iki ildən az bir müddət çap
olunmasına baxmayaraq, Azərbaycan ictimai fikri tarixində, milli
mətbuatımızın tarixində böyük bir hadisə
idi. Böyük naşir “Şərqi-Rus”un
fəaliyyəti ilə XX əsr Azərbaycan milli mətbuatına
yol açdı. Bu qəzet eyni zamanda “Molla Nəsrəddin”
jurnalının baş məşqinə çevrildi.
O zaman Azərbaycanda
mətbuat işində çalışan olmadığı
üçün M.Şahtaxtlı əvvəl həftədə
üç gün, sonra həftədə beş
gün nəşr olunan qəzet üçün ədəbi
işçi, mürəttib tapa bilmirdi. Bu iş
üçün o, daha çox varlığı ilə
bağlı olduğu doğma torpaqdakı,
Naxçıvandakı həmyerlilərinin gücündən
istifadə etməyə çalışırdı. Qəzet öz səhifələrində
Naxçıvan hadisələrinə geniş yer verdiyi kimi, ədəbi
mühitə də qayğı göstərir, nəzm və
nəsr yazanları həvəsləndirirdi. Təsadüfi deyildir ki, yuxarıda da qeyd etdiyimiz
kimi, böyük satira ustası C.Məmmədquluzadəni mətbuat
dünyasına gətirən yol “Şəri-Rus”dan
başlayırdı. O, Mirzə Cəlildən əlavə
digər Naxçıvan ziyalıları ilə də əlaqə
saxlayır, məktublaşır, onları qəzetin redaksiyasına
cəlb etmək istəyirdi. Görkəmli ədib
xüsusilə o dövrün tanınmış
Naxçıvan ziyalılarından M.T.Sidqini, Qurbanəli
Şərifzadəni qəzetdə işləməyə,
onunla əməkdaşlıq etməyə dəvət edirdi.
M.T.Sidqi əziz dostunun Tiflisə qəzet redakiyasında
işləməyə dəvətini ailə vəziyyəti
ilə əlaqədar qəbul etməmiş, ancaq
Naxçıvanda yaşayıb qəzetin abunə işlərinə
kömək etmiş, qəzetdə sanballı məqalələrlə
iştirak etmişdir. Bunu Sidqinin M.Şahtaxtılıya
yazdığı məktublarda da müşahidə edirik.
Pedaqoji fəaliyyətlə yanaşı, publisistika,
jurnalistik fəaliyyətlə də məşğul olan
M.T.Sidqi dövrün bir sıra mətbuat orqanlarında
çıxış etmiş, əsl mənada qəzetçi
kimi tanınmışdı. Ona görə də
ana dilində “Şərqi-Rus” qəzetinin nəşri xəbəri
böyük maarif xadimini ürəkdən sevindirmişdi.
M.T.Sidqi qəzetin nə vaxt işıq üzü görəcəyini,
bunun milli tərəqqi yolunda mühüm bir hadisə
olacağını “Şərqi-Rus”un
redaktoruna yazdığı məktubda önəmlə
vurğulayırdı: “Az müddətdən sonra “Şərqi-Rus”
qəzeti millətin gənclərinin qaranlıq ürəklərində
nur saçacaq və bilik və mərifət
çırağı cəhalət çölündən səadət-xoşbəxtlik
sarayına aparacaqdır. Sizin adınız da
tarixdə əbədi olaraq həkk olunacaqdır”.
Görkəmli publisist milli dildə, ana dilində qəzetin
nəşri xəbərini böyük sevinclə
qarşıladığını bəyan edərək
göstərirdi ki, həqiqətən bu xoş xəbər
bütün elm və mədəniyyət xadimlərinə,
xüsusilə bu vilayətin bütün elm sahiblərinə
yeni bir ruh və sevinc bəxş etmişdir. İnsana elə
gəlirdi ki, guya Şərqdə yeni günəş
doğdu və ulduzlar parladı.
O,
redaktoru bu münasibətlə ürəkdən təbrik
etmiş, bundan sonra Azərbaycan dilində milli qəzetin nəşrinin
millətin alim və ədibləri ilə “avam və cahilləri
arasında vasitə olub nəşri-maarifə” davam edəcəyinə
ümidvar olduğunu bildirmişdi. Maarifçi ədibin
qəzetdə nəşr etdirdiyi bir neçə məqalə,
xüsusilə “Qazetə, yaxud qəzet nədir” məqaləsi
diqqəti cəlb edir. Xalqın maariflənməsi
işində mətbuatın mühüm əhəmiyyət
daşıdığını yaxşı başa
düşən müəllif həmin məqaləsində
yazırdı ki, bütün dünya qəzetin əhəmiyyətini
və mahiyyətini dərk etdiyi halda, Qafqaz müsəlmanlarının
əksəriyyəti hələ də onu şeytan əməli
sayır: “Xülasə, uzun bir mərəkə...və illa
yerdə qalan əhalinin hamısı qəzetədən rugərdan
olub və bəlkə qazet kəlməsindən tənəffür
edirlər. Bu günə müsəlmanlar arasında ərəbi
olsun, farsi olsun, türki olsun, adına ki,
qazet dedin iş tamamdır. Ondan sonra hər nə
desən məhəlli-etina və layiqi-təvəccöh
deyildir”.
Böyük
təəssüf hissilə qeyd etməliyik ki, görkəmli
pedaqoq və publisist Məhəmməd Tağı Sidqi cəmi
49 il ömür sürmüşdür.
Sidqinin qəflətən vəfat etməsi bütün
ziyalıları yasa boğduğu kimi, “Şərqi-Rus”un əməkdaşlarını da dərindən
kədərləndirmişdi. Təsadüfi
deyildir ki, burada Sidqinin ölümü ilə əlaqədar
bir sıra yazılar, vida məqalələri çap
olunmuşdu. Bunlar arasında Sidqinin
“qardaşım” - deyə müraciət etdiyi böyük
satira ustası Cəlil Məmmədquluzadənin qəzetin 30
yanvar 1904-cü ildə çap olunmuş nömrəsindəki
məqaləsi xüsusilə diqqəti cəlb edir.
Müəllif “Getdi cahandan həzrəti-Sidqi”
adlandırdığı bu məqalədə böyük
maarif fədaisinin Ordubadda, eləcə də Naxçıvan
şəhərində təhsilin, yeni tədris üsulunun,
üsuli-cədid məktəblərinin yayılması
üçün, xalq arasında qəbul edilməsi
üçün göstərdiyi fədakarlıqları
ürək yanğısı ilə təsvir edir:
“Naxçıvan şəhərində haman məktəbi həzrəti-Sidqi
təsis edən zaman belə qaydalı müsəlman mədrəsəsi
nəinki İrəvanda, bəlkə Qafqazın böyük
müsəlman şəhərlərinin çoxunda yox idi. Həzrəti
Sidqinin getməyinə etdiyimiz ah-naləmizin əsl səbəbi
budur” .
Böyük
satira ustası Sidqinin Ordubaddakı fəaliyyəti üzərində
geniş şəkildə dayanır, onun Naxçıvan
ziyalılarının israrlı dəvətini qəbul etməsindən
bəhs edərək yazırdı: “Allah şahiddir ki, Sidqinin
vətənimizə varid olmaqlığı şəhərimizin
mədəniyyət və maarif tarixi üçün bir
mühüm fəqərə oldu” .
C.Məmmədquluzadə yazır ki, mərhum nəşri-maarif
və təməddün, dini-islama rəvac vermək, insaniyyət
aləminə məhəbbət yolunda
çalışırdı. Maarifin inkişafı
baxımından M.Sidqinin dövrü ilə ondan on il əvvəl arasında yer ilə göy qədər
fərq var idi.
Qeyd etmək lazımdır ki, o zaman Ordubadda
yaşamış tarixi romanlar ustası M.S.Ordubadi də qiymətli
dostunun, əqidə yoldaşının vəfatından
çox kədərlənmişdi. “Şərqi-Rus”da nəşr
etdirdiyi bir şeirdə qüdrətli ədib Sidqi ilə
dostluğunu dilə gətirir, böyük təəssüf
və kədər hissilə Sidqinin vəfatının
ümümxalq matəminə çevrildiyini göstərir:
Çıxıbdır
şəhərdən dişarə, cəmaat izdihamla,
Könül
bir ləhzə fikr et, gör nə qeyrətli
camaatdır.
Qılıb
pişvaz nəşin xalq o dəm və möhnətə
guyan
Görən söylərdi bilqət yəqin ruzi-qiyamətdir.
Sidqinin yaxın dostlarından Əsəd ağa Kəngərlinin
də bu ağır itki barədə qəzetdə məqaləsi
çap olunmuşdu. “Sidqi mərhumun tərcümeyi-halı”
başlığı ilə çap olunan həmin məqalədə
müxbir dəfn mərasiminin ümumxalq matəminə
çevrildiyini, dövlət adamlarının,
ziyalıların, məktəb şagirdlərinin, xalq kütlələrinin
bu izdihamda fəal iştirak etdiyini təsirli bir dillə belə
təsvir edir: “Cənazənin qabağınca “Məktəbi-tərbiyyə”
şagirdləri 120-dən ziyadə barmaq boyda balalar əllərində
siparə nəhayət xunavər və məlaləngiz
sövt ilə kəlami-şərif oxuyaraq növhə edəndə
məktəb balaları və camaat səs-səsə verib
şövqlə ağlayıb məscidə bir şur,
qülqülə saldılar indiyədək bir kəsin vəfatı
əhaliyə belə təsir etməmişdi. İştə
belə bir vücudi-alimiqdarı biz qeyb etdik. Əgərçi
özü bu aləmdən getdi, lakin mərifət və qeyrət
toxumunu insaniyyət bağında əkib səmərəsi ələddavam
yetişməkdədir və asari-ədəbiyyəsi ilə cərideyi-aləm
səhifəsində adını səbt edib özünə
bir mənəvi heykəl ucaltdı” .
“Şərqi-Rus”un ədəbiyyat aləminə təqdim etdiyi
istedadlı gənclərdən biri də yuxarıda
adını çəkdiyimiz görkəmli tarixi roman
ustası M.S.Ordubadi olmuşdur. Şair Hacağa
Fəqir Ordubadinin ailəsində yetişmiş Məmməd
Səid uşaqlıqdan poeziya həvəskarı idi. M.Sidqinin yetirməsi olan Məmməd Səidin təbrik
mövzusunda ilk mətbu şeiri də “Şərqi-Rus”da
işıq üzü görmüşdü. “Ədəbiyyat” rubrikası ilə verilən həmin
şeir qəzetdə Məhəmməd Hacıağazadə,
təxəllüs Səid Ordubadi imzası ilə nəşr
olunmuşdur. Ordubadi sonralar elə bu təxəllüslə
məşhurlaşmışdı.
Gözüm,
dur, xabi-qəflətdən çıxıb gün aşkar
oldu,
Behəmdullah
şəbi-yelda gedib nisfü-nahar oldu
- mətləli qəzəli ilə başlayan bu
şeirdən sonra müəllifin elə həmin ilin son
nömrələrindən birində “Xabi-qəflət” adlanan
geniş həcmli bir əsəri nəşr olundu. Qeyd etmək lazımdır ki, şairin “Şərqi-Rus”
qəzeti ilə əməkdaşlığı onun
yaradıcılığına müsbət təsir göstərmişdi.
Səid bu illərdə mütaliəyə
böyük həvəs göstərir, özünün
yazdığı kimi, şeirə və
yazıçılığa marağı gündən-günə
artırdı, 1904-cü ildə “Qəflət” əsərini
yazıb bitirmişdi.
Az sonra
müəllif qəzetdə çap etdirdiyi həmin şeiri
genişləndirib poemaya çevirmiş və bu əsər
1906-cı ildə “Qəflət” adı ilə Məhəmməd
ağa Şahtaxtlının C.Məmmədquluzadəyə
satdığı “Qeyrət” nəşriyyatında
işıq üzü görmüşdü.
Naxçıvanın tanınmış ziyalılarından Əyyub ağa Kəngərlinski də “Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq edirdi. Səbur təxəllüsü ilə şeirlər yazan Ə. Kəngərlinski qəzetə şeiri ilə yanaşı göndərdiyi təbriknaməsində bildirirdi: “Müddətlərcə intizarını çəkdiyimiz “Şərqi-Rus” qəzetəsi şükr olsun ki, mətbuat aləminə qədəm qoydu və bu səadətli gündə bizim ana dilimizdə və milli lisanımızda nəşr olunan ruznaməyə həsrət olan gözlərimiz onun mütaliəsi ilə işıqlandı. Şad ol gözüm, həmişə ki, şad eylədin məni! Ümidvarəm ki, inşəallahi-təala bu qəzetə illərcə davam edib bizim əfkarımızın vüsətinə və türk qövmünün maarif və mədəniyyətinə və bəlkə ümum müsəlmanların tərəqqi və tərbiyətinə xeyir vasitəsi və mənfəət rəhnüması olacaqdır”.
Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri kimi şair-dramaturq Hüseyn Cavid də XX əsrin ilk anadilli qəzetinin nəşrini alqışlayanlardan biri olmuşdur. Qəzetin nəşr olunduğu illərdə Cənubi Azərbaycanda-Urmiyədə müvəqqəti yaşayan görkəmli sənətkar Tiflisdən uzaqlarda olmasına baxmayaraq, qəzetin ən fəal oxucularından biri idi və bu mətbuat orqanında üç publisistik məqalə ilə çıxış etmişdir. Qəzetin 23.01.1904-cü il tarixdə çap olunan nömrəsində şairin “Ürmiyədən məktub” adlı bir yazısı çap olunmuşdur. M.T.Sidqinin vəfatı ilə əlaqədar qələmə alınmış bu yazıda şair ustadı, ona əlifbanı öyrədən, elm yolunu göstərən, Gülçin təxəllüsünü verən əziz müəlliminin vəfatından dərindən kədərləndiyini qəzet vasitəsilə oxuculara çatdırmağa çalışır. Sidqinin bir maarif xadimi kimi islam dünyasında bir işıq olduğunu qeyd edir və “filhəqiqə o gunə ərbabi-kəmal və əshabi-məqal şəxslərə Qafqaz toprağı bu az zamanda çətin pərvəriş vermiş olur”- deyə yazırdı.
Cavid əfəndinin “Naxçıvandan təbsirə” başlığı altında başqa bir publisistik məqaləsi qəzetin 27.VIII.1904-cü il tarixli nömrəsində dərc olunmuşdur. Müəllif əvvəlki məqaləsindəki fikirləri burada davam etdirir, islam tarixinə nəzər salır. Son dövrlərdə elmi və texniki inkişaf sahəsində Avropanın Şərqdən xeyli irəli getdiyini göstərir. Bu inkişaf oxumaq və maarif sayəsində həyata keçirilmişdir deyə yazır. Bu sahədə gənclərə dil öyrənməyin vacibliyini tövsiyyə edir.
Görkəmli satirik şair və jurnalist Əliqulu Qəmküsar məşhur Molla Nəsrəddinçilərdən biri kimi tanınır. Amma onun ilk mətbu əsərləri hələ 1903-cü ildə XX əsrin ilk Azərbaycan dilli mətbuat orqanında-”Şərqi-Rus”da işıq üzü görmüşdü.
Naxçıvanda yaşadığı dövrdə o, “Şərqi-Rus” qəzeti ilə sıx əlaqə saxlayırdı. Yaşadığı bölgədə rast gəldiyi hadisələri, təsadüf etdiyi problemləri qəzetdə işıqlandırırdı. Onun “Culfadan” sərlövhəli pubsisit yazılarında qəflət yuxusu, cəhalət, mövhumat, fanatizm qətiyyətlə tənqid olunurdu. “Şərqi-Rus”un təsirilə artıq qəflət əleyhinə mübarizə kütləvi və kəskin xarakter almış, qələm əhlinin mənəvi borcuna çevrilmişdi. Ə.Qəmküsarın “Culfadan” adlı silsilə publisistik məqalələrinin birində epiqraf kimi verilmiş “Dinəndə yandı dilim, dinməyəndə dil yandı; nə dərdi gizlədə bildim, nə aşikar elədim” beyti təkcə bir müəllifin deyil, bütövlükdə qəzetin, ziyalıların ədəbi mövqeyini ifadə edirdi.
Həmin məqaləsində o yazır: “Həmin dekabrın 14-cü gecəsi bir dəstə zəvvar etibati - Aliyədən qayıdıb biletsiz olduqları cəhətinə gecədən iki saat gedəndə (Ərəs) çayından gizlin keçdikləri zaman sərhəd qarovullarına düçar olub ikisi suda qərq və qalan 8 nəfəri də atları ilə giriftar olmuşlar. Əgərçi bu vücudu - mübarəklərin yollarda çəkdikləri zəhmət və əziyyətlərdən başqa bu axırıncı mərhələdə bu minval ilə xar və zəlil olub gözlərinin qabağında atlarının satılmasının təfsili özgələrə şayani - ibrətdir. Əmma çün bu ruznamə içrə ümum müsəlmanın nəfinə çox danışıqlar olub kimsəyə təsir bağışlayıb bağışlamamağı da hənüz müəyyən deyil. Mən dəxi istəmirəm həmiyyət və qeyrət sahiblərinin dərdlərini artıram. Bu cür vaqiələr azından ildə 20 dəfə ittifaq düşür. Əgər ruhani alimlərimiz bu bibəsirət və nadan tayfanın Məşhədi - müqəddəs ziyarətinin savabından qabaq hifzi-bədən və hifzi-namus qaydalarını düşünsələr, bu fəlakətli hallar, bir sürü oğul-uşağı qanlı göz yaşlarına buraxan bu ağır müsibətlər meydana gəlməz”.
Ə.Qəmküsar qəzetdə nəşr olunmuş digər publisistik yazılarında da cəhalət və mövhumatı tənqid edir, mədəni tərəqqinin yayılması üçün qələmi ilə xalqa xidmət göstərirdi.
“Şərqi-Rus” və onun naşiri böyük maarif fədaisi M.Şahtaxtlının ədəbi-elmi yaradıcılığı, publisistik irsi sovet dövrü ədəbiyyatşünaslığında demək olar ki, öz layiqli qiymətini almamışdır. Mən deyərdim ki, M. Şahtaxtlı irsinə ən doğru qiyməti Naxçıvan Ali Məclisinin Sədri vermişdir. Belə ki, Ali Məclis Sədrinin 27 fevral 2006-cı il sərəncamı ilə böyük maarif fədaisinin anadan olmasının 160 illiyi qeyd olunmuş, Naxçıvan şəhərindəki kitab evinə adı verilmişdir. Doğma diyardakı küçələrdən biri maarifçi ədibin adını daşıyır. Eyni zamanda, anadan olduğu Şahtaxtı kəndində Şahtaxtinskilərin ev muzeyi təşkil olunmuşdur. Həmin mühüm dövlət sənədində göstərildiyi kimi, Məhəmməd ağa Şahtaxtlı mədəniyyətlərin yaxınlaşmasına, Qərb maarifçiliyinin ən yaxşı ənənələrinin Azərbaycana gətirilməsinə çalışmış, xalqımızın maariflənməsi və mətbuatın tərəqqisi yolunda səyini əsirgəməmişdir. Bu sərəncamın işığında gərkəmli ədibin seçilmiş əsərləri ilk dəfə nəşr olunmuş, elmi irsi milli müstəqilliyimizin verdiyi imkanlar səviyyəsində tədqiq edilmişdir.
115 illiyi tamam olan XX əsrin ilk anadilli mətbuat orqanı - “Şərqi-Rus” qəzeti Azərbaycan milli mədəniyyəti, milli mətbuatı tarixində parlaq bir səhifədir.
Əbülfəz
QULİYEV
AMEA-nın
müxbir üzvü
525-ci qəzet 2018.- 7 aprel.- S.23-24.