Müşfiq poeziyasının notlardakı sədası

 

Şahanə MÜŞFİQ

 

Doğrudur, “Sözləri Mikayıl Müşfiqindir” cümləsini çox da tez-tez eşitmirik. Ona görə də bizimçün elə də alışdığımız bir cümlə deyil. Amma qəribədir ki, bu cümlə işlənmədiyi halda belə sözləri Mikayıl Müşfiqə aid olan mahnılar hələ ilk notundaca özünü tanıdır.

 

Cəmi 29 illik ömründə yüzlərlə şeir, on kitab müəllifi olan şairin sözlərinə elə də çox mahnı bəstələnməyib. Bəlkə də bu, onun şeirlərinin özündəki musiqidən, lirizimdən irəli gəlir. Bu lirikanı duymaq, hiss etmək və onu tamamlayan musiqi bəstələmək heç də asan iş deyil axı. Bu çətinin öhdəsindən gələrək yazılan mahnılar da artıq uzun illərdən bəridir ki, nəinki ölkəmizdə, o cümlədən, ölkəmizin sərhədlərini aşaraq, çox uzaq-uzaq ellərdə də səslənir, sevə-sevə oxunur.

 

Müşfiqin poeziyasında səslərin ahəngi, sözlərin ritmi elə səliqəli və rəngarəngdir ki, eyni sözlərə müxtəlif bəstəkarlar müxtəlif mahnılar bəstələmiş, hamısında da mətn öz orijinallığını və cazibədarlığını qoruyub saxlamışdır. Onun sağlığında hansısa bəstəkar onun sözlərinə müraciət edibmi, bilmirəm, amma illərdən bəri Ələkbər Tağıyev, Əşrəf Abbasov, Cahangir Cahangirov, Səid Rüstəmov, Əlibaba Məmmədov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Elçin İmanov, Elza Seyidcahan, Tünzalə Ağayeva kimi bəstəkarlar şairin poeziyasına müraciət etmiş, onun şeirlərini musiqi dilində dilləndirmişlər.

 

Müşfiqin şeirlərinə yazılan mahnılar da sanki onun gənc, bəzən çılğın, bəzən kövrək, bəzən düşüncəli, bəzən əyləncəli, amma bütün hallarda romantik ruhunu əks etdirir. Məsələn, musiqisini Ələkbər Tağıyevin yazdığı, gözəl sənətkarımız Elmira Rəhimovanın ifa etdiyi “Sənin gülüşlərin” mahnısı özünün orijinallığı ilə Azərbaycan mahnı salnaməsində xüsusi yerlərdən birini tutur:

 

Cahan ki, solmayan bir bağça-bağdır

Burda rəvadırmı gülmədən ölmək?

Yazıq o şəxsə ki, qara qabaqdır,

Nə qədər yaraşır insana gülmək.

 

Bu şeirdən və bunun kimi onlarla belə misal göstərə biləcəyimiz şeirlərindən çıxış edərək əminliklə demək olar ki, Müşfiqin poeziyasında yarandığı dövrün qanlı, qadalı ab-havasına, zülmünə, qarışıqlığına inad işıq var, ümid var, şövq var.  Sanki şair ətrafında baş verənlərə yalnız ona aid olan ümid eynəyilə baxırdı. Bəlkə də bu eynək məcazi mənadadır, amma bunu onun həyat sevgisi, yaşamaq eşqiylə dolu ürəyi ilə də əvəz etmək olar.

 

Yenə də Xalq artisti Elmira Rəhimovanın məlahətli səsindən dinlədiyimiz, dahi bəstəkar Cahangir Cahangirovun incə ruhu ilə süslənmiş “Həyat sevgisi” və ya “Necə əl çəkim?” mahnısında da dediyi kimi:

 

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerdə çarpışan göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?

 

Bu şeir həyata, dünyaya, insanlara ülvi məhəbbətlə yazılsa da, özündə elə bu kainatın özü boyda kədər gizlədir. Nakam taleli şairin ömrünün son anlarını - 7 aylıq həbs, bu müddətdə gördüyü əzab və işgəncələr, nəhayətində güllələnməsini göz önünə gətirəndə sanki misralardan cavan bir əl boylanıb dünyadan möhkəm-möhkəm yapışmaq istəyir. Bu, artıq o qanlı-qadalı zamana, lənətlənmiş dövrə içi həyatla, yaşamaqla, qəlbi sevgiylə dolu gənc bir şairin təslim bayrağı, kədərinin ən sonuncu halı idi.

 

Cahangir Cahangirovun bu kədərə yazdığı musiqini diqqətlə dinləsək, orada da bir yanğı, öləziməkdə olan ümid və “dünyaya uzanmış əllər” var. Sanki musiqi də sözlərdəki ağrıya, əzaba ağlayır, amma yenə də ümidini itirmir, dərinliklərində “bəlkə də əl çəkməyə məcbur olmazsan?” - deyə sönük inam gizləyir.

 

Yazının əvvəlində də dediyimiz kimi, Mikayıl Müşfiq bəlkə də nadir şairlərdəndir ki, onun bir şeirinə bir neçə bəstəkar musiqi bəstələyib. “Həyat sevgisi” də həmin şeirlərdəndir. Cahangir Cahangirovdan uzun illər sonra, müasir dövrümüzdə bəstəkar  Elçin İmanov da bu sözləri musiqisinə mətn seçmiş, ona yeni bir nəfəs bəxş etmişdir. Ümumiyyətlə, Elçin İmanovun Müşfiq yaradıcılığına müraciəti bu şeirlə bitmir. O, mərhum şairin bir neçə şeirinə musiqi bəstələyib (Bu haqda yazının sonrakı abzaslarında yenidən söz açacağıq). Bu mahnıların ifaçısı isə sevilən müğənni, Əməkdar artist Eyyub Yaqubovdur. Maraqlıdır ki, şeir o qədər həzin və poetik duyğularla zəngindir ki, müxtəlif bəstəkarların musiqiləri, həm qadın, həm də kişi müğənnisinin ifası belə ondan heç nə almır. Dinləyici yenə də sözlərin sehrinə qapılıb gedir. Sani bu sözlərə elə bu cür də musiqi yazılmalı, elə bu səs də ifa etməli imiş kimi...

 

Bəlkə də insanın özünün özünə verdiyi ən ağır sualdır: “necə əl çəkim?” Əgər bu sual varsa, demək ki, əl çəkməyin mümkünsüzlüyünü insan özü özlüyündə dərk edib. Bu sualdakı məqsəd isə cavab tapmaq deyil, çarəsizliyini boynuna almaqdır.

 

Mikayıl Müşfiqin poeziyasını mövzu və ideyasına görə qruplaşdırmaq istəsək necə olar, bilmirəm. Düzü, bu haqda heç düşünməmişəm. Çünki mənim üçün Mikayıl Müşfiq yaradıcılığının cəmi bir mövzusu var: sevgi. Bu sevgi dünyaya, insanlara, qadına, anaya, təbiətə, yaradana, bütünlükdə var olan və şairi bu dünyada yaşadan hər şeyə ünvanlanmışdı. Müşfiq şairdən öncə bir aşiq idi. Sevdiyinin “yeni sevdasına qurban olacaq”, “canını qumral gözlərə qurban edəcək” qədər aşiq idi. Onun sevgiləri də müxtəlif idi. Əməkdar artist Tünzalə Ağayevanın musiqisini yazdığı “Sevgilər” şeirində dediyi kimi:

 

Sevgi vardır ki,

dodaqlarda açar güllərini,

Sevgi vardır ki, bir az qar kimi,

rüzgar kimidir.

Sevgi vardır oxudur

qəlbidə bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu

oxşar kimidir.

 

Bəlkə buna görə də onu oxuyan, dinləyən hər kəs onu öz ürəyinin adamı bilir. Necə bilirsinizmi? Birdən hardansa bir misra, bir fikir oxuyarıq, ya da eşidərik, onda həmin fikrin müəllifinin kimliyinə varmadan bizə elə gələr ki, onu məhz biz yazmışıq. Çünki misra bizi, bizim hisslərimizi, çoxdandır ürəyimizdə daşıdığımız duyğuları ifadə edər. Ona görə də özümüz qədər doğma olar. Biz belə hiss etmədən həmin misranı, şeiri özümüzküləşdirərik. İstər-istəməz o misraları yazan adam da bizə məhz bu cür doğmalaşar. Heç zaman üzünü görmədiyimiz, bəzən heç ömür boyu görmək ehtimalımızın belə olmadığı şairə həmin misrası, şeiri vasitəsilə isnişərik, onun özünü də sevərik. XX əsrin əvvəllərində yaşayıb, erkən də ölümə yaxalanan Müşfiqin XXI əsrdə bizə doğma olduğu kimi...

 

Bilməm, məni neçin atmış, unutmuş,

Cövri-cəfasına qurban olduğum?

Yoxsa özgəsinə üzünü tutmuş

Yeni sevdasına qurban olduğum?

 

İnsan ürəyində necə böyük bir sevgi bəsləməlidir ki, sevdiyinin sevgisinə belə qurban olmağa hazır olsun...

 

Bu sətirləri yazarkən fonda Şövkət Ələkbərova Əşrəf Abbasovun həmin sözlərə yazdığı “Qurban olduğum” romansını oxuyur. Tək indi deyil, bu mövzunun ürəyimə, fikrimə düşdüyü anlardan hər yerdə Şövkət xanım özünün yanıqlı və kövrək səsiylə “Qurban olduğum” deyir. İnsan sözlərdəki eşqin, musiqidəki yanğının, səsdəki həzinliyin izinə düşüb enişli-yoxuşlu yollarla uzaqlara, lap uzaqlara gedir. Hamımızın sevdiklərinin olduğu uzaqlara...

 

Və birdən hardansa bir oynaq səs bizi uzaqlar həvəsiylə çıxdığımız yoldan geri səsləyib “Qalginən, sənə qurban!” deyir. Diqqətlə dinləsək, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın şıltaq səsini tanıya, bir az da diqqətli olsaq, gülən gözlərini də görə bilərik. Bizi yolumuzdan bir şeiri ilə uzaqlara aparan Müşfiqin başqa bir şeiri saxlayır. O, Ələkbər Tağıyevin müəllifi olduğu şən musiqi sədaları altında deyir:

 

Deyirsən, yanında qalacağam mən,

Çox gözəl fikirdir, qal sənə qurban.

Nə zaman istəsən əziz canımı,

Qumral gözlərinlə al sənə qurban.

 

Xalq artisti Alim Qasımov isə Əlibaba Məmmədovun musiqisi, Müşfiqin sözləri ilə Zeynəb xanımın çağırışını belə əsaslandırır:

 

Sənsiz nə zövqü var bağın, baharın,

Açan çiçəklərin, uçan quşların?

Sənsiz cənnət olsa kainat yarın,

Heç mənim ruhumu oxşarmı, söylə?

 

Mikayıl Müşfiq yaradıcılığından söz açıb, onun “Oxu, Tar”, “Yenə o bağ olaydı” şeirlərinin üstündən sükutla keçmək ən azından həm Azərbaycan ədəbiyyatına, həm də musiqisinə qarşı böyük bir günah olar deyə düşünürəm. Müşfiqin sözlərinə yazılmış mahnıların siyahısı o qədər zəngin olmasa da, bu iki şeir bəstəkarların və müğənnilərin hər zaman diqqətində olub. Xüsusən “Yenə o bağ olaydı” şeirini bir neçə bəstəkarımız nota köçürməyi bacarıb.Yəqin bu da şeirin insanlara yaşatdığı fərqli hisslərin, yaratdığı auranın nəticəsidir. Sözügedən şeirə Hacı Xanməmmədov (“Arzuya bax sevgilim” adı ilə Şövkət Ələkbərova ifa edib), Ridvan Sədirxanov, Elçin İmanov (Eyyub Yaqubov ifa edib) və Elza Seyidcahan mahnı yazıblar.

 

“Oxu, Tar” şeiri isə zamanında bəstəkar Səid Rüstəmovun ruhunu tərpətməyi, barmaqlarını dilləndirməyi bacarıb. Mahnı “Yetim segah” üstündə yazılıb. Bu həzin, çağırış və səssiz üsyan dolu mahnını Xalq artisti Flora Kərimova, sonra isə Xor qrupunun müşayiəti ilə Şövkət Ələkbərova-İslam Rzayev dueti ifa edib.

 

Müşfiq haqqındakı xatirələrdən onun musiqiyə heç də yad olmadığını oxuyuruq. Onun özünün də məlahətli səsi və güclü musiqi duyumu olub. Eyni zamanda, şair tarda və pianoda gözəl ifa etməyi bacarıb. Bu da özünü onun şeirlərindəki ritmdə göstərir. Müşfiqin dövrünün böyük sənətkarı, tarzən Qurban Pirimovla möhkəm dostluğu olub. Haqqında danışdığımız “Oxu, Tar” şeiri də bir növ bu dostluğun və Qurban Pirimov sənətinə, tara olan heyranlığın nümunəsidir.

 

Mikayıl Müşfiq-Hacı Xanməmmədov-Şövkət Ələkbərova istedadının birgə məhsulu olan “Gözünə qurban” mahnısı da illərdən bəri sevilərək oxunan və müxtəlif müğənnilər tərəfindən tez-tez müraciət olunan əsərlərdəndir. Şövkət xanım bu mahnını böyük sənətkar Gülağa Məmmədovla duet şəklində ifa edib:

 

Bu qədər baş vermə, səməndər, yaza,

Düşərsən ayağa, başına qurban.

Yazığam, ömrümü vermə güdaza,

Qəmzəli gözünə, qaşına qurban!

 

Ridvan Sədirxanovun musiqisini yazıb, özünün də ifa etdiyi “Küsmərəm”, “Bayram axşamı”, Nəzakət Məmmədovanın ifasında sevdiyimiz “Oxu, sevdiciyim”, Hacı Xanməmmədovun yazdığı, son dövrlərdə Lalə Məmmədova, Pərvin Lətifov, Anar Şuşalı kim müğənnilərin tez-tez müraciət etdikləri “Yaşa, könül”, Vasif Adıgözəlov qələmindən çıxıb İdris Mehdiyev, Ramil Qasımov kimi ifaçıların səsində cilvələnən “Sahilə gəl” və bu kimi onlarla Mikayıl Müşfiq poeziyasının məhsulu olan mahnılar yazıldığı dövrdən illər, onillər keçməsinə baxmayaraq, bu gün də böyük ehtiyac kimi oxunur və sevilir.

 

Bu mahnıların belə çox sevilməsinə səbəb olan xüsusiyyətlərdən biri də Mikayıl Müşfiq poeziyasındakı sadəlik, axıcılıqdır. Məlumdur ki, şeir mahnı kimi daha tez yadda qalır. O da ola ki, Müşfiq qələmindən, Müşfiq ilhamından süzülüb gələn misralar. Onda təbii ki, dinləyicinin əbədi yaddaşına, qəlbinə, ruhuna həkk olacaqdır.

 

Yazının sonunda şairin yaradıcılığında çox sevdiyim və hər oxuyanda heyrətə düşdüyüm “Ana” şeirini xatırlamaq yerinə düşərdi. Bu heyrətimə səbəb isə anasını çox erkən itirən, heç zaman ana qayğısı görməyən, o sevginin necəliyi haqqında heç bir fikri olmayan bir ruh adamının o varlığı dəqiq və mükəmməl təsviridir. Bu şeir həm də taleyin oyunumu, qədər-qismətmi üzündən ana nəvazişindən, o ilahi varlığın isti qucağından məhrum olan bir körpənin hıçqırıqlarla dolu üsyanı, fəryadıdır. Bəstəkar Elçin İmanov bu sözlərə elə özü qədər gözəl musiqi yazıb, Eyyub Yaqubov isə şeirlə musiqinin vəhdətindən yaranan bu sənət əsərinə həzin səsiylə can verməyi bacarıb: 

 

Ana dedim, ürəyimə yanar

odlar saçıldı,

Ana dedim, bir ürpərmiş

hasil dolu canımda.

Ana dedim qarşımda bir gözəl

səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum

yanımda.

Ana, ana!.. Bu kəlmənin

vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz

düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum”

deyən gözəldən,

Çünki onun xilqətində ayrıca

bir füsün var.

 

                525-ci qəzet.-2018.-7 aprel.-S.12.