Millətə xidmətlə qazanılan unudulmazlıq: Əhməd bəy Pepinov

 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

... Bu "iş"lərin birincisi tərtib ediləndə Əhməd bəy cəmi 37, axırıncısı ittihama çevrilib, ən ağır cəza tələbi ilə sonuclananda isə 55 yaşında idi. Və artıq 18 ildən bəri təqiblərdən, təzyiqlərdən, təhqirlərdən yorulmuş Əhməd bəy üçün müstəntiq Qriqoryan soyadlı erməninin nələr düzüb-qoşduğunun heç bir əhəmiyyəti yox idi.

 

Əhməd bəy yorulmuşdu, gördüyü dəhşətli işgəncələrdən bezikmişdi. Bir də, millətçi olduğu üçün 1931-ci ildə ağır cəza almış bir şəxs 1938-ci ildə özünə düşmən saydığı və onu qatı düşmən hesab edən bir rejimdən aman gözləmirdi.

 

Ümidi yerdən, göydən üzülən Əhməd bəyin yeganə təsəllisi içində yaşatdığı, indi saf-çürük etməyə imkan tapdığı keçmişi idi. İndi Əhməd bəy dərin-dərin düşünüb, dalğın-dalğın köks ötürürdü. Ömrün qürub çağında, ölümlə üzbəüz, gözbəgöz dayandığı o məşum dəqiqələrdə cəza zindanında Əhməd bəy çox şeylər barəsində düşünürdü. Belə dar macalda insan ötənləri necə aydın, ən kiçik detallarına qədər xatırlayırmış. Yadına gah dünyaya gəldiyi qədim Borçalı mahalı, doğma Əhəlkələk, Biləcəri kəndi, gah taleyindən nigaran qaldığı qızı Sevda düşürdü. Hərdən də ilk gənclik ehtirası ilə qaynayıb coşduğu günləri xatırlayıb dərdli-dərdli köks ötürürdü. Gah da müstəqil Azərbaycanın süqutuna aparan və onun da müəyyən qədər rolu olduğu sapıntılar barəsində düşünüb özünü qınayırdı. Xalqın yenidən imperiya boyunduruğuna salındığına yanıb-yaxılırdı. Məhdud fırqə mövqelərindən dolayı ümummilli maraqlara vurulmuş ağır zərbələrdən, taktiki gedişlər zənniylə düşmən dəyirmanına tökülən sulardan odlanan qəlbi ağrıyırdı. Azərbaycan adlanan yaşıl bir budağa saplanmış sapı özümüzdən olan baltaların əməlləri parçalayırdı ürəyini. Kaş belə olmayaydı, ancaq nə yazıq ki, olan-olub, keçən-keçmişdi. Müstəqil dövlətin süqutundan sonra milli ziyalılar üçün başlayan məhşər günləri onun da taleyinə öz qara kölgəsini salmış, onu da gedər-gəlməz ünvanlı repressiya girdabına yuvarlatmışdı...

 

İndi bu gümanların əlində yelkənsiz qayıq kimi çırpınmaqdan, hissin axarına düşüb getməkdən başqa bir şansımız yoxdur. Tək təsəllimiz yenə Əhməd bəyə qoşulub, onun ömür yolunu xəyalən də olsa, birgə vərəqləməkdir.

 

... Əhməd bəyin həmişə oyaq yaddaşında 1919-cu il yanvar ayının 10-u idi. "Tiflis-Batum-Poti" yolu ilə dövlət nəzarətçisi M.H.Hacınski, parlament üzvləri Ə.Ağayev, A.Şeyxülislamovdan ibarət "Azərbaycan sülh nümayəndə heyəti" F.Xoyskinin başçılıq etdiyi hökumət və parlament üzvləri tərəfindən Bakı dəmiryol vağzalından Avropaya səfərə yola silınırdı. Bir gün sonra Azərbaycan sülh nümayəndə heyətinin Avropaya səfərə yola düşdüyünü xəbər verən "Azərbaycan" qəzeti mərasimdə M.Ə.Rəsulzadə və Ə.Pepinovun çıxış etdiklərini bildirmişdi.

 

Yenə həmin qəzet məlumat verirdi ki, "Gəncədə 23 mart 1919-cu ildə qoşun hissələrinin paradı keçirilmişdir. Paradda F.Xoyskinin başçılıq etdiyi hökumət və parlament üzvləri, o cümlədən, Sosialist fırqəsinin üzvü Ə.Pepinov, parlamentin hərbi məsələlər üzrə komissiyasının üzvü C.Hacınski iştirak etmişlər".

 

Bunlar adi hadisələr deyildi. Gənc dövlətin müstəqil yaşamaq haqqının bütün dünyaya nümayiş etdirilməsi, xalqın iradəsinin doğruldulması yolunda atılan uğurlu addımlar idi və həmin günlər Vətənin say-seçmə oğulları ilə çiyindaşlıq etmək qisməti onun - Əhməd bəy Pepinovun da taleyinə yazılmışdı.

 

Qəfildən rənglər tündləşir, yaddaşına dərin iz salmış qara günlər peyda olurdu. Ulyanovsk şəhər şöbəsinin 3-cü bölməsinin rəisi leytenant Andronov, 1893-cü il təvəllüdlü, ali təhsilli, 1931-ci ildə əksinqilabi fəaliyyətə görə mühakimə edilmiş, Ulyanovsk şəhərində yaşayan, 1933-cü ildən indiyədək şəhərdə SSRİ-nin daxili vəziyyəti ilə bağlı şayiələr yaymaqla hökumətə qarşı inamsızlıq yaradan Əhmədbəy Cəfər oğlu Pepinovun (atasının adı səhv göstərilib - L.Ş.) 58-ci maddənin 1-ci hissəsi ilə məsuliyyətə cəlb edilərək Ulyanovsk həbsxanasında mühafizə altında saxlanılması barədə 1937-ci il sentyabr ayının 7-də qərar çıxarır.

 

Elə həmin gün Ə.Pepinovun həbs edilməsi ilə əlaqədar Bakıdan göndərilən teleqrama əsasən, Ulyanovsk şəhərində Krasnoqvardeysk küçəsi bina 24, mənzil 1-də yaşayan, Sənaye həmkarlar ittifaqında plan-iqtisadçı işləyən Pepinov Əhməd Ömər oğlunun həbs edilməsini və Bakıya XDİK-in sərancamına göndərilməsi barədə müvafiq qərar çıxarılır. 1937-ci ilin sentyabrında Ə.Pepinovun mənzilində axtarış aparılır və 8 ədəd müxtəlif yazışma, alman-rusca lüğət, qazax-rus lüğəti, 12 ədəd müxtəlif fotoşəkil və bir ədəd kitab müsadirə edilir.

 

Taleyin onunla oyun oynadığı belə qara günlərdən birində dindirmə protokolunda "Əhəlkələk qəzasında Bolojar kəndində anadan olub, kəndli ailəsindən, 1917-ci ildən 1920-ci ilə qədər "Hümmət" partiyasının üzvü, sonra bitərəf 1930-cu ildə Az.DSİ tərəfindən millətçi təşkilata məxsus olduğuna görə həbs edilib" kimi səciyyələndirilmiş Əhməd bəy sorğu - suala tutulmuşdu. 1937-ci ilin 19 noyabrı idi. Erməni  müstəntiq özündən razı şəkildə qalib tonla hündürdən: " İstintaq müəyyən edib ki, siz uzun illər açıq əksinqilabi iş aparmısınız və Azərbaycanda əksinqilabi millətçi təşkilatın məsul rəhbərlərindən biri olmusunuz", deyirdi. Əhməd bəy isə təmkinin pozmadan: "Mən əksinqilabi təşkilatın üzvü olmamışam və heç bir əksinqilabi iş aparmamışam", cavabını verir, ancaq ürəyində məqsədlərinə çatmadıqlarına görə acı-acı təəssüflənirdi.

 

İndilik 4-cü şöbənin 6-cı bölməsinin rəisi baş leytenant Qriqoryan da məqsədini çatmamışdı və dörd gün sonra o, dindirməni yenidən davam etdirəcəkdi:

 

- Siz bu gün öz əksinqilabi fəaliyyətiniz barədə danışmaq fıkrindəsinizmi?

 

Cavab: Mən heç bir əksinqilabi iş aparmamışam.

 

Sual: Siz əksinqilabi mövqedə dayanan elmi işçilərdən kimi tanıyırsınız?

 

Cavab: Heç kimi tanımıram.

 

Sual: Siz onların (professorlar Bəkir Çobanzadə və Qubaydulin nəzərdə tutulur - L.Ş.) əksinqilabi görüşləri ilə şərik idinizmi?

 

Cavab: Mən ayrı-ayrı məsələlərdə onların millətçi görüşləri ilə, milli kadrlar yetişdirilməsi sahəsində akademik mübarizələri ilə şərik idim.

 

Sual: Məgər partiya və hökumət milli kadrlar yetişdirməyin əleyhinə idi?

 

Pepinov şantaj xarakterli olan bu suala cavab verməkdən imtina edir".

 

Bütün sorğu-sual zamanı Qriqoryanın "əksinqilabi millətçi" yarlığı yapışdırdığı fikirlərə Əhməd bəy sadəcə millətçi deməklə qənaətlənirdi. Təsadüfi idimi? Əsla! Yüz illərdən bəri türkün nəfəs aldığı milli ideyalar ermənilər üçün antidünyəvi, antiinsani ideyalar kimi qiymətləndirilmişdi, indi isə əksinqilabi idi və bu erməninin hansı dövlətə, hansı rejimə qulluq göstərməsindən asılı olmayaraq belə idi. Milli deyilən hər şey türkə yad olmalı idi, çünki milli ideyalarla yaşayan türk güclü olduğu üçün təhlükəli idi.

 

Ona görə də millətçi olduğunu danmayan Əhməd bəy əksinqilabçı olduğunu da etiraf etməli idi. Məhz bu məqsədlə Qriqoryan "əksinqilabi iş aparan Ə.Pepinovun həbs olunmasını və Az.SSR CM-in 72-73-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini vacib saymışdı". Bu barədə DTİ 8-ci şöbəsini və XDİK işlərinə nəzarət edən prokuroru xəbərdar etmək zərurətini də unutmamışdı. Həmin "zərurət"in nəzərə alınması erməninin kiçiyi kimi, böyüyü DT komissarı Sumbatova da lazım idi.

 

"Nəzərə alın ki, bizdə sizə qarşı irəli sürülən ittihamı sübut etmək üçün kifayət qədər dəlillər var və bu dəlil-sübutlardan ancaq bir hissəsindən istifadə etmişik. Biz üzləşdirilənlər daxil olmaqla sizi ifşa etmək üçün bütün vasitələrdən istifadə edəcəyik və əgər əksinqilabi fəaliyyətiniz barədə həqiqəti deməsəniz, sizin qeyri-səmimiliyiniz üzə çıxacaq".

 

Bu hədə-qorxuya qədər nələr baş verdiyini başa düşmək üçün böyük ağıl sahibi olmağa ehtiyac qalmadığını göstərən bir cavab. Növbəti daha dəhşətli fiziki təzyiqlərə açıq işarə edildiyini hiss edən Əhməd bəy: "Mən əmin oldum ki, istintaq mənim əksinqilabi fəaliyyətim barədə kifayət qədər məlumata malikdir, qərara gəldim ki, tam tərksilah olaraq öz əksinqilabi fəaliyyətim barədə istintaqa hərtərəfli danışam", deyir və sonrası artıq oxucuya keçmiş ssenarilərdən məlumdur. İnsanlar dəyişsə də, istintaq metodları, "etiraf" qoparmaq üsulları təkrarlanırdı.

 

"Sual: Yaxşı, indi cavab verməzdən əvvəl, deyin, nəyə görə 1930-cu ildə Az. DSİ tərəfindən həbs edilərkən əksinqilabi fəaliyyətinizi gizlətmişdiniz?

 

Cavab: Etiraf edirəm ki, 1930-31-ci ildə DSİ tərəfindən həbs edilərkən mən əksinqilabi təşkilatın fəaliyyət göstərdiyini inkar etmişdim. Mən də başqa iştirakçılar kimi ümid edirdim ki, beləliklə DSİ orqanları tərəfindən ittiham olunmaqdan yaxa qurtara bilərəm.

 

Sual: İstintaqa məlumdur ki, sizin təşkilata Q.Musabəyov, D.Bünyadzadənin və başqalarının rəhbərlik etdikləri yaxşı təşkil olunmuş paralel gizli mərkəz rəhbərlik edib.

 

Cavab: Paralel gizli mərkəzin fəaliyyət göstərdiyi barədə mənə heç nə məlum olmayıb..."

 

Və "etiraflar" sisiləsi davam edir. "Mənim əsas işim 1930-cu ilə qədər inqilabın ilk illərdə keçmiş millətçi kadrların mühüm yer tutduğu təhsil nazirliyində oldu. Menşevik-millətçi bazam da öz rolunu oynadı və mən millətçi siyasətin yeridilməsi ilə... gənc millətçi kadrlann hazırlanması ilə məşğul oldum. Dövlət Nəşrkomun müdiri olarkən gəncləri milli ruhda tərbiyələndirməyə xidmət edən dərsliklərin nəşrinə geniş imkan yaratdım. Onda maarif komissarlığının rəhbər işçiləri R.Axundov, A. Sultanova, H.Zeynallı, Eminbəyli tərəfindən nəinki müqavimət görmədim, əksinə tam müdafiə edildim. İşimlə bağlı Ordubadski, X.Məlikaslanov, M.Hacınski ilə görüşdüm. Partiya və hökumətin kənddə kollektivləşdirmə haqqında qərarı bizdə daha böyük narazılıq doğurdu. Bizim son fikrimiz bu idi ki, bu siyasət düzgün deyil və kənd təsərrüfatının dağılmasına gətirib çıxaracaq.

 

Sual: Əksinqilabi təşkilat qarşısına hansı vəzifələri qoymuşdu?

 

Cavab: Əksinqilabi təşkilat qarşısına Azərbaycanı Sovet İttifaqından ayırıb, Dağıstanla birləşdirərək milli-burjua respublikası yaratmaq vəzifəsi qoymuşdu.

 

Sual: Təşkilat bu məqsədə hansı yollarla çatmağı nəzərdə tutmuşdu?

 

Cavab: Təşkilat Sovet İttifaqına qarşı aşağıdakı üsullarla mübarizə aparmaq fikrində idi: 1.Kapitalist ölkələri SSRİ-yə qarşı müharibə elan edəndə sovet hökumətinə qarşı silahlı üsyan təşkil etmək. 2.Sənaye və kənd təsərrüfatında təxribatlar, ziyankarlıqlar törətməklə.

 

Sual: Əksinqilabi təşkilat hansı respublikaların millətçi əksinqilabi təşkilatları ilə əlaqə saxlayırdı?

 

Cavab: Tiflis şəhərində M.Hacınskinin yanında keçirilən gizli əksinqilabi yığıncaqlardan birində o dedi ki, bizim təşkilat gərək sovet hakimiyyəti əleyhinə mübarizədə qüvvələri birləşdirmək məqsədilə Gürcüstan və Eımənistandakı millətçi əksinqilabi təşkilatlarla əlaqə yaratsın. Azərbaycanda millətçi əksinqilabi təşkilat Dağıstandakı təşkilatla da əlaqə yaratmışdı.

 

Sual: Azərbaycanın hansı rayonlarında ilk təşkilatlar yaradılmışdı?

 

Cavab: Bakıda, Gəncədə və Nuxada.

 

Sual: Əksinqilabi millətçi təşkilat mühacir dairələrlə kimin şəxsində əlaqə saxlayırdı?

 

Cavab: Təşkilat Parisdə Topçubaşovla əlaqə saxalyırdı, o isə İstanbulda M.Ə.Rəsulzadə ilə. Topçubaşov ilk dəfə 1928, yaxud 29-cu illərdə mühacirətdən qayıdan Yaqub Vəzirov vasitəsilə M.Hacınski ilə əlaqə yaratmışdı. Sonra Topçubaşovla əlaqə İstanbulda ticarət nümayəndəliyində işləyən M.Xəlilov vasitəsilə yaradıldı. Azərbaycanda əksinqilabi işin genişləndirilməsi barədə göstərişlər əvvəl Vəzirov, sonra Xəlilov vasitəsilə əldə edilirdi".

 

Və ona qarşı irəli sürülən ittihamı təsdiq edəcək "dəlil-sübutlar" artıq hazır idi...

 

(Ardı var)

 

Lətif ŞÜKÜROĞLU

Tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet 2018.- 13 aprel.- S.6.