Beynəlxalq Trabzon Ədəbiyyat Festivalı başlanır

 

Aprelin 12-dən 30-dək Türkiyənin Trabzon şəhərində ənənəvi Beynəlxalq Trabzon Ədəbiyyat Festivalı (UTEF) keçiriləcək.

Bu il üçüncüsü düzənlənəcək festivala Azərbaycandan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redakoru Rəşad Məcid qatılacaq.

Budəfəki festivalın da proqramı olduqca zəngindir. Aprelin 12-si Ortahisar Bələdiyəsinin Konfrans zalında "UTEF Məlumatlandırma Mətbuat toplantısı"nda UTEF-in yaradıcısı layihə rəhbəri, Qaradəniz Yazarlar Birliyi dərnəyinin başqanı Əsma Ala Türkmən çıxış edəcək. Toplantıda Ümid Yaşar Gözümün moderatorluğu ilə "Cəmiyyətin məlumatlandırılmasında yerli media" mövzusu müzakirə ediləcək. Mövzu ətrafında Jurnalistlər Cəmiyyəti başqanı Nazmi Bilginin, Trabzon Jurnalistlər Cəmiyyəti başqanı Yusuf Turqut Azərbaycandan Rəşad Məcidin çıxışları nəzərdə tutulub.

Həmin gün Trabzon Jurnalistlər Cəmiyyətinin toplantı salonunda baş tutacaq ikinci tədbiri Mustafa Zəki Çıraqlı idarə edəcək. Tədbirdə Ülkü Eliuzun "Fuat Köprülü", Nevzat Yılmazın "Osman Nuri Eyüboğlu" mövzulu məruzələri dinləniləcək.

Aprelin 12-də keçiriləcək UTEF-Ədəbi Yeməklər Söhbət Festivalında "Babil Yemək Kitabı"ndan "Min illər sonra planşetlərdən boşqablara" mövzusu müzakirə olunacaq.

Növbəti gün - aprelin 13-də UTEF-"İfadə ərz-hal" Festivalında Moğol Ədəbiyyatından "Yolluğ Tigin", UTEF-"Teatr mətnləri ssenari" Festivalında Trabzon Valisi Əli bəy, aprelin 14-ü UTEF-"Yazı sənəti məktub" Festivalında Rus ədəbiyyatının görkəmli nümayəndəsi Nikolay Vasilyeviç Qoqol, nəhayət aprelin 15-i UTEF-"Ədəbiyyatda geyim-keçim-bəzənmək" Festivalında Azərbaycan ədəbiyyatının böyük xanım şairəsi Xurşidbanu Natəvanın həyat yaradıcılığı ətrafında müzakirələr nəzərdə tutulub. Müzakirədə Rəşad Məcid Xurşidbanu Natəvan haqqında məruzə ilə çıxış edəcək.

Xatırladaq ki, Beynəlxalq Trabzon Ədəbiyyat Festivalı artıq üçüncü ildir ki, hər ilin aprel ayında həyata keçirilir. Ötən il aprelin 21-dən 26-na kimi keçirilən festivalda ölkəmizi Rəşad Məcid gənc şair, Milli Elmlər Akademiyasının doktorantı Gülnar Səma təmsil etmişdilər. Festivalın açılışında çıxış edərək festival çərçivəsindəki silsilə tədbirlərin ayrı-ayrı xalqların ədəbiyyatlarına böyük söz sənətkarlarına həsr olunmasını təqdirəlayiq hal kimi vurğulayan Rəşad Məcid festivalda böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına xüsusi yer verildiyi üçün Nizami yurdu Gəncədən hədiyyə göndərilən böyük şairin portreti əks olunan xalçanı festivalın rəhbəri Əsma Ala Türkmənə hədiyyə etmişdi.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 11 aprel.- S.8.