XX əsrin əvvəllərində Azərbaycan
maarifçiliyi
XIX əsrdə
olduğu kimi, XX əsrin əvvəllərində də ədəbi-tarixi
prosesi və mədəni-siyasi fikri məşğul edən əsas
məsələ maarifçilik olub.
Milləti savadlandırmaqla onun vətəndaşlıq şüurunu inkişaf etdirib müstəqil, azad və suveren cəmiyyətə hazırlamaq missiyasını ilk olaraq öz üzərinə bədii ədəbiyyat - şair və yazıçılar götürüblər. M.F.Axundzadənin ictimai-fəlsəfi düşüncələrinin ideya təməli üzərində yüksələn Azərbaycan maarifçiliyi geniş ictimai hərəkat dövrünün yeni mərhələsində - XX əsrin əvvəllərində, xüsusilə, 1905-07-ci illər inqilabından sonra tamam başqa xarakter alır. Bu dövrün maarifçiliyi xalqçılıq meyilləri və inqilabi demokratik ideyalarla da qaynayıb-qarışaraq xeyli mürəkkəb bir ictimai-siyasi hərəkata çevrilir.
XIX əsr maarifçiləri xalqın maddi rifahının yaxşılaşması, ölkənin iqtisadi baxımdan inkişafı, dövlətin qüvvətlənməsi və siyasi tərəqqisi üçün idarə edənlərin maariflənməsini, aqil və adil hökmdarın vacibliyini güman edirdilər: "Qərb və rus maarifçilərinin rasionalizmindən müəyyən cəhətləri öyrənib götürən Azərbaycan maarifçi demokratları ağılın qüvvəsinə yüksək qiymət verir, 1905-ci ilədək hər işdə ağılı əsas tutan hakimiyyət, hətta "maarifçi hökmdar" ideyasını yayırdılar" (Ə.Mirəhmədov). XX əsrdə isə həm Rusiyada, həm də Yaxın Şərqdə baş verən ictimai-siyasi hadisələr: Cənubi Azərbaycanda milli azadlıq hərəkatı (1906-11), Türkiyədə "Gənc türklər" inqilabı (1908-09), Bakıda, Gəncədə, Lənkəranda, Şamaxıda, Qubada ermənilərin türk xalqını yer üzündən silmək üçün törətdiyi geniş miqyaslı genosid siyasətinə (1905-06, 1918 mart) və müstəmləkəçiliyə qarşı mübarizələrin alovlanması ilə əlaqədar Azərbaycan maarifçiliyi "inqilabi demokratik hərəkatın, sosial demokratiyanın və marksist fikrin fəal təsiri şəraitində inkişaf edir və ən mütərəqqi qanadının (N.Nərimanov, N.Vəzirov, Ə.Haqverdiyev, S.S.Axundov, A.Şaiq, A.Səhhət) simasında həm feodalizmə, həm də burjuaziyaya geniş demokratik təbəqələrin ictimai etirazlarını əks elətdirən təlim kimi yeni xüsusiyyətlər kəsb edir" (Y.Qarayev).
Bu dövrün maarifçiləri "xalqın siyasi və milli şüurunu inkişaf etdirmək, onu inqilaba hazırlamaq məqsədi güdürdü" (F.Köçərli). Onlar fərdi - şahı, yaxud hökmdarı yox, bütün xalq kütlələrini, hətta milləti oyatmaq, savadlandırmaq, özünü, kökünü tanıyan, kimliyini bilən, millətlər arasında "imzası" görünən "ağıllı millət" formalaşdırmaq istəyirlər. Məhz ağıllı millət yetişdirmək uğrunda fəaliyyət XX əsr Azərbaycan maarifçiliyinin strukturuna zənginlik gətirərək, onu XIX əsr maarifçiliyindən fərqləndirir. XX əsrin maarifçiləri maarifi, özünüidarəni, azadlığı, Avropa həyat tərzlərini müdafiə etsələr də, bu tərzlərin hamısına rəğbət bəsləmirdilər. Onların özünüidarə, azadlıq, dini etiqad, Avropaya münasibət haqqında baxışlarında aşkar bir fərq görünürdü.
M.F.Axundzadənin sevimli qəhrəmanı Kəmalüddövlə bütün dinləri "puç və əfsanə" hesab edir, onun özü isə müsəlman xalqlarının mədəni-siyasi tərəqqidən kənarda qalmasının səbəbini islamda görürdü. O, dini mənəvi əsarətin mühüm vasitəsi hesab edirdi. XIX əsrin sonlarından başlayaraq Azərbaycan ziyalılarının bir qismi (Ə.Ağayev, F.Köçərli, T.Bayraməlibəyov) öz maarifçi görüşlərində dinin mütərəqqi roluna xüsusi önəm verir, Quranda təbliğ olunan fikir və ideyaların təhrif olunmadan əhali arasında yayılmasını istəyirdilər. Onlar Ağılla bir yerdə etiqadı, imanı da qəbul edir, mədəni geriliyə, dini fanatizmə, cəhalətə və xurafata "qarşı mübarizədə əsl, həqiqi dinin özünün ən müqəddəs silahı ilə - "Quran"la silahlanırlar" (Y.Qarayev). Fəxrəddin, Fərhad, Bahadır, Səlma, Arif kimi maarifçi-realist və romantik qəhrəmanlar öz fəaliyyətlərində Allahın, dinin, Quranın köməyinə ümid bəsləyir, XX əsrin maarifçiləri isə dini tərbiyəni şəxsiyyətin formalaşması üçün mühüm amil hesab edirlər.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan maarifçiliyi xeyli siyasiləşərək, çar hökumətinin müstəmləkə zülmünə və ruslaşdırma siyasətinə qarşı milli azadlıq hərəkatının ideologiyasına çevrilir. Bu dövrdə türkçülük yeni mərhələyə yüksəlir, vətənçilik - mənəvi Turan ideyası, türk xalqlarının hamısını bir millət olaraq vahid və geniş məkanda birləşdirmək, eyni dildə danışdırmaq, eyni etiqada tapındırmaq düşüncəsi geniş yayılır. "Vətən, Vətən, Vətən! Millət, Millət, Millət! Dil, Dil, Dil!" şüarı həm realist, həm də romantik maarifçilərin qəlbindən qopan alovlu hayqırtı kimi eşidilir.
Hələ XIX əsrdə Osmanlı ziyalılarının ədəbiyyat, dil, tarix və etnoqrafiyadan bəhs edən yazılarında ifadə olunan türkçülük ideyaları, Krımda çıxan "Tərcüman" qəzetində İ.Qaspıralının yaydığı "Dildə, fikirdə, işdə birlik" çağırışı XX əsrin əvvəllərində Azərbaycan şəraitində yeni məzmun qazanır. Osmanlı ziyalıları türk dilinin təmizliyi, ümumtürk ədəbi dilinin, müştərək türk tarixinin yaradılması, əhali arasında elmi biliklərin yayılması, xalqın savadlanması uğrunda çalışırdılar. Azərbaycan maarifçiləri, xüsusilə, Ə.Hüseynzadə isə milli vətəndaşlıq şüurunu formalaşdırmaq, Rusiya və Avropa müstəmləkəçiliyinə qarşı Yer üzündəki bütün türkləri kültür və siyasət baxımından birləşdirmək məqsədi daşıyırdılar. Onlar bütövlükdə türk millətinin səadəti uğrunda mübarizə aparır, bu yolda rastlaşa biləcəkləri hər cür əngəlləri aradan qaldırmağa can atırdılar. Ə.Hüseynzadə türk xalqlarının vahidliyini, əbədi bölünməzliyini nəzərdə tutaraq "Turan" şeirində yazırdı:
Sizlərsiniz, ey qövmü-macar, bizlərə üxvan,
Əcdadımız müştərəkən mənşəyi Turan.
Bir dindəyik biz, həpimiz həqpərəstan.
Mümkünmü ayırsın bizi İncil ilə Quran?!
XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Azərbaycan maarifçilərinin "Avropalaşmaq" ideyası da əvvəlki dövrlərdən fərqlənirdi. M.F.Axundzadə Avropalaşmağı birtərəfli şəkildə ictimai-mədəni tərəqqinin əsas yolu hesab edirdi. XIX əsrin sonlarından ədəbi-bədii fəaliyyətə başlayan Azərbaycan maarifçiləri isə "Avropalaşmaq" məsələsinə türklüyü, islamı yad təsirlərdən qorumağın, millətin yeniləşməyinin, yer üzündə diri və canlı qalmasının mühüm bir vasitəsi sayırdılar. Onlar türklükdən (milli kökdən) və islamdan (doğma dindən) kənar avropalaşmağın əleyhinə idilər. Ə.Hüseynzadə "türk qanlı, müsəlman etiqadlı, firəng düşüncəli, Avropa qiyafəli fədayi" yetişdirmək missiyasına "Həyat" qəzetində başlamışdı. "Füyuzat"da isə o, Avropalaşma siyasətinin mahiyyətini tam açıqlayaraq yazırdı: "Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, ülum və maariflərinə, kəşfiyyat və ixtiraatlarına müraciət etmək istiyorız, özlərinə degil. Biz istiyorız ki, İslam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəriz ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın. Bu gün onların mədələrində həzm olunmamaq üçün bir çarə var isə o da onların məhsulati-dimağiyyələrini (beyin məhsullarını - Z.Ə.) alıb həzm etməkdən başqa bir şey degildir".
"Məhsulati-dimagiyyə"nin böyük hissəsi elmi və bədii əsərlərdən ibarət idi ki, Azərbaycan maarifçiləri (həm realist, həm də romantik sənətkarlar) bu əsərlərə böyük həssaslıqla yanaşır, onları doğma dillərinə çevirib xalq kütlələrinə çatdırır, bu yolla Avropa yazıçıları və elm xadimləri haqqında məlumat-bilik verir, həmvətənlərini maarifləndirir, onların milli-siyasi şüurunu zənginləşdirirdilər. C.Məmmədquluzadənin və S.M.Qənizadənin Lev Tolstoydan, Ə.Hüseynzadənin Hötedən ("Faust"dan), A.Səhhətin Jan Ramo, Viktor Hüqo, Viktor Qofman, Moris Hartman, Hols Miller və b. Avropa şairlərindən tərcümələri, habelə müxtəlif mətbuat səhifələrində Qərb şair, yazıçı və alimləri haqqında verilən məqalələr Azərbaycan maarifçilərinin Avropa ədəbiyyatına və elmi fikrinə meylinin səbəblərini, onların maarifçilik missiyasının mahiyyətini açıb göstərirdi.
Türk qanlı, müsəlman etiqadlı, firəng qiyafəli vətəndaşlar yetişdirmək istərkən Azərbaycan maarifçiləri qadın təhsilinə və tərbiyəsinə xüsusi diqqət yetirirdilər. Hələ XIX əsrin 90-cı illərində Nehrəm məktəbində çalışarkən C.Məmmədquluzadə 8 nəfər qızı məktəbə cəlb etmişdi. XX əsrdə isə qadın azadlığı sürətli tərəqqinin, cəhalətdən qurtarmağın, cəmiyyətin mənəvi-əxlaqi saflaşmasının, ictimai-milli genefondu qorumağın əsas şərtlərindən hesab olunurdu. N.Vəzirov, S.M.Qənizadə, N.Nərimanov, Ə.Haqverdiyev, S.Sani, M.Hadi, H.Cavid, C.Cabbarlı kimi ziyalılar qadın azadlığı və təhsilinə xüsusi əhəmiyyət verirdilər. C.Məmmədquluzadə "Qız tərbiyəsi" məqaləsində yazırdı: "Bir məsələ var ki, onu gərək indidən düşünək ki, axırda peşmançılıq üz verməsin. Mətləb budur ki... axır vaxtlar oğlanlarımız mədrəsələrə gedib təhsil tapırlar və yekəlib evlənmək fikrinə düşəndə axtarırlar ki, özlərinə elə bir ömür yoldaşı tapsınlar ki, onların səliqəsinə və zövqünə müvafiq gəlsin. Amma... tərbiyə və elm görməmiş qızlarımıza mail olmurlar və çoxları gedib əcnəbi millətlərin oxumuş qızlarından bəyənib, alıb özlərinə övrət qərar verirlər... Əgər bu iş bir qədər vaxt belə getsə, axırda bir yandan ailələrimiz milliliyini itirib millətimizdən yadırğalayacaqlar, bir tərəfdən də qızlarımız yekəlib, illərlə evdə qalıb, nişanlı intizarında olacaqlar. Bunun bir çarəsi budur ki, qızlara da tərbiyə verək ki, kişilərlə hər bir işdə tuş getsinlər".
Yeni əsrin maarifçiliyi milli klassikaya (Füzuliyə) münasibətin səciyyəsinə görə də əvvəlki dövrdən fərqlənirdi. Mirzə Fətəli deyirdi ki: "Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır".
Bu fikrin tam əksinə olaraq XX əsr maarifçiləri Füzuli sənətinin poetik qüdrətinə, bədii kamilliyinə qısqanclıq və həsədlə yox, sevgi və qibtə ilə yanaşırdılar; maarifçi realizmin banisinin əksinə olaraq, tənqidi realizmin korifeyi C.Məmmədquluzadə və mollanəsrəddinçilər "Füzuli yaradıcılığına ayıq və sağlam (oxu: elmi - Z.Ə.) münasibət bəsləyir, şairin humanist ənənələrini davam etdirərək ictimai nöqsanları, geriliyi və köhnəliyi tənqid üçün ondan istifadə edirdilər" (M.Quluzadə) .
1926-cı ildə Füzulinin 400 illik ədəbi fəaliyyətini qeyd edən "Molla Nəsrəddin" jurnalı yazırdı: "Rəhmətlik Füzuli "Molla Nəsrəddin"in birinci nömrəsindən başlayıb bu günə qədər məcmuəmizdə iştirak etmiş və şeirlər yazmışdır... inanmırsınız, götürünüz "Molla Nəsrəddin" məcmuələrinin 20 illiyini tökünüz qabağınıza, hansı şeirə baxsanız görəcəksiniz ki, onda Füzulidən bir duz vardır... Keçmiş əsrdə gələn Sədilər, Füzulilər o qədər xalqın həyatını əhatə edə bilən bir şair olmuşlar ki, birisi türkcə, birisi də farsca deməmiş bir söz qoymayıbdır... Füzuli azərbaycanlıdır. Çünki dili Azərbaycan dilidir. Onun məktəbi-ədəbisi bizim şairlərin başına girib bütün əsərlərində bir Füzuli ruhu görülməkdədir... "Molla Nəsrəddin" sözünü qurtarıb deyir ki, Füzuli diridir. Füzuli şeir dövrünün hazırladığı yeniliyə məğlub olmaz və sarsılmaz bir qüvvədir".
Bu sözlərdən təxminən 20 il qabaq gənc Abdulla Sur "Füyuzat" məcmuəsində çap etdirdiyi "Füzuliyə bir nəzər" məqaləsində dahi şairi "Şeyxüş-şüəra" və "türk ədəbiyyatının nəzmcə müəssisi" deyə qiymətləndirmişdir.
Mirzə Fətəlidən fərqli olaraq A.Sur Füzulinin yaradıcılıq istedadını düzgün dəyərləndirmişdir: "Füzuli əsərlərini bir ustadi-ədəb olmaq əməli ilə vaqifanə yazmış", həm alim, həm də şair olmuşdur.
Bir qədər sonra "Şəlalə" jurnalı da öz səhifələrində dərc etdiyi məqalədə Füzulini bədii söz sənətinin böyük ustadı kimi dəyərləndirmişdir. "Füzuliyi-zar" adlı həmin məqalədə şairin tərənnüm etdiyi eşqin "dərin fəlsəfi-ictimai mənası tamamilə mistikləşdirilir, Füzuli isə yalnız ağlayan, sızlayan, dərd, kədər, hicran şairi kimi göstərilirdi" (M.Quluzadə). Lakin bütövlükdə XX əsr maarifçilərinin Füzuli sənətinə verdiyi qiymət ürəkaçan idi. Onlar Azərbaycan ədəbiyyatı tarixində Füzulinin yerini, şairin bədii-fəlsəfi novatorluğunu və müasirliyini düzgün müəyyənləşdirir, onu "türk şairlərinin babası", "türk dilinə rövnəq verən və onu xarü xaşakdən (tikandan və çör-çöpdən - Z.Ə.) təmizləyib bir göyçək və səfalı çəmənə bənzədən" (Firudin bəy Köçərli) qüdrətli sənətkar saymışlar.
Beləliklə, XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyi milliyyətə, islama, bədii klassikaya münasibəti baxımından özünün ilk mərhələsindən fərqlənən çoxçalarlı ictimai-fəlsəfi, mədəni-siyasi və ədəbi-ideoloji hərəkat olmuşdur. Onun ictimai-siyasi həyatdakı fəaliyyət və mübarizəsi, Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələnmiş bədii-estetik sistemi: mövzu dairəsi, metod və üslubları, dil və ifadə vasitələrinin polifonikliyi baxımından daha da zənginləşmişdir. Bu dövrdə maarifçi-realizmlə yanaşı, tənqidi realizm və romantizm də ədəbi-tarixi prosesin üzvi tərkib hissəsinə çevrilərək bədii ədəbiyyatın həm ideya-məzmun, həm də forma-sənətkarlıq qatında geniş yer almışdır.
Zaman ƏSGƏRLİ
525-ci qəzet 2018.- 24 aprel.- S.6.