Ələmdar Cabbarlı “Qızıl” kitabını təqdim etdi

 

Dünən Bakı Dövlət Universitetində filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələmdar Cabbarlının “Aşıq Şəmşir” Mədəniyyət Ocağı və İctimai Birliyinin dəstəyilə çap olunan “Qızıl” kitabının təqdimat mərasimi keçirilib.

 

Mərasimdə ziyalılar, ədəbiyyatşünaslar, universitetin müəllim, professor və tələbə kollektivi, media nümayəndələri iştirak ediblər.

 

Tanınmış aparıcı Orxan Cabbarlının moderatorluğu ilə keçirilən tədbiri professor Şahlar Əsgərov açıb. Ə.Cabbarlının həyat və yaradıcılığı haqqında danışan natiq “Qızıl” kitabının müəllifin yaradıcılığında yeni səhifə olduğunu deyib. Çünki burada artıq o, özünü  nasir kimi sınayıb. Ş.Əsgərov kitabın adını aldığı “Qızıl” hekayəsinə xüsusi diqqət yetirib, hekayənin bədii məziyyətlərini yüksək qiymətləndirib.

 

Tənqidçi Əsəd Cahangir Ə.Cabbarlını şair və ədəbiyyatşünas alim kimi tanıdığını, onun nəsrə keçəcəyini gözləmədiyini deyib.

 

Professor Cahangir Məmmədli şairin şəxsiyyətindən, elmi fəaliyyətindən söz açıb, onun xarakterindəki yüksək məziyyətlərin yaradıcılığına da təsirini vurğulayıb.

 

Azərbaycan Yazıçılar Birliyi (AYB) Moskva bölməsinin katibi, tanınmış şair Nəsib Nəbioğlu Ə.Cabbarlının yaradıcılığını yüksək qiymətləndirib, onun ciddi elmi və ədəbi fəaliyyətinin gələcəkdə daha da inkişaf edəcəyinə inandığını deyib.

 

Şair Ayaz Arabaçı Ə.Cabbarlının poeziyasından söz açıb, onu klassik irsə sadiq qalan yenilikçi şair adlandırıb.

 

Şair-tərcüməçi Adil Cəmil deyib ki, Kəlbəcər mahalı daha çox sazın işığında poetik məna quran mahal olduğundan burada qoşma, gəraylı janrlarında şeirlər yazılır. Amma Ələmdar öz gəlişi ilə bu qəlibləri aşa bildi.

 

Şair Knyaz Aslan çıxışında deyib ki, Ə.Cabbarlı şair kimi özünü təkcə Kəlbəcər və Azərbaycan ədəbi mühitində deyil, eləcə də beynəlxalq ədəbi müstəvidə təsdiq etmiş gəncdir.

 

AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Qızıl” kitabında yer alan bədii nümunələrdən danışıb: “Ələmdar Cabbarlı həm ədəbi, həm elmi, həm də ictimai sahədə çox fəaldır. Bu, Gənclərlə iş üzrə katib kimi məni çox sevindirir. O, bu təqdimata dəvət edib kitabını verərkən mən yenə də şeir kitabı olduğunu düşündüm. Ancaq kitabda nəsr nümunələri ilə qarşılaşdım. Bu, məni çox təəccübləndirdi və mən elə oradakı ilk əsərin - “Kino” povestinin ilk abzasında onun nasir olduğuna əmin oldum. Povestin sujeti, mövzusu və çatdırılan fikir mənə çox gözəl hisslər yaşatdı. Kitabın adını aldığı “Qızıl” hekayəsi də Qarabağla bağlı əsərlər kimi məni dərindən təsirləndirdi”.

 

Daha sonra ustad Aşıq Şəmşirin nəvəsi Cabir Qurbanov, BDU-nun dosenti Rəşad Qardaşov, Mahir Qabiloğlu, Əvəz Qurbanlı və başqaları söz alaraq müəllifi yeni kitabı münasibətilə təbrik ediblər.

 

Tədbirdə Ə.Cabbarlıya vətənpərvərlik mövzusunda yazdığı əsərlərə görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı və İctimai Birliyinin “Dədə Şəmşir” fəxri diplomu təqdim olunub.

 

Sonda Ələmdar Cabbarlı ona göstərilən diqqət üçün “Aşıq Şəmşir” Mədəniyyət Ocağı və İctimai Birliyinin, BDU-nun rəhbərliyinə, çıxışçılara təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2018.- 21 aprel.- S.13.