Daima axtarışda
Elə sənət
sahibləri var ki, gördüyü işlər daim göz önündə olur, müəllifinə şöhrət gətirir. Memar da belə peşələrdən
biridir.
Memar olmaq Ofeliya Babayevanın uşaqlıq arzusu olub. Doğulub boya-başa çatdığı
Bakının qədim
abidələrinə, İçərişəhərin
tikililərinə baxdıqca,
memarlığa olan marağı daha da artıb. Özündə tarixin sirlərini
yaşadan bu qədim tikililərin memarları ilə maraqlanır, əzəmətli
binaların qarşısından
laqeyd keçə bilmirdi.
Ofeliya xanımın
13 yaşı olanda rəsm dərnəyinə
yazılıb. Çəkdiyi rəsmlərdə binalar üstünlük təşkil edib. Dərnəkdə Voskresenski
familiyalı bir müəllim onun rəsmləri ilə tanış olandan sonra deyib
ki, səndən yaxşı memar olar. Müəlliminin sözləri
onun bu peşəyə
olan marağını
daha da artırıb.
Zaman keçdikcə müəllimin
haqlı olduğu öz təsdiqini tapdı.
Ofeliya xanımla vaxtilə işlədiyim "Elm və
həyat" jurnalının
redaksiyasında tanış olmuşam.
Ülkər xanım Hüseynova
ilə bir sinifdə oxuduğundan, onun yanına tez-tez gəlirdi. Ülkər xanımın 132 saylı məktəbin məzunlarına
həsr etdiyi "Mənim fəxrim-məktəbim"
adlı kitabı üçün Ofeliya xanım özü haqqında çox yığcam bir məlumat gətirmişdi.
Bu da onun
təvazökarlığından irəli gəlirdi. İşləri haqqında çox
danışmağı sevməzdi.
Sən demə, Ofeliya xanımın böyük
layihələri olub.
Bunu biz sonradan Ülkər xanımdan öyrəndik.
Səmimiyyəti, mehribanlığı ilə tezliklə əməkdaşlarımızın qəlbinə yol tapdı.
Ofeliya xanımın
ömür salnaməsini
vərəqlədikcə, bu
zəhmətkeş memarın
uzun, mənalı bir yol keçdiyinin
şahidi oluruq. O, 1955-ci ildə
Bakının sayılıb-seçilən
132 saylı məktəbini
bitirib. Arzularının reallaşması üçün Azərbaycan
Politexnik İnstitutunun
İnşaat fakültəsinin
memarlıq qrupuna daxil olub. İnstitutda akademik Mikayıl Hüseynov kimi görkəmli memardan, o cümlədən,
Qəzənfər Əlizadə,
Həsən Məcidov,
Eldar Kanukov, Leonid Qonsirovskidən memarlığın
sirlərini öyrənib.
Onun diplom işi Bakı şəhərindəki
İdman İnstitutunun
layihəsi olub. Diplom işinin elmi rəhbəri Mikayıl Hüseynov idi. İlk işinə çox böyük məsuliyyətlə
yanaşan Ofeliya xanım diplom işini uğurla müdafiə edib. Onun diplom işi barədə ərəb və ingilis dillərində radio verilişi
hazırlanaraq, Asiya və Afrika ölkələrində yayımlanıb.
Gənc bir memarın işindən veriliş hazırlanması onu işləməyə ruhlandırıb.
Müəllimləri tərəfindən diplom işi yüksək qiymətləndiriləndən
sonra o, böyük həvəslə növbəti
layihələrini hazırlamağa
başlayıb.
Mikayıl Hüseynovdan söhbət
düşəndə, onun
barəsində çox
böyük həvəslə
danışır. Həm memar
kimi, həm də böyük ürəyi olan insan kimi. Ofeliya xanım deyir ki, Mikayıl müəllim tələbələrinə
övladı kimi yanaşırdı. O, hamımızı
işləməyə həvəsləndirirdi.
Evinin qapısı üzümüzə
açıq idi.
Ofeliya xanım mütəxəssislərin
bu korifey memarı türk memarı Sinanla müqayisə etdiklərini
dönə-dönə vurğulayıb.
Görkəmli memardan
dərs alan
Ofeliya xanım təyinatla Pyatiqorsk şəhərinə Dövlət
Kimya Layihə İnstitutuna göndərilib.
Burada çalışarkən
Moskva, Leninqrad (Sankt-Peterburq) şəhərlərində
təhsil alan
təcrübəli memarlarla
birgə layihələr
üzərində işləyib.
Sumqayıt Kimya Kombinatının, Moskva ətrafındakı Radioaktiv
zavodun, sex layihələrinin,
Nəvai şəhərində
Polivinil asetat zavodunun layihələrinin
müəllifi olub.
1963-cü
ildə doğma Bakıya dönən Ofeliya xanım Sadıq Dadaşov adına AZETİ-nin professor Qəzənfər
Əlizadənin rəhbərlik
etdiyi eksperimental laboratoriyasında seysmikliyə
davamlı hündürmərtəbəli
binaların layihələrinin
hazırlanmasında iştirak
edib. Öz işində püxtələşən
gənc memar "Bakıdövlətlayihə" İnstitutunda çalışarkən
mikrorayonların, məktəblərin,
xəstəxana və
poliklinikaların, sosial-məişət
obyektlərinin layihəsini
verib. Aylarla bir layihə
üzərində işləyərkən
bütün detalları,
hər bir cəhəti yerli-yerində
nəzərə almağa
çalışıb. Verdiyi layihələrdə əhalinin
rahatlığını ön
plana çəkib.
O, layihələrində yaşayış
binalarının ətrafında
məktəbin, uşaq
bağçasının, poliklinikanın,
ərzaq mağazasının,
dayanacağın, yaşıllığın
və s. olmasına xüsusi diqqət yetirib. Ofeliya xanım memar
kimi ömrünün
böyük bir hissəsini Azərneftyağ
NEZ-un sifarişi ilə
Babək prospekti və S.Orucov küçəsindəki tikintilərin
layihəsinin hazırlanmasına
sərf edib. Bu ərazidə hündürmərtəbəli
binaların tikintisində
ÇXR-in mütəxəssisləri ilə birgə çalışıb. Mühəndis kommunikasiya işlərini,
qurğuların tikintisini
axıradək nəzarətdə
saxlayıb. Həmin ərazidə
757 mənzil tikilərək
əhalinin istifadəsinə
verilib.
Pirküşküldə Quşçuluq Sənaye Kompleksinin işçiləri
üçün 5 doqquzmərtəbəli
yaşayış binasının
layihəsini verib. Burada əhalinin
rahatlığına görə
ticarət mərkəzi,
məktəb, uşaq
bağçası da
tikilmişdi. Ofeliya
xanımın digər
bir işi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Şağan qəsəbəsində əlillər
və müharibə veteranları üçün
sanatoriyanın tikintisidir.
3 hektarlıq ərazini əhatə edən bu sanatoriyada
250 nəfər eyni vaxtda müalicə ala bilər.
Ofeliya xanım
tanınmış memar
olmaqla yanaşı, həm də zəngin insani keyfiyyətlərə malikdir. Mədəniyyəti, davranışı ilə
ətrafındakıları özünə cəlb edir. Onunla saatlarla danışsan
da, yorulmursan. Dünyanın məşhur memarlarından,
memarlıq komplekslərindən
söhbət açanda,
öz sənətinə
olan vurğunluğunu
bir daha hiss edirsən. Xarici ölkələrdə müxtəlif
zövqlü memarların
yaradıcılığı ilə tanış
olub. Bütün bunların bir
hissəsi onun layihələrində öz
əksini tapıb.
Bakı Metropoliteninin Texnoloji binasının layihəsinin müəllifi
və baş memarı, Səadət Sarayında yenidənqurma işləri, Heydər Əliyev Mərkəzinin,
Alov Qüllələrinin,
Bakı Olimpiya Stadionunun, Bayıldakı müasir idman və Şahdağ Qış Turizm komplekslərinin layihələrinin
memarlıq bölməsi
üzrə ekspertiza rəyini hazırlayıb.
Ofeliya xanım
onlarla binaların layihəsini verməklə
yanaşı, özünü
müəllimlikdə də
sınayıb. 1971-75-ci illərdə Azərbaycan
İnşaat Mühəndisləri
İnstitutunda dərs
deyib. Tələbələrin yüksək ixtisaslı
memar olması üçün əlindən
gələni edib.
Onun ötən illər ərzində gördüyü
işlər dövlət
tərəfindən qiymətləndirilmiş,
2007-ci ildə Əməkdar
memar fəxri adına layiq
görülmüşdür.
Ofeliya xanımla
tez-tez zəngləşirik. Günlərin
birində zəng vurub dedi ki,
məni akademik Şamil Fətullayev Akademiyaya çağırıb.
Gələndə sizinlə də
görüşərəm. Məlum oldu ki, Ofeliya
xanım 2014-cü ildə
Şərq Ölkələri
Beynəlxalq Memarlıq
Akademiyasının müxbir
üzvü seçilib.
Ofeliya Babayeva hazırda Fövqəladə
Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət
Agentliyi Təsisatdankənar
Dövlət Ekspertiza
Baş İdarəsi Memarlıq, Baş Plan və Tikinti Təşkili Layihəsi şöbəsinin rəisidir.
Ofeliya xanıma ünvanladığım
həyatınızın ən
xoşbəxt və çətin anları nə vaxt olub,
- sualına belə cavab verdi:
- Ömrümün ən xoşbəxt anlarını
instituta qəbul olduğum günü sayıram. Qəbul 25 nəfər olsa
da, 600 nəfər ərizə vermişdi.
Zəhmətimin hədər getmədiyini
görüb böyük
həvəslə oxumağı
qarşıma məqsəd
qoydum.
1953-cü ildə nənəmin
həyatdan köçməsi
məni çox kədərləndirdi. Onun yoxluğu
ilə heç cür barışa bilmirdim. İkinci kədərli hadisə
isə həyat yoldaşımın dünyasını
dəyişməsi olub.
Həyat
yoldaşım Mürsəl
Babayev Politexnik İnstitutunun Avtomobil nəqliyyatı fakültəsini
bitirmişdi. Nəqliyyat naziri
idi. Ailə həyatımız çox
az çəkdi.
Yeni ili
Vilnüsdə keçirməyi
qərara almışdıq.
Elə orada ürəkçatışmazlığından
dünyasını dəyişdi.
O vaxtdan həyatımı
sevimli işimə həsr etmişəm.
Artıq Ofeliya xanım ömrünün 81-ci ilini
yaşayır. Həmişəki kimi işini
eyni həvəslə,
məsuliyyətlə görür.
Şöbəyə gələn layihələri
dönə-dönə yoxlayır,
çatışmayan cəhətləri
qeyd edir, bəzən də yenidən işlənməsini
vacib sayır.
Yüksək intellekti, bacarığı, insani keyfiyyətləri, səmimiyyəti ilə fərqlənən Ofeliya xanıma işlədiyi kollektivdə hamı hörmətlə yanaşır. Sənətinin bilicisi kimi çoxları onunla məsləhətləşir. Onu da qeyd edək ki, o, bu səviyyəyə öz zəhmətkeşliyi ilə yüksəlib. Ofeliya xanım bir dəqiqəsini də boş keçirmir. Memarlıq sahəsindəki yenilikləri diqqətlə izləyir. Oxuyub öyrəndiklərini yeni layihələrdə tətbiq edir.
Azərbaycanın bütün şəhərlərini abad, gözəl görmək Ofeliya xanımın arzusudur. Bu arzu ilə yaşayan memar ömrünün 57 ilini sevdiyi sənətə həsr edib. Ofeliya xanıma ilk növbədə cansağlığı və sevdiyi peşəsini uğurla davam etdirməyi arzulayırıq.
Mehparə AXUNDOVA
525-ci qəzet.- 2018.- 11 aprel.- S.8.