Naxçıvan Muxtar Respublikası:
uğurlar və töhfələr
Azərbaycan Respublikası
sosial-iqtisadi inkişaf sahəsində artım dinamikasına əminliklə
davam etməkdədir.
Bu
proseslər milli iqtisadiyyat quruculuğu sahəsində
çox mühüm amil olmaqla yanaşı, həm də
regional siyasətin səmərəliliyinə xidmət etməkdədir.
2016-cı ilin dekabr ayında ölkə
başçısı tərəfindən təsdiq edilən
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları
üzrə Strateji Yol Xəritələrində müəyyən
edilən hədəflərin yerinə yetirilməsində
muxtar respublikanın rolu və mövqeyi əhəmiyyətli
dərəcədə artmışdır. Qeyri-neft sektorunun
inkişaf perspektivlərinin düzgün müəyyənləşdirilməsi
bunun üçün həyata keçiriləcək tədbirlərin
səmərəliliyinin artırılmasına da imkan
vermişdir. Güclü infrastruktur potensialının
yaradılması milli iqtisadiyyat üçün
çoxşaxəliliyin təmin edilməsini sürətləndirmiş
və bu, özünü ayrı-ayrı sahələrin əlaqəli
inkişafında göstərməkdədir.
İqtisadiyyatın sahə strukturunun keyfiyyətcə təkmilləşməsi
həmin istiqamətlərdə dayanıqlı şəbəkə
yarada bilmiş, yüksək sosial-iqtisadi səmərə əldə
edilmişdir. Belə olan vəziyyətdə isə təmin
edilən hər bir inkişaf mərhələsi yenilərinin
açılmasını stimullaşdırmışdır.
Söz
yox ki, bütün bunları qeyd edərkən, ölkənin
davamlı, ardıcıl və yüksək mahiyyətli
regional siyasəti və həmin fonda Naxçıvan Muxtar
Respublikasının verdiyi sosial-iqtisadi töhfələr nəzərimizdə
canlanır. Ulu öndər böyük Heydər Əliyev
siyasətinə və həmişəyaşar ideyalarına
sadiq qalaraq, bazar iqtisadiyyatının obyektiv inkişaf
qanunları əsasında sürətli inkişaf yolu
keçən muxtar respublika bütün iqtisadi
potensialını səfərbər etməklə, ölkənin
milli iqtisadi quruculuq proseslərində fəal iştirak etməkdədir.
Bunlarla isə təbii ki, qeyri-neft sənayesinin
imkanlarının artırılmasında hərəkətverici
təsirə malik olmaqdadır.
Naxçıvan
Muxtar Respublikasında əldə edilən uğurlara diqqət
edərkən aydın olur ki, burada sosial-iqtisadi sahədə qətiyyətli
idarəetmə mövcuddur və bu, iqtisadi inkişaf
üçün güclü təminat yaratmaqdadır.
Xüsusən də, son 22 ildən artıq tarixi inkişaf
dövründə əsas makroiqtisadi göstərici olan
Ümum Daxili Məhsul istehsalının 62 dəfəyə
yaxın artması, bunun isə dayanıqlı iqtisadi siyasətə
zəmin olması qeyd etdiklərimizə sübutdur.
Naxçıvan
Muxtar Respublikasında ÜDM-nin həcmi haqqında məlumat
(min manat)
Yeni iqtisadi şəraitə xas əmək, istehsal, məşğulluq,
istehlak və digər istiqamətlər üzrə etibarlı
fəaliyyət münasibətlərinin formalaşması, bu
sahədəki proseslərin stimullaşdırılmasına
imkanlar açmışdır. Nəticədə isə
makroiqtisadi siyasətin səmərəliliyi daha da
artmışdır ki, bu da çoxsahəli infrastruktur
potensialı yaratmışdır.
Sənayenin və kənd təsərrüfatının
bir-biri ilə əlaqəli inkişafı öz
özlüyündə xammal mənbələrinə əlçatanlığı
təmin etmiş, emal və istehsal proseslərinin arasıkəsilməzliyinə
təminat vermişdir. Muxtar respublikada bu məsələlərin
səmərəliliyi onun xüsusilə bütün rayon və
kəndlərini əhatə etməkdədir.
Artıq bu tədbirlər həm davamlı xarakter
daşıması ilə, həm də yeni iqtisadi
potensialın təşkilatlanması ilə öz
aktuallığını artırmaqdadır. Bu potensial isə
muxtar respublikanın bütün sahələr kimi nəqliyyat
sektorunda da innovativ ideyalara əlverişli yol
açmış və perspektivliyini
artırmışdır. Qeyd edilən tədbirlərin
hərəkətverici qüvvəsi olaraq, Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə
"Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat
sisteminin 2011-2015-ci illər üzrə inkişaf
Proqramı" təsdiq edilmişdir. Bu
dövrdən başlayaraq muxtar respublikada dəmir yolu sahəsində
daha mütərəqqi infrastruktur quruculuğunda yeni mərhələ
başlandı. Bununla da muxtar respublika beynəlxalq
iqtisadi münasibətlərin ən sadiq tərəfdaşı
kimi məhsuldar ideyalarla çıxış etməklə
milli iqtisadi inkişafa verdiyi töhfələrin əhatəsini
genişləndirmiş oldu. Məhz bu
günlərdə, yəni 2 aprel tarixində
"Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli
Cəmiyyətinin Ordubad dəmir yolu stansiyası kompleks
quruculuq işlərindən sonra istifadəyə verildi. Bu tədbir muxtar respublikada iqtisadiyyatın müqavimət
gücünün və məhsuldarlığının
artırılmasına bir başa xidmət edəcəkdir.
Digər tərəfdən bu imkan verəcək
ki, muxtar respublikanın milli iqtisadiyyatlarını inkişaf
etdirən ölkələrlə inteqrasiya proseslərində
uğurlu iştirakçı olsun. Buna tam
hazır olsun. Dünya iqtisadiyyatına,
onun inkişaf qanunauyğunluqlarına, prioritetlər üzrə
təcrübələrinə uyğun olaraq, inkişaf
etmiş nəqliyyat sektoruna malik olmaq və bu sahə üzrə
makro səviyyədə yüksək perspektivliyə malik dəmiryolçular
ailəsinə üzv olmaq muxtar respublikanın çevik
iqtisadi inkişafına hədəflənib. Blokada vəziyyətinin təsirlərinin və təhdidlərinin
məhdudlaşdırılmasına təkan verən bu
potensial həm də sahibkarlıq fəaliyyətinin
stimullaşdırılmasına öz əhəmiyyətli təsirini
göstərəcək. Belə ki,
istehsalın fasiləsizliyini, onun istehlaka qədər olan
qırılmazlığını təmin edəcək bu
amillər yükdaşımalar sistemində mal dövriyyəsinin
artmasına şərait yaradacaq. Zaman və
keyfiyyət itkisinə yol vermədən genişmiqyaslı
ticarət dövriyyəsinin formalaşmasını şərtləndirəcək.
Nəticədə isə muxtar respublikada
ixracyönlü məhsulların istehsalı sahəsində nəzərdə
tutulan hədəflər gerçək olacaq. Naxçıvan məhsulları brendləşmə
istiqamətində yeni mərhələyə qədəm
qoyacaq. Bu, eyni zamanda, muxtar respublikada kəndlərin
sosial-iqtisadi inkişafını sürətləndirəcək
ki, bununla da hər bir kəndli məhsul istehsalının stimullaşdırılmasında
mühüm və fəal iştirakçı olacaq.
Bu, strateji layihədir. Ölkəmizin uzaq gələcək
üzrə müəyyən etdiyi hədəflər məhz
bu dövrdən başlayaraq daha da gerçək olacaq.
Strateji Yol Xəritələrində yer alan
kiçik və orta sahibkarlıq səviyyəsində istehlak
mallarının istehsalına dair, eləcə də logistika və
ticarətin inkişafına dair Strateji Yol Xəritələrinin
inkişafı məqsədlərinə birbaşa xidmət edəcək.
Qarşıdakı
dövrlər üzrə nəzərdə tutulub ki,
Naxçıvan Muxtar Respublikası ilə Bakı şəhəri
arasında İran İslam Respublikası ərazisindən
keçməklə, dəmir yolu xəttinin
açılması təmin edilsin və hazırda bu layihə
istiqamətində işlər aparılır. Məhz
bu, həm muxtar respublikada kreativ ideyalara əsaslanan
sahibkarlığın inkişafına yeni təkan olacaq, həm
muxtar respublika ilə tərəfdaş ölkələr
arasında iqtisadi işbirliyinin sürətlənməsinə
xidmət edəcək, həm də Azərbaycanla İran
arasındakı ticarət imkanlarının artmasına səbəb
olacaq. Nəticədə isə Azərbaycanın
regionda və dünyadakı mövqeyinin daha da güclənməsinə
stimul verəcək. Nəzərə alsaq ki, ötən
ilin oktyabr ayında Asiya ilə Avropa arasında körpü
rolunu oynayan Bakı-Tbilisi-Qars Dəmir Yolu də istifadəyə
verildi, onda muxtar respublikanın bu nailiyyətləri həmin tədbirlər
üzrə çox strateji dəstək olacaq. İstər
beynəlxalq yükdaşımaların, istərsə də sərnişinlərin
məntəqələr və ölkələrarası hərəkətinin
davamlılığı üçün çox
mühüm vasitə olacaq bu potensial ümumilikdə, Azərbaycanın
müəllifi olduğu ideya və təşəbbüslərin
dünya tərəfindən qəbul edildiyini də göstərməkdədir.
Naxçıvan Muxtar Respublikası Ümummilli lider
böyük Heydər Əliyevin ölkəmizdə müəyyən
etdiyi müstəqil iqtisadi siyasətin təminatçısı
kimi böyük uğurlara imza atmaqdadır. Təbiidir ki,
dövlətlərin siyasi müstəqilliyi onların iqtisadi
müstəqilliyini şərtləndirən və ona təminat
verən ən mühüm göstəricidir. İqtisadi müstəqillik isə özünün
davamlı inkişafı ilə siyasi müstəqilliyin
çox zəruri təminat amillərindəndir. Bu, bir həqiqətdir ki, muxtar respublika
qazandığı nailiyyətlərlə hər iki istiqamət
üzrə təkmil baza formalaşdırmış, öz
iqtisadiyyatına, öz təbii sərvətlərinə və
bu sahələr üzrə siyasətinə qərar verə
bilən bir Muxtar Dövlət olaraq inkişaf etməkdədir.
Belə bir vəziyyətdə muxtar respublika
sosial-iqtisadi inkişaf göstəricilərinin mühüm
ifadəsi olaraq, genişmiqyaslı tikinti-quruculuq işlərilə
daha çox üstünlüklər əldə etməkdədir. Ən
müasir standartların hətta ən ucqar dağ kəndlərində
özünə kök salması, kommunal təminatların
genişmiqyaslılığı, xüsusən də dağ
kəndlərinin canlanması və bu kimi bir çox tədbirlər
muxtar respublikanın milli iqtisadi quruculuq proseslərindəki əhəmiyyətliliyinin
təmin edilməsinə güclü təsir etdi. Təkcə
onu qeyd edə bilərik ki, 2017-ci ildə bütün maliyyə
mənbələrindən əsas kapitala 1 milyard 5 milyon 761 min
manat vəsait yönəldilmişdir ki, bu da 1995-ci ilin
müvafiq göstəricindən 330 dəfəyə yaxın
artıq olmuşdur.
Naxçıvan
Muxtar Respublikasında əsas kapitala yönəldilən
investisiyaların həcmi (min manat)
Yüksək
təminat qabiliyyətinə malik infrastruktur quruculuğuna
göstərilən diqqət dövlətin ali
məqsədlərinə aid olmaqla, istehsal və iqtisadi idarəetmə
sahəsində çox mühüm amil olmuşdur. Məlumdur ki, 2004-cü ildən ölkəmizdə
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramları mərhələlər üzrə olmaqla,
uğurla icra olunmaqdadır. Bunlarla
yanaşı, muxtar respublikanın özünün
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının Ali Məclisin Sədri tərəfindən təsdiq
edilməsi çox mühüm sürətləndirici mexanizm
olaraq dəyərləndirilməlidir. Hesablamalar
göstərir ki, birinci mərhələdə, yəni
2004-2008-ci illərdə əsas kapitala yönəldilən
investisiyaların həcmi 4 dəfəyə yaxın, ikinci mərhələdə
(2009-2013) 3 dəfəyə yaxın artmışdır.
Hazırda üçüncü mərhələsinin
(2014-2018) sonlarına yaxınlaşdığımız
Dövlət Proqramının icra olunan müddəti ərzində
həmin göstərici 2 dəfəyə yaxın artımla
müşayiət olunmuşdur. Bu sahədəki
proseslərin inkişaf istiqamətli olması müvafiq
göstəricinin də artmasına zəmin yaradacaq. Qeyd edək ki, həmin proqramların icrasına
başlandığı 2003-cü ildən 2017-ci ilə qədər
muxtar respublikada əsas kapitala yönəldilən
investisiyaların həcmində 16 dəfəyə yaxın
artım olmuşdur.
Dövlətin iqtisadi siyasətinin səmərəliliyi
əhalinin sosial rifah halının daha da
yaxşılaşmasında özünü göstərməkdədir. Firəvanlıqla,
əminəmanlıqla yaşamaq, tarixilik və müasirlik
baxımdan arxitektur ənənələrinin qorunması muxtar
respublikanın hər bir sakininin məmnunluğuna səbəb
olmuşdur. Təbii ki, bütün bunlar
isə makroiqtisadi tarazlığın təmin edilməsi
şəraitində mümkün olmuşdur. Belə ki, 2017-ci ildə muxtar respublikada 236 müxtəlif
təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya
əsaslı təmir olunmuşdur. 98
müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması
və ya əsaslı təmiri isə davam etdirilmişdir.
Əlbəttə ki, iqtisadiyyatın sahə
strukturu üçün güclü baza olacaq bu göstəricilər
uzaq gələcək üçün əsaslı səmərəlilik
göstəricilərinə stimul verəcək.
Beləliklə, Naxçıvan Muxtar Respublikası
sosial-iqtisadi inkişafını Azərbaycanın milli
iqtisadiyyatı üçün güclü baza olaraq
formalaşdırmaqdadır. Əldə etdiyi
nailiyyətlər, yaratdığı və təmin etdiyi
dayanıqlıq böyük istehsal və sosial perspektivlər
gətirməkdədir.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet 2018.- 20 aprel.-S.6.