"Nar
bağı" Vyanada nümayiş
olundu
Azərbaycanlı rejissor İlqar Nəcəfin "Nar bağı"
bədii filmi Vyanada "LETS CEE" beynəlxalq
film festivalında nümayiş
olunub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası
və "Buta
Film" kino şirkətinin
birgə istehsalı olan ekran əsəri
tamaşaçılar və
kinematoqrafçılar tərəfindən
böyük maraq və rəğbətlə
qarşılanıb.
Filmin ssenari müəllifləri
Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu
rəssamı Rafiq Nəsirov, bəstəkarı
Firudin Allahverdi, icraçı prodüseri
Akif Əliyev, prodüserləri Müşfiq
Hətəmov və İlqar Nəcəfdir.
Bu, azərbaycanlı rejissorun
"LETS CEE" festivalında nümayiş olunan ikinci filmidir. 2013-cü ildə festivala onun quruluş verdiyi "Buta" bədii filmi təqdim edilmişdi.
Mərkəzi və Şərqi
Avropa ölkələrinin,
eləcə də Türkiyə və Qafqaz regionunun kino sənayesinin istehsalı olan ən yaxşı filmlərin nümayiş olunduğu "LETS CEE" beynəlxalq
film festivalı, eyni zamanda, film istehsalçıları,
rejissor və aktyorlar üçün təcrübə mübadiləsi
və yeni əməkdaşlıqların qurulması üçün
mühüm platformadır.
Yüzdən çox ekran
əsərinin yer aldığı festival öz
proqramı və təklif etdiyi filmlərin mövzu zənginliyi ilə qısa zamanda yüksək nüfuz qazana bilib. Təsis olunduğu
2013-cü ildən etibarən
bu festival hər il Azərbaycan
istehsalı olan bədii, sənədli və qısametrajlı filmləri öz proqramına daxil edir. 2015-ci ildə
rejissor Asif Rüstəmovun ekranlaşdırdığı
"Nabat" bədii
filminin baş qəhrəmanı Nabat rolunun ifaçısı
Fatima Motamet-Arya festivalda
"Ən yaxşı
baş rol ifaçısı" nominasiyası
üzrə qalib elan olunmuşdu.
Aprelin 13-də başlayan
film festivalı ayın
22-dək davam edəcək.
XƏDİCƏ
525-ci qəzet.- 2018.- 17 aprel.- S.7.