Sözün Səsi - Zəmanənin Vaqifi
USTAD
ƏDƏBİYYATŞÜNAS VAQİF YUSİFLİNİN 70
YAŞINA
Vaqif Yusifli şəxsiyyəti
haqqında düşünərkən təhtəlşüurumda
ilkin yada düşən məfhum “SƏS”dir.
Bu o səsdir ki, birincisi, Ulu Yaradanın ona bəxş
etdiyi bioloji, əzəmətli və ecazkar bir səs. İkincisi isə
Vaqif Yusiflinin geniş, çoxşaxəli və zəngin
yaradıcılığının əsrarəngiz səsidir.
İkinci səs təbii ki, birinci səsdən
qat-qat böyük bir səsdir ki, onun min bir rəngi və min
bir çaları var. Alimin
yaradıcılığının rənglərinin bir
neçə məqamını sözlə rəsm etmək
istərdim. Bəşəri şairimiz dahi Nizami Gəncəvi
deyir:
Dünyaya
fateh olmaz zülmkarlıq, rəzalət,
Yer
üzünün fatehi ədalətdir, ədalət!
Bu səsdə sülhə, ədalətə, əmin-amanlığa
çağırış ruhu, çağırış
nidası var.
Söz
mülkünün sultanı, böyük Mövlanəmiz
Füzuli yazır ki:
Öylə
sərməstəm ki,
idrak etməzəm
dünya nədir,
Mən
kiməm, saqi olan kimdir,
meyi-səhba nədir.
Bu səsin
rəngində Füzulinin ilahi, sufi
eşqinin ucalığı, təmizliyi və ülviliyi
ehtiva olunur.
Türk
dünyasının qüdrətli söz sənətkarı
Yunis Əmrə deyir:
Məni məndə
demə, məndə deyiləm,
Bir Mən vardır məndə, məndən içəri.
Vaqif Yusifli yaradıcılığının, ecazkar sənətinin
dərin qatlarında “Məndən içəri” olan o
sirli-sehrli aləmin 40-cı otağının açarı
var.
XX
yüzilliyin böyük vətəndaş şairi Məmməd
Araz yazır:
Dünya
mənim, dünya sənin, dünya heç kimin...
Fanidən-baqiyə,
əbədiyyətə uzanan bu geniş və
eniş-yoxuşlu yolda hamıya məxsus olan, fəqət son
ucda heç kəsə qalmayan bu cazibədar, təzadlı,
mürəkkəb olduğu qədər də sehrkar
dünyanın paradoksallığının ən incə məqamlarını,
dərin qatlarını açan fəlsəfi
düşüncələr var bu böyük sənətin rəngində
və səsində.
Unudulmaz
şairimiz, öz adını və zəngin
yaradıcılığını ədəbiyyatımıza
şöhrətlə yazan Bəxtiyar Vahabzadə isə deyir:
Dəyişməzdir əqidəm, çox da dünya
fırlanır.
Vaqif Yusifli şəxsiyyətini, sənətini səciyyələndirən
ən mühüm keyfiyyətlərindən biri də onun məğrurluğu,
xarakterinin bütövlüyü, cəsarəti, əqidə
və məslək İnsanı olmasındadır. Nəhayət,
azərbaycanlı xarakterinin mahir yaradıcısı, qarlı
aşırımları keçsə də,
“axırıncı aşırımı keçə bilməyən”
(bu ifadə Vaqif müəllimə məxsusdur) Fərman Kərimzadənin
vahid və qüdrətli Azərbaycan dövləti yaratmaq
uğrunda fəal mübarizəyə
çağırış ideyaları var bu tədqiqatçı
alimin səsinin ecazında.
Mən Vaqif Yusifli yaradıcılığında təmərküzləşən
rənglərin bir qismini təsəvvürümdə canlandırdığım
kimi rəsm etməyə çalışdım.
Vaqif Yusifli yaradıcılığının
başlıca məziyyəti onun səmimiyyətində, sadə
və aydın ifadə tərzində, oxuduğu, öyrəndiyi
sənətkarların yaradıcılığına bələd
olmasındadır. Vaqif müəllim bütün varlığı ilə
milli kökə, azərbaycançılıq ideologiyasına
bağlı alim kimi bütövlükdə Şərq təfəkkürünün,
Türk düşüncə tərzinin daşıyıcısı və
təbliğatçısıdır. Alimin ədəbi-tənqidi,
publisist yazılarını oxuduqca orada Vaqif müəllimin
canlı xalq dilində özünəməxsus üslubu,
yazı manerası ilə qarşılaşırsan. Sanki o, oxucu ilə üz-üzə,
qarşı-qarşıya əyləşib, onunla dialoq qurur,
həmsöhbət olur. Onu razı və
narazı salan məqamları bölüşür, fikir
mübadiləsi edir.
Vaqif Yusifli Füzuli sənətinin vurğunu və pərəstişkarıdır. Daxili
dünyası Füzulinin qeyri-adi poetikasının orbitində,
əlçatmaz cazibəsində dövr edən alimin
yaradıcılığındakı xeyirxahlığa, alicənablığa,
bütövlükdə İnsanlığa
çağırış ruhu da elə ustad sənətkarın
söz xəzinəsindən süzülüb gələn
ülvi hiss və duyğuların məntiqi nəticəsidir.
Vaqif müəllim klassik irsimizə hörmətlə
yanaşan tədqiqatçılarımızdandır. O, bir dəfə, söhbət
əsnasında ədəbi tənqidə gəlişinin
tarixçəsindən söhbət açaraq bildirdi ki, orta
məktəbdə oxuduğum zaman böyük
yazıçı və ədəbi tənqidçi Mehdi
Hüseynin yaradıcılığını maraqla izləyir
və sənətinə dərin hörmət bəsləyirdim.
Mehdi Hüseynin
çıxışlarını dinlədikcə mən də
öz-özlüyümdə tənqidçi
olacağımı qərarlaşdırdım. Lakin orta
məktəbin son sinfində oxuyarkən ustadımız Mehdi
Hüseynin ölüm xəbəri məni sarsıtdı,
qeyri-ixtiyari gözlərimdən yaş axmağa
başladı... Ancaq illər ötdü, mən
öz idealımın yolunu
davam etdirdim.
Bu şərəfli
və məsuliyyətli vəzifəni ləyaqətlə
yerinə yetirən Vaqif müəllim az
qala ömrünün yarım əsrini Azərbaycan ədəbiyyatının
inkişafına həsr edib. Böyük bir ədəbi
nəslin yaradıcılığına obyektiv qiymət verərək
geniş tədqiqat obyektinə çevirib. Vaqif müəllim 300-dən artıq ədəbi-tənqidi,
publisistik məqalənin, 20-yə yaxın kitabın müəllifidir.
“Nəsr, konfliktlər, xarakterlər” (1986), “Məmməd Araz
dünyası” (1994), “Ürəyimi sərdim günəşə”
(Fikrət Qocanın yaradıcılığı. 1997), “Tənqid
yarpaqları” (1998), “Karvanbaşı, yolun hayanadır” (1998),
“Yollar hayana aparır” (1999), “Bu nə sehrdir belə”
(Elçin haqqında əlli altı söz, 1999), “Tənqid və
bədii söz” (məqalələr, 2002), “Tənqid də
yaradıcılıqdır” (2003), “Yolayrıcı” (məqalələr,
2004), “Fikrət Qoca-70 il” (monoqrafiya, 2005), “Yaxşı ki sən
varsan” (Musa Yaqubun yaradıcılığı, 2007),
“Sındır qəfəsi” (məqalələr, 2008),
“Poeziyanın yolları və illəri - 1960-2000-ci illər” (monoqrafiya,
2009), “Rəsul Rza və müasir Azərbaycan poeziyası”
(2010), “Şeirimizin Nərimanı” (monoqrafiya - Nəriman Həsənzadənin
yaradıcılığı, 2011), “Poeziya və zaman” (2012),
“Bölgələrdə ədəbi həyat” (2017) və s.
kitablar Vaqif Yusiflinin zəngin və məhsuldar
yaradıcılığından xəbər verir. Bu kitablardan bir neçəsini də öz dəst-xətti
ilə yazıb mənə hədiyyə verib. Bu gün də mütaliə etdiyim,
yaradıcılıqla bəhrələndiyim tədqiqat əsərləri
ustad qələm sahibinin mənə ən qiymətli töhfəsidir.
Azərbaycan
ədəbi tənqidi ədəbiyyatşünaslığın
digər sahələri ilə müqayisədə cavan olsa da,
XX yüzillikdə onun tarixini yazan Kamal Talıbzadə, Məmməd
Arif, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar
Qarayev kimi böyük alimlərimiz bu istiqamətdə
fundamental ədəbi məktəblər yaratdılar. Sonralar
bu ənənə Aydın Məmmədov, Kamil Vəliyev,
Nadir Cabbarov, Akif Hüseynov, Vilayət Quliyev, Kamal Abdulla və
başqaları tərəfindən uğurla davam etdirildi. Keçən əsrin 70-80-ci illərindən bu cəbhəyə
qoşulan Vaqif Yusifli çağdaş qələm
dostları arasında ədəbi hadisələrə, poeziya
və nəsr nümunələrinə daha operativ və fəal
münasibətilə diqqəti cəlb edir. Bu mənada (özünün etiraf etdiyi kimi)
Yazıçılar Birliyinin “təcili yardım”ı olan
Vaqif müəllim müxtəlif mətbuat orqanlarında dərc
olunan ədəbi-bədii yazıları, kitabları oxuyub
onlar haqqında öz fikir və mülahizələrini
oxuculara çatdıran dinamik bir tənqidçidir.
Dünya
müharibələri və
inqilablarla müşayiət olunan XX əsrin totalitar
rejimindən keçib gələn, müxtəlif ədəbi
cərəyan və təmayülləri (realizm, romantizm,
modernizm, postmodernizm, dekadentizm və s.) özündə ehtiva
edən ədəbiyyat haqqında doğru, dürüst,
obyektiv söz demək və oxucunu inandırmaq, əlbəttə,
tənqidçidən geniş erudusiya, intellektual səviyyə
və böyük məsuliyyət tələb edir. Vaqif müəllim bu polifoniklik içərisində
iki əsrin qovuşağının tendensiyasını,
mürəkkəblik və paradoksallığını,
müstəqillik illərinin yeni ab-havasını yazıb
göstərən söz sənətkarlarının
yaradıcılığının ən dərin qatlarına
enməyi bacaran tədqiqatçılarımızdandır.
“Nəsri nasir qədər, şeiri şair qədər
bilən” Vaqif Yusifli bugünkü ədəbi tənqidimizə
qayğı ilə, məsuliyyətlə yanaşır.
Ədəbi tənqidin keyfiyyətli və ciddi
araşdırıcılarını göz önünə gətirir:
“Azərbaycanda bu gün peşəkar mənada 10-12 tənqidçi
var: Nərgiz Cabbarlı, Cavanşir Yusifli, Rüstəm Kamal,
Əsəd Cahangir, Elnarə Akimova, Bəsti Əlibəyli,
Nizaməddin Şəmsizadə, Rəhim Əliyev, Tehran
Əlişanoğlu və b”.
Vaqif Yusifli geniş yaradıcılığında artıq ədəbiyyatda öz sözünü demiş təcrübəli, səriştəli yazıçılarımızla yanaşı, yeni ədəbi qüvvələri də diqqət mərkəzində saxlayır. O, müsahibələrinin birində qeyd edir ki, mən dörd ədəbi nəslin nümayəndələri ilə bağlı çoxsaylı məqalələrin müəllifiyəm. Vaqif müəllimin “Ədəbi gənclik”lə bağlı 1997-ci ildə Ulu Öndərimiz Heydər Əliyev qarşısında və Yazıçıların X Qurultayında etdiyi məruzələrin əsasında da gənc ədəbi qüvvələrin tanıdılması kimi önəmli və perspektivli məsələlər dururdu. O, istedadlı gənclərin geniş oxucu auditoriyasına tanıdılmasının zəruriliyini həmişə ön plana çəkir.
Vaqif Yusiflinin yaradıcılığında hər bir tədqiqat əsərinin xüsusi çəkisi var. Alimin digər əsərləri ilə yanaşı, 2017-ci ildə akademik İsa Həbibbəylinin elmi redaktorluğu, professor Qəzənfər Paşayevin tərtibçiliyi və ön sözü ilə işıq üzü görən “Bölgələrdə ədəbi həyat” kitabı onun yaradıcılığında mühüm yer tutur. Tədqiqatçının uzunmüddətli və ciddi araşdırmalarının nəticəsi kimi ərsəyə gələn bu kitab çağdaş dövrümüzdə Azərbaycan ədəbiyyatının mərhələləri, zənginliyi və inkişaf yolu haqqında maraqlı məlumatları, analitik təhlilləri özündə əks etdirir. Bu əsər ədəbiyyatımızın real durumunu, bölgələrdə, ayrı-ayrı əyalətlərdə yaşayıb-yaradan istedadlı insanların söz dünyasını oxuculara tanıtmaq istiqamətlində Vaqif Yusiflinin böyük xidmətidir.
Vaqif Yusifli yaradıcılığı ilə orta məktəb illərindən tanışam. Onun dövri mətbuatda dərc olunmuş məqalələrini oxumuş, televiziya ilə çıxışlarına maraqla baxmışam. Sonralar tale elə gətirdi ki, mən Vaqif müəllimi daha yaxından tanıya bildim. “Fərman Kərimzadənin yaradıcılıq yolu” adlı dissertasiya müdafiə edərkən Vaqif Yusifli mənim opponentim oldu. O, yaradıcılığına həmişə yüksək dəyər verdiyi Fərman Kərimzadə haqqında yazdığım tədqiqat işimə müsbət rəy vermiş, gələcəyimə inam ifadə etmiş və mənə uğurlar arzulamışdı. Elmi rəhbərim AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov rəylə tanış olduqdan sonra bildirdi ki, sən qəhrəmansan. Çünki Vaqif müəllimdən müsbət rəy almaq asan məsələ deyildi. Doğrudan da, Vaqif müəllim öz işinə məsuliyyətlə, diqqətlə yanaşan alimdir.
Mən müdafiə etdikdən xeyli sonra Vaqif müəllimlə Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında birgə işləmişik. O, tələbələrə ədəbi tənqiddən dərs deyir, gələcəyin tədqiqatçılarına inamla yanaşırdı.
Vaqif Yusifli bu gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinə rəhbərlik edir. Eyni zamanda, akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü ilə institutda təşkil edilən elmi mühazirələrdə bu günün doktorantları və gələcəyin alimlərinə ədəbi tənqidin tarixi, inkişaf mərhələləri, tendensiyası, hazırkı mərhələdəki yeri haqqında dəyərli məlumatlar verir. O, ədəbiyyatşünaslığın əsas istiqamətlərindən olan ədəbi tənqidin yükünü çağdaş dövrümüzdə çiyinlərində daşıyan qayğıkeş və məsuliyyətli alim kimi gənclərimizə ustad dərsləri verməklə onlarda Azərbaycan ədəbiyyatına, onun böyük yaradıcılarına məhəbbət hissi aşılayır.
Bu günlərdə 70 yaşını qeyd edəcəyimiz ustadımız bəlkə də öz-özünə sual verir ki, bu illər nə tez ötüb keçdi, 70-ə nə vaxt gəlib çatdım? Doğrudan da, sanki bizi bizdən alan zaman bir göz qırpımında ömrümüzdən, günümüzdən keçib gedir. Onu durdurmaq olmur. Xalqda belə bir deyim var: “Hər şey zamana baxsa da, zaman heç nəyə baxmır”. Bu, bəlkə də belədir. Ancaq bir az məntiqlə, fərqli aspektdən yanaşdıqda başqa bir həqiqət də ortaya çıxır. Axı zamanın yerini, məqamını, ölçüsünü müəyyənləşdirən insan təfəkkürü, insan idrakıdır. Zaman özünün hansı “mənzilədə” (Firidun bəy Köçərlinin təbirincə) olduğunu ayırd etmək bacarığına qabil deyil, hər anın dəyərini verən, saniyədən, dəqiqədən - əsrə, eraya qədər zamanı təyin etmək insan ağlının, qüdrətinin sayəsində mümkün olmuşdur və olmaqdadır. Buna görə də inamla deyə bilərik ki, zaman bizim daxilimizdə, batinimizdədir, biz zamanın daxilində, çərçivəsində deyilik. O, bizdən asılıdır, biz ondan yox. Bu mənada yaş məsələsi şərti və ovqata bağlı bir məsələdir. Kim hansı ovqatda, hansı əhval-ruhiyyədədirsə, deməli, o yaşdadır. Bəxtiyar Vahabzadə çox gözəl deyir:
Mən əlli yaşımda, altmış yaşımda
elə bilirdim ki, yüz qocalıqdır.
Sən demə, heç yüz də qocalıq deyilmiş!
Biz inanırıq ki, Vaqif Yusifli ömrünün 70-ci baharında 25 yaşın haləsində, çevrəsindədir. Çünki onun məhsuldar və çoxşaxəli yaradıcılığı, yazdığı tədqiqat əsərləri və ən başlıcası isə xalqına xidmətdən aldığı zövq bunu deməyə əsas verir.
Vaqif Yusifli xoşbəxt bir alim, istedadlı tənqidçi kimi ildırım sürətilə axıb gedən Zamanın səhifəsinə öz adını, imzasını ilmə-ilmə, naxış-naxış nəqş edə bilib. O, öz sələflərinin layiqli davamçısı kimi bu gün ədəbi tənqidin mühüm və aparıcı bir mərhələsində qərarlaşıb və zəmanəsinin Vaqifinə çevrilib. Arzu edirəm ki, Vaqif müəllim “ZAMAN”ı öz arxasınca apara bilsin. Ulu Tanrı onu sözünün, səsinin sehrindən, bizləri isə bu ecazkar “SƏS”i dinləməkdən məhrum etməsin!!!
Gülbəniz
BABAYEVA
Filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet 2018.- 21 aprel.- S.17.