Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində

 

Bakıda “Vektor” Beynəlxalq Nəşrlər Evi tanınmış Azərbaycan şairi Sona Vəliyevanın “Qar ətri” (The Smell of Snow) adlı şeirlər kitabını ingilis dilində çapdan buraxıb.

 

Şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Kitabın redaktoru Henri Braundur.

 

Topluya şairin 63 şeiri daxil edilib.

 

Kitab dörd bölmədən ibarətdir - Giriş, Ev, Sevgi və Təbiət. Topluya ön söz yazan tərcüməçi qeyd edir ki: “Qar ətri” kitabı müasir Azərbaycan poeziyasının (21-ci əsr) istedadlı nümayəndələrindən biri Sona Vəliyevanı ingilisdilli insanlarla tanış etmək məqsədi güdür. Kitab, həmçinin, ingilis dilində müasir Azərbaycan şeiri ilə maraqlanan insanlar üçün də faydalı olar. Bu iki kateqoriyadan olan oxucuları nəzərə alaraq, mən şairin ən yaxşı şeirlərini seçdim və onları şərhlər və izahlarla birlikdə kitaba daxil etdim, çalışdım ki, şərhlərdəki informasiya yükü bir qədər çox olsun”.

 

Ön sözdə daha sonra deyilir ki, Sona Vəliyevanın şeirlərində qaldırılan geniş məsələlər, mövzu zənginliyi ciddi sosial və poetik çağırışlar vəd edir. Forma və məzmun yeniliyi, canlı, ətli-qanlı misralar, qafiyəsiz bəndlər...bütün bunlar yeni nəsil Azərbaycan şairlərinin, o cümlədən, Sona Vəliyevanın yaradıcılığında nəzərəçarpan xarakterik cəhətlərdir.

 

Kitaba şairin müxtəlif illərdə yazdığı əsasən sərbəst şeirləri daxil edilib. Əsas mövzular ev, sevgi, təbiət və sosial məsələlərlə bağlıdır. Şairin şeirləri beynəlxalq dəyərlərə söykənir, bu şeirlərdə sözün böyük mənasında Sevgi var - Vətənə, Evə, Ailəyə, Allaha, Təbiətə, Dosta, Azadlıq və Tolerantlıq prinsiplərinə, Dünyaya...sevgi sayılan dəyərlərin taleyi Sona Vəliyevanı bir şair kimi narahat edir.

 

 

525-ci qəzet  2018.- 21 aprel.- S.12.