"Rəqs sənəti naminə "öl" desələr, ölərəm"

XALQ ARTİSTİ YUSİF QASIMOVUN FİKRİNCƏ, RƏQS ÜÇÜN TƏHSİLDƏN DAHA MÜHÜM OLAN KEYFİYYƏT İSTEDADDIR

 

Xalq artisti, rəqqas, pedaqoq Yusif Qasımovun 70 yaşı və yaradıcılığının 50 illiyi tamam olur. Bu münasibətlə yubilyarla rəqs sənəti, pedaqoji fəaliyyəti barədə ətraflı söhbət etdik.

 

- Yusif müəllim, rəqsə marağınız necə yarandı, karyeranız necə başladı?

 

- Rəqs sənətinə uşaqlıq dövründən böyük maraq göstərmişəm. Rəqsdə olan dinamik hərəkətlər, musiqinin ahəngi məni sehrləyirdi. Rəqs karyeramda önəmli dönüş nöqtəsi 1966-cı və 1967-ci ildə iki il ardıcıl Azərbaycanda keçirilən rəqs müsabiqəsində qalibiyyətim oldu. Bu müsabiqələrdə çıxışım və birinci yerə layiq görülməyimdən sonra münsiflər heyətinin üzvü, qocaman rəqqasımız, mərhum Əlibaba Abdullayev məni Dövlət Rəqs Ansamblına dəvət etdi. Onu da qeyd edim ki, o yarışların münsifləri maestro Niyazi, Fikrət Əmirov, Əlibaba Abdullayev,  Cahangir Cahangirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Əminə Dilbazi kimi görkəmli şəxslər olublar. O müsabiqələr yekunlaşdıqdan sonra həmin il Moskvada Sosialist ölkələr arasında beynəlxalq müsabiqə keçirildi. Sözügedən müsabiqəyə qatılaraq 1-ci dərəcəli laureat oldum. Sonralar, 1968-ci ildə Azərbaycanda Dövlət Mahnı və Rəqs Ansamblına dəvət aldım. Bir ilə yaxın orada çalışdım. Hərbi xidmətim yaxınlaşdığı ərəfədə Moskvadan hərbi ansambl Bakıya qastrol səfərinə gəlmişdi, onlar həmin ansamblın Bakıda da bir bazasını yaratdılar. Bu ansambl da Moskvaya tabe idi. Məni həmin ansambla dəvət etdilər və hərbi xidmətim ərzində də orada çalışdım. Mən orda bir il yarım çalışandan sonra iki il də hərbi xidməti keçdim. Beş il bu hərbi ansambl ilə işlədim. 1974-cü ildə Bakıya qayıtdım və burada yaranmış Azərbaycan dövlət rəqs ansamblının solisti olaraq fəaliyyətə başladım. O zaman Filarmoniyanın direktoru dünya şöhrətli maestro Niyazi idi. Ansamblda çalışdığım dövr ərzində demək olar ki, bir çox solo partiyaları ifa etdim. Bir çox ölkələrə qastrollarımız oldu: şahın dövründə İranda, İspaniyada, Portuqaliyada, Fransada, İtaliyada, İsveçrədə, Almaniyada, İngiltərədə və s.

 

- Bir dəfə demişdiniz ki, fəxri ad almağınızda maestro Niyazinin rolu olub. Necə oldu bu?

 

- Filarmoniyada həyat yoldaşım, Əməkdar artist Səbinə Qasımova ilə birgə işləyirdik. 1982-ci ilin bir günü bizim rəqs məşqimiz tez bitdi, lakin qızların məşqi gec yekunlaşdı. Mən həyat yoldaşımı gözləyirdim. Maestro Niyazi məni uzaqdan görüb yanına çağırdı, dedi ki, sabah fəxri adlar veriləcək, sən də o ada layiqsən. Onların o zamanlar dövlət telefonları da var idi, üzərində də Sovet İttifaqının gerbi olurdu. Zəng vurdu Mərkəzi Komitəyə, hörmətli Həsən Həsənova dedi ki, filarmoniyada çalışan bir rəqqasımız Yusif Qasımovun da adının sabahkı fəxri adlar siyahısında olmasını çox istərdim, çünki buna layiqdir. Bir neçə dəqiqə sonra Həsən Həsənov zəng vurub dedi ki, həmin rəqqasın adını və soyadını bir də deyin...

 

Səhər işə gələndə yoldaşlar gəlib təbrik edərək mənim adımın da fəxri ad alanlar sırasında olduğunu dedilər. 1991-ci ildə isə Xalq artisti fəxri adını aldım. Azərbaycanda 71 il hökm sürən sovet hakimiyyəti dönəmində milli rəqs üzrə cəmi üç Xalq artisti var idi ki, onlardan biri Əlibaba müəllim, biri Böyükağa müəllim, üçüncü də mən idim. O dövrdə fəxri ad almaq çətin idi və on ildən bir verilirdi. O vaxt dövlət konsertimiz var idi. Və konsertdə qabaqcıl bir solist idim. Maestro Niyazi konserti yarımçıq saxlayıb məni səhnəyə çağırdı və hər kəs məni səhnədə təbrik etdi..

 

- Siz həm də uzun illərdir, pedaqoq kimi fəaliyyət göstərirsiniz.

 

- Bəli, elə həmin ildən hazırkı Bakı Xoreoqrafiya Akademiyasında (əvvəlki Bakı Xoreoqrafiya Məktəbi) işləməyə başladım. 1982-ci ildə Əməkdar artist adını alanda o vaxtı SSRİ Rəyasət heyətinin fəxri fərmanını mənə verdilər. Məni üç dəfə 1967-69-72-ci ildə İqor Moiseyev ansamblına dəvət etdilər. Mənim rəqsdə etdiyim elementlər var idi ki, açığı deyim, Qafqazda heç kim edə bilmirdi.

 

- Bəs siz buna necə nail olurdunuz?

 

- Bu sənətə gələn hər bir şəxs böyük sevgi ilə gəlməlidir. Yorulmadan çalışmalı, yeniliyə can atmalıdır. Mən çox zaman işdən sonra da tək qalıb məşq edirdim. Sənətimi çox sevirəm, rəqs sənəti naminə "öl" desələr, ölərəm. Açığı deyim ki, Azərbaycanda altı il müəllimim Xalq artisti Böyükağa Məmmədov olub. Ondan təhsil aldıqdan sonra bir il Dövlət Mahnı və Rəqs ansamblında işləmişəm. Biz məişətdə gördüyümüz işləri rəqsə gətirir, səhnəyə çıxarırıq. Pambıq, çay yığımı və ya Novruz bayramının rəmzləri kosa, keçəlin rəqsləri var ki, bu, mərasim xarakterli rəqslərdir. Bu rəqslərə də yeniliklər lazımdır ki, inkişaf olsun. Qobustanda olan qayaüstü rəsmlər rəqs elementlərinin olduğunu bildirir. Lakin bu elementlər onların tam rəqs etdiklərini demir. Sadəcə onlar rəqsə bənzər hərəkətlər ediblər.

 

Açığı deyim ki, Azərbaycan milli rəqslərinə müasir elementləri də mən gətirdim. Bir "Yallı" rəqsi qurdum, müasir elementləri döndərib eləmişdim milli hərəkətlər. Yəni hərəkətlərdən hərəkət yaratmışdım. Rus ansamblında oynadığım bəzi hərəkətləri "Şalaxo" rəqsində edirdim. Əvvəl gürcülərdə "Xaromi" rəqsini ancaq oğlanlar oynayırdısa, indi qızlar da oynayırlar. Bu rəqs döyüş-kəşfiyyat məzmunlu rəqs idi. "Uzundərə" rəqsini qurdum ki, bütün "O olmasın, bu olsun" filmi onun içində əks edilmişdi. O standartdan çıxdım, bir rəqsdə bir neçə rəqs düzəltdim. Opera və Balet teatrında bir neçə tələbəyə dərs demişəm. Yəni biz dahi rəqqaslarımız kimi yeni rəqqaslar da yetişdirə bilərik.

 

- Yaxşı rəqqas olmaq üçün ən vacib şərt nədir?

 

- Rəqs üçün təhsildən daha mühüm olan istedaddır. İstedad olmasa, rəqqas olunmaz, alınmaz yəni. Rəqs seçilmişlər üçün bir sənət növüdür. Musiqini duymaq, hərəkətləri ona uyğun etmək, əl, ayaq duruşunu, boyunu və s. Bunlar istedaddan irəli gəlir. O istedadı da müəllim seçir.

 

- Rəqs üçün yaş məhdudiyyəti varmı?

 

- Rəqsin yaş kriteriyası Sovetlərin zamanında var idi. 20 il işləyirdin, sonra təqaüdə çıxırdın. Yəni 16 yaşından rəqsə başlayırdınsa, 36 yaşında təqaüdə gedirdin. İndi qadınlar 52 yaşında, kişilərsə 62 yaşında rəqsdən uzaqlaşırlar. Mən özüm 56 yaşıma kimi rəqs etmişəm. Pedaqoji fəaliyyətim 1991-ci ildən başlayıb bu günədək davam edir. Azərbaycan Dövlət Rəqs Ansamblında 1993-cü ildən 2004-cü ilə kimi pedaqoq, repetitor işləmişəm. Sonra 2005-ci ildən 2013-cü ilədək baş baletmeyster işləmişəm. 1991-ci ildən də Bakı Xoreoqrafiya Akademiyasında işləyirəm. Mədəniyyət və İncəsənət Universitetində Səhnə hərəkəti kafedrasında 1996-cı ildən 2003-cü ilədək dərs demişəm. Tələbələr yetişdirmişəm, onlar yüksək mükafatlar, Prezident təqaüdü alıblar və mən bununla fəxr edirəm.

 

- Hansı ölkələrdə qastrollarda, festivallarda iştirak etmisiniz?

 

- 1999-cu ildə Xoreoqrafiyada "Bakının ulduzları" ansamblını yaratdım. Bu ansambl ilə ilk dəfə Kanadaya və ABŞ-a dəvət aldıq, 45 gün orada konkursda iştirak etdik. Kanadada Toronto və Drammondvil şəhərlərində keçirilən müsabiqələrin qalibi olduq. 24 ölkənin arasında 1-ci yeri tutduq. Ordan da ABŞ-a getdik. Şimali Karolinadakı festivalda da 1-ci yeri tutduq. Dörd il ardıcıl bizi Fransaya dəvət etdilər. Həmin tələbələrimdən altı nəfəri Əməkdar artistdirlər. Fransanın xoreoqrafiya akademiyası məni dəvət etdi ki, milli rəqs üzrə ustad dərsi deyim. İki il ardıcıl onlara milli rəqsdən ustad dərsi dedim. 2007-ci ildə Sloveniyaya göndərdilər. Orada Azərbaycanın Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin heykəlinin açılışı idi. Heydər Əliyev Fondundan da bizi məsləhət bildilər ki, gedib açılışda konsert verək. 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransada, Belçikada, Lüksemburqda uşaq günü münasibəti ilə böyük tədbirlər keçirildi və bizi də ora dəvət etdilər. O tədbirlərdə də uğurla iştirak etdik. Sonralar Fransada çıxışlarımız oldu və orada mənə Senatın fəxri medalını verdilər. Mən də həmin o medalı Xoreoqrafiya Akademiyasına hədiyyə elədim.

 

Axırıncı festivalımız 2017-ci ildə Rusiyanın Yekaterinburq şəhərində oldu. Burada keçirilən 16-cı "Yer ümumi evimizdir" festivalında 1-ci yeri tutduq.

 

- Özünüzün ən çox sevdiyiniz rəqs hansıdır?

 

- Ən çox sevdiyim rəqs "Şalaxo"dur, dinamik bir rəqsdir. "Qaytağı" rəqsiniQafqazda ən çətin elementlərlə ifa edən mən olmuşam.

 

- Ailənizdə sənətinizi davam etdirən varmı?

 

- Ailəmizdə rəqs sahəsində davamçım yoxdur. Oğlum diplomatdır, Xarici İşlər Nazirliyində çalışır. Nəvələrim də ki rəqslə maraqlanmırlar.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2018.- 24 aprel.- S.8.