XX əsr Azərbaycan ədəbiyyatı: milli intibah üçün böyük təkan

 

XX əsr Azərbaycan ədəbiyyatı dərsliyi kimi nəzərdə tutulmuş bu kitab indiyədək mövcud olan ali məktəb proqramlarına əsasən iyirmi illik bir zamanı əhatə edir. Lakin XX əsrin bu iyirmi illik ədəbiyyatı ideya-bədii dəyərinə görə əvvəlki mərhələlərdən heç də az əhəmiyyətli deyildir; hətta sonrakı, təxminən bir əsrlik dövrün də əsas istiqamətləndiricisidir.

 

Azərbaycan ədəbiyyatının bu az vaxtdakı  son dərəcədə zəngin, eyni zamanda, ziddiyyətli, ideya-estetik baxımdan çoxçalarlı, təlatümlü mərhələsi onun sonrakı taleyi üçün də çox həlledici və  müqəddərat xarakterli olmuşdur. Tarixi  milli intibah, özünüdərk azərbaycançılıq ideologiyasının formalaşmasına, təkamülünə də münbit zəmin yaradır və bütün bunlar, ilk növbədə, o zamankı bədii ədəbiyyatda öz təzahürünü tapmış olur. Məhz  XX əsrin əvvəllərində  (ilk 20 ildə) Azərbaycanda əsl vətəndaş ədəbiyyatı formalaşır.

 

Azərbaycan tənqidi realizminin  və romantizminin ədəbi cərəyan kimi əsl təkamülü, “Molla Nəsrəddin” və “Füyuzat” ədəbi məktəblərinin ictimai-estetik təsiri, müxtəlif əqidəli qəzet və jurnalların görünməmiş vüsətlə çoxcəhətli fəaliyyəti ədəbiyyatımızın bütün sonrakı taleyində həlledici olur.

 

Ədəbiyyat tarixinin hər bir mərhələsi əslində, ölkənin siyasi və ictimai, mədəni  və mənəvi vəziyyətinin bir növ bədii güzgüsüdür;  xalqın tarixi taleyinin, mənəviyyatının obrazlı yadigarıdır. Sənət əsərlərinin tarixi yaddaşı  tarix əsərlərindən daha müfəssəl və kamil ola bilir. Və ədəbiyyat  tarixinin  ardıcıl, mərhələli izlənilməsi eyni zamanda, xalqın və ölkənin çoxcəhətli, hərtərəfli  öyrənilməsinə əhəmiyyətli zəmin olur.

 

XIX əsrin ikinci  yarısından vətən və xalq taleyinin ədəbiyyatda  baş mövzuya çevrilməsi prosesi  XX əsrin lap əvvəllərində xüsusi siyasi-ictimai kəskinlik kəsb edir və görünməmiş vətəndaşlıq pafosu qazanmış olur.  Məhz bu zaman cəmiyyətdə uzun əsrlərin təvəkkül mürgüsündə  uyuyan  fanatik zehniyyətlə ayıq şüurlar  toqquşur  və istiqlal hardadır sualı günün ən vacib düşüncə probleminə çevrilir ki, bu da ilk növbədə ədəbiyyatda  qüvvətli təzahürünü tapmış olur. Vətən, millət, ana dili mövzuları, millilik, xəlqilik, bəşərilik problemləri ədəbiyyatın  əsas ideya xəttini təşkil edir. Xalq taleyinə, cəmiyyət həyatına belə uca ideallardan təhliledici baxış və “realistcəsinə” yanaşma bədii ədəbiyyatın da həqiqət gücünü artırır, realist inikasa görünməmiş vüsət verir. Bədii ədəbiyyat  həqiqi mənada geniş xalq kütləsi ilə dərdləşmək vasitəsinə  çevrilir. Şübhəsiz, XIX əsrin maarifçi realist ənənələri də burada əhəmiyyətli zəmin olur. Maarifçi  realizmdən kifayət qədər yaradıcılıq ənənəsi olan tənqidi realizm ədəbiyyatımızın aparıcı inikas metodu  kimi tarixi magistral  yolunu tapır... Heç vaxt bədii ədəbiyyat zəhmətkeş xalq kütləsi ilə belə məhrəm həmsöhbət  olmamışdır! Bu realizmin əsas xəlqilik gücü, təsir, təlqin qüvvəsi isə xalqın bəlalı taleyinin  dərdləri ilə yoğrulmuş tənqidi gülüşdə idi...

 

C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi kimi  sənətkarlar bu “dərdli” realizmin əsas yaradıcıları idi. Böyük Mirzə Cəlil yaradıcılığı isə bu dövr ədəbiyyatının proqram əsərlərindən ibarət idi. Əslində, bu vaxta qədərki sənətkarları da bu el yanğısı, el dərdi az düşündürməmişdir. Lakin XX əsr ədiblərinin böyüklüyü  feodal-patriarxal Azərbaycandakı əsas ictimai dərdlərin bütün faciələrini görmək və göstərmək  məharətində idi. Bu ədiblərin ən böyük xidməti ondadır ki, onlar bütün qüdrətli və zəif cəhətləri ilə xalqın özünü özünə tanıtdıra bildilər!.. Və milli intibaha böyük təkan vermiş oldular...

 

Məhz belə milli dərk və milli istiqlal axtarışları bədii ədəbiyyatın da mövzu və problemlərində, müvafiq  ədəbi növ və janr seçimində, xüsusən  bədii qəhrəman və bədii üslub axtarışlarında da təsirini göstərir. Bununla əlaqədar olaraq XIX əsrdən davam edən maarifçi realizm və bir neçə əsrlik ənənəsi olan  romantik ədəbiyyat yeni mündəricəli inkişaf mərhələsinə  qədəm qoyur.

 

XIX əsrin təzadlı  ideyalar burulğanında  maarifçilik ideologiyasına üstünlük verən  və sonra tənqidi realizmə keçən görkəmli ədiblərin fədakar yaradıcılıq əzmi də  ədəbiyyat tarixində yeni bir səhifə açmış olur. Bu cəhətdən S.S.Axundov, A.Şaiq, S.Qənizadə, R.Əfəndiyev, Y.V.Çəmənzəminli yaradıcılığı diqqəti cəlb edir.

 

Bu dövrdə xüsusilə  romantik ədəbiyyat böyük inkişaf taparaq qüdrətli ədəbi cərəyana çevrilir. Dünya təcrübəsində nadir haldır ki, bir milli ədəbiyyatda  həm realizmin, həm də romantizmin ədəbi cərəyan halında  ən kamil mərhələsi təxminən eyni vaxta düşür. XX əsrin əvvəllərindəki realist ədəbiyyat  isə ümumiyyətlə  Azərbaycan realizminin  ən uca zirvəsi oldu! Romantik ədəbiyyatımız da  sonralar bir daha M.Hadi, H.Cavid romantizmi səviyyəsinə yetmədi...

 

Bütün bunlar göstərir ki, XX əsrin əvvəllərindəki təxminən iyirmi illik ədəbiyyatımız necə böyük ideya-bədii vüsətə, qüdrətə malik olmuşdur. Və məhz bu illərin bədii ənənələrinin ədəbiyyatımızın bütün sonrakı inkişafında istiqamətverici təsiri də danılmazdır.

 

Əslində,  XX əsrin 30-cu illəri də elə 20-ci illərin bir növ davamıdır. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid, Ə.Nəzmi, S.S.Axundov, Y.V.Çəmənzəminli kimi ədiblər sonralar yaradıcılıq mövzularını, problemlərini əsasən dəyişsələr də, tənqidi realist və ya romantik üslublarını davam etdirmişlər.

 

Bununla belə, yeni siyasi rejimin yaratdığı ideoloji məhdudiyyətlər klassik ənənələrin lazımınca davamına imkan verməmişdir. Tərənnüm prinsiplərinə əsaslanan sosialist realizmi adlı ideoloji nəzəriyyənin təzyiqi ilə bədii ədəbiyyatda  obyektiv təsvir və tənqidi subyektiv tərənnüm üstələyir.  Böyük realistlərin zəngin ənənələri lazımınca davam etdirilmir. Poeziyada və nəsrdə satiranın qarşısı alınır, dramaturgiyada komediya zəifləyir, tragediyanın  isə imkanları tam məhdudlaşır.

 

XX əsr ədəbiyyatı sayılan bu zəngin ədəbi irsin  böyük bir qismi 30-cu illərin əvvəlindən başlayaraq siyasi qadağalara, repressiyaya da məruz qalmışdır. N.Nərimanov, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli kimi görkəmli ədiblərin bədii irsi, yaradıcılığı buna misal ola bilər. Həmin ədiblərin yaradıcılığı müəyyən dövrdə tədqiqatdan da kənarda qalmışdır.

 

Buna görə həmin dövrün ümumilikdə dərslik səviyyəsində  tədrisi və təhlili müəyyən çətinliklər yarada bilər. Bu çətinliyin bir səbəbi də həmin zamana  aid  görkəmli ədiblərin  yaradıcılığının  tədqiqində və təbliğində uzun müddət siyasi maneələr, təhriflər, qadağalar olmasıdır.  Və ədəbiyyat tarixini yazanlar müəyyən zamanda belə məhdudiyyətlərə tabe olmaq məcburiyyətində qalmışlar.

 

Bu dərsliyin əvvəlki nəşrlərinin yazılması həmin vaxtlara düşdüyündən bir sıra ədiblərin yaradıcılığı haqqındakı məlumatlarda bu məhdudiyyət özünü büruzə verməkdədir.  Kitabda həmin ədiblərin böyük ədəbi irsi  haqqında nisbətən qısa, yığcam  məlumat verilməsi də bununla əlaqədardır.

 

Dərslik çapa hazırlanarkən keçmiş illərin ideoloji təzahürlərinin təmizlənməsi baxımından da yüngül redaktə işləri aparılmışdır. Həmçinin, bəzi ədiblərə aid müasir ədəbiyyatşünaslıq səviyyəsində sonralar çap olunmuş  yeni elmi mənbələr ədəbiyyat göstəricisinə əlavə olunmuşdur.

 

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin  və filologiya elmləri doktoru, professor Firidun Hüseynovun müəllifi olduqları “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin dördüncü nəşri də  ədəbiyyat tariximizin tədqiqində və tədrisində  görkəmli  alimlərin əsəri kimi  böyük əhəmiyyət kəsb edir.

 

XX əsr Azərbaycan ədəbiyyatı dərsliyinin yeni nəşrində yaxından iştirak etmiş Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, professor Ədibə Mir Cəlal qızı Paşayevaya və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Jalə Firidun qızı Hüseynovaya  minnətdarlıq bildiririk. Ümid edirik ki, unudulmaz müəllimlərimizin bu dərslik yadigarı lazımi maraqla qarşılanacaq.

 

Təhsin MÜTƏLLİMOV

AMEA-nın müxbir üzvü

 

525-ci qəzet  2018.- 14 aprel.- S.16.