Altmış yaşda deyilənlər...
ƏMƏKDAR MÜƏLLİM, AYB-nin ARAN BÖLMƏSİNİN MƏSUL KATİBİ, YAZIÇI SƏXAVƏT TAĞLARLA SÖHBƏT
İnsanın kökə, ilkinliyə-yurda
bağlılığı təbii hissdir. İllər keçir, bu
duyğu bir az da dərinləşir, səmimiləşir.
Və başqalarına, özündən sonra gələnlərə
də örnək olur.
Təbii
ki, ətraf aləmi dərk etməyə başlayandan da sakini
olduğun dünyanın, daha doğrusu, qoynunda həyata
göz açdığın, boya-başa
çatdığın kəndin öz gənclik təxəyyülündə
bir az da poetikləşən ağappaq gecələrini,
yaşıl otlarını, ərik ağaclarını, lilli
su arxlarını, geniş çöllərini daha artıq
sevməyə başlayırsan. Bütün
bunlar yuxarıda dediyimiz kimi, təbii hiss olmaqla, həm də
təbiətlə bağlı olan duyğulardır.
Həyatda bir şah duyğu da var. O da doğma yerin,
doğma mühitin ictimai-etik cazibəsidir.
Görəsən, doğma kənd, səni əhatə
eləyən ictimai mühit, yaxın-uzaq adamlar səni necə
qəbul edir?
İllərlə işığa, sevgiyə
doğru uzanan əllər sənə də doğru
uzanırmı?
Haqqında nəsə demək istədiyimiz, həmsöhbət
olacağımız bu insan da məhz bu aspektdən
yanaşılası kəslərdən biridir. Bu kəs qədim
elat obalarının birində, İmişli rayonunun
Əliqulular kəndində təvəllüd tapıb.
Zaman keçdikcə soyadına, adına
hörmətlə yanaşan bu kəs Əliqulular kənd tam
orta məktəbinin direktoru, respublikanın Əməkdar
müəllimi, gözəl ziyalı, könlünə, qəlbinə
dostluğun, yoldaşlığın, bir sözlə,
insanlığın hakim kəsildiyi Səxavət Feyruz
oğlu Tağıyevdir.
Onun haqqında söz demək olduqca asandır. Onu da deyim ki,
haqqı var, haqqında söz deyilməyə. Onun xarakteri, insani keyfiyyətləri poeziya kimidi.
Axarlı, ləngərli, yatımlı. Bu keyfiyyətləri birnəfəsə oxumaq olar, əzbərləmək
olar.
Bəzən ulu yaradanın yaratdığına bəxş
elədiyi insani keyfiyyətlərin və bu keyfiyyətlərdən
boy tutan əməllərin tərənnümünə layiq
olan, onu ifadə edən söz tapmaq çətinliyində
qalırsan.
Bax elə biz də bu
çətinlikdə qaldığımızdan onunla başqa
yöndə, daha doğrusu, hamımız üçün
maraqlı olan ədəbi- bədii dünyası haqqında həmsöhbət
olacağıq.
- Səxavət
müəllim, əvvəlcə neçə-neçə
kitaba sığmayacaq o vaxtlara - o sirli, sehrli uşaqlıq aləminə
birgə ekskursiya edək bəlkə?
- Ömrümün
uşaq çağlarına məxsus olan dünyası
varıydı. Bu dünya maraqlı, qəribə
rəsmlərlə, nağıllarla doluydu. Mənə elə gəlirdi ki, qoynunda təvəllüd
tapdığım doğma Əliqulular kəndinin boyuna
biçilmişdi bu rəsmlər, bu nağıllar. Və bu kəndin, bu kənddə yaşayan camaatın
əkini-biçini, aranı-yaylağı, geniş taxıl zəmiləri,
pambıq tarlaları yaşıl ilmə kimi keçirdi bu nəğmələrdən,
bu nağıllardan. O uşaq dünyamda doğma kəndimdən
böyük, şirin bir məkan təsəvvür eləyə
bilmirdim.
- Belə
çıxır ki, sənin bugünkü fəaliyyətin,
istər pedaqoji, istər ədəbi-bədii
yaradıcılığın elə bil o illərdən boy
götürüb.
- Tamamilə
haqlısan. Bunu mən sövq-təbii hiss eləyirəm. Hətta illər keçdikcə duyurdum ki, mənim
o uşaq dünyamda mənimlə bir də bir "mən"
böyüyür. Mənimlə birlikdə
məktəbə gedib-gəlir, uşaqlara qoşulub gizlənpaç
oynayır. Bəzən də böyüklərə,
yaşlılara qarşı xüsusi nəzakət
qaydalarına əməl edir. Bəlkə
də bu "mən" hissiydi ki, ətraf aləmə bir qədər
fərqli baxırdım. Ədalətsizliyə
laqeyd qala bilmirdim. Bir də gördüm
ki, hələ gənc yaşlarında ikən neçə-neçə
publisist yazıların - oçerklərin, felyotonların
müəllifi olmuşam. Hiss etdim ki, sadə zəhmət,
sənət adamları haqqında yazmamağı
bacarmıram. Və yazdım da.
- Mən
sənin, janrından asılı olmayaraq ölkə mətbuatında
dərc edilən, demək olar, bütün
yazılarını oxumuşam. Həmişə
də alqışlamışam. Ancaq
özün bir qədər danışsan, daha maraqlı olar.
-
Düzdü, mənim yaradıcılığımda publisist
yazılar üstünlük təşkil edir. Oxucuların
əksəriyyətinin etirafına görə, pis
yazmadığımı da hiss edirdim. Özümün də
razı qaldığım, aktuallığına, milli koloritinə
görə səmimi qəbul olunan "Qarabağ
düşüncələri"silsilə yazılarım və
eyni adlı kitabım getdikcə məni bədii yazılar
yazmağa da sövq elədi. "Ana fəryadı"
adlı xatirə-povestim ürəyimin sızıltıları,
iç dünyamın qəm vulkanıdır. Onu
da deyim ki, yazılarımın əksəriyyəti
gördüklərimin, duyduğlarımın məhsulu olub.
- Ən çox sevilən yazılarından biri də
"Yar bu gecə"dir. Açığı, mən də
bu yazının təsirindən uzun müddət ayrıla
bilməmişəm. Ecazkar bir səsin sərhəd
tanımayan quş kimi dünyanı dolaşmasından,
neçə-neçə qəlbləri riqqətə gətirməsindən
söz açan bu yazı öz sehrini demək olar ki, o səsə
olan doğmalıqdan, vurğuluqdan götürüb.
- Düzdü, "Yar bu gecə"
Xalq artisti, sənətşunas alim Simarə İmanovanın
"Yar bu gecə"sidir. Bu "Yar bu gecə"
bir neçə mətbu orqanlarında çap olunduqdan sonra
kitab halında nəşr olundu. Sərvaz
Hüseynoğlu ilə birgə yazdığımız bu
kitab mənə elə gəlir ki, Simarə səsinin, sənətinin,
demək olar ki, müəyyən bir qismini əhatə eləyib.
- Ondan əvvəl də
kitabların nəşr olunmuşdu. Artıq
peşəkar bir nasir kimi sənin hekayələrin də oxucu
rəğbətini qazanmaqdadır.
-
Doğrudur, "Qarabağ düşüncələri"ndən
sonra bir metodiki kitabım da işıq üzü
gördü. Bu kitab pedaqoji sahəni əhatə
eləsə də, bir yaradıcılıq nümunəsi kimi
mənim üçün çox doğmadır. Qaldı ki, hekayələrimə, onları da
toplamışam. "Gecikmiş məktub"
adlı kitab halında nəşr olunub. Ədəbi
mətbuat hekayələrim barədə hər zaman uğurlu
fikirlər söyləyib.
- Səxavət,
mənim üçün maraqlıdır, görəsən,
Respublikanın Əməkdar müəllimi,
yazıçı-publisist Səxavət Tağlar ömrün
bu çağından, daha doğrusu, ədəbi-bədii,
pedaqoji zirvədən arxaya boylalanda hansı hissləri
keçirir?
- 60-a
yaxınlaşan bir ömrün zirvəsindən o
nağıllaşan dünyaya boylananda xoşbəxt
olduğumu, ayları, illəri, hətta dəqiqələri
belə, boş yerə xərcləmədiyimi hiss edirəm,
duyuram. Bu duyğudandır ki, həyat mənə daha
şirin, bir pedaqoq kimi fəaliyyət göstərdiyim iş
yerim daha doğma görünür. Rəhbərlik
etdiyim orta məktəbin məzunlarının səsi-sorağı
respublikanın hüdudlarından kənarda eşidilir.
- Sənin
təbiətə, həyata, ictimai-siyasi dönəmlərə
baxışın sərrast, dilin səlis, rəvan,
yazıb-yaratmaq enerjin də, maşallah, nə qədər desən.
Mütaliədən necə, yorulmamısan ki?
Belədirsə, kimləri oxuyursan?
- Mən
demək olar ki, mütəmadi mütaliə eləyirəm. Bu mütaliələr həm də mənə yeni
yaradıcılıq stimulu verir. Rəsul
Rzanı, Məmməd Arazı, Anarı, İsa Hüseynovu,
Elçini təkrar-təkrar oxuyuram.
- Bir
pedaqoq, yazıçı-publisist kimi Azərbaycanın
görkəmli ədibləri Rəsul Rza, Nigar Rəfibəyli,
Ənvər Məmmədxanlı və Anar
yaradıcılığı baradə uğurla qələmə
aldığın "Bir nəslin dörd fəsli" tədqiqat
kitabın barədə nə demək istərdin?
- Sevimli
yazıçımız Anara, onu dünyaya gətirən
böyük sənətkarlarımız Rəsul Rza və
Nigar xanıma, eyni zamanda, ailənin əzizi Ənvər Məmmədxanlıya
hörmət, ehtiram olaraq, gənc nəslin tərbiyəsində
onların yaradıcılığının rolu barədə
ədəbi-pedaqoji düşüncələrimi qələmə
almışam, ayrı-ayrı mətbuat səhfələrində
çap olunmuş həmin yazılar "Bir nəslin dörd
fəsli" adlı kitab halında geniş oxucu kütləsinə
təqdim olunub. Kitabın Göyçay şəhərində
Rəsul Rzanın ev muzeyində geniş təqdimatı
TV-də yayımlanıb.
- Mən
sənin "Qarabağ düşüncələri"
kitabını oxuyanda bir daha mütaliənin, hətta
Qarabağda yaşayıb-yaradan şairlərimizin
yaradıcılığına necə səyahət etdiyinin
şahidi olmuşam. Xüsusilə Ənvər
Əhmədin yaradıcılığına daha yaxından bələdsən.
Bəlkə bu yaxınlığın səbəbini
açasan?
- Onu
düz deyirsən. Ənvər Əhməd mənə
ona görə yaxındı ki, mən onunla sovetlər dönəmində
bir institutda müəllim-tələbə münasibətində
olmuşam. Mən tələbə, o isə
gənc müəllim, şair, cəsur insan kimi. Hələ keçən əsrin 80-ci illərində
erməni təcavüzkarlara qarşı etiraz səsimizi birgə
qaldırmışıq. Biz hələ o
vaxtlar cəza da almışdıq. Təvazökarlıqdan
uzaq olsa da, deyim ki, mən Qarabağ haqqında nə
yazmışamsa, bir qədər də canlı, bir qədər
də real görünür. Ümumiyyətlə,
təbii alınır.
- Söhbətimiz
yaza təsadüf edir. Və hər şeyin də
yaxşılığa doğru getməsi arzusuyla bilmək istərdim
ki, fəsillərdən hansı könlünüzcədi?
- Qardaş, sən yaxşı bilirsən ki, mən hər kəsin, hər ağacın, hər hərəkətin belə yerini bilən adamam. Hər fəsilin də həmçinin. Ancaq maraqlıdır ki, nəinki mən, bütün ailə üzvlərimiz may ayında dünyaya göz açmışıq. Görünür, Ulu Tanrı baharı bizə töhfə verib.
- Sənə həmişə bahar təravəti, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Valeh
BAHADUROĞLU
Yazıçı,
pedaqoq
525-ci qəzet.-
2018.- 12 aprel.- S.8.