“Mənim
həyatım Gəmiqayaya
bənzəyir”
Tanınmış
türkoloq alim Murad Aci bu
yaxınlarda dünyasını dəyişdi. O, 2005-ci ilin iyulunda
Naxçıvana gələrək Gəmiqayada elmi ekspedisiyada iştirak etmişdi. Həmin
ilin sentyabrında ona bir yazı ithaf etmişdim.
… Bir vaxtlar bütün Asiyanın və Avropanın gələcək mədəni yüksəlişində, dövlət və ordu quruculuğunda böyük rol oynayan Atilla çarlığının bu başından o başına 8 aylıq at yolu idi. Dünyanı heyrətə gətirən türk-qıpçaq oğlu, böyük sərkərdə Atillanın yaratdığı “Dəşti-Qıpçaq” (Qıpçaq çölü) dövləti min il müddətində yaşadı. Dünyanın ən güclü dövlətləri olan Bizans, Roma Atillaya vergi ödədi. Tarixi salnamələrdə sərhəd koordinatları çox geniş olan bu dövlətin dünya mədəniyyətinin inkişafında əvəzsiz rolunu danmırlar. Ancaq Avropa tarixşünaslığı öz mənbəyini Sibirdən götürən bu çarlığı danmağa, daha doğrusu, təhrif etməyə çox çalışdı. Lakin bacarmadı. Çünki tarix tarixliyində qalır. Gec də olsa həqiqət üzə çıxır.
XX yüzilliyin 94-cü ilində “Qıpçaq Çölünün yaşamı” (Polen Polveçkoqo Polya. Moskva, 1994) kitabı bu nəhəng türk dövləti haqqında əsl həqiqətləri üzə çıxartdı. Bu kitabı yazan və geniş oxucu kütləsinə çatdırmaq üçün Moskvadakı evini satıb onu çap etdirən isə kumık-qıpçaq xalqının mərd oğlu Murad Aci idi. Bəs Murad Aci kimdir? Türk tarixinin fundamental araşdırıcısı olan bu fədakar insan tarix ixtisası üzrə təhsil almasa da, təpədən-dırnağa tarixçidir. Dünya, xüsusən də türk tarixini mükəmməl bilən Murad Aci bir-birindən dəyərli, sanballı 8 kitabın müəllifidir. Həm də elə kitablar ki, Qərbi və Şərqi Avropanı təlatümə gətirib. Dünya bu kitablar vasitəsilə heyrətə gəlib ki, köçəri türklərin belə qədim, həsəd doğuracaq cəsur keçmişləri var.
Bəli, bu kitabları kumık xalqının mətin oğlu Murad Aci hər cür hücumlara sinə gərib arxivlərin künc-bucağında mürgü vuran türk tarixini araşdıraraq, ərsəyə gətirib. Məlumat üçün deyim ki, Murad Acinin mənsub olduğu kumık xalqı Şimali Qafqazın ən qədim sakinləridir. Və onlar yüzilliklər boyu hərb sənətinin mahir biliciləri kimi, tarixdə ad çıxarmışlar. Lakin XX yüzilliyin birinci yarısında onlar da Stalin rejiminin qurbanına çevrilmiş, Qafqazdan sürgün olunmuşdur. Bir vaxtlar kumık adını fəxrlə deyənlər “kumıkam” deməyə ehtiyat etmişlər. İndi Moskvada yaşayan Murad Aci də o illərin ağrı-acısını içində gəzdirən bir insandır.
Haşiyəyə bənzər bu girişlə haqqında söz açacağım Murad Acini oxuculara bir qədər yaxından tanıtmaq istərdim. Bu yazıda məqsədim isə onun Naxçıvan səfəri zamanı Gəmiqayada keçirdiyimiz iki günün təəssüratını oxucularla bölüşməkdi. Türkşünas Murad Aci bu ilin iyulunda Naxçıvanın olduqca qədim, sirli-soraqlı guşəsi, eyni zamanda, türkün canlı tarixi olan Gəmiqayaya ekspedisiyada işləmək üçün dəvət olunmuşdu. Əlbəttə, bu, ilk növbədə Murad Aciyə olan böyük ehtiram və inamın nətəcəsi idi.
Mən Murad Acini
“Evropa, Tyurki, Velikaya Step” (Moskva, 1998) kitabından tanıyırdım. Və tale elə gətirdi ki, onunla bir
ekspedisiyada iştirak etdim. Biz 13 iyulda səhər saat 9-da Azərbaycan elminin korifeyləri ilə birgə Murad Acinin Gəmiqaya səfərini müşayiət
etdik. Və iş elə gətirdi ki, mən onunla bir maşında getməli oldum. Yolboyu o, rast gəldiyimiz hər bir kənd,
hər bir dağ haqqında maraqlanır, suallar verirdi. Biz də
onun suallarını həvəslə cavablandırırdıq.
Murad Aci yolboyu ətrafa
qeyri-adi maraqla baxırdı. Biz “N” saylı hərbi hissənin yerləşdiyi
ərazinin kənarındakı
çayın sahilində
biraz istirahət etməli olduq. Burada əsgərlərimiz bizi təbii dərman bitkiləri ilə dəmlədikləri ətirli
çaya qonaq etdilər. Sonra yolumuza davam
etdik. Və nəhayət, ekspediyamızın
çadır şəhərciyinə
çatdıq. Dağların bu uca zirvəsində
belə bir səliqə-sahman, ekspedisiya
üçün yaradılmış
hərtərəfli şərait
Murad Aciyə sevinc kövrəkliyi yaşatdı. O: “Əhsən
sizə, vətən oğulları”, -dedi.
Burada azacıq dincəlib nahar etdik və
Gəmiqaya abidələri
ilə tanış
olmağa başladıq.
Murad Aci, akademiyanın müxbir üzvü Vəli Əliyev, hərbçi-polkovnik
Elman Orucov, arxeoloq Rəsul Bağırov, etnoqraf-publisist Əjdər
Fərzəli də bizimlə idi. Hamımız Gəmiqayanın sirli, sehrli aləmində
ovsunlanmışdıq. Hər daşa, hər qayaya çox maraqla baxır, Gəmiqaya təsvirləri
ilə bağlı alimlərin izahlarına diqqətlə qulaq asırdıq. Əjdaha təsvirini
görən Murad Aci sevincindən bilmirdi nə etsin. Və fəxrlə: “Bu, türkün
hamisidir! -dedi. – Altay dağlarında da var”. Murad Acinin məsləhəti ilə burada Gəmiqaya təsvirlərinin
demək olar ki, böyük əksəriyyətinin fotoşəkli
çəkildi. Elə
bu ara
o, məni çağırıb:
“Gəl, bu qara daşların üzərinə dilini vur, mumya dadı
verir”. Doğrudan da belə idi. Və mənə elə
gəldi ki, günəşlə və
göylər səltənəti
ilə qəribə təmasda olan Gəmiqaya dünyanın ən möcüzəli yeridir və burada tariximizin hələ açılmamış
çox sirləri
var.
…Deyirlər insanı daha çox səfərdə tanımaq
olur. Mən də Murad Acini sanki burada
anbaan, dəqiqəbədəqiqə,
yenidən kəşf
edirdim. O, məşhur
bir alim olsa da, çox
sadə, səmimi, mehriban və eyni zamanda ensiklopedik
biliyə malik bir insan kimi
gözlərimdə ucalırdı.
Ömrünü türk
tarixinin tədqiqinə
həsr edən Murad Aci burada
köynəyini çıxarıb
dedi, istərdim ki, Naxçıvanın bu pak, təmiz
havasında təzədən
paklaşım, Moskva yorğunluğum çıxsın.
Saat 17.30-da biz Gəmiqayaya
doğru daha da yuxarı qalxdıq. Aşırımın o üzündə isə qar tığları
ilə qarşılaşdıq.
Və hər birimiz böyük həvəslə
dənərlənmiş qardan
yeməyə başladıq.
“Nə qəribə, saf iqlimi var
Naxçıvan dağlarının”,
– dedi. Murad Aci və hamımız qol-qola verib, oxuya-oxuya qar üzərində şəkil çəkdirdik.
Elə buradaca onunla Azərbaycan, ümumən Qafqaz tarixi haqqında fikirlərimizi bölüşdük. Mən ondan
soruşdum ki, Murad Aci, nədən
biz türklər bir-birimizə
bir qədər soyuq oluruq? Dəmir qapı Dərbənddən
Maykopa qədər türk xalqlarıdır.
Amma Azərbaycanın Qarabağ
dərdinə hamısı
eyni dərəcədə
yanaşmır. Murad
Aci kədərlə üzümə baxdı:
– Hələ, çoxları
yatıb, amma bir vaxt gələcək
onlar da oyanacaqlar. Onlar heç Murad Acinin də fəryadını hələ
eşitmirlər, – dedi
və azca fikrə dalıb əlavə etdi: – Mən 1990-cı ildə güllələnmiş Bakını
görmüşəm… Öyrədilmiş osetinlərin, inquşların
evlərini necə dəhşətlə yandırdıqlarının
da şahidi olmuşam. Heç bir günahı
olmayan, azad yaşamaq istəyən dağlı fədailəri
haqqında yəqin ki, çox oxumusunuz. Onların məzarları Şimali Qafqazda dağ lalələrini xatırladır…
Dağ cığırları
ilə amansız müharibədən qaçan,
çeçən uşaqlarının
ağlar simaları gözlərim önündən heç
vaxt getmir… Elə bütün bunlar məni əcdadlarımızın tarixini
daha dərindən öyrənməyə sövq
edir…
Murad Aci kədər dolu gözləri ilə üzümə baxıb sakitcə: – Mənim həyatım bax, bu Gəmiqayaya
bənzəyir, – dedi.
Heç
birimiz dinmirdik, hamımız sükut içində onu dinləyirdik. Elə bu
sükut içində
Gəmiqaya zirvəsinə
üz tutduq. Zirvəyə yolumuz bıçaq
kimi iti qayalıqlardan keçirdi.
Çox
ehtiyatla dırmanırdıq.
Bu, çətin olsa da, çox
zövqlü idi.
Birdən Gəmiqayanın zirvəsindəki qalaktikanın
təsviri göründü.
İlahi,
necə də sirli, möcüzəli bir təsvirdi. O gözəlliyi təsvir etməyə qələmin
də gücü çatmır. Və hamımız aşağıda,
daşlar üzərində
gördüyümüz təsvirin,
nəqşin ilahi ovsunun təsirindən yerimizdəcə donub qalmışdıq. Amma qəlbimizdə
qəribə bir işıq, nurlanma hiss edirdik. Bu təbii
təsvirləri bir neçə dəfə lentə aldıq. Zirvəyə azacıq qalmış
isə daha bir qeyri-adi təsvirlə
rastlaşdıq. Nəhayət, Gəmiqayanın zirvəsinə
çatdıq. Qarabağ, Laçın
dağlarından gələn
duman ayağımızın
altında idi. Doğma Naxçıvanımızsa
bu zirvədən çox gözəl görünürdü…
Gəmiqayanın bu zirvəsində
Murad Acinin buraya gələrkən yolda qəribə bir həsrətlə dediyi sözlər yadıma düşdü:
“Doğrudur, indi müstəqil Azərbaycan,
Özbəkistan, Ukrayna,
Qazaxıstan-Dəşdi-Qıpçağın
(Qıpçaq Çölünün),
onun tarixinin və mədəniyyətinin
qanuni varisləridir… Görəsən, o böyük çöl
haqqında, özlərinin
“məhv edilmiş” vətənləri haqqında
fikirləşirlərmi?!” Sinəmə dolan acı yovşan ətrinin təsirində dua edirmiş kimi pıçıldadım:
– Qədim Naxçıvan,
İlahi sirləri özündə gizlədən
Gəmiqaya, inanıram
ki, sən bizim o qəhrəmanlıq
səhifələrimizi yenidən
qaytaracaqsan. Və ixtiyarsız çevrilib Qarabağ dağlarına baxdım…
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan
bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet 2018.- 13 aprel.-
S.8.