Fərqliliyin faciəsi
Türkan TURAN
Yenə dünya ilə məsafə saxladığım
günlərdən biri idi. Çoxdandır, sevgi deyə-deyə
sinəmə döyməyə də ara
vermişdim.
Nə həyəcanlanmaq istəyirdim, nə nəbzimin
surətlənməsini. Heç gözümün dolmasını
da arzulamırdım. Ruhumda dərin boşluq hiss edirdim! Elə boşluq idi ki, qu desən qulaq tutulardı.
İnternetdə maraqlı nəsə
axtara-axtara var-gəl edirdim. Bir gün
öncə dostumla etdiyimiz söhbət ağlımdan
çıxmırdı. Aha, deyəsən
tapmışdım. Kitab yükləyib oxumaq ən
keyfiyyətli seçim olacaqdı. Elə
belə də etdim.
İki,
üç səhifə oxumuşdum ki, birdən məni
özünə kilidləyən cümlə ilə
qarşılaşdım: "Kim deyirsə dünya beş günlükdür, qələt eləyir,
dünya yüz illikdir, min illikdir, sonsuzluğa qədərdir,
amma gərək bu nəhayətsizliyi dərk etməyə
ağlın ola, Allah adama gözəlliyi görən göz
verə". Kitab elə bu cümlə ilə
gözlərimdən yapışdı.
Öz-özümə "bu nə üslub, bu nə dil, bu nə
axıcılıq və səmimiyyətdir, əzizim" dedim və oxumağa davam etdim. Söhbət
yazıçı Hüseynbala Mirələmovun "Gəlinlik
paltarı" romanından gedir. Oxuduqca özümü
qumsaldan suya doğru gedirmiş kimi hiss edirdim. Nə
göl deyildi, nə dəniz, heç okean da deyildi, nə idisə,
ondan daha dərin olduğu dəqiq idi. Çünki
aşağı baxanda dibi, yuxarı baxanda ucu
görünmürdü. Günümüzdə
baş verənləri bu cür çılpaqlığı
ilə oxumaq ürəyimcə idi.
Əsər toy mərasimi ilə başlayır. Oxuduqca özünü həmin
toyun iştirakçısı kimi hiss edirsən. Elə bil
hadisələrin içindəsən! Hətta
bütün diqqətini toplayanda, ilk səhifələrdə
toyda çalınan vağzalının səsi belə
insanın qulağına gəlir. Əsərdəki
adlar fərqlidir. Oxuduğun hər yeni addan sonra
sürprizlə qarşılaşırsan! Yazıçının
hələ toyda, Fənayədə yaratdığı
xüsusi həyəcandan hiss edilirdi ki, hadisələr onun ətrafında
cərəyan edəcək. Elə belə
də olur. Fərqli qadının böyük sevgisi
başlayır!
Həmişə eşqi avtomobil qəzasına bənzədirəm. Qəflətən
gəlir, vurur, haradan, hansı sürətlə
çırpıldığının belə fərqində
olmursan, budur, sən artıq qurbansan. Keçidlərə
diqqət etməyəndə, işıqfora əhəmiyyət
verməyəndə, yolu haradan gəldi keçəndə, qəzanın
miqyası daha da böyük olur. Ya dərhal
ölürsən, ya da uzun müddət can verib, sonra ruhunu təslim
edirsən. Fənayənin də qəzası
toydan çıxanda baş verir. Yazıçı
sevginin ölüm kimi olduğunu, gözlə-qaş
arasında baş verdiyini yazır. Gözəlliyi,
ağlı, cazibəsi, duruşu ilə görənləri məst
edən bu qız sadəcə roman qəhrəmanı deyil.
Real həyatda da belə simaları görmək
mümkündür. Fənayənin faciəsi
bütün gözəl və ağıllı
qadınların faciəsindən çox da fərqlənmir.
Yazıçı
Fənayəyə sətirlərdə elə can verib ki, adam istəyir cümlələrdən
çıxardıb ona aşiq olsun. Ya da desin ki, "Fənayə,
narahat olma, qüsur səndə deyil, cəmiyyətdədir!"
Fənayə sevgiyə yaxşı bələddir. Sevgisiz
insanların ruhdan, nəfəsdən, ətdən deyil, sadəcə,
sümükdən olduğuna inananlardandır. O insanlara
toxunanda bədənə sarılıb hərarət hiss etmirsən,
sümüyə dəyib, diksinib, geri çəkilirsən! Fənayə əmindir ki, insanın ruhu
hardadırsa, canı da ordadır. Acı təcrübəsi
vardı - gözünü sevgisiz ailədə
açmışdı, anası ilə atasını sevgidən
başqa hər şey üçün evliliklərini davam
etdirdiyini görmüşdü. Ana
eyş-işrətdə, ata kefdə-damaqda - adı isə
yuva, ailə idi. Kitabı oxuduqca adama elə
gəlir ki, yazıçı bu günə qədər
tanıdığın bu cür ruh daşıyan insanlarla
görüşüb, onların dediyini romana çevirib.
Hadisələr və obrazlar o dərəcədə
realdır!
Fənayə fərqdir, Fənayə fərqlidir, Fənayə
azadlıqdır, Fənayə sevgi Tanrısı kimi bir
yaradılışdır. Onu Hüseynbala Mirələmov
yaradıb, amma gözəl yaradıb! Yalnız
dərin kişilər, hətta obraz belə olsa, qadına bu qədər
azadlıq, gözəllik, istedad verə bilər.
Yalnız qadın ruhunun hər hüceyrəsinə bələd
olan insanlar onları qəfəsə salmırlar,
ağlını almırlar, əksinə, ağlından,
gözəlliyindən, istedadından zövq alırlar!
Qadın ruhundan anlayan dərin kişilər
qadının da dərinliyinin fərqindədirlər. Bilirlər ki,
suyun dibini görmək üçün onu bulandırmaq yox,
durultmaq gərəkdir. Əmindirlər ki,
hətta ən çirkli dənizin belə çökəkliyində
qiymətli nələrsə var. Bunun üçün
yaxşı dalğıc olmaq lazımdır. Yazıçı həmin dərinliklərdə
üzərək, ləl-cəvahiri böyük məharətlə
gün üzünə çıxardıb.
Bu cəmiyyətdə gözəl, fərqli, azad,
istedadlı qadın olmaq qədər çətin nəsə
var, görəsən?! Gözəl olanda baxışlar
altında əzilirsən, istedadlı olanda sözlər
altında, fərqli olanda qarayaxmalar insanın
gününü qaraldır, azad olanda "hər kəs
adlı hündür hasarlar" ətrafını hörmək
istəyir. Sevgi dolu olanda vəziyyət lap qəlizləşir,
bütün sevgisiz insanlar əl-ələ verib o sevgini səndən
qoparmayınca dincəlmirlər!
Yazıçı
bu cəmiyyətin qadınını, kişisini, sevgisini,
sevgisizliyini, adət-ənənəsini elə həssaslıqla
gözlər önünə sərib ki, bütün
kitabları satın alaraq, küçəyə
çıxıb, qarşına çıxan hər kəsə
bir-bir təqdim edib, "oxuyun, bu təfəkkürdə olan
insanların cəmiyyətini siz də
görün, siz də eləsinizsə düzəlin" demək
keçir insanın içindən...
Əsərdə ana Zinayənin timsalında xəyanət,
ata Qadirin timsalında sədaqətsizlik, acizlik, qadın
hesabına yaşamaqdan bəhs edilib. Özümü dərk
etməyə başlayandan bu cür ailələri daha
yaxşı görürəm. Sırf ərə getmək
naminə malından-pulundan keçənlərimi deyim, yoxsa
iş, ev sahibi olmaq üçün
qaynataya tərəf "yıxılan", sonra da hər
şeyə göz yuman kişilərdənmi
danışım? Yox-yox, mən danışmayım, onsuz da
romanda daha artığı yazılıb!
Romanın digər qəhrəmanı Harisdir. Adı diqqətimi
çox cəlb edən ikinci obraz. "Bu
necə addır" deyə sual verdim özümə,
kitabı yarımçıq saxlayıb, mənasını
axtarmağa başladım. İslamda
"Çalışqan, qazanc əldə edən"
anlamına gəlir. Amma bir müddət əvvəl
oxuduğum romanda bu söz hərislik anlamında istifadə
edilmişdi. Hə(a)ris qədim ərəb
sözüdür. Ehtiras, bir şeyə həddindən
artıq can atan, ona aludə olan, düşkün,
gözüdoymayan sözləri buradan törəyib. Həris bu mənaları özündə
daşıyır. Dəvələrə
çöl gəmiləri deyilir. Bu heyvanlar üç
həftə yemədən, içmədən, ac, susuz səhrada
dayanmadan gedir, yəni o qədər dözümlüdürlər!
Amma dəvələrin səhrada çox sevdikləri
bir tikan var. Gördükləri yerdəcə o tikanı
qoparıb, çeynəməyə başlayırlar. Tikan dəvənin ağzında yaralar açır,
o yaralardan qan axmağa başlayır. Duzlu
qanın dadı tikanınkı ilə qarışınca, bu,
dəvənin daha çox xoşuna gəlir. Beləcə, yedikcə qanayır, qanadıqca yeyir,
heç cür öz qanına doya bilmir və əgər
müdaxilə edilməsə hədsiz qan itirdiyi
üçün ölür. Bunun adı hərisdir.
Haris xarakteri də eynilə bu cürdür.
Qadınlar üzərində hakimiyyət qurur,
onları "öldürdüyünü" zənn edir,
amma əslində özünün öldüyünün fərqində
olmur. Öz qanının dadından sərxoş olur!
Nə
pula, nə var-dövlətə, nə əyləncəyə
hərisliyi bitmək bilmir! Zənginliyə olan
hərisliyi üçün nəhəng sevgini məhv edir.
Bu dünyada pul da qazanmaq asandır, vəzifə
sahibi olmaq da, ərə getmək də, evlənmək də,
övlad sahibi olmaq da. Şan-şöhrətə
yiyələnmək hamısından asandır, amma
özündən yekə sevgiyə məruz qalmaq milyon ildə
bir görülən hadisədir. O qədər nadir
hallarda olur ki, insanların qarşısına bu cür sevgi
çıxanda onunla necə davranacaqlarını bilmirlər,
özlərini itirirlər. Halbuki, eşq ən
gözəlidir. Qışı yaza çevirir, qara
buludu dağıdıb yay günəşi kimi gur işıq
saçır, adamı gerçəyə kor, hər kəsə
kar edir! Sevdiyinin ayağını basdığı
torpağı belə öpdürür eşq! Yox, ancaq belə
cənnət etmir, yeri gələndə insanın içini
yanğın yerinə, müharibə meydanına da
çevirir! Bu hisslər Harisə yad idi. Çünki o, daxilini hər gün bir qadınla bərabər
olaraq tükətmişdi. Onun
üçün dəyər anlayışı çoxdan
yoxa çıxmışdı. Pul üçün hər
yola əl atan insanlar təhlükəlidir, həm ətrafı,
həm də özü üçün! Haris isə onun
üçün ən ülvi, ən pak, bəlkə də
ömürlük hədiyyə kimi həyatına bəxş
edilən ən gözəl eşqi də hərisliyi ilə
darmadağın etdi! Onun həyatındakı mənasızlığı
hər kəsin yaşantısına sirayət edirdi. Odu hər kəsi yandırırdı. Hətta
həyatının həndəvərindən keçənləri
də bu atəşdən sığortalı deyildi! Haris kimi insanlar çürümüş meyvə
kimidirlər. Onunla eyni səbətdə
olanları da çürüdürlər, çox keçmədən
çürüntüdən gələn üfunətin qoxusu
ətrafdan keçənləri vurur. Yolunu dəyişməsən,
o qoxunu udmağa məcbursan!
Bu ölkədə
o qədər çox Haris var ki!..
Yazıçı bütün hərisləri bir Harisdə cəmləyərək,
onların necə yöndəmsiz, mənasız, həris
olmaqlarını sillə kimi oxucunun sifətinə
çırpır!
Diqqət çəkən obrazlardan biri isə Fədaidir. Müharibə
əlili, kasıb, çörək pulunu qəzet satmaqla
qazanan bu oğlan Fənayənin sevgisi ilə yanıb
tutuşanlardandır. Bu eşqin baş
tutmayacağı gün kimi aydındır. Fənayə
Fədainin yemi deyil! Bəlkə də o
yaxşı adamdır, qanlı-qadalı müharibədən
çıxıb, amma eşq aləmi, qadın uğrunda
savaş ayrı savaşdır. Bu işə onun baş
qoşması başdan yanlışdır!
Fənaya heç bir standarta uyuşmur, heç bir
çərçivəyə sığışmır. Fənayə
özünü cəmiyyətin yox, təbiətin bir hissəsi
sayır. Təbiətin isə öz
qaydaları var, güclü gücsüzü məhv edir.
Burada güc Fənayədi! Gücsüz
kişiləri ağlı ilə əzir. Bəsit
kişiləri toz kimi üfürüb ətrafını təmizləyir!
Fədai, Zaur, Zahir, Sərraf onun həmyaşıdları olsa
da, Fənayə üçün gücsüzdülər.
Onlar Fənayəyə, Fənayə isə eyforiyasına
qapılıb getdiyi Harisə heyranlıq duyur! Onunla
hər görüş hisslərinin, duyğularının
bayramıdır. Yerdən ayaqları
üzülür, göy adamına çevrilir. O göy
pak, ləkəsiz, məkirsiz idi, orada əylənmək, gəzmək,
ömür sürməyi sevgidən də üstün tuturdu.
Hər görüşdən sonra
özünü dünyanın ən zəngin insanı hesab
edir. Bəzən nə üçün belə
olduğunu anlamaqda çətinlik də çəkirdi! Amma
bunun adı eşq idi!
Hüseynbala Mirələmov nə yaratdığı
obrazlara, nə milli mentalitetə, nə cəmiyyətə, nə
də həmin cəmiyyətin qadınına, kişisinə
güzəştə gedib. Azərbaycanın sosial-psixoloji
proseslərini romana sığdırıb! Kitabı oxumağa
başlayanda sanki, adamın yaxasından yapışıb silkələyir!
İmmunitetimiz bu silkələnmədən tökülən
gerçəklərə qarşı nə qədər
güclüdür, bilmirəm, mədəmiz nə qədərini
həzm etmək iqtidarındadır, bunu da bilmirəm, amma bir
həqiqət var ki, reallıq həmişə
ağrılıdır!
Romandakı obrazlardan biri də Yusifcandır. Rəssamdır.
Ömür boyu öz boşluğunda boğulan, nəsə
axtaran, ancaq tapa bilməyən, sevgisizlikdən ilmə-ilmə
yoxluğa doğru çəkilən xarakterdir! Yusifcanı oxuyarkən, ətrafmdakı
tanıdığım yusfcanları
düşünürdüm. Sevgisiz, ömür boyu kimisə
axtaran, lakin tapa bilməyən, ürəyində yellər əsən
o qədər insan var ki... Adam bilmir
qınasın, yoxsa dəhşətə gəlsin.
Roman mənə çox təsir etdi. Hisslərim hörmüçək
toru kimi bir-birinə qarışdı. Gah gözüm
doldu, gah həyəcanlandım, gah fəxarət hissi
keçirdim, gah da dəlicəsinə sevmək istədim!
Kitabın dili o qədər şəffaf, axıcıdır
ki, bəzən özümü yaşıllıqda uzanıb,
üstümə şaftalı çiçəyinin
yağdığını xəyal edərkən
yaxalayırdım! Hüseynbala Mirələmov oxucunun ruhuna Fənayənin
barmaqları ilə toxunub! Kitabın bitməsinin
üzüntüsünü yaşayan biri kimi bunu deyirəm!
İndi ruhumu dolu hiss edirəm! Artıq qu deyəndə
qulaq tutulmur, indi dünya daha gözəldir. İçimin boşluqlarını yekə-yekə
sevgilərlə, həyat boyda romanla, çoxlu ümidlərlə
doldurmuşam. Dünya gözümdə
Yusifcanın dəniz sahilində çəkdiyi rəsmə bənzəyir.
Qırmızı tonların sıx olduğu xətlər
gözümə daha çox dəyir! Yazıçının
da qeyd etdiyi kimi, axı qırmızı rəng bəxtiyarlıq
simvoludur.
Yeri gəlmişkən,
içi, ruhu olan hər kişinin Fənayə kimi
qadını olmalıdır: sevgi dolu, cəsarətli,
qürurlu, azad! Amma o kişi nəbadə bir gün Harisə
çevrilməsin!..
525-ci qəzet 2018.- 10 aprel.- S.7.