Bir hekayənin təəssüratı: duyğular, düşüncələr

 

Söz sənətimiz nə qədər zəngin olsa da, həyat davam etdikcə onun yeni səhifələri meydana çıxır və orijinallığı ilə diqqət çəkir. Həyat hadisəsi, mövzu müəyyən qədər oxşar ola bilər, lakin problemin qoyuluşu, məsələyə yanaşma tərzi və təqdimat fərqliliyi seçilir.

Həmayil Əhmədqızının bu günlərdə "525-ci qəzet"də çap olunan "Göyərçinlinin qonağı" hekayəsi "ədəbiyyatımızda insanı düşündürən, daha doğrusu, onun suallarına cavab vermək iqtidarında olan əsərlər son zamanlar da yaranırmı?" sualına cavab verən nümunələrdəndir.

İlk növbədə onu qeyd etməliyik ki, hekayə yalnız problemin qoyuluşu və süjet xətti ilə diqqət çəkmir. "Göyərçinlinin qonağı"nın uğurlu alınmasının I səbəbi müəllifin daxili aləminin zənginliyi, həssaslığı və bəşər övladı üçün narahatlığı ilə bağlıdır. Məhz bu nigaranlıq onu bu qədər həssas davranmağa vadar edir. Nəticədə, əsəri oxuduqca müəllifin duyğularını yaşamış olursan. Onun axtardığı sualların cavabı barədə düşünürsən. Təkcə bu məqam Həmayil Əhmədqızının məqsədinə nail olduğunu söyləməyə əsas verir. Müəllif təxəyyülə yer versə də, bioqrafiyasının məqamlarını da paylaşmış, hadisələri, yaratdığı surətlərin əlamət və ünsürlərini həyatdan götürmüş, müşahidələrindən müəyyən qənaətə gəlmişdir.

 

Hekayənin ekspozisiya hissəsi və finalı xüsusilə diqqət cəlb edir. Adətən, ekspozisiya mərhələsinin tez yekunlaşmasını istəyən oxucunun rəyi bu əsərə münasibətdə fərqli olmuşdur. Müəllif əsəri necə başlayacağını gözəl bilir: "İllər öz işini görmüşdü. Yaşlanmışdım. İşləmək üçün artıq səhhətim yol vermirdi". Elə bu detal hadisələrin sonrakı inkişafı üçün müəyyən təsəvvür yaratmağa xidmət edir. Bütün həyatı işinə bağlı olan insanın əmək fəaliyyətinə son verdiyi məqamdan sonra həyatında nələr baş verir, o, hansı duyğularla yaşayır, hansı sarsıntıları keçirir? Bütün bunlar hekayədə müfəssəl şəkildə əksini tapmışdır: "Əşyaları əsasən kitablardan ibarət olan bir otaqlı mənzilim sanki birdən-birə daha da daraldı, məni sıxmağa başladı". Bəli, hər şey məhz bu sıxıntıdan başlayır: "Şəhərin adi, qayğılı günlərindən biri idi. Həyat qaynayırdı. Bütün olanları görür, ancaq gördüklərimi dərk edə bilmirdim, sanki beynimin xaricinə hündür bir hasar çəkilmişdi. Heç nə içəriyə daxil ola bilmirdi. Otağa keçdim, nə iləsə məşğul olub, başımı qatmaq istədim. Heç nə edə bilmirdim. Otağın içində o yana, bu yana vurnuxurdum. Gecənin qaranlığında meşədə azmış adama bənzəyirdim. O, qaranlıqda meşədə azmışdı, mən günün günorta çağı evimdə. Deyəsən, yolumu da, ağlımı da itirmişdim. Axtarırdım, tapa bilmirdim. Rəhmətlik nənəmin mənə dönə-dönə tapşırdığı sözləri xatırladım: "Ağlından muğayat ol, itirif eliyərsən haa!"

 

Fikirlər burulğanında vurnuxduqca məlum olur ki, qəhrəmanı narahat edən əsas məsələ tənhalıq problemidir. Bu məsələ qonşu binada xəstənin başına doğmalarının yığıldığını görərkən onu daha çox düşündürməyə başlayır. Doğmaları başına pərvanə kimi dolanan xəstəyə həsəd, qibtə hissi yaşayır: "Yazıqlaşdım, sağa-sola boylandım. Kimisə axtarırdım. Kimi? Bilmirdim! Elə gücsüz, aciz idim, kiməsə sarılmaq, sığınmaq istəyirdim. Gecə yarı idi. Elə bil insan mənəviyyatını məhv edən qorxu, təlaş, vahimə hücum çəkirdi. Köməksiz idim. Həyəcanla səhərin açılmasını gözləyirdim. Sanki səhərdən kömək umurdum, səhər açılmırdı ki açılmırdı".

 

Onun qəhrəmanını cavabını ala bilməyəcəyi suallar narahat edir. Keçmişə boylanan, doğulub boya-başa çatdığı Göyərçinlini, təhsil illərini, valideynlərini xatırlayan Həcər anasının həmişə onu evdə gözləməyə səbri çatmadığını, yol ayrıcındakı "Qonaq" ağacının altında gözlədiyini xatırlayır. Əsərin sonunda qəhrəman həyatının son məqamını məhz həmin məkanda keçirmiş olur ki, bu da müəllifin süjetqurma məharətini bir daha sərgiləyir.

 

Vərəqlədiyi dünənində tələbəlik illəri də xüsusi yer tutur, Aslan müəllimin Nizami ilə bağlı söylədiyi fikrin ona təsiri, milli təəssübkeşlik hissi Həcəri elm aləminə bağlayır və tədqiqatla məşğul olduğu illər ərzində həyatın necə sürətlə ötüb keçdiyindən xəbəri belə olmur. "Xəmsə"nin əksər hissələrini fars dilində əzbər bildiyindən tələbə yoldaşı Ömər ona zarafatla deyir: "Həcər, rəhmətlik Şeyx bilsəydi ki, sən fars dilini öyrənmək üçün bu qədər əziyyət çəkəcəksən, "Xəmsə"ni mütləq Azərbaycan dilində yazardı".

 

Ömər onu məzəmmət etməkdən də çəkinməzmiş: "Başını qaldır dünyaya bax! Sağına-soluna bax! Zərifəni yadına sal. Elə semestr olmazdı ki, kəsrləri olmasın... Bu gün-sabah alacaq təsdiqini, olacaq elmlər doktoru, ailəsi, övladları var! Bəs, sən nəyin yiyəsisən?! Gəncliyini zay etdin, ailə qurmadın! Çoxdan hazır olan doktorluq işini müdafiə etmədin. Yerindən duran elmlər namizədi olur. Məgər, sənin biliyin, savadın, tədqiqat əsərlərin namizədlik çərçivəsinə sığandır?! İllərdi hazır olan doktorluq işini niyə müdafiə etmirsən?!"

 

Ömərin ona olan duyğuların ifadəsinə belə şərait yaratmayan Həcər üçün həyat başqa məcrada davam edirdi və o, bunu çox sonralar, işdən ayrıldıqdan sonra, ömrünün sonlarına yaxın hiss edəcəkdi. Dünyada hər şeyini, hətta onu həyata bağlayan nə varsa, hamısını itirən insan keçmişinə dönmək istəyir, lakin ən acınacaqlı məqam da onunla əlaqədardır ki, o keçmiş artıq yoxdur. Kəndinə gedərkən yol boyu kənddə keçirdiyi dünəninə də qayıdır, anasının səsi belə qulağına gəlir: "Ay qızım, haralarda qaldın, niyə gəlib çıxmırsan?" Bu, anamın səsi idi. Var gücümlə qışqırmaq istəyirdim: "Gəlirəm, ay ana, gəlirəm!" Anama nə cavab verəcəkdim, bilmirdim. Anamın ilini verəndən sonra otuz il idi ki, kəndə ayaq basmırdım. Kimi görməyə gedəcəkdim ki? Uçub dağılan evimizi, viranəyə çevrilən bağ-bağçamızımı?.."

 

30 il! Həyat axıb getmiş, o, bu illər ərzində kimləri, nələri itirmişdi... Dünəni xatırladıqca bu itkinin ağırlığını daha dərindən yaşayırdı. Novruz bayramını, qonşuluqda Totu adlı oğlanın anasının kirvələri üçün göndərdiyi şirnini yolun ortasında dostları ilə yediyindən nənəsinin ətəyinin altında gizləndiyini, uzun müddət kənd camaatının Totunun bu bayram qonaqlığından danışıb, güldüyünü xatırlayanda çöhrəsində təbəssüm yaransa da, qəlbində bir nigarançılıq baş qaldırır. O insanların sağ olub-olmaması barədə düşünür. Onların ölümü onun keçmişinin məhvidir. Alman şairi Henrix Heyne deyib: "Keçmiş insan ruhunun vətənidir. Ona görə biz tez-tez nə vaxtsa keçirdiyimiz hisslərin, hətta nə vaxtsa duyduğumuz qəm-kədərin həsrətini çəkirik". Hekayənin qəhrəmanı dünəni xatırladıqca qətiyyətlə bildirir ki, keçən günlərini qaytarsa idilər, gələn günlərini qurban verərdi: "Kim vermir, verməsin. Mən düşünmədən, daşınmadan qurban verərdim"...

 

Bayram axşamı yedikləri duzlu kömbəni də, analıq zülmünə qatlaşan Güllü ilə keçirdikləri anları  da xatırlayır. Həyatın zərbələri azmış kimi indi də duzlu kömbə içlərini yandırırdı. Xüsusilə Güllünün. Yazıq özünə gələn kimi, də evə getmişdi. O Gülü ki, sonda onu tanımağa çalışsa da, buna müvəffəq olmayacaqdı və onu dəfn edəcəkdi.

 

Qeyd edək ki, əsərin ictimaiyyətin marağına səbəb olmasını təmin edən əsas məsələlərdən biri onun mövzusu, ideyası ilə bağlıdırsa, digəri bədii xüsusiyyətləri ilə əlaqədardır. Bədiiliyin mühüm əlamətlərindən biri əsərin dilinin obrazlılığıdır ki, "Göyərçinlinin qonağı" bu tələblərə cavab verir. Bədii təsvir və ifadə vasitələri ilə zəngin olan bu hekayədə epitet, təşbeh, metafordan istifadə xüsusilə diqqət cəlb edir: "Ağaclar ağlayırdı. Dünyaya göz açmamış, qoynunda ikən məhv olan balaları üçün ağlayırdı. Mən də ağaclara qoşulub ağlayırdım. Çiçəkləri solan, quşları susan, pərən-pərən düşən bağımızın, bağçamızın bu acınacaqlı halına ağlayırdım". Burada insanın ağlamaq xüsusiyyətinin ağacın üzərinə köçürülməsi, yəni metafordan istifadə fikrin daha təsirli şəkildə təqdim edilməsinə xidmət etmişdir.

 

Əsərdə müəllif fikrinin fəlsəfi-psixoloji dərinliyi, fərqli yazı manerası, güclü realizmi və psixologizmi də əsas məziyyətlərdəndir. Ən təsirli məqamlardan biri onun qəhrəmanının kəndə çatmamış yol ayrıcında bitən, yaşı, kim tərəfindən əkilib böyüdüldüyü bəlli olmayan "Qonaq" ağacının altında keçirdiyi tərəddüdlü məqamla bağlıdır: "Qonaq" ağacının sinəsindən iki yol ayrılırdı. Biri qəbiristanlığa, digəri kəndin mərkəzi sayılan "ortalığa". O, ortalığa ki, kəndin kişilərindən kimi axtarsan, orada taparsan. O ortalıq ki, dünyanın bütün qarışıq-dolaşıq məsələləri orada "həll" olunardı". O həmin ağaca tərəf getdikcə kimisə görməyə can atsa da, heç kəsi görə bilmir: "İki yol ayrıcında qalmışdım. Üzümü kənd tərəfə çevirdim. Şər qarışırdı, qalanmış tonqalların işığı kəndi nura boyamışdı. Baca-baca gəzən uşaqların səsi, göyə atılan lopalar kənddə bir canlanma, bayram əhval-ruhiyyəsi yaratmışdı. Kəndin bu cah-cəlallı mənzərəsinə donuq nəzərlərlə baxırdım. Bir anlıq uzun illər həsrət qaldığım doğmaca kəndimin bu bayram şənliyində mən də iştirak etmək istədim. Addımımı atmamış içimdən bir səs gəldi: "Hara gedirsən? Hara gedəcəksən? Kimin qapısını döyəcəksən? Kimin qapısını ərk edib açacaqsan?" Doğrudan da, hara gedəcəkdim? Kənddə qohum-əqrəbam olsa da, nə mən onları tanıyırdım, nə də onlar məni. Bu əziz gündə heç kəsin qapısını döyməyə cürət etmədim".

 

O, keçirdiyi tərəddüdlərdən sonra qəbiristanlığa tərəf çevrilir, daxilində qəribə bir güc onu qəbiristanlığa doğru çəkir. Qaranlıqda qəbiristanlığın vahiməli görünüşü belə onun istəyinin qarşısını kəsə bilmir. Həcər qəlbində daşıdığı yükün ağırlığından elə "Qonaq" ağacının gövdəsinə sarılaraq dünyasını dəyişir. Dan yeri söküləndə kənd camaatı kəndin ağbirçəyi Güllü ananın məsləhətilə onu dəfn edirlər: "Güllü ana meyiti öz əlləri ilə yudu. Əlləri meyitin qulağındakı sırğalara dəyəndə əl saxlayırdı. Sırğalar sanki ona nə isə demək istəyirdi... Xatırla, xatırla bu qozalı tənələri xatırla! Güllü ana çalışırdı ki, ona tanış gələn bu sırğaları xatırlasın, elə bil kimsə yaddaşını silib, atırdı. Yadına sala bilmirdi ki, Həcər onuncu sinfi bitirəndə Heyran xala qızına bağışladığı sırğalar, həmən qozalı sırğalar idi". Güllü ana onu qulağında tənəsi, barmağında üzüyü, yanında çantası ilə dəfn etməyin düzgün olmadığını bilsə də, onu elə bu şəkildə dəfn etməkdən başqa çıxış yolu olmadığını da söyləyir və onun baş daşına məhz bu sözləri yazdırır: "Göyərçinlinin qonağı".

 

Əslində, hər insan bu dünyada qonaqdır. Müəllif əsərin sonunda diqqəti bu məsələyə yönəldir. Onun əsərinin qəhrəmanı dünənindən, keçmişindən uzaqlaşdığı üçün doğma məkanda da yaddır, tənhadır. Hekayənin ideyası, gənc nəslə ismarıcları onun nə qədər aktual məsələyə toxunduğunu bir daha sübut edir. Burada qoyulan problem insanı düşünməyə vadar edir. İngilis şairi Uilyam Verner onu yüksək qiymətləndirərək deyib: "İnsanın probllemlərini həll edə biləcək ən sədaqətli dostu onun düşüncəsidir".

 

Hekayədə fikirlər burulğanında vurnuxan qəhrəmanı düşüncələri ona görə xilas edə bilmir ki, o, zamanı dəyərləndirməkdə gecikmiş, özü ilə dialoqa belə çox gec başlamışdır. Fransız təbiətşünası Corc Lui Buffon deyib: "Ən ağır itkilərdən biri zaman itkisidir". Hekayənin məzmunundan düşüncələrinin son anlaradək ona sadiq qaldığını görürük. O, sonda həyata baxışının müəyyən qədər dəyişdiyini hiss etdikdə isə mövcud problemi həll etmək mümkünsüz olur. Diqqətlə nəzər saldıqda müəyyən olur ki, dünənini səhifələyən qəhrəman keçmişi ilə bağlı tutduğu mövqedə ("buzlu") bir zaman özünü tam haqlı saysa da, zaman keçdikcə bu tərəddüdə, hətta təəssüfə belə çevrilir.

 

Bu qədər yüksək məziyyətləri ilə bərabər, bir məsələni də qeyd etməliyik ki, süjeti, xüsusilə ekspozisiya və finalı son dərəcə maraqlı şəkildə qurulan hekayədə nəqletmənin uzunmüddətli davam etməsi bəzən marağın müəyyən qədər azlması ilə də nəticələnə bilər. Diqqətlə nəzər saldıqda müəyyən olur ki, müəllif bir neçə hekayənin mövzusunu bir məcrada təqdim etməyə çalışmışdır. Onları fərdi şəkildə təqdim etsə idi, yaşlı və orta nəsillə yanaşı, səbirsizlikdən əziyyət çəkən gənc nəsil tərəfindən də sonadək marala oxunardı. Əslində, müəllif bu əsəri elə məhz gənc nəsil üçün qələmə almışdır. Onun qəhrəmanının itkilərini görüb, ağrılarını yaşayıb zamanı dəyərləndirməyi bacarsınlar. Bilsinlər ki, həyat sürətlə keçib gedir. Sonda yollar ayrıcında qalmamaq, mənən məhv olmamaq, müvəffəq olmağı bacarmaq üçün hər anı düzgün dəyərləndirmək mütləqdir!

 

İlahə DADAŞOVA

Bakı Dövlət Universitetinin dissertantı

 

525-ci qəzet.- 2018.- 19 aprel.- S.7.