Məhəmməd Əmin Rəsulzadənin
nəzərində milliyyətçilik və millətçilik
(Əvvəli
ötən sayımızda)
Məhəmməd Əmin Rəsulzadə dəqiqləşdirərək
qeyd edir ki, "Etnik bir özəllik ərz edən milliyyət
mənsublarının yaşadığı bir yerdən ibarət
olan coğrafi vətən dinamizmdən məhrum, passiv bir
sevginin mövzusudur".
Belə bir sevginin isə, məlum olduğu kimi, doğma
Azərbaycandan daha çox, böyük Sovetlər ölkəsinə
aid olması həqiqətən də millətçiliyin
milliyyətçiliklə günahlandırılıb
xalqçılıq şüuru ilə əvəzlənməsinə
gətirib çıxartmışdı. Halbuki "Etnik milliyyətçilik
və coğrafi vətən sevgisi bir topluluğun
yaşadığı yerlərə: dağlara, dərələrə,
yayla və ovlaqlara, dəniz və çöllərə
qarşı duyulan bir ilgidən ibarətdir". Qırmızı terror zamanında bu cür milliyyətçiliyə
siyasi, o cümlədən, də dini don geyindirilərək
xalqımızın çoxlu sayda nümayəndələrinin
məhv edildiyi danılmazdır. Əslində,
açıq deyilərsə, rejimin qorxduğu etnik milliyyətçilik
və ya radikal dindarlıq deyil, bütün bunlardan yüksəkdə
duran və ən başlıcası xalqa yenidən
istiqlalını bəxş edə biləcək milli
şüurun oyanması və millətin formalaşa bilməsi
idi.
M.Ə.Rəsulzadə israrla vurğulayır ki, "Millətin,
dövlət olmaq əzmində israr edən bir milliyyət
olduğu bilgin sosioloqlar tərəfindən kəşf və
tərif edilmişdir". M.Ə.Rəsulzadəyə
görə, bir millətçi, hər şeydən əvvəl
istiqlal davasında olan bir vətənçi - bir
patriotdur". Çünki M.Ə.Rəsulzadə
izah edir ki, "Avropalıların patriot terminilə ifadə
etdikləri anlam, bizim millətçi sözü ilə
anlatmaq istədiyimiz anlamın eynidir". Öz
növbəsində M.Ə.Rəsulzadə vurğulayır ki,
"Bu, avropalıların nasionalizm sözü ilə dedikləri
milliyyətçilikdən tamamilə başqa bir
şeydir". Belə ki, ona görə
"Nasionalizm Qərbi Avropa demokratiyası
anlayışınca, təcavüzçü və ümumi
tərəqqi yoluna girmək istəməyən,
dünyanın seyrindən (gedişindən)
ayrılmış bir gerilik hərəkətidir". Bundan fərqli olaraq vətənpərvərlik və
dövlətçilik mənasında başa
düşdüyü millətçilik barəsində
M.Ə.Rəsulzadə yazır ki, "...patriotizm bir millətin
öz müqəddəratına şəxsən
özünün hakim olması və özünəməxsus
milli bir dövlət qurması hərəkatıdır, bu isə
bütün dünyanı bürüyən tərəqqi hərəkatının
bir parçası, demokratik bir hərəkatdır".
Bütövlükdə, M.Ə.Rəsulzadənin
qəti əminliyinə görə, "Tarixi müəyyən
şərtlərin təsirilə milliyyət halından millət
halına gələn topluluqların müstəqil bir dövlət
qurmaq və ya istilaya uğrayan vətənlərinin
istiqlalını geri almaq uğrunda mücadilə edənlərə
mütləq Avropa terminlərilə bir ad lazımsa, bunlara
milliyyətçi [nasionalist] deyil, millətçi [patriot], hərəkatlarına
da milliyyətçilik [nasionalizm] deyil, millətçilik
[patriotizm] demək lazımdır!"
Millətçiliyin
vəzifəsinə gəldikdə, M.Ə.Rəsulzadə bunu
"... "Milli birliy"i mühafizə etmək"
kimi müəyyən edir. Onun fikrincə,
"İnternasionalist və kosmopolit nəzəriyyələrlə
ortaya atılan marksizm, kommunizm (oxu, bolşevizm - R.M.) və
anarxizm kimi doktrinlərin əsl qayəsi milli birlik və
bütünlüyü sarsmaq, parçalamaq və
pozmaqdır". Çünki
"İctimai sinif və zümrələr arasında ixtilaf
və ziddiyyət təhriki və hüsumət ihdası
(düşmənçilik) bu məqsədlə edilir".
Yenidən solidarizm və bunun əsasında
duran patriotizm ideallarına diqqət çəkərək
M.Ə.Rəsulzadə yazır ki, "...həqiqi millətçilərin
üzərinə tərəddüb (düşən) edən
qutsal qayə uzun sürəkli tarixin məhsulu olan milli
varlığı bütün fəzilətləri, gələnək
və görənəkləri, kültür və ədəbiyyatı
ilə qorumaq, yaşatmaq və gəlişdirməkdir".
Millətçiliyin təbii bir hal olub mədəni və
qabaqcıl fikirtək bəşəriyyətin
inkişafında mühüm rol oynadığını qeyd
edən M.Ə.Rəsulzadə "Dünyada internasional,
kosmopolit və ya qeyri-milli kültür deyə bir şey
yoxdur" müddəasını irəli sürür. Bunu biz
ümumbəşəri sivilizasiya anlamında nəzərdən
keçirsək, doğrudan da, M.Ə.Rəsulzadənin qeyd
etdiyi kimi, "Müxtəlif millətlərin əməyi sayəsində
hüsula gələn (yaranan) və hələ hər millətin
damğasını üzərində daşıyan bir
dünya kültür mənzuməsi və ya məcmuəsi
vardır".
Bu anlamda türklərin böyük və mühüm
rol oynadıqlarını vurğulamış M.Ə.Rəsulzadə,
bir-birindən uzaqlaşdırılmış,
parçalanmış və biz deyərdik ki, o dönəmdə
Azərbaycan da daxil olmaqla istiqlalları əllərindən
alınmış "...bu durum qarşısında türk gəncliyinə
düşən əsl vəzifə, bu ucsuz-bucaqsız
türk kültürünü bütün özəlliklərilə
tanımaq, öyrənmək, sevmək, mənimsəmək və
tanıtmaqdır" deyirdi. Burada "türk gəncliyi"
dedikdə onun yalnız türk etnosundan olan gəncləri
deyil, həmçinin, "türk millətlərindən olan
gəncliyi" nəzərdə tutduğunu anlamaq
üçün sözügedən kitabın "Qövm və
millət" başlığı altında böyük
türk ideoloqu Ziya Göyalpın baxışlarına
münasibətini nəzərdən keçirmək kifayətdir.
Belə ki, Z.Göyalpa görə, "Millət
[nation] şəxsiyyətini uzun müddət qeyb etdikdən
(itirdikdən - R.M.) sonra təkrar oluşdurmağa
çalışan bir qövm deməkdir". Amma
M.Ə.Rəsulzadə vurğulayır ki, "Bu oluş gəlişimini
anladırkən ustad, "milliyyət" təbirilə də
ifadə olunan "qövm"ün keçirdiyi istihalə
(yeniləşmə) şəklini izah edər..." Yəni M.Ə.Rəsulzadə
aydınlaşdırır ki, Z.Göyalpa görə,
"Qövmlər tabe olduqları müştərək bir
din və ya səltənətin təsirilə təməssül
edərək (özləşərək) şəxsiyyətlərini
(təbii identiklərini - R.M.) qeyb edərlər (xalqa
çevrilmiş olurlar - R.M.). Sonra daxil
olduqları bu səltənət və ya ümmətin
çözülməsi üzərinə, yenidən özlərini
(xalqçılıqdakı etnik identiklərini - R.M.) bulurlar.
Fəqət, bu dəfə bulunan şəxsiyyət
(identiklik - R.M.) qeyb edilmiş qövmi şəxsiyyətinin
(etnik olanların - R.M.) eyni deyildir. O, uzun zaman birlikdə
yaşayan müştərək mədəniyyət və
ümmət həyatının (xalqlaşmanın - R.M.) təsirilə
yeniləşmiş bir şəxsiyyətdir (milli identiklikdir
- R.M.). Qövm getmiş (etnik olanlar arxa plana
çəkilmiş - R.M.), yerini millət (milli olanlar - R.M.)
almışdır".
Daha da aydın olsun deyə, M.Ə.Rəsulzadə
Z.Göyalpdan yazır ki, "...Qövm
inhisarçıdır. Qövm dini özünə həsr (aid)
edər, insanlığı özündən ibarət
görür, hətta kosmoqoniyası vasitəsilə
kainatın təşəkkülünü öz qövmi təşəkkülü
ilə izah edər". Z.Göyalp
açıq-aydın bildirir ki, "Bu etibarla (yəni
qövmün, etnosun özünü hər şeyin mərkəzi
hesab etməsindən - R.M.) ümmət şəkli (dini
identiklik - R.M.) qövm şəklindən daha ziyadə
insanidir, çünki ümmət insaniyyəti və mədəniyyəti
bir qövmə həsr etməz, bir çox qövmləri
içərisinə almağa çalışan bir din dairəsinə
həsr edər (xalqa çevirmiş olar - R.M.)". Amma inkişafın ümmət və ya xalqla bitmədiyini
gözəl anlamış Z.Göyalp vurğulayır ki,
"Çağdaş mədəniyyət yalnız bir Dinin
saliklərinə (yolunu gedənlərə,
davamçılarına - R.M.) inhisarı (aid olmanı - R.M.) qəbul
etməz".
Həqiqətən də, xalqın meydana gəlməsində
dinlər və dini dünyagörüşlər mühüm
rol oynadığı təqdirdə, Avropanın Yeni dövründən
başlayaraq İntibah dövrünün təsiri altında
elmi dünyagörüş önə çıxmağa
başlamışdı. Elə bu anlamda Z.Göyalp qeyd edir ki,
"...elmə dayanan bu zümrə türlü dinlərə
mənsub millətləri də dairəsinə ala bilir".
Yəni "...millətlər ümmətin
deyil, çağdaş mədəniyyətin bir
cüzi-tamından (parçasından) ibarətdir".
Başqa sözlə, Z.Göyalpa görə, "Bir çox
sultani [imparial] dövlətlər bir ümmətin bir cüzi
tamı (hissəsi, parçası - R.M.)
ola bilir. Fəqət, millətlər, yəni
çağdaş dövlətlər [təbirə diqqət
edin - idarə] bir ümmətin cüzi tamı
ola bilməz". Nəhayət,
Z.Göyalpın fikrincə, "Millət nə qövm kimi, nə
ümmət kimi inhisarçı deyildir. Millət
çağdaş mədəniyyəti tam, özünü də
onun parçası olaraq görür". Onun bu mülahizələrilə həmfikir
olduğunu qeyd edən M.Ə.Rəsulzadə bildirir ki,
"...Ziya Göyalp da "millət sözünü dövlət"
sözünün müradifi (qarşılığı)
olaraq qullanmışdır". Z.Göyalpın
"Türklər Türkiyə Cümhuriyyətinin təşəkkülündən
sonra millət həyatına başlamışdır" ifadəsinə
M.Ə.Rəsulzadə, elə onun öz yazısından
aşağıdakı parçanı oxumağa tövsiyə
edir: "Türk qövmü islam ümmətindən, Səlcuq
və Osman səltənətlərindən əvvəl də
mövcud idi. Müştərək İran mədəniyyətinə
daxil olmadan özünə məxsus qövmi bir mədəniyyətə
malikdi. İran mədəniyyəti ilə,
ümmət və səltənət təşkilatları
türklərin bir çox qövmi müəssisələrini
izalə (xalqlaşdıraraq arxa plana atdı - R.M.) etdi. Fəqət, eyni zamanda, türklərin millət
halına gəlməsini təmin etdi". Yəni başqa sözlə desək,
xalqlaşmış qövm özünə aid olanları
milliyyətçilik üzərindən millətçilik səviyyəsinə
yüksəltmiş olur. Beləliklə də,
bütün siyasi etnoslarla baş verdiyi kimi türk
qövmünə və ya etnosuna aid olanlar da milli şüura
sahiblənib milli mövcudluq dönəminə qədəm
qoyur.
Bu zaman sayına və mədəni təsir gücünə görə əksəriyyət təşkil edən etnoslarla (titul etnos) yanaşı, digər etnosların nümayəndələri də eyni bir milli varlığı bölüşür. Deməli, bir daha millət yalnız bir etnosun mövcudiyyətini bildirən hadisə olmayıb fərqli dinlərlə yanaşı, müxtəlif etnik mənsubiyyətliləri də özündə birləşdirmiş olur. Həmçinin, bəşəri birlik formasının ən yüksəyi kimi millətlə əlaqədar M.Ə.Rəsulzadə "Milli əxlaq" bölümündə bildirir ki, "Bəşər topluluğunda fərdlər üçün olduğu kimi, millətlər üçün də müəyyən və sabit bir takım əxlaq qaydaları vardır". Bu əxlaq qaydalarından bəhs edərkən sanki "əxlaqlı bir şəxsiyyət"dən danışırmış kimi, M.Ə.Rəsulzadə qeyd edir ki, "Millət hiziplərin (partiyaların - R.M.), zümrələrin və siniflərin fövqündə olduğu və bunların hamısını içində barındırdığı və qoynunda bəslədiyi üçün heç bir dəstə, zümrə və sinif mənfəətlərinə və ya qayələrinə fəda edilməz. Hələ milli varlığın şəxsi təmayüllərə və qərəzlərə alət və vasitə edilməsi ağla, xəyala belə gətirilə bilməz". Beləliklə də milli əxlaqın beş müddəasını formalaşdırmış M.Ə.Rəsulzadə yazır ki, "Hər şey millət uğruna - bax, həqiqi vətənsevərlərin yeganə şüarı bu olmalıdır. Millətin birliyini və bütünlüyünü qorumaq, milli əxlaqın başlıca ümdəsidir. Türklük və milli istiqlal prinsiplərinə mütləq sədaqət, milli əxlaqın ikinci böyük ümdəsidir. Bu ümdənin qəti və zəruri icabı (şərti) olaraq düşmən və müstəvli (işğalçı) hər hankı bir qüvvətlə milli istiqlal bəhsində açıq və ya qapalı heç bir bazarlıq edilə bilməz. Verilən sözə və yapılan sərbəst anlaşmalara riayət milli əxlaqın üçüncü ümdəsidir. Haqqı, hürriyyəti, sülhü və demokratiyanı qoruma və savunma, zülmə və təcavüzə qarşı sərih (aydın) bir cəbhə alma milli əxlaqın dördüncü ümdəsidir. Milli səviyyəni daim yüksək tutma, gerilik və cəhalətdən savunma milli əxlaqın beşinci ümdəsidir". Bir sözlə, "...milli sahədəki hər müvəffəqiyyətin başı və əsas şərti milli fəzilətdir" - yazmış M.Ə.Rəsulzadə ideallarına canı-dildən bağlılıq, həqiqətən də, müstəqil Azərbaycanın hər bir vətəndaşının milli ləyaqət və şərəf mənbəyi kimi bu vətən fədailərinin əbədiyaşar ruhu qarşısında ən böyük borcumuzdur.
Radif MUSTAFAYEV
AMEA Fəlsəfə İnstitutunun
Multikulturalizm və tolerantlığın fəlsəfəsi
şöbəsinin böyük elmi işçisi, fəlsəfə
doktoru
525-ci qəzet.-
2018.- 12 aprel.- S.6.