Alimlikdə və
insanlıqda Xalıq Koroğlu nümunəsi
Nəsib NƏBİOĞLU
Hər
bir şagirdin, tələbənin öz sevimli müəllimləri
olur. Mən, nə az-nə çox, 23 il təhsil
almışam.
On il
orta məktəbdə Kəlbəcərdə, beş il
Bakıda M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və
Ədəbiyyatı İnstitutunda, beş il Moskvada Maksim Qorki
adına Ədəbiyyat İnstitutunda, üç il isə
Rusiya Mədəniyyət, İncəsənət və Turizm
Akademiyasında aspiranturada oxumuşam. Tələbəlik
dövründə çoxsayda adlı-sanlı, çox
savadlı, unudulmaz, hətta dünya miqyasında tanınan
pedaqoqlar, alimlər mənə dərs deyib. O vaxt Ədəbiyyat
institutunda Viktor Pozov, Lev Ozerov, Lev Oşanin, Yevgeni Dolmatovski,
Andrey Dementyev, Stanislav Cimbinov, Lyusian Klimoviç, Feliks
Kuznetsov, Yuri Kuznestov, Vladimir Qusev, Vladimir Smirnov, Larisa Vasilyeva,
Yevgeniy Vinokurov, Aleksandr Vlasenko, Aza Taxo - Qodi, Xalıq
Koroğlu, İqor Peçenev, Yevgeniy Sidorov, Aleksandr Baskakov və
digərləri dərs deyirdilər. Həmin illərdə
Ədəbiyyat İnstitutunda zəngin, qeyri-adi kitabların
müəllifləri olan Mixail Yeryomin, Vladimir Smirnov, Sergey
Bondi, Aza Taxo-Qodi, Sergey Artamanov, Çingiz Hüseynov, Mixail
İşutin mühazirə oxuyurdular. Bizə dərs deyənlərin
hamısı həqiqi akademiklər idi. Onların dərsinə
girmək, onların dərsinə qulaq asmaq məsuliyyət
idi.
Bu
müəllimlər şeir, sənət dünyamızın,
ədəbiyyatımızın çox sirlərinə, dərinliklərinə
bələd olan insanlar idi. Elə insanlar ki, əsl sənət
adamlarından yazmağı, istedadlı insanları
qorumağı, unutmamağı, xalqın mənəvi
yatırına çevrilmiş şəxsiyyətlərini
daim diqqətdə saxlamağı özlərinə əqidə,
amal borcu hesab edirlər. Onların gördüyü işlərin
miqyası, əhatəsi o qədər genişdir ki,
mübaliğəsiz deyə bilərəm ki, həmin illərdə
müəllimlərimin fəaliyyətləri bir elmi mərkəz
həcmində işlərə bərabər idi.
Mən
indi müəllimlərimi, o qeyri-adi insanları böyük məhəbbətlə,
rəğbətlə xatırlayıram, onlarla fəxr edirəm.
Həyatda, yaradıcılığımda, ədəbi
mühitdə, ümumiyyətlə mətbuat aləmində
qazandığım uğurlara görə, müəllimlərimə
minnətdaram. Mənim müəllimlərimin əksəriyyəti
tələbkar, müdrik, ilk növbədə elmi, biliyi
önə çəkən və tələbələrin ən
mübahisəli ideyalarını dinləyən və
müzakirə edən, hər kəsə düzgün yol
göstərən əvəzsiz, təmkinli insanlar olublar.
Moskvada
təhsil aldığım illərdə mənə dərs
deyən müəllimlərdən biri də "Dünya ədəbiyyatı
tarixi"nin müəlliflərindən biri, şərq
dünyasının bilicilərindən olan, dünənimizi və
bu günümüzü tanıtdırmaq üçün,
fundamental elmi əsərlər, kitablar yazan, Xalıq
Koroğluydu. Xalıq Koroğlu haqqında Çingiz
Hüseynovdan eşitmişdim, amma özünü ilk dəfə
1983-cü ildə M. Qorki adına Ədəbiyyat
İnstitutunda gördüm. Həmin il bizə SSRİ
xalqları ədəbiyyatından mühazirələr
oxumağa başladı.
Onun
mehriban, qayğıkeş və səmimi münasibəti indi
də yadımdadır. Görkəmli alim özündən
sonra zəngin və çoxçalarlı ədəbi irs
qoyub getmişdir. Orta əsrlərdən başlayaraq Yaxın
və orta Şərq ədəbiyyatının sanballı sənətkarları
onu özünə cəlb etmiş, onların həyat və
yaradıcılıqlarını araşdırmış, təhlil
və tədqiq etmişdir. Xalıq Koroğlu uzun illər
çox zəngin və mürəkkəb
yaradıcılıq yolu keçən, ictimai-siyasi həyatla,
ədəbi mühitlə, rəngarəng sənət
adamları ilə sıx təmasda olan, şərqşünaslığın
və ədəbiyyatşünaslığın
inkişafında xüsusi önəmli yeri olan şəxslərdən
biri olmuşdur. O, çox təvazökar və eyni zamanda təmənnasız
insan idi. Xalıq Koroğlu Azərbaycan ədəbiyyatı
tarixinin, şərq ədəbiyyatının mükəmməl
bilicisi kimi, güclü analitik təfəkkürə malik
olan, müqayisəli idrak metodundan yerli-yerində, səmərəli
istifadə edə bilən görkəmli ədəbiyyatşünas
alimlərimizdən biridir.
Xalıq
Koroğlu Azərbaycanda doğulub-böyüməsə də,
Azərbaycanın çörəyini yeyib, suyunu içməsə
də, azərbaycanlı
olduğundan qürur hissi keçirir, fəxr eləyirdi.
Müxtəlif
zaman kəsiyində SSRİ Elmlər akademiyasının şərqşünaslıq
institutunda eləcə də digər instututlarda
nizamişünaslığın banilərindən olan şərqşünas
alim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü
Yevgeni Eduardoviç Bertels, SSRİ Elmlər
Akademiyasının həqiqi üzvü Andrey Nikolayeviç
Kononov, "Sovetskaya türkologiya" jurnalının baş
redaktoru, SSRİ EA-nın müxbir üzvü Əthəm
Tenişevlə, eləcə də Şərq
xalqlarının ədəbiyyatının öyrənilməsi
işində böyük zəhmət çəkmiş digər
məşhur alimlərlə çiyin-çiyinə
çalışmışdır. Xalıq Koroğlunun
Əziz Şərif, Əkbər Babayev, Çingiz
Hüseynov, Qəzənfər Əliyev, Saleh Əliyev,
Qasım Kərimov, Əbdül Hüseynov, Tofiq Məlikli kimi
adlı-sanlı azərbaycanlı şərqşünaslarımızın
və alimlərimizin arasında özünəməxsus yeri
vardır.
Neçə-neçə
bilikli, yüksək ixtisaslı filoloq kadrların
hazırlanmasına böyük zəhmət sərf
etmişdi. Onun rəhbərliyi ilə çoxsayda namizədlik,
doktorluq dissertasiyası müdafiə edilib. Xalıq Koroğlu
tələbələrinin sevimli, qayğıkeş müəllimi
idi, ədəbi, tərbiyəsi, savadı, etik kamilliyi, mənəvi
bütövlüyü ilə başqalarından fərqlənirdi.
O,
ailələri 1919-cu ildə Güney Azərbaycanın Sərab
bölgəsindən Qüzey Azərbaycana köçərkən
yolda dünyaya gəlmişdi. Atası Hüseyn kişi
Bakıda iş tapa bilmədiyindən, çətin vəziyyətlə
üzləşdiyindən bir neçə ay sonra ailəsiylə
birlikdə Bakıdan Aşqabada üz tutmuşdu. Hüseyn
kişi ərəb və fars dillərini yaxşı bilən,
dini təhsil almış adam idi. İbtidai təhsilini
Aşqabadda alan Xalıq uşaqlıq çağlarından ərəb,
fars dilini mükəmməl öyrənmişdi. Bu dilləri
öyrənib mənimsəməsində atasının
böyük rolu olub. O, ərəb, fars dillərindən
başqa, ingilis, fransız dillərini də mükəmməl
bilirdi, geniş mütaliəsi vardı. Xalıq Koroğlu tələbələrinə
də çox dil bilməyin vacibliyini təlqin edir, onları
dediyi sözün kəramətinə inandırırdı.
Filologiya
elmləri doktoru, professor Xalıq Koroğlu 1956-cı ildə
MDU-nun filologiya fakültəsini bitirmişdir. 1944-48-ci illərdə
Moskva Şərqşünaslıq İnstitutunda, 1948-58-ci illərdə
Moskva Xarici Ticarət İnstitutunda dərs demişdi. 1958-71-ci
illərdə Böyük Sovet Ensiklopediyasında xarici şərq
ədəbiyyatı şöbəsinin müdiri, 1971-86-cı
illərdə SSRİ EA-nın Dünya Ədəbiyyatı
İnstitutunda baş elmi işçi, 1986-cı ildən
MDU-nun filologiya fakültəsinin professoru idi.
Xalıq
Koroğlu mətbuatda 1946-cı ildən çap olunmağa
başlayıb. 150-dən artıq elmi əsərin müəllifidir.
İlk kitabı "Fars-rus, rus-fars ümumiqtisadi və xarici
ticarət lüğəti" 1957-ci ildə çap
olunmuşdu. Daha sonralar bir-birinin ardınca orta və ali məktəblər
üçün "Uzbekskaya literatura", "Turkmenskaya
literatura" dərsliklərini, "Oğuz qəhrəmanlıq
eposu", "İran, Azərbaycan və Orta Asiya, xalqları
dastanlarının qarşılıqlı əlaqələri",
"Müasir fars ədəbiyyatı"
monoqrafiyalarının və bir sıra başqa ədəbiyyatşünaslıq
əsərlərini yazıb nəşr etdirmişdi.
"Quran" və "İncil" əsasında,
şamançılıqdan islama qədər (altı dindən)
bəhs etdiyi "Ruhani mədəniyyət və bədii ədəbiyyat"
mühazirələr silsiləsi tələbələri, dinləyiciləri
arasında xüsusi maraq yaratmışdı.
Xalıq
Koroğlunun mühazirələrində həmişə
çoxlu tələbə olurdu, ona qulaq asmaq
üçün başqa institutlardan tələbələr,
aspirantlar, hətta müəllimlər də gəlirdilər.
Onun mühazirələrinə çox maraq göstərirdilər,
mühazirələr səssiz-sədasız qalmazdı, ona
böyük ehtiram və sevgi bəsləyirdilər.
M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarının məzunu, yazıçı, publisist Andrey Uqlitski öz xatirələrində Xalıq Koroğlu haqqında çox səmimiyyətlə yazır ki, onun mühazirələrinə ən birinci gələnlərdən olmuşam. Həmişə də ovsunlanmış kimi qabaq cərgədə onun mühazirələrini dinləmişəm. Allahsızlıq ideologiyasının hökm sürdüyü ölkədə bəlkə də dünyada yeganə adam Xalıq Koroğluydu ki, mənə "Quran"ı, "İncil"i, "Tövrat"ı çatdırmışdı. Onun sanballı elmi məqalələri, mülahizələri, araşdırmaları maraqla qarşılanır, müəllifinə şöhrət gətirir, nüfuz qazandırırdı. O, rus dilini öyrənməklə rus mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olumuş, milli ədəbiyyat tarixinin təbliği, öyrənilməsi baxımından X. Koroğlunun rolu böyükdür.
Hələ sağlığında İranda, Türkiyədə, Azərbaycanda, Orta Asiya respublikalarında X. Koroğlunun adı tanınmış folklorşünaslar sırasında özünəməxsus yer almışdır. O, görkəmli elm və sənət adamları tərəfindən həmişə hörmətlə yad edilərək, yaradıcılığına, elmi əsərlərinə dönə-dönə müraciət olunmuşdur.
Xalıq Koroğlu 1991-ci ildə klassik şərq poeziyasının nəhəngləri olan dünya mədəniyyət xəzinəsində özünəməxsus yer tutan Nizami Gəncəvi, Məhəmməd Füzuli, Rudəki, Firdovsi, Ömər Xəyyam, Mövlana Cəlaləddin Rumi, Sədi Şirazi, Əmir Xosrov Dəhləvi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Şəmsəddin Məhəmməd Təbrizi kimi söz ustalarının yaradıcılıqları haqqında rus dilində nəşr olunan 9 cildlik "İstoriya vsemirnoy literaturı" (“Dünya ədəbiyyatı tarixi" nəşr etdirmişdi. Bu əsərlər Şərq və Azərbaycan ədəbiyyatşünaslığının şərqşünaslıq elminə böyük töhfələridir.
Xalıq Koroğlu ortaboylu, gülərüz, xoşsifət bir adam idi, üzündən, gözündən nur tökülürdü, hamı ilə mehriban və səmimi rəftar edirdi, olduqca sadə, istiqanlı insan idi. Başqa müəllimlərimizdən onu fərqləndirən ən üstün cəhəti onun ensiklopedik biliyə malik mütəxəssis olması idi, tələbkar bir müəllim kimi tələbələrinin rəğbətini qazanmışdı.
X. Koroğlunun ərəb, fars, Azərbaycan, türk, ingilis və fransız dillərində nadir kitablardan ibarət çox zəngin kitabxanası var idi. Sovetlər dönəmində xarici olkələrdən Moskvaya gətirilən çoxsayda kitablar gömrükdə saxlanılır və müsadirə olunurdu. Dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları bu kitabları oxuya bilmədiyindən X. Koroğluya müraciət etməli olurdular, o da öz növbəsində təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən müsadirə olunan kitablara baxmalı olurdu. Bu kitabların cəmiyyət üçün qorxulu olmadığını bildirib, məhv etməyə qoymur, nadir kitabları seçib özünə götürürdü. X. Koroğlunun kitablarının əskəriyyətini həmin kitablar təşkil edirdi.
Mən də dəfələrlə X. Koroğludan kitabxanasını bizə - Azərbaycan diasporuna verməyi xahiş etmişdim. Xalıq müəllim dünyasını dəyişəndən sonra onun arxivi və zəngin kitabxanası dağıldı. Böyük şəxsiyyətin əlyazmaları, elmi məqalələri, əlyazma şəklində yazılı mühazirələri hardasa itib-batdı, yoxa çıxdı. Nə həyat yoldaşı, hə də övladları onun kitablarını, arxivini qoruyub saxlaya bildilər.
1997-ci ilin aprelində Azərbaycan Prezidenti Heydər Əliyev "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalamışdı. 2000-ci ilin aprelində Bakıda "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Xalıq Koroğlu da Moskvadan bu möhtəşəm tədbirə dəvət olunan alimlərin arasındaydı. Uzun illərdən sonra onu Bakıya dəvət eləmişdilər. Bakıdan qayıdandan sonra telefonla danışdıq. O, "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin Bakıda qeyd edilməsinin böyük nailiyyət olduğunu və özünün də bundan qürur duyduğunu dedi. Təsadüfi deyil ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəyli bir məqaləsində Rusiya alimləri A.Y.Yakubovski, V.M.Jirmunski, V.V.Radlov, A.N.Kononov, K.A.İnostransevlə yanaşı, Moskvada yaşamış Azərbaycan alimi Xalıq Koroğlunun da qorqudşünaslığa sanballı elmi töhfələr verdiyini vurğulayıb.
X. Koroğlu ilə bağlı bir maraqlı məqam da budur ki, o, sağlığında özü haqqında yazılan nekroloqu oxumuşdu. Bu əhvalat belə başlanmışdı ki, onlara "Taqanskaya" metrosu yaxınlığında təzə binadan ikiotaqlı mənzil vermişdilər. Mən də arabir onlara, X. Koroğlunun yanına gedirdim. X. Koroğlu təzə binaya köçəndən sonra köhnə evə çoxlu zənglər olurmuş. Axırda ev sahibi bezib və deyib ki, bir də bura zəng eləməyin, sizin Koroğlunuz öldü!.. Bu xəbər Bakıyacan yayılıb. Rəhmətlik Yaşar Qarayev o zaman Nizami adına Ədəbiyyat İnstitutuna rəhbərlik edirdi. Bu xəbəri eşidən kimi tapşırıq verib, nekroloq yazılaraq "Ədəbiyyat qəzeti"ndə çap olunub. Bundan bir neçə gün sonra Tofiq Məlikli Bakıya gedirmiş. Xalq Koroğlu ondan Yaşar Qarayevə nəsə bir sifariş göndərir. T.Məlikli Bakıya gələndə Y.Qarayevlə görüşür. Y.Qarayev X. Koroğlunun ölümü barədə dərin təəssüflə danışır, nekroloqdan da söz açır. T.Məlikli də and-aman edir ki, X.Koroğlu sağ-salamatdır, iki gün qabaq özüylə danışmışam. Sonra həmin nekroloqun bir nüxsəsini Moskvaya gətirib X. Koroğlunun özünə çatdırmışdılar. X.Koroğlu bu barədə tanınmış yazıçımız Çingiz Hüseynova danışanda o, xalq inanclarına əsasən, bunu uzunömürlülüyə işarə kimi mənalandırmışdı.
Sağlığında MDU-nun Əməkdar professoru fəxri adına layiq görülmüş X.Koroğlu uzun, mənalı bir ömür yaşadı, 2002-ci ildə 82 yaşında haqq dünyasına qovuşdu.
Moskva
20.02.2018.
525-ci qəzet 2018.- 20 aprel.- S.7.