Məhəmməd Əmin Rəsulzadənin nəzərində milliyyətçilik və millətçilik

 

Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə bu il 100 illik yubileyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti haqqında düşünərkən istər-istəməz vətənin fədakar övladları, canını və qanını ölkəmizin istiqlalı uğrunda qurban vermiş minlərlə insanın xatirəsi göz önündə canlanmaqdadır.

 

Onların sırasında AXC-nin qurucularından biri kimi Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyətini anmaq, onun günümüzdə belə, əhəmiyyətini itirməyən çoxaspektli irsinə diqqət edərək Azərbaycanın müstəqilliyi naminə nümayiş etdirdiyi mətanəti qeyd etmək olduqca qürurvericidir. Lakin unutmayaq ki, əsrlər boyu, xüsusən də bolşevik istilasından sonra bir çox oğul və qızlarımızın azadlıq mücadiləsinin qarşısı kəsilərək müstəqillik sevdaları zor gücünə boğulduğutək, M.Ə.Rəsulzadə dühası da daha çox pantürkizm və ya milliyyətçilik iftiraları ilə damğalanmış şəxsiyyətlər sırasındadır. Bunun heç də belə olmadığını əsaslandırmaq üçün biz bu istiqlal carçımızın yaradıcılığına müraciət edib onun milliyyətçiliyə və bütün varlığı ilə bağlı olduğu millətçiliyə münasibətini oxucularla bölüşmək istərdik. Bu məqsədlə də bizim, M.Ə.Rəsulzadənin çoxsaylı əsərləri sırasında vəfatından 23 il sonra Ankarada nəşr olunmuş "Milli təsanüd" (Milli birlik) adlı kitabına müraciət edib, fikrimizcə, hələ də bütövlükdə barəsində aydın təsəvvürlərin belə olmadığı milliyyətçilik və millətçilik probleminə aydınlıq gətirməyimiz olduqca vacibdir. Onu da qeyd edək ki, təkcə bu əsəri M.Ə.Rəsulzadə ideallarının bizə necə dərin elmi və fəlsəfi əsaslara malik olduğundan xəbər verərək, qarşımızda müəllifin möhtəşəm milli ideoloq, vətəninə, millətinə canı - dildən bağlı şəxsiyyət obrazını bütün dolğunluğu ilə əyaniləşdirməkdədir.

 

Bildiyimiz kimi, Azərbaycanın yenidən dövlət müstəqilliyinə qovuşmasını görmək nəsibi olmamış M.Ə.Rəsulzadə, Sovet-sosialist sisteminin süqutundan sonra anqlo-sakson liberalizminin qələbə çalaraq onun yeganə doğru yol olduğunu qeyd edənlərdən fərqli olaraq sözügedən əsərində yazır ki, "Liberal dövlət (oxu, anqlo-sakson liberalizmi - R.M.) şəxsən öz sisteminin məhsulu olan kapitalizmin doğurduğu böhranla mücadilədə acizdir". Kapitalizmlə mübarizədə millətsiz və milli dövlətsiz, yalnız sinfi yanaşma ilə proletariata istinad edən sosialist, daha doğrusu, bolşevik mücadiləsini də doğru hesab etməyən M.Ə.Rəsulzadə belə bir nəticəyə gəlir ki, "Nə fərdi hürriyyətlə şəxsi mülkiyyətin mütləqiyyətindən doğan kapitalist anarxiyası ilə sərmayə istibdadı, nə də insanları mənliyindən çıxararaq bir kölə və maşın halına gətirən kommunizm (oxu, bolşevizm - R.M.) əsarəti! Nə mütləq liberalizm, nə də mütləq kollektivizm! O halda: İkisini təlif (uzlaşdıran) edən solidarizm = təsanüd". Təsanüdçülüyün, başqa sözlə, birliyin və ya solidarizmin əsasında isə M.Ə.Rəsulzadəyə görə "...hürriyyət, şəxsi təşəbbüs və mülkiyyət əsasları bakidir". Amma yenə də liberalizmdən fərqli olaraq "Bu sistemdə (təsanüdçülükdə, milli birlikdə - R.M.) hürriyyət də, mülkiyyət də mütləq deyil məşrutdurlar (şərti). Şərti isə ümuminin mənfəəti və dövlətlə millətin salamatlığıdır". Göründüyütək özünün kommunitarist mövqeyi ilə M.Ə.Rəsulzadə dövlətin bütövlükdə liberalizmdə başa düşüldüyü kimi cəmiyyətdə sadəcə polis və məhkəmə rolunda çıxış etməsi ilə razılaşmayıb fikrincə, "Solidarizmdə ..., dövlət millətin təmsilçisi və cəmiyyətdəki münasibətlərin nizamlayıcısıdır". Bu cür dövlət isə M.Ə.Rəsulzadəyə görə, yalnız solidarizmlə "...hurriyyət və mülkiyyət müəssisələrində qoyulmuş təbii təşəbbüs və irəliləmə həmlələrini zədələmədən, kapitalizmin liberal sistemində ümumi mənfəət zərərinə işləyən ifratların önünə keçmək vəzifəsini" daşımış olur. Beləliklə də, "Sinifləri əsas olaraq alan kommunizm kimi, fərdləri nəzəri etibara alan liberalizm dəxi kosmopolit və internasionaldır, solidarizm isə millidir".

 

Başqa sözlə, "Liberalizm (oxu, anqlo-sakson liberalizmi - R.M.) mədəniyyətin ruhunu fərdin yaradıcı eqoizmində görür. Kommunizm (oxu, bolşevizm - R.M.) isə bunu sinfi eqoizmilə təbdil edər (dəyişdirir)". Bunlardan solidarizmin fərqli olduğunu bildirən M.Ə.Rəsulzadə yazır ki, "...solidarizm (oxu, milli birlik - R.M.) isə mədəniyyəti fərd eqoizmilə cəmiyyət mənfəətləri arasındakı ahəngdən ibarət bilir". Üstəlik, M.Ə.Rəsulzadəyə görə, "Liberal cəmiyyətdə qeyri(sini - R.M.) düşünmək [alturizm] qəhrəmalıqdır. Solidarizmdə isə bu bir vəzifədir". Həqiqətən də, nəyin bahasına olursa-olsun yalnız varlanmağı, maddi və mənəvi sərvətləri qəsb etməyi  hədəf seçmiş günümüzün anqlo-sakson liberalizmində nəinki Özgə, Yad olanların, eləcə də, eyni bir cəmiyyətə aid Başqalarının maraqlarını nəzərə almaq, necə deyərlər, "nər kişinin işidir". Halbuki bunu bir vəzifə sayan M.Ə.Rəsulzadə özünün solidarizm və ya başqa sözlə deyilərsə, Milli birlik ideyası ilə onu "hər kişinin işi"nə çevirmək idealını irəli sürmüşdür. Bu idealından çıxış edən M.Ə.Rəsulzadə vurğulayır ki, "Kültür və tarix bağları ilə mənəvi birlik təşkil edən bir millətin fərdləri, topluluğun ortaq mənfəətlərini qorumaq üçün öz şəxsihırs (sonsuz arzu) və mənfəətlərini hüdudlandırmaq məcburiyyətindədirlər". Dövlət isə M.Ə.Rəsulzadəyə görə, cəmiyyətin mənfəət və maraqlarını təmsil etməlidir. Çünki "Fərdin mənəvi mənliyini təşkil edən ortaqlı bütün qiymətlərin qaynağı milli cəmiyyət, onu təmsil edən də dövlətdir". Fərdi maraq və mənfəətlərə gəldikdə isə, M.Ə.Rəsulzadə özünün təbiri ilə desək, "Hürr və kamil insan olmaq fəziləti"nə sahib şəxsiyyət kimi qeyd edir ki, "Fərd, digər fərdlərlə ortaq olduğu bu mənəvi mənliklə özünəməxsus mənfəətlərdən ibarət maddi mənlik arasında ixtilaf çıxınca, maddiliyini mənəviliyinə fəda etmək məcburiyyətindədir". Belə ki, M.Ə.Rəsulzadənin qənaətinə görə, "Dövlətlər, millətlər və cəmiyyətlər ancaq "canlarını canlarına fəda edə bilən" bu kimi əzaya (üzvlərə) malik olduqları zaman paydar (uzunömürlü, davamlı) ola bilirlər". Onun üstünlük verdiyi bu "milli təsanüd sistemi"ni səciyyələndirən başlıca anlayış isə heç şübhəsiz ki, Millət məfhumudur.

 

M.Ə.Rəsulzadə "Milli birlik" əsərinin "Millət olmaq əzmi" adlı başlığı altında yazır ki, dilimizdə millət anlamını ifadə edən milliyyət və millət sözləri vardır. "Bunlardan birincisi (milliyyət - R.M.) lisani (dil), dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edər" - qeyd etmiş M.Ə.Rəsulzadə bildirir ki, "İkincisi (millət-R.M.) isə bu topluluqda doğan ümumi bir iradəni anladır". O, İtaliyanın respublika və demokratiya tarixində görkəmli yer tutmuş Cuzeppe Madziniyə (1805-1872) və məşhur sosioloq Emil Dürkheymə (1858-1917) istinad edərək birinciyə görə: "torpağın, mənşəyin, əxlaq ilə adətlərin və lisanın (dilin - R.M.) birliyindən dolayı, həyatında və ictimai vicdanında anlaşma və ortaqlıq yaratmış bir insan topluluğuna", ikincisinin isə, "Etnik amillər və yaxud sadəcə tarixi səbəblərlə eyni qanunlar altında yaşamaq və tək bir dövlət qurmaq istəyən insan topluluğuna millət deyil"diyini qeyd edir. E.Dürkheymin milləti kollektiv iradətək, bu iradənin dövlət qurmağa artıq bir prinsip olduğunu xatırladaraq M.Ə.Rəsulzadə, C.Madzininin verdiyi təriflə onun tərifi arasında aşağıdakı fərqləri ümumiləşdirmişdir: "...birincisində (C.Madzininin tərifində - R.M.) millət ünsüri və tarixi bir olaydır [vaqeə]. İkincisində (E.Dürkheymin tərifində - R.M.) isə millət ictimai və idari bir hadisədir. Ötəkində millətin oluş seyri anladılır, bərikində millət bir "prinsip" kimi göstərilmişdir. O, rüşeymdir, bu - cocuqdur. O, ağacdır, bu -meyvədir. O, anadır, bu - yavrudur. O, milliyyətdir - bu, millətdir".

 

Göründüyü kimi, M.Ə.Rəsulzadə iki fikir və elm nəhənginin müddəlarına istinad edərək milliyyətin təbii şəkildə insan birliyinə aid edildiyi halda, millətin daha sonra bunun əsasında meydana çıxan bir hadisə olduğunu aşkarlayır. O qeyd edir ki, "Lisanları, adətləri, tarixləri, dinləri, vətənləri və s. bir olan insanlar bir milliyyət təşkil edərlər, fəqət, bir milliyyətin millət halına keçməsi ümumi şüur və kollektiv [məşəri] iradənin təəssüsünə (quruculuğuna, təsis edilməsinə - R.M.) bağlıdır". Bu isə M.Ə.Rəsulzadəyə görə "ictimai hafizə"ni, bizsə deyərdik ki, "milli şüur"u formalaşdıran orqanın təşəkkülü ilə meydana çıxır. M.Ə.Rəsulzadə qeyd edir ki, "Bu orqan müxtəlif zamanlara görə dəyişir". Halbuki bu orqanın olmadığı və deməli, millət anlayışının da mövcud olmadığı "Orta çağlarda bu vəzifəni feodal zümrə görür, milliyyətin sosial həyat və gələnəklərini qeyd və zəbt edən (saxlayan, yaşadan) "hafizə" (ictimai şüur - R.M.) xan sarayları ilə şövalye (dərəbəy, feodal) qalalarından ibarət olub qalırdı". Ancaq elə M.Ə.Rəsulzadənin bildirdiyitək "Zamanın dəyişməsilə, təbii olaraq bu orqan (ictimai şüur - R.M.) da dəyişdi". Yəni burjuaziyanın meydana çıxması ilə feodalizm quruluşu dağılaraq "Mənəviyyat mərkəzi "qala"lardan şəhərlərə keçdi. Şəhərlərdə yetişən münəvvər zümrə (aydınlar - R.M.) millətin şüurunu tərbiyə və iradəsini təmsil edən bir sinif halına gəldi". Nəticədə, "Bunların (burjuaziyanın - R.M.) sayəsində mənliyini tərk edən milliyyət topluluğu bir millət olmaq əzminə gəldi".

 

Bir daha Vətən niskilini xatırladan M.Ə.Rəsulzadə 1918-ci il hadisələrinə işarə edərək vurğulayır ki, "Demokratik Azərbaycan topluluğunda bu millət olmaq iradəsi, sözün əsrimizdəki mədəni mənası ilə 28 may istiqlal hadisəsi və bəyannaməsilə təəssüs (yarandı) etdi. 32 ildən (buradan təxmin etmək olar ki, M.Ə.Rəsulzadə sözügedən əsərini 1952-53-cü illərdə qələmə almışdır - R.M.) bəri dünya tarixinin ən qorxunc bir istilası (bolşevizm - R.M.) altında bulunmasına, ən amansız totalitar bir rejimin (stalinizmin - R.M.) məhkumu olmasına rəğmən, Azərbaycan topluluğu bu iradəyə sadiq qaldığını hər fürsətdə izhar etməkdə, milliyyət dövründən çıxaraq millət olduğunu, 28 may fikrinə bağlılığını hər vasitə ilə isbat etməkdədir". Buradan da göründüyütək, M.Ə.Rəsulzadənin faşist Almaniyası ilə əməkdaşlığı əldə rəhbər tutaraq onun mövcudluğunu arxa plana atmaq istəyənlərə dahi şəxsiyyət elə özü cavab verərək bütün bunların millət adına və ən başlıcası azad Azərbaycan naminə etdiyini bir daha anlamış oluruq. Əlbəttə, keçmiş Sovet vətəndaşı kimi "ilanın ağı" məsələni xatırlayıb M.Ə.Rəsulzadəni və Cümhuriyyətin "Prometey" hərəkatına qoşulmuş digər nümayəndələrini qınamaq istəsək belə, yenə də müstəqil Azərbaycan Respublikasının vətəndaşıtək onların bu istiqlal coşqusunu və fədakarlıqlarını dəyərləndirməyə bilmərik. Axı həqiqətən də, biz, M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi, milliyyət və ya etnik birlik olmaqdan çıxıb tariximizdə ilk dəfə müstəqil bir millətin nümayəndəsi olmuşuq. Və çox güman ki, Azərbaycan xalqının 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhüriyyəti kimi bir milli dövləti olmasaydı, bəlkə də bizlər də bolşevik istilasından sonra Sovet İttifaqının tərkibində sadəcə muxtar qurumlarından biri olub, heç respublika statusunu belə qazana bilməzdik. Respublikamızın Sovetləşməsi dönəmində təzəcə formalaşmaqda olan millətin istiqlalı, müstəqilliyi olmadığından, fikrimizcə, toplumun bu cür birliyinə xalq və ya milliyyət deyilməsi təbiidir. Çünki M.Ə.Rəsulzadənin də qeyd etdiyi kimi, "...milliyyət müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş statik [mustəqər] bir varlıqdır, millət isə bu statik varlığın şüurlaşan dinamik [fəal] bir şəklidir". Və ya "Statik bir keyfiyyət ərz edən milliyyət baxımından vətən coğrafi bir anlamdır. Halbuki şüur və iradəyə malik olan millət baxımından vətən, siyasi bir məna ifadə edər".

 

(Ardı var)

 

Radif  MUSTAFAYEV

AMEA Fəlsəfə İnstitutunun Multikulturalizm və tolerantlığın fəlsəfəsi şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru

 

525-ci qəzet.- 2018.- 11 aprel.- S.6.