Ədəbi düşüncənin və bədii sözün ucalığı - Elçin-75

 

Şahanə MÜŞFİQ

 

“Elə kitablar var ki, onu yalnız bir dəfə oxuyursan və illər keçir, o kitabı yenə oxumaq istəyirsən, amma cürət etmirsən, çünki ömürlük olaraq səndə elə bir şəffaf, incə, məhrəm hiss-həyəcan yaradıb ki, elə bil, ikinci dəfə oxuyandan sonra o hiss-həyəcanın - axşamın yüngül şaxtasından sonra, suyun üzündə güclə sezilən buz layı kimi - sınacağından, dağılacağından qorxursan”.

 

Xalq yazıçısı Elçinin “Ədəbi düşüncələr”indəki bu fikirlərini şəxsi mütaliəmə aid etsəm, onda elə Elçin müəllimin özünün “Ağ dəvə” romanı haqqında danışa bilərəm.

 

Hələ 5-ci sinfi yenicə bitirdiyim ilin yay günlərində, asudəlikdən istifadə edib bədii əsərlərlə “qol-boyun olduğum” zamanda kəşf etmişdim Elçin imzasını. Üstündə dəvə şəkli olan geniş və boz səhranın təsvir edildiyi qalın üzlü kitabla başlamışdı tanışlığımız. “Ağ dəvə” adlı bu roman mənim uşaq qəlbimi həyəcanlandırmış, kitaba, əsərə, qəhrəmanlara, oradakı dünyaya fərqli gözlərlə baxmağıma səbəb olmuşdu. O vaxtacan 11-12 yaşlı kitab həvəskarı bir uşağın oxuya biləcəyi maksimum sayda kitablar oxusam da, “Ağ dəvə” mənim ədəbiyyata, kitaba, yazıçıya olan münasibətimi kökündən dəyişdirməyi bacarmışdı. Bəlkə də buna səbəb yazıçının həyatıma, dünyagörüşümə özünün ilkləri ilə damğa vurması idi.

 

Bu roman sayəsində ilk dəfə köhnə Bakının gözdən uzaq bir məhləsinə “səyahət”ə çıxdım, qarşıma çıxan məhəllə sakinlərinin fərqli həyatları ilə həyəcanlandım, təəccübləndim, kövrəldim, ilk dəfə müharibə ilə tanış oldum, onun yaratdığı bəlalara acıdım, qəbiristanlığın xofuna, qəbir daşlarının vahiməsinə diksindim, mifə, nağıla inandım, əsl sevginin faciəvi sonluğuna ağrıdım, birinə qəzəbləndim, birinə yazığım gəldi, valideyn-övlad, ər-arvad, qonşu, böyük-kiçik münasibətlərindəki fərqliliyi dərk etdim.

 

1984-cü ildə müəllifin ikinci romanı olaraq qələmə aldığı “Ağ dəvə” ilə Elçin, akademik Nizami Cəfərovun da dediyi kimi, “orta əsrlərə “səyahət”dən XX əsrə - onun üçün ümumən səciyyəvi olan “məhəllə” mövzusuna qayıtdı, ancaq bu, həmin qayıdış, haqqında söhbət gedən səciyyəvi mövzunun təkrarı yox, ideya-məzmunca tamamilə fərqli, olduqca geniş panoramlı (simfonik!) bir qayıdışdır...”

 

Romanda ötən əsrin 30-40-cı illərində Bakı məhəllələrinin birində yaşanan hadisələr canlandırılır. Bu məhəllədə müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlar yaşayır. Bu insanların bir-birindən əlavə, dünyayla, həyatla, “alın yazılarıyla” və daxillərindəki “mən”lə münasibəti, daha dəqiq desək, mübarizəsi əks olunub.

 

Romanı qələmə alan - bir zamanlar o məhəllədə yaşamış, o insanların arasında uşaqlığı keçən, həmin hadisələrin canlı şahidi Ələkbərdir. Bəlkə də roman bir az da bunun təsirilə bu cür səmimi, içdən, sadə şəkildə yazılıb. Çünki o hadisələr yaşananda Ələkbər hələ uşaq idi və bunlar da onun uşaq yaddaşında, ruhunda daşıdığı xatirələrin səmimi əksidir. Yaşayan uşaq, danışan uşaq, oxuyan uşaq... Bir-birlərini bu qədər içdən anlaması, məncə, heç də təsadüfi deyil.

 

Yuxarıda qeyd etdiyim kimi, “Ağ dəvə” romanını mənimçün özəl edən səbəblərdən biri də budur ki, burada mən ilk dəfə müharibə ilə tanış oldum. O zamana qədər dərsliklərimizdə yer alan müxtəlif pafoslu şeirlərdən, kiçik vətənpərvərlik hekayələrindən müharibə haqqında az-çox təsəvvürüm var deyə düşünürdüm, amma bu roman mənim əslində, müharibə barədə heç nə bilmədiyimi, onu tanımadığımı anlatdı mənə. Mən bu səhifələri çevirdikcə öyrəndim ki, sən demə, müharibə təkcə silahlardan çıxan güllələr, tankların dağıtdığı evlər, dəlik-deşik olmuş bədənlər, yandırılan ərazilər, ərşə çıxan od-alov, atəşin üzərinə yeriyən qəhrəmanlar, sinəsini güllələlərə sipər edən oğullar deyilmiş. Müharibə həm də bir tikəyə möhtac olmaq, gözlərini yollara dikib əsgər yolu gözləmək, ovucun içi boyda “qara kağızlar”, ya da qoyunda gizlədilən, gecələr hər kəs yatandan sonra öləzimiş şam işığında oxunan sevgi məktublarıdır.

 

Maraqlıdır ki, əsərin heç bir yerində, ən kiçik abzasda belə, müharibə səhnəsi yoxdur. Ancaq sanki səhifələri çevirdikcə uşaq təfəkkürümdə güllələr açılır, savaşın uğultusu qulaqlarımı batırırdı. Bəlkə də ona görə ki, yazıçı burada müharibə psixologiyasını, onlardan minlərlə kilometr uzaqlarda baş verən müharibənin insanların təfəkküründə, hisslərində yaratdığı travmanı çox dəqiq və səlis şəkildə təsvir etməyi, oxucusunun gözləri önündə canlandırmağı bacarıb. Müharibə o Bakı məhəlləsinin yorğun insanının nəinki həyatında, hətta üz cizgilərində, qırışlarında belə əks olunub. Çoxsaylı xalqları, böyük dövlətləri ağuşuna alan müharibə kiçik Bakı məhəlləsinin kiçik insanlarının şüurunda, mənəviyyatında, daxili aləmində, düşüncəsində qansız-qadasız, silah-sursatsız iz salmağı bacarmışdı. Bu, təkcə o məhəllənin deyil, bütöv bir cəmiyyətin taleyi idi:

 

“...Mən məhəlləmizin kişilərinin, cavan və güclü oğlanlarının ölməyinə öyrəşmişdim, yəni onların müharibədən gələn qara xəbərlərinə adət etmişdim, amma indi, bilək yoğunluğunda olsa da, bu balaca söyüdün, mənim gözlərimin qabağında ağac olmuş bizim bu söyüd ağacımızın saralıb tökülən yarpaqlarına baxdıqca mənə elə gəlirdi ki, bələkdəki çağalar, təzə-təzə yeriməyə başlayan uşaqlar ölür...”

 

Yaşım və mütaliəm artdıqca bu cür situasiyaya başqa müəlliflərin əsərlərində də rast gəldim. Məsələn, İsa Hüseynovun müharibə mövzulu “Saz”, “Tütək səsi”, “Teleqraf” və s. kimi hekayələrində də müharibənin özünü yox, xofunu görürük. Eləcə də böyük qırğız yazıçısı Çingiz Aytmatovun bir çox povestləri də bu cəhətdən xarakterikdir.

 

Müəllif romanda XX əsrin ən böyük bəlalarından birinə - 30-cu illərdə tüğyan edən repressiyaya da toxunub. Vaxtilə həmin məhəllədə yaşamış şair Səttar Məsumu da satmışdılar və o da həmin dövrün əksər ziyalıları kimi repressiyaya qurban getmişdi. Həmin dövrün işıqlı insanlarını satanların daxili isə şairi satan Fətulla Hatəmin obrazı ilə daha yaxşı açılır. Fətulla Hatəm nə “aşağılar”, nə də “yuxarılar” tərəfindən sevilir. Amma maraqlıdır ki, daim diqqət mərkəzində, bütün mühüm hadisələrin ortasındadır.

 

Şair Səttar Məsumu ən çox Balakərim xatırlayır. Hətta balaca Ələkbərlə onun arasında şair haqqında belə bir dialoq da olur:

 

“Bilirdim ki, insan insanı sata bilər, amma mənim aləmimdə şair adi insan deyildi, şair insandan böyük idi, insandan uca idi və bir dəfə mən Balakərimdən soruşdum:

 

- Şairi satmaq olar?

 

Balakərim:

 

- Olar...- dedi”.

 

Sonrakı illərdə “Ağ dəvə” romanının məndə buraxdığı təsirin izi ilə Elçin yaradıcılığını səyahətə çıxdım. Onun “Dolça”, “Baladadaşın ilk məhəbbəti”, “Bülbülün nağılı”, “Baladadaşın toy hamamı”, “Mahmud və Məryəm”, “Ölüm hökmü”, “Mənim ərim dəlidir”, “Ah, Paris, Paris!”, “Qatil” kimi əsərlərini oxuduqca bu ustad yazıçı və onun daxili aləmi, həyata, yaşadığı ölkəyə, insanlara və insanlığa qarşı münasibətini daha yaxşı öyrənmək fürsəti əldə etdim.

 

Nəinki Elçin yaradıcılığında, eləcə də Azərbaycan ədəbiyyatında özünəməxsus yerlərdən birini tutan “Dolça” povesti orijinal mövzu və sujet xətti, sadə, axıcı təhkiyyəsi, hadisələrə yanaşma tərzi, canlı obrazları ilə oxucunu özünə cəlb etməyi bacarır. Povest sərt boyaları, ifşaedici gülüşü və dərin psixoloji qatları ilə fərqlənir. Müəllif bu əsərində meşşanlığı, müasirlik adı altında yeni əxlaq ideyalarını, davranışlardakı guya yeni, əslində isə əxlaqdan kənar halları sərt dillə ifşa edir.

 

Burada iki müxtəlif əxlaq prinsipləri, dünyagörüşləri olan ailələr qarşı-qarşıya qoyulur. Bunlardan biri Ağababanın, o biri Bəşirin ailəsidir. Ağababanın ailəsi sadə, sevgi, qarşılıqlı hörmət, tərbiyə üzərində qurulubsa, Bəşirin ailəsi bunlara tamamilə yaddır. Ona görə də Bəşir, Əminə, Ofelya, Adil və Kələntərin əməlləri, bir-biriylə münasibətləri, davranışları onları evlərində kirayə saxlayan Ağababanın və ailə üzvlərinin xoşuna gəlmir. Bu narazılıq getdikcə ikraha, kinə və nifrətə çevrilir. Nəhayətdə ailə üzvləri öz evlərindən bir növ didərgin düşürlər.

 

İki ailə arasındakı bu fərqliliyin qurbanı isə Ağababanın iti Dolça olur. Tamahının quluna çevrilən Dolça ona hər gün kababdan qalan artıqları yedirən kirayəşinlərin gedişi ilə artıq o həyətdə qala bilmir, digər yiyəsiz küçə itləri kimi kababxanaların həndəvərində dolanır.

 

Povest sanki bir savaşı xatırladır: şərlə, eybəcərliklə xeyirin, yüksək əxlaqı ideyaların savaşını. Ağababa və ailəsi əxlaqın, Bəşirin ailəsi isə şərin təmsilçiləridir. Ev sahibləri kirayəşinlərlə olan bu savaşdan alnıaçıq, üzüağ çıxsalar da, dilsiz, ağızsız, şüursuz it qurban olaraq savaş nəticəsində açılmış etibarsızlıq quyusuna düşür.

 

Elçin yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlərdən biri də onun özünəməxsus dil xüsusiyyətləridir. Əsərlərində daha çox Bakı insanının, Abşeron camaatının həyatını qələmə alan müəllif onların şivə və dialektini də çox təbii və canlı şəkildə yaradır. Hətta onun əsərlərindəki obrazların belə nitqi bir-birindən kəskin şəkildə fərqlənir. Bütün obrazlar öz yaşına, cinsinə və cəmiyyətdəki statusuna uyğun şəkildə danışırlar.

 

O, özündən əvvəl yaranmış “ədəbi dil aliliyi” prinsiplərini alt-üst etməyi, dilin üstündəki bər-bəzəyi silib təmizləməyi bacarır, ona daha aydın və gözəl görünüş bəxş edir.

 

Onsuz da onun əsərlərinin çoxu elə sadə təbəqənin insanlarıdır. “Yazıçı elita deyilən zümrəni kənara qoyub cəmiyyətin alt qatına, saf, təmənnasız, zəhmətkeş, torpaq kimi əməksevər insanlara üz tutanda onlarla öz gündəlik ailə-məişət dillərində ünsiyyətə girir. Abşeron camaatının evdə, küçədə, məclisdə işlətdiyi danışığın dadını-duzunu eynən çatdıran təbiiliyi saxlayır. Ədəbilik pərdəsinin parıltılı cilasını təmizləyir və canlı dil Mirzə Cəlil dilinin sadəlik gücü ilə görünür”.

 

Bu mənada “Baladadaşın ilk məhəbbəti” hekayəsi olduqca maraqlı və seçiləndir. Bu hekayədə kepka qoyub süst, avara bir həyat keçirən və gözlənilmədən eşqə düşən Baladadaşın qəribə sevgi macərası təsvir olunur. Səhərdən axşamacan çöldə oturub şumaqədər yonan və ətrafda baş verən hadisələrə qarşı tamam biganə münasibət bəsləyən Baladadaş həmin dövr ədəbiyyatı üçün çox orijinal tipdir. Çünki onun süst həyatı, arabir özünə məlum olmayan cəsarəti ilə ürəyinin lap dərinliyində qoruyub saxladığı poetik aləm arasında təzad var. Sevdiyi qızı görmək üçün hıqqana-hıqqana su gətirməyi özünə rəva bilir, amma qızın nişanlısı ona həmin suyun müqabilində dəmir bir manatlığı uzadanda özünü təhqir olunmuş hesab edir. Həmin oğlanın qırmızı - “Moskviç”inə minib bir neçə kilometr getdiyi üçün cibində olan qalan üç abbasını oturacağın üstünə atır və oğlanın nə dediyinin fərqinə varmadan dənizə tərəf gedir.

 

Hadisələr irəlilədikcə Baladadaşın gülməli məhəbbəti, təbiətindəki saflıq, süstlük və təmiz, ləyaqətli cavan qəlbi gözümüzün qarşısında canlanır. Baladadaş bir tərəfdən uşaqdır, axşamacan uşaqlarla oturub-durur, bir tərəfdən, böyükdür, əsgərlikdə olan dostu barədə düşünür. Dostuna xəbər göndərir ki, hökmən o da Amur vilayətinə gəlib orada kursa girəcək. Beləliklə, müəllif uşaqlıqla gəncliyin sərhəddində olan Baladadaşın tam surətini yaradır. Həm Əbili, həm də Baladadaş özlərində kəndin təmizlik və sadəliyini, təbiiliyini cəmləşdirirlər.

 

Ancaq Baladadaş nə qədər saf, təmiz xarakterə malik olsa da, həm də sərtdir, xasiyyətində, davranış və münasibətində bir qədər qeyri-adilik vardır. O, həm də inadkardır. Nə istədiyini bilir və hekayə boyu inamından dönmür, həyati vəziyyətdən çıxmır. Müəllif gənc qəhrəmanının psixologiyasını, hiss və duyğusunu əsərdə məharətlə açır.

 

Baladadaş vəzifə və mövqeyi ilə öyünən, daş-qaşla nişanlısına xoş gəlmək istəyən Murada ibrət dərsi verir, sarsıdır, onu düşünməyə və səhvlərindən nəticə çıxarmağa vadar edir.

 

Çap olunduğu gündən oxucuların sevimli personajına çevrilən Baladadaş ikinci dəfə müəllifin “Baladadaşın toy hamamı” hekayəsində qarşımıza çıxır. Lakin buradakı Baladadaş o biri Baladadaşdan xeyli fərqlənir. Ən başlıcası, o, böyüyüb, hərbi xidmətdə olub, yük maşını sürür və evlənməyə hazırlaşır. Onun xarakterində də artıq kişiləşmə yaranıb.

 

Elçin yaradıcılığında sevdiyim və uzun müddət təsirindən çıxa bilmədiyim əsərlərdən biri də “Mahmud və Məryəm” romanıdır. Bu roman “Ağ dəvə”dən 2 il öncə işıq üzü görüb. Əsər ilk dəfə 1982-ci ildə “Azərbaycan” jurnalında, bir neçə il sonra isə kitab halında çap olunub. “Mahmud və Məryəm” müəllifin folklora müraciətidir. Ümumiyyətlə, bu, “altmışıncılar” nəslinə xas xüsusiyyətlərdən biridir.

 

Romanın ideya-mövzusu xalq dastanımız “Əsli və Kərəm”dən götürülüb. Demək olar ki, hər iki nümunənin süjet xətti üst-üstə düşür, əsas obrazlar da eynidir. Lakin yazıçı xalq ədəbiyyatı nümunəsini elə olduğu kimi köçürməyib. Onu müasir şəklə salıb, öz təxəyyülünə uyğun “bəzəyib”.

 

Əsərin məzmunundan danışsaq, onu sadə şəkildə müsəlman oğlanla xristian qızın nakam sevgi macərası kimi şərh edə bilərik. Ancaq Elçin bu romanda istedadının yaratdığı geniş imkanlardan səxavətlə istifadə edib. O, burada  təkcə gənclik sevgisini deyil, milliliyi, cəmiyyət, dövlət, tarixi gedişat, həyat məsələlərini də incə şəkildə işləyir, ayrı-ayrı obrazlarının xarakteri və kiçik detallarla həmin dövr,  o dövr insanlarının dünyagörüşü haqqında aydın mənzərə yaradır.

 

Özündə topladığı bu zəngin məziyyətlərinə görədir ki, “Mahmud və Məryəm” romanı Azərbaycan hüdudlarından çox uzaqlara getmiş, müxtəlif dillərə tərcümə olunmuş, ssenarisi əsasında film də çəkilmişdir.

 

1984-1988-ci illərdə qələmə alınan, ilk dəfə 1989-cu ildə nəşr edilən “Ölüm hökmü” Azərbaycan roman sənətinin nadir nümunələrindən biridir. Akademik Nizami Cəfərov bu roman haqqında danışarkən yazır ki, “Ölüm hökmü” milli müstəqillik ərəfəsində Azərbaycan ədəbi-ictimai təfəkkürünün artıq tarixə çevrilməkdə olan “sovet dövrü”nə analitik siyasi-ideoloji münasibətinin həm kəmiyyət, həm də keyfiyyətcə ən miqyaslı təzahür-reaksiyası, ilk milli siyasi roman oldu”.

 

Dolçadan sonra bu romanda da bir it obrazı ilə qarşılaşırıq. Bu, ta küçük ikən Tülkü Gəldi Qəbiristanlığına sığınıb, orada böyüyən Gicbəsərdir. Bütün roman boyunca oxucu Gicbəsərin həyatını izləyir və ən incə detallarına qədər öyrənir. Onun və ətrafındakı insanların həyatlarında baş verən hadisələri analiz etdikcə görürük ki, sən demə, itlə insan həyatı arasında elə də böyük fərq yox imiş...

 

Elçin “Ağ dəvə” romanında ötəri şəkildə toxunduğu repressiya bəlasını bu romanında daha geniş və əhatəli şəkildə təsvir edir, o dövrün qanlı-qadalı dəhşətlərini sənədlər, sübutlar vasitəsilə ardıcıllıqla qələmə alır. “Ölüm hökmü”nü özünəməxsus edən cəhətlərdən biri də odur ki, müəllif hadisələrə bir pəncərədən baxmır. Uzaqdan, yaxından, müasir dövrdən, tarixi həqiqətlərdən, faktlardan, sənədlərdən baxır və bütün bunlardan nəticə çıxarmağı oxucunun ixtiyarına buraxır.

 

Repressiya sanki Elçin Əfəndiyevin şüurunun alt qatına nüfuz etmiş mövzulardan biridir. Bu mövzuya bir neçə ay öncə Akademik Milli Dram Teatrında onun pyesi əsasında səhnələşdirilən “Cəhənnəm sakinləri” tamaşasında da rast gəldim. Pyesdə hadisələr gəlişi ilə böyük bir məmləkətə bəlalar, fəlakətlər gətirən 1937-ci ilin son günündə cərəyan edir. İnsanlar nəhayət bu lənətlənmiş ilin çıxıb getməsini bayram edirlər. Ancaq nə yazıq ki, il heç də sakitcə çıxıb getmir. Özüylə birgə səhnədə gördüyümüz dörd ailə başçısının hamısını aparır.

 

Əsərdə ölüm xofu, yaşamaq eşqi ilə bir-birini sevən ər-arvadın belə bir-birinə düşmən kəsilməyi, bir-birini satmağı təsvir olunur.

 

Ancaq müəllif onların heç birini qınamır, doğru və ya yanlış olduqlarını demir. Ümumiyyətlə, Elçin əsərlərinin əksəriyyətində yaxşı və ya pis deyə obraz yoxdur. Hər an yaxşının içərisində pislik, pisin içərisində yaxşılıq tapmaq mümkündür. Bu, bəlkə də onun özünün daxili dünyasından xəbər verir. Müsahibələrindən birində yazıçı bu haqda deyir:

 

“Ümumiyyətlə, mən “yaxşı” və “pis” adam düşüncəsini heç vəchlə qəbul etmirəm. Yaxşı nədir, pis nədir? Mürəkkəb olar, ziddiyyətli olar adam.

 

Yazıçının hər bir qəhrəmanının bəraəti olmalıdır. Bu, yazıçının böyüklüyünü şərtləndirən əsas amildir. Dostoyevskinin böyüklüyü onda idi ki, onun qəhrəmanlarının cinayətlərinin dəqiq psixoloji bəraəti var. Bəraəti olmayan qəhrəman yazıçı qələmindən çıxmayıb. Sovet yazıçılarımızın çoxu qəhrəmanları iki yerə bölürdülər: ya yaxşı idilər, ya da pis, “müsbət” qəhrəmanlar, “mənfi” qəhrəmanlar...”

 

Yazıçı əsərlərinin əksəriyyətində (hətta hamısında!) bu fikrinə sadiq qalır.

 

Haqqında hələ çox danışa biləcəyim görkəmli yazıçımız Elçinin bu yaxınlarda 75 yaşı tamam olacaq. Elçin müəllim əsərlərində həyatını, həyatında əsərlərini əks etdirən, yaşadıqca yazan, yazdıqca yaşayan yazıçıdır. Necə gözəl lütfdür ki, Elçin müəllim bu qədər məsuliyyətli işlərinin, gərgin qrafikinin arasında hələ də yaradıcılıqla məşğul ola bilir, ədəbiyyatı heç vədə tərk etmir. Bunu onun son zamanlarda çap olunan və elə “Azərbaycan” jurnalındakı ilk çapı ilə də böyük rezonans doğuran “Baş” romanı da sübut etdi. Tarixi roman janrında yazılan əsərin fabulasında gürcü mənşəli rus generalı Sisianovun Bakının qoşa qala qapıları önündə öldürülməsi, sonra başının kəsilib İran şahı Fətəliyə ərməğan göndərilməsi ilə bağlı məşhur tarixi olay durur.

 

Mənim Elçin imzasıyla tanışlıq hekayəm bu cürdür. Bəs onun qələmlə, vərəqlə tanışlıq hekayəsi necədir? Müsahibələrinin birində bu haqda belə deyir:

 

“Özümü xatırladığım zamandan hekayələr, nağıllar uydurmuşam. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım...”

 

Əlbəttə, bu, heç də təsadüfi deyil. İlyas Əfəndiyev kimi Azərbaycan ədəbiyyatına adı qızıl hərflərlə yazılmış bir yazıçının qanını daşımaq, tərbiyəsini almaq, ədəbiyyat ocağına çevrilmiş bir evdə dünyaya göz açmaq öz bəhrəsini verməli idi. Və bu bəhrə ən yaxşı şəkildə - Elçin fenomeni ilə illərdir ədəbiyyatımıza, xalqımıza, mədəniyyətimizə, dövlətimizə xidmət etməkdədir.

 

Biri var ədəbiyyatı, mütaliəni, kitabı, yazmağı sevmək, bu sevgindən ötrü ona qulluq etmək, biri də var bütün varlığınla ədəbiyyatın fədaisinə çevrilmək. Elçin müəllim hələ uşaqlığından gələcək tale yolunu seçmişdi - ədəbiyyatın fədaisi olacaqdı. Oldu da...

 

“525-ci qəzet”in kollektivi olaraq, Xalq yazıçısı, ədəbiyyatşünas alim, ictimai-siyasi xadim Elçin Əfəndiyevi yubileyi münasibətilə təbrik edir, Ona möhkəm sağlamlıq, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları diləyirik!

 

525-ci qəzet  2018.- 14 aprel.- S.10-11.