Sevginin kök hüceyrəsi
Türkan TURAN
Sənə məktub yazıram. Yazarkən,
barmaqlarımın bu qədər gözəl sözü necə
bir araya yığa bilməsinə heyrət edirəm.
Sevgini beyinlə bərabər, barmaqların ucunda hiss etmək
necə əsrarəngiz hiss imiş. Varlığının
möcüzəsi sanki barmağımdan bədənimə
işləyib. Yazmaq öpüşmək qədər
gözəl deyil, yavan, hətta bir az tənha
və olduqca hüzünlüdür. Amma
ümidsizliyə qapılmaqdan yaxşıdır.
Simona de
Bovuar deyirdi ki: “Eşq məktubu yazmaq böyük
axmaqlıqdır. Eşq kağıza
köçürülməyəcək qədər alidir.
Amma sevdiyin insanla arada Atlantik okean varsa, başqa
nə edə bilərsən? Sənə bu
qədər məsafədən nə göndərə bilərəm
ki? Nə öpüşlərim
dodağına yetişər, nə yanağımdan
süzülən yaş gözünə görünər.
Göndərə biləcəyim sözlərdir!”
Bəs bizim aramızda nə var, Atlantik, yoxsa Sakit okean? Heç biri! Bizim
aramızda 3860.84 kilometr məsafə, 5-6 ölkə,
çaylar, göllər, dənizlər, milyonlarla insanlar var.
Qitələrarası eşqdir. Amma
bütün bu uzaqlıqlar sadəcə sözlərdədir.
Çünki saçıma toxunsam
saçımda, dodağıma toxunsam hərarətində,
üzümə sığal çəksəm dərimdə,
aynaya baxsam gözlərimin düz bəbəyində
görünürsən.
Sənə aşiq olduqdan sonra həyatım gözəlliklə
qol-boyun oldu. Elə bu ərəfələrdə başa
düşdüm ki, eşqin dadı fərqli olurmuş.
Eynən yağış kimi… Sən
yağış olub üzərimə yağdıqca, torpaq
kimi içimə çəkib, canlanmaqla məşğul
oldum. Yağışla torpağın
qovuşduğu anda yaranan, o əvəzsiz qoxunu da sənə
bağlayıram. Çünki o cür möcüzəvi
qoxu sadəcə təbiət hadisəsi ola
bilməz, mütləq sevgi ilə bir bağlantısı var.
Sadəcə torpağın qoxusunu deyil, üfiqdən
yenicə doğmağa başlayan günəşin
qızartısının, fırtınalı gecədə
çaxan şimşəkdən çıxan
işığın, dan yeri sökülməmiş səmada
təkcə görünən o ulduzun gözəlliyinin belə,
səninlə mütləq əlaqəsi var.
Ən dərin kitablarda, ən gözəl bəstələrdə,
ən valehedici rəsm əsərlərində belə izin
var. Bu günlərdə Simona de Bovuarı oxuyurdum. Duyğuların
bənzərliyi, məni maqnit kimi ona doğru çəkir.
Özümü insanlardan qaçırıb,
kitabların qollarına atıram. Dedim axı, səni
xatırladan hər izin arxasınca gedirəm!
Fransız jurnalist və yazar Simona de Bovuar daha çox
Jan-Pol Sartra olan sevgisi ilə tanınır.
Simona Sartrı dəlicəsinə sevirdi.
Bir dəfə
1 il sonra Eyfel qülləsinin
qarşısında, saat 12-də görüşmək
üçün Sartr ilə vədələşirlər. Sartr həmin gün, düz saat 12-də
görüş yerində olur. Burada sədaqət
anlayışının rəsmi nikah, ailə təşkilatı,
insanların bir-birlərinə yüklədikləri məna və
dəyərlərdə yox, sadə sözlə də
gerçəkləşə bildiyi isbatlanır. Sədaqət insanın xəzinəsidir. Xəzinə isə insanın qarşısına hər
addımbaşı çıxmır.
Simona Sartrı həyatının ən vacib insanı
hesab edib. Sadəcə,
sevgilisi olduğuna görə deyil, ona dəyər qatan kişi olduğuna görə də, belə
düşünüb: “Sartrla
qarşılaşdığım zaman hər şeyi
qazandığımı düşünmüşdüm.
İndi öz-özümə deyirəm: Qurtuluşu
başqasında görmək yıxılmağın ən
etibarlı yoludur”.
Simona de Bovuar 20-ci əsrin ən üzdə olan filosof və
yazıçılarından biri idi. Müasir qadın hərəkatının
anası hesab edilirdi. Bir çox kitab, ədəbi
mükafatlarına, qazandığı çoxlu uğurlara nəzər
salanda özü belə demişdi: “Həyatımdakı ən
böyük uğurum Sartrla münasibətimiz olub”.
Hər
qadının güc aldığı bir kişi
olur. Hər kişini ucalmağa sövq edən
qadın mütləq tapılır.
Simona və Sartr dövrünün əfsanəvi
cütlüyü idi. Hər zaman inandıqlarını söyləyərək,
cəmiyyətə dərindən təsir edəcək
gücdə olublar.
Sartr o zamanlar Don Juandan heç də fərqlənmirdi. Zəif cüssəsi və
insanı itələyən iri gözlərinə baxmayaraq,
qadınları başdan çıxarmaq işində əsl
usta idi. O, başdan çıxarmağın yazmaq və
intellektdən qaynaqlandığına inananlardan olub. Həyatından onlarla qadın gəlib keçib.
Simona bu təcrübəni
yaşamağının lazım olduğunu
açıqlayaraq Sartrı heyrətə salır. O
vaxtdan sonra hər ikisi müxtəlif eşqə yelkən
açırlar.
Simonanın yelkəni amerikalı yazar Nelson Algrenin
limanında dayanır. O, bənzərsiz, təbii, dərin və isti sevgini Algrendə
tapır.
1947-ci ildə,
Nelsonun vətənində tanış
olurlar. Simona Amerika universitetlərinə seminar
üçün dəvət edilir. Dörd
ay ərzində Amerikanı gəzərək, həm bu
ölkəni, həm də Nelsonu kəşf etməyə
başlayır. Nelson Simonaya heyran olur.
Simona da tanış olduğu gəncdən
xeyli təsirlənir, ona məktublar yazır.
Simona yaşadığı həsrətin şiddətini,
darıxmağın miqyasını ədəbi ustalıqla sərgiləyir.
Məktublar “hər şeyim” sözləri ilə
başlayır, “həmişə sənin sevəcəm”
cümləsi ilə nöqtələnir.
İlk məktubu
23 fevral 1947-ci ildə Çikaqodan - Algrendən ayrılıb
Kaliforniyaya gedərkən, qatarda yazır: “Əlvida demədim.
Bəlkə də, bütün ömrüm
boyunca səni bir daha görə bilməmək
düşüncəsinə qapılmaq istəmədim. Apreldə yenidən Çikaqoya gəlmək məni
çox xoşbəxt edəcək. Dünən
sağollaşmaq bu qədər çətin oldusa, birlikdə
beş-altı gün keçirib, daha da
yaxınlaşdıqdan sonra, bu, daha da çətin
olmayacaqdımı? Əmin ol, Çikaqoda
keçirdiyim bu iki günü unutmayacağam, yəni səni”.
Əslində, bu sətirlərdən aydın olur ki,
Bovuar ilə Algren arasındakı əlaqə qısa müddətdə
baş tutur. Sürətlə başlayan bu münasibət 17
illik sevgiyə çevrilir. Bovuardan gedən
son məktub 1964-cü ilin noyabr ayına aiddir.
Simona ilə Nelson məktublarını oxuyanda gözlərim
yerindən çıxacaq şəkildə genişlənmişdi. Heyrətdən
idi. 1947 və 2018-ci ildə bu qədər bənzər
duyğular ola bilərdi? Bənzətmə
olduqca kobuddur, amma 2018-ci ildə bu cür münasibətlərə
rast gəlmək nəsli tükənməkdə olan
canlıları xatırladırdı.
Bu hissi yaşatdığın üçün sənə
minnətdar olmalıydım, yoxsa duyğularımın sıradan
çıxmadığı üçün şükr etməliydim?
Məsafələri düşünüb ümidsizliyə qapıldığım anda Simona dadıma çatdı. Dünyanın iki ayrı qitəsində olmaqları, aralarındakı sevgiyə təsir edə bilmədi. Əgər o sevgi solmurdusa, bu, Simonanın gücündən idi. Çünki bir dönəmdən sonra qadın daşıyıcıya çevrilir. Ürəyində sevgini, bətnində körpəni, saçının hər telində bir dərdi, kürəyində bədbəxtliyi, çiynində ailəni, ömründə bir kişini daşımağa başlayır.
Simona Nelsonu gözəl olan hər şeydə axtarırdı. Məktublarının birində bunu belə təsvir edirdi: “Paris bu gün hüznlü və cansıxıcıdır. Günortadan sonra Parisdən bir az uzaqlaşdım. Əslində, elə də uzaq deyil. Otuz kilometr ya var, ya yoxdur. Bura quşların cıvıldaşdığı, yaşıl çəmənlikləri, sıx ağacları olan bir yerdir. Yaxınlıqda mavili sarılı, kiçik bir pansion var. Orada iki həftə qalacağam. İndi saat yeddidir, günəş ağır-ağır batır, evin önündəki kiçik bağçada otururam. Dörd yanımı örtən mənzərə, əsən meh möcüzədir. Burada özümü xoşbəxt və sənə yaxın hiss edirəm”.
Simonanın hissləri o qədər doğmadır ki… Kim bilir, birlikdə oturub, qəhvə içdiyimiz o məkana nə qədər üz tuturam. Üzündəki cizgiləri unutduğumu hiss edərək insanlardan qaçıb dəfələrlə təkliyə qapılıram. Təklikdə ən xırda xətlərini belə xatırlayıb, yaddaşıma həkk edirəm. Təqvimə baxaraq, getdiyin günü, bəlkə 1415 dəfə hesablamışam. Görüşəcəyimiz o naməlum vaxta doğru günləri sayıram.
Sağollaşmadan getdin. İlk günlər bu məni ağrıtmışdı. Simonadan sonra, niyə belə etdiyini daha yaxşı dərk etdim.
Simona həyatı boyu xeyli kişilərə məktub yazıb. Amma münasibətləri heç vaxt bir-birinə bənzəməyib. Məsələn, Sartrı dəlicəsinə sevib, amma Nelsonun ona hədiyyə etdiyi üzüyü ölənə qədər barmağından çıxartmayıb.
Bu, onun ilk və son taxdığı üzük olub: “Bu sətirləri sənin verdiyin qırmızı, parlaq dolma qələmlə yazıram, barmağımda da üzüyün var. Həyatımda ilk dəfə üzük taxıram. Parisdəki hər kəs çaşqınlıqla baxır, amma üzüyü çox bəyəndilər. Dodaqların, əllərin, isti güclü bədənin, üzün, gülüşün, səsin üçün darıxıram. Sənin üçün darıxmaq xoşuma gəlir. Bilirəm ki, gerçəksən, xəyal deyilsən. Bilirəm ki, biz yenə görüşəcəyik”.
Yazdığı hər sətirdən sevgi axır. Adama elə gəlir ki, dünyanın bütün sevgisini və həsrətini Simona yaşayıb və bitirib: “Tanış olduğumuz ilk anda, sənin nə qədər səmimi olduğunu anlamışdım, sənə vurulmağa o zaman başlamışdım, sonra da sevgim böyüdükcə böyümüşdü. Hər şeyin səmimidir, sözlərin, davranışların, sevgin, nifrətin, xoşbəxtliyin, kədərin, bütün həyatın səmimidir. Sənə məktub yazmaq xoşuma gəlir. Yazdıqlarımı oxuduğuna ümid edirəm. Fransız dilində özümü yaxşı ifadə edə bilərəm. Amma səni nə qədər çox sevdiyimi anlamağın üçün, ingilis dili biliyimin kafi olduğunu sanıram”.
Sevginin dili, dini, irqi yoxdur. Sonra öyrəndim ki,
məsafəsi də yoxdur. Hər an sənə
nəsə yazmaq istəyirəm. Yazmasam, tək
qalacağını düşünürəm. Oxumasan, unudulacağımdan qorxuram. Amma əminəm ki, unudulmaqdan yox, qorxum itirməkdir.
Bu faciənin başıma gəlməsinə
hazır deyiləm.
Uzaqlıq Simonaya maneə deyildi. Nilsonla bağlı ən
xırda hadisələri belə məktub vasitəsi ilə
öyrənirdi. Məktub gecikəndə isə
narahatlığını bu cür bildirirdi: “Getdiyim hər
yerdən yazacam. Səni elə içdən, elə
dərindən sevirəm ki, özüm belə bu duyğu
qarşısında çaşıram. Başımı
çiyninə söykəndiyini görmək, möhkəmcə
qucaqladığını hiss etmək istəyirəm. Bir neçə gündür səndən cavab gəlmir.
At yarışlarında pul uduzmusan yəqin ki…
Səndən nigaranam. Özünlə
bağlı hər şeyi yaz. Hətta ən
əhəmiyyətsiz sayılanları da”.
İnsan sevəndə, özünü, minlərlə rəngli
kəpənək kimi hiss edir. Xoşbəxtlikdən
güldən-gülə, çiçəkdən-çiçəyə
qonaraq sanki havada rəqs edir. Sadəcə ətrafındakılara
deyil, bütün dünyaya qışqırıb, bu sevgini
çatdırmaq istəyir. Simona da belə
edirdi. Hər kəsə danışmaq istəsə də,
susub səssizliyə çəkilirdi: “Dostlarım məni
görməyə gəlir, uzun-uzun danışırıq. Onlara səndən bəhs etmək istəyirəm.
Bunu ingiliscə yazmağım çətindir.
Əslində, bir müddət səninlə,
baş-başa qaldığımızı hiss etmək istəyirəm.
Məktubunu oxuyuram. Oxuyarkən
o zarafatcıl səsini, gülüşünü eşidirəm.
Elə bil yanımda oturmusan. Məni
sevdiyini hiss edə bilirəm. Mənə nə
qədər xoşbəxtlik verdiyini bilmirsən. Bunu mən də bilmirdim”.
Bir-birlərini
məktublarda görən, məsafələri məktublarla
aşan, az qala bir-birlərini
yazdıqları məktublarla tanıyan iki sevgili olub - Simona və
Nelson. Hər fürsətdə biri digərinin
yaşadığı şəhərə gedib.
Sonda
Simona De Bovuar belə yazmışdı: “Nelson, artıq səni
o qədər çox sevirəm ki, lütfən, məni daha
az sevməyə başlama”.
Nə okeanlar, nə göllər, nə qitələr,
heç biri sevgiyə maneə deyil. Sevgin
qarşısında bütün məsafələr təfərrüatdır.
Çünki sevgi hüceyrə işidir!
525-ci qəzet 2018.- 14 aprel.- S.23.