“Sabah”ın kinosu
AZƏRBAYCAN
KİNOSU – 120
PƏRVİN
Mövcud şəraitin sənətə təsiri
qaçılmazdı. Əslində, qəribə bir
qanunauyğunluq var.
Toxluq zamanı da, aclıq zamanı da sənət
kölgəyə çəkilir. “Toxluq” sözü
çoxmənalıdı, əlbəttə. Harınlaşmış cəmiyyətə sənətdən
danışmaq sözünü divara demək kimidi. Amma
sənətin xilaskar missiyasını da kim
dana bilər ki?! Toxluqdan da, aclıqdan da... Xilaskarlıq
missiyasından danışanda bəstəkar Dmitri
Şostakoviçin İkinci Dünya müharibəsi illərində
yaratdığı 7-ci simfoniya yada düşür. Əsər almanlar tərəfindən mühasirəyə
alınan, arasıkəsilməyən bombardmanlara,
aclığa məruz qalan Leninqradda yazılıb. İndi o dövrü araşdıran bir çox sənədli
əsərlərdə məhz bu fakt qeyd olunur. Az qala, qələbə marşı kimi səslənən
Leninqrad simfoniyası ümidsizlik, sözün əsl mənasında,
çıxılmazlıq içərisində olan şəhər
camaatına təsəlli imiş. Hələ o zaman dünya
bu bənzərsiz hadisəyə mat qalmışdı, xarici qəzetlərdən
biri yazırdı: “Ağır, dəhşətli bir zamanda bu
cür simfoniya yaradan xalqı heç bir qüvvə diz
çökməyə məcbur edə bilməz”.
Bir az dərin düşünəndə,
gerçək sənət məhz dar macalda yaranır. Yaxşı əsərlər xoşbəxtlikdən
yazılmaz, yaranmaz - deyirlər. Azərbaycan
üçün belə bir məqam - darlıq,
çıxılmazlıq, ümidsizlik məqamı 90-cı
illərin əvvəlinə təsadüf etdi. Əslində, bəlkə məhz o dövrdə
xalqın şüurunda, düşüncəsində nələrin
baş verdiyini araşdırmaq üçün vaxta ehtiyac
var. Müəyyən bir zaman keçməlidi və mütəxəssislər
faktları uzlaşdırıb dövrə qiymət verməlidilər.
Bir yandan azadlıq eyforiyası, meydanları lərzəyə
gətirən enerji, milli şüurun oyanışı və
üsyanı. O biri tərəfdən köhnəlikdən
qopmaq istəməyən, hər gələn yeninin təzə
bəlalar gətirəcəyinə əmin olan bivec toplum.
Başımızın üstünə qaldırılan
üçrəngli bayrağın gətirdiyi fərəh və
hələ də hardasa gizlin-gizlin partiya biletini
saxlayanların “bəlkə də qaytardılar”
düşüncəsi... Və çox keçmədən
faciələr, itkilər, müharibə, şəhidlər,
göz yaşı, məğlubiyyət kompleksi... İnsanların təkcə sənətdən yox,
bütün dünyadan küsdüyü, beyinlərin siyasiləşdiyi,
kino, teatr, ədəbiyyat hayında olmadığı bir
dönəm.
Belə bir vaxtda sənəti qorumaq, yaşatmaq
üçün yeganə məkan televiziya idi. Sovetlərin
dağılmasından sonra kinoteatrlar da sıradan
çıxırdı, tamaşaçını teatra aparan
“cığırları” da ot
basmışdı... Ümid yalnız televiziyaya
qalırdı. Telekanalların əsasən
ictimai-siyasi problemlərlə süsləndiyi belə bir vaxtda
rejissor Ramiz Həsənoğlu “Sabah” Yaradıcılıq
Birliyini yaratdı. Məqsəd yeni gələn
nəsli yetişdirmək, dəstək olmaq, həmçinin,
öləziməkdə olan sənət
işığını, odunu qoruyub saxlamaq idi. O zaman
televiziyada çalışan yazıçı Nahid
Hacızadə Birliyin əsas məramını, gənclərə
yol açmaq ideyasını nəzərə alıb “Sabah”
adını təklif edir və bu ad tam yerinə
düşür.
Hələ
1992-ci ildə Ramiz Həsənoğlu “Tamaşa Birliyi”ni təsis etsə də, bu layihəsindən
razı qalmamışdı. “Sabah” isə təkcə
Ramiz Həsənoğlu yaradıcılığında, fəaliyyətində
yox, ümumiyyətlə, Azərbaycan teleməkanında, mədəniyyətində
hadisə olmalı idi və oldu da.
Teatrşünas
Aydın
Talıbzadə Ramiz Həsənoğlu
yaradıcılığı haqqında qələmə
aldığı “Ustad və Ayna” kitabında yazır: “Birincisi,
Azərbaycan televiziyasının tarixində “Sabah” yeni
teledüşüncənin, yeni teleestetikanın və yeni
teleyaşantının carçısı kimi
çıxış elədi. İkincisi,
“Sabah” Yaradıcılıq Birliyi Arif Babayevin və Rauf
Kazımovskinin tamaşa ənənələrini davam etdirərək,
onların teleteatr ideyasını yeni bir müstəvidə gəlişdirdi.
Və nəhayət, “Sabah”ın
eksperimentallığı ondan ibarətdi ki, o, ilk dəfə
olaraq Azərbaycan televiziyasının tarixində teleteatr məktəbini
formalaşdırdı. Və bununla
yanaşı, ümumiyyətlə, telerejissuranın özünün
məziyyətləri dəyişdi. Azərbaycan
televiziyasında yeni telerejissuranın, eyni zamanda, yeni tipli
aktyor ifasının yaranması üçün şərait
yaratdı. Bu baxımdan mənə elə
gəlir ki, “Sabah” Yaradıcılıq Birliyində
çalışan istər müəyyən təcrübəyə
malik rejissorlar, istərsə də cavan rejissorlar yeni
düşüncənin və yeni teleestetikanın bir növ
ifadəçisi oldular və bu baxış, bu estetika tarixiləşdi,
tarixdə qaldı”.
Aydın müəllimin sadaladığı məziyyətlər
içərisində “Sabah”ın məktəb
formalaşdırması məqamına aydınlıq gətirmək
istərdim. Məsələ burasındadı ki, bu gün sənətdə
sözünü deyən, özünəməxsus yeri olan bir
çox sənətkarlar, istər rejissor, istərsə də
aktyorlar məhz “Sabah”da debüt ediblər. Məsələn, rejissor Elxan Cəfərov ilk
işini - “Məhbus” tamaşasını “Sabah”da qurub. Yaxud hazırda Finlandiyada yaşayan rejissor Kamran
Şahmərdan da ilk işini - Bekketin “Oyun” pyesi əsasında
tamaşasını burda lentə alıb. Ümumiyyətlə,
“Sabah”ın repertuarına nəzər salanda bir məqam
çox aydın görünür. Burda janr,
mövzu çərçivəsi yoxdu. Çexov,
Nazım Hikmət, Mirzə Cəlil, Haqverdiyev kimi klassiklərə
də müraciət olunub, dövrün sevilən qələm
sahibləri olan Anara, Vaqif Səmədoğluya da, yeni gələn
nəsldən olan gənc müəlliflərə də... Həmçinin, aktyor seçimində də eyni mənzərədir.
Yaşar Nuri kimi
öz möhrünü vuran aktyorlara da, o vaxt hələ ilk dəfə
televiziya tamaşasına çəkilən Rafael İskəndərova
da eyni həssaslıq, eyni diqqət göstərilib.
Bu il “Sabah” Yaradıcılıq Birliyinin 25
yaşı tamam olur. Ən çətin illərdə
hər ay yeni filmlə tamaşaçıların
qarşısına çıxan “Sabah”ın son illərdə
işləri xeyli səngiyib. Əslində, ən
çətin vaxtda, ölkədə maliyyənin, ovqatın,
ruhun qıt olduğu dönəmdə o cür işlərə
imza atan insanların indi az
çalışması üzücüdü. Həm də nəzərə
alsaq ki, bayramlarda bütün Azərbaycan teleməkanı yenə
o tamaşalara üz tutur, deməli, ehtiyac var... 25
ildə təxminən 40-dan çox film-tamaşa təhvil verən
“Sabah”ın ümumi ideyası, konsepsiyası da maraq
doğurur. Sanki böyük bir mübarizəni
əks etdirir Birliyin fəaliyyəti. Əslində, Ramiz
Həsənoğlu yaradıcılığında bu
mübarizə çox-çox əvvəllər
başlamışdı... Təxminən 70-ci illərin əvvəllərindən
başlayaraq Azərbaycan incəsənətinə bəxş
etdikləriylə, Hüseyn Cavidin “Topal Teymur”, İsi Məlikzadənin
“Qatarda”, Anarın “Gecə müsahibi”, “Dindirir əsr bizi”, “Ötən
ilin son gecəsi”, “Evləri köndələn yar”, Vaqif Səmədoğlunun
“Yaşıl eynəkli adam”,
M.Caxaşvilinin “Günahsız Abdulla”, Ruhəngiz
Qasımovanın “Yollar görüşəndə”, “Qonşu
qonşu olsa” əsərləri əsasında
ekranlaşdırdığı filmlərlə seçdiyi
yolun fərqində idi. Amma bununla belə rəqabətsiz meydan ondan
ötrü maraqsız idi.
Ən müxtəlif müsahibələrində
“Sabah”ın yaranma tarixçəsini yada salan rejissor
ara-sıra məhz rəqabət meydanı yaratmaq
ideyasının da istisna olmadığını dilə gətirir. Hətta bir
müddət öz yaradıcılığından imtina edib
yalnız prodüser kimi fəaliyyət göstərən
Ramiz Həsənoğlunu yaxın ətrafı
günahlandırır, qınayır da. Bu
enerjini öz işlərinə sərf etməlisən, deyirlər.
Onunsa cavabı birmənalı olur: rəqabət olan yerdə
iş görmək də maraqlıdır - söyləyir.
Onu da xüsusi qeyd edim ki, o zaman ölkədə
çoxları prodüserliyin nə olduğunu belə
bilmirdi. Ona
görə “Sabah”
prodüser sənətinin mənasını, mahiyyətini
əks etdirən bir nizamnamə hazırlamışdı. Bundan sonra Azərbaycanda prodüser məktəbləri
təşəkkül tapmağa başladı. Bu mənada Azərbaycanda prodüserlik məktəbinin
əsasını da 1993-cü ildə “Sabah” qoyub.
Doğrusu, “Sabah”la Ramiz Həsənoğlunu bir-birindən
ayırmaq mümkün olmadığı üçün və
bu yaradıcılıq emalatxanasında, hətta başqa
rejissorların ekran işlərində onun estetikası,
ideyaları göründüyü üçün bu rəqabət
mühitinin nə dərəcədə yaranmasını demək
çətindi. Bütün hallarda istər Ramiz Həsənoğlu,
istərsə də “Sabah” yaradıcılığına nəzər
salanda təxminən XIX əsrin sonlarından başlanan
maarifçi dalğanın davam etdirildiyini görə bilirik.
Elə təkcə müraciət olunan müəllifləri
sadalamaq yetər ki, bu fikir təsdiqlənsin.
Bu mənada “Sabah”ın tarixində xüsusi əhəmiyyətli
işlərdən bəzilərini qeyd etmək yerinə
düşər. Məhz “Sabah” Yarıdıcılıq Birliyində
Hüseynağa Atakişiyev Nazim Hikmətin “Ölüm, ya
ölüm və ya hər şeyə rəğmən”,
Rövşən Almuradlı Cəlil Məmmədquluzadənin
“Anamın kitabı”, Şamil Nəcəfzadə Ejen
İoneskonun “Kral ölür”, Elçin Cəfərov
özünün qələmə aldığı “Məhbus”,
Şərif Qurbanəliyev Əli Əmirlinin “Bala - başa bəla”,
Məcnun Vahidovun “Yarımştat”, Mehriban Ələkbərzadə
Marşa Normanın “Gecən xeyrə qalsın, ana”, Vüqar Vəliyev
Afaq Məsudun “Gecə” əsərlərini
ekranlaşdırıb.
Amma hər şey Mirzə Cəlilin “Kamança”sı
ilə başlamışdı. Hələ “Sabah”ın fəaliyyəti
rəsmiləşməzdən öncə, yaxud elə o ərəfədə
Ramiz Həsənoğlu “Kamança” əsərinə
müraciət etdi. Və elə bu faktın
özü daha öncə qeyd etdiyim maarifçilik
ideyasının, həmçinin, sənətkarın
dövrün, zamanın nəbzini tutmasının təsdiqidir.
Bir anlıq 1993-cü
ili gözümüzün önünə gətirək... Xocalı soyqırımı arxadadı, düşmən
torpaqlarımızın iyirmi faizini işğal edib, bir
milyondan çox insan yurdsuz-yuvasız qalıb və bu
faktların hamısı aqressiya, qəzəb oyadır. Və Ramiz Həsənoğlu Mirzə Cəlilin erməni-azərbaycanlı
düşmənçiliyini özünəxas humanistliklə
yazdığı, gerçək bir türk xarakteri,
yumşaqlığı, ürəyi yaratdığı
“Kamança” əsərini ekrana gətirir. Bax, sənətin mövqeyi məhz belə
olmalıdır, sənət qəddarlığı yox,
humanizmi təbliğ etməlidi, sülhə
çağırmalıdı. Amma eyni
zamanda, özümüz, qüsurlarımız haqqında da
düşündürməlidi. Görünür, elə
bunu əsas tutan rejissor “Kamança”dan dərhal sonra, artıq
“Sabah”ın tərkibində Ə.Haqverdiyevin birpərdəli
pyesi əsasında “Ac həriflər”i ekranlaşdırdı. “Ac həriflər” bir çox məziyyətlərinə
görə Azərbaycan incəsənəti, mədəniyyəti
tarixində hadisədi. Həm müraciət
olunan əsərin həmişə, hər zaman aktual
olmasına görə, həm son dərəcə dəqiq
ekran həllinə görə, həm də rejissorların
aktyorluq etməsinə görə. Məsələ
burasındadı ki, bu teletamaşada rol alanlar
siyahısında yalnız Yaşar Nuri professional aktyordu.
Qalan rolları Ramiz Həsənoğlunun rejissor
həmkarları ifa ediblər.
Cahangir Novruzov, Nazim Abbas, Tofiq Tağızadə, Bəhram
Osmanov, Hüseynağa Atakişiyev, Kərim Kərimov, Məmmədkamal
Kazımov, Arif Mədətov, Ədalət Ziyadxanov, Vaqif
Əsədov, Yusif Əkbərov, Anaxanım Abdullayeva,
Şamil Nəcəfzadə - tamaşaçının
adlarını yalnız titrlərdə gördüyü bu
rejissorlar “Ac həriflər”də ən müxtəlif
“acları”, “hərifləri” sevərək
canlandırırdılar.
Tamaşada
Zərbəli rolunu ifa edən Bəhram Osmanov “Ac həriflər”
haqqında ən dəqiq sözü deyənlərdəndi:
“Əgər Ramiz Həsənoğlu Azərbaycan
televiziyasında və kinosunda heç bir iş görməyib
“Ac həriflər” teletamaşasını çəksəydi,
Azərbaycan teatr, kino və televiziya tarixində onun adı
qızıl hərflərlə yazılardı. Çünki
Azərbaycanda heç kim bu eksperimenti etməmişdi
ki, bir-birlərindən o qədər də xoşu gəlməyən
rejissorların hamısını bir yerə yığsın
və onları məcbur eləsin ki, bir aya yaxın çəkiliş
müddəti ərzində bir-birlərini sevsinlər”.
Məsələ də bundadı. Ramiz Həsənoğlunun
birləşdirmək xüsusiyyətində. Elə
“Sabah”ın da əsas uğuru budu - rəhbərin birləşdirməyi
bacarması. Hələ o vaxt çəkilişdən sonra
artıq qocaman rejissor Tofiq Tağızadə də bu hadisənin
tarixi əhəmiyyətini qeyd etmişdi: “Bunlar hamısı
tarix üçün, cavanlar üçün, gələcək
nəsil üçün lazımdır. Deyəcəklər,
bizim belə rejissorlarımız olub. Gözəl
sözlər deyirik, gözəl rəftar eləyirik
bir-birimizlə. Cavanlar üçün də
bu, dərs olmalıdır. Böyük
işdir, xırdalamaq istəmirəm. Sən
ki (Ramiz Həsənoğluya müraciətlə)
başlamısan bu təşəbbüsə, böyük təşəbbüsdür,
mənim fikrimcə, bizim gələcək nəsillər
üçün bunun böyük bir qiyməti olacaq,
böyük bir rolu olacaq”.
Doğrudan da zaman “Ac həriflər”ə, “Sabah”ın
ilk, Ramiz Həsənoğlunun növbəti şedevri olan
tamaşaya öz qiymətini verməkdədi. Ayrı-ayrı
sözləri, ifadələri dillər əzbəri olan əsər
tamaşaçının sevgisini yüz faiz qazana bilib. Və məncə, bu əsərlərin əsas
uğurlarından biri də “yerinə düşməsi”di.
Ölkə üçün həm mənəvi,
həm də maddi cəhətdən çətin bir dönəmdə,
sözün əsl mənasında kasıblıq və
aclığın var olduğu bir vaxtda ACLIQdan məhz bu
cür danışmaq olardı, gülərək,
güldürərək. Güldürmək
isə Ramiz Həsənoğlunun əsas mübarizə
üsulu idi. Bir az da dərinə gedəndə
yenə də daha əvvəllərdən - Mirzə Fətəlidən,
Mirzə Cəlildən, Sabirdən gələn üsulu...
Ramiz müəllimlə Mirzə Cəlil haqqında
söhbətimizi heç unutmuram. Onun
yaradıcılığına ara-sıra müraciət etməsindən
söz salanda birmənalı cavab vermişdi. Mirzə Cəlil ona ruhən ən yaxın sənətkarlardan
biridi - demişdi. Çünki o,
xalqının çatışmazlığını,
problemini, naqis cəhətini görür, buna ironiya edir,
gülür, bu haqda düşündürür, amma bunların
hamısını sevgiylə edir, gözündə yaş
edir. Bu mənada
“Nigarançılıq” üç sənətkarın - Mirzə
Cəlilin, Anarın və Ramiz Həsənoğlunun
ideyalarının üst-üstə düşdüyü əsərdi.
Həmçinin, “Sabah” Yaradıcılıq
Birliyinin ən uğurlu işlərindən biridi. Cəlil
Məmmədquluzadənin 4 hekayəsinin - “Quzu”,
“Nigarançılıq”, “Qurbanəli bəy” və “Şeir
bülbülləri” - motivləri əsasında Anarın
yazdığı ssenari ilə ekranlaşdırılan telefilm
məhz “Kamança” ilə, “Ac həriflər”lə təməli
qoyulan ideyanın davamıdır. Müsahibələrindən
birində Ramiz Həsənoğlu deyir: “Mirzə Cəlil hekayələrində
elə dərin mövzulara toxunub ki, onların motivləri əsasında
çəkilən televiziya tamaşasında hansısa konkret
ideyanı qabartmaq, önə çəkmək mümkün
deyil. Mirzə Cəlil sadəcə, cəmiyyətə
ayna tuturdu və orada hər kəs özünü
görürdü. Biz isə o aynanın arxasından Mirzə
Cəlilin ağrılarını hiss edirdik. O, milli
mentallığın çatışmayan tərəflərinin
ağrılarını yaşayırdı. Bu
onun hər hekayəsində özünü göstərir.
“Nigarançılığ”a baxanda hər
tamaşaçını “Bu bizik”, “Niyə beləyik?”,
“Başqa cür ola bilərikmi?” sualları
düşündürməli idi. Sənətkarlıqla
yazılan hər əsərdə insan özünü
görür, müəllifin arzuladığı ideyalara
yaxın olmaq istəyir. Həmişə
rejissorun əsas fikri, ideyası məsələsindən
danışanda çətinlik çəkirəm. Əsər ideyaların qovşağıdır, hər
tamaşaçı oradan fərqli-fərqli nəticələr
çıxara bilər”.
Ramiz müəllimin bu qısa şərhi əslində, onun və “Sabah”ın bütün fəaliyyəti boyu müxtəlif şəkildə ifadə olunub. “Bu bizik”, “Biz niyə beləyik”, “Başqa cür ola bilərikmi?” - sualları “Sabah”ın başqa əsərlərində də qoyulur. Artıq söylədiyim kimi, “Sabah” həmişə zamanın nəbzini tutub ağrılı məqamlara diqqət çəkməyə çalışıb. Məsələn, ölkədə müharibənin bitmək bilmədiyi, itkilərin ürək dağladığı bir vaxtda “Sabah”da Şərif Qurbanəliyev Əli Əmirlinin “Bala - başa bəla” pyesini ekranlaşdırır. Məmurların boğazdan yuxarı vətənpərvərliyi, qorxaqlığı, hər kəsin öz başını salamat tutması, kreslosundan bərk-bərk yapışması və bütün bunların fonunda dövr üçün xarakterik olan şəhərli-rayonlu qarşıdurması. Məhz İzzət Nəfislinin (Cahangir Novruzov) ailəsinin timsalında bu problemlər tamaşaçıya göstərilir və bunlar haqqında düşünməyə çağırılır.
Yaxud, dövlət idarələrində, sənət müəssisələrində maliyyə problemlərinin çox olduğu, sənət adamlarının səfalət, çətinlik içərisində yaşadığı bir vaxtda yenə Şərif Qurbanəliyevin “Yarımştat” tamaşası ekrana çıxır. Karikatura təsiri bağışlayan sirk müdiri Muxtar müəllim (Yaşar Nuri), “doğramağa” adam tapmayan illüzionist Zaman (Telman Adıgözəlov), adamlarla da əhilləşdirilmiş heyvan kimi davranan Ayxanım (Afaq Bəşirqızı), özəlləşmə dalğasında şirləri özəlləşdirmək istəyən Şirulla (Arif Quliyev) və b. Bunlar hamısı 90-cı illərin əvvəllərində olan gerçək problemlərə ironik yanaşmadı. Və bu üsulla müəlliflər tamaşaçını düşündürmək və yuxarıda qeyd etdiyim “Başqa cür ola bilərikmi?” sualına cavab tapmağa çalışıblar.
Həmçinin, Ramiz Həsənoğlunun Aqşin Babayevin əsərləri əsasında ekranlaşdırdığı “Nekroloq”, “Dəvətnamə”, Vaqif Səmədoğlunun pyesləri əsasında çəkdiyi “Yumurta”, “Yaşıl eynəkli adam” (I, II, III hissə) filmləri məhz bu cür ağrılı, həm də gülməli məqamları tamaşaçıya göstərir.
Bir sözlə, “Sabah” müraciət etdiyi əsərlərlə tamaşaçının özünüdərkinə xidmət edib. Həm çağdaş əsərlərlə, həm də tarixə müraciət etməklə. Bu mənada Ramiz Həsənoğlunun “Fatehlərin divanı” filmini xüsusi vurğulamaq lazımdı. Nejdat Sevincin “Duruşmalar” əsərinin motivləri əsasında, Mövlud Süleymanlının ssenarisi ilə çəkilən film təkcə Azərbaycan yox, elə Türkiyə mühitində də böyük rezonansa səbəb olub. Ümumiyyətlə, bu əsər türklüyü, türklüyün tarixini anlamaq, tamaşaçıya anlatmaq baxımından son dərəcə böyük əhəmiyyətə malikdi. Teymur rolunu ifa edən böyük aktyor Fuad Poladov “Sabah”ın yubileyində minnətdarlığını belə ifadə edir: “Sabah” Yaradıcılıq Birliyində bir neçə işim olub. Mehriban Ələkbərzadənin Afaq Məsudun povesti əsasında çəkdiyi “Cəza” televiziya tamaşasından dərhal sonra Ramiz Həsənoğlu “Fatehlərin divanı”nı çəkməyə başladı. Bu tamaşanın çəkilişləri bir ilə yaxın çəkdi. Çəkiliş vaxtı böyük çətinliklərlə qarşılaşsaq da, Ramiz pavilyona girən kimi özü ilə elə bir ab-hava, enerji gətirirdi ki, biz istər-istəməz yaradıcılıq dalğasına köklənirdik”.
Fuad Poladovun dediyi o enerji istər “Sabah”ın, istərsə də elə Ramiz Həsənoğlunun bütün əsərlərində tamaşaçıya təsir edir. Rejissorun məşqlərini, çəkiliş məqamlarını əks etdirən çoxlu sayda materiallara baxan adam kimi bunu təsdiqləyə bilərəm.
“Sabah” son illərdə özünün durğunluq dövrünü yaşayır. Halbuki hər zaman gənclərə, onların sabahına xidmət edən bu birlik yeni gələn nəsil üçün də faydalı ola bilər. Amma mənə görə, bu birliyin daxilində, yaxud ordan kənar Ramiz Həsənoğlunun sənətə, yeni gələn gəncliyə münasibəti dəyişilməzdi. Dəfələrlə onun ən müxtəlif adamlar, gənc yazıçılar, yaxud rejissorlar haqqında fəxarətlə danışdığının, hansısa uğurlu işə görə necə sevindiyinin şahidi olmuşam. Bəlkə əslində, bu gün - 13 apreldə artıq 72 yaşını qeyd edən sənətkarın gənclik ruhunu qoruyub saxlamasına əsas səbəb budu.
Yazımın bu məqamında Ramiz Həsənoğlu yaradıcılığından, istedadından pay götürən bir adam kimi minnətdarlığımı dilə gətirmək istərdim. YUĞ teatrında birgə işimiz olan “Sonuncu” mənə xeyli uğur gətirib. Ramiz Həsənoğlu sayəsində sənətin tamam başqa bir tərəfini, mənə tanış olmayan sirlərini öyrənmişəm. Tamaşanın məşq prosesləri də yaxşı yadımdadı. Ramiz müəllimin rejissor kimi hansı sözü necə mənalandırması, hansı priyom və həllə daha da təsirli etməsi məni yaxşı mənada təəccübləndirmişdi. Amma o məşqlərdən bir unutmadığım məqam da var... “Sabah”ın 25, Ramiz müəllimin 72 yaşını qeyd etdiyim bu yazıda o kiçik xatirəmi bölüşmək istərdim...
Qəhrəmanım Əlisöhbət Qələndərli gənc teatrşünasla söhbətində gileylənir: “Oğlum, mən cavan olanda yaşlıların zəmanəsi idi, qocaldım, indi də cavanların zəmanəsidi. İndi qocayam, “cavanlara yol açaq” deyə-deyə süpürüb atırlar bizi... Mən balet oynayan deyiləm axı, aktyoram...”
Ramiz müəllimin məhz bu anı - aktyorlar Fərhad İsrafilovla Hikmət Rəhimovun dialoqunu necə həyəcanla, kövrələrək məşq etməsi heç yadımdan çıxmır. Qəribədi ki, hər dəfə tamaşadan sonra müxtəlif yaşlı sənət adamları məhz bu sözlərdən təsirləndiklərini deyirlər bizə... Bunun özü də detaldı görünür. Ramiz müəllimin məşqdə, tamaşaçının zalda kövrəlməsi. Axı gənclər üçün meydan - “Sabah” yaradan Ramiz Həsənoğlu özü köhnəni “süpürüb atmaqla” yox, köhnədən ibrət götürməklə gətirib bütün yenilikləri... Elə bunun özü də 25 yaşlı “Sabah”ın gələcəyi haqqında düşünməyə sövq edir.
“Sabah” haqqında, burda yaranan filmlər barəsində bu yazımı “Azərbaycan kinosu - 120” layihəmə daxil etməyim mübahisəli görünə bilər. Axı, “Sabah”ın estetikası fərqlidi, burda bədii filmlər çəkilməyib. Ancaq daha dərin yanaşanda artıq dünyanın özündə də, dünya kinosunda da janrların sərhəddi itir, bədii filmlərə çəkiliş meydançası, pavilyon estetikası gətirilir. Ona görə də, məncə, 25 yaşlı “Sabah” 120 yaşlı Azərbaycan kinosunun ayrılmaz hissəsi, tərkibidi.
525-ci qəzet 2018.-
14 aprel.- S.14-15.