Milli ideya və onun təkamül
fəlsəfəsi
AKADEMİK RAMİZ MEHDİYEVİN ƏSƏRİ ÜZƏRİNDƏ DÜŞÜNƏRKƏN
Müasir Azərbaycan fəlsəfi fikrinin
inkişafında xüsusi xidmətləri olan akademik Ramiz
Mehdiyev növbəti sanballı əsərini ərsəyə
gətirib.
2017-ci ildə Rusiyanın paytaxtında nəşr edilən
və iki kitabdan ibarət olan əsər Azərbaycan cəmiyyəti
üçün olduqca aktual olan problemlərin fəlsəfi-elmi
tədqiqinə həsr edilib. Akademik Azərbaycan
milli ideyasının fəlsəfi analizini verib, yeni müddəalar
irəli sürüb, proqnostik fikirlər ifadə edib. Əsərdə, Azərbaycanda milli ideyanın
formalaşmasının tarixi mərhələləri kifayət
qədər dolğun araşdırılıb və dövlətçiliyin
inkişafı bağlılığında maraqlı qənaətlər
əldə edilib. Geniş təhlil əsasında
müasir mərhələdə Azərbaycanda müstəqil
dövlət quruculuğunun yeni mərhələyə qədəm
qoymasında milli ideyanın rolu müəyyənləşdirilib,
onun fəlsəfi səciyyəsi verilib. Geniş
mövzuları əhatə edən bu problematikanın əsərdə
ətraflı fəlsəfi təhlili yer alıb. Biz bir məqalədə onların bütün
çalarları üzərində dayana bilmərik, lakin bir
sıra məqamlarla bağlı fikirlərimizi bildirməyə
ehtiyac görürük.
Azərbaycan
milli ideyası: fəlsəfi idrakın obyekti kimi
Tarixin bütün dönəmlərində cəmiyyətdə
böyük rol oynayan fəlsəfənin müasir mərhələdə
də rolu çox yüksəkdir. Azərbaycan kimi
intensiv yeniləşmə prosesini yaşayan ölkələr
üçün fəlsəfənin əhəmiyyəti daha böyükdür.
Dünyada, regionda və cəmiyyətin
özündə baş verən prosesləri adekvat dərk etmək
üçün, hər şeydən öncə, fəlsəfi
refleksiyaya ehtiyac mövcuddur. Bundan
başqa, fəlsəfə bir fərd olaraq insan şəxsiyyətinin
kamilləşməsində, vətəndaş mövqeyinin
düzgün müəyyənləşməsində olduqca
ciddi rol oynayır.
Hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycanda
da fəlsəfi fikrin avanqardı, lokomotivi və
aparıcı qüvvəsi olur. O, bütövlükdə milli fəlsəfi
fikrin dinamikasına ciddi təsir edir, milli səviyyədə əhəmiyyət
daşıyan problemlərin fəlsəfi qoyuluşu,
onların səbəblərinin araşdırılması və
həlli ilə bağlı vacib fikirlər irəli
sürür. Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev Azərbaycan fəlsəfi fikrində məhz
bu yeri tutur və aparıcı rol oynayır. Ramiz Mehdiyevin əsərlərində müasir Azərbaycan
cəmiyyəti üçün prinsipial fəlsəfi-elmi əhəmiyyət
kəsb edən məsələlərin dərin fəlsəfi
təhlili aparılır, səbəbləri göstərilir,
həlli yolları müəyyən olunur. Bu zaman akademik sırf dövlətçi
mövqeyindən çıxış edir.
İnkişaf prinsiplərini Ulu Öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi və Prezident
İlham Əliyevin rəhbərliyi ilə inamla irəli
addımlayan, özünün sabit və davamlı
inkişafı ilə bölgədə liderliyini möhkəmləndirən,
dünyada nüfuzunu durmadan artıran milli, müstəqil və
demokratik Azərbaycan dövlətinin tərəqqisinə xidmət
edən çox qiymətli əsərlər müəllifi
olan akademik Ramiz Mehdiyevin 2017-ci ildə nəşr olunan
növbəti kitabları da böyük maraq doğurub.
Moskvada nüfuzlu nəşriyyatlarda dərc olunan kitablar
nəfis tərtibata malikdirlər. Onlar
bütövlükdə Azərbaycanın milli
ideyasının fəlsəfi dərkinə həsr olunub.
Birinci kitab "Milli ideyanın formalaşmasında tarixin dərk
edilməsinin faydası" adlanır (bax: Mextiev R.G. O
polğze poznaniə istorii v formirovanii naüionalğnoy idei. V
2 kn. Kniqa I. - M.: Stoliüa, 2017, 684 s.). İkinci kitab
"Qlobal transformasiyalar dövründə Azərbaycan milli
ideyası" adlanır (bax: Mextiev R.G. Naüionalğnaə
ideə Azerbaydjana v gpoxu qlobalğnıx transformaüiy. V 2 kn. Kniqa II. - M.: Politiçeskaə
gnüiklopediə, 2017, 365 s.).
Bu kitablar bir-birlərini mövzu və məzmun
baxımından çox gözəl tamamlayırlar. Orada Azərbaycan
milli ideyası ilə bağlı məsələlər
maraqlı kontekstdə qoyulub. Bir yazıda
onların hər biri üzərində dayanmaq
imkansızdır, çünki akademik çox dərin və
geniş təhlillər aparıb, vacib müddəalar irəli
sürüb. Bu səbəbdən biz
kitabların ümumi məziyyəti və orada yer
almış bir sıra ideyalar haqqında müəyyən
fikirləri bildirməyə çalışacağıq.
Əsəri dərk etmək üçün, ilk
növbədə, onun ruhunu dərk etmək gərəkdir. Çünki
ortaya tamamilə yeni yanaşma əsasında Azərbaycanın
gələcəyi ilə bağlı olan fundamental fəlsəfi-elmi
problemlər çıxarılır, analiz edilir və həlli
istiqamətləri göstərilir. Konkret
desək, əsər keçmiş naminə deyil, gələcək
üçün yazılıb. Bu zaman baxılan
məsələlərin tarixinə diqqət yetirilir, onlar təhlil
olunur, lakin kimlərisə ittiham etmək üçün
deyil, milli tarixin adekvat dərki əsasında Azərbaycanın
gələcəyinin fəlsəfi obrazını yaratmaq naminə
edilir. Bu, çox mühüm elmi
yükü olan məqamdır, çünki "Azərbaycanın
gələcəyi problemi getdikcə daha çox aktual xarakter
alır. Və zamanın əlaməti ideya olur, o
cümlədən, milli ideya" (bax: I Kitab, s. 11).
Problemin bu cür dərki üçün əsərdə
istifadə olunan metodologiyanın iki mühüm aspekti diqqəti
çəkir.
Akademik bir tərəfdən Azərbaycanın keçmişi
və indisinin elmi dərkinə, Azərbaycan xalqının
tarixinin dünya tarixinin tərkib hissəsi kimi dərkinə,
digər tərəfdən isə milli ideyanın maddiləşməsinin
mühüm tərkib hissəsi kimi ölkənin gələcəyinin
proqnozlaşdırılmasının, dövlətin siyasi,
iqtisadi və mənəvi modernləşdirilməsinin dərkinə
olan böyük ehtiyacı vurğulayır. Bu
zaman mərkəzi punkt olaraq milli ideya götürülür.
Milli ideyanın fəlsəfi dərkində isə bir
mühüm prinsipi akademik xüsusi qeyd edir. Belə ki, Azərbaycanın
həm milli ideyaya, həm də milli ideologiyaya ehtiyacı
vardır. Lakin anlamaq lazımdır ki,
keçmişdə olan milli ideyanın məzmunu müasir
milli ideyanın məzmunundan fərqlənir. Əgər XX əsrin əvvəllərində
müstəqil Azərbaycan dövləti qurmaq vəzifəsi
qarşıya qoyulmuşdusa, bu gün söhbət Vətənimizi
XXI əsrdə necə görmək istədiyimiz kontekstində
getməlidir. "Bizə yeni milli ideya və ya, daha
uyğundursa, yeni
çağırışlara cavab verən xalq və dövlətin
həyat fəlsəfəsi lazımdır" (bax: əvvəlki
mənbəyə, s. 7). Və bu həyat fəlsəfəsinin
olmadığı təqdirdə, xalqın uğurluluğunun
və tarixi davamlılığının
mümkünsüzlüyünü milli intellektual elita aksiom
kimi qəbul etməlidir.
Deməli, akademik Ramiz Mehdiyevin bu əsərində, XXI əsrin
astanasında müstəqil dövlətçiliyin əldə
edilməsi fonunda müasir Azərbaycan cəmiyyətinin
inkişaf tendensiyaları milli ideya kontekstində analiz olunur. Bu prosesdə
tarixin öyrənilməsinin ayrıca əhəmiyyət
daşıdığı vurğulanır. Tarix elə bir fenomendir ki, sosial orqanizmin həyat
ritmindən kənarda heç zaman baxıla bilməz. İnsan həm tarixi yaradır, həm də
yaratdığı tarixi dərk edir. Bu iki
cəhətdən birində axsaqlıq olanda, cəmiyyət
kollektiv reallıq kimi öz təkamül yolunu itirə bilir.
Əslində, fərd də öz tarixini
lazımi səviyyədə anlamasa, şəxsiyyət olaraq
natamam qalır.
Müasir sosioloji araşdırmalarda gəlinən qənaətlərə
görə, öz milli tarixini daha yaxşı bilən insanlar
istənilən sosial-mədəni mühitə daha çevik
adaptasiya olunur və yüksək tolerantlığa malik
olurlar. Bununla bağlı Rusiya sosioloqlarının
apardığı bir tədqiqatda postsovet məkanından
oraya miqrasiya etmiş insanlardan məhz öz etnik və milli
tarixlərini adekvat bilənlərin Rusiya cəmiyyətinə
inteqrasiyasının asan baş verdiyi qənaətinə gəlinib.
Bu o deməkdir ki, hər bir xalq
üçün tarixi bilmək həyat əhəmiyyətli
məsələdir.
Tarixin dərk
edilməsi: akademik Ramiz Mehdiyevin orijinal yanaşması
Akademik Ramiz Mehdiyev də məsələni bu aspektdə
aktuallaşdırır. Eyni zamanda, tam haqlı olaraq "tarix necə
öyrənilməlidir" sualını qoyur. Akademik
yazır: "Tarixin dərk edilməsi müasir proseslərdə
düzgün istiqamətlənməklə yanaşı, həm
də gələcəyi öncədən görməyə
yardım edir" (bax: əvvəlki mənbəyə, s. 16). Yəni tarixi - keçmişdə baş verənləri
dərindən dərk edib indi müşahidə edilən
proseslərdən düzgün nəticə
çıxarmaqla, dövlət və cəmiyyət olaraq gələcəyi
öncədən görə bilmək üçün
öyrənmək lazımdır. Tarixin dərkinə
yanaşmada çox vacib bir məqamı akademik önə
çəkir.
Faktiki olaraq burada Azərbaycan fəlsəfəsi
qarşısında duran əhəmiyyətli bir vəzifə
ifadə olunub.
Milli tarix XXI əsr Azərbaycanının
müstəqil və demokratik dövlət olaraq
inkişafı və vətəndaş cəmiyyətinin
postindustrial mərhələdə formalaşması modelinin
yaradılması kontekstində öyrənilməlidir.
Tarix Azərbaycanın milli sərhədləri aşaraq
transmilli məkanda uğurlu güclü dövlət və
güclü cəmiyyət ola bilməsi
üçün fəlsəfi refleksiyanın obyektinə
çevrilməlidir. Əslində, bu, Azərbaycan
fəlsəfi təfəkkürünü özünüdərkə
çağırışdır. Praqmatik
müstəvidə məzmun kəsb edən təfəkkür
fəaliyyətinə dəvətdir. Tarixi
tarix naminə deyil, milli inkişaf üçün öyrənmək
məqsədidir. Bu prosesdə məhz fəlsəfənin
aparıcı rol oynamalı olduğu isə aksiomdur.
Bu cür müasir fəlsəfi-elmi metodoloji yanaşma əsasında
akademik Ramiz Mehdiyev Azərbaycan xalqının tarixinin
mühüm aspektlərini təhlil edir, o cümlədən,
antropologiya və etnogenez məsələlərini
araşdırır. Müəllif dərin analiz əsasında belə bir qənaətə
gəlir: "Azərbaycanlıların tarixi və
dünyagörüşü etnik
inkarçılığı (qəbuledilməzliyi - red.) istisna edir" (bax: əvvəlki mənbəyə,
s. 286). Tarixən müxtəlif mədəniyyətlərin
qovuşduğu məkan olan Azərbaycan üçün bu,
tamamilə təbii haldır. İpək
Yolu kimi böyük bir ticarət marşrutunun əsas
punktlarından biri olan Azərbaycanda müxtəlif etnik
qruplara, mədəniyyətlərə və dinlərə mənsub
insanların ümumi dil tapması tarixi bir zərurət idi.
Akademik Ramiz Mehdiyev də məhz həmin
bağlılıqda Azərbaycanda zərdüştlük,
xristianlıq və islamın təşəkkülünün
fəlsəfi təhlilini aparır. Müəllif sübut
edir ki, Azərbaycan xalqı zəngin mənəvi-əxlaqi
keyfiyyətlərə malikdir. Onun mədəniyyəti,
o cümlədən, musiqisi zəngindir. Bütün
bunlar ən mürəkkəb situasiyalarda belə Azərbaycan
xalqının dayanıqlı mənəviyyat və ruh
nümayiş etdirməsini şərtləndirib. Burada, şübhəsiz ki, ideyanın rolu xüsusi
vurğulanmalıdır. Çünki "millətin
ideyaya apriori ehtiyacı vardır" (bax: əvvəlki mənbəyə,
s. 352). Müasir tarixi mərhələdə
öz müstəqil dövlətini yaratmaqda və inkişaf
etdirməkdə hər bir millət üçün milli ideya
əvəzedilməz faktordur. Təbii ki,
milli ideya tarixi xarakterə malikdir - o, təkamüldədir,
tarixi, sosial, geosiyasi, siyasi və mədəni şərtlərin
dəyişməsi ilə yeniləşə bilər. Burada başlıca şərt ondan ibarətdir ki,
milli ideya millətin konkret tarixi dövrdə
inkişafını təmin edən istiqaməti müəyyənləşdirsin.
Bu baxımdan Azərbaycan milli ideyası da
özünün təkamül xəttinə malikdir. Ramiz Mehdiyev əsərdə bu məqama ayrıca
vurğu edir. "İdeya mümkün gələcəyin
perspektivlərini açmaqla bərabər, həm də bu gələcəyin
praktikada təcəssüm etməsinə yönəldir"
(bax: əvvəlki mənbəyə, s. 354).
Milli
özşüur və milli ideya: kollektiv özünüdərkin
pillələri
Bu müddəaların fonunda akademik Ramiz Mehdiyev azərbaycanlıların
milli özşüurunun təhlilini aparıb, Azərbaycan
xalqının özşüurunun, özünüdərkinin
mürəkkəb inkişaf yolu keçdiyini göstərib və
onun formalaşmasında tarixi yaddaşın
oynadığı rola diqqət çəkib. Misal olaraq, akademik
vurğulayır ki, " ... azərbaycanlıların
əcdadlarının yaratdıqları qədim müstəqil
dövlətlər, güclü türk elementi, ... Azərbaycan
türklərinin imperiyaları ... haqqında tarixi
yaddaşı göstərmək olar ..." (bax: əvvəlki
mənbəyə, s. 357-358).
Buradan məntiqi olaraq aydın olur ki, milli ideya və
tarixi yaddaş milli identikliyin təşəkkülündə
ciddi rol oynayır. Əslində, bu faktorlar bir-biri ilə
qarşılıqlı əlaqədədirlər. Onlar başqa parametrlərlə birlikdə millətin
formalaşmasında xüsusi rol oynayırlar. Bu
bağlılıqda demək mümkündür ki, "milli
ideyanı sosial operator, identifikasiya üsulu, başlıca dəyər
kimi başa düşmək olar" ki, o, "inkişaf
strategiyasını müəyyənləşdirir, siyasi
marginallıqdan uzaqlaşdırır və millətin
hansı məqsədə can atmasının mahiyyətini
aydınlaşdırır" (bax: əvvəlki mənbəyə,
s. 386).
Bu fikirlərdən aydın olur ki, milli ideya cəmiyyətin
mövcudluğu və inkişafı üçün
fundamental funksiya yerinə yetirir. Dövlətin və cəmiyyətin
tarixi təkamülün bütün sınaqlarından
uğurla çıxması üçün həlledici rol
oynayır. Bu səbəbdəndir ki, milli
ideyanın tarixi dönəmlərdə necə yeniləşməsi
də millətin taleyi baxımından prinsipial əhəmiyyət
daşıyır. Akademik Ramiz Mehdiyev məsələnin
bu aspektinə xüsusi önəm verərək vurğulayır
ki, qloballaşma dövründə milli ideyanın məzmununun
müəyyənləşməsi dövlətçilik
kontekstində strateji özəlliyə malikdir. Bu məqam iki səviyyədə aktualdır.
Birincisi, dövlətin və cəmiyyətin daxili
inkişaf maraqları aspektində milli ideya aparıcı funksiya
yerinə yetirməlidir. Bunun üçün millətin tarixi
dolğun və müasir tələblər fonunda adekvat
öyrənilməlidir. Bu şərt
ödənmədikdə ən qabaqcıl fikirlərlə zəngin
olan ideya belə cəmiyyəti fəlakətə
sürükləyər. Müasir elmi cərəyanlarda
sübut olunub ki, sosial mühit kimi mürəkkəb
funksional-struktur keyfiyyətlərə malik sistemlərdə
özünütəşkil (başqa ifadə ilə
özünüinkişaf, özünü daim yaratma)
ideyaların zamanında və real şəraitə uyğun tətbiqi
ilə sıx bağlıdır. Bu
prizmadan milli ideyanın tarixi və futuroloji əhəmiyyəti
daha qabarıq görünür. Çünki
milli ideya məhz özünütəşkili təmin edən
nizamlama parametri rolunu oynayır. Həmin məqamda
iki səviyyə üçün xarakterik olan bir özəlliyə
keçid baş verir.
İkincisi, milli ideya konkret sosium üçün xarici
mühitin təsirlərini daxili tələbatın ödənilməsinə
yönəltmək qüdrətində olmalıdır. Bir qədər
fəlsəfi ifadə etsək, milli ideyanı (həm də
milli ideologiyanı) cəmiyyətlə xarici mühit
arasında uyğunlaşmanı təmin edən mexanizm kimi də
təsəvvür etmək olar. Müasir
qlobal transformasiyaların baş verdiyi bir zamanda problemin bu
aspekti ayrıca əhəmiyyət kəsb edir. Akademik
Ramiz Mehdiyev bu incəliyə əsərində böyük
yer ayırır - II kitab birbaşa ona həsr edilib (bax: Mextiev
R.G. Naüionalğnaə ideə Azerbaydjana v gpoxu
qlobalğnıx transformaüiy. V 2 kn. Kniqa II.
- M.: Politiçeskaə gnüiklopediə, 2017,
365 s.).
Qlobal
transformasiyalar: milli ideyaya təsirləri
Qlobal transformasiyaların milli dövlətlərə təsirinin
həm mənfi, həm də müsbət tərəfləri
vardır.
Akademik Ramiz Mehdiyev vurğulayır ki, "qlobal transformasiyalar
milli dövləti müasirliyin bir çox mühüm
problemləri üzrə müstəqil mövqedən məhrum
edir" (bax: I Kitab, s. 389). Etiraf edək ki, bu vəziyyət
kifayət qədər mütəhərrik bir mənzərə
yaradır. Belə ki, uğurlu milli
dövlət öz daxili maraqları ilə qlobal
transformasiyaların ortaya atdığı şərtlərlə
dinamik tarazlığı təmin etməlidir. Bunun üçün o, çevik fəaliyyət
mexanizminə və mütərəqqi ideoloji məzmuna malik
olmalıdır.
Deməli, faktiki olaraq qlobal transformasiyalar dövründə
milli ideya milli ideologiya və identikliklə yeni səviyyədə
qarşılıqlı əlaqələr şəbəkəsində
mövcuddur. Akademik Ramiz Mehdiyevin kitablarında problemin bu mürəkkəb
aspektləri dərindən və qarşılıqlı əlaqədə
təhlil edilir. Bu kontekstdə milli ideya ilə milli identikliyin
ayrıca fəsildə tədqiq edilməsi tamamilə yerinə
düşür (bax: əvvəlki mənbəyə, s.
391-433). Bu anlayışların dövlətçiliyin
inkişafı müstəvisində qarşılıqlı əlaqədə
fəlsəfi dərki Azərbaycan mühiti üçün
olduqca aktual bir məsələdir. Akademik
Ramiz Mehdiyev kitabında tam haqlı olaraq yazır ki, bu kimi
problemlərin Azərbaycan alimləri tərəfindən tədqiq
edilməsi gərəkdir. Bu prosesdə
akademikin əsərləri istiqamətverici rol oynayır.
Qloballaşma şəraitində milli ideologiya
ilə milli identikliyin nisbətinin təhlili də bu
baxımdan olduqca əhəmiyyətlidir.
Əsərdə həmin məsələyə məhz
qloballaşma prosesi kontekstində nəzər salınması
elmi baxımdan düzgün yanaşmadır. Məsələ
ondan ibarətdir ki, tədqiqatçılar
qloballaşmanın bütün cəmiyyətlərə ciddi
təsir etdiyini qeyd edirlər. Bu proses ayrı-ayrı cəmiyyətlərin
struktur-funksional keyfiyyətlərinə böyük təsir
edir ki, nəticədə, ümumiyyətlə, sosial-mədəni
və siyasi-iqtisadi dinamika dəyişir. Bununla bağlı
akademik Ramiz Mehdiyev vurğulayır: "Qloballaşma cəmiyyət
həyatının hər yerinə nüfuz edir. İntensiv
informasiya mübadiləsi və informasiya-kommunikasiya
texnologiyalarının inkişafı nəticəsində bir
neçə on ildən sonra cəmiyyətlərdə millət
əvəzinə müxtəlif məqsəd və dəyərlərə
istiqamətlənmiş insan kütləsinin mövcud
olması ehtimalı böyükdür" (bax: əvvəlki
mənbəyə, s. 394).
Bu fikir qloballaşma mərhələsində milli ideya
ilə milli identikliyin nisbətinin nə dərəcədə
aktual olduğunu aydın göstərir. Əgər
söhbət hər hansı millətin müstəqil milli
dövlətə malik olmaq niyyətindən gedirsə ki, Azərbaycan
da, şübhəsiz, həmin sıradadır, məsələ
daha da aktuallaşmış olur. Çünki
"fərqli maraq və dəyərlərə malik insan
kütləsinin" yaranması birbaşa milli dövlətçiliyin
məhvinə aparır. Bu barədə
Ulrix Bekin mövqeyinin də akademik Ramiz Mehdiyev tərəfindən
xatırladılması təsadüfi deyil. Con Mirşaymerin
də Avropanın gələcəyi ilə bağlı
metaforik fikri həmin kontekstdə adekvat mövqe təsiri
bağışlayır (bax: əvvəlki mənbəyə,
s. 392-393).
Bütün
bunların nəticəsində "qloballaşma prosesləri
yeni dünya nizamı formalaşdırır ki, bu da öz
növbəsində fərdin qlobal dünya düzənində
yeri və rolunu yeniləşdirir" (bax: əvvəlki mənbəyə,
s. 394). Fəlsəfi aspektdə çox
maraqlı yanaşmadır. Aydın olur ki,
müasir tarixi dövrdə qloballaşma prosesi müxtəlif
cəmiyyətlər arasında yeni münasibətlər
sistemi formalaşdırır ki, yekunda fərdi və ictimai səviyyədə
ciddi dəyişikliklər baş verir. Bu,
fərdi və kollektiv reallığın zaman-məkan
kontinuumunda yeni münasibətlər şəbəkəsinə
daxil olması anlamına gəlir. Onda milli
ideya ilə milli identikliyin qarşılıqlı münasibətinin
milli dövlətçiliyin taleyində mərkəzi yerlərdən
birini tutduğu qənaətinə gələ bilərik.
Milli ideya
və milli identiklik: dövlətçilik kontekstində
Problemin bu cəhəti akademik Ramiz Mehdiyev tərəfindən
dövlətçilik çərçivəsində dərindən
araşdırılır. İdentikliyin müxtəlif
növlərinin fəlsəfi müqayisəsi aparılır.
Özlüyündə mürəkkəb
struktura malik olan bu faktorun üzərində burada geniş
dayanmaq mümkün deyildir. Əsərin ümumi ruhu
müstəvisində onu vurğulayaq ki, akademik milli, etnik,
siyasi, mədəni və s. identikliklərin dəqiq fəlsəfi
izahını verir. Onlardan görünür ki,
Azərbaycan üçün milli ideya ilə milli identikliyin
müasir çağırışlara uyğun gələn
münasibətini yaratmaq həyati əhəmiyyətə
malikdir. Akademik Ramiz Mehdiyev yazır: "Etnik və milli
identikliklərin əsasında mədəni identiklik
dayanır, ancaq bu anlayışlar öz məzmununa görə
identik deyillər, çünki fərqli təməllərə
dayanırlar. Etnik identiklik psixoloji səviyyədir.
O, konkret etnosun mənşə ümumiliyinə əsaslanır.
Milli identiklik daha çox şüurun
siyasi-ideoloji, mənəvi səviyyəsidir. Onun təməl
əsası vahid dövləti və iqtisadi quruluşa, mədəniyyətdə
ortaq ideallara və dəyərlərə, ümumi ərazi və
tarixə malik olmağı dərk etməkdən ibarətdir"
(bax: əvvəlki mənbəyə, s. 414).
Deməli, milli identiklik daha geniş məzmuna malikdir. Onun sosial, mədəni,
siyasi və psixoloji aspektləri vardır. Bu
mənada etnik identiklik milli identikliyin tərkib hissəsi kimi təsəvvür
edilə bilər. Bununla yanaşı,
akademikin yanaşmasında milli identiklik keyfiyyətcə yeni səviyyəyə
aid olan fenomendir. Burada siyasi-ideoloji və
dövlətçilik aspektləri xüsusi yer tutur. Konkret ifadə etsək, milli identiklik cəmiyyətin
siyasi və ideoloji özəlliklərini müəyyənləşdirən
faktorlar sırasındadır, eyni zamanda, sosial təşkilatlanmanın,
mobilizasiyanın və idarəetmənin məzmununa təsir
edir. Əsərdə bu aspektlərin
sintezi fonunda milli ideya ilə milli identikliyin nisbətinin fəlsəfi
analizi diqqəti çəkir.
Həmin bağlılıqda akademik Ramiz Mehdiyevin
dünya miqyasında milli-dövlət identikliklərinin
böhranının müasir siyasi-mədəni
transformasiyaların işığında təhlilinin önəmini
vurğulaması də maraqlıdır. O cümlədən,
qloballaşma və transmilli identikliklərin təşəkkülünün
həmin prosesə təsirinin araşdırılması milli
dövlətçilik baxımından aktualdır (bax: əvvəlki
mənbəyə, s. 395).
Bu müddəaların işığında əsərdə
Səmyuel Hantinqtonun "identikliklərin paylanması"
formulunun Azərbaycana tətbiqi qarşıya ciddi elmi
araşdırmalar qoyur. Akademik yazır ki, identikliklərin paylanmasını
S.Hantinqton mənasında "U-obraz" kimi təsəvvür
etsək, bu obrazın yuxarı hissəsində ailə, millət
və dövlətçiliyin (siyasi identiklik) paralel yer
aldığını, aşağıda isə dini identikliyin
mövqe tutduğunu deyə bilərik (bax: əvvəlki mənbəyə,
s. 427). Bu, elmi baxımdan çox maraqlı qənaətdir
və Azərbaycanda dövlətçiliyin inkişafında
milli ideya ilə milli identikliyin rolunun fəlsəfi dərkinə
mühüm töhfədir. O cümlədən aydın
olur ki, milli identiklikdə siyasi və mədəni faktorlar
müasirlik kontekstində və dövlətçiliyin təmin
edilməsi şərti daxilində aparıcı yer tutur. Yəni Azərbaycanda milli identiklik müasir demokratik
və sivil cəmiyyətin formalaşması məqsədinə
xidmət edir.
Bütün bunların yekunu kimi kitabda milli identikliyin
milli ideyanın "daxili ana xəttini təşkil etməsi"
haqqında nəticənin çıxarılması tamamilə
məntiqi və əhəmiyyətlidir. Buradan milli
ideya ilə milli identikliyin nisbətini keçmişin, indinin
və gələcəyin işığında təhlil etmək
üçün geniş imkanlar açılır. Məhz buna görədir ki, akademikin II kitabında
milli ideyanın tarixi təkamül mərhələləri ilə
müasirliyin qarşılıqlı əlaqədə fəlsəfi
təhlil edilməsi tamamilə əsaslı və məntiqidir.
Milli
ideyanın təkamül mərhələləri: XXI əsrin
kreativ millətinə aparan yol
II
kitabın XX əsrin sonunda müstəqil Azərbaycan dövlətinin
yaradılması məsələsinin təhlili ilə
başlaması yuxarıda ifadə edilən tezislər çərçivəsində
müəllifin qarşıya qoyduğu elmi məqsədlər
baxımından kifayət qədər əsaslıdır
(bax: Mextiev R.G. Naüionalğnaə ideə Azerbaydjana v gpoxu
qlobalğnıx transformaüiy. V 2 kn. Kniqa II.
- M.: Politiçeskaə gnüiklopediə, 2017,
365 s.). Bu, oxucunu öncədən milli
ideya və milli identikliyə müstəqil dövlət
quruculuğu strategiyası müstəvisində baxmağa
yönəldir. Milli ideyanın formalaşması mərhələlərinin
analizi də bu bağlılıqda maraqlıdır (bax: əvvəlki
mənbəyə, s. 52-87). Aydın olur ki, Azərbaycanda
dövlətçilik qədim tarixə malikdir və hər mərhələnin
şəraitinə uyğun milli ideya formalaşıb. O
cümlədən, keçən əsrin əvvəllərində
Şərqdə ilk dəfə olaraq məhz azərbaycanlıların
demokratik dövlət yaratmasının siyasi, ideoloji və
dövlətçilik ənənəsini əhatə edən
səbəbləri vardır. Kitabda keçən
əsrin əvvəllərində milli ideyanın
formalaşmasının dramatizmi dolğun təhlil edilib.
Həmin mərhələdə milli ideyanın
məzmununu təşkil edən əsas elementlərin
xarakteristikası verilib. Regionun
böyük dövlətlərinin geosiyasi mübarizəsi
kontekstində milli ideyanın aqibəti fəlsəfi təhlil
edilərək çox vacib qənaətlər əldə
edilib.
Bunların əsasında akademik Ramiz Mehdiyevin milli
ideyanın formalaşması mərhələlərini müəyyənləşdirməsi
və onların hər birinin analizini verməsi fəlsəfi-elmi
baxımdan çox böyük maraq doğurur. Müəllif
göstərir ki, birinci mərhələdə Azərbaycanda
sosial-mədəni problemlərin geniş spektrini əhatə
edən konsepsiyalar formalaşır. İkinci
və üçüncü mərhələlərdə millətin
bütün siyasi və sosial-mədəni dəyişmələrinin
ideoloji əsası qoyulur. Bu mərhələdə
"özünüidentifikasiyanın kollektiv formaları -
dini, etnik və sosial-mədəni (sivil) - vahid milli-dövlət
ideyasına ehtiva olunur" (bax: əvvəlki mənbəyə,
s. 73).
Sovetlərin hakimiyyətə gəlişi ilə
başlayan dördüncü mərhələdə milli
ideyanın təşəkkülü prosesi xeyli çətinliklərlə
üzləşib. Bu mərhələ üçün demək çətindir
ki, "Azərbaycan cəmiyyətində ictimai diskussiya milli
ideyanın formalaşması yönündə
aparılıb" (bax: əvvəlki mənbəyə, s. 77).
Lakin 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan
SSR-ə rəhbərlik etməyə başlaması ilə
ciddi dəyişikliklər baş verdi. Heydər Əliyevin o dövrdə ustalıqla həyata
keçirdiyi ehtiyatlı siyasət nəticəsində milli
maraqlar təmin edildi. Bu proses nəticəsində 1980-ci
illərin sonlarında başlanan milli hərəkat 1991-ci ildə
dövlət müstəqilliyini əldə etməklə
yekunlaşdı.
Beşinci mərhələni Azərbaycan xalqının
siyasi oyanışı, siyasi proseslərdə aktiv
iştirakı kimi xarakterizə etmək olar. O, 1988-ci ildə başlayan
xalq hərəkatı ilə bağlıdır. 1990-cı ildə isə milli-azadlıq hərəkatı
forması aldı. Lakin həmin mərhələdə
Azərbaycan xalqının şüuru müdafiə oluna bilən
millətçilik səviyyəsində olmadığından
ölkənin böhranlı dövründə millətin
mobilizasiyasını həyata keçirə bilmədi.
Bu, milli özşüurun zəifliyinin əlaməti idi (bax: əvvəlki
mənbəyə, s. 78)
Altıncı mərhələ 1990-cı ilin yanvarı
- 1993-cü ilin iyununu əhatə edir. Bu dövrdə
milli özşüur milliyyətçi özşüura
transformasiya olunmaqla xarakterizə olunur. Onun
əsas əlaməti Azərbaycan xalqının öz
müstəqil dövlətini yaratmaq zərurətini dərk
etməsindən ibarətdir. Həmin mərhələdə
türkçülüyün dominant olduğu sosial-mədəni
identifikasiya aparıcı rol oynadı. Türk
komponenti milli ideyanın yeganə tərkib hissəsi kimi qəbul
edildi. Lakin bu, cəmiyyəti bir sıra ziddiyyətlərə
aparıb çıxardı ki, nəticədə də
növbəti böhran yarandı (bax: əvvəlki mənbəyə,
s. 89-90).
Yeddinci mərhələ 1993-cü ilin iyunundan
başlayaraq 2003-cü ildə tamamlandı. Onun xarakterik
xüsusiyyəti ictimai sabitlik, gələcək iqtisadi
yüksəlişin əsaslarının qoyulması və
ölkənin siyasi inkişafının təminindən ibarətdir.
Məhz bu mərhələdə milli ideya
dövlət və milli müstəqillik ideyasına tamamilə
ehtiva oluna bildi. Heydər Əliyevin məqsədyönlü
siyasəti nəticəsində "millət"
anlayışının strukturuna kollektiv
özünüidentifikasiyanın bütün elementləri -
etnik, dini, sosial-mədəni, iqtisadi, siyasi və
başqaları daxil edildi (bax: əvvəlki mənbəyə,
s. 80).
Nəhayət, 2003-cü ildən milli ideyanın təkamül
tarixində yeni mərhələ başladı. Milli ideyada
müstəqil dövlətin formalaşdırılması və
dünya ilə münasibətlərin qurulmasının
keyfiyyətcə yeni aspektləri tamamlanır, zənginləşir.
Azərbaycanlıların ictimai şüuru ətraf
dünya ilə qarşılıqlı əlaqələri
harmoniya halına gətirir. Mədəni
identiklik ön plana çıxmağa başlayır. Azərbaycanın milli ideyasında inkişaf
paradiqması üstünlük təşkil edir. Cəmiyyətin milli dəyərləri saxlamaqla
dünyaya inteqrasiyası davamlı və sistemli xarakter
alır. Milli ideya hansısa etnik mənsubluq
çərçivəsindən çıxaraq cəmiyyətin
bütün kəsimlərini özündə birləşdirən
demokratik və müasir məzmun kəsb edir. Ümumi səviyyədə Azərbaycan ideyası
kreativ insanların milləti kontekstində özünü təsbit
etdi.
Kreativ millət XXI əsrin fenomeni olmaqla hazırda
inkişaf etmiş ölkələri xarakterizə edən əsas
parametrlər sırasına daxildir. Azərbaycanı
kreativ insanların milləti olaraq inkişaf etdirmək strateji
əhəmiyyətli məsələ kimi qəbul edilməlidir.
Akademik Ramiz Mehdiyev problemin bu aspektinə olduqca böyük əhəmiyyət
verir (bax: əvvəlki mənbəyə, s. 88-136). Bu şərtlər daxilində də əsərdə
müasir Azərbaycanda milli identiklik anlayışı analiz
edilir. Azərbaycanda dövlət millətçiliyinin
bərqərar olmasının fəlsəfi aspektləri dərin
təhlil olunur.
Bütün bunlar yekun olaraq güclü Azərbaycan
dövlətinin yaradılmasının qloballaşma şəraitində
milli ideyanın inikası kimi dərk edilməsinə imkan
yaradır. Kitabda problemin bu aspekti də geniş tədqiq edilib
və çox aktual qənaətlər əldə olunub.
O cümlədən, Azərbaycanın postindustrial cəmiyyət
quruculuğu yolunda atdığı addımların fəlsəfi-elmi
təhlili aparılaraq əhəmiyyətli proqnozlar verilib.
Şübhə yoxdur ki, akademik Ramiz Mehdiyevin yuxarıda vurğuladığımız və məzmunu üzərində qısa dayanmalı olduğumuz ikicildliyi Azərbaycan tədqiqatçılarının stolüstü kitabı olmalıdır. Burada ifadə edilən fikirlərin, irəli sürülən tezislərin, aparılan fəlsəfi təhlillərin araşdırılması çox vacibdir və hər bir azərbaycanlı alim qarşısında vəzifə kimi dayanır. Bununla da ziyalı təbəqəsi millətin və dövlətin inkişafına öz töhfəsini verə bilər. Təbii ki, sözdə deyil, əməldə...
Newtimes.az
525-ci qəzet.- 2018.- 17 aprel.- S.4.