Qara Qarayev Vaşinqtonda klassik musiqi gecəsilə anıldı
Vaşinqton
kafedral kilsəsində ABŞ-da yaşayan azərbaycanlı
orqançalan Cəmilə Cavadova-Spitzberqin konserti olub.
Vaşinqton
kafedral kilsəsinin keşişi Bencamin Streyli tədbiri
açaraq, tamaşaçılara Cəmilə
Cavadova-Spitzberqin fəaliyyəti və Qara Qarayevin yaradıcılıq
irsi barədə məlumat verib. Konsert proqramında Qərbin
tanınmış klassik bəstəkarları Bax və
Mendelsonun əsərləri ilə yanaşı, Azərbaycan
bəstəkarlarının kompozisiyaları da səslənib.
Vaşinqton auditoriyasına təqdim edilən əsərlər
arasında Qara Qarayevin fortepiano prelüdlərinin professor Tahirə
Yaqubova tərəfindən orqan üçün
transkripsiyası və Vasif Adigözəlovun
"Muğam-fantaziya" əsəri də səslənib.
Rəmzi
məna daşıyan bu konsert görkəmli Azərbaycan bəstəkarı
Qara Qarayevin 100 illiyi münasibətilə ABŞ-da nəzərdə
tutulan proqramlar silsiləsinə daxildir. "Ernest M. Skinner və
oğlu" şirkəti tərəfindən qurulmuş
böyük kilsə orqanının könül oxşayan səsi
və Cəmilə Cavadova-Spitzberqin çıxışı
gurultulu alqışlarla qarşılanıb. Konsertdə yerli
klassik musiqi həvəskarları ilə yanaşı, Azərbaycanın
ABŞ-dakı səfiri Elin Süleymanov, diplomatik missiyanın
əməkdaşları, ABŞ-dakı Azərbaycan
icmasının Vaşinqtonda və onun ətrafında
yaşayan üzvləri də iştirak edirdi.
Orqanda
ifa üzrə doktorluq dərəcəsi almış ilk azərbaycanlı
musiqiçi olan, hazırda ABŞ-ın Texas
ştatındakı Arlinqton Dövlət Universitetində dərs
deyən Cəmilə Cavadova-Spitzberq ABŞ-da, postsovet ölkələrində,
habelə Hollandiya, Almaniya, Böyük Britaniya, Fransa, Danimarka
və digər ölkələrdə konsert proqramları ilə
çıxış edib. Onun təsis etdiyi "Azərbaycan-Amerika
Musiqi Fondu" adlı qeyri-hökumət təşkilatı
Azərbaycan klassik musiqisinin ABŞ-da təbliği ilə məşğuldur.
XƏDİCƏ
525-ci qəzet 2018.- 24 aprel.- S.7.