Yunus Oğuz “Ovçu” romanını təqdim etdi
Dünən
“Olaylar” İnformasiya Agentliyinin və eyniadlı qəzetin təsisçisi,
tarixçi, publisist Yunus Oğuzun “Ovçu” adlı tarixi
romanının təqdimat mərasimi keçirilib.
Tədbiri
giriş sözü ilə millət vəkili, akademik Nizami Cəfərov
açıb: “Bildiyiniz kimi, Yunus Oğuz bu vaxtadək bir
çox tarixi romanlarını yazaraq təqdim edib. Bu gün də
təqdimatını etdiyi “Ovçu” adlı tarixi romanı
kitablarının ən yaxşısıdır. Onun tarixi
kitablarının hamısında dəqiq faktlar var. Bu kitab
2016-cı ildə baş vermiş aprel döyüşlərinə
həsr olunub. Bu kitabı ərsəyə gətirdiyinə
görə ona təşəkkür edirik”.
YAP
Siyasi Şurasının üzvü, Prezident Administrasiyası
ictimai-siyasi şöbəsinin disporla iş üzrə sektor
müdiri Qafar Əliyev 2016-cı ilin aprel döyüşlərindən
danışıb: “2016-cı ildə baş vermiş aprel
döyüşləri Azərbaycan tarixində qızıl hərflərlə
yazıldı. Azərbaycan ordusu həmin döyüşlərdən
sonra bir daha bütün dünyaya sübut etdi ki, çox
güclü dövlətdir. Aprel döyüşləri
beynalxalq hadisə oldu. Bu hadisəyə Avropa ölkələrindən
də reaksiya var idi. Həmin hadisələrlə bağlı
“Ovçu” tarixi romanını yaradan Yunus Oğuza da təşəkkür
edirəm. Vətənpərvərlik mövzusunda bu kimi
kitabların çox olması təqdirəlayiq
addımdır. İstərdim ki, bu kitab başqa dillərə
də tərcümə olunsun”.
Təqdim
olunan romanı həm ədəbiyyat, həm də tariximiz
üçün dəyərli əsər adlandıran Mətbuat
Şurasının sədri, millət vəkili Əflatun
Amaşov kitab haqqında fikirlərini bölüşüb:
“Bu gün Yunus Oğuzun təqdim etdiyi “Ovçu” adlı
tarixi romanda həqiqətlər əks olunub. Bu kitab 2016-cı
ildə baş vermiş aprel döyüşlərindən bəhs
edir. Həmin hadisələr milli şüurumuzu yenidən
oyatdı. Bir çox ölkələrin Azərbaycan olan
münasibətləri müsbətə doğru dəyişdi.
Yunus Oğuza belə bir dəyərli kitab yazdığına
görə təşəkkür edirəm. Ona uğurlar
arzulayıram”.
Millət
vəkili Qənirə Paşayeva deyib ki, Yunus Oğuzun
yaradıcılığı zəngindir. Amma o, daha çox
tarixi romanlara üstünlük verir. Bunun üçün ona
təşəkkür edirəm. Çünki indiki Azərbaycan
gənclərinə tarixi həqiqətləri romanlarla
çatdırmaq çox önəmlidir. Təklif edirəm
ki, “Ovçu” kitabı məktəb və universitetlərə
paylansın. Bu kitabın əsasında ssenari
hazırlansın və film, teleserial çəkilsin.
Çünki bu romandakılar film, serial materiallarıdır.
Bu bir reallıqdır ki, artıq dövrümüzdə
kitabın gənclər üzərindəki təsiri filmin təsiri
qədər deyil. Biz filmin bu gücündən istifadə etməliyik”.
Tədbirdə
çıxış edən şəhid Murad Mirzəyevin
atası Emil Mirzəyev tarixi romanı qələmə
aldığı üçün Yunus Oğuza minnətdarlıq
edib. Bildirib ki, Murad Mirzəyev haqqında bu cür əsərlərin
yazılması onu və ailəsini ruhlandırır,
oğlunun qəhrəmanlıqları ilə fəxr edirlər.
“525-ci
qəzet”in baş redaktoru Rəşad Məcid isə bildirib
ki, Yunus Oğuzun bu romanı Murad Mirzəyevin qəhrəmanlığı
ilə yanaşı, bu qəhrəmanlığın səbəbini
araşdırıb: “Yunus Oğuz tərəfindən bu
çox gözəl bir cəhddir. Çünki uzun illər
bizim yaddaşımızı silməyə
çalışıblar. Aprel döyüşlərinə qədər
bizə elə gəlirdi ki, bizim gənclərimiz şoulara
meyillidir, yaddaşsızdır. Amma aprel döyüşləri
göstərdi ki, bizim necə vətənpərvər gənclərimiz
var. Demək bu ruh yaşayır. Bu ruhu nə qədər
pozmağa çalışsalar da, əgər genində varsa,
silmək mümkün deyil”.
Tədbir digər çıxışlarla
davam edib. Sonda müəllif
kitablarını qonaqlar
üçün imzalayıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-7 aprel.-S.13.