Xalq yazıçısı
Anarın müsahibəsi Türkiyə mətbuatında
Bugünlərdə
Türkiyənin "Yeni Şəfəq" qəzetinin mədəniyyət
müxbirlərinin Azərbaycanın Xalq
yazıçısı Anarla müsahibəsi
yayımlanıb.
Yazıçının
80 illik yubileyi ərəfəsində baş tutan müsahibədə
atası Rəsul Rzanın görkəmli türkiyəli
şair Nazim Hikmətlə dostluğundan, özünün ədəbiyyata
gəlişindən, "altmışıncılar" nəslindən,
valideynləri - Azərbaycanın tanınmış şairləri
Rəsul Rza və Nigar Rəfibəylinin onun
yaradıcılığına təsirindən, ədəbi
görüşlərindən, ssenarist kimi fəaliyyətindən,
Türkiyədə müəllim olduğu illərdən
danışılıb. Yazıçı fəaliyyətinin
çoxşaxəliliyini belə xarakterizə edir: "Teatr və
kinoyla da yaxından maraqlandım, rejissorluq təhsili alıb
filmlər çəkdim, özümü tək sahəylə
məhdudlaşdırmaq istəmədim".
Nazim
Hikmətin Rusiyaya qaçdığı zamanlarda ən
yaxın dostlarından birinin atası Rəsul Rza olduğunu
deyən Anar, həmin illəri müsahibəsində belə
xatırlayıb: "Nazim Hikmət Bakıya gələndə
ilk gəldiyi ev bizim ev idi. Atamla dərdləşərdilər.
Gənclik illərimdə Nazim Hikmətlə tanış olub,
söhbət etmək imkanı tapdım".
Müsahibin
valideynləri ilə bağlı xatirələri də maraq
doğurur. O, "atanız və ananız da böyük
şairlərdir. Sizə yazmağınız üçün
təsir etdilərmi?" sualına belə cavab verib:
"Yox,
elə olmadı, amma mən ilk yazımı 14 yaşımda
yazıb ata və anama oxuyanda atam "sən də
yazıçı oldun" - dedi. Amma 21 yaşıma qədər
yazdığım yazıların heç birinin çap
olunmağına icazə vermədi. "Ötən ilin son gecəsi"
adlı hekayəmi yazanda oxudu və "bunu çap etdirə
bilərsən" dedi və ilk yazım jurnalda belə
çıxdı".
Xalq
yazıçısı Türkiyədə yaşadığı
və işlədiyi zamanları isə bu cür
xatırlayıb və özünün həmin illərdə
qələmə aldığı "Otel otağı" əsəriylə
bağlı maraqlı əhvalatı oxucularla
bölüşüb: "1993-cü ildə Memar Sinan
Universitetində müəllim işlədim. Türkiyə ilə
bağlı müşahidələrimi "Otel otağı"
kitabımda yazdım. Bu kitabım Everest Yayınları
arasında "Sırasəlvilərdə bir otel
odası" adıyla çap olundu. İstanbuldaykən
kitabda adı çəkilən Sırasəlvilərdəki
"Vardar otel"ə getdik, şəkil çəkilməliydi.
Otel əməkdaşları ilə çəkiliş
vaxtı söhbət edərkən mənim kitabın müəllifi
olduğumu öyrəndilər və dedilər ki, insanlar otelə
gəlib cinayətin hansı otaqda olduğunu soruşurlar.
Bizim mənfi reklamımızı etdiniz, insanlar bunu həqiqət
hesab edirlər".
Şahanə MÜŞFİQ
525-ci qəzet 2018.- 10 aprel.- S.5.