Bəşəriyyətin yol xəritəsi İslam: elmi-biblioqrafik mənbə

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi ilə əlaqədar olaraq Azərbaycan Milli Kitabxanası "İslam" adlı elmi-köməkçi biblioqrafik göstərici tərtib edib.

 

Kitabın tərtibçi-müəllifi Mehriban Cəfərova, elmi redaktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktoru isə Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.

 

Göstərici ənənəvi olaraq üç hissədən ibarətdir - mənbələri müxtəlif aspektdən izah edən giriş sözləri, müxtəlif sərlövhələr altında qruplaşdırılmış sənəd-informasiya bazası və köməkçi-informasiya aparatı.

 

Tərtib işinə tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərov rəy verb. Rəyçi biblioqrafik göstəricinin məziyyətlərindən bəhs edərək onun əhəmiyyətini sadalayır və vuğulayır ki, "Biblioqrafiyanın müsbət cəhətlərindən biri ondan ibarətdir ki, "İslam" adlı elmi biblioqrafiyada İslam dini, onun tarixi, şəriət məsələləri və İslam əxlaqı, Hz. Məhəmməd və digər İslam peyğəmbərləri, Qurani-Kərimin nüsxələri, şərhləri, təfsirləri, ümumiyyətlə, Quranşünaslıq, İslam hüququ, İslamda insan haqları, İslamda iqtisadi məsələlər və onlara münasibət, İslam təriqətləri, məzhəbləri və cərəyanları haqqında yazılmış kitabların, məqalələrin, tezislərin müəllifləri, nəşr yeri və ili, həmçinin, qısa məzmunu öz əksini tapmışdır".

 

Kitaba daxil edilmiş ilk bölmələrdən biri "Görkəmli şəxsiyyətlər İslam dini haqqında" adlanır. Burada Azərbaycanın müxtəlif görkəmli şəxsiyyətlərinin İslam dini haqqında maraqlı fikirlərini görmək olar.

 

Tərtibçi - "Tərtibçidən" başlıqlı giriş sözü yazmış, göstəricinin strukturu və burada öz əksini tapan mənbələrin xüsusiyyətləri - nəşr formaları, onların təsnifləşdirilməsi haqqında qısa xülasə verib. Bu yazısında tərtibçi qeyd edir ki, göstəricidə 1591-2017-ci ilə qədər - 400 ildən artıq bir dövrü çevrələyən islama dair əlyazma, yaxud çap mənbələri öz əksini tapıb. Bu fikrin irəli sürülməsinin səbəbi 1877 nömrəli ədəbiyyatdır. Göstəricidə ən qədim tarixi əks etdirən bu əlyazma dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 1591-ci ilə aid olan və hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanasında 269 vərəqdən ibarət 4 qutuda mühafizə edilən "Kitabi-hədiqətüs-süəda" adlı əsərinin əlyazmasıdır. Müəllif doğru olaraq əsərin kitabxana şifrəsini və əlyazma sənədlərinə məxsus digər məlumatları da biblioqrafik təsvirdə təqdim edib.

 

Məlumat üçün qeyd edək ki, göstərici 677 səhifə həcmindədir və burada 6032 adda mənbə mövcuddur. Biblioqrafik göstərici kifayət qədər iri həcmə malikdir və özündə yüksək məziyyətləri əks etdirir. Buna görə də biblioqrafik göstəriciyə onun infrastrukturunu izah edən mənbələr, müəlliflər və s. haqqında əhatəli şərhlər verən geniş ön sözün yazılması daha məqsədəuyğun olardı.

 

Biblioqrafik göstəricilər adətən özlərində çap əsərlərini əks etdirsə də, artıq müasir biblioqrafik göstəricilərə elektron resurslar, əlyazmalar, arxiv materialları da daxil edilməkdədir, lakin bu, bir qədər mənbələrin kəmiyyət göstəricilərindən də asılıdır. Buna görə də "İslam" elmi biblioqrafik göstəricisində yalnız çap kitabları və dövri nəşrlərdə öz əksini tapmış mənbələr deyil, eyni zamanda, notlar, elektron resurslar, səsyazmaları və s. kimi bir çox sənəd növlər də daxil edilib.

 

Tərtibçi "İslamın əsasları", "İslam peyğəmbəri - Həzrəti Məhəmməd ibn Abdullah (Xatəmül ənbiya)", "Qurani-Kərim" nüsxələri və Quranşünaslıq", "İslam hüququ", "İslamda insan hüquqları - qadın hüquqları", "İslam iqtisadiyyatı", "İslamda təriqətlər, məzhəblər, cərəyanlar", "İslamın görkəmli şəxsiyyətləri", "İslam dinində müqəddəs yerlər - şəhərlər, məscidlər, ziyarətgahlar" və s. daha neçə-neçə bölmə və yarımbölmələr tərtib edib. Bu bölmələri eyni zamanda, rus dilində olan mənbələr davam etdirir.

 

Kitabda biblioqrafik təsvirlər xronoloji aspektdən daxili əlifba prinsipi gözlənilməklə iki dildə - Azərbaycan və rus dillərində təsnifləşdirilib. Göstəriciyə daxil edilmiş ilk mənbələr İslam dininin tarixi ilə əlaqədardır. Burada eyni zamanda, Kərbəla hadisələri və peyğəmbərlərin tarixi haqqında da əlavə yarımbölmələr tərtib edilib. İlk bölmədə ilk mənbə 1881-ci ildən fəaliyyətə başlayan Kaspi qəzetinin mətbəəsində Mir Məhəmməd Kərim Cəfərzadənin ərəbcədən tərcümə etdiyi "Üzrayi-Qureyş" adlı kitabı olsa da, ikinci təqdim edilən mənbə daha qədimdir (1832). Mənbənin əks xronoloji göstərilməsinin səbəbi "Üzrayi-Qureyş" kitabının nəşr ilinin məlum olmamasıdır. Ümumiyyətlə, göstəricinin digər bölmələrində də tərtibçi eyni prinsipə əsaslanıb. Belə ki, nəşr ili məlum olmayan əsərləri sərlövhənin ilk sıralarına daxil edib.

 

Biblioqrafik göstəricinin ən maraq doğuran bölmələrindən biri "Qurani-Kərim" nüsxələri və Quranşünaslıq" bölməsidir. Bölməyə xronoloji aspektən yanaşdıqda görürük ki, "Quran" nüsxəsinin ilk nəşr forması tarixən çox müasirdir - 1988. Lakin bu bölməni təqib edən ikinci "Qurani-Kərimin şərhləri, izahları, hissələri" adlı bölmədə ilk mənbə 1882-ci ilə aiddir. Daha qədimdir (Sureyi-fatihə ilə Yasini-şərif tərcüməsi ilə bərabər. Zaqafqaziyanın əhlisünni idareyi-ruhaniyyəsinin üzvü və  Ziyayi-Qafqaziyyə qəzetəsinin sahibi-imtiyaz və mühərriri Hacı Səid Əfəndi Ünsizadə. - Tiflis, 1300 h. (1882).- 11 s.). Bu o demək deyil ki, Azərbaycanda Quran haqqında sənədlərinin tarixi 1882-ci ildən başlayır. Sadəcə olaraq qeyd etdiyimiz çap nümunələrindən də göründüyü kimi, ölkəmizdə çap əsərlərinin meydana gəlməsi, çapçılıq işi məhz bu dövrə təsadüf edir. Bildiyimiz kimi, ölkəmizdə orta əsrlərə aid Quran nüsxələrinin ərəbcə əlyazmaları mövcuddur. Lakin Quran əlyazmalarının göstəriciyə daxil edilməsi biblioqrafiyaşünaslıq aspektindən doğru olmazdı. Bu haqda məqsəd istiqaməti fərqli olan digər bir elmi göstərici tərtib etmək mümkündür.

 

Göstəricinin rus dilində olan hissəsində isə ilk nüsxənin nəşr tarixi 1865-ci ilə aiddir. Lakin bu nüsxə Moskvada və fransız dilində çap edilib.

 

Biblioqrafik göstəricidən bizə məlum olur ki, Quranşünaslıq sahəsində ilk çap nümunəsi eyni adlı bölmədə yer alıb və 1889-cu ildə Tiflisdə çap olunmuş Əbdüssəlam Axundzadənin "Ümdətül-əhkam. Fərz və sünnət olan dua və surələrin bəyanı" adlı 84 səhifə həcmində olan əsəridir. Maraqlıdır ki, ölkəmizdə müqəddəs kitabımız haqqında təfsir kitablarının çap tarixi çapçılığın erkən dövrlərindən başlayıb. Məsələn, ilk təfsir kitabı 1904-cü ildə Azərbaycan türkcəsində Mir Cəfər Ələvinin yazdığı "Qurani-Kərim təfsirləri. Kitabi-kəşfül-həqayiq: təfsiri-Qurani-şərif. (Türki-Azərbaycan dilində)" əsəridir.

 

İslam dini dedikdə ilk ağla gələn Allahın kəlamı - "Qurani Kərim"dir. Bu baxımdan fikrimizcə göstəricidə bölmələrin düzülüş sırasında ilk olaraq "Qurani-Kərim" nüsxələri və Quranşünaslıq" bölməsinin təqdim edilməsi məqsədəuyğun olardı.

 

"İslam peyğəmbəri - Həzrəti Məhəmməd ibn Abdullah (Xatəmül ənbiya)" adlı bölmə də çox mühüm əhəmiyyət kəsb edir. Bu bölmə "Qurani-Kərim" nüsxələri və Quranşünaslıq"dan əvvəl təqdim edilmişdir. Qurani Kərimin təbliğçisi və islam dünyasının ən sevgili şəxsiyyəti haqqında ədəbiyyatlar maraq doğurmaya bilməz. Bu bölməyə 178 ədəbiyyat daxil edilmişdir. Ədəbiyyatlara nəzər saldıqda rəhmət peyğəmbərinin həyat və fəaliyyəti ilə yanaşı, hədis kitablarının da zaman-zaman çap edilməsinin şahidi oluruq. Göstəricidən bizə məlum olan ilk mənbə isə 1856-cı ildə İstanbulda "Topxanei Amirə litoqrafiya xanası"nda çap edilmiş 616 səhifə həcmində Məhəmməd ibn Məhəmməd əfəndinin "Dəlaili-nübüvvəti-Məhəmmədi və şəmaili-fütuvvəti-Əhmədi" adlı əsəridir.

 

Qeyd edək ki, elmi biblioqrafik göstəriciyə daxil edilmiş digər bölmələr və ədəbiyyatlar da çox maraqlı və dəyərlidir.

 

Göstəricinin üçüncü hissəsini təşkil edən köməkçi-informasiya aparatı da zəngin tərtib edilmişdir. Köməkçi aparat 4 başlıq altındadır - "Digər kitabxanalarda saxlanılan kitabların köməkçi göstəricisi", "Müəlliflərin əlifba göstəricisi", "Tərcüməçilərin əlifba göstəricisi", "Redaktorların əlifba göstəricisi".

 

"Digər kitabxanalarda saxlanılan kitabların köməkçi göstəricisi" adlı ilk informasiya aparatı göstəriciyə daxil edilmiş mənbələrin hansı kitabxanalardan əldə edilməsi haqqında indeksləşdirmədir. Bu, olduqca çox diqqət və zəhmət tələb edən bölmələrdən biridir. Müəllif 6032 mənbə haqqında kodlaşma işi həyata keçirib. Bu bölmədən məlum olur ki, ədəbiyyatlar elektron informasiya axtarış resurslarından əlavə on bir müəssisənin kitabxanasının fondundan və "Azərbaycanda islam" elektron layihəsinin tammətnli kitablarından istifadə etməklə toplanıb. Bunların içərisində AMEA-nın Mərkəzi Elmi Kitabxanası, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası və s. kimi mühüm respublika əhəmiyyətli fondlarla yanaşı, üç xarici ölkənin müxtəlif kitabxanalarına da müraciət edilib. Belə ki, Rusiya Dövlət Kitabxanasından (Moskva) 21, Rusiya Milli Kitabxanasından (Sankt-Peterburq) 28, S.M.Canaşia adına Gürcüstan Dövlət Muzeyi Kitabxanasından 3, Tbilisi Universiteti Kitabxanasından 3, Biruni adına Özbəkistan Şərqşünaslıq İnstitutu Kitabxanasından da 2 mənbə əldə edilib. İstifadəçilər bu köməkçi aparatda həmin ədəbiyyatın kodlarına baxmaqla onların hansı mənbələr olduğunu görə bilərlər. Bu bölmənin tərtibi göstəriciyə xüsusi zənginlik qatmış, istifadəçilərin mənbələrin yerləşmə məkanları haqqında dolğun məlumat verməsinə səbəb olmuşdur. Çünki bu aparatlar bütün növ biblioqrafik göstəricilər üçün tərtib edilən ənənəvi standart informativ bölmələrdən kənara çıxmaqla, göstəricinin informasiya təminatının çoxyönlü olmasına səbəbdir.

 

"Müəlliflərin əlifba göstəricisi" köməkçi-informasiya aparatı da istər tarixən, istərsə də günümüzdə İslam tədqiqatçılarını öyrənmək babında çox maraqlıdır. Bildiyimiz kimi, İslam dinində tərcüməçilik mühüm mövqe tutmaqdadır. Bu baxımdan "Tərcüməçilərin əlifba göstəricisi"nin yaradılması bir zərurətdir və təqdirəlayiqdir. Ölkəmizdə İslam dininə dair sənəd kütləsinə nəzər saldıqda məlum olur ki, ana dilimizə ilk tərcümə ədəbiyyatı XIX əsrin ilk onilliklərində meydana gəlmiş dini ehkamlar, dualar və s.-lə əlaqədar olmuşdur. Qurani-Kərimin dilimizə tərcümə tarixi nisbətən müasir dövrümüzə aiddir və bu sahədə akademik Ziya Bünyadov ilə akademik Vasim Məmmədəliyevin fəal tərcümələri daha çox üstünlük təşkil etməkdədir.

 

Professional oxucu auditoriyasına təqdim edilən "İslam" adlı biblioqrafik göstərici ölkəmiz üçün İslamşünaslıq, İslam dininin tarixi və s. kimi bir çox aspektdən mühüm rəhbər, yol göstərən və İslamşünaslığın sənəd-informasiya bazasını dolğun əks etdirən bir mənbədir.

 

Göstəricidə yol verilmiş xırda nöqsanlara baxmayaraq, sözügedən tərtib işi çox böyük zəhmət nəticəsində meydana gəlib və özündə kifayət qədər zəngin məxəzləri əhatə edib. "İslam" biblioqrafik göstəricisi haqqında bir çox müsbət fikirlər bildirmək mümkündür. Mənbələrin toplanması və onların sistemləşdirilməsi də xüsusi professionallıq, diqqət və zəhmət tələb edən işlərdən biridir. Bu baxımdan biblioqrafiyanın ərsəyə gəlməsində əməyi keçən bütün əməkdaşları təbrik edir və gələcək yaradıcılıq uğurları arzulayırıq.

 

Validə HƏSƏNOVA

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı

 

525-ci qəzet.-2018.-18 aprel.-S.4.