Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln

 

Telman ORUCOV

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Zəncilərlə səmimi görüş və baş tutmayan sui-qəsd

 

Zənci liderlərindən bir neçəsi Prezidentlə görüşə gəlmişdi. Görüş ideyası Linkolnun ağlına çoxdan düşmüşdü.

 

O, yalnız az sayda rəngli adamı tanıyırdı. Bu vaxt isə bir sıra məsələlər barədə onların fikrini öyrənmək istəyirdi.

 

Qrupun lideri E.M.Tomas dedi:

 

 

- Belə çıxır ki, ser, quldarlıq Birliyin sərhəd ştatlarında hələ də davam edəcəkdir?

 

Linkoln cavab verdi ki, bu, düzdür.

 

Zənci lideri davam etdi:

 

- Beləliklə, ayrılmağa görə qul sahiblərini cəzalandırmaq üçün Siz həqiqətəndəmi, Konfederatdakı qulları azad edəcəksiniz.

 

Linkoln onlara dedi ki, mən sizin məsləhətinizi və köməyinizi istəyirəm. Konqress mənə müəyyən məbləğdə pul vermişdir ki, Mərkəzi Amerikadakı Yeni Qrenadanı məskunlaşdırım. Orada əkinçilik torpaqları münbitdir, daş kömür mədənləri vardır və ərazi boşdur. Əgər siz seçsəniz, ora sizin adamlarla dola bilər.

 

Sonra görüşdə iştirak edən adamlara müraciətlə dedi ki, mən düşünürəm ki, mövcud fiziki fərqlilik hər iki tərəfə böyük ziyan vurur. Sizin irqin əzabları çox böyükdür, sizin adamların çoxu bizim aramızda yaşadıqlarından, bu vaxt sizin iştirakınızdan da bizim əzablarımız əmələ gəlir. Bir sözlə, biz hər tərəfdən əzab çəkirik.

 

Tomas bildirdi ki, niyə Prezidentin məntiqi elə bir sual soruşmağa ehtiyac duyur ki, onlara verilən cavabı o, artıq bilir. Bəlkə də, siz uzun müddətdir ki, azadsınız, güman ki, bu, bütün sizin həyatınızdır. Siz quldarlığı ləğv etsəniz də, irqlə bizim bərabərliyimizə uzun bir yolun keçilməsi lazım gələcəkdir.

 

E.M.Tomas sonra nəzakətlə dedi:

 

- Biz, qul qardaşlarımızın Linkam Dayı adlandırdıqları adam ilə görüş imkanını qiymətləndiririk.

 

Linkoln güldü:

 

- Mənə deyiblər ki, 1861-ci ildən sonra Cənubda doğulan rəngli uşaqların hamısına Eyb adı veriblər.

 

Tomas cavab verdi:

 

- Sənə həqiqəti deyiblər. Təkcə Cənubdakı bizim oğlanlarımız Abraham adlanmır, çox yerdə körpə uşaqlar bu adı daşımağa başlayırlar. Sən Allahın işini görmək üçün seçilmisən, bu, müəyyən şəkildə mənim üçün qəribədir. Mən indiki tək sənə baxanda - Taleyin bəxş etdiyi bir adamı görürəm.

 

Prezidentin ağlı bu vaxt öz qərarını verdi. O, bütün böyük vəzifəlilərə dedi ki, o, Azadlıq Proklamasiyasını bəyan edəcəkdir.

 

Lakin təhlükə də Linkolnu addımbaşı izləyirdi. Onu təkcə sözlə hədələmirdilər, bu hədənin reallaşmasına da cəhd edirdilər. Arvadının rəfiqələrindən birinin ona ərinə təhlükə gözlənildiyini dedikdə, Meri soruşmuşdu ki, bu nə təhlükədir, kimə ünvanlanmışdır? Qadın cavab verdi ki, Prezidentə, onun üzərində qara bulud gəzir.

 

Bu iki qadın daş binanın kiçik otağında söhbət edən vaxt Linkoln heç bir müşayiətçisi olmadan Əsgər Evinə doğru at çapırdı. Göydəki Ay parlaq işıq saçırdı, bu anda o, dəqiq hədəf idi. At iri söyüd ağaclarının altı ilə sürətlə gedəndə Ay işığı budaqlarda tərpənir, təhlükəli kölgələr rəqs edirdi. At kənara sıçradı. Linkoln atı sakitləşdirmək üçün irəliyə tərəf əyiləndə, güllə səsi eşidildi. Linkolnun papağı başından düşdü. O, bir refleks qaydasında atın başına tərəf yatdı ki, onu dördnala çapmağa sövq etsin. Bu vaxt ikinci atəş baş verdi. O, arvadının olduğu daş evə gələndə, həm Linkoln, həm də altındakı at çətinliklə nəfəs alırdı. Xidmətini icra edən serjant atdan düşməkdə Prezidentə kömək etdi. Arvadı onun papağının başında olmadığını gördü.

 

Linkoln:

 

- Yəqin ki, onu itirmişəm.

 

Arvadına təhlükə barədə xəbər verən qadın ona dedi ki, sizin həyatınıza qəsd olacaqdır, cənab Prezident. Sən vuruşmayan generalın yerini dəyişdirməlisən. Sən prezident olacaq Kabinet üzvünü vəzifədən azad etməlisən. Sən iri burnu olan adam barədə agah olmalısan. Linkoln qadının sözlərinə belə cavab verdi:

 

- Yaxşı, mister Çeyz kiçik burnu olan iri adamdır, beləliklə, onu kənarlaşdırmalıyam. Bu məsələlərdə mən fatalistəm. Əgər bir təkrar olunan qəsd varsa, mən ona çox əhəmiyyət vermirəm və əgər bu, qiyamçılar tərəfindən mənim əsir götürülməyim və girov kimi saxlanmağımdırsa...

 

O, belə söhbətləri adətən zarafat müstəvisinə keçirib, onları kəsməyi bacarırdı.

 

Linkoln öz taleyi barədə düşünmürdü, onu daha çox qayğılandıran ölkəsinin maliyyə vəziyyəti idi. O, gileylənirdi ki, müharibə necə də baha başa gəlir. Bütün axıdılan qanlar barədə düşün və onda özündən soruş ki, hansısa bir adam deyə bilərmi ki, o, bu dəhşətli müharibədə yalnız qulları öz mülkiyyətində saxlamaq hüququ üçün vuruşmuşdur.

 

O deyirdi:

 

- Mən seçilmişəm ki, müəyyən bir işi görüm və bunu görməliyəm. Mənim gördüyüm iş köməyə möhtacdır. Buna heç bir şübhə yoxdur.

 

Dövlət katibi Syuardı isə öz ambitsiyaları məşğul edirdi. Bir dəfə o, qaraqabaq şəkildə Prezidentə dedi ki, mən arzulayıram ki, Tsitseron kimi Senata girib, bir gecədə bu Katilinaları qovmaq hüququna malik olum. (Tsitseron b. e. ə. 63-cü ildə konsul olduqda Respublikanı məhv etməyə çalışan qiyam başçısı Katilinanı məhkəməsiz, mühakiməsiz həbs etdirib, edam etdirmişdi. Sonralar o, bu qanunsuz hərəkətinə görə Yunanıstana sürgünə getməyə məcbur olmuşdu). Syuardın bu istəyi onsuz da kövrək olan sabitliyi poza bilərdi.

 

Mülayimlər də quldarlığın ləğv edilməsinin nəticələrindən ehtiyat edirdilər. Onlar Birliyin hər bir hissəsində zənci əhalisi arasındakı qarışıqlıqdan qorxduqlarından narazılıqlarını bildirirdilər.

 

Linkolnun düşmənləri isə heyfislənərək deyirdilər ki, Azadlıq Proklamasiyası heç də Linkolnu öz fərqlənən imzasından məhrum etmədi. O, bunu çoxları ilə, daha artıq dərəcədə səfehlərlə, qabiliyyətsizlərlə, krallar və imperatorlarla, xəlifələr və itlərlə bölüşəcəkdir, çünki o, Linkolndur - Axırıncıdır.

 

Linkoln buna gülürdü:

 

- Mən bilmirəm ki, niyə düşünürlər ki, mən axırıncı amerikan prezidentiyəm və ya Linkoln adlı axırıncı bir prezident olacağam.

 

Linkoln tam başqa şey haqqında düşünür və qüssələnirdi. O, məyus olurdu ki, ölkənin 720 milyon dollarlıq borcu vardır.

 

Müharibə o dərəcədə də azad əməyin qul əməyinə qarşı olan vuruşu deyildir, bu, həyata iki münasibəti bildirir, Cənublular və Yankilər (Cənublular Şimallıları belə adlandırırdı) İngiltərədəki antaqonist kimi doğulmuş Süvarilərə və Dəyirmi başlılara bənzəyirdər (XVII əsrdəki İngilis Vətəndaş müharibəsində, 1649-cu ildə kral I Çarlz Kromvel tərəfindən edam edilmişdi. Əks tərəflərdə mübarizə aparanlar yuxarıda göstərilən adları daşıyırdılar. Kralın tərəfində vuruşanlar Süvarilər adlanırdı. Parlament tərəfində vuruşanlara isə, Süvarilər “Dəyirmi başlar” yarlığını yapışdırmışdılar).

 

Syuardın ambisiyasına da şərait uyğun gəlmirdi. O öyrənmişdi ki, Respublikaçı senatorların tam çoxluğu ona etibar etmir. Bu səbəbdən də özünün 1864-cü ildə prezidentliyə namizəd göstərilməsi fikrindən vaz keçmişdi. O, qərara almışdı ki, mümkün olan hər bir şeyi etsin ki, Linkoln yenidən prezident seçilsin. Prezident isə ölkənin etimadını itirmişdi, bu vaxt Sülh Demokratları adlananlar hər yerdə başlarını qaldırmışdılar.

 

Cəbhədə də işlər yaxşı getmirdi. Konfederatın baş komandanı Li öz qüvvələrini Pennsilvaniya ətrafına yaymağa başlamışdı. York şəhəri təslim olmuşdu. Li bu vaxt ştatın paytaxtı Harrisburqu tutmağa tələsirdi. O, Birliyin anbarlarından yenidən silahlanılır və ərzaq ehtiyatı götürürdü. Filadelfiyaya hərəkət edəcək, yol üstündə Midlə döyüşə girəcəkdi. Hər iki ordu Pennsilvaniyada üz-üzə gəldi. Döyüş başlandı.

 

Mid bu vaxt Linin hücumunu gözləyirdi. Linkoln gileylənirdi ki, bizim generallar onlara daim hücum edilməsini gözləyirlər. İlkin hücum etmək onların təbiətinə uyğun deyildir.

 

Uğurlu döyüşlər aparan və qələbə çalan Uliss Qranta isə Linkolnun silahdaşlarının münasibəti heç də bir mənalı deyildi. Syuard onu açıqca sərxoşluqda günahlandırırdı. Belə deyirlər ki, Linkoln bu ittihamları eşitdikdə, Qrantın hansı marka viski içdiyi ilə maraqlanmış və əlavə etmişdi ki, o biri generallara da həmin viskini içməyi məsləhət görərdi. Oxşar sözləri 1756-1763-cü illərdəki Yeddiillik müharibədə Kanadada fransızlara qarşı böyük uğurla vuruşub, axırda həlak olan ingilis generalı Vulf haqqında məşhur baş nazir böyük Uilyam Pitt də demişdi. Paxılları məharətli sərkərdə Vulfu da sərxoşluqda ittiham edirdilər. Belə çıxırdı ki, sərxoşluq qələbələr bəhrəsi gətirir.

 

Syuard ittihamını əsaslandırmaq üçün Qrant barədə şayiələrin doğru çıxdığını, onun casuslarının bunu bilavasitə gördüklərini misal gətirmişdi ki, guya 23 iyulda o, sərxoş imiş. Prezident dedi ki, mən bunu eşitməmişəm. Həmçinin, şəxsən şəhadət verə bilərəm ki, 31 iyulda o, ayıq idi.

 

Linkoln öz qədəhləri ilə oynayarkən buna belə cavab vermişdi:

 

- Mənə Qrant xoş gəlir. O, məni təşvişə salmır və cana doydurmur, əlavə kömək verilməsi barədə heç vaxt haray çəkmir. Ona verilən qoşunları götürür və bacardığı ən yaxşı şeyləri edir. Əgər o, Viksburqu götürübsə, biz ona minnətdar olmalıyıq.

 

Syuardın Qrantı aşağılamaq cəhdi baş tutmadı, burada Linkoln özünü müdrik bir prezident kimi göstərdi.

 

Pennsilvaniyada isə Li hücumunu davam etdirirdi. Mid isə olduğu yerdə də dururdu. O, öz əməliyyatlarının müdafiə və ya hücum əməliyyatı olduğunu da bilmirdi. Görünür, hər ikisini eyni vaxtda edir, qarışıq salırdı. Gecə düşəndə Li qaçmağa məcbur oldu. Linkoln Midə xəbər göndərdi ki, düşmənin arxasına düşsün və Potomak çayına çatmamışdan onların yolunu kəssin. General Middən alınan xəbərdə o, düşmən qüvvələrinin sayca çox olduğunu, həmin ordunu məğlub edib, məhv etməyə cəhd etdiyini yazırdı. Axırda isə əlavə edirdi ki, ordusu “müdaxiləçiləri bizim torpaqdan qovmağa” çalışır. Bu sözlər Linkolnu əsəbiləşdirdi. Düşünürdü ki, general Mid ona qulaq asmalıdır. O deyirdi ki, qiyamçıları biz öz ağuşumuzda sıxacağıq. Biz əgər əllərimizi irəli uzatsaq, onlar bizim olacaqlar. O, çox inandığı bu ümid barədəki sözlərini oğlu Robertə də söyləmişdi.

 

Linkoln Viksburqun nə yolla tutulmasını bilmək istəyirdi. Qrant 30 minlik Konfederat qarnizonuna öz düşərgəsinə dönməyə imkan verməmişdi. Bu, 1863-cü il iyulun 4-də 18 günlük mühasirədən sonra baş vermişdi. Qrant şəhəri zəbt etmişdi. Missisipi çayı Birliyin əlində idi. Bu, olduqca böyük məsələ idi. Linkoln bunu anlaya bilmədiyini deyirdi. Lakin Çeyz bildirdi ki, mən həmişə inanırdım ki, tez ya gec biz bunu edəcəyik, Viksburqu götürəcəyik. Və müharibəni udacağıq. Linkoln narazı qaydada dedi ki, onu başa düşə bilmir ki, niyə müharibədəki bu ən böyük qələbəni çalan adam bu xəbəri mənə və millətə verməmişdir. Mənim o biri generallarım adətən hələ döyüş gedən vaxt öz qələbələri barədə mətbuata xəbər verirlər. Əlavə etdi ki, Qrant məni ilhamlandıran kimi, mən də onu ilhamlandıracağam.

 

Qrant qoşun başçılarını seçməkdə də uğurlu hərəkət edirdi. O, divizion komandirliyinə bir bacarıqlı zabiti məsləhət görmüşdü. Bu, Filip Şeridan idi. Syuard onu uşaq adlandırmışdı. Prezident isə demişdi ki, yox, oğlandır və bizim axtardığımız oğlandır. Qrant onu ən yaxşı süvari zabiti kimi təqdim etmişdi.

 

General Mid isə prezidentin məsləhətinin əksinə gecə hərbi şura çağırmışdı ki, bundan sonra nə etmək lazım olduğunu komandirlərindən soruşsun. Linkoln bu vaxt Midi Makklellanla müqayisə etdi və Syuard belə bir qənaətə gəldi ki, bu, Midin sonunun başlanğıcıdır.

 

(Ardı var)

 

525-ci qəzet  2018.- 14 aprel.- S.22.