Yer kürəsinin sinəsinin
dağları
Könül BÜNYADZADƏ
fəlsəfə elmləri doktoru
Planetimiz canlıdır. Yalnız özü deyil, ona aid olan hər şey
canlıdır.
Bizim bu
canı görüb-görməməyimizdən asılı
olmayaraq, istər Yer kürəsinin qatları olsun, istər
ağaclar, istər quru daş olsun, istər kiçik
mamır, istər kiçik bulaqlar olsun, istər nəhəng
dalğalar - hər biri özünəməxsus şəkildə
nəfəs alır, bir ömür yaşayır, doğulur,
böyüyür, ömrünü başa vurur. İnsan da bu canlı sistemin, orqanizmin bir hissəsidir.
Ən vacibi isə planetdə heç nə təsadüfi
deyil və hər şey bir-birini tamamlayır. Bəzi
filosofların haqlı iddiasına görə, Yaradanın hikməti
üç kitabda ehtiva olunub: müqəddəs kitablar, insan və
təbiət. Bu hikməti dərk etmək
üçün bu üç kitab mütləq paralel
oxunmalıdır. Biz bu kitablardan yalnız
bir səhifəsinə - dağlar haqqında həqiqətlərə
nəzər salacağıq. Sakit, hərəkətsiz
durduğunu zənn etsələr də, buludlar kimi hərəkətdə
olan dağlara (Qurani Kərim 27/88).
Din tarixinə
görə, Allahın öz peyğəmbərlərinə
ilk müraciətinin məkanı dağlar olub. Deməli, dağlar daim Allahla insanların ünsiyyətinin
ilk şahididir. Ümumiyyətlə, dini baxımdan bir
çox əhəmiyyətli hadisələr məhz
dağlarda vaqe olduğuna görə, dini kitablarda, tədqiqatlarda
dağlar, onların müqəddəsliyi haqqında çox
məlumat var. Biz də xırda detallara çox aludə
olmadan, dağlarla bağlı bəzi mətləblərə
toxunaq.
Qədim inanclarda, miflərdə tanrıların
toplandığı məkan dağlardır və ora
dünyanın, kainatın mərkəzi hesab edilir. Məsələn,
Zevs və onun tanrılarının taxtları Olimp
dağında qurulmuşdu və onlar insanların taleyi
haqqında hökmü oradan verirdilər. İnsanları
tanrıların qəzəbindən qoruyan, onları Zevslə
mübarizə aparmaq üçün gücləndirmək
istəyən Prometey atəşi məhz həmin dağdan
oğurlayır və cəza olaraq başqa bir dağın, bəzi
versiyalara görə, Qafqaz dağlarının qayalarına zəncirlənir.
Budda da öz təbliğatını dağlarda -
Qartallar (Çalağanlar) dağında aparıb. O, öz fəlsəfəsinin
- Dharma təkərinin, ikinci dövrəsini, yəni var olan həqiqətlərin,
işarələrin inkarı üzərində qurulan və həqiqətə
doğru irəliləmənin ikinci mərhələsini burada
tamamlayıb. İnduslara görə isə, tanrıların məkanı
Himalaydakı Kaylas dağı və ya əfsanəvi (Su)Meru dağıdır və bu, var oluşun
qanunauyğunluğudur. Belə ki, tədqiqatçı
Batomunkuyevanın da yazdığı kimi, “müqəddəs
Sumeru dağı “qiymətli” ilk elementdən yaranır, sonra
Sumerunun ətrafında konsentrik çevrələr boyunca 7
dağ düzülür, adaları ilə bir yerdə 4 qitə
və dəmir dağ yaranır və bunlar bütün yeri
bütün çevrə boyunca əhatəyə alırlar. Beləcə, dünyanın
yaradılışının kalpası (buddizmdə zaman
anlayışı - K.B.) yekunlaşır. Burada
dağ mərkəzdir və kainat onun ətrafında
yaranır”. Yəni dağlar təbiətin
deyil, ilahi missiyanın, yaradılışın əhəmiyyətli
bir hissəsi kimi qəbul edilir.
Dağların təktanrılı dinlərdə də
xüsusi yeri var. Belə ki, Nuh peyğəmbərin gəmisi
Allahın lütfü ilə ilk dəfə dağın zirvəsində
quruya oturur.
Lut peyğəmbər Sodom dağında Allahın qəzəbinin
şahidi olur - onun arvadı öz həmfikirlərinin aqibəti
ilə maraqlanıb arxaya boylanan an daşa
çevrilir. Süleyman peyğəmbər Məbəd
təpəsində ilk məbədini tikir. Bibliyaya görə, həmin dağda, Qurani Kərimə
görə isə, Mərvə dağında İbrahim
peyğəmbər öz oğlunu Allah yolunda qurban vermək
istəyir və Yaradanın sonsuz lütfünün şahidi
olur - insan qurbanı qoç qurbanı ilə əvəz
olunur. İsrarla Allahı görmək istəyən
Musa peyğəmbər Sina və ya Tur dağında bu istəyin
ağırlığını dərk edir - yanar ağacı
görür. Müqəddəs mətn
yazılmış lövhələri də Musa peyğəmbər
burada alır. Dağlar arasında
maraqlı tarixi, zəngin “təcrübəsi” olan dağlardan
biri də Yerusəlimdəki Zeytun (Eleon) dağıdır.
Yalnız bu dağın üstündə və
yamaclarında Zəkəriyyə peyğəmbər də
daxil olmaqla 150 000 tanınmış şəxs, mübarək
insan dəfn olunub. Yəhudilər
inanır ki, Messiya məhz bu dağdan gələcək.
İsa peyğəmbər həbs
olunmamışdan qabaq sonuncu dəfə bu dağda Allahına
dua edib, ondan güc alıb, çünki onu hansı əzabın
gözlədiyini bilirdi. Barnaba İncilinə
görə isə, İsa Məsih ilk dəfə vəhyi də
bu dağda alıb. İslama görə,
Sirat körpüsü bu dağla Kiron vadisi arasında
qurulacaq. Tarixən bizə ən yaxın,
sonuncu peyğəmbərin adı ilə bağlı olan
dağ isə Hiradır - Məhəmməd peyğəmbərə
vəhy gəlməyinin şahidi, gecələr boyu onun mələk
Cəbrayılla söhbətlərinin dinləyicisi olan Hira -
Nur dağı.
Yenə də tədqiqatlara görə, yeni dinlər gələndə
öz məbədlərini elə həmin dağın
üstündə köhnə dinin məbədinin yerində
inşa edərdilər. Güman etmək olur ki, məbədlər
dağların xüsusi nöqtələrində tikilirdi.
Belə ki, hansı dinə mənsub
olmasından asılı olmayaraq, insanların daim ilahidən gələn
enerjiyə ehtiyacları olub. Yəni məbədlər
bir növ keçmişlə gələcək arasında əlaqənin
qırılmamasına, enerjinin qorunmasına xidmət edirdi.
Vatikan buna çox gözəl nümunədir -
qədimdə çoxtanrıçıların məbədləri
yerləşən təpələrdə indi Vatikanın kilsələri
ucalır. Burada söhbət sadəcə əhalinin
təfəkküründən, gündəlik həyatından
köhnə inancı silməkdən getmir. Əsas məqsəd dağların malik olduğu,
daha doğrusu, vasitəçisi olduğu ilahi enerjinin sahibinə,
varisinə çevrilməkdir. Bəlkə
də bu səbəbdən müəyyən müqəddəs
hadisələrin baş verdiyi dağın harada yerləşməsi
barədə daim mübahisələr gedir. Məsələn,
xristianlığın ilk çağlarında ədalətsizlikdən,
küfrün zülmündən qaçan 7 möminin
sığındığı və yuxuya getdiyi məşhur
mağaranın - Əshab əl-kəhf (Mağara sahibləri)
dağının 3-4 məkanı bəllidir: Efes,
Naxçıvan, Uyğur və başqa. Hər
biri də ziyarətgaha çevrilib, üzərində ya kilsə,
ya məbəd ucaldılıb və buraya gələnlər
mütləq orada möcüzə ilə
rastlaşacaqlarından əmindirlər. Başqa
sözlə desək, dağlar həm Yer kürəsinin ta
bağrından gələn enerjinin, həm də Yaradandan gələn
ilahi enerjinin vasitəçisi olublar və bu enerjinin baş
ucunda daim həmin dinin qulluqçuları dayanıblar. Bəziləri bu enerji ilə al-ver edib, öz
nüfuzlarını, var-dövlətlərini
artırıblar, bəziləri isə onu insanlara ötürməklə
öz peyğəmbərlik missiyalarını yerinə
yetiriblər.
Belə məlum olur ki, dağ fenomeni bütün
inanclarda var - hənif dinlər, uzaq Şərq dinləri,
yaxud bütpərəstlik, çoxtanrıçılıq,
fərqi yoxdur.
Təbii ki, bu fakt bəzi tədqiqatçıların
da nəzərini cəlb edib və onun köklərini, təsirlərini
araşdırıb, maraqlı nəticələrə gəliblər.
Az sayda olan belə araşdırmalara görə,
hər şeydən əvvəl dağlar öz
ucalıqlarına, səmalara yaxın olduqlarına görə
səcdəyə layiqdirlər, hətta müqəddəsdirlər.
Əsrlər boyu adını çəkdiyimiz
və çəkmədiyimiz neçə dağlara ziyarətçilər
gəlir, qurbanlar kəsir, diləklərini söyləyirlər.
Qəribədir! Bir zamanlar hansı isə ilahi hadisənin
şahidi bir müddət sonra özü səcdə obyektinə
çevrilir... Bibliya mətnlərində dağları,
xüsusilə Sion dağını araşdıran gənc bir
tədqiqatçı əmindir ki, dağ hələ qədim
zamandan Kilsənin rəmzi kimi təsvir edilib: “Allah orada (Sion
dağında - K.B.) olmaqla bizə göstərir ki, O, bizdən
ucadadır, O, böyükdür, O, Kilsənin
başçısıdır. Dağ həm də
səma ilə yeri birləşdirir və Allahla insanlar
arasında birləşdirici halqadır”. Eyni münasibət
buddizmdə də var. Lama Anaqarika Qovinda yazır: “Heç kim dağların müqəddəsliyini elan
etmir, onun sakrallığının elan olunmağa ehtiyacı
yoxdur, insanlar sadəcə bunu hiss edir. Dağlar
böyüyür və dağılır, onlar külək,
bulud, leysan, şəlalə, çaylar yaradır.
Onlar ətrafında
hər şeyi həyatla doldurur, sonsuz sayda canlı
varlıqlara ev verir. Dağın
qüdrəti bundadır”. Təyin etmək çətindir:
dağın möhtəşəmliyidir hər hansı
mübarək hadisələrin məhz orada baş verməsinə
imkan yaradan, yoxsa onu möhtəşəm edən belə
mübarək hadisələrin, Yaradanın öz bəndəsi
ilə ünsiyyətinin məhz orada baş verməsidir?!
Tədqiqatçılarla yanaşı, dağlar
şairlərin, rəssamların, bəstəkarların da
diqqətini özünə cəlb edə bilib və ortaya
gözəl, şedevr əsərlər çıxıb. Əslində,
bu, normaldır, çünki özündə bu qədər
enerji ehtiva edən dağlar yaradıcılığa da təsir
etməlidir. Məsələn, Zeytun dağının
müqəddəs hadisələrin bir
iştirakçısı olmasına klassisizm və romantizm
arasında körpü rolunu oynayan Bethoven bir oratoriya,
fransız romantik şairi Jerard de Nerval poema, XVII əsr Avropa
islahatçı rəssamı Karavacco isə bir rəsm həsr
ediblər. Bəli, kimliyindən asılı
olmayaraq dağın ruhu yaradıcı insanları həmişə
dindirməyi bacarıb. Hər kəs
öz düşüncəsi səviyyəsində dağa
müraciət edir və müvafiq cavabı alır. Məsələn,
dağlar haqqında düşüncələrlə tanış olandan sonra Fərhad və Şirin
əfsanəsi fərqli təsir bağışlayır:
öz sevgisinə gedən yolda Fərhad Məcnun kimi mənəvi
yolu tutmadı, sevginin ilahi qatını tanımadı, əksinə,
fiziki gücə üstünlük verdi, dağla üzbəüz
durdu, ona üşmən kəsildi, çapdı, incitdi və...
məğlub oldu.
Məhəmmədhüseyn
Şəhriyar da dağla üzbəüz durub, ancaq o dərəcədə
səmimi, o qədər ürəkdən onunla “dərdləşir”
ki, Heydərbabanın müdrik, bir az yorğun, bir az nisgilli
“ruhu” canlanır qarşımızda:
Heydərbaba,
yolum sənnən gəc oldu,
Ömrüm
keçdi, gələmmədim, gec oldu,
Heç
bilmədim gözəllərin nec oldu,
Bilməz
idim döngələr var, dönüm var,
İtginlik var, ayrılıq var, ölüm var.
Bəli,
dağlarda nə kəramət varsa, Aşıq Ələsgər
demiş:
Yoxsulu, ərbabı,
şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar.
Nə üçün məhz dağlar? Səmalara
daha yaxın olduqlarına görəmi? Həqiqətən
də, dağın özünün möhtəşəmliyi
insanlarda bir heyrət, heyranlıq yaradır. Ancaq ortaya daha əsaslı çıxır. Axı, “nə Şərqdə, nə Qərbdə
olmayan”, insanlara onların “şah damarından da yaxın olan”
Yaradan öz seçilmiş bəndəsi ilə ünsiyyət
yaratmaq üçün mütləq ən hündür
nöqtənimi seçməlidir? Əgər
səbəb onların böyüklüyüdürsə, nə
üçün okeanlar eyni missiyaya sahib deyillər? Üstəlik, qeyd edək ki, adıçəkilən
dağların əksəriyyəti heç də hündürlükləri
ilə fərqlənmirlər, hətta bəziləri təpədir.
Yaxud dağları dinlərə görə fərqləndirmək,
doğrudurmu? Nəzərə alsaq ki, məbədlər
dəyişsə də, dağın öz funksiyası dəyişməyib,
onda söhbət onun üzərindəki tikilidən və
onun hansı dinə xidmət etməsindən gedə bilməz.
Deməli, daha vacib məqamlar var.
Dağların quruluşu və funksiyaları haqqında
daha rasional və elmi baxımdan təsdiqlənən fikirlərə
müqəddəs kitablardan yalnız Qurani Kərimdə rast gəlmək
olur. Əvvəla,
müqəddəs mətn dağların həqiqətən
canlı olduğunu vurğulayır: “Biz onu (məsələnin
hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm və elm
verdik. Biz dağları və quşları Davudla birlikdə
(Allahı) təqdis edib tərifləsinlər deyə ona ram
etdik. Bunları Biz etmişik” (Quran 21/79). Əslində, dağın canlı olmasına
insanlar əsrlərdir şahid olurlar. Dağ
ona pənah gətirənlərə sığınacaq verir və
qucağını mağara şəklində onlara
“açır”. Bunun ən qədim
nümunəsi yəqin ki, Əshabi Kəhfdir. Başqa bir maraqlı nümunə isə
dünyanın ən müxtəlif yerlərində sonsuz qadınların
körpə ümidi ilə müqəddəs dağlara
üz tutmasıdır. Qəribədir, məkanlar
fərqli olsa da, mərasimlər eyni olur - körpə həsrətli
gəlinlər mağaranın dar dəhlizindən iməkləyərək
kiçik bir hücrəyə keçib orada dua edirlər, bəzi
yerlərdə oradan bir daş, yaxud bir ovuc torpaq
götürürlər. Körpənin
Yaradandan ilk dəfə ruh aldığı ana bətni kimi
qadın da sanki dağın bətnindən bir “həyat”
parçası alır. Əlbəttə, ilahi payı
verən Yaradandır, dağ həmişəki kimi vasitədir:
dağ bir Ana kimi ruhların paylanması üçün
öz “bətnini açır.”
Allahın
Rəhman, mülayim, qoruyan adı ilə yanaşı, həm
də Qahir - zalımları qəhr edən, Cabbar -
zalımlara əziyyət edən adları var. İlahi həqiqətlərin
vasitəçisi olan dağlar da belədir. Pompeyin, Sodomun,
Qomorranın acı, dəhşətli taleyini xatırlamaq yetər
ki, dağın qəzəbli od
püskürməsinin, silkələnib üzərindəki
günah dolu insanları yerin altına gömməyinin nəticəsinin
nə olduğunu biləsən. Tarixi və arxeoloji
araşdırmalara görə, Vezuvi və Sodom dağları
insanların başına “kül ələməklə”, atəşli
kükürd yağdırmaqla onların həyat
işığını söndürüb, yer üzündən
silib. Əslində, Yaradanın o miqyasdakı, o
böyüklükdə qəzəbini ancaq dağ kimi möhtəşəm,
güclü bir varlıq çatdıra bilərdi. Burada
təəccüblü bir hal yoxdur: mömin olan,
Allahını tanıyan və ona səcdə edən
dağlar (Quran 22/18) kafirə, cahilə qarşı heç
vaxt mülayim davranmaz.
Qurani Kərimdə
dağlar haqqında o da bildirilir ki, dağlar Yerin sabitliyini
qoruyan vacib bir elementdir: “Yer onları silkələməsin deyə,
orada möhkəm dağlar yaratdıq; onlar rahat gedib çata
bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik”
(Qurani Kərim 21/31). Deməli, dağların
üzərində böyük bir missiya var - Planetin
tarazlığını qorumaq. Sözün
hər mənasında.
Deyilənlərdən sonra istər-istəməz xalq
yaradıcılığında dağla bağlı kəlamlar
yada düşür. Nə üçün ağır dərdli adamlara
“ürəyi, sinəsi dağlı” deyirlər?! Nə
üçün birinə ağır zərbə vuranda
“ürəyinə, sinəsinə dağ çəkdim”
deyirik?! Nə üçün ömrü boyu
unutmayacağımız bir nümunəyə, dərsə
“gözdağı” deyirik?! Axı, nə
üçün dərddən ah çəkənlərə
“ahın dağlara, daşlara” deməklə, onu yüngülləşdirmiş
hesab edirik?! Səbəblər çox ola
bilər, bəlkə də zəngin Azərbaycan dilinin
söz oynatmasıdır, amma biz ümumi kontekstimizdən
çıxış edib bir neçə mümkün
açıqlama söyləyək.
İfadələrdən
belə məlum olur ki, əksər hallarda dağ sözü
dərdlə assosiasiya olunur, az qala eyni mənalı
söz kimi işlədilir. Biz də
izahımızı məhz bu nöqtədən başlayaq.
Dərd bir həyat sınağıdır və
özündə ağır bir mahiyyət, məna ehtiva edir.
Bunu dərk edə bilməyən şəxs
üzərinə qaya düşmüş kimi, onun
ağırlığı altında əzilir. Dərk edənin dərdi isə sinəsində
dağa çevrilir. Belə insan daha təmkinli,
daha səbrli, daha müdrik olur. Sinəsinə
çəkilmiş “dağ” onu sanki sabitləşdirir, hər
xırda sözdən çalxalanmır, həyatın xeyir və
şəri arasında tarazlığını daha
yaxşı qoruya bilir. Hər insan öz
Yaradanına yəqin ki, ən ağır zamanında daha
yaxın olur. Məhz belə anlarda hər
insan özündən, bütün imkanlarından daha
böyük bir Varlığın şahidi olur. Onu da anlayır ki, yalnız Onun dəstəyi olarsa,
içindəki böhrandan çıxa bilər. O anda
insanın “dağı” onun üçün Olimpdir,
Sinadır, Zeytun dağıdır, çünki orada öz
Yaradanı ilə üz-üzədir. O anda onun “dağı”
dünyanın mərkəzi, ilk elementdir və hər şey
onun ətrafında hərlənir.
Dağlar
dağımdır mənim,
Qəm
ovlağımdır mənim,
Dindirməyin ağlaram
Yaman çağımdır mənim.
Kiminsə “sinəsinə dağ çəkmək” həm də onun “ahını” almağa hazır olmaqdır. Haqsızlığa qarşı dağların qəzəbi, ahı çox ağır olur zatən. Dağlar Yaradanla ən məhrəm, vasitəsiz ünsiyyət məkanıdır. Bəli, kiminsə sinəsinə dağ çəkməklə ona ağır, dağ boyda yük vermiş olurlar, onun əzilməyinə səbəb yaradırlar, amma bu, həm də ona əlavə güc vermək deməkdir. Yetər ki, insan “sinəsindəki dağdan” Yaradanına üz tuta bilsin. Onda vay qarşıdakının halına...
“Gözdağı” hər iki ifadədən fərqli mahiyyətə malikdir. Maraqlıdır, qorxutmaq, unutmayacağı ömürlük dərs vermək, bir şeyi etməkdən çəkindirmək mənası daşıyan bu idiomun dağla nə əlaqəsi?! Söhbət insanın gözlərinin qarşısına məcazi mənada bir sədd - dağ çəkməkdən gedir ki, göz o nəhənglikdə dağdan kənarda heç nə görmək iqtidarında olmasın. Yəni bir var, dağın zirvəzində durub ətrafı bu ucalıqdan seyr edəsən, bir var, bu dağın mağarası vasitəsilə onun düz bağrına girəsən, bir də var bu dağ gözünün düz qabağında bitə və sən altdan yuxarı həsrətlə onun zirvəsinə, ona qalxan yollara baxasan - gözdağından qorxub addım atmayasan.
Xalq deyimləri arasında ilk baxışda ən önəmsizi, əslində isə ən mürəkkəbi, yəqin ki, dərdli ahları dağlara göndərmək, dağları həmdərd, sirdaş, bəlkə də xilaskar görməkdir. Qurani Kərimdə deyildiyinə görə, Yaradan öz əmanətini göylərə, yerə və dağlara təklif etdi, ancaq onlar onu daşımaqdan imtina etdilər və insan onu boynuna götürdü (Qurani Kərim 33/72). Belə olan halda, yəni dağların daşıya bilmədiyi bir şeyi insan öz üzərinə götürüb daşıyırsa, bir ah nədir ki, yüngülləşmək üçün onu dağlara göndərir?! Belə güman etmək olar ki, bir ürəyin ağır dərdə tab gətirə bilmədiyinə görə, onu cansız (!) dağa, daşa vermək istəyir. Amma bayatılarımız başqa şey deyir:
Bu el sənin tayandı,
Halım sənə əyandı.
Ah çəkdim, duman qalxdı,
Göydə quşlar dayandı.
Yaxud:
Bu yerdə
su dayandı,
Od gəldi,
suda yandı.
Dərdimi
suya dedim,
Alışdı, su da yandı.
Deməli, həqiqətən də, insanın çəkdiyi
yükü başqa bir canlı, cansız çəkə
bilməz. Yenə bizim Konekstdən yanaşsaq, belə iddia etmək
olar ki, ahını, dərdini dağlara göndərməklə
insan onu Yaradanı ilə paylaşmaq, Ona sığınaraq
yüngülləşmək istəyir. Axı,
Allahın verdiyi əmanəti ancaq Onun öz köməyi ilə
daşımaq mümkündür. Axı,
dağlar sanki daha üst dünya ilə bilavasitə əlaqə
məkanı, ilahi enerjinin ötürücüsüdür.
Yəqin buna görədir ki, insanların xəbərsiz
qalanda, güman yerinin kəsiləndə “dağları duman
alır”, dostun, yarın etibarsızlığı ilə
üzləşəndə “güvəndiyi dağlara qar
yağır”. Əksinə, könül
içdən sevinəndə dağların çiçəkləri
açır, bulaqları qaynayır. Qəribədir,
söylənən hadisələr nə mistika deyil, nə
nağıl, həyatın, təbiətin
reallığıdır. Sadəcə, biz
insanın daxili dünyası, ilahi aləmlə əlaqəsinin
təbiətdəki hadisələrlə paralellərindən
cüzi bir hissəsini ön plana çəkdik. Üç kitabın dağ haqqında dediklərinə
qısa bir baxış saldıq.
Bəli, dağlar özləri boyda bir sirdir. Hər nə
qədər yer üzündə ən hündür nöqtələr
dağlara məxsus olsa da, onlar Yer kürəsinin düz mərkəzi
ilə əlaqəlidirlər. Yerin qəzəbli,
odlu nəfəsi məhz dağlarla üzə
çıxır. Dağların
sükutunda ilahi kəlam daha aydın eşidilir, sanki zirvələr
arasında külək də dil açıb
danışır. Bu sükutu pozmaq istəyənə
isə dağlar elə öz səsinin əks-sədasını
qaytarır. Dağlarla insan arasında bir
müqayisə aparmalı olsaq, yəqin onları
seçilmiş insanlara - peyğəmbərlərə və
yaradıcılığının fəlsəfi qatına
yüksələ bilən şəxslərə bənzətmək
olardı. Malik olduğu möhtəşəm
müdrikliklə yanaşı, təmkini və səbri ilə
tarazlıq mücəmməsi olan, öz mənəvi
ucalığında durub hər kəsin iç
dünyasından xəbər verə bilən, ilahi həqiqətləri
bəşəriyyətə çatdıran varlıq!
525-ci qəzet 2018.- 21 aprel.- S.11-12.