Yeni əsərləriniz və işıqlı əməlləriniz
hələ qarşıdadır...
XALQ YAZIÇISI ANARIN 80 İLLİK YUBİLEYİNƏ
Son vaxtlar sizin
"525-ci qəzet"də ardıcıl dərc olunan yazılarınızı
oxuyuram. İndiyədək çıxan kitablarınızı
oxumuş və bir çoxu haqda öz fikirlərimi
yazıb mətbuatda çap etdirmişəm.
"Ağ qoç,
qara qoç" əsərinizlə də
bağlı vaxtilə
"525-ci qəzet"də yazım çap olunub.
Yazıçı və tədqiqatçı
Pərvin Nurəliyevanın
"Anar nəsrində
tale və zaman kataklizmləri axarında dəyişən və dəyişməyən insan"
mövzusunda yazdığı
dissertasiya işi ilə əlaqədar yayılan məlumatlar da diqqətimi çəkib, marağıma
səbəb olub. Bildiyimə görə,
bu araşdırma zamanı əsasən tarixi-tipoloji, tarixi-müqayisəli
təhlil metodlarından
istifadə olunub.
Pərvin xanım qeyd
edib ki, dissertasiya işinin Anar nəsrində tale və zaman kataklizmləri
axarında dəyişən
və dəyişməyən
insan mövzusuna həsr olunması Sizin yaradıcılığınızda
tamamilə yeni bir sahənin, nəzəri-estetik xüsusiyyətlərin
araşdırılıb ortaya
çıxarılmasına imkanı verir. Tədqiqatçının fikrincə, Anarın
yaradıcılıq yolunu
nəsr kontekstində
izləmək heç
də asan deyil. Çünki Anar ədəbiyyatşünaslıq
düşüncəsində özünə geniş yer tutmuş müstəsna bir müəllifdir. Anar müəllim
sənəti və şəxsiyyəti ilə
zamandan yüksəkdə
dayanır. Zaman bəzən Anarın nəsrinə, Anar dünyasına çatmaq
üçün boylanır,
onsuz bacarmır...
Anar müəllim,
Sizin "Vətənimiz,
paytaxtımız, dilimiz"
yazınızda bu misilsiz sərvətlərimiz
o qədər aydın
və dürüst təqdim edilib ki, əlavə şərhə ehtiyac yoxdur. Həqiqətən, Allah bizə, xalqımıza
olduqca zəngin və bərəkətli torpaq, ilin bütün
fəsillərində əlverişli
olan iqlim, yeraltı və yerüstü sərvətlər,
parlaq şəxsiyyətlər
bəxş edib.
"Qum saatı" və
"Məşum ilin dərsləri" yazılarınız
çox maraqlı, aktual mövzulara həsr edilib və xüsusi ustalıqla qələmə
alınıb. "Məşum
ilin dərsləri"
yazınızda bu cür yaddaqalan və dəyərli fikirlər öz əksini tapıb: "Rus ruletkası adlanan məşum bir oyun - mərc
var. Tapançanın xəzinəsinə
beş yox,
dörd patron qoyulur, baraban hərlədilir, tapançanın lüləsini
gichaşına dirəyib
tətiyi çəkirsən
- ya bəxt - anında ölə də bilərsən, qurtula da. 37-ci ilin məntiqi ruletka məntiqi idi, günahsızlar da məhkum olunurdu, onların boynuna günah qoyanlar da..."
Sizin xəstələnməyiniz
və ağır cərrahi əməliyyat keçirməyiniz barədə
xəbəri, xalqımızın
böyük əksəriyyəti
kimi, mən də ciddi narahatlıqla
qarşıladım. O ağır
günləri sağ-salamat
geridə qoymağınıza
ürəkdən sevindim.
Bu barədə yenə də "525-ci qəzet"də çıxan
"Yoxluqdan varlığa"
yazınızı maraqla
oxudum. Arzum budur ki, elə gərgin hallar Sizdən hər zaman uzaq olsun. Çünki Siz bizə,
Azərbaycan xalqına,
Türk dünyasına
çox gərəklisiniz.
Dünyaya gəlməyin fəlsəfəsi
yoxdur, dünyada yaşamağın fəlsəfəsi
isə çox zəngindir. Bu fəlsəfə
İnsanlıq fəlsəfəsidir.
Anar müəllim, Siz bu İnsanlıq
fəlsəfəsini məxsusi
tərzdə, ali səviyyədə
yaşayaraq yaratmışsınız.
Fəaliyyətinizin hər sahəsində
nümunə sayılan
işlər görmüsünüz,
gözəl əsərlər
yazıb, nəcib əməllərə imza
atmısınız. Ancaq inanırıq
ki, yeni gözəl əsərləriniz
və işıqlı
əməlləriniz hələ
qarşıdadır.
80 yaşınız mübarək olsun, Anar müəllim! Allah Sizi qorusun!
Əyyub MƏMMƏDOV
Tibb elmləri üzrə fəlsəfə
doktoru, Əməkdar həkim
525-ci qəzet.- 2018.- 17 aprel.- S.7.