Beynəlxalq Trabzon Ədəbiyyat
Festivalı uğurla davam edir
Türkiyədə gerçəkləşdirilən nüfuzlu ədəbi-mədəni
tədbirlər sırasında
öz dəyərli yerini almış Beynəlxalq Trabzon Ədəbiyyat
Festivalı (UTEF) ilk dəfə
Qaradəniz Yazarlar Birliyi dərnəyinin başqanı Əsma Ala Türkmən tərəfindən
2014-cü ilin 20-26 oktyabrında
"Tarix və Məkan" mövzusu ilə Ortahisar, Akçaabat və Tonyada keçirilib.
UTEF-in bütün fəaliyyətində
ədəbiyyatla yanaşı,
mədəniyyətin müxtəlif
sahələrinə də
diqqət çəkilib. Belə ki,
21-26 aprel 2017-ci ildə
keçirilən II UTEF-ə Azərbaycan, Gürcüstan,
İran və Rusiyadan da qonaqlar
qatılıblar. "Yol və Məkan"
mövzusundakı bu
festival Ortahisar, Akçaabat,
Sürmənə və
Vakfıkəbirdə keçirilib.
Yarandığı ilk gündən UTEF-ə Trabzon Valiliyi,
Bələdiyyələr, universitetlər,
Trabzonda təmsil olunan ölkələrin səfirlikləri dəstək
veriblər.
Bu il isə
festival öz işinə
aprelin 12-də başlayıb.
Trabzon Valiliyi, Trabzon Böyükşəhər
Bələdiyyəsi, Ortahisar
Bələdiyyəsi, Trabzon İlçə Bələdiyyələri,
UTEF iştirakçısı ölkələrin Trabzonda
yerləşən və
yerləşməyən səfirliklərinin
dəstəyilə həyata
keçirilən festival bu
dəfə "Su və
məkan" mövzusunu
əsas götürüb.
Mövzusuna uyğun olaraq
2014-cü ildə Alacahan,
2017-ci ildə Trabzon Hava
limanında olduğu kimi, bu il də festival
"Su və məkan"a
müvafiq olaraq açılışını "Trabzon Limanı"nda gerçəkləşdirib.
Açılış mərasimində
Trabzon Böyükşəhər Bələdiyyə başqanı
Orxan Fevzi Gömrükçüoğlu, Trabzon Valisi Yavuz Dəmir
çıxış edərək
qonaqları salamlayıb,
festival və Trabzonun tarixi, təbiəti haqqında danışıblar.
UTEF-in yaradıcı və layihə rəhbəri Əsma Ala Türkmən çıxışında festivalın
məqsədi, öncəki
illərdə keçirilən
tədbirlərdən danışıb,
UTEF-in bu il
də ədəbiyyat
adına mühüm işlər görəcəyinə
inandığını vurğulayıb.
Yazıçı Ümid Yaşar
Gözüm, Qəzetçilər
Cəmiyyətinin sədri
Nəzmi Bilgin keçirilən bu cür tədbirlərdən
məmnunluqlarını ifadə
ediblər. Azərbaycandan
festivala qatılan Azərbaycan Yazıçılar
Birliyinin katibi,
"525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid artıq ikinci dəfədir ki, bu festivalda
iştirak etdiyini deyərək ötən il keçirilən Beynəlxalq Trabzon festivalını
xatırlayıb, ədəbiyyata,
mədəniyyətə verdikləri
bu cür dəyərə görə
Trabzon Böyükşəhər Bələdiyyəsinə, valiliyə,
festivalda əməyi olan hər kəsə
təşəkkürünü bildirib.
Aprelin 13-də Rəşid
Tarakçıoğlu salonunda
Məktub sərgisi keçirilib. Sərgidə Bədri Rahmi
Eyüboğlu məktəbinin
birinci sinif şagirdləri yazıçılara
məktublar yazıblar.
Uşaqların qələmindən çıxan məktublar
festival iştirakçıları, qonaqlar və yazıçıların böyük
marağına səbəb
olub.
Daha sonra qonaqlar Qaradəniz Texniki Universitetinin Rus dili fakültəsi
tələbələrinin səhnələşdirdikləri,
böyük rus yazıçısı Çexovun
"Məmurun ölümü"
tamaşasına baxıblar.
Aprelin 14-də öz
işini Ortahisarda davam etdirən UTEF-in həmin gün üçün ilk toplantısı
Hüseyin Kazaz Mədəniyyət Mərkəzində
baş tutub. Burada ünlü rus ədibi Qoqol haqqında professor Türkan
Olcayın "Qoqolun yaradıcılıq evrələri",
əslən azərbaycanlı
professor Sevinc Üçgülün
"Tərcümədə üslub problemləri: türkcədə Qoqol"
məruzələri dinlənilib.
Türkiyədə öz
sahəsində kifayət
qədər tanınan,
rus dilindən türkcəyə bir sıra tərcümələrin
müəllifi, qardaş
ölkədə rusdilli
ədəbiyyatşünasların yetişməsində əməyi
olan S.Üçgül
məruzəsində əsasən
Qoqolun "Şinel"
("Palto") əsərinə
diqqət çəkib,
Qoqolun Çexova təsiri, rus və dünya ədəbiyyatındakı yeri
kimi mövzulara da toxunub və
tədbir iştirakçılarının
mövzu ilə bağlı suallarını
geniş şəkildə
cavablandırıb. Məruzə rusdilli ədəbiyyatşünaslar
və tədbir iştirakçılarının böyük marağına
səbəb olub.
Tədbirdən sonra universitetin tələbələri rus
dilində tamaşa göstərib, rus mahnı və rəqslərini ifa ediblər.
Həmin
gün keçirilən
ikinci konfrans "Yazının dili, dilin fəlsəfəsi: məktublar və aforizmlər" mövzusuna
həsr edilib.
Konfransda
yazıçılar Ümid
Yaşar Gözüm,
İbrahim Dərzioğlu,
İLESAM başqanı Mehmet
Nuri Barmaqsız, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu mövzu ilə bağlı çıxışlar
edib, fikirlərini bölüşüblər.
Aprelin 14-də Alacahanda
"İynə-sapla yazı
sənəti" sərgisinin
açılış mərasimi
də keçirilib.
Aprelin 15-də UTEF öz
işini Şalbazarında
Azərbaycan ədəbiyyatına
həsr olunan tədbirlərlə davam etdirib. Şalbazarındakı tədbirlərdə "Ədəbiyyatda geyim-keçim
və bəzənmək"
mövzusu işlənib.
Bu mövzu üçün
bu məkanın seçilməsi də təsadüfi deyil. Şalbazarı Türkiyənin öz
tarixi geyimini bu günə qədər saxlayan nadir məkanlarından biridir.
Burada hazırda da milli geyimlərin
hazırlanması ilə
məşğul olan insanlar var. Buradakı bəzi geyimlərin tarixi hətta 1500 il öncəyə
qədər gedib çıxır.
Şalbazarı Bələdiyyəsində keçirilən
konfransda görkəmli
Azərbaycan şairi Xurşidbanu Natəvanın
həyat və yaradıcılığı, geyimləri,
rəsm dəftəri
mövzusu müzakirə
edilib, sərgi keçirilib. AYB-nin katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid Natəvanın həyat və yaradıcılığı
haqqında qonaqlara geniş məlumat verib və eyni
zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşəbbüsü
ilə "Azərbaycan
Xalq Cümhuriyyəti-100" mövzusunda çıxış
edib.
Daha sonra R.Məcidin Ankarada
İLESAM tərəfindən yayımlanan "Dəlicəsinə"
kitabının imza mərasimi keçirilib. Həm məruzə,
həm də imza mərasimi yerli əhali, ədəbiyyatşünaslar və
xarici qonaqlar tərəfindən böyük
maraqla qarşılanıb.
Həmin gün "Estetika, Ədəbiyyat və Moda üçbucağı
üzərinə izdüşümlər"
mövzusunda Ümid Yaşar Gözümün,
moda yazarı Ebru Coşqunun məruzələri də
dinlənilib, Şalbazarı
milli geyimlərinin nümayişi həyata keçirilib.
UTEF 18 gün ərzində 18 ədəbi yönü Trabzonun 18 ilçəsində
"tanımaq və tanıtmaq" məqsədilə
öz işini davam etdirməkdədir.
Aprelin 30-na kimi
hər ilçədə
bir ölkənin ədəbiyyatı və
həmin ölkənin
bir yazarının yaradıcılığı ilə
bağlı tədbirlər,
konfransların keçirilməsi
nəzərdə tutulub.
Sürmənədə hind, Akçaabatda
yapon, Maçkada türk, Arsində Ukrayna, Araklıda İran, Ofda Qazaxıstan, Hayratda türk və Danimarka, Vakfıkəbirdə
yunan, Ortahisarda Çexiya və ingilis, Çarşıbaşında
Amerika, Beşikdüzündə
alman, Köprübaşında
fas, Düzköydə
İtaliya, Tonyada Gürcü, Dərnəkbazarında
fransız, Çaykarada
Türkmənistan ədəbiyyatları
və onların sayılıb-seçilən nümayəndəsi
haqqında konfranslar keçiriləcək, həmin
ölkənin mədəniyyətinə
aid sənət nümunələri
göstəriləcək.
Artıq üçüncüsü keçirilən
və hər dəfə böyük maraqla qarşılanan
UTEF-in əsas məqsədi
ölkənin ən ucqar bölgələrinə
belə ədəbiyyatı
və ədəbiyyat
adamlarını aparmaq,
onları sadə, əməkçi xalqla görüşdürməkdir.
Ədəbiyyatın təbliği istiqamətində
böyük hadisəyə
çevrilən festival gələcəkdə
daha çox ölkədən qatılan
qonaqların iştirakı
ilə öz işini daha geniş şəkildə
davam etdirmək fikrindədir.
Türkiyənin III Beynəlxalq Trabzon Ədəbiyyat
Festivalı aprelin
30-da öz işini yekunlaşdıracaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet 2018.- 18 aprel.- S.8.