Əzablı Paris yolçuluğu

 

 Azərbaycan Xalq Cümhuriyyəti-100

 

Vilayət QULİYEV

 

(Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin Paris sülh konfransında iştirakla bağlı üzləşdiyi çətinliklər)

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Batum limanından Gürcüstan nümayəndə heyətinin üzvləri ilə birlikdə Türkiyəyə yollanan Azərbaycan parlamentarları yanvarın 20-də İstanbula çatmışdı. Burada isə yollar ayrılmışdı.

 

Ciddi maneə ilə üzləşməyən, Qərb dövlətlərinin daimi qayğısını hiss edən erməni və gürcü təmsilçiləri qısa müddətdən sonra Paris səfərinə çıxmışdılar.. Gürcüstan heyətinin ilkin dəstəsi (Avalov, Qvarcaladze, Qambaşidze) yanvarın 28-də artıq Parisdə idi. Yanvarın 20-də Ermənistan parlamentinin sədri A.Aqaronyanın başçılığı ilə İstanbulu tərk edən erməni nümayəndələri heç bir maneə ilə üzləşmədən fevralın 4-də Marselə çatmışdılar. Fevralın 26-da artıq Osmanlı və Qafqaz ermənilərindən ibarət birləşmiş erməni heyəti Antanta ölkələrinin xarici işlər nazirləri ilə ilk görüşünü keçirmişdi.  Azərbaycan nümayəndələri isə ilk günlərdə onlara daha çox “texniki problem” kimi görünən viza  məsələsini həll etməkdən ötrü 3 aydan çox Osmanlı paytaxtında ləngiməli olmuşdu.

 

Antanta işğal qüvvələrinin nəzarəti altındakı  İstanbulda Azərbaycan türklərinə isti  münasibət gözləmək sadəlövhlük olardı.

 

Yaranmış çətinliyə baxmayaraq, iki aydan bəri sülh konfransına təkbaşına hazırlaşan Ə.Topçubaşov dərhal nümayəndə heyətinin üzvləri arasında iş bölgüsü aparmış, təşkilatdaxili vəzifələri aydınlaşdırmış, tərkibə bir neçə katib, tərcüməçi, texniki işçi qəbul etmişdi. Bundan sonra isə Parisə mümkün qədər tez yola düşmək üçün iş başlanmışdı. İstanbuldakı ingilis və fransız komandanlıqlarının  süni maneələri, eləcə də Müttəfiqlərin himayəsinə sığınmış ermənilərin  təxribatçı fəaliyyəti də elə bu zaman bütün çılpaqlığı ilə üzə çıxmışdı. Artıq Parisdə olan erməni heyəti də məkrli planların həyata keçirilməsində soydaşlarına bacardığı qədər kömək etməyə çalışırdı .

 

İlk zərbə  işgüzarlığına, mükəmməl fransızcasına  və Parisdəki əlaqələrinə böyük ümidlər bəslənən Əhməd bəy Ağayevin “zərərsizləşdirilməsi” olmuşdu. Ə.Topçubaşov Nazirlər Şurası sədrinə  4-5 mart 1919-cu il tarixli 1 saylı məlumatda bu haqda yazırdı: “... ingilislərlə fransızlar Əhməd bəy Ağayevin heyətimizin tərkibində olmasına irad tuturlar. Məsələ belədir ki, nümayəndələrimizin gəlişinin az qala ertəsi günü yerli mətbuatın əsasən fransızca çıxan bir qismi, xüsusən də fransız dilli erməni qəzeti “Renaissance  Əhməd bəy Ağayevin əleyhinə böhtan və iftira kampaniyası başladı. Qəzet onu ittihadçıların öncüllərindən biri, türk Parlamentində və mətbuatında türk millətçilərinin alovlu təmsilçisi və fəal nümayəndəsi, Müttəfiq dövlətlərin əleyhdarı  kimi qələmə verir. İttihad və Tərəqqi partiyasının, xüsusən də Tələt-Ənvər hökumətinin bütün günahları Əhməd bəyin ayağına yazılır”.

 

Aydın məsələdir ki, düşmən işğalı altındakı İstanbul mətbuatında başladılan təxribat aksiyası bir şəxs kimi Ə.Ağayevi ləkələməkdən daha çox Azərbaycan nümayəndə heyətinin Parisə yola düşməsini əngəlləmək məqsədi güdürdü. Ə.Topçubaşovun heyət  üzvünü və köhnə dostunu xilas etməklə bağlı cəhdləri heç bir nəticə vermədi. Osmanlı imperiyasının bir sıra  dövlət adamları və siyasi xadimləri, millət vəkilləri, tanınmış ziyalıları, öz yurdunu sevən, vətənpərvər  insanları ilə bir sırada  Əhməd bəy də “alman dostu” və “erməni soyqırımını körükləyənlərdən” biri kimi həbs olundu.

 

Ə.Topçubaşov hökumətə göndərdiyi məlumatda  daha sonra yazırdı: “Onun haqqında təhqiqat başlanıb. İki dəfə məni də sorğu-suala tutdular. Nəhayət elan etdilər ki, Azərbaycan nümayəndə heyəti Əhməd bəy Ağayevi özü ilə aparmamalıdır. “Bu, bizim məsləhətimizdir. O, türk jurnalisti və türk Parlamentinin üzvü kimi, əleyhimizə danışan və yazan  adam kimi arzuolunmaz şəxsdir”. Mənim Ə.Ağayevin əslən Qarabağdan olması, Azərbaycan Parlamentinə üzv seçilməsi, nümayəndə heyəti üçün son dərəcə zəruri adam sayılması ilə bağlı bəyanatlarım şübhələri dağıda  bilmədi. General V.M.Tomson tərəfindən Əhməd bəy Ağayevə verilən zəmanət məktubu da heç bir rol oynamadı”.

 

Yeri gəlmişkən, təkcə Ə.Ağayev deyil, nümayəndə heyətinin digər üzvləri də Bakıda Böyük Britaniya hərbi qüvvələrinin komandanı, özünü Bakı general-qubernatoru elan etmiş V. Tomsondan Parisdəki ingilis səfirliyinin hərbi attaşesinin adına zəmanət məktubu almışdılar. Yanvarın 3-də imzalanan sənəddə deyilirdi: “Məktubu  təqdim edən şəxs Azərbaycan nümayəndə heyətinin üzvlərindən biridir. Bu adamlar Azərbaycan hökuməti adından Müttəfiq dövlətlərin təmsilçilərinə Qafqazın gələcək idarəçiliyi ilə bağlı fikirlərini açıqlamaq istəyirlər.  Məqsədlərinə çatmaq üçün onların işini asanlaşdırmağı Sizdən xahiş edirəm” .

 

Lakin Bakıda verilən vədlərlə İstanbuldakı münasibət üst-üstə düşmürdü. Ə.Topçubaşovun 5 mart 1919-cu il tarixli məlumatı Osmanlı paytaxtını nəzarət altında saxlayan ingilis və fransız işğal qüvvələrinin Azərbaycan təmsilçilərinə sayğısız yanaşmasını sübut edən epizodlarla doludur: “Mənim ingilis və fransız nümayəndələrinin hər biri ilə iki görüşümdən, heyətimizin bəzi üzvlərinin ingilislərin Baş qərargahına getmələrindən, tərcüməçilərimizin ora göndərilməsindən, nəhayət özümün qərargaha şəxsən gedişimdən sonra aydın oldu ki, Parisə yola düşmək məsələsi texniki çətinliklərdən daha çox digər məsələlərlə əlaqədardır; səfərimizə istisnasız olaraq siyasi xarakterli mülahizələrə görə maneçilik törədilir”.

 

Onun gəldiyi nəticəyə görə, “siyasi xarakterli mülahizələr” ilk növbədə “Rusiya məsələsi” ola bilərdi. Bu səbəbdən də “yeni meydana çıxmış hökumətlərin təmsilçilərini Parisə buraxmaq istəmir,  ümumrus məsələsinin həlli üçün isə artıq çoxdan Parisdə məskunlaşan Sazonov, Lvov, Maklakov və başqalarının əl altında olmalarını daha üstün tuturdular”.

 

Parisə, sülh konfransına can atan nümayəndə heyətlərinin xahiş və tələblərini rədd etmək üçün bütün yanvar ayı ərzində “rus məsələsi” əsas bəhanə olaraq qalırdı. Antanta gücləri Azərbaycan, Dağlılar Respublikası, Kuban, Don, habelə Rusiyadan ayrıldığını elan etmiş digər ərazilərin təmsilçilərini inandırırdılar ki, yanvarın sonlarında türklər arasında Böyük ada, yaxud Uzun ada kimi tanınan Prinkipo adasında bolşeviklərin, ağ qvardiyaçıların, habelə müstəqilliyini elan etmiş yeni milli dövlətlərin təmsilçilərinin iştirakı ilə ayrıca konfrans keçiriləcək. Fevralın 15-də öz işinə başlamalı olan konfransın təşkili  ideyası yanvarın 21-də ABŞ prezidenti V. Vilson tərəfindən irəli sürülmüşdü. İngiltərə baş naziri D.Lloyd Corc da  təşəbbüsə tərəfdar çıxmışdı. Onların fikrincə, yalnız “rusiyadaxili” müzakirələrdən sonra yeni milli dövlətlərin nümayəndələrinin Parisə getmək məsələsi  qəti həllini tapa bilərdi.  Amma bu qeyd-şərt artıq Parisdə olan erməni və gürcü heyətlərinə şamil edilmirdi.

 

İngilislərin ikili oyun oynadıqlarını 1919-cu il yanvarın 22-də Azərbaycana gələn Böyük Britaniya Qara dəniz ordusunun komandanı, general-leytenant G. Milnenin Bakı dəmir yol vağzalında verdiyi bəyanat da təsdiq edirdi. Türklərə, ümumən bölgə xalqlarına isti münasibəti ilə seçilməyən ingilis hərbçisi onu qarşılamağa gəlmiş Azərbaycan hökuməti nümayəndələri - yollar naziri X.Məlik-Aslanov, daxili işlər nazirinin müavini, general S.Ağabəyov və xarici işlər nazirinin müavini A.Ziyadxanla söhbət zamanı Parisə can atan Azərbaycan heyəti ilə bağlı yalan söyləməkdən çəkinməmişdi. A.Ziyadxanın hökumət adından rəsmi salamlama nitqinin cavabında general Milne demişdi: “Mən bura böyük Müttəfiq dövlətlərin nümayəndəsi kimi gəlmişəm. Vəzifəmiz ölkənizdə sülhün və ədalətin bərpasına yardım etməkdir. Müttəfiq güclərin qələbəsi xalqların öz müqəddəratını təyin etməsi hüququnun ən etibarlı rəhnidir. Bu isə sülh konfransında  əksini tapacaq. Sizin simanızda şəxsimə göstərilən yüksək qəbula görə Azərbaycan xalqına və hökumətinə minnətdarlığımı bildirir və Fransaya gedən nümayəndə heyətinizin artıq yolda olması” (kursiv mənimdir - V.Q.)  ilə bağlı sizi bir daha əmin edirəm.

 

Elə həmin gün - yanvarın 22-də Bakıdan Londona, Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi feldmarşal Henri Vilsona şəxsi məktubunda isə general Milne yazırdı ki, “... Britaniya hərbi güclərinin buranı tərk etməsi anarxiyaya gətirib çıxaracaq.  Amma yerli sakinlərin  biri-birlərinin boğazını üzməsindən dünya o qədər də çox şey itirməyəcək. Onlar hamısı birlikdə tək  bir Britaniya əsgərinin həyatına da dəyməz”. Ermənilər və gürcülərlə müqayisədə azərbaycanlılar haqqında nisbətən rəğbətlə danışmasına, baş nazir F.Xoyski ilə yanvarın 23-də baş tutan görüşündə  Azərbaycan xalqının müstəqil mövcudluq haqqı ilə bağlı vədlər verməsinə  baxmayaraq, general Milne də həmkarı general Tomson kimi Cənubi Qafqaz xalqlarının müstəqil dövlətçilik ideyasına yuxarıdan aşağı baxırdı.  Belə şəraitdə təbii ki, ingilislərin yardımına bel bağlamaq olmazdı.

 

Yanvarın 29-da Ə.Topçubaşov İstanbuldakı Britaniya işğal qüvvələrinin komandanı admiral Somerset Galtropun qərargahında olmuşdu. Lakin admiral özü onu qəbul etməmişdi. Bu, əslində, Ə.Ağayevin nümayəndə heyətinin tərkibində qaldığı müddət ərzində azərbaycanlıların Parisə buraxılmayacaqları ilə bağlı birmənalı siqnal idi. Ə.Topçubaşovla görüşən Rayan soyadlı qərargah zabiti isə viza məsələsinin yalnız fransızlardan asılı olduğunu bildirmişdi. Eyni zamanda, ittihadçılarla sıx əlaqələrinə görə  “adını ləkələmiş müsyö Ağayevi”  sülh konfransına göndərməyi “uğursuz seçim” adlandıraraq nümayəndə heyətini açıq şəkildə Tələt-Ənvər hökuməti haqda mətbuatda açıq, sərt bəyanat verməyə çağırmışdı. Bu təxribatçı təklif Azərbaycan heyətinə çox alçaldıcı görünmüşdü. Təbii ki, bu hökumət ən azı Bakını düşmən işğalından azad etdiyinə görə onun rəhbərlərinə  rəğbətlə yanaşan Ə.Topçubaşov vəziyyətdən diplomatik ifadələrlə çıxmağa çalışmış, Əhməd bəyin Azərbaycan təbəəsi olduğunu bir daha vurğulayaraq əgər bütün məsələ yalnız Ə.Ağayevdədirsə, onu Parisə getməsi nəzərdə tutulanların   sırasından  xaric edə  biləcəklərini bəyan etmişdi .

 

Fevralın ilk günlərində Ə.Topçubaşovun İstanbuldakı fransız ali komissarı admiral Ametə ünvanlanan, Azərbaycan Cümhuriyyətinin yaranma tarixi, mövcud vəziyyəti və nümayəndə heyətinin Paris sülh konfransından gözləntiləri haqqındakı geniş məktub-arayışı isə ümumiyyətlə cavabsız buraxılmışdı.

 

Martın 1-də Britaniya xarici işlər nazirliyi İstanbuldakı ingilis ali baş komissarının müavini admiral Vebbə teleqram göndərib “Konstantinopoldakı fransız rəsmilərinin razılığı olduğu təqdirdə Azərbaycan və Şimali Qafqaz nümayəndələrinə  viza açılmasının mümkünlüyünü”  onun diqqətinə çatdırmışdı. Eyni zamanda, ingilis hərbi qüvvələrinin bu və ya digər səbəbdən şübhəli saydıqları nümayəndələri saxlamaq və onları konfransa buraxmamaq hüququ bir daha təsbit edilmişdi.

 

Fevralın ortalarına qədər nümayəndə heyətini guya fransızların iki nəfərə viza verəcəyi, martın 2 - nə qədər isə Prinkipo adasındakı konfrans haqda  şayiələrlə yemləmişdilər. Heç bir nəticənin olmadığını görən Azərbaycan, Şimali Qafqaz Dağlıları, Don və Kuban nümayəndə heyətləri birgə fəaliyyət göstərmək məqsədi ilə  martın ilk günlərində Məsləhət Şurası yaratmışdılar. Liderləri artıq Parisdə olan gürcülər Şuranın işində iştirakdan boyun qaçırmışdılar. Ə.Topçubaşov kollektiv təşəbbüslərin fayda gətirməyəcəyi barədə əvvəlcədən xəbərdarlıq etsə də, əlavə və düzəlişlərinin nəzərə alınması şərti ilə hazırlanmış memorandumu imzalamışdı. Martın 3-də sənəd İstanbuldakı ingilis ali komissarının müavini admiral Vebbə çatdırılmışdı. O da öz növbəsinə fransız ali komissarı general Ametlə danışıb qəti cavab verəcəyini vəd etmişdi. Ə.Topçubaşov bununla kifayətlənməyərək fransız, İtaliya və ABŞ komissarları ilə də ayrılıqda görüşmək qərarına gəlmişdi.

 

Britaniya hərbi komandanlığı isə sanki Azərbaycan nümayəndə heyəti sədrinin əsəbləri ilə oynamaqdan zövq alırdı. Martın 6-da onlar Ə.Topçubaşova teleqram göndərərək “əgər Fransa hökumətindən razılıq ala bilsələr,  özlərinin də etiraz etməyəcəklərini bildirmişdilər”.

 

Fransızlar isə sədr istisna edilməklə dörd nəfərə viza verməyə hazır olduqlarını bildirmişdilər. Texniki tərkibdən heç kimə icazə verilmirdi. Nəticədə nümayəndə heyəti səmərəli iş qabiliyyətindən  məhrum edilərək amorf bir şəklə salınırdı. Təbii ki, İstanbuldakı Fransa ali komissarlığı atdığı addımın fərqində idi. Gürcü əsilli müasir fransız tarixçisi G.Mamuliyanın yazdığına görə, Rusiyaya rəğbətini gizlətməyən ali komissar general Franşe d`Eşpere Azərbaycan missiyasını bilərəkdən parçalamaqla, sədr və tərcüməçilərdən məhrum etməklə onu Parisə getmək fikrindən birdəfəlik  çəkindirməyə çalışırdı.

 

Ə.Topçubaşov rəhbərlik etdiyi heyətlə belə saymazyana, hətta düşməncəsinə davranışın Azərbaycan və Anadolu türklərinin eyni soydan olması ilə bağlılığını başa düşməyəcək qədər sadəlövh deyildi. Məhz Osmanlıya yaxınlıqlarına görə ingilis və fransızlar Birinci Dünya müharibəsində səngərin əks tərəflərində  vuruşduqları türklərə qarşı hələ də sönməyən qəzəbi onların azərbaycanlı qardaşlarına yönəltmişdilər.  Əks-təqdirdə hətta Rusiyanın əhalisi başdan-başa ruslardan ibarət  daxili quberniyalarının - Kuban və Don “respublikalarının” nümayəndələrinə viza verildiyi halda Azərbaycan heyətinin hələ də İstanbulda saxlanmasına başqa izah tapmaq mümkün deyildi.

 

“Güman edirəm ki, icazə əvvəl-axır alınacaq. Lakin hətta Parisdə də çətin ki, Müttəfiq dövlətləri inandırmaq mümkün olsun. Çünki onlar hələ də vahid Rusiya mövqeyində dayanır, Finlandiya və Polşadan başqa  yeni yaranmış dövlətlərin müstəqilliyini tanımamaq siyasəti yürüdürlər” - deyə Ə.Topçubaşov hökumətə göndərdiyi  ilk məlumata yekun vuraraq yazırdı. Eyni zamanda, zəif də olsa bir işıq ucunun göründüyünü sözlərinə əlavə edirdi. Bu keçici nikbinlik sülh konfransının Cənubi Rusiyanın sosial-siyasi və iqtisadi vəziyyətini araşdırmaq üçün göndərdiyi 30 nəfərdən ibarət komissiyanın Qafqaz bölməsinin şefi, amerikalı polkovnik Benjamin Burges Moorla söhbətdən sonra yaranmışdı. Nümayəndəliyin müvəqqəti ofisində Mooru M.Hacınski ilə birlikdə qəbul edən Ə.Topçubaşov sülh konfransı üçün hazırladığı memorandum əsasında ona Azərbaycanın tarixi, siyasi vəziyyəti, insan resursları, təbii sərvətləri, qonşularla qarşılıqlı münasibətləri, müstəqil yaşama imkanları, Azərbaycan-Osmanlı əlaqələri haqda ətraflı məlumat verərək amerikalı hərbçidə xoş təəssürat oyatmağı bacarmışdı. Bu isə nəticədə vizanın alınmasına təsirsiz qalmamışdı.

 

Bütünlükdə, Ə.Topçubaşovun İstanbuldan Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinə göndərdiyi 5 mart, 17-29 mart və 18 aprel tarixli məlumatların böyük bir hissəsi Paris vizası ilə bağlı  məsələlərə, daha dəqiq desək, Antanta  təmsilçiləri ilə qeyri-bərabər mübarizəyə  həsr olunmuşdu.

 

Martın 17-də baş nazir F.Xoyskiyə məktubunda Ə.Topçubaşov  Müttəfiq qüvvələr komandanlığının onu İstanbuldan buraxmaq istəmədiyini, M.Hacınski, Ə. Şeyxülislamov və C.Hacıbəyliyə icazə verdiklərini, bu 3 nəfərin çox güman ki, martın 24-də Marselə yola düşəcəklərini bildirirdi.

 

Martın 21-də o, missiyanın rəhbəri kimi çıxılmazlıqdan doğan daha bir addım atmışdı - sülh konfransının sədri, Fransa Respublikasının prezidenti Klemansonun, habelə Ali Şura üzvü olan ölkələrin - ABŞ, İngiltərə və İtaliyanın dövlət başçılarının adına xüsusi nota göndərmişdi. Amma Fransa xarici işlər nazirliyinin reaksiyasından da göründüyü kimi, ən yüksək instansiyaya müraciət işə fayda gətirmək əvəzinə əks effekt doğurmuşdu. Çünki dörd gün sonra, martın 25-də fransız ali komissarının ofisindən Azərbaycan nümayəndə heyətindən heç kimə viza verilməməsi haqqında xarici işlər naziri Pişonun xəbərdarlıq məktubu daxil olmuşdu.  Qəfil qərarın motivləri izah edilmirdi.

 

Daha dörd gün sonra, martın 29-da isə fransız rəsmiləri  yuxarıda adları çəkilən 3 nəfərlə bağlı fikirlərinin dəyişdiyini, artıq  bütün heyət üzvlərinə viza verilməsi ilə əlaqədar Parisə sorğu göndərildiyini bildirirdilər. Eyni zamanda, sədr özü amerikan və italyan komissarları, Hacınski, Şeyxülislamov və Hacıbəyli isə Britaniya nümayəndəsi ilə əlaqə saxlayıb yeni vədlər almışdılar. Martın 29-da Ə.Topçubaşovun  fransız  ali komissarı general Franşe d`Eşpere ilə görüşündən sonra iki nəfərə icazə verildiyi barədə xəbər meydana çıxmışdı. Bu göstərişi icra etməli olan fransız missiyasının əməkdaşı Dupareni tapmaq isə müşkülə çevrilmişdi.  Qəribə və sirli siyasi gizlənpaç davam etmişdi.

 

Bir aylıq fasiləsiz müraciət və get-gəllərin nəticələri Ə.Topçubaşovun aprelin 7-də ingilis komandanlığı vasitəsi ilə F. Xoyskiyə göndərdiyi teleqramda öz əksini tapmışdı: “Bakı. Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə. Nümayəndə heyəti yola düşə bilmir. Parisə getmək üçün Hacınskiyə, Ceyhun bəyə və Məhərrəmova icazə verilir. Mən burada qalmağa məcburam. Digər üzvlər Londona getməyə hazırlaşırlar. Yeni adamlar göndərsəniz, onların Parisə səfər icazəsini yerində - Bakıda almağa çalışın. Nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov” .

 

18 aprel tarixli məlumat mart ayına təsadüf edən digər təşəbbüslər və onların nəticələri (nəticəsizliyi) haqda da təsəvvür yaradır. Martın 21-də ABŞ, İngiltərə, Fransa və İtaliya dövlət başçılarına ünvanlanan müraciət tam təsirsiz qalmamışdı. Çox güman ki, inciklik, ittiham dolu müraciətin təsiri altında İstanbuldakı ingilis və fransız ali komissarlıqlarında müəyyən hərəkət başlanmışdı. Fransız ali komissarı  Franşe de`Eşperenin tapşırığı ilə Fransa missiyasının məsul əməkdaşı Düpare Ə.Topçubaşovla görüşmüşdü. Onun tələbi ilə Azərbaycan nümayəndə heyətinin siyahısı yenidən (üçüncü dəfə!) missiyaya təqdim edilmişdi. Bir neçə gün sonra fransız rəsmiləri telefonla əlaqə saxlayıb əvvəldə adı çəkilən üç nəfərin Parisə getməsinə icazə verildiyini bildirmişdilər.  Digərlərinin viza ala bilməməsinin səbəbləri izah edilmədiyi kimi, M.H.Hacınski, M.Məhərrəmov və C.Hacıbəyliyə   vizanın nə zaman veriləcəyi  barədə yenə də konkret bir şey deyilməmişdi. Ə.Topçubaşov öz növbəsində sülh konfransında iştirak edəcək nümayəndələrin tərkibinin Azərbaycan hökuməti deyil, fransız ali komissarlığı tərəfindən müəyyən edilməsinin yolverilməzliyi ilə bağlı aprelin 8-  etiraz notası göndərmişdi.

 

Eyni tarixlərdə (8-9 aprel) sülh konfransının sədrinə, İngiltərə, Fransa, ABŞ və İtaliya hökumətlərinin başçılarına  yeni teleqramla müraciət edilmişdi. Yalnız bundan sonra fransız missiyası yazılı şəkildə üç nəfərə viza verməyə hazır olduğunu  bildirmiş, bütün qalan sualları isə cavabsız buraxmışdı.

 

Fransızlar kimi ingilislər də nədənsə nümayəndə heyəti başçısının  konfransda iştirakını mümkün saymamış,  M.Mehdiyev və  Ə.Şeyxülislamovla bağlı isə Londonun fikrini soruşacaqlarını vəd etmişdilər. Lakin sonrakı günlərdə sanki  fransızlar da, ingilislər də verdikləri vədi tamam unutmuş kimi görünürdülər. Nümayəndə heyəti yaranmış vəziyyəti müzakirə edib taktikanı dəyişmək, müvəqqəti də olsa konfrans təşkilatçılarının hazırladığı ssenari üzrə hərəkət etmək  qərarına gəlmişdi. Nazirlər Şurası sədrinə göndərdiyi 18  aprel tarixli məlumatda Ə.Topçubaşov yeni taktika ilə bağlı məlumat verərək yazırdı:  “Üç nəfərdən - Hacınski, Məhərrəmov və Hacıbəylidən ibarət birinci qrup Parisə, iki nəfərdən - Mehdiyev və Şeyxülislamovdan ibarət ikinci qrup Londona gedəcək, mən isə Konstantinopolda qalıb fəaliyyət göstərəcəyəm. Qüvvələrin bu şəkildə bölündüyü şəraitdə aydın məsələdir ki, artıq bütöv nümayəndə heyətindən danışmağa lüzum qalmır. Ona görə də qərara alındı ki, adları çəkilən şəxslər daha heyət kimi və heyət adından deyil, onun ayrı-ayrı üzvləri kimi danışsınlar və hərəkət etsinlər. Belə bir qərar da çıxardıq ki, Parisə gedənlər var qüvvələri ilə ilkin nümayəndə heyətinin qalan üzvlərinin də Fransa paytaxtına gələ bilmələri üçün icazə almağa çalışmalıdırlar”.

 

Aprelin 18-də göndərilən üçüncü məlumat gözlənilməz nikbin sonluqla bitirdi - Paris sülh konfransının işə başlamasından üç ay sonra Azərbaycan nümayəndə heyətinə nəhayət Avropaya  viza verilmişdi: “Lakin sonra vəziyyət dəyişildi və indi hamımızın pasportunda əvvəla Romaya yola düşməyə imkan yaradan italyan vizası vardır. Bundan əlavə Mehdiyevlə Şeyxülislamov Marsel və Parisdən keçmək və həmin şəhərlərin hər ikisində dayanmaq hüququ ilə Londona getmək üçün ingilis vizası da alıblar”.

 

Ə.Topçubaşov və silahdaşları bitib-tükənmək bilməyən əziyyətlərin sonunda heç gözləmədikləri halda “happy end”-ə necə nail olmuşdular?

 

Burada Rusiya ətrafında situasiyanın dəyişməsi və bütün kəskinliyi ilə meydana çıxan neft amili mühüm rol oynamışdı. 1919-cu ilin baharında general Denikinin cəbhədə qazandığı qələbələr bolşevizmin tezliklə süquta uğrayacağı ilə bağlı ümidləri yenidən dirçəltmişdi. Bakı nefti, daha doğrusu, Sovet Rusiyasının bu neftdən məhrum edilməsi qazanılmış qələbələrin miqyasını daha da genişləndirə bilərdi. Rusiyada çıxarılan neftin 90 faizinin Bakının payına düşdüyünü nəzərə aldıqda neftə nəzarəti qismən də olsa ələ keçirməklə bolşevikləri iqtisadi  blokadaya salmaq olardı. Digər tərəfdən, “enerji aclığı” keçirən Avropanın özünün də yanacağa böyük ehtiyacı vardı. Bakı isə onu ehtiyac duyduğu sənaye mallarına, manufakturaya, hərbi ləvazimata dəyişməyə hazır idi. Bu mənada neft mədənlərinə sahiblik hüququna malik Azərbaycan hökuməti ilə əməkdaşlıq Qərbin işinə yarayırdı. Azərbaycanın antibolşevik mövqedə dayanması, habelə malik olduğu zəngin neft yataqları yaxın gələcəkdə onu Avropanın etibarlı müttəfiqinə çevirə bilərdi. Şübhəsiz, sadalanan  amillər gec də olsa  fransızların Ə.Topçubaşovun rəhbərliyi altındakı nümayəndə heyətinə sayğısız münasibətini müəyyən  maraq və rəğbətlə əvəzləmişdi.

 

Yeri gəlmişkən, bu cür iqtisadi, yaxud geosiyasi maraqlar müharibədən sonrakı dünyanın taleyini həll edən fransız və ingilis diplomatiyası üçün səciyyəvi hal idi. “Acı şöhrət. Polşa və onun taleyi” kitabının müəllifi, müasir amerikan tarixçisi Riçard M.Vattın yazdığına görə, Fransa 1918-ci ildə Polşanın tarix səhnəsinə gəlməsinə polyak xalqının azadlıq uğrunda mübarizəsindən və qanuni müstəqillik haqqından daha çox özünün Şərq hüdudlarında, Almaniya ilə sərhəddə sipər dövlətə ehtiyac duyduğu üçün yardımçı olmuşdu.

 

Azərbaycan heyətinə gəldikdə isə onun nəhayət konfrans iştirakçıları sırasında yer almasında neft amili ilə yanaşı,  amerikalıların, ilk növbədə isə prezident Vudro Vilsonun şəxsi rolu olmuşdu. Çünki məhz həmin ərəfədə ABŞ hadisələrin  maraqlarına uyğun məcrada inkişaf edəcəyi təqdirdə  Qafqazı və Türküstanın bir hissəsini öz mandatlı ərazisinə çevirmək niyyətinə düşmüşdü.

 

1919-cu il yanvarın 10-da Bakıdan çıxan nümayəndə heyəti yalnız aprelin 22-də  viza ilə bağlı üç aylıq süründürməçiliyi, qeyri-müəyyənliyi arxada qoyub “Bulqaria” adlı təsadüfi italyan gəmisi ilə Avropaya yola düşə bildi. “Yolumuz  Konstantinopol-Saloniki-Pirey-Afina-Messina-Neapol marşrutu üzrə idi, - deyə Ə.Topçubaşov Romadan mayın 4-də Azərbaycan hökumətinin başçısı N.Yusifbəyliyə yalnız uğurlu bir təsadüf sayəsində göndərə bildiyi  4 saylı qısa məlumatda yazırdı. - Aprelin 30-da Neapola çatdıq, mayın 2-də isə Romaya gəldik. İndi burada həftədə iki dəfə Parisə gedən sürət qatarını gözləyirik. Sabah yox, birisi gün həmin qatarla  Parisə yollanırıq” .

 

Artıq Romada olan Azərbaycan nümayəndə heyətinin Parisə gəlməsi və sülh konfransının işinə qatılması isə istisnasız şəkildə prezident Vilsonun adı ilə bağlı olmuşdu. Mayın 2-də Vilson, Klemanso və Lloyd Corc arasındakı görüşdə o, həmkarlarının diqqətini məsələyə cəlb edərək demişdi: “Azərbaycan təmsilçiləri Parisə can atırdılar. Onların Konstantinopoldakı nümayəndə heyəti  xeyli vaxt  Parisə gəlmək üçün icazə gözləyib. Lakin fransız hökuməti uzun müddət istənilən icazəni verməyib. Gürcülər və digər Qafqaz respublikalarının nümayəndələri artıq çoxdan  Parisdədirlər  və göründüyü kimi, belə bir istisnaya əsas yoxdur”. İclasın protokolunda da qeyd edildiyinə görə Klemanso və Lloyd Corc “məsələni  mütləq araşdıracaqlarını bildirmişdilər”.

 

ABŞ Dövlət katibi R.Lansiq fransız həmkarı S.Pişona 6 may 1919-cu il tarixli məktubunda  prezident Vilsonun Ə.Topçubaşovun 21 mart  bəyanatı ilə son dərəcə ciddi şəkildə maraqlandığını xatırladaraq Azərbaycan nümayəndələrinin Parisə gəlmələrinə icazə verməyi    xahiş etmişdi.

 

Nəhayət, mayın 9-da gündüz saat üçün yarısında Azərbaycan heyətinin üzvləri Parisdə idilər. Müasir hava laynerinin 5 saata qət etdiyi yola dörd aya yaxın vaxt itirmişdilər. Həm də yuxarıda da göstərildiyi kimi, bütün səylərə rəğmən  tam tərkibdə gəlmək mümkün olmamışdı. İngilislərin Malta sürgününə göndərdikləri Əhməd bəy Ağayevdən başqa texniki əməkdaşların bir qismi də Osmanlı paytaxtını tərk edə bilməmişdi...

 

Müvəqqəti olaraq Parisin 9-cu rayonundakı Hotel Terminus St. Lazar mehmanxanasında yerləşən Azərbaycan nümayəndələri artıq mayın 13-də konfrans çərçivəsində ilk rəsmi görüşünü keçirmişdi...

 

Budapeşt, mart, 1918-ci il

 

525-ci qəzet  2018.- 14 aprel.- S.18-19.