Bir cümhuriyyət xadimi - Olqerd
Kriçinski
Vilayət QULİYEV
Yaranmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycan
Cümhuriyyətinin (1918-1920) qısa, lakin şərəfli
tarixində Şərqi Avropa türklərinin - Polşa
tatarlarının özünəməxsus rolu və xidmətləri
var.
Milli ordumuzun ilk Ümumi Qərargah rəisi,
general-leytenant Masey Sulkeviçin (1865-1920) timsalında tatar əsilli
polyak hərbçilərinin Azərbaycana sədaqətli xidməti
haqda müəyyən təsəvvür mövcuddur. Cümhuriyyətin
dövlət qurumlarında çalışan digər məşhur
tatar ailəsinin nümayəndələri - Kriçinski
qardaşları da minnətdarlıq hissi ilə
xatırlanmağa layiq şəxslər sırasına
daxildir. Bu yazıda böyük qardaş
Olqerd Kriçinskinin Cümhuriyyətlə bağlı fəaliyyəti
üzərində dayanılacaq.
Olqerd
Nayman Mirzə Kriçinski (1884-1942) və kiçik
qardaşı Leon general Masey Sulkeviçlə birlikdə
1919-cu ilin baharında Krımdan Azərbaycana gəlmiş və
1920-ci il aprelinə - bolşevik işğalına qədər burada ədliyyə
sahəsində çalışmışdı. Hökumətin
qərarı ilə 1919-cu il mayın 10-da Bakı məhkəmə
palatasına prokuror təyin edilmiş, həmin il
iyulun 7-də isə Ədliyyə nazirinin müavini vəzifəsinə
irəli çəkilmişdi.
Polşadakı
əsilzadə tatar nəsillərinin herbləri haqda
kitabın müəllifi S.Dziaduleviçin
yazdığına görə, Kriçinskilər soyunun
banisi 1410-cu ildə birləşmiş polyak-Litva qüvvələri
tərəfində Qrünvald döyüşündə
Tevton cəngavərlərinə qarşı vuruşan
Qızıl Orda knyazı Nayman bəy olmuşdu. Onun oğlu Konvurat (Konrad) 1440-cı ildə Belovejyedəki
(Polşa ilə Qərbi Belarusiya sərhəddi) Kriçan kəndini
almışdı. Nəslin soyadına
çevrilən Kriçinski familiyası da buradan
yaranmışdı. Hazırda Polşada ən
böyük və ən qədim tatar qəbiristanlığı
da Kriçina kəndində yerləşir.
Polşadakı
əksər tatar soyları kimi Kriçinskilər də
yüz illər boyu peşəkar hərbçi olmuş,
Polşa və Litvanın hərbi-siyasi həyatında mühüm rol
oynamışdılar. Olqerdin atası Konstantin Kriçinski
(1847-1925) rus ordusunun general-leytenantı rütbəsinə yüksəlmişdi.
Anaları Mariya isə Polşa hərb tarixinə şanlı səhifələr
yazmış Əhmədoviçlər (Axmatoviç) nəslindən
idi. II Dünya müharibəsinə qədər
Polşa ordusunda xidmət edən tatar əsgər və zabitləri
bu nəslin tanınmış nümayəndələrindən
birinin - mayor Mustafa Əhmədoviçin adını
daşıyan süvari alayda birləşmişdilər. Alay azərbaycanlı
hərbçi, Polşa ordusunun polkovniki Vəli bəy
Yadigarın təşəbbüsü və rəsmi dairələrdə
nüfuz sahibi kimi tanınan Olqerd Kriçinskinin köməyi
ilə yaradılmışdı.
O, Vilno və
atasının xidməti işi ilə əlaqədar
yaşadıqları Smolensk gimnaziyalarında, sonra isə
Peterburq Universitetinin hüquq fakültəsində təhsil
almışdı. Ali təhsilini 1908-ci ildə
başa vurmuşdu. Universitet illərində
qardaşı Leonla birlikdə Peterburqdakı Polşa
tatarlarını sıralarında birləşdirən həmyerlilər
təşkilatı - “Müsəlman tələbələri
ittifaqı” yaratmışdılar. XX əsrin
başlanğıcında mənsub olduqları xalqın siyasi
- mədəni inkişafına mühüm töhfə verən
Kriçinski qardaşları ilə bir sırada Masey
Bayraşevski, Yaqub Sinkeviç, Yedige Milkamanoviç, Yaqub
Safaroviç, Yan Kriçinski, Cəmil Aleksandroviç, Yelena
Bayraşevska və b. Polşa tatarları da ilk ictimai fəaliyyət
təcrübələrini bu qurumun sıralarında
keçmişdilər. İttifaqın işində
Krım və Volqaboyu tatarlarının, habelə azərbaycanlı
tələbələrin iştirakı haqda məlumat
mövcuddur.
Universiteti
bitirəndən sonra
Olqerd hüquqşünas kimi iki il Vilnoda,
1910-1913-cü illərdə Türküstanda (Orta Asiya) ədliyyə
sistemində işləmişdi. 1914-1918-ci illərdə Vinnitsa (Ukrayna) dairə məhkəməsində
prokuror müavini kimi çalışmışdı. Rusiyada çarizmin süqutu milyonlarla insan kimi onun da
həyatını əsaslı şəkildə dəyişmişdi.
Müəyyən
hərbi və intellektual gücə malik, yaxşı təşkilatlanmış
Polşa tatarları çar hakimiyyətinin devrildiyi 1917-ci ildə
keçmiş imperiyanın bir sıra digər xalqları kimi milli dövlətçilik
arzusu ilə yaşayırdılar. Xüsusən də tatar hərbi
elitası bolşevik çevrilişi nəticəsində ölkədə
yaranan hərc-mərclik şəraitində özlərinin
ilk baxışdan fantastik
görünən niyyətlərini həyata keçirməkdə
qərarlı idi. Onlar əcdadlarının tarixi vətəninə-Krıma
qayıtmaq,
soydaşları olan yerli tatarlarla birləşib
müstəqil dövlət qurmaq istəyirdilər. Bu məqsədlə
1918-ci ilin yazında Müsəlman korpusunun komandiri general
M.Sulkeviçin rəhbərliyi altında 1000 nəfərə
yaxın Polşa tatarı Krım yarımadasına
gəlmişdi. Olqerd və Leon Kriçinski
qardaşları da onların arasında idi. Tatar əsilli polyak
tarixçisi professor S. Xasbiyeviçin yazdığı kimi,
1918-ci ildə “Polşa tatarları Krımın siyasi və mədəni
həyatında dominant mövqeyə malik idilər. Əgər Krımın müstəqilliyini qorumaq
mümkün olsaydı, çox güman, o, tatarların təşkil
və idarə etdiyi bir dövlətə çevriləcəkdi”.
Lakin hadisələrin sürətlə cərəyan
etdiyi, müxtəlif hərbi və siyasi qüvvələrin
biri-birini əvəzlədiyi şəraitdə bu arzunu
gerçəkləşdirmək mümkün olmadı. 1918-ci ilin
iyununda Krımda general Sulkeviçin rəhbərliyi
altında yerli hökumət qurulsa da, o, yarımadaya nəzarəti
uzun müddət əlində saxlaya bilmədi. Olqerd
Kriçinskinin oğlu Səlim atası haqqındakı xatirələrində
həmin dövrdən bəhs edərək yazır: “Krım
Respublikasının mövcudluğu uzun çəkmədi. 1918-ci ilin oktyabrında Vrangel ordularının
yarımadaya çıxması nəticəsində Sulkeviç
hökumətinin mövcudluğuna son qoyuldu. Canlarını sağ-salamat qurtaran Polşa
tatarları isə milli dövlətini quran Azərbaycana
üz tutdular”.
O.Kriçinskinin Cümhuriyyət hökumətindəki
fəaliyyəti tək ədliyyə deyil, beynəlxalq
münasibətlər sahəsini də əhatə edirdi. Azərbaycanın işğala
uğradığı 1920-ci ilin aprelində o, Tiflisdə idi.
Burada aprelin 7-də
Azərbaycan hökumətinin təşəbbüsü ilə
mübahisəli sərhəd məsələlərini və
üç Cənubi Qafqaz respublikasının vahid
konfederasiyada birləşməsi ideyasını müzakirə
məqsədi ilə konfrans
çağırılmışdı. XI
Qırmızı ordunun Bakını tutması və
Cümhuriyyətin süqutu konfransın işinin
yarımçıq qalmasına səbəb olmuşdu.
Konfransda Azərbaycanı parlament üzvü H.Ağayev
(sədr), xarici işlər naziri F.Xoyski,
Gürcüstandakı diplomatik nümayəndə F.Vəkilov
və ədliyyə nazirinin müavini O.Kriçinskidən
ibarət heyət təmsil edirdi. Konfederasiya təklifi
ilə bağlı məruzə və müvafiq qanun layihəsinin
hazırlanması da təcrübəli hüquqşünas
kimi sonuncuya tapşırılmışdı.
Təəssüf ki, böyük zəhmət
bahasına hazırlanan və gələcəyə hesablanan
bu, sənədə ehtiyac qalmadı. Azərbaycan
işğal olundu, digər iki Cənubi Qafqaz dövlətinin
süqutu isə sadəcə an məsələsinə
çevrildi. F.Xoyski və H.Ağayev
Tiflisdən “qırmızı” Bakıya qayıtmadılar.
Amma bu onlara
həyatlarını xilas etməyə imkan vermədi. Tezliklə
hər iki Cümhuriyyət qurucusu “Nemezis” planını həyata
keçirən erməni terrorunun qurbanı oldular.
Təbii
ki, adı
daşnak terrorçularının “qara
siyahısına” düşməsə də, Olqerd Kriçinski sovet Bakısında özünü necə
bir tale gözlədiyini yaxşı anlayırdı. Tiflis qəzetləri
az qala hər gün Azərbaycan paytaxtında bolşeviklərin qanlı əməllərindən
yazırdı. Belə şəraitdə yeganə
düzgün qərar ana vətənə qayıtmaq ola bilərdi. O, belə də etmişdi. 1920-ci ilin yayında böyük çətinliklə
İstanbul və Konstansa (Rumıniya) üzərindən
Vilnoya dönmüşdü.
1918-ci ilin noyabrından müstəqillik qazanan Polşada
Olqerd Kriçinski vətəndaşlıq statusu alaraq yenidən
ədliyyə sahəsində işləməyə
başladı.
Vilnoda dairə məhkəməsinin
vitse-prokuroru vəzifəsində çalışdı.
1932-ci ildə
Varşavada Ali Məhkəmənin prokuroru təyin
edildi və həmin vəzifədə 1938-ci ilə qədər
işlədi. Polşaya faşist hücumu ərəfəsində
isə Vilnoda Apellyasiya Məhkəməsinin sədr müavini
idi.
Polşanın müstəqilliyə
qovuşması ölkədəki digər dini və milli
azlıqlar kimi, tatar icması qarşısında da müəyyən
imkanlar açmışdı. 1926-cı
ildə Vilnoda Polşa Tatarlarının Mədəni-Maarif Cəmiyyəti
adlı təşkilat qurulmuşdu. Cəmiyyətin
ilk qurultayında Mərkəzi
Şura yaratmaq qərara alınmışdı. Şuranın sədri vəzifəsinə Olqerd
Kriçinski seçilmiş, sonrakı seçkilərdə
də Polşa tatarları ona etimad göstərmişdilər.
Kiçik qardaş Leon Kriçinskinin redaktəsi altında
1932-1938-ci illərdə çıxan və Polşa
tatarlarının intellektual qüvvələrini ətrafında
toplayan “Rocznik Tatarski” (“Tatar salnaməsi”) məcmuəsinin
işıq üzü görməsində Cəmiyyətin mühüm
xidməti olmuşdu.
“Rocznik Tatarski”nin ilk sayı O.Kriçinskinin “Milli hərəkat
və Litva tatarları” adlı böyük məqaləsi ilə
açılırdı. O, Leon
Kriçinski və Varşava Universitetinin professoru Osman Əhmədoviçlə
birlikdə məcmuənin ilk
sayının Polşa prezidenti İ.Moçiskiyə təqdim
olunması mərasimində iştirak etmişdi. O. Kriçinski “Rocznik
Tatarski”nin, eləcə də ondan əvvəl - 1930-cu ildə
nəşrə başlayan “Przeglond İslamski” (“İslami
baxış”) məcmuələrinin redaksiya heyətinin
üzvü və fəal müəlliflərindən
biri idi.
Bu illər ərzində tatar əsilli ictimai-siyasi xadimin fəaliyyətinin başqa bir mühüm sahəsi vətənini islam Şərqində tanıtmaq, Polşa ilə müsəlman ölkələri arasında qarşılıqlı münasibətlərə yardım göstərmək olmuşdu. 1925-ci ildə O.Kriçinski Beynəlxalq Coğrafiyaşünaslıq Konqresində iştirak məqsədi ilə Polşa nümayəndə heyətinin tərkibində Misirə göndərilmişdi. Elmi tədbirin işinə qatılmaqla bir sırada onun qarşısına ölkə müsəlmanları ilə əlaqələrin yaradılması, Misir ərəb cəmiyyətinin Polşadakı dindaşlarının vəziyyətinə və problemlərinə marağının təmin edilməsi vəzifəsi qoyulmuşdu.
Polyak qonaqların sırasında hər cəhətdən avropalı təsiri bağışlayan, lakin həm də inanclı müsəlman kimi islamın tarixinə, dəyər və ehkamlarına bələd olan O.Kriçinskinin görümnəsi Qahirədə lazımi effekt yaratmış, Polşa tatarlarına maraq doğurmuşdu. O, kral ailəsində qəbul edilmişdi. Görkəmli din adamları və ilahiyyatçıları ilə görüşmüş, ölkəsindəki dindaşlarının problem və istəkləri ilə bağlı müzakirələr aparmışdı. Polşa müsəlmanına rəğbətini gizlətməyən Misir kralı I Fuad onu ölkənin yüksək mükafatı - “Nil” ordeni ilə təltif etmişdi. Qahirənin ərəb və fransızdilli mətbuatında O.Kriçinski ilə müsahibə və Polşa tatarları haqqında yazılar dərc olunmuşdu.
Eyni ildə Olqerd Kriçinski Suriya və Fələstini də ziyarət edib Türkiyə üzərindən vətənə qayıtmışdı. İstanbulda qaldığı müddətdə M.Ə.Rəsulzadə başda olmaqla azərbaycanlı siyasi mühacirlərin Bakıdan yaxşı tanıdığı bəzi nümayəndələri ilə görüşmüşdü. Sonralar bu əməkdaşlıq Polşada davam etdirilmişdi. M.Ə.Rəsulzadənin, eləcə də digər mühacirlərin siyasi fəaliyyətlərinin Polşada səmərəli təşkilində Kriçinski qardaşlarının müəyyən rolu və xidmətləri olmuşdu. Digər tərəfdən, qarşılıqlı təmas nəticəsində O.Kriçinski Polşa mətbuatı və ictimai-siyasi dairələrində Azərbaycan məsələlərinə daha çox diqqət yetirməyə başlamışdı. Bu, onun qafqazlı siyasi mühacirləri - azərbaycanlı, gürcü və dağlıları öz ətrafına toplayan “Şimali Qafqaziya-Severniy Kafkaz”, “Qortsı Kavkaza” (“Qafqaz dağlıları”) məcmuələrinin işində iştirakında aydın müşahidə edilməkdədir.
“Severnıy Kafkaz”ın 1935-ci il 14-cü sayında müəllifin “O.Nayman Mirzə” imzası ilə “Fətəli xan Xoyskinin ölümünün 15 illiyi münasibəti ilə” adlı kiçik yazısı çap olunmuşdu. Azərbaycanla əlaqələrinin çoxdan kəsilməsinə baxmayaraq, O.Kriçinski Fətəli xanın xaincəsinə qətlə yetirilməsinin ildönümünü yaddan çıxarmamışdı. Ürəyinin hökmü ilə qələmə aldığı bu yazı ilə 15 il əvvəl erməni terrorçusunun törətdiyi mənhus siyasi qətlin üzərinə işıq salmağı, olayın arxasında hansı qüvvələrin dayandığını açıqlamağı özünə mənəvi borc bilmişdi.
“1920-ci il iyunun 19-da Tiflisdə mauzerdən açılan iki atəşlə 1920-ci il aprelin 27-də baş verən bolşevik işğalına qədər Azərbaycan Respublikasının xarici işlər naziri olmuş Fətəli xan Xoyski qətlə yetirildi.
45 yaşli, ali hüquq təhsilinə malik və keçmiş Dövlət dumasının üzvü olan mərhum Fətəli xan Azərbaycanın ən görkəmli siyasi xadimlərindən biri idi.
Azərbaycanın dövlət müstəqilliyini elan etdiyi 28 may 1918-ci ildən 1919-cu il aprelin 14-nə qədər fasiləsiz baş nazir vəzifəsini tutan xan Xoyski dövlət quruculuğunun ən ağır və mürəkkəb zamanında üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən böyük uğurla gəldi”. deyə Olqerd Kriçinski təxminən bir ilə yaxın ərzində Cümhuriyyət hökumətində çiyin-çiyinə çalışdığı Fətəli xanı mühacir dairələrə və polyak ictimaiyyətinə müstəqil Azərbaycanın görkəmli dövlət xadimi kimi təqdim edirdi.
Baş nazir və xarici işlər naziri postlarında Fətəli xanın partiyalararası mübarizənin fövqündə dayandığına, dövlətçilik təfəkkürünə, yüksək intellektual və insani keyfiyyətlərinə, prinsipiallığına diqqəti çəkən müəllif göstərirdi ki, “Onun partiyasız mövqeyi sərt və müstəqim xarakteri ilə birləşərək müstəqilliyin amansız partiyalararası mübarizələrlə müşayiət olunan sonuncu ilində Fətəli xana dövlət həyatının qurucusu kimi bir vaxt oynadığı və həmin şəraitdə oynamalı olduğu rolu davam etdirməyə imkan vermədi”.
Olqerd Kriçinski Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin ölümü ilə bağlı məsələyə ötən əsrin 30-cu illərində aydınlıq gətirmiş, bu siyasi qətlin arxasında Ermənistan dövlətinin və daşnak mauzeristlərinin dayandığını əminliklə göstərmişdi: “Fətəli xana qarşı terror aktının motivlərinə diqqət yetirərkən bu aktın Azərbaycanda hakimiyyəti ələ keçirən bolşevik liderlərin qəzəb və nifrəti ilə hər hansı əlaqəsinin olmadığını güman etmək mümkündür. Çünki mərhumun onlarla heç bir şəxsi haqq-hesabı yox idi. Bu daha çox xarici dövlətin (müəllif ad çəkməsə də, kontekstdən və məqalənin davamından həmin dövlətin Ermənistan olduğu aydınlaşır-V.Q.) hakim partiyası tərəfindən həyata keçirilən intiqam aktı idi. Çünki onlar mərhumun gələcəkdə “İkinci Türkiyə” saydıqları Azərbaycanın yenidən qurulmasında mühüm rol oynayacağından ehtiyatlanırdılar”. Doğrudan Fətəli xana sui-qəsdin başqa motivini, yaxud ssenarisini təsəvvürə gətirmək çətindir.
Müəllif həmin yazısında Fətəli xanı fiziki cəhətdən aradan götürməmişdən əvvəl onun adını və əməllərini hər vasitə ilə ləkələyən erməni ideoloqlarının cavabını da vermişdi. O.Kriçinski fitnəkar erməni təbliğatının mərhumun dövlətçilik fəaliyyətini və şəxsiyyətini qaralamağa yönələn və bununla da gələcək terror aktına zəmin hazırlayan çıxışlarına diqqət yetirərək yazırdı: “Qriqori Çalxuşyanın 1919-cu ildə Rostovda çap olunan “Qırmızı kitab”ı bu məsələnin (Fətəli xanın qətlinin-V.Q.) üzərinə müəyyən qədər işıq salır. Həmin kitabda müəllif Fətəli xan Xoyskidən bəhs edərək yazır ki, “o, dövlətin idarə olunmasında yalnız bir sınanmış üsul - soyqırımı tanıyırdı”. Bu, ən rəzil bir yalandır. Çünki hakimiyyət başında olduğu dövrdə heç kim milli zəmində meydana çıxan münaqişələrlə Fətəli xan Xoyski qədər kəskin və barışmaz mübarizə aparmırdı”.
Azərbaycan Cümhuriyyətinin və Fətəli xan Xoyskinin adının Vətənində yasaq edildiyi dövrdə Olqerd Kriçinski böyük əminlik hissi ilə bildirirdi: “Azərbaycanlı siyasi xadimlərin panteonunda Fətəli xan öz layiqli yerini tutacaq”. Bu həqiqətin təntənəsini on illər boyu gözləmək lazım gəlsə də, tarix Azərbaycan xalqına və Cümhuriyyət qurucularına böyük sayğı ilə yanaşan Polşa tatarının haqlı olduğunu göstərdi.
O.Kriçinskinin Cümhuriyyət dövrü ilə bağlı başqa bir araşdırması “Azərbaycanın müstəqilliyinin 15 illiyinə” adlanır. Əslində, yazı yubiley məqaləsindən daha çox işğala məruz qalmış Azərbaycanın taleyi haqda tarixi-asossiativ düşüncələr idi. Müəllifi təqdim edən “Qortsı Kafkaza” redaksiyası onun “Polşa müsəlmanı ailəsindən çıxdığını, müstəqil Azərbaycan Respublikasında ədliyyə nazirinin müavini vəzifəsində çalışdığını, hazırda isə özünün azadlığa qovuşmuş vətənində məhkəmə sistemində yüksək vəzifə tutduğunu - Varşavadakı Ali Məhkəmənin prokuroru olduğunu” yazırdı.
Adıçəkilən məqalədə Cənubi Qafqazdakı üç cümhuriyyət - Azərbaycan, Ermənistan və Gürcüstan arasında maraqlı müqayisələr aparılmışdı. O.Kriçinskinin fikrincə, “Rusiyadakı vətəndaş müharibəsi nəticəsində öz ixtiyarlarına buraxılmış Azərbaycan, Gürcüstan və Ermənistanda müstəqil mövcudluğun ilk iki ili ərzində milli dövlət quruculuğu az və ya çox dərəcədə normal məcrada davam etmişdi. Lakin hər üç respublika üçün səciyyəvi çatışmazlıq dövlət başçısı institutunun olmaması idi. Məhz dövlət başçısı hökumətlə parlament arasındakı əlaqələri tənzimləyə bilərdi. Bunun sərf-nəzər edilməsi isə hakimiyyəti zəiflədir və dövlət işlərinin gedişini ləngidirdi” . Göründüyü kimi, O.Kriçinski başlanğıc mərhələdə güclü prezident respublikası qurulmasının tərəfdarı idi. Dünyanın bir sıra ölkələrinin siyasi təcrübəsi onun fikirlərində haqlı olduğunu göstərir.
Ziyalı qüvvələrin çoxluğu və hakimiyyətin bir partiyanın-sol sosialistlərin əlində cəmləşməsi nəticəsində dövlət maşını O.Kriçinskinin fikrincə, Gürcüstanda daha ardıcıl və ahəngdar işləyirdi. Ən gərgin vəziyyət Ermənistanda yaranmışdı-bu bir tərəfdən işğalçı ölkədəki ağır iqtisadi böhran, o biri tərəfdən isə yerli Azərbaycan türklərinə qarşı aparılan etnik soyqırımın nəticəsi idi. Müəllif Ermənistanı bölgədə ən qatı ruspərəst siyasət yeridən dövlət kimi xarakterizə edir, idarəçilik tipi və siyasi istiqamətindən asılı olmayaraq bütün rus hakimiyyətlərinin Şərqdəki avanpostu olduğunu bildirirdi. Göründüyü kimi, bu gün də Rusiyanın forpostu adlanmaqdan qürur duyan ermənilər son yüz il ərzində öz siyasi orientirini qətiyyən dəyişməyib.
O.Kriçinskiyə görə, Azərbaycan bu iki cümhuriyyət arasında orta mövqe tuturdu. “Tayfa ənənələrinin yaşarılığı nəticəsində ölkə idarəçiliyindəki konstitutsiyon qaydalar burada partiyaların amansız mübarizəsi ilə əvəz olunurdu. Həmin partiyalar isə bir-birlərindən adətən rəhbərlərinin şəxsiyyəti ilə fərqlənirdilər. Lakin bütün bunlara, eləcə də mədəni qüvvələrin azlığına baxmayaraq, Azərbaycanın dövlət aparatı kifayət qədər yaxşı qurulmuşdu. Bu bir tərəfdən ölkənin iqtisadi imkanlarının genişliyi, o biri tərəfdən isə rusların, polyakların və b. xaricilərin texniki işçi qismində dövlət idarəçiliyinə cəlb edilmələri sayəsində mümkün olmuşdu”. Verilən qiymətin ümumən obyektiv xarakter daşıması, fikrimizcə, mübahisə doğurmur.
Müəllif üç Qafqaz cümhuriyyəti içərisində Azərbaycanın birinci süquta uğramasını da doğru şərh edərək bunu iki mühüm amillə əlaqələndirirdi: əvvəla, ölkə Sovet Rusiyasının Cənubi Qafqaza gedən yolunun üstündə idi, ikincisi, bolşevik rejiminin mövcudluğu üçün Bakı neftinə ciddi ehtiyac vardı.
Məqalədə daha böyük insan resurslarına və iqtisadi imkanlara malik Azərbaycan Cümhuriyyətinin erkən süqutunun xarici və daxili səbəbləri üzərində də dayanılmışdı. O.Kriçinskinin fikrincə, xarici amillər sırasına müstəqilliyin son aylarında partiyalararası çəkişmə və hökumət böhranı nəticəsində yaranmış fəaliyyətsizlik, siyasi ehtiyatsızlıq və idarəolunmazlıq, Sovet Rusiyasının gözdən pərdə asmaq naminə Azərbaycanla ticarət dövriyyəsi haqqında danışıqlara başlaması və Bakının buna inanması, ən başlıcası isə milli ordunun demək olar ki, tam tərkibdə erməni separatçıları ilə qanlı döyüşlərin aparıldığı Dağlıq Qarabağda olması idi.
Daxili amillər içərisində isə müəllif nizami silahlı qüvvələrin say və silah baxımından azlığını, ordunun döyüş hazırlığının, silah-sursatın və müstəqilliyə beynəlxalq dəstəyin çatışmadığını, insanlar arasında gələcəklə bağlı ümidsizlik əhval-ruhiyyəsinin güclənməsini, hakimiyyət daxilindəki bəzi dairələrdə Sovet Rusiyasına rəğbətlə yanaşılmasını, müstəqilliyin Rusiya tərkibində də qorunub saxlanmasının mümkünlüyü ilə bağlı yanlış illüziyaların meydana çıxmasını və nəhayət, müəyyən panislamist və türkçü təmayüllərin (bu sonuncu mövqe ilə mübahisə etmək mümkündür) mövcudluğunu göstərir.
Eyni zamanda, O.Kriçinski Azərbaycanın müstəqilliyini daha tez itirməsini burada dövlət idarəçiliyinin tənəzzülə uğraması, yaxud ölkədə bolşevizm ideyalarının geniş yayılması ilə hər hansı bir əlaqəsinin olması fikrini qətiyyətlə rədd edirdi. Əksinə, onun haqlı olaraq yazdığı kimi, “Birinci Dünya müharibəsinin demək olar ki, toxunmadığı Azərbaycanda əhalinin varlı həyat səviyyəsi, məişətdə patriarxal ənənələrin həssaslıqla qorunması, dinin böyük təsiri, güclü milli təəssübkeşlik hissi - bütün bunlar yerli türk əhalisi arasında bolşevizm ideyalarının geniş rəvac tapmasına qətiyyən imkan vermirdi”. Bu ideyanın Bakıdakı ruslar, ermənilər, yəhudilər və b. arasında yayılmasını istisna etmək şərti ilə onun Azərbaycanın siyasi həyatında heç bir rolu və təsiri yox idi. Başqa sözlə desək, müəllif Azərbaycan Cümhuriyyətinin süqutunu istisnasız şəkildə Sovet Rusiyasının birbaşa hərbi müdaxiləsi ilə əlaqələndirirdi.
O.Kriçinski əmin olduğunu bildirirdi ki, özlərinin müstəqi siyasi mövcudluq qabiliyyətini və dövlətçilik keyfiyyətini sübut etmiş Azərbaycan, eləcə də digər Cənubi Qafqaz xalqları yenidən azadlıqlarına qovuşacaq və Şimali Qafqazla birləşərək gələcək neobolşevik Rusiyanın müstəmləkəçi siyasətinin qarşısında güclü sipər kimi dayanacaqlar. 30-cu illərdə Qafqaz mühacir dairələri (erməniləri istisna etmək şərti ilə) arasında populyar olan və 1934-cü ildə Brüsseldə Qafqaz Konfederasiyası Paktının imzalanması ilə nəticələnən bu siyasi təşəbbüs təəssüf ki, o zaman da, sonralar da məhz erməni tərəfinin destruktiv mövqeyi üzündən reallığa çevrilməmişdir.
Azərbaycan hökumətinin təşəbbüsü ilə müzakirəyə çıxarılan konfederasiya sazişi sıra baxımından gündəlikdə sonuncu məsələ idi. Konfrans işini yarımçıq dayandırdığından onun müzakirəsinə imkan olmamışdı. Lakin Azərbaycan tərəfinin təkidi nəticəsində üç Cənubi Qafqaz dövləti arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və ən mühüm məsələlərlə bağlı təcili fikir mübadiləsi aparılması məqsədi ilə “Zaqafqaziya Respublikaları Şurası” adlı daimi qurum yaratmaq qərara alınmışdı. Şuranın layihəsini O.Kriçinski hazırlamış və Azərbaycanın rəsmi mövqeyi kimi konfransa təqdim etmişdi.
Müəllif bu barədə yenə “Severnıy Kavkaz” jurnalında 1935-ci ildə dərc etdirdiyi “Qafqaz Konfederasiyası ideyasının tarixinə dair” adlı məqaləsində ətraflı məlumat vermişdir. Diqqətəlayiq haldır ki, məqalə həm rus, həm də Azərbaycan dillərində çap olunmuşdu. O.Kriçinski “Qafqaz Respublikaları Şurası”nın fəaliyyətini tənzimləmək məqsədi ilə həmin dövrdə özünün hazırladığı 24 maddəlik nizamnamə layihəsini də adıçəkilən yazısına əlavə etmişdi. Yeri gəlmişkən, layihə ciddi dəyişikliyə uğramadan konfransın 22 aprel 1920-ci il tarixli iclasında yekdilliklə təsdiqlənmişdi.
Lakin tezliklə Cənubi Qafqaz respublikalarının dövlət müstəqilliyini itirməsi nəticəsində konfederasiya ideyası gündəmdən çıxmış və artıq siyasi mühacirət dairələrinin müzakirə obyektinə çevrilmişdi.
Azərbaycan, Gürcüstan və Dağlılar Respublikası mühacir liderlərinin 1934-cü ilin avqustunda Brüsseldə Qafqazın milli müstəqillik mübarizəsini koordinasiya etmək məqsədi ilə Qafqaz Konfederasiyası Paktını imzaladıqları günlərdə O.Kriçinski yazırdı; “Qafqaz xalqlarının böyük əksəriyyəti tərəfindən Qafqaz Konfederasiyası ideyasının dəstəklənməsi üçün düz 14 il gözləmək lazım gəldi”. Müəllif ümid edirdi ki, “Qafqazın Sovet Rusiyası tərəfindən işğalının acı nəticəsi azadlıqlarını əldə etmək və müstəqilliklərini qorumaq baxımından region xalqlarına bundan sonra Qafqaz Konfederasiyası ideyasının əhəmiyyətini daha yaxşı başa düşməyə imkan yaradacaqdır”.
Olqerd Kriçinski həyatının bir ilə yaxın dövrünü Azərbaycanda keçirmişdi. Qonşu Gürcüstanda da dəfələrlə olmuşdu. Onun fikrincə, Qafqazın siyasi və mədəni simasının formalaşmasında, regionun Avropaya yaxınlaşmasında bu iki ölkənin rolu mühüm idi. Başqa bir diqqətəlayiq cəhət müəllifin hələ 1918-1920-ci illərdə heç bir tərəddüdə yol vermədən Ermənistanın “böyük Qafqaz siyasətində” destruktiv mövqe tutması və Rusiya maraqlarının ifadəçisi kimi çıxış etməsini göstərməsində idi.
Qafqazla, özılliklə də Azərbaycanla Polşa arasındakı əlaqələr təkcə müasirliklə bağlı şəkildə deyil, tarixi aspektdə də həmişə O.Kriçinskinin diqqətini çəkirdi. O, bir qayda olaraq belə əlaqə faktlarının yanından sükutla keçmir, məsələni araşdırıb ona mövqe və münasibət bildirməyə çalışırdı.
“Tatar olduğu halda Polşanı ürəkdən sevirdi, əqidəli müsəlman olduğu halda xristian dininə hörmət və məhəbbətlə yanaşmağı bacarırdı, tatarların adət-ənənələrinə sıx bağlı olduğu halda, rus və Qərbi Avropa mədəniyyəti ilə yaxından maraqlanırdı” - oğlu Səlimin bu sözləri həyatının müəyyən dövrü Azərbaycan Cümhuriyyəti ilə bağlı olan, milli dövlətimizin qurulmasına və möhkəmlənməsinə layiqli töhfələrini verməyə çalışan Olqerd Kriçinskini daha yaxşı tanımağa və qiymətləndirməyə kömək edir.
O, Bakıda bolşeviklərin əlindən xilas ola bilmişdi, lakin 1939-cu ildə sovet qoşunları keçmiş Vilnonu - müstəqil Litva dövlətinin paytaxtı Vilnüsü ələ keçirəndən bir müddət sonra - 1941-ci ilin fevral ayında həbs edilmişdi. İşinin istintaqı bir ildən çox çəkmişdi. Antisovet fəaliyyəti ilə bağlı heç bir dəlil-sübut aşkara edilməsə də, SSRİ Xalq Daxili İşlər Komissarlığının Xüsusi müşavirəsinin qərarı ilə haqqında ölüm hökmü çıxarılmışdı. Hökm 1942-ci ilin iyununda Rusiyanın Qorki vilayətində yerinə yetirilmişdi.
Olqerd Kriçinskinin istintaq materiallarında onun Azərbaycan Cümhuriyyətindəki fəaliyyətinə də toxunulmuşdu. Müstəntiqin bütün təzyiq və basqılarına baxmayaraq, məhbus bu dövlətin, yaxud onun liderlərinin üzərinə kölgə salacaq hər hansı etirafda bulunmamışdı.
Polşa tatarlarının sağlam milliyyətçi düşüncəyə sahib təmsilçilərindən olan Olqerd Kriçinski Cümhuriyyətin çətin və məsuliyyətli zamanında milli dövlətçiliyimizə sədaqətlə xidmət etmişdi. Azərbaycandan uzaqda olduğu dövrdə də xalqımıza həqiqi məhəbbətini, onun nəcibliyinə, yaradıcı potensialına və gələcəyinə bəslədiyi böyük inam və etimad hissini bütün həyatı boyu ürəyində yaşatmışdı.
Budapeşt, aprel 2018-ci il
525-ci qəzet 2018.-
21 aprel.- S.18-19.