Bakıda türkiyəli xanım rəssamların
sərgisi açıldı
Aprelin
19-da Müasir İncəsənət Mərkəzində Azərbaycan
Rəssamlar İttifaqı və Türkiyənin ölkəmizdəki
səfirliyinin mədəniyyət və tanıtma
müşavirliyinin təşkilatçılığı ilə
türkiyəli xanım rəssamların əsərlərindən
ibarət sərgi açılıb.
Açılış
mərasimində hər iki ölkənin tanınmış mədəniyyət
xadimləri, rəssamlar, sənətsevərlər və media
nümayəndələri iştirak ediblər.
Tədbiri
giriş sözü ilə açan Azərbaycan Rəssamlar
İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov
hər iki ölkə arasındakı dostluq-qardaşlıq
münasibətlərindən və bu doğmalığın
sənətdə, mədəniyyətimizdəki əksindən
danışıb. Deyib ki, Azərbaycanla Türkiyə
arasındakı milli və mədəni yaxınlıq hər
iki xalqın dünyagörüşünə də bilavasitə
təsir edir. Buna görə də sənət adamları bu
yaxınlığı daha da sıxlaşdırmaq
üçün çalışmalıdırlar.
Sərginin
Müasir İncəsənət Mərkəzində
keçirilməsinin heç də təsadüf
olmadığını vurğulayan F.Xəlilov bu
ocağın hər zaman əsl sənətə, mədəniyyətə
açıq olduğunu deyib. Onun sözlərinə görə,
sərgidə yer alan əl işlərinin müəlliflərinin
xanımlar olması da rəsm əsərlərindəki incəlik
və zərifliklə özünü göstərir.
Türkiyənin
Azərbaycandakı səfirliyinin mədəniyyət və
tanıtma müşaviri İrfan Çiftçi
çıxışında deyib ki, Azərbaycan rəsm və
tətbiqi sənətinə görə, Türkiyədən
daha çox inkişaf etmiş ölkədir: “Türkiyənin
bütün sahələrdəki inkişafı göz
önündədir. Lakin əl işi sənətlərində,
xüsusən, rəssamlıq, heykəltəraşlıq kimi
incəsənət növlərində Azərbaycandan bəhrələnə
biləcəyi çox cəhətlər var. Biz bu sənətlərdəki
fəaliyyətimizi mümkün olduqca sistemləşdirməliyik.
Məsələn, keçmişdəki bir ustad rəssamla
müasir rəssamın yaradıcılığındakı
oxşarlıqları mövzu alaraq sərgilər təşkil
edə, bununla müəllim-şagird münasibətlərini
ön plana çıxara bilərik. Bizim iki xalq olaraq bu
cür mədəni münasibətlərimizi daha da dərinləşdirməyimiz
lazımdır. Bizim bir-birimizdən öyrənəcəyimiz
çox şey var. Mən də başda Azərbaycan Rəssamlar
İttifaqı və sədri Fərhad müəllim olmaqla, bu
sərgidə əməyi keçən hər kəsə təşəkkür
edir, rəssamlarımıza uğurlar arzulayıram”.
Azərbaycana
gəlməyindən böyük məmnunluq duyduğunu ifadə
edən türkiyəli rəssamlardan Funda
Daraqçıoğlu Türkiyədəki fəaliyyətləri,
sərginin yaranma ideyası və bu sərgidə
nümayiş olunan əsərlər barədə məlumat
verib: “Mənim İstanbulda öz emalatxanam var. Biz orada yeni rəssamlar
yetişdiririk. Artıq bir çox tələbələr tələbə
olaraq deyil də, iş yoldaşı kimi bizimlə
çalışırlar. Hamısı təcrübəli sənətçilərdir.
Bizim tez-tez xarici ölkələrə səfərlərimiz
olur. Azərbaycanda sərgi açmaq istəməyimizin əsas
səbəbi də buranın mədəniyyət, incənət
sahəsində olduqca üst səviyyədə qərar
tutmasıdır. Biz azərbaycanlı rəssam
dostlarımızla daha öncədən tanış idik, bir
festivalda birgə çalışmışdıq.
İşlərimiz adətən fiqurativdir. Tarixdən,
Anadoludan, mifologiyadan, Orta Asiya dəyərlərindən və
iki ölkənin mədəni köklərindən təsirlənərək
çalışırıq. Tarixi motivlər bizim
üçün çox önəmlidir. İşlərimizdə
simvollardan istifadə edirik. Yaşadığımız
coğrafiyadan, yetişdiyimiz ölkədən, əlaqələrimizin
olduğu ölkələrdən aldığımız ortaq
dəyərləri öz əsərlərimizdə əks
etdirməyə çalışırıq”.
Daha
sonra qonaqlar sərgidə nümayiş etdirilən rəsm əsərləri
ilə tanış olublar.
Şahanə MÜŞFİQ
525-ci qəzet 2018.- 21 aprel.-
S. 23.